Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-647/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı MMC-nin (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və “X1 Kompleksi” MMC olmaqla) Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, borcun əvəzləşdirilməsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və “X1 Kompleksi” MMC olmaqla) Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit borcunun silinmiş hesab edilməsi və artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyul tarixli 2-2(103)-691/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 22 dekabr tarixli 22(82)1098/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı MMC-nin Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına olan borc məbləği tutulmuşdur. Həmin məhkəmə araşdırılması zamanı audit rəylərinə əsasən, borcun müqabilində MMc-yə məxsus 82 adda əmlakın ayrı-ayrılıqda dəyəri müəyyən edilmiş və qəbul edilmiş qətnamə də qeyd olunmuşdur. Qətnamə ilə İddiaçı MMC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilmiş, qətnamədən sonuncu tərəfindən apellyasiya şikayəti verilməmiş, qanuni qüvvəsini almış və icra edilmişdir.
2. Cavabdeh QSC BOKT-un "xxxx" MMC-yə ünvanlandığı 2023-cü il 2 may tarixli 137/2-3-13/924/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, 2023-cü il 25 aprel tarixli 015 saylı məktuba Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatında baxılmışdır. İddiaçı MMC-nin Cavabdeh QSC-yə ünvanladığı 2020-ci il 14 iyul tarixli PR-x/20 nömrəli məktubundan görünür ki, İddiaçı MMC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 22 dekabr tarixli 2-2(82)-1098/2017 nömrəli qətnaməsi üzrə yaranmış artıq ödəmənin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 14 mart tarixli 2-2(82)178/2018 nömrəli qətnaməsi üzrə “X2 Müəssisəsi” MMC-nin Cavabdeh QSC-yə olan 1.418.470,70 ABŞ dolları məbləğində borcu ilə əvəzləşdirilməsini, “X2 Müəssisəsi” MMC-nin həmin borcu əvəzində Cavabdeh QSC-nin mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinin əvvəllki mülkiyyətçi "xxxx" ASC-yə qaytarılmasını xahiş etmiş və bununla bağlı yaranacaq fərqdən də imtina etmişdir. Eyni zamanda, bu məsələ ilə bağlı "xxxx" ASC-nin 2020-ci il 15 iyul tarixli 05-01/253 nömrəli və “X2 Müəssisəsi” MMC-nin 2020-ci il 14 iyul tarixli 0101/025 nömrəli müraciətləri də nəzərə alınaraq İddiaçı MMC-nin Cavabdeh QSC-yə olan borcu üzrə yaranmış artıq ödəmə hesabına “X2 Müəssisəsi” MMC-nin Cavabdeh QSC-yə olan 1.418.470,70 ABŞ dolları borcu uçotdan çıxarılmış, həmin borcun əvəzində Cavabdeh QSC-yə təqdim edilmiş sözügedən torpaq sahəsi "xxxx" ASC-yə qaytarılmışdır. Qeyd olunanları nəzərə alaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 22 dekabr tarixli 2-2(82)-1098/2017 nömrəli qətnaməsində qeyd olunan borc üzrə İddiaçı MMC-nin Cavabdeh QSC-yə hər hansı artıq ödəməsi qalmamışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininin 2017-ci il 22 dekabr tarixli 2-2(82)1098/2017 nömrəli qətnaməsinin icrası nəticəsində Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatının (bundan sonra-“cavabdeh”) iddiaçının yaranmış 3.007.733,33 manat artıq ödəməsindən “X1 Kompleksi” MMC-n in (bundan sonra-“MMC”) cavabdehə təqdim etdiyi 2023-cü il 25 aprel tarixli 001 saylı “tələb hüququnun ötürülməsi barədə” müqaviləsinin icrası təmin edilərək 562.356,5 manat məbləğinin cavabdehlə MMC arasında bağlanmış 2019-cu il 5 mart tarixli 00497 saylı kredit müqaviləsi üzrə borcun və faizlərin ödənilmiş hesab edilməsinə və 2.445.376,83 manat məbləğindəki iddiaçının qalıq artıq ödəməsinin, ödənilmiş 400 manat mediasiya xərcinin və 1894 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə iddiaçı arasında imzalanmış 2016-cı il 15 noyabr tarixli 11/16 saylı borc müqaviləsinə və borcun təhvil-təslim edilməsinə dair akta əsasən MMC iddiaçıya 2.550.000 manat məbləğində borc v ermişdir. Həmin borc hesabına iddiaçıya məxsus qeyri-yaşayış sahələri təmir edilərək satış vəziyyətinə çatdırılmalı və satışdan əldə edilən vəsait hesabına MMC-nin borcu qaytarılmalı idi. 2017ci ildə iddiaçının "xxxx"ASC qarşısında 76.885.794,54 manat borc öhdəliyi yaranmış və həmin borc Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli 101s saylı sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-yə məxsus “problemli aktivlər” (borclar) üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixli müqavilə əsasında cavabdehə keçmişdir. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsininin 2017-ci il 22 dekabr tarixli 2-2(82)-1098/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilərək müəssisənin ümumi dəyəri 80.188.331,94 manat olan 82 adda daşınmaz əmlakı cavabdehin balansına keçirilmişdir. Faktiki olaraq iddiaçının 3.007.733,33 manat dəyərində banka artıq ödəmə etmiş və bu günə qədər bankın iddiaçı qarşısında öhdəliyi qalmışdır. Bu öhdəlik əslində iddiaçının MMC qarşısında 2016-cı il 15 noyabr tarixli 11/16 nömrəli borc müqaviləsi üzrə mövcud olan 2.550.000 manat borcunun ödənilməsinə yönəlməli idi. 2019-cu ildə MMC-nin maliyyə çətinliyi olduğundan cavabdehdən 456.494 manat kredit rəsmiləşdirmiş və faktiki olaraq iddiaçının cavabdehə artıq ödəməsi olan 3.007.733,33 manat həmin kredit müqaviləsi üzrə 456.494 manatın sığortası (girovu) kimi çıxış etmişdir. MMC və iddiaçı arasında bağlanmış 2023-cü il 25 aprel tarixli 001 saylı “tələb hüququnun ötürülməsi” barədə müqaviləyə əsasən iddiaçının 3.007.733,33 manat dəyərində cavabd ehdə olan artıq ödəməsindən 562.356,5 manat tələb hüququnun müvafiq qanunvericilik çərçivəsində MMC-yə keçirilməsi qərarlaşdırılmış və bu barədə cavabdehə rəsmi məktublar göndərilmişdir. Məktuba cavab olaraq göstərilmişdir ki, sözügedən 3.007.733,33 manatdan bir hissəsi guya iddiaçının güzəşt müqaviləsinə əsasən digər şirkətlərə keçirilmiş və iddiaçıya artıq ödəmə qalmamışdır. İddiaçı faktiki olaraq MMC-yə olan borcunu təsdiq etmiş və “tələb hüququnun ötürülməsi” barədə müqavilə müvafiq qaydada cavabdehə təqdim edilsə də, məlum olmayan səbəblərdən “tələb hüququnun ötürülməsi” barədə müqavilə icra edilməmişdir. Halbuki, borc öhdəliyinin güzəşt edilməsi tam qanuni əsaslarla həyata keçirilmişdir. Bu səbəbdən, 562.356,5 manat tələb hüququnun cavabdehdən tutularaq MMC-yə ödənilməsi və 2.445.376,83 manat dəyərindəki qalıq artıq ödəmənin isə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi zərurəti yaranmışdır.
5. Cavabdeh iddia tələbinə qarşı etiraz göndərərək bildirmişdir ki, iddiaçı ona 2020ci il 14 iyul tarixdə PR-x/20 nömrəli məktubla müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 4 dekabr tarixli 2-2(10)-788/2019 nömrəli qətnaməsi əsasında öz borcu üzrə yaranmış 2.496.522,24 manat məbləğində artıq ödəməsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)-178/2018 nömrəli qətnaməsi ilə “X2 Müəssisəsi” MMC-nin Cavabdeh QSC-yə olan 1418470,70 ABŞ dolları məbləğində borcu ilə əvəzləşdirilməsini, “X2 Müəssisəsi” MMC-nin həmin borcu əvəzində Cavabdeh QSC-nin mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsinin şərqində 40 85-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinin əvvəllki mülkiyyətçi "xxxx" ASC-yə ("xxxx" ASC) qaytarılmasını xahiş etmiş və bununla bağlı yaranacaq fərqdən də imtina etdiklərini bildirmişlər.
6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 6 aprel tarixli e-2-2(113)-662/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim G.Namazova).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, kredit borcunun ödənilməsi və tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi tələbləri üzrə qəbul edilən məhkəmə qətnamələrinin icrası zamanı açıq hərrac təşkil olunur, əmlaklar hərracdan satılır, borc məbləğləri ödənilir və artıq qalmış pul vəsaiti olduğu zaman artıq qalmış məbləğ ipoteka qoyana (mülkiyyətçiyə) geri qaytarılır. Qeyd olunan məsələlər isə məhkəmə ic raatında deyil, qətnamənin icrasını təmin edən icra üzrə icraat mərhələsində həll olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 22 dekabr tarixli 2-2(82)- 1098/2017 nömrəli qətnaməsi ilə qeyd edilən prosedur, yəni hərrac və sair nəzərdə tutulmamış, qətnamə üzrə borc məbləği hər-hansı ipoteka predmetlərinə yönəldilməklə satılması və borcun ödənilməsi deyil, əmlaklara birbaşa mülkiyyət hüququn keçməsi ilə “əvəzləşdirilmişdir”. Belə olduqda, yəni əmlaklara mülkiyyət hüququnun keçməsi, qətnamə üzrə hər-hansı pulun ödənilməməsi, 2017-ci il tarixli qətnamədən iddiaçı tərəfindən ümumiyyətlə apellyasiya şikayətinin verilməməsi, hazırki iş üzrə iddiaçının cavabdehə məhkəmə qətnaməsi və ya məhkəmə qətnaməsindən kənar hərhansı artıq ödənişin həyata keçirilməsi halının, sübutun və ə sasının müəyyən edilməməsi hallarında artıq ödənilmiş 2.445.376,83 manatın cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması tələbi tamamilə əsassız və qanunsuzdur.
8. Məhkəmə iddia tələbinin tələb hüququnu güzəşt etdiyi üçüncü şəxs MMC-nin əvəzindən cavabdehdən 562.356,5 manatın tələb edilməsi hissəsinə münasibətdə göstərmişdir ki, iddiaçı 2023-cü il 25 aprel tarixli 001 saylı tələb hüququnun ötürülməsi barədə müqaviləyə istinadən bu cür iddia tələbinin qaldırılmasında sübyektiv hüquqa malik deyil. Belə ki, həmin müqaviləyə əsasən tələb hüququ iddiaçıdan MMC-yə keçmiş, MMC özü qarşılqlı iddia tələbi olmaqla cavabdehə qarşı eyni tələblə Gəncə Kommersiya Məhkəməsində iddia qaldırmış və məhkəmə tərəfindən qəbul edilmiş 2023-cü il 18 oktyabr tarixli, e-2-2(115)-1074/23 saylı qətnamə ilə iddiası rədd edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 14.2, 385.1 və 389.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
10. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 11 iyul tarixli 2-2(103)-691/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim Z.Şirinov, hakimlər R.Qurbanov və V.Baxışova).
12. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə hazırki iş üzrə iddiaçı arasında bağlanmış 15 noyabr 2016-cı il tarixli borc müqaviləsinə əsasən borcalana 2.550.000 manat məbləğində borc verilmiş və borc alan müqavilə şərtləri əsasında 15 noyabr 2023-cü il tarixinədək hissə-hissə geri qaytarmağı öhdəsinə götürmüşdür.
13. Bundan sonra 2017-ci ildə iddiaçının "xxxx"ASC qarşısında 76.885.794,54 manat borc öhdəliyi yaranmış və həmin borc Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-yə məxsus “problemli aktivlər” (borclar) üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixli müqavilə əsasında Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına keçmişdi r. Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsilə məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininin 22 dekabr 2017-ci il tarixli 2-2(82)-1098/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək müəssisənin ümumi dəyəri 80188331,94 manat olan 82 adda daşınmaz əmlakı Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatının balansına keçirilmişdir. Daha sonra “X1 Kompleksi” MMC və İddiaçı MMC arasında bağlanmış 25 aprel 2023-cü il tarixli 001 saylı “tələb hüququnun ötürülməsi” barədə müqaviləyə əsasən İddiaçı MMC-nin 3007733,33 manat dəyərində Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına olan artıq ödəməsindən 562356,5 manat tələb hüququnun müvafiq qanunvericilik çərçivəsində “X1 Kompleksi” MMC-yə keçirilməsi qərarlaşdırılmışdır. Bu barədə Cavabdeh QSC Bank olmayan Kredit T əşkilatına rəsmi məktublar göndərilmişdir.
14. Qeyd edilənlər işin materiallarında olan məhkəmə aktları, məktublar, müqavilə və digər sənədlərlə təsdiqlənmişdir.
15. İddiaçının mövqeyinə görə icra mərhələsində faktiki olaraq İddiaçı MMC 3.007.733,33 manat dəyərində cavabdehə artıq ödəmə etmiş və bu günə qədər cavabdehin İddiaçı MMC qarşısında öhdəliyi mövcuddur. Bu məbləğdən 562356,5 manat hissəsi tələb hüququnun Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatından tutularaq “X1 Kompleksi” MMC-yə ödənilməsi və 2445.376,83 manat dəyərindəki qalıq artıq ödəmənin isə İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
16. Cavabdehin iddiaçıya ünvanladığı 2 may 2023-cü il tarixli, 13-7/2-3-13/924/2023 saylı məktubunda qeyd olunmuşdur ki, iddiaçının cavabdehə olan b orcu üzrə yaranmış artıq ödəmə hesabına “X2 Müəssisəsi” MMC-nin cavabdehə olan 1.418.470,70 ABŞ dolları borcu uçotdan çıxarılmışdır. Qeyd olunanları nəzərə alaraq 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(82)-1098/2017 saylı qətnaməsində qeyd olunan borc üzrə iddiaçının cavabdehə hər hansı artıq ödəməsi qalmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilən, qeyd edilən halları ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə və apardığı hüquqi qiymətləndirmə ilə razılaşmışdır (bax § 7-8).
18. Məhkəmə gəldiyi nəticəni MM-nin 385.1, 386.1 və 389.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbu l olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri
20. MM-nin 49-12, 87.10, 91.3 və 546-cı maddələri üzrə– apellyasiya instansiyası məhkəməsi kreditorun əmlakının bağışlanması ilə bağlı MM-nin 546-cı maddəsi ilə nəzərdə tutulan tələbləri tətbiq etməmişdir. İddiaçı təşkilatı hüququ formasına görə məhdud məsuliyyətli cəmiyyətdir və əmlak barəsində sərəncam verilməsi ümumiyyətlə tək başına müəssisənin direktoru tərəfindən qəbul edilən qərar ilə həyata keçirilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi MM-nin 91.3.6, 49-1.2-ci və 87.10-cu maddələrinin tələblərini nəzərə almamışdır. Aydındır ki, 1000 manat nizamnamə kapitalı olan və dövlət büdcəsinə borcu olan iddiaçının direktorunun məktubu ilə borcun bağışlanması və ya 1.418.470,70 ABŞ dolları məbləğində kredit borcu ilə əvəzləşdirməsi kreditorun əmlakı barəsində hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının hüquqlarının pozulmasına və dövlət büdcəsinə iddiaçının borcunun yaranmasına səbəb olmuşdur. Bu səbəbdən, iddiaçının cavabdehə artıq ödəmiş olduğu və əsassız varlanma nəticəsində cavabdehin iddiaçıya borcunun olmadığı barədə gəldiyi nəticə tam olaraq mülki qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir.
21. MM-nin 528 və 529.1-ci maddələri üzrə-apellyasiya məhkəməsinin mövqeyinə görə cavabdehin iddiaçıya hər hansı artıq ödəməsi qalmamışdır. Lakin məhkəmə iddiaçının cavabdehə artıq ödəmə etdiyini qəbul etsə də, hesab etmişdir ki, hazırda qarşılıqlı əvəzləşmələr nəticəsində artıq ödəmə və cavabdehi n iddiaçı qarşısında öhdəliyi qalmamışdır. Bu zaman qarşılıqlı əvəzləşmələrlə icranı təsdiq edən hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda MM-nin 529-cu maddəsi ilə müəyyən edilmiş öhdəliyin icrasının qəbulu məhkəmə qətnaməsi ilə təsdiqini tapmamışdır və MMnin 528-ci maddəsi ilə müəyyən edilmiş öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verilməsinə yol verilmir.
22. MPM-nin 204.1, 204.2 və 218.1-ci maddələri üzrə – apellyasiya məhkəməsi iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2020-ci il 14 iyul tarixli PR-x/20 nömrəli məktuba istinad edərək artıq ödəmələr üzrə müxtəlif əvəzləşmələrin baş verdiyini və bunun nəticəsində borc qalmadığını bildirmişdir. Lakin məhkəmə baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə dəfələrlə vəsatətlər verilərək həmin məkt ubun onlar tərəfindən imzalanmadığı və saxta olduğu barədə müraciət olunsa da, məhkəmə bu halda MPM-nin 204-cü maddəsinin tələblərini pozmuş və saxta sübutla bağlı məsələyə heç bir qiymət verməmişdir. Bununla da, MPM-nin 218.1-ci maddəsi ilə təsbit olunmuş məhkəmə qətnaməsinə dair tələblər pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
24. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-e tməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əməl ə gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır....”
27. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 29. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “k assasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
30. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının iddia etdiyi, sözügedən artıq ödəmə ilə bağlı ar tıq bir dəfə iddiaçının müraciəti nəzərə alınmaqla cavabdeh tərəfindən müvafiq əvəzləşdirmə aparılmışdır (bax § 2, 16).
31. İddiaçının hazırki iddiasında istinad etdiyi 2023-cü il 25 aprel tarixli, 001 saylı «tələb hüququnun ötürülməsi barədə» müqavilə üzrə tələbin verildiyi iddia olunan «X1 Kompleksinin həmin müqavilədən irəli gələn tələbinin əsassız olmasına isə Gəncə Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2023-cü il 18 oktyabr tarixli, e-2-2(115)1074/2023 saylı qətnamə ilə artıq hüquqi qiymət verilmişdir.
32. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə əlavə hüquqi dəyərləndirmə aparmadan hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alın maqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
33. Kassasiya şikayətinin 2020-ci il 14 iyul tarixli PR-x/20 nömrəli məktubun saxtalığı ilə bağlı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, kassator məktubun saxta olmasını təsdiq edən hər hansı mötəbər sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
34. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hü quqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
36. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyul tarixli 22(103)-691/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.