Məhkəmə qərarları › İş №2-2(102)-659/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-659/2024

05.12.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-659/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqi şəxsin təsisçiliyindən çıxma və nizamnamə kapitalındakı paya uyğun əmlakın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X2 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər- *, **, ***, Nümayəndə1 olmaqla) hüquqi şəxsin təsisçiliyindən çıxma və nizamnamə kapitalındakı paylarına uyğun olaraq əmlak hissəsinin öd ənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-694/2024 nömrəli 2024-cü il 23 iyul tarixli qətnaməsindən Cavabdeh Firması tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh Firmasının 1998-ci il 1 yanvar tarixli təsis müqaviləsinə əsasən, müqavilə üzrə tərəflər Nərimanov rayonu Ticarət və İctimai İaşə İdarəsinin Cavabdeh kafesinin əmlakında ifadə olunan paylarını birləşdirir və Cavabdeh firmasını təsis edirlər.

2. Hazırda firmanın nizamnamə kapitalının miqdarı 87183,80 manat təşkil edir və təsisçilərinin siyahısı və nizamnamə kapitalında mayalarının miqdarı aşağıdakı kimdir: * 17 %, ** - 17%, *** - 17%, İddiaçı1 - 15%, Nümayəndə1 - 19%, İddiaçı2 - 15%. Firmanın qanuni təmsilçis i Nümayəndə1dur. 3. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 1603.4 kv.m olan qeyri-yaşayış binası 2021-ci il 4 noyabr tarixində daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə Cavabdeh Firmasının adına qeydiyyata alınmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra birgə-iddiaçılar) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firmasının (bundan sonra-cavabdeh və ya firma) təsisçisi-iştirakçısı olaraq cəmiyyətdən çıxmaları, cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun olaraq əmlak hissəsinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, hər birinin firmanın nizamnamə kapitalında 15% payı olan iddiaçılar firmanın təsisçisi-iştirakçısı olaraq cəmiyyətdən çıxmaq qərarına gəlmiş və bununla bağlı cavabdehə müraciət edərək, paylarına düşən əmlakın naturadacavabdehə məxsus olan daşınmaz əmlakın bir hissəsi hesabına onlara verilməsi ilə əlaqədar 45 gün ərzində cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağırılmasını və aşağıdakı məsələlərin gündəliyə salınaraq müzakirə olunmasını təklif etmişlər: 1. paylarına düşən əmlakın dəyərinin müəyyənləşdirilməsi; 2. paylarına düşən əmlakın naturada-cavabdehə məxsus olan daşınmaz əmlakın bir hissəsi hesabına onlara verilməsi. Lakin cavabdeh tərəfindən onların təklifinə heç bir cavab verilməmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verdiyi izahatında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıların tələbi əsasında ümumi yığıncaq çağırılmış, lakin özl əri iştirak etmədikləri üçün yığıncaq baş tutmamışdır. Hazırda iddia ərizəsində qoyulan məsələ öz həllini ancaq ümumi yığıncağın iclasında tapa bilər.

7. İddiaçılar tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 2024-cü il 11 mart tarixli PR112/2024 saylı əmlakın qiymətləndirilməsi hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 14.200.000 manat təşkil edir.

8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-210/2024 nömrəli 2024-cü il 15 aprel tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçıların firmanın təsisçiliyindən çıxarılmaları, iddiaçıların təsisçilikdən çıxdıqları məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan hər birinin 15% payına uyğun əmlak hissəsinin dəyərinin ödənilməsinin cavabdehə həvalə edilməsi qət edilmişdir (hakim Ülkər Həsə nova).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin təşkilati hüquqi forması digər kommersiya təşkilatı qeyd edilsə də, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölündüyündən məhdud məsuliyyətli cəmiyyətin təşkilati hüquqi formasına uyğundur. Ona görə də mülki qanunvericiliyin məhdud məsuliyyətli cəmiyyətinə aid müddəaları analogiya əsasında hazırkı işə tətbiq edilməlidir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçılar təsisçilikdən çıxmaq üçün cavabdehin icra oqanına müraciət etsələr də, hal-hazıradək firma tərəfindən ümumi yığıncaq keçirilmədiyindən və təsisçilikdən çıxmaq niyyətində olan iddiaçılara nizamnamə kapitalındakı paylarına uyğun ödəniş edilmədiyindən iddiaçıların hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət et məsi qanuni və əsaslıdır. Belə ki, işin materiallarından görünür ki, iddiaçıların həmin tələbin təmin edilməsi məqsədilə bir neçə dəfə cavabdehə müraciət etmələrinə baxmayaraq, tələbləri təmin edilməmişdir.

11. Odur ki, cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxmaq hüququna malik olduğundan iddiaçıların təsisçilikdən çıxmaq və cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun olaraq əmlak hissəsinin ödənilməsi tələbləri əsaslı olduğundan təmin edilməlidir.

12. Cəmiyyətin əmlakının firmadan çıxan iddiaçılara düşən hissəsinin və ya onun dəyərinin müəyyən edilməsi üçün iştirakçıların çıxdığı məqamda cavabdehin əmlakının balans dəyərinin müəyyənləşdirilməsi xüsusi bilik tələb etdiyindən və balans dəyərinin məhkəmə tərəfindən digər vasitə ilə müəyyənləşdirilməsi mümkün olmadığından məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina olunmuşdur.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 96.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. Yəni təsisçi ilə hüquqi şəxs arasında mübahisəyə baxarkən iddiaçının bu barədə iddia tələbi yoxdursa, məhkəmənin hüquqi şəxsin əmlakının balans dəyərini müəyyən etmək öhdəliyi yoxdur. Firmanın nizamnaməsində bu maddədə müəyyən edilmiş qaydadan ayrı qayda nəzərdə tutulmamış dır. Odur ki, iddiaçıların firmanın təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə onlara nizamnamə kapitalında olan 15% paylarına uyğun əmlak hissəsinin ödənilməsi cavabdehə həvalə edilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni MM-nin 43.1, 87.1, 90.1, 95, 96.1 və 96.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 2.1, 4.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

15. İddiaçılar birgə apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni “iddiaçıların firmanın təsisçiliyindən çıxdıqları məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan paylarına uyğun əmlak hissəsinin dəyərinin ödənilməsi” hissəsində dəyişdirilməsi, həmin hissədə iddiaçıların cəmiyyətin nizamnamə kapitalındakı paylarına, yəni faiz nisbətinə uyğun olaraq əmlak hissəsinin hazırkı balans dəyəri pul məbləğində müəyyən edilərək firma tərəfindən onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-694/2024 nömrəli 2024-cü il 23 iyul tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmiş, iddiaçıların firmanın nizamnamə kapitalındakı hər birinin ayrı-ayrılıqda 15% payına uyğun əmlak hissəsinin dəyəri olan 2.188.077,15 manat məbləğində pul vəsaitinin Firma tərəfindən iddiaçılara ayrı-ayrılıqda ödənilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, Firmanın Nizamnaməsindən görünür ki, Firma Azərbaycan Respublikası 1994-cü il 1 iyul tarixli “Müəssisələr haqqında”Qanununa müvafiq qaydada Bakı şəhəri, Nərimanov rayonu, Ticarət və İctimai İaşə İdarəsinin Cavabdeh kafesinin bazasında müxtəlif təsərrüfat, ictimai iaşə, kommersiya və digər növ fəaliyyət göstərmək məqsədi ilə yaradılmışdır. 2002-ci il 18 may tarixli yeni təsis müqaviləsindən görünür ki, tərəflər müəssisənin nizamnamə kapitalını yaradırlar. Müəssisənin nizamnamə kapitalı 750.787.000 manat həcmindədir. Tərəflərin hər biri öz payını vəsiyyət edə və ya digər tərəfi altı ay əvvəlcədən xəbərdar etməklə əvəzsiz verə bilər, yaxud təsisçilikdən çıxa bilər. Təsisçilikdən çıxan tərəfə müəssisənin şərikli kapitalındakı payına uyğun ortaqlıq əmlakı hissəsinin dəyəri ödənilir. Tərəflər arasındakı razılaşmaya əsasən əmlak d əyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər.

18. Göründüyü kimi, Firmanın təşkilati hüquqi forması digər kommersiya təşkilatı qeyd edilsə də, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölündüyündən və 2002-ci il 18 may tarixli yeni təsis müqaviləsində təsisçilərin iştirakçılıqdan çıxması imkanı nəzərdə tutulduqdan, Firmanın təşkilati hüquqi forması məhdud məsuliyyətli cəmiyyətin təşkilati hüquqi formasına uyğundur. Odur ki, hazırkı mübahisə MM-nin məhdud məsuliyyətli cəmiyyətə aid 95 və 96-cı maddələrinə uyğun həll edilməlidir. Hazırki işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.

19. Belə ki, iddiaçılar tərəfindən cavabdehə göndərilmiş firmanın ümumi yığıncağının keçirilməsi ilə bağlı müraciətdən görünür ki, iddiaçılar fi rmanın digər təsisçiləri Garanizadə Elizibar və Nümayəndə1 “təsis paylarının naturada bölünməsi” məqsədilə firmanın baş ofisində 2022-ci il 25 avqust saat 12:00-da növbədənkənar ümumi yığıncağın keçirilməsini təklif etmişlər. Nümayəndə1, X1 adından etibarnamə əsasında Nümayəndə1 və X3 tərəfindən tərtib edilmiş 2022-ci il 25 avqust tarixli aktdan görünür ki, 2022-ci il 22 avqust tarixində iddiaçılar tərəfindən daxil olmuş təsisçilərin yığıncağının keçirilməsi ilə əlaqədar məktuba əsasən iclas 2022-ci il 25 avqust 12:00-a təyin edilmişdir. Həmtəsisçilərdən Nümayəndə1 iclasda iştirak etmək üçün gəlmiş, lakin digər həmtəsisçilər olan iddiaçılar iclasda iştirak etmədiyindən iclas keçərsiz sayılmışdır. 20. 2023-cü il 21 fevral tarixində iddiaçılar tərəfindən ayrı-ayrılıqda cavabdehin direktoru N ümayəndə1 göndərilmiş ərizələrdən görünür ki, onlar cəmiyyətdən çıxmağı ilə bağlı paylarına düşən əmlakın naturada firmaya məxsus olan daşınmaz əmlakın bir hissəsi hesabına onlara verilməsi, bununla əlaqədar, cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağırılaraq, gündəliyə onların cəmiyyətdən çıxarılmaları, paylarına düşən əmlakın dəyərinin müəyyənləşdirilməsi, paylarına düşən əmlakın naturada cavabdehə məxsus olan daşınmaz əmlakın bir hissəsi hesabına onlara verilməsinin təsdiq edilməsi, onların cəmiyyətdən çıxmaları ilə bağlı cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin edilməsini, iştirakçıların növbədənkənar ümumi yığıncağının 45 gün ərzində çağırılmasının təmin olunmasını xahiş etmişlər. Cavabdeh (onun qanuni təmsilçisi) tərəfindən həmin müraciətlərə cavab verilməsi ilə bağlı sübutlar təqdim edilməmiş, habelə həmin məsələlərlə bağlı ümumi yığıncaq keçirilməmişdir.

21. Göründüyü kimi, iddiaçıların hər birinin cavabdeh firmanın nizamnamə kapitalında 15% payı olduğundan, iddiaçılar təsisçilikdən çıxmaq üçün firmanın icra oqanına müraciət etsələr də, hal-hazıradək firma tərəfindən ümumi yığıncaq keçirilmədiyindən və təsisçilikdən çıxmaq niyyətində olan iddiaçılara nizamnamə kapitalındakı paylarına uyğun ödəniş edilmədiyindən, iddiaçılar hazırkı iddianı irəli sürməkdə haqlıdırlar. İddiaçıların tələbi əsasında ümumi yığıncağın çağırılması, lakin təsisçilər özləri iştirak etmədikləri üçün yığıncağın baş tutmaması ilə bağlı cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, digər təsisçilər tərəfindən iddiaçıların iştirakı olmadan da onların müraciətinə baxılması üçün ümumi yığıncağın keçirilməsi mümkündür. Eyni zamanda, iddiaçıların ikinci müraciəti üzrə ümumi yığıncaq çağırılmamışdır. Bu hallar isə təsdiq edir ki, iddiaçıların hüquqlarının həyata keçirilməsinə maneçilik yaradılır və ona görə də, onlar hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə tam haqlıdırlar.

22. Birinci instansiya məhkəməsi də bu nəticəyə gəlmiş, lakin mübahisəni tam olaraq həll etməmişdir.

23. Çünki iddiaçıların cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun əmlak hissəsinin dəyərini müəyyən etməmişdir. Halbuki, birinci instansiya məhkəməsində iddiaçılar həmin dəyərin müəyyən edilməsi ilə bağlı məhkəmə ekspertizalarının təyin edilməsi barədə vəsatət vermiş, məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən mütəxəssis və aud it rəyləri təqdim edilmədiyinə görə məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş, bundan sonra iddiaçılar tərəfindən "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı 2024-cü il 11 mart tarixli rəyi məhkəməyə təqdim edilmişdir. Yenidən iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə həmin vəsatəti təmin etməmiş və iddiaçıların cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun əmlak hissəsinin dəyərinin müəyyən edilməsi ilə bağlı araşdırma aparmadan və həmin dəyəri müəyyən etmədən iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. İddianın bu şəkildə təmin edilməsi isə iddiaçıların pozulmuş hüquqlarının tam olaraq bərpa edilməsi ilə nəticələnmir və yeni mübahisənin yaranmasına səbəb olur.

24. Bu baxımdan, məhkəmə hesab etmişdir ki, MM-nin 96.1-ci maddəsinin dispozisiya şətlərinə görə uyğun olaraq iddiaçıların cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun əmlak hissəsinin dəyəri müəyyən edilməlidir. Firmanın Nizamnaməsində qeyd olunan maddədə müəyyən edilən qaydadan fərqli qayda nəzərdə tutulmamışdır. Əksinə 2002-ci il 18 may tarixli yeni təsis müqaviləsində məhz həmin qayda nəzərdə tutulmuşdur.

25. Eyni zamanda, hər iki tərəfin nümayəndəsi etiraf edir ki, firmanın balansı onun nizamnamə kapitalından və yalnız bir daşınmaz əmlakdan ibarətdir. Belə olan halda isə iş üzrə məhkəmə ekspertizası və ya audit rəyi alınmadan iddiaçıların cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun əmlak hissəsinin dəyərini müəyyən etmək mümkündür. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 2024-cü il 18 iyul tarixli, MB 17-1 576 nömrəli qiymətləndirmə hesabatına əsasən firmanın yeganə əmlakı olan ünvan 1 ünvanında yerləşən sahəsi 1603,4 kv.m olan qeyri-yaşayış binasının hazırkı dəyəri 14.500.000 manat təşkil edir. Həmin qiymətləndirmə rəyi 2014-cü ildən qiymətləndirici sertifikatı olan Faiq İbrahimov tərəfindən verilmiş, rəydə qiymətləndirməyə təsir edən faktorların araşdırılması, qiymətləndirmə metodologiyası və yanaşmalar, aparılmış hesablamalar və s. rəyin əsaslığını qiymətləndirməyə imkan verən məlumatlar tam olaraq təsvir edilmişdir. Ona görə də, həmin rəyin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar mövcüd deyil.

26. Birinci instansiya məhkəməsində ekspert tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edildikdən sonra iddiaçılar tərəfindən "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi ilə ba ğlı 2024-cü il 11 mart tarixli rəyin məhkəməyə təqdim edildiyini və yenidən iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatət verildiyini, lakin məhkəmə tərəfindən həmin vəsatət təmin edilməyərək iş üzrə araşdırmanın yekunlaşdığını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, apellyasiya icraatında təqdim edilmiş "xxxx" MMC-nin rəyi gecikdirilmiş sübut kimi qiymətləndirilə bilməz və MPM-in 372.2-ci maddəsinə əsasən sübut kimi qəbul edilməlidir. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 2022-ci il 5 noyabr tarixli çıxarışdan görünür ki, firmanın nizamnamə kapitalının miqdarı 87.183,8 manat təşkil edir.

27. Beləliklə, sadə riyazi hesablama ilə müəyyən edilmişdir ki, hər bir iddiaçının cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun əmlak hissəsinin dəyəri 2.188.077,15 manat təşkil edir (14.500.000 + 87.183,8 = 14.587.183,8 x 15 % = 2.188.077,15). Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir.

28. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində, qətnamənin tam ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. MM-nin 16.1, 52.1, 93.1, 95, 152.5, 152.6 və 560.1-ci maddələri üzrə-məhkəmə öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdeh olan firmanı qısa müddət ərzində əmlakının 30%-dən (4.376.154.3 manat pul vəsaitindən) məhrum etməklə öhdəliklərinin icrasına və maraqlarına təhlükə yaradan, bununla da firmaya ziyan vurmaq məqsədi ilə edilmiş “yolverilməz hərəkət”-hüquqlarından sui-istifadə olan iddia tələbinə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçıların firmanın nizamnamə kapitalındakı paylarını cəmiyyətin bir və ya bir neçə iştirakçısına satmaq və ya başqa qaydada güzəşt etmək, eləcə də öz paylarını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirmək, bununla da firmaya ziyan vurmadan və hüquqdan sui-istifadə etmədən də öz maraqlarını təmin etmək imkanları olmasına baxmayaraq, hazırkı iddianı irəli sürmüşlər. İddiaçıların cəmiyyətdən çıxmaq məsələsinin həllinin iştirakçılarının ümumi yığıncağının səlah iyyətinə aid olması və onların istəklərinə firma tərəfindən hər hansı maneələrin törədilməsi halı təsdiq edilməsə də, məhkəmə tələbin iddiaçıların cavabdehin təsisçiliyindən çıxmaqlarına dair hissəsini hər hansı normaya istinad etmədən həll etmişdir.

30. MM-nin 96.1-ci maddəsi üzrə - cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilməli olsa da, apellyasiya instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməyərək firmanın əmlakının dəyərini iştirakçının çıxdığı məqama deyil hazırkı vaxta, eləcə də firmanın balansı ilə deyil, qiymətləndirmə hesabatı ilə müəyyən etmişdir.

31. MPM-nin 77.1-ci maddəsi üzrə - iddiaçılar cəmiyyətdən çıxmaları və bununla bağlı paylarına düşən əmlakın naturada fir maya məxsus olan daşınmaz əmlakın bir hissəsi hesabına onlara verilməsi, bununla əlaqədar 45 gün ərzində cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi ümumi yığıncağının çağırılması barədə müraciət etməmişlər. Qətnamədə göstərilən 2023-cü il 21 fevral tarixli ərizələr isə cavabdehə göndərilməmiş, onların göndərilməsi və cavabdehə çatdırılması halları təsdiq edilməmişdir. 32. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsi üzrə - apellyasiya instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməyərək 2024-cü il 18 iyul tarixli qiymətləndirmə hesabatını tərtib etmiş şəxsin sertifikatının qiymətləndirmənin aparıldığı vaxt qüvvədə olub-olmaması (qiymətləndirici sayılıb-sayılmaması) məsələsini aydınlaşdırmamış, bu isə qətnamənin iddia tələblərindən kən ara çıxmaqla qəbul edilməsi ilə nəticələnmişdir.

33. MPM-nin 88, 217.1 və 217.3-cü maddələri üzrə-mübahisənin həlli məqsədilə məhkəməyə ekspertiza təyin edilməsi ilə bağlı vəsatət verilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi bu vəsatətləri təmin etməyərək, yalnız iddiaçılar tərəfindən təqdim olunan qiymətləndirmə rəylərini yeganə mötəbər sübut kimi qəbul etmiş və nəticə olaraq qərar vermişdir. Halbuki, məhkəmə 2002-ci il 18 may tarixli təsis müqaviləsinə əsasən müəssisənin əmlakının balans dəyərini 750.787 manat olaraq müəyyən etməklə yanaşı, "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə əsaslanaraq 22 il ərzində əmlakın qiymətinin 1931% artaraq 14.500.000 manat olduğunu göstərmişdir. Bu qiymətləndirmə ilə müqayisə edildikdə 2002-ci ildə Nərimanov rayonunda 25.000 manat dəyər ində olan iki otaqlı köhnə tikili mənzilin hazırkı bazar qiymətinin 491.655 manat olması gözlənilən nəticədir. Bu fakt təqdim olunan qiymətləndirmə rəylərində əmlakın dəyərinin həddindən artıq yüksək göstərildiyini ortaya qoyur. Bundan əlavə qiymətləndirmə rəyində əmlakın bazar dəyəri yerinə, onun balans dəyəri və likvid qiymətinin müəyyən edilməsi zəruri idi.

34. MPM-nin 218.3-cü maddəsi üzrə - iddiaçılar cavabdehin təsisçisi olaraq firmadan çıxmağı və nizamnamə kapitalındakı paylarına uyğun əmlak hissəsinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əmlakın dəyərinin müəyyən edilməsi barədə heç bir iddia irəli sürməmişlər. Yalnız apellyasiya şikayətində firmanın təsisçiliyindən çıxmaqları ilə əlaqədar nizamnamə kapitalındakı paylarına uyğun əmlak hissəsinin dəyərinin ödənilm əsi barədə qətnamənin dəyişdirilməsini və həmin əmlakın hazırkı balans dəyərinə uyğun olaraq pul məbləği ilə ödənilməsini tələb etmişlər ki, bu da yeni bir tələb olmuşdur. Lakin apellyasiya məhkəməsi qanunda göstərilən müstəsna hal olmadan iddia tələblərindən kənara çıxaraq firmanın nizamnamə kapitalındakı 15% payına uyğun əmlak hissəsinin dəyərini 2.188.077,15 manat olaraq müəyyən etmiş, nəzərə almamışdır ki, firmanın yalnız bir qeyri-yaşayış binasına malik olduğundan bu əmlakın satışının firmaya öhdəliklərini icra etməkdə çətinlik yaradacağı vəziyyətə gətirəcək, firma başqa şəxslər qarşısında öhdəliklərini yerinə yetirmək üçün yalnız bu əmlakını satmaq məcburiyyətində qalacaqdır, bu isə hüquqdan sui-istifadə məqsədi güdmək, şirkətə ziyan vurmaq anlamına gəlir.

35. MPM-nin 372.2-ci madd əsi üzrə-iddiaçılar "xxxx" MMC-nin qiymətləndirmə hesabatını birinci instansiya məhkəməsində təqdim edə bilməmişlər və bu vəziyyəti onlardan asılı olmayan səbəblərlə əlaqələndirə bilməmişlər. Apellyasiya məhkəməsi bu vəziyyəti əsaslandırmağa çalışsa da, iddiaçıların həm "xxxx" MMC-nin, həm də "xxxx" MMC-nin qiymətləndirmə hesabatlarını eyni anda əldə edib, təqdim edə biləcəyini nəzərə almamışdır. İddiaçılar da təqdim etdikləri sübutun onlardan asılı olmayan səbəblərdən təqdim edilə bilmədiyini əsaslandıra bilməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

37. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən t əsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır....” “Maddə

90. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı 90.1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təm inat verən məbləğdən az ola bilməz. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə nizamnamə kapitalının minimum miqdarı, onun formalaşdırılması qaydası sahəvi qanunların tələbləri nəzərə alınmaqla müəyyən edilir....” “Maddə

93. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı payın keçməsi 93.1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər. 93.2. Cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir. 93.3. Cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər. 93.4. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsinə uyğun olaraq iştirakçının payının (onun bir hissəsinin) üçüncü şəxslərə özgəninkiləşdirilməsi mümkün olmadıqda, cəmiyyətin digər iştirakçıları isə onu satın almaqdan imtina etdikdə cəmiyyət iştirakçının payını əldə etməyə borcludur. 93.5. İştirakçının payını (onun bir hissəsini) məhdud məsuliyyətli cəmiyyətin özünün əldə etdiyi halda cəmiyyət onu özünün nizamnaməsində nəzərdə tutulan müddətlərdə və qaydada başqa iştirakçılara və ya üçüncü şəxslərə satmağa və ya bu Məcəllənin 90.4 və 90.5-ci maddələrinə uyğun olaraq öz nizamnamə kapitalını azaltmağa borcludur....” “Maddə

95. Məhdud məsuliyyətli cəmiyyət iştirakçısının cəmiyyətdən çıxması Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər”. “Maddə

96. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətdən çıxarkən hesablaşmalar 96.1. Məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödə nilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. 96.2. Əgər məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalına maya kimi əmlakdan istifadə hüququ verilmişdirsə, müvafiq əmlak cəmiyyətdən çıxan iştirakçıya qaytarılır. Həmin əmlakın normal aşınma nəticəsində dəyərinin azalmasının əvəzi ödənilmir....”

40. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə e tməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü ma ddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 42. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələbl ərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il 28 fevral tarixli Qərarı).

43. Kassasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə qeyd olunmalıdır ki, cavabdeh firmanın təşkilati hüquqi forması məhdud məsuliyyətli cəmiyyətin təşkilati hüquqi formasına uyğun olduğundan m əhkəmələr hazırkı mübahisəyə MM-nin məhdud məsuliyyətli cəmiyyətə aid normalarını tətbiq etməkdə haqlı olmuşlar.

44. Həmin normaların tələblərinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə, üçüncü şəxslərə özgəninkiləşdirə (digər iştirakçıların satın almaqda üstünlük hüququnu gözləməklə), eyni zamanda onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər (bax yuxarıda § 39, MM-nin 93.1 və 95-ci maddələri).

45. Nəzərə alınmalıdır ki, cəmiyyətin iştirakçlıları qeyd olunan hüquqi mexanizmlərdən (payını özgəninkiləşdirmək və ya cəmiyyətdən çıxmaq) hər hansı birini seçməkdə sərbəstdirlər. Q anunverici bu mexanizmlərdən mərhələli şəkildə istifadə edilməsi ilə bağlı hər hansı imperativ qayda müəyyən etməmişdir. Yəni cəmiyyətin iştirakçısı əlavə heç bir şərtdən, o cümlədən digər iştirakçıların razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Qanunverici bununla bağlı hər hansı məhdudiyyət müəyyən etməmişdir. Odur ki, iddiaçıların cəmiyyətdən çıxmağa dair iddia qaldırmaları hüquqdan sui-istifadə hesab edilə bilməz.

46. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin bununla bağlı dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, iddiaçıların Cavabdeh firmasının təsisçiliyindən çıxarılmalarına dair birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

47. Məhkəmə kollegiyası cavabdeh tərəfindən birinci instansiya məhkəmə sinin qətnaməsindən apellyasiya şikayətinin verilməməsini nəzərə alaraq, kassasiya şikayətinin iddiaçıların tələbi əsasında 2022-ci il 25 avqust tarixində çağırılmış növbədənkənar ümumi yığıncağın məhz onlar iştirak etmədiyinə görə baş tutumaması və iddiaçıların bununla bağlı firmaya ikinci dəfə müraciət etmələri barədə 2023-cü il 21 fevral tarixli ərizələrin isə cavabdehə çatdırılmaması səbəbindən hazırkı məsələnin məhkəmədə deyil, ümumi yığıncaqda həll edilməli olması barədə dəlilləri üzrə qiymətləndirmə aparılmasına zərurət görmür. Belə ki, həmin dəlillərə artıq birinci instansiya məhkəməsi tərəfindən qiymət verilərək göstərilmişdir ki, iddiaçılar bununla bağlı bir neçə dəfə cavabdehə müraciət etmələrinə baxmayaraq, tələbləri nəzərə alınmadığından hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı iddiaçıların apellyasiya şikayəti əsasında yalnız onların firmanın təsisçiliyindən çıxdıqları məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan paylarına uyğun əmlak hissəsinin dəyərinin ödənilməsi hissəsində yoxlanılmışdır.

48. Məhkəmə kollegiyası iddiaçıların firmanın təsisçiliyindən çıxdıqları məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan paylarına uyğun əmlak hissəsinin dəyərinin ödənilməsi tələbinə aid hissədə kassasiya şikayətinin dəlillərinə münasibətdə əvvəlcə onu vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu hissədə MPMnin 218.3-cü maddəsinin pozuntusu, yəni iddia tələbindən kənara çıxma halı baş verməmişdir.

49. Belə ki, qaldırılan iddianın predmeti cəmiyyətdən ç ıxan iştirakçıya nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsindən ibarət olduğundan, məhkəmə tərəfindən hər bir halda həmin tələbin qanuni əsasını təşkil edən maddənin (MM, maddə 96) dispozisiya şərtlərinə uyğun olaraq həll edilməsinin mümkünlüyünə qiymət verilməlidir. Bu isə məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsi olmaqla, tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz.

50. Həmin maddənin tələblərinə əsasən, məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan işt irakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir.

51. Göründüyü kimi, yalnız çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Hazırkı işdə tərəflər arasında bununla bağlı razılıq əldə olunmadığından, apellyasiya instansiyası məhkəməsi iddiaçıların nizamnamə kapitalındakı paylarına uyğun əmlak hissəsinin dəyərini müəyyən etməkdə haqlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MM-nin 96-cı maddəsi düzgün tətbiq edilmişdir.

52. Kollegiya kassasiya şikayətinin iddiaçıların nizamnamə kapitalında olan paylarına uyğun əmlak hissəsinin dəyərinin qiymətləndirmə hesabatına əsasən bazar dəyəri il ə müəyyən edilməsi barədə dəlililinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, 2024-cü il 9 iyul tarixli məhkəmə iclasının protokolundan görünür ki, iddiaçılar bununla bağlı məhkəmə ekspertizası keçirilməsi üçün vəsatət qaldırmış, lakin cavabdeh tərəf bu vəsatətin təmin edilməməsini tələb etmiş, 2024-cü il 23 iyul tarixli məhkəmə iclasında nümayəndəsi verdiyi izahatında isə qiymətləndirmə rəyini qəbul etmədiklərini, əmlaka qoyulmuş qiymətin əsassız olduğunu bildirmişdir.

53. Göründüyü kimi, cavabdeh işin hazırki mərhələsində, kassasiya şikayətində "xxxx" MMC-nin 2024-cü il 18 iyul tarixli, MB 17-1576 nömrəli qiymətləndirmə rəyinin mötəbərliyini mübahisələndirsə də, məhkəmə icraatının çəkişmə prinsipinin tələblərinə uyğun olaraq, işə mahiyyəti üzrə apellyasiya instansiya məhkəməsində ba xılarkən həmin rəyin mötəbərliyini şübhə altına alan tutarlı dəlillər irəli sürməmiş, digər müstəqil qiymətləndiricinin fərqli rəyini təqdim etməmiş, ekspertiza təyin edilməsi barədə vəsatət verməmiş, əksinə iddiaçı tərəfin bununla bağlı vəsatətinə etiraz etmişdir.

54. Qeyd olunanları nəzərə alan apellyasiya instansiya məhkəməsi qiymətləndirmə rəyinə münasibətdə göstərmişdir ki, həmin rəy 2014-cü ildən qiymətləndirici sertifikatı olan Faiq İbrahimov tərəfindən verilmiş, rəydə qiymətləndirməyə təsir edən faktorların araşdırılması, qiymətləndirmə metodologiyası və yanaşmalar, aparılmış hesablamalar və s. rəyin əsaslığını qiymətləndirməyə imkan verən məlumatlar tam olaraq təsvir edilmişdir. Ona görə də, rəyin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar mövcud deyil.

55. Məhkəmə kollegiya sı hesab edir ki, məhkəmə apellyasiya baxışında təqdim edilmiş həmin rəyi sübut kimi qəbul etməklə MPM-nin 372.2-ci maddəsinin tələblərini pozmamış və ona sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi baxımından MPM-in 9.3 77.1, 80, 81, 88 və 89-cu maddələrinin tələblərinə uyğun qiymət vermişdir.

56. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur, kassasiya şikayəti təmin olunmamalı, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

57. MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Firması tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-694/2024 nömrəli 2024-cü il 23 iyul tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar