Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-737/2025 07.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya baxışından çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı xidmət müqaviləsi üzrə pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 may tarixli, 2-2(103)-544/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılarkən müəyyən etdi İş üzrə məhkəmə icraatı
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2024-cü il 26 iyun tarixli xidmət müqaviləsi üzrə 35.400,43 manat əsas borcun, 1.479,62 manat cərimə məbləğinin və ödənilmiş 201 manat dövlət rüsumunun, 120 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 27 fevral tarixli, e-2-2(113)-1316/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, tərəflər arasında bağlanmış 2024-cü il 26 iyun tarixli xidmət müqaviləsi üzrə ƏDV daxil olmaqla 35400,43 manat əsas borc, 1000 manat cərimə məbləği olmaqla ümumilikdə 36400,43 manat pulun cavabdehdən tutularaq iddiaç ıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – N.Əhmədova).
3. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 may tarixli, 2-2(103)-544/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – L.Əliyeva, T.Mahmudova).
5. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 202 5-ci il 20 oktyabr tarixli 2-2(102)-737/2025 nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kas sasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apel lyasiya instansiyası məhkəməsinə qaytara bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayəti nəzərdən keçirilərkən şikayətin onun mümkünlüyünü şərtləndirən tələblərə cavab vermədiyi müəyyən olunmuşdur.
9. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı tərəfindən verilmiş iddia ərizəsində göstərilən məbləğin dəyəri 35.400,43 manat əsas borc, 1.479,62 manat cərimə borcu olmaqla, ümumilikdə 36.880,05 manat təşkil edir.
10. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən – 35400,43 manat əsas borc, 1000 manat cərimə məbləği olmaqla ümumilikdə 36400,43 manat təmin edilib. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır.
11. Cavabdehin həm birinci instansiya məhkəməsində, həm apellyasiya şikayətində və apellyasiya instansiya məhkəməsində, həm də kassasiya şikayətində etirazının yeganə dəlili o olmuşdur ki, xidmət müqaviləsi üzrə yükləyici ekskavatorla 8 gün müddətində görülmüş işlər barədə 2024-cü il 13 avqust tarixli 2.1 saylı təhvil-təslim aktı imzalanmış, sonradan görülmüş işlərin günləri yenidən hesablanaraq, həmin ekskavatorla torpaq qazma xidmətinin göstərilməsinin 34 gün olması müəyyən edildikdən sonra eyni tarixli, yəni 2024-cü il 13 avqust tarixli 1 saylı təhvil-təslim aktı imzalanaraq, 2024-cü il 13 avqust tarixli 2.1 saylı təhvil-təslim aktı ləğv edilmişdir. Lakin ləğv edilmiş aktda qeyd edilən xidmət haqqı da əsassız olaraq iddia tələbinə əlavə edilmişdir. Cavabdehin iddiaçıya faktiki olaraq ƏDV daxil 33.585,02 manat borcu yaranmışdır.
12. Göründüyü kimi cavabdeh tərəfindən mübahisələndirilən yeganə məbləğ 2.1 nömrəli təhvil-təslim aktı ilə hesablanan 1815,41 manat olmuşdur ki, bu da kommersiya mübahisəsinə kassasiya instansiya məhkəməsində baxılması üçün şərtləndirilən MPM-in 402.1-ci maddəsində göstərilən 10.000 manat məbləğdən aşağıdır.
13. Bu səbəbdən kollegiya hesab edir ki, cavabdehin kassasiya şikayəti vermək hüququ yaranmamışdır. Onun tərəfindən verilmiş kassasiya şikayəti isə MPM-in tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur.
14. MPM-in 417.1.7-ci maddəsində təsbit olunmuşdur ki, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
15. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 20 oktyabr tarixli 2-2(102)-737/2025 nömrəli qərardadı ləğv edilməli və iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
16. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 403.1, 4041, 417.1.7-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 20 oktyabr tarixli 2-2(102)-737/2025 nömrəli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 may tarixli, 2-2(103)-544/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.