Məhkəmə qərarları › İş №2-2(102)-797/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-797/2025

25.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-797/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X1 Mərkəzinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Azərbaycan Respublikasının Ekol ogiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X1 Mərkəzinin Cavabdeh qarşı zəbt edilmiş meşə fondu torpağının əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a) Gədəbəy Rayon Məhkəməsindəki icraat

1. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X1 Mərkəzi (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz zəbt etdiyi 0.01 ha meşə fondu torpağının əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Gədəbəy Rayon Məhkəməsinin 2025-ci il 14 oktyabr tarixli 2(042)- 1327/2025 saylı qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Z.Rəsulov).

3. Qərardad onunla əsaslandırılmışdır ki, tərəflərin vergi ödəyicisi kimi qeydiyyata alınmaları müəyyən edilmiş və mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması isə öz təsdiqini tapmışdır. Mübahisənin predmetinin ümumi, yoxsa kommersiya məhkəməsinə aidiyyətinin yoxlanılmasına gəldikdə isə işin araşdırılmış hallarından görünür ki, iddiaçı cavabdehin meşə fonduna aid torpaq sahəsini zəbt edildiyini və sahibkarlıq məqsədi ilə tikintilər inşa etdiyini iddia edir. Buna görə də mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır.

4. Məhkəmə gəldiyi nəticəni “Sahibkarlıq fəaliyyəti haqqında” Azərba ycan Respublikası Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 1, 24.2, 24.3, 26.1, 30, 32.2, 32.4-32.6-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Gəncə Kommersiya Məhkəməsindəki icraat

5. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 12 noyabr tarixli 2-2(115)-2776/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Quliyeva).

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı dövlət orqanı, cavabdeh isə vergi ödəyicisi olan fiziki şəxsdir. İddiaçı cavabdeh tərəfindən qanunsuz zəbt etdiyi meşə fondu torpağının əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddiaçı dövlət orqanı ilə sahibk arlıq subyekti olan cavabdeh arasında yaranan mübahisə onların əşya hüquqi münasibətlərdən irəli gəlir. Tərəflər arasında hər hansı müqavilənin olması, mübahisənin müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərindən yaranması müəyyən edilmir.

7. Məhkəmə gəldiyi nəticəni MPM-in 24.2, 25.1, 26.1, 31.1 və 32.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

25. Mübahisələrin üm umi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.” Ali Məhkəmənin mövqeyi

9. Qarışıq məhkəmə tərkibi hesab edir ki, iş baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir.

10. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

11. Subyekt tərkibi baxımından hazırkı işin kommersiya mübahisəsinə aid edilməsi üçün hər hansı maneə mövcud deyildir. Belə ki, iddiaçı dövlət orqanı, cavabdeh isə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsdir.

12. Bununla yanaşı, tərəflər arasındakı hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmasını istisna edir.

13. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər (zəbt edilmiş meşə fondu torpağının əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi) əşya hüququnun pozulmasının aradan qaldırılmasına yönəlmişdir. Bu tələblər heç bir müqavilə öhdəliyi, sahibkarlıq fəaliyyəti, iqtisadi fəaliyyətdən irəl i gəlməyib və sırf mülkiyyət hüququnun müdafiəsi xarakteri daşıyır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarınının 25-ci bəndində qeyd olunmuşdur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarları n sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn müb ahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.

15. Göründüyü kimi hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əşya hüquqi münasibətlərdən irəli gəlməklə sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. Bu isə mübahisənin müvafiq Kommersiya Məhkəməsində baxılmasını istisna edən haldır.

16. Göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı işə məhkəmə aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsində baxılmalıdır.

17. Şərh olunanlara əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X1 Mərkəzinin Cavabdeh qarşı qanunsuz z əbt edilmiş meşə fondu torpağının əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar