Məhkəmə qərarları › İş №2-2(102)-831/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-831/2025

05.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-831/2025 05.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin mülkiyyətə keçirilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 7 noyabr tarixli, e-22(113)-91 54/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı 1.İddiaçı2 (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa edilən hündürmərtəbəli binada 150 m2 sahəsi olan 3 otaqlı, tam təmirli mənzilin onun mülkiyyətinə keçirilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 7 noyabr tarixli, e-2-2(113)9154/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınm ışdır (hakim – K.Hüseynov). 3.Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə tərəflərin subyektiv tərkibi baxımından iddiaçı vergi ödəyicisi olan fərdi sahibkar və cavabdeh isə kommersiya hüquqi şəxs olmalarına baxmayaraq, mübahisə iddiaçı və cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Çünki iddiaçının cavabdeh ilə birlikdə hər hansı sahibkarlıq fəaliyyəti və ya tərəflər arasında hər hansı müqavilə üzrə öhdəlik münasibətləri mövcud olmamışdır.

4. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi ona məxsus evin dağıdılmasının əvəzində mənzilin verilməsidir ki, bu da onlar arasında sahibkarlıq fəaliyyəti olması və ya özlərinin ayrıca sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, deliktdən irəli gələn mübahisədir. Bundan əlavə, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ümumi sahəsi 67,8 m olan evin bitişik hissəsinin qeyri-yaşayış sahəsi olması barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Hazırkı iş üzrə tərəflərin subyektiv tərkibi mübahisə yaratmasa da, mübahisə predmeti və hüquq münasibətlərinin xarakteri tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyi üçün kommersiya mübahisəsi deyildir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 24.2, 25.1, 26.1, 151.1 maddələrinə, İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 10, 11, 12, 14 v ə 22ci bəndlərinə istinadla əsaslandırmışdır.

6. İddiaçı həmin qərardaddan şikayət verərək, onu ləğv edərək, mülki prosessual qanunvericiliyin sonrakı tələblərinə uyğun müvafiq tədbir görülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 20 noyabr tarixli, e-2-2(113)9154/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır (hakim – K.Hüseynov).

8. Məhkəmə əvvəlki mövqeyini (bax § 3-4) bir daha vurğulamış və şikayətin dəlillərinin əsassız olması qənaətinə gəlmişdir. Şikayətin dəlilləri

9. İddiaçı 2007-ci ildən etibarən yaşadığı evə bitişik obyektdən mağaza kimi istifadə etmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Hətta ona Azərbaycan Respublik ası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən şəhadətnamə verilmişdir. Belə ki, ümumi sahəsi 67,8 m olan evin 35 m hissəsi qeyri-yaşayış sahəsinə, yəni mağazanın sahəsinə aid olmuşdur. Həmin mənzillə barəbər iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsi də dağıdılmış və o, həmin qeyri-yaşayış sahəsində olan fəaliyyətə görə vergi ödəyicisidir.

10. Bakı Kommersiya Məhkəməsinə müraciət etməzdən öncə iddiaçı eyni məzmunlu iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7171/2025 nömrəli, 2025-ci il 27 oktyabr tarixli qərardadı elektron məhkəmə kabinetinə 2025-ci il 13 noyabr tarixində yükləndiyi üçün onu kommersiya məhkəməsinə ünvanlanan iddia ərizəsinə əlavə etmək mümkün olmamışdır. Sab unçu Rayon Məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçı öz fəaliyyətini müvəqqəti dayandırmış vergi ödəyicisi, cavabdeh isə hazırda aktiv vergi ödəyicisi olduğundan, habelə mübahisə predmetini təşkil edən zərər iddiaçı ilə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığından hazırkı mübahisəyə dair işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmə tərəfindən baxıla bilməz. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş Fiziki şəxsin uçotu haqqında şəhadətnamənin surətinə görə, iddiaçı Sabunçu rayonu, ünvan 2 ünvanında vergi ödəyicisi kimi qeydiyyatdadır. Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsinin çıxarışı m övcud deyildir. 11.Məhkəmənin müqavilənin mövcud olmamasına istinad edərək iddia ərizəsini geri qaytarması qanunvericiliyin tələblərinə ziddir. Cavbdeh kommersiya hüquqi şəxsi kimi bina inşa edib mənzil sataraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur, iddiaçı isə qeyri-yaşayış sahəsində vergi ödəyicisi kimi qeydiyyatda olmaqla məhsulların satışı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin ərazi dağıdıldığı üçün o, sahibkarlıq faəliyyətindən məhrum olmuş və iddiaçı maddi ziyana məruz qalmışdır. Buna görə də, mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmalı idi. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəm əsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələs ini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: müvafiq 403-1.8.3. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər.”

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafi q bəndlərində nəzərdə tutulmuşdur: “Bənd

4. İddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir.” Ali Məhkəmənin mövqeyi

14. Qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməlidir.

15. Belə ki, Mü lki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Bu meyarlar bir-biri ilə qarşılıqlı bağlı şəkildə tətbiq edilməli və işin aidiyyəti yalnız həmin üç meyarın birlikdə qiymətləndirilməsi əsasında müəyyən edilməlidir. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli Plenum Qərarının 10-cu bəndində də dəqiq şəkildə ifadə olunmuşdur.

16. Plenum Qərarının 11 və 12-ci bəndlərinə əsasən işin kommersiya məhkəməsinin səlahiyyətinə aid olması üçün mübahisə üzrə hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalı, tərəflər arasında yar anmış tələb onların birgə və ya ayrı-ayrılıqda həyata keçirdikləri kommersiya fəaliyyətindən irəli gəlməlidir.

17. Plenum Qərarının 13 və 14-cü bəndlərində isə qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçiril məsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətin dən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

18. Hazırkı işin halları da ondan ibarətdir ki, iddiaçı fərdi sahibkar statusuna malik olan fiziki şəxs, cavabdeh isə kommersiya hüquqi şəxsidir.

19. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC tikinti fəaliyyətini həyata keçirən zaman iddiaçıya məxsus mənzili və ona bitişik iddiaçının kommersiya fəaliyyətini həyata keçirtdiyi qeyri-yaşayış sahəsini məhv etmişdir.

20. Göründüyü mübahisə delikt xarakterli hüquq münasibətlərindən irəli gəlir və Plenum Qərarının 14-cü bəndinə uyğun olaraq tələblərin bir qismi (mənzilə vurulmuş zərərlə bağlı hissədə) ümumi məhkəməyə, bir qismi isə (qeyri-yaşayış sahəsinə vurulmuş zərərlə bağlı hissədə) kommersiya məhkəməsinə aiddir.

21. Belə ki, iddia ərizəsinə əsasən iddiaç ı həmin qeyri-yaşayış sahəsində kommersiya fəaliyyətini həyata keçirmiş və cavabdeh də öz kommersiya fəaliyyətini həyata keçirərkən həmin əmlakı məhv etməklə iddiaçıya zərər vurmuşdur. Yəni tərəflər arasında olan delikt xarakterli hüquq münasibətləri onların ayrı-ayrılıqda həyata keçirtdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlir.

22. MPM-in 30-cu maddəsində isə təsbit edilmişdir ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.

23. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və istinad edilən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv ed ilməli və iş həmin məhkəməyə qaytarılmalıdır. QƏRARA ALDİ: İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 7 noyabr tarixli e-2-2(113)-9154/2025 nömrəli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar