Məhkəmə qərarları › İş №2-2(102)-912/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-912/2025

03.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-912/2025 03.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi, lizinq ödənişləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)- ***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. “xxxx” ASC ilə Cavabdeh MMC arasında 2024-cü il ## ###### tarixli, OL-***-** nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 34 ədəd JD-9970 markalı pambıqyığan kombayn Cavabdeh MMC-yə lizinqə verilmişdir. Təhvil-təslim aktlarında lizinq predmetlərinin istifadə müddəti kimi 2024-cü il # ########-2024-cü il ## ###### tarixlər aralığı qeyd edilmişdir.

2. Tərəflər arasında imzalanmış aktlara əsasən 34 ədəd lizinq predmeti Cavabdeh MMC tərəfindən “xxxx” ASC-yə geri qaytarılmışdır.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

3. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü il ## ###### tarixli, OL-***-** nömrəli müqaviləyə əsasən 411.620 manat məbləğində borc və 701,62 manat dövlət rüsumu olmaqla, cəmi 412.321,62 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, müqavilədə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödənişlərin həyata keçirilməsini öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən cavabdehin 453000 manat öhdəliyindən 41380 manat ödəniş yerinə yetirilmiş və 411620 manat məbləğində borcu qalmışdır. Beləliklə, hazırda cavabdehin qeyd edilən müqavilə üzrə iddiaçı qarşısında ümumilikdə 411620 manat məbləğində yerinə yetirmədiyi borc öhdəliyi mövcuddur. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.4-cü bəndinə əsasən lizinq alan (istifadəçi) tərəfindən müqavilənin şərtlərinə əməl edilmədikdə, o cümlədən ödənişləri yerinə yetirilmədikdə, icraçı onu yazılı xəbərdarlıq etməklə bu müqaviləni birtərəfli qaydada ləğv etmək, texnikanı geri götürmək, habelə ödənişdən qalan borcun və texnikaya dəymiş zərərin ödənilməsini qanunamüvafiq qaydada tələb etmək hüququna malikdir.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Z.Axundova).

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı müqavilə üzrə öz öhdəliyini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya borcu yaranmışdır. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab etmişdir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi tam təmin edilməlidir. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, tərəflər arasında ümumilikdə 68 ədəd akt imzalanmışdır (34 ədəd lizinq predmetinin cavabdehə təhvil verilməsi, 34 ədəd lizinq predmetinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması barədə). Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan (istifadəçi) cavabdeh texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, müqavilədə nəzərdə tutulmuş məbləği lizinq verən iddiaçıya tam şəkildə ödənilməsini öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən cavabdehin 453000 manat öhdəliyindən 41380 manatı ödənilmiş və 411620 manat məbləğində borcu qalmışdır. Bundan əlavə, cavabdeh tərəfindən iddiaya etiraz edilməmiş və ödənişlərin edilməsini sübut edən sübutlar (ödəniş tapşırıqlar, qəbzlər və s.) məhkəməyə təqdim edilməmişdir.

8. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 448.1, 747.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 107, 115.0.6 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaması, barışıq üçün vaxt verilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin vaxtı və yeri barədə bildirişlər cavabdehin elektron kabinetinə yerləşdirilmiş, eləcə də cavabdehə bu məhkəmə iclasları barədə SMS xəbərdarlıqlar göndərilmişdir. Digər tərəfdən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarılmasından 4 aya yaxın müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən mübahisə üzrə barışıq əldə edilməsi istiqamətində hər hansı addım atılmamışdır. Göstərilən hal isə ona dəlalət edir ki, cavabdehin birinci instansiya məhkəməsi tərəfindən tərəflərin barışması üçün şərait yaradılmaması barədə istinad etdiyi dəlillər formal mülahizə olmaqla qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas vermir.

12. Məhkəmə kollegiyasının öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi maddi hüquq normaları birinci instansiya məhkəməsinin istinad etdiyi normalarla eynilik təşkil edir.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

14. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi üzrə məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamış, iş üçün əhəmiyyətli olan faktlara diqqət yetirilməmişdir.

15. Avropa Insan hüquqları Konvensiyasının 6-cı maddəsi üzrə - birinci instansiya məhkəməsi tərəflərin məhkəmə iclasında iştirakını və çəkişməsini təmin etməmiş və bununla da ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Qeyd olunan pozuntudan şikayət əsasında apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmasını və birinci instansiya məhkəməsi tərəfindən göstərilən pozuntular əsasında qəbul edilmiş qətnamənin ləğv edilməsi ilə bağlı xahiş edilmiş, lakin apellyasiya məhkəməsi həmin halları tam, obyektiv və hərtərəfli araşdırmamış və belə olan təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmədən cavahdehin pozulmuş hüquqlarını bərpa etmədən ədalət prinsipinin tələblərini pozmuşdur.

16. MPM-in 14-cü maddəsi üzrə - həm birinci instansiya, həm də apellyasiya məhkəmələri tərəfindən cavabdehin vəsatət və sübutların araşdırılması və iddiaçı ilə barışıq imkanlarının təmin edilməsi kimi əsas müdafiə hüquqları təmin edilməmişdir. Halbuki, birinci və apellyasiya instansiya məhkəmərinin icraatlarında olan mülki işə baxılması müddətləri kifayət qədər olmasına baxmayaraq, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırılması üçün kifayət qədər vaxt olmasına baxmayaraq, araşdırılmamış və mülki məhkəmə icraatını müvafiq məhkəmə aktı çıxararaq yekunlaşdırmışlar.

17. MPM-in 88-ci maddəsi üzrə - məhkəmələr tərəflərin çəkişmə prinsipini gözləmədən iş materiallarında mövcud olan sübutların tam, hərtərəfli və obyektiv araşdırmadan yekun məhkəmə aktı çıxarmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin hazırlıq iclasında barışıq danışıqları ilə bağlı vəsatət vermiş, lakin bu vəsatət mahiyyəti üzrə yoxlanılmadan rədd edilmişdir. Apellyasiya instansiyası həmin pozuntunu aradan qaldırmaq əvəzinə, yalnız formal istinadlarla onu doğru hesab etmişdir.

18. MPM-in 167.1.6-cı maddəsi üzrə - iddiaçı ilə razılaşmaq məqsədi ilə məhkəmə iclasının təxirə salınması xahiş edilmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən işin halları nəzərə alınmayaraq, yaxın vaxta məhkəmə iclaslarını təyin etmiş, tərəflərin barışması üçün heç bir tədbir görməmiş və yekun məhkəmə aktı çıxarmışdır. Apellyasiya məhkəməsi məhkəməyə ünvanlanmış barışıq əldə edilməsi ilə bağlı vəsatətə münasibətdə formal yanaşmış və belə olan təqdirdə cavabdehin pozulmuş hüquqlarının müdafiəsi prinsipini təmin etməmişdir. Apellyasiya instansiyası işin predmetinə dair müstəqil araşdırma aparmadan, birinci instansiyanın qətnaməsini formal olaraq qüvvədə saxlamışdır. Halbuki, MPM-in tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin vəzifəsi işin hallarını yenidən qiymətləndirməkdir. Qeyd olunan tələblər pozulduğu üçün apellyasiya məhkəməsi tərəfindən çıxarılmış müvafiq məhkəmə aktı kassasiya qaydasında ləğv edilməlidir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

20. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”.

“Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.”

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

25. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

26. Belə ki, kassasiya şikayətində pozuntuların nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.

27. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işin hallarının tam araşdırırlmaması ilə əlaqələndirilməsi isə əsassızdır.

28. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

29. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların araşdırılması və qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-

30. 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv in 14.1, tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir.

31. Eyni zamanda, məhkəmə kollegiyası həm çəkişmə prinsipinin pozulması, həm də tərəflərin barışması ilə bağlı dəlillərə münasibətdə apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsi ilə razılaşır və təkrarlanmasına zərurət görmür.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar