Məhkəmə qərarları › İş №2-2(102)-93/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-93/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-93/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ Açar sözlər: podrat (xidmət) müqaviləsi üzrə avansın qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, ilk iddia üzrə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair qarşılıqlı iddiası barədə kommersiya mübahisələri haqqında iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 oktyabr tarixli 2-2(103)-824/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh MMC (“Prodüser”) ilə İddiaçı (“Aktyor”) arasında 2019-cu il 23 oktyabr tarixində "xxxx" adlı bədii serialda iştirak haqqında xidmət müqaviləsi və xidmət müqaviləsinə 1 saylı Əlavə bağlanmış, müqavilənin müddəti 1 il müəyyən olunmuşdur.

2. Serialın çəkilişləri 2020-ci ilin 25 fevral – 31 mart tarixlərində və 2022-ci ilin fevralmart aylarında həyata keçirilmişdir. 2020-ci ildə həyata keçirilən çəkilişlərdə aktyor tam iştirak etmişdir.

3. Müqavilə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı köçürmə yolu ilə 2019-cu i l 24 oktyabr tarixində 3.273 manat, 12 noyabr tarixində 3.273 manat, 27 dekabr tarixində 3.273 manat, 2020-ci il 17 yanvar tarixində 3.821,90 manat pul ödənilmişdir. Bundan sonra, nağd şəkildə 2021-ci il 6 aprel tarixində 7.000 manat ödəniş edilmişdir. 2022-ci ildə həyata keçirilən çəkilişlərdə iştirak etməsi üçün aktyora gündəlik 700 manat ödənilməsi razılaşdırılmış, 2022ci il 21 fevral tarixində 700 manat, 26 fevral tarixində 700 manat, 7 mart tarixində 700 manat pul ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İlk iddia üzrə İddiaçı (bundan sonra – “İddiaçı”) 2023-cü il 2 mart tarixində ilkin iddia üzrə Cavabdehnə (bundan sonra – “MMC”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə həyata keç irilmiş xidmətə görə 21.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu il 23 oktyabr tarixində iddiaçı ilə cavabdeh arasında "xxxx" adlı bədii serialda iştirak haqqında xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh "xxxx" adlı serialın (10 seriyası) çəkiliş qrupunun tərkibinə 2019-cu il 23 oktyabr tarixindən 1 il müddət ərzində “Aktyor” vəzifəsinə (baş rolun ifaçısı kimi) iddiaçını qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilədə iddiaçıya adıçəkilən serialda çəkiliş dövrü üçün aylıq olaraq 3.000 manat ödənilməsi razılaşdırılmışdır. Sözügüdən müqavilədə nəzərdə tutulmuşdur ki, o, tərəflər imzaladığı andan hüquqi qüvvəyə minir və 1 il müddətinə etib arlıdır. Bundan başqa, "xxxx" adlı bədii serialda iştirak haqqında xidmət müqaviləsinin qüvvədə olduğu müddətdə heç bir veriliş, televiziya və serialda iştirak etməmək, bədii filmlərin çəkilişlərini yazılı razılaşdırmaq, yalnız cavabdehin yazılı razılığı ilə hər hansı verilişə qonaq qismində getməmək iddiaçının öhdəlikləri kimi qeyd edilmişdir. Həmin müqaviləyə 2019-cu il 23 oktyabr tarixində edilmiş 1 saylı Əlavəyə görə, aktyorun məşğulluğunu təmin etmək məqsədilə "xxxx" serialından əlavə cavabdeh “Comedyzadeh” və digər yeni layihələrdə iddiaçının iştirakını təmin etməyi də öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etmiş, lakin cavabdeh müqavilə üzrə ödəməli olduğu pul məbləğini iddiaçıya tam olaraq ödəməmişdir. Belə ki, müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 36.000 manat (12 ay*3.000 manat) məbləğində ödəniş edilməli idi. Amma cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 15.000 manat pul ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə ödənilməli olan qalan məbləğ 21.000 manat təşkil edir. Ödənişlər icra edilmədiyindən, iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət olunmuş, 2023-cü il 24 fevral tarixində keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyası barədə MMC 11 gün əvvəlcədən bildiriş göndərilməklə məlumatlandırılmasına baxmayaraq, sessiyada iştirak etməmişdir.

6. MMC 2023-cü il 19 aprel tarixində İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, 18.740,90 manat məbləğində pulun, hüquqi yardım xərcinin əvəzi olaraq 800 manat və ödənilmiş dö vlət rüsumunun əvəzi olaraq 147 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bədii serialda iştirak haqqında xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı həmin serialda baş rola çəkilməsi nəzərdə tutulmuş, MMC adıçəkilən serialda çəkiliş dövrü üçün İddiaçı aylıq olaraq 3.000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Serialın çəkilişinə 2020-ci il 25 fevral tarixində başlanmış və çəkiliş 2020-ci il 31 mart tarixindən 2020ci il 1 aprel tarixinə keçən gecə bitmişdir. Bu müddət ərzində serialın 6 seriyası çəkilmiş, “COVİD-19” pandemiyası ilə bağlı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qadağalar səbəbindən serialın çəkilişin i davam etdirmək mümkün olmamışdır. Beləliklə, serialın 6 seriyasının çəkilişi 1 ay 6 gün ərzində tamamlanmış və İddiaçı həmin seriyalarda çəkilmişdir. “COVİD-19” pandemiyası ilə bağlı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qadağalar ləğv edildikdən sonra 2022-ci ilin əvvəllərindən serialın çəkilişləri bərpa edilmiş, lakin İddiaçı həmin dövrdə başqa yerdə çəkildiyini əsas gətirərək "xxxx" serialının çəkilişlərinə gəlməkdən imtina etmiş, tərəflər arasında uzun müddət davam edən danışıqlar nəticəsində İddiaçı 4 gün ərzində serialın qalan 6 seriyasının çəkilişlərində iştirak etmişdir. Beləliklə, İddiaçı ümumilikdə 1 ay 10 gün ərzində "xxxx" serialının çəkilişlərində iştirak etmişdir. MMC tərəfindən İddiaçı köçürmə yolu ilə 2019-cu il 23 oktyabr tarixində 3.273 manat, 12 noyabr tarixində 3.273 manat, 27 dekabr tarixində 3.273 manat, 2020-ci il 16 yanvar tarixində 3.821,9 manat, nağd şəkildə 2021-ci il 6 aprel tarixində 7.000 manat, 2022-ci il 21 fevral tarixində 700 manat, 26 fevral tarixində 700 manat, 7 mart tarixində 700 manat olmaqla ümumilikdə 22.740,90 manat pul ödənilmişdir. Çəkilişlərdə iştirak etdiyi dövr üçün MMC tərəfindən İddiaçı ödənilməli olan pul məbləği 4.000 manat təşkil etsə də, İddiaçı 18.740,90 manat məbləğində artıq pul ödənilmişdir. İddiaçı isə həmin məbləği MMC-yə geri qaytarmamışdır.

8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 22 iyun tarixli e-2-2(113)-1844/2023 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir (hakim – N.Əhmədova).

9. Birinci instansiya məhkəməsi MMC tərəfindən edilmiş ödənişlərin 2019-cu il 23 oktyabr tarixli müqaviləyə 1 saylı Əlavə ilə nəzərdə tutulmuş işlərin İddiaçı tərəfindən gələcəkdə yerinə yetirilməsinə görə artıq edildiyinə münasibətdə qeyd etmişdir ki, həmin Əlavədə aktyorun məşğulluğunu təmin etmək məqsədilə "xxxx" serialından əlavə prodüserin aktyorun “Comedyzadeh” və digər layihələrdə iştirakını təmin edəcəyi qeyd edilsə də, bu razılaşma ümumi iradə ifadəsi olub həmin layihələrdə iştirak ilə bağlı tərəflər arasında olan münasibətlərin konkret şərtlərini, tərəflərin hüquq və vəzifələrini müəyyən etməmiş, müqavilənin özündə qeyd olunan layihələrdə iştirakla bağlı tərəflərin öhdəliklərini müəyyən edən tənzimləmə həyata keçirilməmiş, prodüserin həyata keçirəcəyi ödənişlərin həmin layihələrlə bağlılığına dair hər hansı iradə ifadəsi təsbit olunmamışdır.

10. Digər tərəfdən, məhkəməyə təqdim olunan 2021-ci il 6 aprel tarixində İddiaçı tərəfindən yazılaraq imzalanmış əlyazma sənəddən görünür ki, İddiaçı MMC-dən 7.000 manat pul aldığını, 6.000 manat ilə ona olan "xxxx" qeyd edib. Bu sənədin məzmununa istinadən məhz MMC tərəfindən məhkəməyə yazılı sübut qismində təqdim edildiyini, sənəddə qeyd olunan iradə ifadəsinin MMC tərəfindən qəbul edilərək ödəniş edildiyini, həmçinin 1 saylı Əlavənin 2019-cu il 23 oktyabr tarixli müqavilənin tərkib hissəsi olduğunu və müqavilənin müddətinin qeyd olunan sənəd tərtib olunarkən 5 ay əvvəl başa çatdığını nəzərə alan məhkəmə MMC-nin qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi yuxarıda qeyd olunan halın ağlabatan olmamaqla əsassız olduğunu qeyd etmişdir.

11. Eyni zamanda məhkəmə nəzərə almışdır ki, MMC İddiaçı artı q ödəniş etdiyini qeyd etsə də, müqavilənin müddəti başa çatdıqdan 2 il sonra həmin serialın çəkilişlərində iştirak etməsi üçün İddiaçı daha 700 manat olmaqla gündəlik ödənişlər etmişdir.

12. İddiaçı isə 2021-ci il 6 aprel tarixli yazılı sənədin məzmununu Qanuni nümayəndə Rafik oğlu xahiş etdiyi üçün qeyd olunan məzmunda yazdığını, əslində isə ona olan 2 ayın (2020-ci ilin fevral-mart) borcunun ödənildiyini, qalan aylar üçün borcu tələb etdiyini bildirmiş, lakin məhkəmə qeyd olunan arqumenti də əsassız hesab etmişdir.

13. Bundan başqa, məhkəməyə təqdim olunan İddiaçı ilə MMC-nin direktoru Qanuni nümayəndə arasında “whatsapp” proqramı vasitəsi ilə aparılan yazışmalarından görünür ki, İddiaçı 2020-ci ilin fevral-mart aylarında Qanuni nümayəndə “maaş”ını tələb etmiş, sonuncu dəfə həmin ilin iyun ayında olmaqla həmin vəsaiti daha bir neçə dəfə tələb etmişdir. İddiaçı izahatında da bildirmişdir ki, bir nəticə vermədiyindən tələbini iyun ayından sonra davam etdirməmişdir. Tərəflər arasında yazışma sonradan 2022-ci ildə davam etmiş, yazışmalar aktyorun həmin ildə "xxxx" serialının növbəti seriyalarının çəkilişində iştirakı və gündəlik ödənilən məbləğlərlə bağlı olmuşdur. İddiaçı 2019-cu il 23 oktyabr tarixli müqavilənin müddəti bitdikdən 5 ay sonra – 2021-ci il 6 aprel tarixində yazılı şəkildə iradəsini ifadə edərək MMCdən 7.000 manat pul aldığını, həmin məbləğin 6.000 manat ilə ona olan tam borcunu ödədiyini, 1.000 manatın sonradan çəkiləcək son 1 ayın pulu olduğunu, şirkətə və rəhbərinə heç bir iddiasının olmadığını qeyd etmişdir. Həmçinin serialın 2022-ci ildə aparılan çəkili şlərində aktyorun gündəlik iştirakı və gündəlik 700 manat alması barədə tərəflər razılaşmışlar.

14. Məhkəmə qeyd etmişdir ki, iradə müxtəlif formalarda – hər hansı daşıyıcıya yazılı və digər formada əks etdirilməklə, hərəkət və rəftarla və s. ifadə oluna bilər. İddiaçı 2021-ci il 6 aprel tarixli yazılı sənədin məzmununda qeyd etdiyi iradə ifadəsi, həmin iradə ifadəsinin MMC tərəfindən qəbul edilərək ödəniş edilməsi, tərəflərin iradələrini ifadə edən sonrakı davranışları – İddiaçı 2022-ci ildə çəkilişlərdə iştirak etməsi, tərəflərin gündəlik 700 manat haqqın ödənilməsini razılaşdırması və ödənilməsi 2019-cu il 23 oktyabr tarixli müqavilə üzrə tərəflərin icra etməli olduqları öhdəliklərinin olmadığını təsdiq edir. Lakin, hər iki tərəf digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftar a zidd hüququnu həyata keçirməyə çalışır və öz hərəkətləri, iradə ifadələri və davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduqları halları şübhə altına alır.

15. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsinin hüquqdan sui-istifadə olduğu və hüquqdan sui-istifadəyə yol verilməməsi ilə bağlı Mülki Məcəllənin normalarını, tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edən estoppel prinsipinin tələblərini və öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli olması ilə bağlı qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə belə nəticəyə gəlmişdir ki, ilkin və qarşılıqlı iddi a tələbləri əsassızdır və təmin oluna bilməz.

16. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 16.1, 404.1, 404.2, 425, 560-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 9.1, 14.1, 14.2, 77.1, 119.1, 184.2, 218.3-cü maddələrinə; M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 18 iyul tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 aprel tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

17. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin qismən - “ilk iddianın təmin edilməməsi” hissəsində ləğv ol unması, ilk iddianın təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qətnamənin əsaslığını yalnız ilk iddianın rədd edilməsi hissəsində yoxlamışdır.

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 oktyabr tarixli 2-2(103)-824/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli hüququ düzgün tətbiq etmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normalar (bax § 16), həmçinin MM-in 11.1, 752.1, MPM-in 13.4, 77.1 maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin qismən - “ilk iddianın təmin edilməməsi” hissəsində ləğv olunması, ilk iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MM-in 404.1-ci maddəsi üzrə - Tərəflər arasında müqavilə 1 il müddətinə bağlanmışdır və hər ay ü çün iddiaçıya 3.000 manat ödəniş olunmalı idi. Müqavilədə çəkiliş dövrü üçün 3.000 manatın ödənilməsi ifadəsi müqavilənin digər bəndləri ilə əlaqəli şəkildə şərh edilməlidir. Belə ki, müqavilə 1 il müddətinə bağlanmış, aktyorun digər işlərdə iştirakı istisna edilmişdir. Ona görə də qeyd olunan məbləğ hər ay üçün ödənilməli məbləğ kimi nəzərdə tutulmuşdur. Həmçinin İddiaçı müqavilə müddətində heç vaxt çəkilişdən yayınmamışdır. Serialın çəkilişi davam etməyibsə, təqsir MMC-də olmuşdur. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etdiyi üçün aylıq ödənişlər də tam olunmalı idi.

24. MM-in 441-ci maddəsi üzrə - Tərəflər arasında bağlanmış müqavilə qarşılıqlı icranı ehtiva edən müqavilə olmuşdur. Belə ki, İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün ilk növbədə MMC çəkilişləri da vam etdirməli, İddiaçı çəkilişlərə dəvət etməli və yalnız bundan sonra ondan öz öhdəliklərini icra etməsini tələb etməli idi. MMC şərtləşdirilmiş öhdəliyi, yəni İddiaçı öz öhdəliklərini yerinə yetirməyə imkan verən şəraiti yaratmaq öhdəliyini (çəkilişə başlamaq, aktyoru ssenari ilə təmin etmək və s.) yerinə yetirmədiyi, sonrakı çəkilişlərin konkret vaxtı və yeri barədə ona heç bir məlumat vermədiyi halda, İddiaçı üzərinə düşən öhdəliyi icra etmədiyi barədə dəlillərin tamamilə əsassız olduğu aşkardır və bu səbəbdən məhkəmə kollegiyası ilkin iddianı təmin etmək əvəzinə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkrarlamaqla, işin hallarına uyğun olmayan səhv nəticəyə gələrək, ilkin iddiaya münasibətdə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir.

25. MM-in 446.1 və 446.8-ci maddələri üzrə - Tərəflər arasında bağlanmış 2019-cu il 23 oktyabr tarixli müqavilə şərtlərindən göründüyü kimi, İddiaçı filmdə iştirakını təmin etmək məhz MMC-nin öhdəliyi olmuşdur, sonrakı çəkilişlərə aktyorun dəvət edilməsi və aktyorun həmin çəkilişlərdə iştirak etməməsi isə iş materialları ilə sübut olunmur. Həmin müqavilə üzrə MMC İddiaçı 1 il müddətində tam məşğul etmiş, bununla da İddiaçı ona təklif olunan digər layihələr üzrə çəkilişlərdən imtina etmişdir. Bundan başqa, İddiaçı 2021-ci il 6 aprel tarixində yazılı iradəsini ifadə etdiyi sənəddə "xxxx"ni qeyd etməsi elə MMC tərəfindən ona 2020-ci ilin yanvar və fevral ayı üzrə ödənilməli olan cəmi 6.000 manat pulun ödənilməsi kimi qəbul edilməlidir.

26. MPM-in 88, 217-ci maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi istin ad edilən normanın tələbini pozmaqla, tərəflər arasında olan müqaviləni hərtərəfli və tam araşdırmamış və İddiaçı filmdə iştirakını təmin etmək öhdəliyinin məhz MMC-yə aid olduğunu nəzərə almamış, sonrakı çəkilişlərə aktyorun dəvət edilməsi və aktyorun həmin çəkilişlərdə iştirak etməməsinin isə iş materialları ilə sübut olunmadığına qiymət verməmişdir. Həmçinin məhkəmə 2021-ci il 6 aprel tarixli əlyazma sənədə istinad edərkən, AR Konstitusiya Məhkəməsi Plenumunun da bir sıra qərarlarında olan hüquqi mövqeyə müvafiq olaraq, həmin dövrdə tərəflər arasında olan münasibətləri, o cümlədən onların vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmamış, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən et məmiş və hazırda şikayət verilən qətnaməni qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

28. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki h allarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə

11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası)....” “Maddə

16. Mülki hü quqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanl ılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin çəkinməlidirlər.” icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən “Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqala rına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” 31. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 18 iyul tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 aprel tarixli Qərarında qeyd edilmişdir: “...Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tə rəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır...”

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi hüquqi aktlar... 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir....” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri.... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman müba hisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 oktyabr tarixli 2-2(103)-824/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

34. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Kassasiya şikayətinin dəlili ilə bağlı qeyd olunmalıdır ki, tərəflər arasında bağlanan 2019-cu il 23 oktyabr tarixli "xxxx" adlı bədii serialda iştirak haqqında Xidmət müqaviləsinin 4.1-ci bəndinə əsasən aktyora adıçəkilən serialda çəkiliş dövrü üçün aylıq olaraq 3.000 manat ödəniləcəkdir. Hazırki iş üzrə iddiaçının tələb etdiyi məbləğ, müqavilə müddətində cavabdeh tərəfindən ona hər ay üçün 3.000 manat məbləğində vəsaitin ödənilməsidir ki, bununla bağlı cavabdeh tərəfindən bir sıra ödənişlər olmuş (i/v 52-53), qeyd olunan serialın çəkilişləri 2020-ci il 25 fevral tarixindən 31 mart tarixlərində həyata keçirilmiş və “COVİD-19” pandemiyası ilə bağlı çəkilişlər 2020-ci il 1 aprel tarixindən etibarən dayandırılmış və müqavilənin 4.1-ci bəndinin tələblərinə görə cavabdeh tərəfindən iddiaçıya yalnız serialda çəkiliş dövrü üçün vəsaitin ödəniləcəyi razılaşdırılmışdır.

35. Kassasiya şikayətinin digər dəlili ilə bağlı qeyd edilməlidir ki, 2021-ci il 6 aprel tarixində tərtib olunmuş İddiaçı tərəfindən yazılaraq imzalanmış əlyazma sənədinin məzmununda belə qeyd olunmuşdur: “Mən, Şahverdiyev X1 Şirkətindən 7.000 manat pul aldım. Bu məbləğin 6.000 manatı ilə mənə olan tam borc ödənildi. 1.000 manat sonradan çəkiləcək son 1 ayın puludur. Cinemazadeh Şirkətinə və onun rəhbəri Qanuni nümayəndə Rafik oğluna heç bir iddiam yoxdur.” İş materiallarında olan protokoldan görünür ki, iddiaçı əlyazmanı 2019-cu il 23 oktyabr tarixli müqavilə üzrə sonuncuya ödənilən pula görə yazdığını qəbul etmiş, lakin bunu cavabdehin rəhbəri Qanuni nümayəndə Rafik oğlu xahiş etdiyi üçün o məzmunda yazdığını, əslində isə 2 ayın (2020-ci ilin fevral, mart) borcunun ödənildiyini bildirmişdir.

36. Bununla əlaqədar isə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, iddiaçının istinad etdiyi həmin hal formal mühalizə olmaqdan əlavə MPM-in 77.1-ci maddəsinə əsasən hər hansı sübutla da öz təsdiqini tapmır,

37. Apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin müddətinin 1 il olması və iddiaçıya serialda çəkiliş dövrü üçün aylıq olaraq 3.000 manat ödənilməsi (4.1-ci bənd) razılaşdırılsa da, “COVİD-19” pandemiyası ilə bağlı ümumi vəziyyət dəyişmiş və tərəflər də müqavilə münasibətlərini həmin vəziyyətə uyğunlaşdıraraq, çəkilişlərin müddətini, ödəniş qaydasını və məbləğlərini yuxarıda qeyd olunan qaydada dəyişərək, razılaşmışlar.

38. Hazırkı işdə tərəflərin sonrakı hərəkətlərini, serialın çəkilişinin “COVİD19” pandemiyası ilə bağlı müqavilə üzrə nəzərdə tutulan 1 il müddətində deyil, təxminən 2 il 4-5 ay müddətində, lakin cəmi 40 gün ərzində çəkilib başa çatdırıldığını, ödənişlərin isə müqavilədə göstərildiyi kimi aylıq 3.000 manat deyil, məhz yuxarıda qeyd olunan qaydada və məbləğlərdə həyata keçirildiyini və bütün bu dəyişikliklərin yuxarıda qeyd olunan əlyazmaya istinadən hər iki tərəfin iradə ifadəsini əks etdirdiyini, o cümlədən iddiaçının həmin əlyazma ilə cavabdehin ona yalnız sonuncu çəkiliş üçün 1.000 manat ödəməli olduğunun razılaşdırıldığını və bundan sonra da cavabdeh tərəfindən ona 3 dəfə ayrı-ayrılıqda 700 manat məbləğində ödənişlərin edildiyini və həmin ödənişlərin ödənilməli olan 1.000 manatı artıqlaması ilə əhatə etdiyini nəzərə alaraq apelyasiya məhkəməsi cavabdehin iddiaçıya hər hansı məbləğdə borcunun mövcud olmadığı qənaətin ə gəlmişdir.

39. İş materiallarına əsasən isə “COVİD-19” pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qadağalar ləğv olunduqdan sonra 2022-ci ilin əvvəlindən başlıyaraq serialın çəkilişi bərpa edilmiş və iddiaçı serialın qalan seriyalarının çəklişlərində iştirak etmiş, həmin çəkilişlərlə bağlı cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 22.740,90 manat (13.640,90+7.000+2.100) məbləğində pul vəsaiti ödənilmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

41. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 oktyabr tarixli 2-2(103)-824/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 oktyabr tarixli 2-2(103)-824/2023 nömrəli qətnaməsi dəyi şdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar