Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1000/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabeh İddiaçı MTK-nın direktoru X1 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh "VMS İnşaat” MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)-808/2009 nömrəli qətnaməsi ilə (hakim Qurban Abbasov) İddiaçı MTK-nın (xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış) cavabdehlər İddiaçı MTK-ya (xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış) və Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsinə (hazırda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi) qarşı iddiası qismən təmin edilərək xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən İddiaçı MTK-nın qeydiyyatı və şəhadətnaməsi etibarsız hesab edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməmişdir. İlk iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi vəkil Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)-808/2009 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2(81)-808/2009 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizənin qəbul edilməsindən imtina edilmiş, ərizə və apellyasiya şikayəi geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətə şifahi icraat qaydasında baxılması qərara alınmış, ilk iddia üzrə iddiaçı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə izahatı dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2(81)-808/2009 saylı xx.xx.2022ci il tarixli qərardadı ləğv edilməli, iş ilk üzrə cavabdehin prosessual müddətin bərpası barədə ərizəsinin icraata qəbul edilərək hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin qəbulundan imtina edilməsinə dair iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin ərizəsinə baxılmış və xx.xx.2021-ci il tarixli qərardadla ərizə təmin edilməmişdir. Həmin qərardaddan verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasında baxılarkən cavabdehin nümayəndəsi qətnamənin cavabdehin qanuni təmsilçisi V.Zərgərova təqdim edilməsi barədə iş materiallarının 1-ci cildinin 254-cü vərəqinə əlavə edilmiş qəbzdəki imzanın V.Zərgərova məxsus olmadığını, qətnamənin onlara rəsmi təqdim edilmədiyini bildirmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-1000/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin əsaslı olub-olmadığının müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş və ekspert rəyi məhkəməyə təqdim edilənədək hazırki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1505 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, işin 1-ci cildinin 254-cü vərəqində olan xx.xx.2009-cu il tarixli (sənədin surətinin alınması barədə) “Qəbz”də olan əlyazmalar X2 tərəfindən icra olunmuş, “Qəbz”in aşağı hissəsindəki “İmza:” qrafasında olan imzanın X2 tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspert rəyi daxil olduqdan sonra təyin edilmiş xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdeh İddiaçı MTK-nın direktoru X2 və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək bildirmişlər ki, işə baxılarkən məhkəmə iclasları zamanı direktora müəyyən məhkəmə sənədləri təqdim olunmuş, o da həmin sənədləri doldurmuşdur. Lakin iş üzrə qətnamə rəsmi təqdim edilməmiş və qətnaməni alması barədə qəbz imzalamamışdır. Hazırkı halda ilk iddia üzrə cavabdehin adından məhkəməyə ilk olaraq xx.xx.2021-ci il tarixdə təqdim edilmiş ərizədə və sonrakı ərizələrdə qətnamənin surətinin V.Zərgərova təqdim edildiyi barədə qəbzin saxtalaşdırıldığı, imzanın direkora aid olmadığı, V.Zərgərovun uzun müddət Azərbaycan Respublikasında olmadığını, qətnaməni xx.xx.2021-ci il tarixdə rəsmi əldə etdiyi qeyd edilmişdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq- hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X4 Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir». Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə, o cümlədən yuxarı instansiya məhkəmələrinə müraciət hüququna da aiddir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən ədalətli məhkəmə araşdırılmasının təmin edilməsi hüququ eyni zamanda məhkəmə aktlarını mübahisələndirmək hüququnu ehtiva etdiyindən məhkəmə aktlarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətlərin bərpası barədə ərizələrə məhkəmələr tərəfindən hüquqi qiymət verilərkən mübahisələndirilən məhkəmə aktının şikayət verən tərəfə rəsmi təqdim edilib-edilmədiyi araşdırılmalı, əgər bu barədə iş materiallarına əlavə edilmiş sənədlər mübahisələndirilərsə mütləq həmin sənədlərdəki məlumatların həqiqiliyinin yoxlanılması təmin edilməlidir. Məhkəmə kollegiyası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)-808/2009 nömrəli qətnaməsinin hal-hazıradək icra edilmədiyini (internet vergi idarəsindən əldə edilmiş məlumata əsasən ilk iddia üzrə cavabdehin qeydiyyatı halhazıradək ləğv edilməmişdir), ilk iddia üzrə cavabdehin müxtəlif vaxtlarda təqdim edilmiş ərizələrlə qətnamədən apellyasiya şikayəti verməyə təşəbbüs göstərdiyini, lakin ilk dəfə nümayəndəyə verilmiş etibarnamə hüquqi şəxsin möhürü ilə təsdiq edilmədiyindən apellyasiya şikayətinin və buraxılmış müddətin bərpası barədə ərizənin geri qaytarıldığını, cavabdehin yenidən nöqsanı aradan qaldıraraq apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verdiyini, həmin ərizənin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilmədiyini və əsas kimi, işin 1-ci cildinin 254-cü vərəqində olan xx.xx.2009-cu il tarixli qəbzə istinad edildiyi, sözügedən qəbzin üzərindəki imzanın cavabdehin qanuni təmsilçisinə aid olması barədə apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspert qarşısında qoyulmuş sualın müsbət cavablandırılmadığını nəzərə alaraq hesab edir ki, qətnamənin cavabdehə rəsmi təqdim edilib-edilmədiyi əsaslı şübhədən kənar sübutla təsdiq edilmədiyindən bu hal cavabdehin xeyrinə həll edilməli, birinci instansiya məhkəməsi qeyd edilən xüsusatları nəzərə alaraq cavabdehin ərizəsini icraata qəbul edərək ərizəyə hüquqi qiymət verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2(81)-808/2009 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, iş ilk iddia üzrə cavabdehin prosessual müddətin bərpası barədə ərizəsinin icraata qəbul edilərək hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İlk iddia üzrə cavabdeh İddiaçı MTK-nın şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(81)-808/2009 saylı qərardadı ləğv edilsin. İş ilk iddia üzrə cavabdehin prosessual müddətin bərpası barədə ərizəsinin icraata qəbul edilərək hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1000/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1000/2022
30.11.2022 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver