Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-23/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı kommersiya işi Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X1, X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun tutulması tələbinə dair ilk, Cavabdeh "xxxx"ASC-yə qarşı borcun silinməsi tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2- 2(113)- 267/2021 nömrəli qətnaməsindən "xxxx" ASC və Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. "xxxx" ASC ilə istehlakçı Cavabdeh MTK arasında enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, 087904 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını elektrik enejisi ilə təmin etməyi, istehlakçı isə aldığı elektrik enerjisinin dəyərini sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin müqavilənin 11-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə abonentə buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrünün (ayının) birinədək abonentə təqdim edir, sonrakı bir ay müddətində hesablaşma dövründəki elektrik enerjisinin haqqı abonent tərəfindən ödənilir.
3. Həmin müqavilənin 12-ci bəndinə əsasən tərəflər arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün nəzərdə tutulmuş hesablaşma elektrik sayğaclarının alınması, quraşdırılması, istismara qəbul edilməsi, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilməsi və istismarı “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6-cı bəndinə uyğun həyata keçirilir. Hesablaşma elektrik sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin – istehlakçının üzərinə düşür.
4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2012-ci il tarixli, 2 iqt (81 )- 2120/2012 saylı qətnaməsi ilə Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 59 və Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən binalardan kənarda əlavə olaraq quraşdırılmış və bazaya daxil edilmiş TM 170-də 73053811 və 73054568 saylı hesabat və balans sayğacları əsasında hesablanmış borcların ləğv edilməsi və həmin borcların şəxsi hesabdan silinməsinin “Bakı elektrik şəbəkə” ASC-yə həvalə edilməsi qət edilmişdir.
5. xx.xx.2021-ci il tarixli, 01-121/21 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh MTK-nın elektrik enerjisindən istifadə etdiyi dövr üzrə hal-hazırda qalıq borcu 69444,32 manat təşkil edir. Həmin maliyyə arayışının qeyd hissəsində göstərilmişdir ki, 2012-ci il tarixdə məhkəmənin qəbul etdiyi qərar əsasında 11/1043 abonent kodundan 22524 manat borc silinmişdir.
6. xx.xx.2021-ci il tarixli, 01-213/21 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh MTK-nın elektrik enerjisindən istifadə etdiyi dövr üzrə hal-hazırda qalıq borcu 69444,32 manat təşkil edir. Həmin borcun 36763,80 manat hissəsi xx.xx.2017-ci il tarixə olan qalıq borcdur.
7. "xxxx" ASC Suraxanı RETSİ-nin arayışından görünür ki, xx.xx.2021-ci il tarixə yekun borc məbləği 68802,04 manat təşkil edir.
8. "xxxx" ASC xx.xx.2020-ci il tarixli, SD-095 nömrəli, pretenziya məktubu ilə Cavabdeh MTK-ya müraciət edərək elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik enerjisi üzrə yaranmış 69444,32 manat, sayğac quraşdırmağa görə 2012- ci il tarixdə 63,68 manat, 2014-cü ildə isə 138 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu11/1043 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 63818 (altmış üç min səkkiz yüz on səkkiz) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdehnə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 63818 manat borcu bu günə qədər ödəməyərək, "xxxx" ASC-yə zərər vurmuşdur. İddiaçı "xxxx" ASC-nin əməkdaşının hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə, ona borcu haqqında bildiriş-xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Aşağıdakı hüquqi əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.
11. Cavabdeh MTK iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh MTK "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 63818 manat məbləğində borcların ləğv edilməsi və həmin borcların şəxsi hesabdan silinməsinin "xxxx" ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh hüquqi şəxs kimi qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçdikdən sonra Bakı şəhəri, ünvan 2 ünvanında yüksək mərtəbəli bina inşa etmiş, binada yerləşən yaşayış və qeyri-yaşayış sahələri vətəndaşlar tərəfindən alınmış və mülkiyyətlərinə verilmişdir. Binada 10 ildən artıq müddətdir ki, yaşayış var, bina uzun illərdir ki, istifadəyə verilmişdir. Bina istifadəyə verildiyi vaxtdan mənzil və qeyri-yaşayış sahələrinin hər birinə ayrıca elektrik sayğacı quraşdırılmış, keçmiş “Bakıelektrikşəbəkə” ASC tərəfindən hər bir abonentlə abunə müqavilələri bağlanılmışdır. Binanın girişlərindəki liftlərə, binanın işıqlanmasına sərf olunan elektrik enerjisinə nəzarət üçün elektrik enerjisini ölçən sayğaclar binanın zirzəmisində “Bakıelektrikşəbəkə” ASC tərəfindən quraşdırılmışdır. Binaların ümumi şəhər xəttindən su təchizatı üçün sərf olunan elektrik enerjisi sərfıyyatına nasosxanada quraşdırılan sayğacla nəzarət edilir. Hələ 2012-ci ildə keçmiş “Bakıelektrikşəbəkə” ASC ilə mübahisə olmuş və Cavabdeh MTK məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, elektrik enerjisindən istifadə haqqını vaxtında ödəməyimizə, binaların hərtərəfli olaraq elektrik sayğacları ilə təchiz olunmasına baxmayaraq, “Bakıelektrikşəbəkə” ASC əlavə olaraq binalardan kənarda balans və hesabat sayğacları quraşdırmışdır. Həmin balans sayğaclarına görə əlavə sərfıyyat hesablanırdı. Halbuki sayğacdan kənar xətlərin olub-olmaması üçün kooperativ cavabdehlik daşımır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2 iqt (81 )-2120/2012 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 59 və Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən binalardan kənarda əlavə olaraq quraşdırılmış və bazaya daxil edilmiş hesabat və balans sayğacları əsasında iddiaçıya hesablanmış borcların ləğv edilməsi və həmin borcların iddiaçının şəxsi hesabından silinməsinin “Bakıelektrikşəbəkə” ASC-yə həvalə edilməsi qət edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsini icra etmək əvəzinə, qətnamə ilə silinməsi qət edilmiş borca əlavə borclar hesablayaraq onların ödənilməsi barədə Bakı Kommersiya Məhkəməsində hazırkı iddianı qaldırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən yuxarıda qeyd edilən işə baxılarkən müəyyən edilmişdir ki, “Bakıelektrikşəbəkə” ASC tərəfindən Cavabdeh MTK-ya inşa etdiyi hər iki binaya dair xx.xx.2008-ci il tarixdə texniki şərt verilmiş və həmin texniki şərtdə tərəflər arasında xx.xx.2010-cu il tarixədək müqavilə bağlanması nəzərdə tutulmuşdur. xx.xx.2005-ci il tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən binaya texniki şərt verilmişdir. Cavabdeh MTK ilə "xxxx" MMC arasında bağlanmış 006702 saylı elektrik enerjisinin təchizatı üzrə birtipli alqı-satqı müqaviləsinin 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma sayğacının göstərişinə əsasən aparılır. Bu halda balans mənsubiyyəti sərhədindən hesablaşma elektrik sayğacı quıaşdırılmış yerə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir. Bununla yanaşı Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 59 və Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən binaların elektrik enerjisi ilə təmin edilməsi üçün “Bakıelektrikşəbəkə” ASC-dən texniki şərtlər alınmış, lakin texniki şərtlərdə nəzərdə tutulmuş müddətdə “Bakıelektrikşəbəkə” ASC ilə kooperativ arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə və elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi haqqında akt tərtib edilməmişdir. Buna baxmayaraq "xxxx" ASC tərəfindən müvafiq balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktları olmadan, balans mənsubiyyəti sərhədindən elektrik sayğacı quraşdırıldığı yerədək elektrik enerjisi itkiləri çıxılmadan faktiki istehlak edilmiş elektrik enerjisinin dəyərindən artıq əlavə borc hesablanmışdır. Qeyd edilən faktlar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən yuxarıda qeyd edilən işə baxılarkən müəyyən edilsə də, "xxxx" ASC eyni əsaslarla borc tələb edir.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-267/2021 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) ilk iddia tələbi qismən təmin edilərək Cavabdehndən elektrik enerjisindən istifadəyə görə yaranmış 32038,24 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 14 manat olmaqla, cəmi 32052,24 manat məbləğində pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, qarşılıqlı iddia tələbi qismən təmin edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh MTK-ya hesablanmış 36763,80 manat məbləğində borc onun hesabından silinməsi qət edilmişdir.
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC Cavabdeh MTK-nı elektrik enerjisi ilə təmin etsə də, Cavabdeh MTK istifadə etdiyi elektrik enerjisinin dəyərini sayğacın göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixə 68802,04 manat məbləğində borcu yaranmışdır. Həmin borcun 36763,80 manat hissəsi xx.xx.2017ci il tarixə olan qalıq borcdur. Cavabdeh MTK iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
16. Məhkəmə ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçıya 69444,32 manat, sayğac quraşdırmağa görə 2012-ci il tarixdə 63,68 manat, 2014-cü ildə isə 138 manat borcunun olmasının müəyyən edildiyini nəzərə alaraq hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı "xxxx" ASC ilkin iddia üzrə Cavabdeh MTK-dan borcun tutulmasını tələb etməyə dair subyektiv hüquqa malikdir.
17. Cavabdeh MTK tərəfindən iddia müddətin tətbiqinə münasibətdə məhkəmə tərəflər arasında enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, 087904 saylı müqavilə üzrə istehlakçı Cavabdeh MTK-nın elektrik enejisi ilə təmin edilməsini, istehlakçının sonrakı bir ay müddətində hesablaşma dövründəki elektrik enerjisinin haqqını ödəməli olduğunu, lakin Cavabdeh MTK tərəfindən ödənişin aparılmadığını nəzərə alaraq hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini xx.xx.2017-ci il tarixdən əvvəlki dövrlərə olan borc məbləğinə münasibətdə buraxmışdır. İlk iddia üzrə iddiaçı xx.xx.2021-ci il tarixli, 01-213/21 nömrəli maliyyə arayışına istinad edərək 69444,32 manat borcun tutulmasını tələb etsə də, "xxxx" ASC Suraxanı RETSİ-nin arayışından görünür ki, xx.xx.2021-ci il tarixə yekun borc məbləği 68802,04 manat təşkil edir.
18. Məhkəmə həmçinin ilk iddia üzrə iddiaçının sayğac quraşdırmağa görə 2012-ci il tarixdə 63,68 manat, 2014-cü ildə isə 138 manat borcun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbinin həmin hissəsinə münasibətdə də iddia müddəti ötürüldüyündən ilk iddia tələbi sayğac quraşdırmağa görə borcun tutulması hissəsində rədd edilməlidir.
19. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının 63818 manat məbləğdə borcların ləğv edilməsi və həmin borcların şəxsi hesabdan silinməsinin "xxxx" ASC-yə həvalə edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə qeyd etmişdir ki, silinməsi tələb edilən məbləğ Cavabdeh MTK tərəfindən istifadə edilən və sayğac göstəricisinə görə hesablanmış elektrik enerjisinin dəyəridir. Borc məbləği sayğac göstəricisinə, yəni aylıq elektrik enerjisi sərfiyyatına uyğun hesablanmışdır. Belə olan halda qarşılıqlı iddia üzrə iddiaçıya enerjisi sərfiyyatına uyğun hesablanmış borcun silinməsi üçün əsaslar mövcud deyildir. Lakin, ilkin iddia tələbi 36763,80 manat hissədə (xx.xx.2017-ci il tarixə olan qalıq borc) iddia müddəti tətbiq edilərək təmin edilmədiyindən qarşılıqlı iddia tələbi qismən təmin edilməli, 36763,80 manat məbləğində borc Cavabdeh MTK-nın hesabından silinməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
20. İlk iddia üzrə iddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-267/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin ediməsini və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İlk iddia üzrə Cavabdeh MTK qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-267/2021 nömrəli qətnaməsinin ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini, ilk iddianın tam rədd edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İlk iddia üzrə iddiaçı "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilən 01-2013/21 nömrəli, 08 fevral 2021-ci il tarixli maliyyə arayışında borc illər üzrə aydın şəkildə göstərilmişdir. Arayışdan göründüyü kimi ilk iddia üzrə cavabdeh olan Cavabdeh MTK 2010-cu il tarixdən hazırki dövrə qədər borcunu lazımi qaydada ödəməmişdir. Cavabdeh Cəmiyyətlə arasında bağlanmış müqavilənin şərtlərinə laqeyd yanaşaraq elektrik enerjisindən istifadə etməsi nəticəsində yaranan borcla birlikdə sayğacın quraşdırılmasına görə yaranan borcunu da ödəməmişdir. Hər növbəti ilə qalıq borcun yaranma səbəbi cavabdehin sərf etdiyi enerji üzrə borcunu vaxtında və tam ödəməməsidir. Borcunun olmasına baxmayaraq cavabdeh məhkəmədə iddia müddətinin tətbiqini bildirmişdir. Məhkəmə isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinin tələblərini tətbiq etmək əvəzinə həmin məcəllənin 373.3-cü maddəsini tətbiq edərək iddia müddətini üç il müəyyən etmişdir. Mülki Məcəllənin 551.2.1ci maddəsinin tələblərinə görə digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə qeyd edilən maddəni tətbiq etməklə iddia müddətini beş il müəyyən etməli idi. Həmçinin onu da qeyd etməliyik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinin tələblərinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maliyyə arayışından və məhkəməyə təqdim edilmiş digər sübutlardan (abunə haqqında məlumat (invoys), hesab-faktura) görünür ki, cavabdeh vaxtaşırı ödənişlər etmişdir. Etmiş olduğu vaxtaşırı ödənişlərlə Cəmiyyətə olan borcunu etiraf etmişdir. Bu zaman isə qanunun tələblərinə əsasən iddia müddətinin axımı kəsilir. O cümlədən həmin Məcəllənin 380.2-ci maddəsinin tələblərinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
23. İlk iddia üzrə Cavabdeh MTK apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh hüquqi şəxs kimi qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçdikdən sonra Bakı şəhəri, ünvan 4 ünvanında yüksək mərtəbəli bina inşa etmiş, binada yerləşən yaşayış və qeyri-yaşayış sahələri vətəndaşlar tərəfindən alınmış və mülkiyyətlərinə verilmiş, binada 10 ildən artıq müddətdir ki, yaşayış var, bina uzun illərdir ki, istifadəyə verilmişdir. Bina istifadəyə verildiyi vaxtdan mənzil və qeyri-yaşayış sahələrinin hər birinə ayrıca elektrik sayğacı quraşdırılmış, keçmiş “Bakıelektrikşəbəkə» ASC tərəfindən hər bir abonentlə abunə müqavilələri bağlanılmışdır. Binanın girişlərindəki liftlərə, binanın işıqlanmasına sərf olunan elektrik enerjisinə nəzarət üçün elektri enerjisini ölçən sayğaclar binanın zirzəmisində “Bakıelektrikşəbəkə» ASC tərəfindən quraşdırılmışdır. Binaların ümumi şəhər xəttindən su təchizatı üçün sərf olunan elektrik enerjisi sərfiyyatına nasosxanada quraşdırılan sayğacla nəzarət edilir. Hələ 2012-ci ildə keçmiş “Bakıelektrikşəbəkə» ASC ilə aralarında mübahisə olmuşdur. Belə ki, elektrik enerjisindən istifadə haqqını vaxtında ödəməsi, binaların hərtərəfli olaraq elektrik sayğacları ilə təchiz olunmasına baxmayaraq “Bakıelektrikşəbəkə” ASC əlavə olaraq binalarda kənarda balans və hesabat sayğacları quraşdırmışdır. Həmin balans sayğaclarına görə bizə əlavə sərfiyyat hesablanırdı. Halbuki sayğacdan kənar xətlərin olub-olmaması üçün kooperativ cavabdeh daşımır. Cavabdeh MTK ilə "xxxx" MMC arasında bağlanmış 006702 saylı“Elektrik enerjisinin təchizatı üzrə birtipli alqı-satqı müqaviləsinin 10-cu bəndində əsasən, elektrik enerjisinə görə hesablaşmalar tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhəddində quraşdırılmış hesablaşma sayğacının göstərişinə əsasən aparılır. Bu halda balans mənsubiyyəti sərhəddindən hesablaşma elektrik sayğacı quraşdırılmış yerə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir. Bununla yanaşı Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 59 və Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən binaların elektrik enerjisi ilə təmin edilməsi üçün “Bakıelektrikşəbəkə” ASC-dən texniki şərtlər alınmış, lakin texniki şərtlərdə nəzərdə tutulmuş müddətdə “Bakıelektrikşəbəkə” ASC ilə kooperativ arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə və elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhəddi haqqında akt tərtib edilməmişdir. Buna baxmayaraq "xxxx" ASC tərəfindən müvafiq balans mənsubiyyəti sərhəddi və tərəflərin istismar məsuliyyəti aktları olmadan, balans mənsubiyyəti sərhəddindən elektrik sayğacı quraşdırıldığı yerədək elektrik enerjisi itkiləri çıxılmadan faktiki istehlak edilmiş elektrik enerjisinin dəyərindən artıq əlavə borc hesablanmışdır. Qeyd edilən faktlar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən yuxarıda qeyd edilən işə baxılarkən müəyyən edilsə də, "xxxx" ASC eyni əsaslarla bizdən borc tələb edir. Eyni zamanda yəni tələb edilən borcun Cavabdehnə aid olmaması ilə yanaşı ilkin iddia üzrə iddia müddəti də "xxxx" ASC tərəfindən ötürülmüşdür. Yəni, tələb edilən borc əsaslı olsa belə, iddia ərizəsi qanunla müəyyən edilmiş müddətlər daxilində məhkəməyə verilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X4, X5 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
25. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
26. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 372.1-ci maddə- başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddə- hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddə- müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddə-vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2-ci maddə- məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddə- icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
“Elektrik enerjisindən istifadə qaydaları” 1.3-cü bənd-enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. 5.1-ci bənd-dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur 7.6-cı bənd- enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.13-cü bənd-hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqısatqı müqaviləsində göstərilir.
8.2-ci bənd-elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).
Azərbaycan Respublikası Mənzil Məcəlləsi 135.1-ci maddə- fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 82.3-ci maddə-bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddə-qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
27. Qətnamə ilk iddia üzrə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
28. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməməli, ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-267/2021 nömrəli qətnaməsi qismən ləğv edilməli, ilk iddia tam rədd edilməli, qarşılıqlı iddia tam təmin edilməlidir.
29. İşin hallarından görünür ki, Cavabdeh MTK ilə bağlanmış müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti MTK-nın mənzil istismar təşkilatı kimi idarə etdiyi Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 59 və Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən binaları elektrik enerjisi ilə təmin edir. Həmin binaların zirzəmilərində binalardakı liftlər və girişin işıqlandırılmasına sərf olunan elektrik enerjisinin, nasosxanada isə binaların su təchizatının təmin edilməsi uçün sərf edilən elektrik enerjisinin hesablanması üçün sayğaclar quraşdırılsa da tərəflər arasında hesablaşma transformator məntəqələrində yerləşən balans hesabat sayğaclarının göstəricilərinə əsasən aparılır və hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin sayğacların göstəriciləri əsasında 2010-cu ildən xx.xx.2020-ci il tarixədək hesablanmış borcu tələb edir. Maliyyə arayışında eyni zamanda qeyd edilmişdir ki, məhkəmə qətnaməsi əsasında 22524 manat borc silinmişdir.
30. Tərəflər arasında əvvəl baxılmış mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş (həmin iş üzrə cavabdeh “Bakıelektrikşəbəkə” ASC olmuş, ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin işdəki nizamnaməsinə əsasən o “Bakıelektrikşəbəkə” ASC-nin adının dəyişdirilməsi nəticəsində yarandığından onun hüquqi varisidir) qanuni qüvvəyə minmiş xx.xx.2012-ci il tarixli, 2 iqt (81 )-2120/2012 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh MTK-ya balans hesabat sayğacları quraşdırılarkən “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozularaq balans mənsubiyyəti sərhəddi aktı tərtib edilmədiyindən həmin balans hesabat sayğacları əsasında faktiki istehlak edilmiş elektrik enerjisinin dəyərindən balans hesabat sayğacının quraşdırıldığı yerədək elektrik enerjisi itkiləri çıxılmadan hesablaşma aparılması qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən faktiki istehlak edilmiş elektrik enerjisinin dəyəri çıxılmaqla balans sayğacının göstəricilərinə əsasən hesablanmış borcların silinməsi barədə Cavabdeh MTK-nın iddiası təmin edilmişdir.
31. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MTK tərəfindən faktiki istehlak edilmiş elektrik enerjisinin dəyəri hər il ödənilmiş, ödənişlər həmin il üçün hesablanmış borcdan artıq olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, xx.xx.2017-ci il tarixədək yaranmış 36763,80 manat borc üzrə MM-nin 373-cü maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyindən və iddia müddətinin axımının kəsildiyi sübut edilmədiyindən həmin hissədə, o cümlədən sayğac quraşdırmağa görə 2012-ci il tarixdə yaranmış 63,68 manat, 2014-cü ildə isə 138 manat borcun tutulması hissəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tələbi rədd edilməlidir. Buna görə də qarşılıqlı iddianın təmin edildiyi hissədə qətnamə qanuni və əsaslı hesab edilir.
32. İşə birinci instansiya qaydasında baxılarkən şahid qismində dindirilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İnformasiya Araşdırma İdarəsi Büdcə və İri ödəyicilərə iş şöbəsinin aparıcı mütəxəssisi X3 xx.xx.2021-ci il tarixli məhkəmə iclasında ifadəsində bildirmişdir ki, hazırda baş sayğac və ondan çıxan xətlər Cavabdeh MTK-nın balansında olduğu üçün əhaliyə məxsus sayğaclar və həmin MTK-da yerləşən qeyri-yaşayış sahəsinin sayğaclarının göstəriciləri hesablanaraq baş sayğacda olan məbləğlər çıxılır və qalan məbləğ Cavabdeh MTK-ya debitor borcu kimi hesablanmışdır. Baş sayğac və ondan çıxan xətlər "xxxx" ASC-nin balansında verilərsə həmin hissələrdə olan elektrik enerjisi itkiləri Cavabdeh MTK-ya aid olmaz və Cavabdeh MTK yalnız liftlər, nasosxana və digər yerlərdə quraşdırılmış sayğacların göstəricisinə görə elektrik enerjisinin dəyərini ödəyir.
33. Məhkəmə hesab edir ki, MTK-nın faktiki istehlak etdiyi elektrik enerjisinin dəyəri ilə balans hesabat sayğacının göstəricilərinə əsasən hesablanmış sərfiyyat məbləği arasındakı fərqin MTK-dan tutulmasının qanunsuz olması faktı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hal olduğundan hazırkı icraat çərçivəsində təkrar araşdırma predmeti ola bilməz.
34. Apellyasiya instansiyası mərhələsində balans hesabat sayğacının göstəricilərinə əsasən hesablanmış və ödənilməmiş qalıq borc məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1947 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, işdəki abonent saldosu, hesab-faktura məlumatları, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin mötəbərliyi məhkəmə orqanı tərəfindən əsaslı hesab olunduğu təqdirdə Cavabdehnə məxsus yaşayış binasında faktiki sərf edilmiş elektrik enerjisi sərfiyyatı çıxıldıqdan sonra xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində 73053811 və 73054658 saylı elektrik sayğaclarının göstəricilərinə əsasən abonentə elektrik enerjisinə görə hesablanmış və ödənilməmiş qalıq borc məbləği 74170,85 manat məbləğində müəyyən olunur.
35. Ekspertin istinad etdiyi Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Agentliyin Bakı filialının əməkdaşı tərəfindən Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus yaşayış binasına Cavabdeh MTK-nın komendantının və "xxxx" ASC-nin nümayəndəsinin iştirakı ilə baxış keçirilərək müvafiq akt tərtib edilmişdir. Məlum olmuşdur ki, yaşayış binasının elektrik enerjisi təchizatı "xxxx" ASC-nin balans və xidmətində olan gücü 1x630 kVA və 1x1000 kVA, 10/0,4 kV gərginlikli 170 saylı transformator yarımstansiyasının (TYS) 0,4 kV-luq paylayıcı qurğusundan (PQ) çəkilmiş kabel xətləri vasitəsi ilə yerinə yetirilir, elektrik enerjisi hesabatı TYS-nin 0,4 kV-luq PQ-də quraşdırılmış Makel markalı, 73053811 zavod nömrəli, dövlət möhürü 293532 alq qapaq möhürü 866326 olan elektrik sayğacları vasitəsi ilə aparılıq və "xxxx" ASC-də 11/1043 abonent kodu ilə qeydiyyata alınmışdır. Həmçinin yaşayış binasında olan mənzillər və qeyri-yaşayış sahələri, eləcə də ümumi məqsədlər üçün (lift, su nasosu, işıqlandırma) elektrik sayğacları quraşdıralaraq "xxxx" ASC-də qeydiyyata alınmışdır. Mütəxəssis tərəfindən materiallar nəzərdən keçirilərək müəyyən olunmuşdur ki, 73053811 və 73054568 zavod nömrəli elektrik sayğacları quraşdırılanadək, yəni xx.xx.2011-ci ilə uçot nöqtələri üzrə yaranmış borc 598,57 manat olmuşdur. Bu məbləğ çıxıldıqda 73053811 və 73054568 zavod nömrəli elektrik sayğaclarının göstəricilərinə əsasən abonentə elektrik enerjisi itkilərinə əsasən hesablanmış, ödənilməmiş borcun xx.xx.2011-ci ildən xx.xx.2020ci il tarixədək 74170,85 manat olduğu müəyyən edilmişdir.
36. Məhkəmə hesab edir ki, məhkəmənin mütəxəssis rəyi ilə razılaşmaması üçün heç bir əsas yoxdur. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, işə apellyasiya qaydasında baxılarkən MTK-ya elektrik enerjisi itkilərinə görə faktiki sərfiyyatdan əlavə hesablanmış borcun məbləğinin hesablanaraq təsdiq edilməsi "xxxx" ASC-nin nümayəndəsinə təklif edilsə də bu barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Məhkəmə mütəxəssis və ekspert rəylərini nəzərə alaraq hesab edir ki, "xxxx" ASC-nin Cavabdeh MTK-dan hazırda tələb etdiyi 32038,24 manat elektrik enerjisi itkilərinə görə balans sayğacının göstəriciləri əsasında hesablanmış borc olduğundan və faktiki istehlak etdiyi elektrik enerjisinin dyərindən əlavə balans sayğacının quraşdırıldığı yerədək elektrik enerjisi itkilərinə görə MTK-dan ödəniş tələb edilməsinin qanunsuz olması tərəflər arasında baxılmış mübahisə üzrə qəbul edilmiş və hazırkı iş üçün preyudisial əhəmiyyəti olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2012-ci il tarixli, 2 iqt (81 )-2120/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş hal olduğundan eyni qaydada hesablanmış 32038,24 manat borcun ləğv edilməsi və silinməsinin "xxxx" ASCyə həvalə edilməsinə dair hissədə qarşılıqlı iddia qanuni və əsaslı, həmin borcun MTK-dan tutulmasına dair hissədə ilk iddia isə əsassız hesab edilir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə MPM-nin 82.3, 233.3-cü maddələrinin tələblərini nəzərə almamış, Cavabdeh tərəfindən təqdim edilmiş sübutlara (qətnamə ilə müəyyən edilmiş preyudisial faktlara) düzgün hüquqi qiymət verməmişdir.
37. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməməli, ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)- 267/2021 nömrəli qətnaməsi qismən ləğv edilməli, ilk iddia 32038,24 manat pulun Cavabdeh MTK-dan "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində rədd edilməli, qarşılıqlı iddia tam təmin edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış ümumilikdə 63818 manat məbləğində borc ləğv edilərək həmin borcun Cavabdeh MTK-nın şəxsi hesabdan silinməsi "xxxx" ASC-yə həvalə edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 100 manat ekspertiza xərci Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə və ödənilmiş 45 manat dövlət rüsumu Cavabdeh MTK-nın xeyrinə tutulmalıdır.
38. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İlk iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-267/2021 nömrəli qətnaməsi qismən ləğv edilsin. İlk iddia 32038,24 manat pulun Cavabdeh MTK-dan "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində rədd edilsin. Qarşılıqlı iddia tam təmin edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış ümumilikdə 63818 manat məbləğində borc ləğv edilərək həmin borcun Cavabdeh MTK-nın şəxsi hesabından silinməsi "xxxx" ASC-yə həvalə edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 100 manat ekspertiza xərci Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə və ödənilmiş 45 manat dövlət rüsumu Cavabdeh MTK-nın xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.