Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-5/2024 22.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılması və s. tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı yeni kredit müqaviləsinin bağlanması tələbinə dair kommersiya işi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetlərinə yönəldilməsi; ilkin satış qiyməti dəyişdirildi X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İlk iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, qarşılıqlı iddiaçı Cavabdeh1 iştirakları ilə, İlk iddia üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcu ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılması və s. tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı yeni kredit müqaviləsinin bağlanması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2-2(121)-13/2022 saylı (hakim Elşən Abdullayev) qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddia üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilk cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 8533.29 manat əsas, 463.35 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasənAzərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1273.30 manat məbəğində faiz (5%) borcu, 1248.87 cərimə borcu, cəmi 11518.81 (on bir min beş yüz on səkkiz manat, 81 qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi; ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində 0.17 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh ləğv prosesində olan İddiaçı ASCyə qarşı ilkin iddianın tam şəkildə rədd edilməsi, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə uyğun olaraq müqavilənin tərəfləri arasında yeni kredit müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Zaminbank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "Bank”) ilə Cavabdeh2 (bundan sonra "Cavabdeh”) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 688 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 6 (altı) faiz ödənilmək şərtilə 15 000 (on beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli 688/1 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində 0.17 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi "Zaminbank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Zaminbank” ASC ilə xx.xx.2014cü il tarixdə 36 ay müddətində illik faiz dərəcəsi 6 faiz olmaqla 15000 manat kredit müqaviləsi bağlanmışdır. Həmin məbləğdən 4000 manata yaxın ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 №-li fərmanına əsasən fiziki şəxslərin xarici valiyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadə problemli kreditlərə güzəşt edilməsi nəzərdə tutulmuşdur. Adı gedən Fərmana əsasən problemli kreditlər üzrə faizlər və dəbbə pulları çıxılmalı və eyni zamanda Azərbaycan manatının devalivasiyası nəzərə alınmalıdır. Bundan sonra fiziki şəxslərlə 5 illik müddətinə 1 il güzəşt edilməklə kredit müqaviləsi bağlamaq məqsədi ilə bu günə kimi müqavilənin tərəflərinə məlumat verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2-2(121)-13/2022 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin iddiasının qismən təmin edilməsi, ilk iddia üzrə Cavabdeh2 8.533,29 manat məbləğində əsas borc və 22 manat məbləğində dövlət rüsumu, ümumilikdə 8.555,29 (səkkiz min beş yüz əlli beş manat, iyirmi doqquz qəpik) manat məbləğində pulun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi, Tələb Cavabdeh1 məxsus ünvan 1ində 0.17 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 94.08 kv.m yaşayış, 129.76 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh1 məxsus ünvan 1ində 0.17 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 94.08 m2 yaşayış, 129.76 m2 köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 20.000 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ləğv prosesində olan İddiaçı ASC-yə olan borcun ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh1 qaytarılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ilk iddia üzrə iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2- 2(121 )- 13/2022 saylı qətnamənin tamamilə ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. Tərəflər arasında razılaşma olmadıqda, mübahisə olduqda müstəqil qiymətləndiricinin rəyi əsasında ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilir. İddiaçı onun əmlakına qiymət qoyulmadan tələbi əmlakına yönəltmişdir. Yaşayış sahəsinin qiymətləndirilməsinə dair ekspertiza təyin edilməlidir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı onun götürdüyü kreditə tətbiq edilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə etmiş evinin 49000 manat dəyərində qiymətləndirilməsi ilə qismən razılaşmış, lakin qalmış kredit borcu üzrə mühasibatlıq ekspertizasının keçirilməsinin labüd olduğunu qeyd etmişdir. İlk iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə kollegiyanın iclasında apellyasiya şikayətini əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh2 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda ilkin iddia üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia üzrə cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Kommersiya işinə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 688 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə, sahibkarlıq məqsədilə 15.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 15.000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh1 arasında bağlanmış 27 avqust 2014-cü il tarixli, 688/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli, 688 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus ünvan 1i ünvanında, 0.17 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 94.08 kv.m yaşayış, 129.76 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin Masallı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən fərdi yaşayış evi, mülkiyyətində olan 0.17 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin Masallı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli, **********964 saylı maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 688 saylı kredit müqaviləsi üzrə onun xx.xx.2020-ci il tarixə banka 8.533,29 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 463,35 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 0,0 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanan 1.273,30 manat faiz borcu olmaqla, ümumi borc 11.518,81 manat təşkil edir. İş materiallarında olan pretenziyadan görünür ki, İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 688 saylı kredit müqaviləsi əsasında aldığı kreditə görə ümumilikdə 11.518,81 manat məbləğində kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 məlumatlandırılmışdır. İş materialında olan iddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********387 saylı bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2014cü il tarixli, 688 saylı kredit müqaviləsi əsasında aldığı 15.000 manat kreditə görə cəmi 11.518,81 manat borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 və Cavabdeh1 məlumatlandırılmışlar. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet portalından çıxarışdan görünür ki Cavabdeh2 ləğv prosesində olan "Zaminbank” ASC-yə olan əsas kredit borcu 8.533,29 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. İş materiallarında olan ləğv prosesində olan "Zaminbank” ASC tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Cavabdeh2 borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın təsirinə düşür. Fərmanın icrası ilə bağlı Cavabdeh2 xx.xx.2019-cu il tarixdə kredit borcunun restrukturizasiya olunması (yenidən müqavilə bağlanması) üçün ərizə ilə Banka müraciət etməmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində qeyd edilmişdir ki, idda ərizəsi ilə tanış olduqdan sonra əlində olan rəsmi sənədlər, Cavabdeh2 adına olan ödəniş cədvəllərindəki hesabların müxtəlifliyi borcun əsas məbləğinin faiz və cərimə borclarının əsassız və şişirdilmiş olması mübahisələndirməyə zərurət yaradır. Cavabdeh2 xx.xx.2014-cü il tarixdə 36 aylıq kredit götürmüşdür. Kreditin bitmə müddəti 08 avqust 2017-ciildə başa çatmışdır. Əgər iddia ərizəsində tələb olunan borc vardırsa, nə üçün iddia yaxın müddətdə yox 3 il 2 aydan sonra qüvvəyə minmişdir. Deməli bankın məqsədi şişirdilmiş faiz cə cərimə borcu yaratmaq olmuşdur. İş materiallarında olan "AB Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021 -ci il tarixli, G-11/21 -591 nömrəli məktubundan görünür ki, e-2-2(121)- 1004/2021 saylı, 04 noyabr 2020-ci il tarixli qərardada əsasən girov əmlakın mülkiyyətçisi cavabdeh X2 ilə dəfələrlə telefonla əlaqə saxlanılmasına baxmayaraq, qiymətləndirmə işinin aparılmasına şərait yaratmadığı üçün qərardad icra olunmadan geri qaytarılmışdır. İşin hallarından müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, digər Cavabdeh1 mülkiyyətində olan əmlak kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər kredit müqavilələri üzrə öhdəliklərini yerinə-yetirmədiklərindən kreditor (ilkin iddiaçı) ləğv prosesində olan İddiaçı ASC borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı ilkin iddianın tam şəkildə rədd edilməsi, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə uyğun olaraq müqavilənin tərəfləri arasında yeni kredit müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Birinci instansiya məhkəməsi ilkin iddia tələbini qismən təmin etmiş, qarşılıqlı iddia tələbini rədd etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə uyğun olaraq restrukturizasiya olunması təklif olunan kredit məbləği üçün borclu kreditora müəyyən edilmiş müddətdə müraciət etməmişdir. Buna görə də, restrukturizasiya məbləğini təşkil edən əsas borc məbləği borcludan tutulmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Eyni zamanda hazırkı kredit müqaviləsinə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiq edilməmişdir. İş üzrə apellyasiya baxışında qiymətləndiricinin rəyi alınmışdır: "xxxx" MMC-nin UNİ/Y01-01/24 nömrəli, 08 yanvar 2024-cü il tarixli rəyinə görə Cavabdeh1 mülkiyyətində olan və 27 avqust 2014-cü il tarixli, 688/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, İddiaçı ASC-nin Masallı filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 1ində 0,17 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 94,08 kv.m yaşayış, 129,76 kv.m köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin 08 yanvar 2024-cü il tarixinə bazar qiyməti 54000 manat, likvid qiyməti 49000 manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya baxışında alınmış qiymətləndiricinin rəyini düzgün sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 49000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdehin apellyasiya şikayətinin hazırkı kreditə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə tətbiq edilməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi Fərmanı tətbiq etmiş, kredit müqaviləsi üzrə restrukturizasiya olunması təklif olunan məbləği, yəni əsas borc məbləğini ilkin iddia üzrə cavabdehdən tutmuşdur. Ümumiyyətlə restrukturizasiya məbləği ilə bağlı kredit müqaviləsinin bağlanılması üçün tərəf müəyyən edilmiş müddət ərzində Banka müraciət etməmişdir. Belə olan halda da onun tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən müstəqil qiymətləndiricinin rəyinin alınmasına görə 300 (üç yüz) manat qiymətləndirici xərcinin 150 manat hissəsi ləğv prosesində olan İddiaçı ASC-dən, 150 manat hissəsi Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2-2(121)-13/2022 saylı qətnaməsi- Cavabdeh1 məxsus ünvan 1ində 0.17 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 94.08 kv/m yaşayış, 129.76 kv/m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 20.000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 məxsus ünvan 1ində 0.17 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 94.08 kv/m yaşayış, 129.76 kv/m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 49.000 manat müəyyən edilsin. Qətnamə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilməsin. Müstəqil qiymətləndiricinin rəyinin alınmasına görə 300 (üç yüz) manat qiymətləndirici xərcinin 150 manat hissəsi ləğv prosesində olan İddiaçı ASC-dən, 150 manat hissəsi Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-5/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-5/2024
22.02.2024 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver