Məhkəmə qərarları › İş №2-2(106)-52/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-52/2024

30.09.2024 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-52/2024 30.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), X10 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbinə dair” iddiası ilə bağlı kommersiya iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-805/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X11 qarşı iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X3 onun xeyrinə 360000 manat dəymiş ziyan, 10000 manat isə xidmət haqqı kimi ödədiyi pul olmaqla, ümumilikdə 370000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsini dolandırmaq məqsədilə sarımsaq bitkisi əkib-becərməklə məşğuldur. 2019-cu ildə növbəti dəfə sarımsaq bitkisi əkərək 80 ton miqdarında sarımsaq məhsulu yığıb dekabr-yanvar aylarında satmaq məqsədilə 25 sentyabr 2019-cu il tarixdə "xxxx" ASC-nin Ağcabədi rayonunda yerləşən regional idarəsinə təhvil vermişdir. Ərzaq saxlama kamerasına yerləşdirilən zaman orada saxlanması üçün 10000 manat xidmət haqqı vermişdir. 10 dekabr 2019-cu il tarixdə "xxxx" ASC-nin Ağcabədi rayonunda yerləşən regional idarəsinə təhvil verdiyi 80 ton sarımsaq bitkisini götürmək üçün getdikdə soyuducudan axan su səbəbindən məhsulun tamam yararsız olduğunu görmüşdür. Bundan sonra, 360000 manat dəyərində olan istifadəyə yararlı sarımsaq bitkisini yararsız hala salan saxlama kamerasının rəhbəri hazırkı iş üzrə cavabdeh X16 ilə əlaqə yaradıb danışıqlar aparsa da, onun bu məsələyə heç bir aidiyyəti olmadığını və heç bir zəmanət vermədiyini bildirmişdir. Bundan sonra, ona dəymiş ziyanın və çəkdiyi xərclərin geri ödənilməsi üçün cavabdeh barəsində Ağcabədi rayon prokurorluğuna şikayət etmişdir. Prokurorluqdan iddiaçıya yazılı olaraq bildirilmişdir ki, şikayəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də məcbur qalıb məhkəmədə iddia qaldırmalı olmuşdur. Məhkəmədə kamaz sürücüsü Elşən adlı şəxs və Xosu Qəhrəmanov, o cümlədən bir neçə nəfərdən ibarət olan fəhlələr şahid qismində məhsulun cavabdehə məxsus soyuducuya aparılmasını təsdiq edə bilərlər. Sadalanan xüsusatlara əsasən iddiaçı hesab edir ki, hazırkı iş üzrə cavabdeh X3 onun xeyrinə 360000 manat dəymiş ziyan, 10000 manat məbləğində isə xidmət haqqı kimi ödədiyi pul olmaqla, ümumilikdə 370000 manat məbləğində pul tutulmalıdır. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan cavabdeh X5 əsl Cavabdeh ilə əvəz edilməsini və işin aidiyyəti Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(017)-298/2020 saylı qərardadı ilə əsl olmayan cavabdeh X16 əsl Cavabdeh ilə əvəz edilmiş, İddiaçı Cavabdehnə qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə 2(017)-298/2020 saylı işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2-2(121)-805/2020 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbinə dair” iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. X16 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-2(121)-805/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rafiq İsmayılov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-2(121)- 805/2020 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair nəticəyə gələrkən hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 360, 385, 386, 387, 389, 397, 404, 405, 406, 21, 458, 1096, 1099, 1131, 1132, 822, 823, 824, 825, 827 və 830-cu maddələrinə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı tərəfindən Ağcabədi rayon prokurorluğuna ünvanlanmış ərizədən görünür ki, İddiaçı "xxxx" ASC-nin Ağcabədi rayonunda yerləşən regional idarəsinin rəhbəri X16 barəsində Ağcabədi rayon prokurorluğuna müraciət edərək, ona dəymiş 100000 manat ziyanın ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan Ağcabədi rayon prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış 24 dekabr 2019-cu il tarixli, 553Ş-19 saylı məktubdan görünür ki, X6 dəymiş ziyanın əvəzinin ödənilməsinə dair tələblərlə aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Bərdə şəhər "xxxx" MMC tərəfindən Bərdə rayon Vəkil Bürosunun vəkili Müşfiq Mehdiyevə ünvanlanmış 10 yanvar 2020-ci il tarixli, 08 saylı məktubda qeyd olunur ki, Bərdə şəhər "xxxx" MMC-nin bazarında 2019-cu il üçün 80 ton sarımsaq bitkisinin real bazar qiyməti 360000 manat təşkil edir. İş materiallarında olan Ağcabədi rayon prokurorluğunun 06 avqust 2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı Ağcabədi rayon prokurorluğuna verdiyi 20 dekabr 2019-cu il tarixli izahatında qeyd olunur ki, o, Ağdam rayonu, Ergi qəsəbəsində təsərrüfatla, sarımsaq əkini ilə məşğul olur. 2019-cu ilin iyun ayında sahədən 80 ton sarımsaq yığıb məhsulu Ergi qəsəbəsində təsərrüfatının olduğu yerdə çardağın altında saxlamışdır. Sonradan məhsulun soyuducu şəraitində saxlanılmasını qərara almış və 25 sentyabr 2019-cu il tarixdə həmin 80 ton sarımsağı Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən "xxxx" ASC-nin Ağcabədi regional idarəsinə vermişdir. Bu məqsədlə həmin müəssisənin nümayəndəsi Rizvan adlı şəxslə məhsulun 3 ay müddətinə saxlanılması üçün 12000 manat xidmət haqqında razılaşmışdır. Həmin xidmət haqqının 10000 manatını hissə-hissə, 2 dəfə 4000 manat, bir dəfə isə 2000 manat olmaqla, Rizvana ödəmişdir. Şərtlərinə əsasən, mal soyuducu kameralarda 2 dərəcə temperaturda saxlanmalı idi. Malı "xxxx" ASC-nin Ağcabədi regional idarəsinə təhvil verdikdən təxminən 20 gün sonra Rizvan malda yüngülvari göyərmə olduğunu bildirmişdir. O gedib məhsula baxanda 80 ton sarımsağın təxminən 2 faizinin göyərdiyini görmüşdür. Məhsulda az miqdarda göyərmə olmasını normal hesab etdiyindən, o, malı soyuducudan çıxarmamışdır. Lakin bir müddət sonra Rizvan mütəmadi olaraq gəlib malını anbardan çıxarmasını bildirmişdir. 10 dekabr 2019-cu ildə o, həmin idarəyə gedib mala baxdıqda anbara yerləşdirdiyi 80 ton sarımsağın tamamilə göyərib yararsız vəziyyətə düşdüyünü, malın da onun xəbəri olmadan başqa kameraya yığıldığını öyrənmişdir. Yəqin ki, əvvəlki kamera uzun müddət işləmədiyindən məhsul xarab olmuş, Rizvan da sonradan malı başqa kameraya yığmışdır. Bunun nəticəsində ona ziyan dəymişdir. Lakin bunun pulla dəyərini deyə bilmir, bunun üçün ekspertiza təyin olunub qiymət qoyulmalıdır. Həmin məhsulun yetişdirilməsi üçün 50-60 ailədən adamlar işləmiş, onlara pul ödənilmişdir. O, "xxxx" ASC-nin Ağcabədi regional idarəsində onun malının yığıldığı soyuducu kameranın monitorunun şəklini çəkmişdir. Soyuducu 2 dərəcədə işləməli olduğu halda, 7,4 dərəcədə işləmişdir. Bununla bağlı, Rizvana bildirdikdə heç nəyə zəmanət vermədiyini qeyd etmişdir. Rizvan söhbəti bağlamaq üçün ona ödədiyi 10000 manatı təklif etmişdir, o isə bununla razılaşmır. O, 80 ton sarımsağı "xxxx" ASC-nin Ağcabədi regional idarəsinə rəsmi yazılı şəkildə təhvil verməmiş, yalnız müəssisənin müdiri Rizvan adlı şəxslə şifahi razılaşması olmuşdur. Hətta xidmət haqqı kimi ödədiyi 10000 manat üçün də heç bir qəbz təqdim olunmamışdır. O, sahədən yığılmış sarımsağı qurutmaq məqsədilə bir neçə ay müddətində çardaq altında soyuducu şəraitində olmadan saxlamışdır. Hesab edir ki, həmin müddətdə məhsul xarab ola bilməzdi. Sarımsağı əkdiyi müddətdə məhsula lazımi qaydada aqrotexniki qulluq olunmuş, xəstəliklərə qarşı bütün dərmanlar verilmişdir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməmişdir. Həmçinin, İddiaçı Ağcabədi rayon prokurorluğuna verdiyi 24 dekabr 2019-cu il tarixli izahatında qeyd olunur ki, malın hissə-hissə gətirilməsinin məhsulun keyfiyyətinə heç bir dəxli yoxdur. 80 ton məhsulu o, 10 gün ərzində daşıyaraq soyuducuya yığmışdır. Onun malların soyuducuda saxlanması şəraiti barədə heç bir məlumatı yoxdur. Malın saxlanma qaydasını Rizvan yaxşı bilir, o da ona inanıb malı təhvil vermişdir. Hansı şərait yaxşı idisə, Rizvan malı həmin şəraitdə saxlamalı idi. Onun malı anbara yerləşdirilən zaman malda təxminən hər kisədə bir sarımsaq göyərə bilərdi. Bu isə normal haldır. O, bunu nəzərə alaraq malını anbardan götürməmişdir. Rizvan onunla telefon danışığı zamanı sonradan gətirəcəyi malı götürməyəcəyi barədə xəbərdarlıq etmişdir. Həmin vaxt o sonradan anbara yenə mal gətirməyi planlaşdırmışdır. Lakin mümkün olmadığından daha mal gətirə bilməmişdir. Rizvan onun malını xarab edəndən sonra ona zəng edərək malı anbardan çıxarmasını bildirmişdir. Rizvan onu 19 dekabr 2019-cu il tarixdə anbara dəvət etmiş, anbarın yuxarısında havanın temperaturunu yoxlamışlar, hava soyuq olmuşdur. Rizvan 18 dekabr 2019-cu il tarixdə malın yerini dəyişmiş, usta çağırıb soyuducunu təmir etdirmiş, sonradan onu dəvət etmişdir. Əgər o haqlıdırsa, soyuducunu çağırmamış onu çağırmalı idi. Onun malın təhvil-təslimindən başı çıxmır. Rizvan malı qəbul edən şəxsdir, malı qəbul edəndə sənəd imzalamağı ona təklif etməmişdir. O, onun xidmət haqqını hər ayın əvvəlində ödəyib malını soyuducuda saxlamışdır. Rizvan onun malını meyvə üçün nəzərdə tutulmuş müsbət temperaturlu kamerada saxlamışdır, əslində isə sarımsaq mənfi dərəcəli temperaturda saxlanılmalı idi. Sadalanan xüsusatlardan göründüyü kimi, hazırkı işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 106-cı maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən işin bütün faktiki halları araşdırılmamış və birtərəfli qərar qəbul edilmişdir. İşdəki “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin 446 nömrəli, 16 avqust 2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, 2019-cu ilin yanvar və dekabr aylarında yerli növ Ağdam sarımsağının 1 tonunun qiyməti müvafiq olaraq yanvar ayı üçün 4290,68 manat və dekabr ayı üçün 4623,58 manat olmuşdur. 2019-cu ilin yanvar və dekabr aylarında yerli növ Ağdam sarımsağının 60-80 tonunun qiymətinin müvafiq olaraq yanvar ayı üzrə 257440,80 manat (60 ton) və 343254,40 manat (80 ton), dekabr ayı üzrə 277414,80 manat (60 ton) və 369886,40 manat (80 ton) olması müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2-2(106)-94/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-805/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdehnə qarşı “pul tələbinə dair” iddiası qismən təmin edilmiş, Cavabdehndən 277414,80 manatın alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 manat, apellyasiya şikayətinin verilməsi üçün 15 manat, cəmi 45 manat dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı və Cavabdeh ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 05 may 2022-ci il tarixli, 2-2(102)-261/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2-2(106)-94/2021 saylı qətnaməsi qismən – iddianın təmin edildiyi hissədə ləğv edilmiş, işin həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası 05 may 2022ci il tarixli, 2-2(102)-261/2022 saylı qərarında iddiaçının kassasiya şikayəti dəlilləri üzrə qeyd etmişdir ki, iddiaçı tərəfin dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, iddiaçı cavabdehə saxlanca 80 ton sarımsaq təqdim etdiyi halda, məhkəmə əsassız olaraq yalnız 60 ton sarımsaq verildiyi qənaətinə gəlmiş və cavabdehdən yalnız 60 tonun dəyərini zərər kimi tutmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə hesab etmişdir ki, 80 ton məhsul verilməsi və həmin məhsulun 360000 manat dəyərində olmasının sübutetmə yükü iddiaçının üzərinə düşür. İşdə olan ekspert rəyi və digər sübutlarla saxlanca cəmi 60 ton məhsul verilməklə həmin məhsulun 2019-cu ilin dekabr ayına dəyərinin 277414 manat olması müəyyən edilir. Saxlanca verilən məhsulun çəkisinin və qiymətinin bundan artıq olmasına dair iddiaçı sübut təqdim edə bilməmişdir. Kassator məhkəmənin gəldiyi nəticəni kassasiya şikayətində tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Kassasiya şikayətində istinad olunan iş materiallarındakı ekspert rəyi ilə məhkəməyə təqdim edilmiş 2019-cu il 24 sentyabr və 2 oktyabr tarixli telefon danışıqlarının səsyazma mətninə gəldikdə isə, qeyd olunmalıdır ki, həmin mətndə saxlanca verilmiş məhsulun həcmi ümumiyyətlə qeyd olunmur. Odur ki, iddiaçı tərəf MPM-in 77.1-ci maddəsinə uyğun olaraq üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, məhkəməyə iddiaçı tərəfindən saxlanca 60 ton deyil, 80 ton məhsul verildiyini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə saxlanca 60 ton sarımsaq təqdim etməsi nəticəsinə gələrkən iddiaçı tərəfin istinad etdiyi hüquq pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası 05 may 2022ci il tarixli, 2-2(102)-261/2022 saylı qərarında cavabdehin kassasiya şikayəti dəlilləri üzrə qeyd etmişdir ki, kassator hesab edir ki, Mülki Məcəllənin 87.10-cu maddəsi pozulmuşdur. Məhkəmə X16 ilə iddiaçı arasındakı şifahi əqdin dəyərinin cavabdehin xalis aktivlərinin dəyərinin 50%-dən artıq məbləğdə olan əqd kimi xüsusi əhəmiyyətli əqd hesab olunduğundan bununla bağlı cavabdehin iştirakçılarının ümumi yığıncağının qərarının olub-olmaması məsələsini aydınlaşdırmamışdır. Hətta bu əqd Rizvan Əsədovun öz təşəbbüsü və öz mənafeyi ilə bağlı əqd kimi deyil, şərti olaraq Müəssisənin adından bağlanmış əqd kimi xarakterizə edilsə idi belə, MM-in 87.10-cu maddəsinin tələbinə zidd bağlandığından etibarsız hesab edilməklə cavabdeh üçün heç bir vəzifə və öhdəlik yaratmamalı idi. Məhkəmə kollegiyası kassatorun həmin dəlillərini əsassız hesab edir. Belə ki, əvvəla, kassasiya şikayətində istinad olunan MM-in 87.10-cu maddəsi təşkilatihüquqi forması məhdud məsuliyyətli cəmiyyət olan subyektlərə aiddir. İş materiallarıanda olan Vergilər Nazirliyinin Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan məlum olur ki, cavabdehin təşkilati-hüquqi forması “digər kommersiya təşkilatı”dır. İkincisi, MM-in 87.10-cu maddəsində xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərarın cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edildiyi nəzərdə tutulduğu halda, cavabdehin iş materiallarında olan Nizamnaməsinin İX fəslindən görünür ki, cavabdeh təsisçi tərəfindən təyin olunan müdiriyyət tərəfindən idarə olunur. Ümumiyyətlə, cavabdehin digər idarəetmə orqanı (səhəmdarların ümumi yığıncağı və s.) nizamnamədə nəzərdə tutulmamışdır. Üçüncüsü isə mübahisə predmeti olan əqdin dəyərinin cavabdehin xalis aktivlərinin dəyərinin 50%-dən artıq olması iş materiallarından görünmür. Halbuki həmin halın sübut olunması MPM-in 77.1-ci maddəsinə uyğun olaraq məhz cavabdehin üzərinə düşür. Odur ki, apellyasiya instansiyası məhkəməsi hər hansı hüquq pozuntusuna yol verməmişdir. Bununla belə, məhkəmə kollegiyası cavabdeh tərəfin kassasiya şikayətinin digər dəlillərini aşağıdakı səbəblərdən əsaslı hesab edir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına, o cümlədən ekspert rəyi ilə məhkəməyə təqdim edilmiş 2019-cu il 24 sentyabr və 2 oktyabr tarixli telefon danışıqlarının səsyazma mətninə istinad edərək göstərmişdir ki, 2019-cu ilin dekabr ayınadək Rizvan Əsədov məhsulu keyfiyyətli saxlamaqla təhvil verilməsini öhdəsinə götürdüyünü bildirmişdir. İddiaçıya məxsus sarımsaq məhsulu cavabdehə məxsus soyuducuda saxlanca qəbul edilmiş, lakin lazımi şəraitdə saxlanmaması nəticəsində yararsız hala düşərək iddiaçıya ziyan dəymişdir. Bununla bağlı ilkin olaraq Rizvan Əsədovun məhsulu anbara saxlanca qəbul edərkən müvafiq səlahiyyətə malik olub-olmaması məsələsinə məhkəmə tərəfindən düzgün qiymət verilib-verilmədiyi aydınlaşdırılmalıdır. Kassatorun dəlillərinə görə, Rizvan Əsədov sözügedən səlahiyyətə malik deyildir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh tərəfindən Rizvan Əsədova verilmiş 2019-cu il 10 yanvar tarixli, FM/Y-01-19 saylı etibarnamə ilə cavabdehin adından notariat kontorlarında, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində, məhkəmə orqanlarında və digər dövlət idarə və təşkilatlarına sənədlər təqdim etmək, alğısatqı əməliyyatlarını həyata keçirmək və bu sənədlərdə imza etmək, arayışlar almaq, müqavilələr bağlamaq, hazır olan sənədləri götürmək, tələb olunan zəruri sənədləri təqdim etmək və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etmək 2021-ci il 10 yanvar tarixinədək Rizvan Əsədova etibar edilmişdir. Bununla əlaqədar məhkəmə hesab etmişdir ki, Rizvan Əsədovun təmsil etdiyi cavabdehin adından müqavilə bağlamaq səlahiyyəti olmuşdur. Rizvan Əsədovun adına etibarnamənin olması və cavabdehin rəhbərliyinin iddiaçının məhsulunun ona məxsus soyuducuda saxlanması üçün qəbul edilməsinə, orada saxlanılmasına etiraz etməməsi onun həmin xüsusatla, yəni Rizvan Əsədovun cavabdehin nümayəndəsi kimi məhsulu saxlanca qəbul etməsi ilə razılaşmasını göstərir. Məhkəmə kollegiyasının qənaətinə görə isə MM-in 404-cü maddəsinin tələbləri baxımından etibarnamənin mətninə bütöv bir tam kimi nəzər saldıqda, Rizvan Əsədovun təmsil etdiyi cavabdehin adından müqavilə bağlamaq səlahiyyətinin bütün subyektlərə münasibətdə ona verildiyi, yaxud yalnız müvafiq dövlət qurumlarında həyata keçirilməsinin nəzərdə tutulduğu, daha doğrusu, etibarnamənin maddi və ya prosessual hüquqi xarakter daşıması barədə birmənalı nəticəyə gəlmək olmur. Həmin məsələyə tam aydınlıq gətirilməsi məqsədilə Rizvan Əsədovun onunla bağlanmış əmək müqaviləsində, cavabdehin təsdiq etdiyi xidməti təlimat və digər daxili sənədlərdə əks olunmuş funksiyaları, səlahiyyətləri, habelə Rizvan Əsədov tərəfindən digər hallarda analoji müqavilələr bağlanılıb-bağlanılmaması kimi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən hallara qiymət verilməsi zəruridir. Lakin həmin xüsusatlar apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmışdır. Halbuki MPM-in 14.1-ci maddəsinin tələbidir ki, məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Göründüyü kimi, mülki məhkəmə icraatının çəkişmə prinsipi əsasında aparılması heç də məhkəmənin bütün hallarda passiv seyrçi mövqeyi tutmasını şərtləndirmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarında formalaşdırıdığı hüquqi mövqelərə görə, MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Tərəflərlə aparılan belə müzakirələr məhkəmənin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməlidir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən halların araşdırılması məqsədilə tərəflərə müvafiq sübutların təqim edilməsini təklif etməli, belə sübutların təqdim edilməməsinin nəticələrini izah etməli idi. O da qeyd olunmalıdır ki, cavabdehin mübahisə predmeti olan məhsulun saxlanca qəbul edilməsindən xəbərdar olması, Rizvan Əsədovun iddiaçıdan aldığı bildirilən vəsaiti tam və ya qismən cavabdehə və onun rəhbərliyinə təqdim etməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin rəhbərliyinin iddiaçının məhsulunun ona məxsus soyuducuda saxlanması üçün qəbul edilməsinə, orada saxlanılmasına etiraz etməməsinə və bunun cavabdehin məhsulun saxlanca qəbul edilməsi ilə razılaşmasını göstərdiyinə dair apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə mötəbər sübutlara söykənməyən subyektiv mülahizə xarakteri daşıyır, ona görə də əsaslı hesab edilə bilməz. Mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən digər məsələ iddiaçıya cavabdeh tərəfin zərər vurub-vurmaması məsələsinə məhkəmə tərəfindən düzgün qiymət verilib-verilməməsinin aydınlaşdırılmasıdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə, 2019-cu ilin dekabr ayınadək Rizvan Əsədov məhsulu keyfiyyətli saxlamaqla təhvil verilməsini öhdəsinə götürmüş, məhsul soyuducuda saxlanca qəbul edilmiş, lakin lazımi şəraitdə saxlanmaması nəticəsində yararsız hala düşərək iddiaçıya ziyan dəymişdir. Kassatorun dəlillərinə görə, məhkəmənin həmin nəticəsi qanunsuz və əsassız olmuşdur. İş materiallarından görünür ki, mübahisə predmeti olan sarımsaq soyuducuda saxlanca 2019-cu ilin 25 sentyabr tarixində təhvil verilmişdir. Birinci instansiya məhkəməsinin 2020-ci il 7 sentyabr tarixində keçirilən iclasında mütəxəssis qismində dindirilmiş X7 izahatından məlum olur ki, sarımsaq iyul ayının axırı-avqust ayının əvvəllərində anbara təhvil verilməlidir. Əgər məhsul sentyabr ayında anbara təhvil verilirsə, mütləq şəkildə cücərmiş, çürümüş hissələr təmizlənməlidir. Əgər cücərmiş və çürümüş hissələr seçilib təmizlənməsə, qalan məhsulun cücərməsinə səbəb olar. Göründüyü kimi, məhsul mütəxəssisin göstərdiyi tarixdən təxminən 1 ay yarım sonra saxlanca verilmişdir. Belə olan halda, həmin məhsulun tərkibindəki sarımsaqlarda məhsul saxlanca verilməmişdən əvvəl və ya sonra cücərmə hallarının baş verməsi istisna oluna bilməz. Eyni zamanda, təhvil verilmiş məhsula lazımi qaydada aqrotexniki xidmətlərin göstərilməsi, habelə onun tərkibindəki cücərmiş sarımsaqların seçilərək kənarlaşdırılması iş materialları ilə təsdiq olunmadığından, mütəxəssisin izahatında göstərildiyi kimi, cücərmiş sarımsaqların məhsulun digər hissəsinin də cücərməsinə və çürüməsinə səbəb ola bilməsi də tamamilə mümkün idi. Bundan başqa, iş materiallarında olan 2019-cu il 24 sentyabr və 2 oktyabr tarixli telefon danışıqlarının səsyazma mətnindən görünür ki, Rizvan Əsədov dəfələrlə iddiaçıya malının cücərməsini bildirmiş, sonuncu da malını tezliklə aparacağını demişdir. Buna baxmayaraq iddia ərizəsindən də məlum olur ki, iddiaçı sonuncu telefon danışığındakı xəbərdarlıqdan yalnız 2 aydan artıq müddət keçdikdən sonra – 2019-cu il 10 dekabr tarixində öz malını götürmək üçün anbara gəlmiş, beləliklə Mülki Məcəllənin 21.3-cü və 425-ci maddələrinin tələblərinə uyğun olaraq, zərərin baş verməsinin və ya artmasının qarşısının alınması üçün edə biləcəyi bütün hərəkətləri etməmiş, zəruri tədbirlər görməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən həmin mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin məsələləri nəzərə almamış, işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Nəhayət, hazırkı halda aydınlaşdırılması vacib olan digər məsələ zərərin dəyəri müəyyən edilərkən apellyasiya instansiya məhkəməsi tərəfindən hüquq pozuntusuna yol verilibverilməməsinin aydınlaşdırılmasıdır. Kassatorun dəlillərinə görə, qətnamə bu mənada da qanunsuz və əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan ekspert rəyi və digər sübutlara istinad edərək belə nəticəyə gəlmişdir ki, saxlanca cəmi 60 ton məhsul verilməklə həmin məhsulun 2019-cu ilin dekabr ayına dəyərinin 277414 manat olması müəyyən edilir. Məhkəmə kollegiyası cavabdeh tərəfin dəlilləri ilə razılaşaraq apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini də əsassız hesab edir. Belə ki, cavabdeh tərəfin qanunsuz hərəkətləri nəticəsində yararsız hala düşdüyü bildirilən 80 ton sarımsağın dəyəri 2020-ci il 16 yanvar tarixində məhkəməyə daxil olmuş iddia ərizəsində 360000 manat göstərilsə də, bundan cəmi 25 gün əvvəl – 2019-cu ilin 20 dekabr tarixində iddiaçının Ağcabədi rayon prokurorluğuna, Kənd Təsərrüfatı Nazirliyinə verdiyi ərizələrdə 100000 manat qeyd olunmuşdur. X9 Məhkəməsinin 2020-ci il 23 iyul tarixli iclasının protokolundan görünür ki, iclasda iştirak edən iddiaçı bildirmişdir ki, məhsul anbara təhvil verilməmişdən əvvəl, yəni 2019-cu ilin iyun-iyul aylarında məhsulun 1 kiloqramının qiyməti 1,40 manat olmuş, o, 80 ton məhsula 100000 manat xərc çəkmişdir. Eləcə də iş materiallarında olan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin dekabr ayında yerli istehsal olan sarımsağın bir kiloqramının orta pərakəndə satış qiyməti 1,31 manat təşkil edir. Həmin qiymətlə hesabladıqda 80 ton sarımsağa 104800 manat xərc çəkildiyi məlum olur ki, bu da əslində iddiaçının 2019-cu ilin 20 dekabr tarixində Ağcabədi rayon prokurorluğuna, Kənd Təsərrüfatı Nazirliyinə verdiyi ərizələrdə göstərilmiş qiymətlə təxminən üst-üstə düşür. Bundan başqa, iş materiallarından məlum olur ki, mübahisə predmeti olan sarımsağın qiyməti həmin sarımsağın Ağdam sarımsağı olması əsas götürülərək müəyyən edilmişdir. Halbuki həmin sarımsağın məhz Ağdam sarımsağı olması da iş materiallarından görünmür. Həmçinin qiymət müəyyən edilərkən iddiaçının saxlanca təqdim etdiyi məhsulun faktiki vəziyyəti, onun saf və ya çürük olması, yararlı və yararsızlığı, habelə məhsulun qiymətinə təsir edən digər mühüm amillərin nəzərə alınması da əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan sarımsağın qiyməti barədə nəticəyə gələrkən müvafiq ekspert rəyinə istinad etsə də, həmin ekspert rəyinin mötəbərliyi yuxarıda qeyd olunanlar baxımından ciddi şübhələr doğurur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci və 103.1-ci maddələrini pozaraq, iş üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, nəticədə MPM-in 217.1-ci maddəsində nəzərdə tutulmuş qanunilik və əsaslılıq meyarlarına uyğun gəlməyən qətnamə qəbul etmişdir. Ona görə də cavabdeh tərəfin kassasiya şikayəti təmin edilərək qətnamə iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməli və həmin hissədə işə yenidən baxılmalıdır. Yeni apellyasiya baxışında məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, Rizvan Əsədovun məhsulu anbara saxlanca qəbul edərkən müvafiq səlahiyyətə malik olubolmamasını 2019-cu il 10 yanvar tarixli, FM/Y-01-19 saylı etibarnamə, Rizvan Əsədovla bağlanmış əmək müqaviləsi, cavabdehin təsdiq etdiyi xidməti təlimat və digər daxili sənədlərdə əks olunmuş funksiyaları, səlahiyyətləri əlaqəli şəkildə təhlil olunmaqla aydınlaşdırılmalı, bu zaman Rizvan Əsədov tərəfindən digər hallarda analoji müqavilələr bağlanılıb-bağlanılmaması nəzərə alınmalı, mübahisə predmeti olan sarımsağın soyuducuda saxlanca normativ tələblərə uyğun şəkildə vaxtında və tərkibindəki cücərmiş sarımsaqlar seçilərək kənarlaşdırılmaqla təhvil verilib-verilməməsi müəyyənləşdirilməli, bu zaman iş üzrə mütəxəssis qismində dindirilmiş X7 izahatında, eləcə də 2019-cu il 24 sentyabr və 2 oktyabr tarixli telefon danışıqlarında deyilənlər nəzərə alınmalı, həmçinin Rizvan Əsədovun xəbərdarlıqlarına baxmayaraq, iddiaçının sonuncu telefon danışığından yalnız 2 aydan artıq müddət keçdikdən sonra öz malını götürmək üçün anbara gəlməsinə Mülki Məcəllənin 21.3-cü və 425-ci maddələrinin tələbləri baxımından qiymət verilməli, eləcə də saxlanca təhvil verilmiş sarımsağın qiyməti mötəbər sübutlar əsasında müəyyən edilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2-2(106)-94/2022 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2- 2(121)-805/2020 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı “pul tələbinə dair” iddiası qismən təmin edilmiş, Cavabdehndən 277414,80 manatın alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2-2(102)-64/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 sentyabr 2022ci il tarixli, 2-2(106)-94/2022 saylı qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası 29 mart 2023cü il tarixli, 2-2(102)-64/2023 saylı qərarında öz hüquqi mövqeyini belə izah etmişdir ki, cavabdehin hazırkı kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 5 oktyabr tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə eyni olmaqla, əvvəlki kassasiya baxışı zamanı təmin edilmiş, yol verilmiş maddi və prosessual hüquq pozuntularının aradan qaldırılması ilə bağlı məcburi göstərişlər verilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir. Bununla belə, baxılan iş üzrə kassasiya instansiyası məhkəməsində birinci icraat zamanı qəbul edilmiş qərarda göstərilən, iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan göstərişlər üzrə hər hansı hüquqi dəyərləndirmə aparılmamış, nəticədə MPM-in 420-ci maddəsinin tələbləri pozulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 07 avqust 2023-cü il tarixli, 2-2(106)-70/2023 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-2(121)- 805/2020 saylı qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-2(102)-680/2023 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-680/2023 nömrəli iş üzrə 07 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası 20 dekabr 2023-cü il tarixli, 2-2(102)-680/2023 saylı qərarında öz hüquqi mövqeyini belə izah etmişdir ki, iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh soyuducuanbarında saxlama üçün verilmiş sarımsaq məhsulunun çürüyüb xarab olmasında cavabdeh, o cümlədən cavabdehin işçisi olan Rizvan Əsədov deyil, İddiaçı özü təqsirli olmuşdur. İddiaçının təqsirli olması qəbul olunmasa belə, onun ziyan tələbinə dair iddiasına cavab verməli şəxs iddia ərizəsində cavabdeh kimi göstərilən Cavabdeh deyil, sarımsaq məhsulunu təhvil alan fiziki şəxs X12r, hazırkı iddia buna cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə iş üzrə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 5 may 2022-ci il və 29 mart 2023-cü il tarixli qərarlarındakı göstərişlər tam icra olunmadan, işin müəyyən edilmiş hallarına tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilmədən və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Cavabdeh kommersiya hüquqi şəxsi kimi 14 may 1997-ci il tarixdə (təkrar qeydiyyat 30 aprel 2007-ci il) dövlət qeydiyyatına alınmış, təsisçisi X18, qanuni təmsilçisi isə X13r. Ağcabədi rayonu Rəncbərlər kəndində, 1,4 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 7309 kv.metr olan əmlak kompleksi (soyuducu anbar) Cavabdeh adına 26 yanvar 2013-cü ildə dövlət qeydiyyatına alınmışdır. İddiaçı məxsus sarımsaq məhsulunun 2019-cu ilin sentyabr ayında Cavabdeh Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən soyuducu anbarında 3 ay müddətində saxlama üçün yerləşdirilməsi və bunun X16 ilə bağlanmış şifahi razılaşma əsasında həyata keçirilməsi, saxlamaya görə iddiaçı tərəfindən 10000 manat haqq ödənilməsi, lakin sarımsaq məhsulunun anbarda yerləşdirilməsində və saxlanmasında nöqsanlara yol verildiyinə görə məhsulun çürüyüb xarab olması, bununla da iddiaçıya ziyan dəyməsi mübahisəsizdir. Cavabdeh hazırkı iddiya cavab verməli şəxs olmaması, X11 müəssisənin adından müqavilə bağlamaq, saxlama haqqı olan pulu almaq, sarımsaq məhsulunu anbara qəbul edib saxlamaq səlahiyyətlərinin verilməməsi qənaətinə gələn apellyasiya məhkəməsi nəzərə almamışdır ki, həmin hərəkətlərin icrası zamanı Rizvan Əsədov müəssisənin işçisi - təchizat üzrə menecer vəzifəsində işləmiş, müəssisənin adından çıxış edərək iddiaçıdan sarımsaq məhsulunu saxlanca qəbul etmiş, iddiaçı onu müəssisəni təmsil edən şəxs kimi qəbul edərək məhsulun saxlanması üçün danışıqlar apararaq şifahi müqavilə bağlamış, məhsul saxlanılan anbar Rizvan Əsədova deyil, müəssisəyə məxsus olmuş, məhsul Rizvan Əsədovun şəxsi obyektində yerləşdirilib saxlanılmamış, o, müəssisənin işçisi kimi bu məsələ ilə bağlı müəyyən funksiyaları həyata keçirmişdir. Soyuducu anbara girişçıxışının olması, onun hərəkətlərinə müəssisə sahibinin və digər rəhbər şəxslərin etiraz etməmələri, məhsul anbara qəbul olunandan sonrakı danışıqların məhz Rizvan Əsədov tərəfindən aparılması, saxlama haqqı kimi 10000 manat pulun onun tərəfindən iddiaçıdan alınması da əsas verir ki, Rizvan Əsədovun məhsulu anbara qəbul etmək və saxlanmasına nəzarət etmək səlahiyyəti olmuşdur, onun müəssisənin adından çıxış etməsi fəaliyyət göstərdiyi şəraitdən də aşkar bəlli idi. İşdən daha sonra görünür ki, X16 cavabdeh müəssisədə 2018-ci ilin yanvar ayından təchizat üzrə menecer vəzifəsinə təyin olunmuş, habelə müəssisə tərəfindən ona 2019-cu il 10 yanvar tarixli, FM/Y-01-19 nömrəli 2 illik müddətə etibarnamə verilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, göstərilən etibarnamədə X16 tərəfindən harada (hansı orqanlarda) cavabdehin təmsil edilməsi səlahiyyətlərinin verildiyi dəqiq göstərilməsi və cavabdeh müəssisənin adından hüquqi və fiziki şəxslərlə saxlama müqavilələrinin bağlanılması və bunun müqabilində pulun alınması səlahiyyətləri göstərilmədiyindən iddiaçı tərəfindən sarımsaq məhsulu X11 cavabdehin işçisi kimi deyil, fiziki şəxs kimi təhvil verilmişdir. X11 cavabdeh tərəfindən verilmiş 2019-cu il 10 yanvar tarixli etibarnamədə, cavabdehin təsdiq etdiyi vəzifə təlimatında əks olunmuş funksiyaları və səlahiyyətlərində və digər işə əlavə edilmiş sənədlərdə X5 cavabdehin adından müqavilələr bağlamaq səlahiyyəti nəzərdə tutulmamışdır. Beləcə, X5 hər hansı məhsulu anbara saxlanca qəbul etmək səlahiyyəti olmamışdır. Məhkəmə kollegiyası göstərilən məsələ ilə bağlı qeyd edir ki, X5 hər hansı məhsulu anbara saxlanca qəbul etmək və buna görə haqq almaq hüququna malik olmaması, iddiaçı ilə münasibətlərdə fiziki şəxs kimi öz adından çıxış etməsi, vurulmuş zərərə görə də onun fiziki şəxs kimi ayrıca məsuliyyət daşımalı olması barədə apellyasiya məhkəməsinin qənaəti düzgün hesab olunsa belə, nəzərə alınmalıdır ki, iddiaçı onu cavabdeh müəssisənin təmsilçisi kimi qəbul etmiş, Rizvan Əsədovun məhsulu qəbul edib saxlamaq üçün şəxsi anbarı olmamış, məhsul cavabdeh müəssisənin anbarında yerləşdirilməklə saxlanılmışdır. Rizvan Əsədovun bilavasitə iş yerində fəaliyyət göstərərək məhsulu müəssisənin anbarına qəbul etməsi, saxlamaya görə iddiaçıdan haqq alması, məhsulun uzun müddət anbarda saxlanılması əsas verir ki, o, işəgötürən müəssisə rəhbərliyinin nəzarəti altında və tapşırığı ilə fəaliyyət göstərmiş, bu fəaliyyət nəticəsində törətdiyi mülki hüquq pozuntusu ilə iddiaçıya ziyan vurmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi təchizat üzrə menecer Rizvan Əsədovun iş yerində, özünün əmək funksiyalarına aid olmayan işi görməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə işəgötürən cavabdehin məsuliyyət daşımalı olub-olmaması ilə bağlı məsələyə münasibət bildirməmişdir. Cavabdeh soyuducu-anbarında saxlama üçün verilmiş sarımsaq məhsulunun çürüyüb xarab olmasında cavabdehin, o cümlədən cavabdehin işçisi olan Rizvan Əsədov deyil, İddiaçı özünün təqsirli olması barədə apellyasiya məhkəməsinin qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu məsələnin həlli zamanı məhkəmə tərəfindən sübutlara tam və hərtərəfli baxmamış, iş üzrə Ali Məhkəmənin Kommersiya kollegiyasının 2022-ci il 5 may tarixli qərarındakı göstərişlərə, o cümlədən məhsulun çürüyüb xarab olmasında hər iki tərəfin təqsirli olması ilə bağlı Mülki Məcəllənin 21.3-cü və 425-ci maddələrinin tələbləri baxımından qiymət verilməsi barədə göstərişə tam əməl olunmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh müəssisənin anbarında sarımsaq məhsulunun normativ tələblərə uyğun qaydada, normal tempraturda saxlanıb-saxlanılmaması, məhsulun iddiaçının məlumatı və razılığı olmadan başqa kameraya yığılmasının, tərkibindəki cücərmiş sarımsaqlar seçilərək kənarlaşdırılmadan, kökü saçaqlardan təmizlənmədən və ümumiyyətlə cücərmiş sarımsaqlar seçilib təmizlənmədən anbara yığılmasına cavabdehin tərəfin razılıq verməsinin səbəbləri müəyyən edilmədən apellyasiya məhkəməsi gəldiyi qənaət əssssız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviriəsaslandırıcı hissəsində göstərilənləri nəzərə almaqla qanuni və əsaslı qətnamə qəbul etməli, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının maddi zərər çəkməsi müəyyən edilərsə və dəymiş zərərin artmasına iddiaçının özünün davranışının şərait yaratması müəyyən olunarsa, bu zaman zərər Mülki Məcəllənin 21.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 05 may 2022-ci il tarixli, 2-2(102)-261/2022 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2-2(106)-94/2021 saylı qətnaməsinin qismən – iddianın təmin edildiyi hissədə ləğv edildiyini və işin həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarıldığını, növbəti apellyasiya baxışları zamanı da qətnamənin həmin hissədə yoxlanılaraq kassasiya instansiyası məhkəməsinin qərarı ilə həmin hissədə ləğv edildiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya vurulmuş maddi zərərə görə 277414,80 manat məbləğində iddia tələbinə aid hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-2(106)-52/2024 saylı qərardadı ilə kommersiya işi üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası qarşısında aşağıdakı məzmunda suallar qoyulmuş: “1. 2019-cu ilin sentyabr ayında respublika ərazisində yerli istehsal olan sarımsaq bitkisinin 1 tona uyğun topdansatış qiyməti neçə manat təşkil etmişdir? 2. 2019-cu ilin dekabr – 2020-ci ilin yanvar aylarında respublika ərazisində yerli istehsal olan sarımsaq bitkisinin 1 tona uyğun topdansatış qiyməti neçə manat təşkil etmişdir?”, ekspert rəyi məhkəməyə təqdim edilənə kimi kommersiya işinin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli, 9/2851 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən 1 ton yerli sarımsağın topdansatış orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 1) 1 ton yerli sarımsaq 2019-cu ilin sentyabr ayına – 1300,00 (1000 kq×1,30 manat) manat; 2) 1 ton yerli sarımsaq 2019-cu ilin dekabr ayına – 3600,00 (1000 kq×3,60 manat) manat; 3) 1 ton yerli sarımsaq 2020-ci ilin yanvar ayına – 4000,00 (1000 kq×4,00 manat) manat. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 avqust 2024-cü il tarixli, 2-2(106)-52/2024 saylı qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)- 805/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə dayandırılmış icraat təzələnmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı çıxış edərək bildirdi ki, əvvəlki məhkəmə iclaslarında da qeyd etdiyi kimi, 2019-cu ilin sentyabr ayında o, 80 ton yerli növ sarımsağı cavabdeh müəssisənin soyuducusuna təhvil vermişdir. Onun niyyəti həmin sarımsağı dekabr ayında soyuducudan çıxarıb satmaq olmuşdur. Lakin cavabdeh müəssisə sarımsağın soyuducuda saxlanılması qaydalarına əməl etmədiyinə görə onun sarımsağı cücərmiş və tamamilə zay olmuşdur. Bildirdi ki, o, sarımsağı hissə-hissə olmaqla, təxminən 2019-cu ilin sentyabrın 25-dən oktyabrın 4-dək soyuducuya təhvil vermişdir. Sarımsağı ondan cavabdeh müəssisənin nümayəndəsi kimi Rizvan Əsədov təhvil almışdır. O, sarımsağı soyuducuya təhvil verməzdən əvvəl onu 40 dərəcəyə qədər qızdırmamış olsa da, cavabdeh müəssisə sarımsağı təhvil alarkən onda hər hansı problem olmamış, cavabdeh də hər hansı bir etiraz etməmişdir. Həmçinin, sarımsağı soyuducuya yerləşdirməzdən əvvəl içindən cücərmiş sarımsaqları çıxdaş etməsə də, cücərmə müşahidə olunmurdu. Ola bilsin ki, hər kisədə ən çoxu bir-iki sarımsaq cücərmiş olsa da, bu, onun soyuducuya verdiyi ümumi məhsulun çox cüzi hissəsini təşkil etmiş və bunu sarımsağın cücərmiş olması kimi qiymətləndirmək olmaz. Yalnız onun sarımsağı cücərdikdən və tamamilə zay olduqdan sonra ona zəng edib sarımsaqdakı problemi bildirmişlər. Cavabdeh tərəfin təqdim etdiyi səs yazıları da həmin dövrə aiddir. Cavabdeh bununla sarımsağın yararsız hala düşməsində özünün təqsirli olmadığını göstərməyə çalışır. Lakin o, buna etiraz edir. Çünki sarımsağı təhvil verən zaman əgər onda hər hansı bir problem var idisə və ya cücərmə halları mövcud idisə, onu soyuducuya qəbul etməyə bilərdilər. İndiki halda isə ona dəymiş zərərin əvəzi ödənilməlidir. Qeyd etdi ki, o, ekspert rəyləri ilə və Dövlət Statistika Komitəsinin məktubunda qeyd edilmiş qiymətlərlə razı deyil, çünki 2019-cu ilin dekabr ayında 1 kiloqram sarımsağın pərakəndə satış qiyməti təxminən 6-7 manat olmuşdur. Lakin hər bir halda əvvəlki apellyasiya baxışı çərçivəsində qət edilmiş 277414 manat məbləğində zərərin ödənilməsinə dair hissədə qətnamə ləğv edilməməli idi. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddiaçının bildirdiklərinə etiraz edərək qeyd etdi ki, iddiaçı tərəfindən soyuducuya təhvil verilmiş sarımsağın çəkisi 80 ton olmamışdır. Bununla bağlı artıq Ali Məhkəmənin Kommersiya Kollegiyasının 05 may 2022-ci il tarixli qərarında yekun qiymət verilmişdir. Onlar Ali Məhkəmənin qərarları ilə tanışdırlar. Bildirir ki, Rizvan Əsədov həmin vaxt Cavabdehndə təchizat üzrə menecer vəzifəsində işləmiş olsa da, onun iddiaçıdan hər hansı bir məhsulu saxlamaq üçün soyuducuya təhvil almaq səlahiyyəti olmamışdır. Rizvan Əsədov sarımsağı soyuducuya qəbul etmiş olsa da, sonradan bu barədə rəhbərliyə hər hansı bir məlumat verməmişdir. Bununla yanaşı, iş materiallarındakı tərəflər arasında olan telefon danışıqlarının səs yazısından da görünür ki, Rizvan Əsədov iddiaçıya təqdim etdiyi sarımsaqda cücərmələr olduğunu bildirmiş, iddiaçı isə buna görə narahat olmamasını və bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, sarımsağın soyuducuda saxlanmağa qəbul edilməsi zamanı onun lazımi şəkildə qızdırılması və cücərmiş sarımsaqların kənarlaşdırılması ilə bağlı tədbirlərin görülməsi barədə Rizvan Əsədovun məlumatlı olub-olmamasından xəbərsizdir. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs Rizvan Əsədov məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hüquqi mövqeyini nəzərə alıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə olan İddiaçı tərəfindən Ağcabədi rayon prokurorluğuna ünvanlanmış ərizədən görünür ki, İddiaçı "xxxx" ASC-nin Ağcabədi rayonunda yerləşən regional idarəsinin rəhbəri X16 barəsində Ağcabədi rayon prokurorluğuna müraciət edərək, ona dəymiş 100000 manat ziyanın ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. İşdə olan Ağcabədi rayon prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış 24 dekabr 2019-cu il tarixli, 553Ş-19 saylı məktubdan görünür ki, İddiaçı dəymiş ziyanın əvəzinin ödənilməsinə dair tələblərlə aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. İşdə surəti olan X16 tərəfindən İddiaçı ünvanlanmış 21 dekabr 2019-cu il tarixli, AZ0400/********** saylı teleqramda qeyd olunur ki, 25 sentyabr 2019-cu il tarixdə İddiaçı müraciəti əsasında, təxminən 40-50 ton sarımsaq və 50 ton soğanı dekabr 2019-cu il tarixədək soyuducu kamerada saxlanılması üçün qəbul etmişdir. Malı qəbul edərkən, onun içərisində müəyyən qədər keyfiyyəti aşağı, cücərmiş formada sarımsaq olmuş və bu barədə İddiaçı məlumatı olmuşdur. Bundan başqa, iş otağında olan danışığa görə birtərəfli qaydada gələcəkdə baş verə biləcək hər hansı bir problemə görə öhdəliyi İddiaçı öz üzərinə götürmüşdür. Ötən müddət ərzində həmin malların saxlanılmasına müntəzəm olaraq nəzarət olunmuş, elektrik və digər avadanlıqlar normal surətdə işləmişdir. İddiaçı dəfələrlə müraciət olunaraq kameraya qoymuş olduğu malları götürməsi bildirilsə də, həmin mallar geri götürülməmişdir. Aralarında olan danışığa əsasən 25 dekabr 2019-cu il tarixdə İddiaçı götürdüyü kameranın aylıq kirayə haqqının vaxtı olduğu üçün kirayə haqqının ödənilməsi ondan tələb olunmuş, 3 gün müddətinə həmin malları təhvil götürmədiyi təqdirdə, gələcəkdə baş verən hər hansı bir neqativ vəziyyətə görə məsuliyyəti şəxsən özü daşıması barədə İddiaçı məlumatlandırılmışdır. İşdə olan Bərdə şəhər "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bərdə rayon Vəkil Bürosunun vəkili Müşfiq Mehdiyevə ünvanlanmış 10 yanvar 2020-ci il tarixli, 08 saylı məktubda qeyd olunur ki, Bərdə şəhər "xxxx" MMC-nin bazarında 2019-cu il üçün 80 ton sarımsaq bitkisinin real bazar qiyməti 360000 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 11 avqust 2020-ci il tarixli, 04/1-47 saylı və 07 oktyabr 2020-ci il tarixli, 04/1-64 saylı məktublarda qeyd olunur ki, 2019-cu ilin dekabr ayında yerli istehsal olan sarımsağın bir kiloqramının ölkə üzrə orta pərakəndə satış qiyməti 1,31 manat təşkil edir. Beynəlxalq təcrübədə mövcud olmadığı üçün Dövlət Statistika Komitəsi məhsulların topdansatış qiymətlərinin statistik müşahidəsini aparmır. İşdə olan Ağcabədi rayon prokurorluğunun 06 avqust 2020-ci il tarixli, 686 xid-20 saylı məktubu ilə təqdim olunmuş İddiaçı Ağcabədi rayon prokurorluğuna verdiyi 20 dekabr 2019-cu il tarixli izahatında qeyd olunur ki, Ağdam rayonu Ergi qəsəbəsində təsərrüfatla - sarımsaq əkini ilə məşğul olur. 2019-cu ilin iyun ayında sahədən 80 ton sarımsaq yığıb məhsulu Ergi qəsəbəsində təsərrüfatının olduğu yerdə çardağın altında saxlamışdır. Sonradan məhsulun soyuducu şəraitində saxlanılmasını qərara almışdır və 25 sentyabr 2019-cu il tarixdə həmin 80 ton sarımsağı Ağcabədi rayonu, Hüsülü kəndində yerləşən "xxxx" ASC-nin Ağcabədi regional idarəsinə vermişdir. Bu məqsədlə həmin müəssisənin nümayəndəsi Rizvan adlı şəxslə məhsulun 3 ay müddətinə saxlanılması üçün 12000 manat xidmət haqqına razılaşmışdır. Həmin xidmət haqqının 10000 manatını hissə-hissə 2 dəfə 4000 manat, bir dəfə isə 2000 manat olmaqla Rizvana ödəmişdir. Şərtlərinə əsasən mal soyuducu kameralarda 2 dərəcə temperaturda saxlanmalı idi. Malı "xxxx" ASC-nin Ağcabədi regional idarəsinə təhvil verdikdən təxminən 20 gün sonra Rizvan malda yüngülvari göyərmə olduğunu bildirmişdir. O gedib məhsula baxanda 80 ton sarımsağın təxminən 2 faizinin göyərdiyini görmüşdür. Məhsulda az miqdarda göyərmə olmasını normal hesab etdiyindən o malı soyuducudan çıxarmamışdır. Lakin bir müddətdən sonra Rizvan mütəmadi olaraq gəlib malını anbardan çıxarmasını bildirmişdir. 10 dekabr 2019-cu il tarixdə o, "xxxx" ASC-nin Ağcabədi regional idarəsinə gedib mala baxdıqda anbara yerləşdirdiyi 80 ton sarımsağın tamamilə göyərib yararsız vəziyyətə düşdüyünü, malın da onun xəbəri olmadan başqa kameraya yığıldığını öyrənmişdir. Yəqin ki, əvvəlki kamera uzun müddət işləmədiyindən məhsul xarab olmuş, Rizvan da sonradan malı başqa kameraya yığmışdır. Bunun nəticəsində ona ziyan dəymişdir. Lakin bunun pulla dəyərini deyə bilmir, bunun üçün ekspertiza təyin olunub qiymət qoyulmalıdır. Həmin məhsulun yetişdirilməsi üçün 50-60 ailədən adamlar işləmiş, onlara pul ödənilmişdir. O, "xxxx" ASC-nin Ağcabədi regional idarəsində onun malının yığıldığı soyuducu kameranın monitorunun şəklini çəkmişdir, soyuducu 2 dərəcə işləməli olduğu halda 7,4 dərəcədə işləmişdir. Bununla bağlı Rizvana bildirdikdə heç nəyə zəmanət vermədiyini bildirmişdir. Rizvan söhbəti bağlamaq üçün ona ödədiyi 10000 manatı təklif edir, o isə bununla razılaşmır. O, 80 ton sarımsağı "xxxx" ASC-nin Ağcabədi regional idarəsinə rəsmi yazılı şəkildə təhvil verməmişdir, yalnız müəssisənin müdiri Rizvan adlı şəxslə şifahi razılaşması olmuşdur. Hətta xidmət haqqı kimi ödədiyi 10000 manat üçün də ona heç bir qəbz təqdim olunmamışdır. O, sahədən yığılmış sarımsağı qurutmaq məqsədilə bir neçə ay müddətində çardaq altında soyuducu şəraitində olmadan saxlamışdır. Həmin müddətdə məhsul xarab ola bilməzdi. Sarımsağı əkdiyi müddətdə məhsula lazımi qaydada aqrotexniki qulluq olunmuş, xəstəliklərə qarşı bütün dərmanlar verilmişdir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməmişdir. Həmçinin, İddiaçı prokurorluğa verdiyi 24 dekabr 2019cu il tarixli izahatında qeyd olunur ki, malın hissə-hissə gətirilməsinin məhsulun keyfiyyətinə heç bir dəxli yoxdur. 80 ton məhsulu o, 10 gün ərzində daşıyaraq soyuducuya yığmışdır. Onun malların soyuducuda saxlanması şəraiti barədə heç bir məlumatı yoxdur. Malın saxlanma qaydasını Rizvan yaxşı bilir, o da ona inanıb malı təhvil vermişdir. Hansı şərait yaxşı idisə, Rizvan malı həmin şəraitdə saxlamalı idi. Onun malı anbara yerləşdirilən zaman malda təxminən hər kisədə bir sarımsaq göyərə bilərdi. Bu isə normal haldır. O, bunu nəzərə alaraq malını anbardan götürməmişdir. Rizvan onunla telefon danışığı zamanı sonradan gətirəcəyi malı götürməyəcəyi barədə xəbərdarlıq etmişdir, həmin vaxt o, sonradan anbara yenə mal gətirməyi planlaşdırmışdır. Lakin mümkün olmadığından daha mal gətirə bilməmişdir. Rizvan onun malını xarab edəndən sonra, ona zəng edərək malı anbardan çıxarmasını bildirmişdir. Rizvan onu 19 dekabr 2019-cu il tarixdə anbara dəvət etmiş, anbarın yuxarısında havanın temperaturunu yoxlamış və hava soyuq olmuşdur. Rizvan 18 dekabr 2019-cu il tarixdə malın yerini dəyişmiş, usta çağırıb soyuducunu təmin etdirmiş, sonradan onu dəvət etmişdir. Əgər o haqlıdırsa, soyuducunu düzəltdirməmiş onu çağırmalı idi. Onun malın təhvil-təslimindən başı çıxmır. Rizvan malı qəbul edən şəxsdir, malı qəbul edəndə sənəd imzalamağı ona təklif etməmişdir. O, onun xidmət haqqını hər ayın əvvəlində ödəyib malını soyuducuda saxlamışdır. Rizvan onun malını meyvə üçün nəzərdə tutulmuş müsbət temperaturlu kamerada saxlamışdır, əslində isə sarımsaq mənfi dərəcəli temperaturda saxlanılmalı idi. İşdə olan Ağcabədi rayon prokurorluğunun 06 avqust 2020-ci il tarixli, 686 xid-20 saylı məktubu ilə təqdim olunmuş X5 Ağcabədi rayon prokurorluğuna verdiyi 21 dekabr 2020-ci il tarixli izahatında qeyd olunur ki, İddiaçı əvvəllər tanımamışdır. Cavabdeh MMCdə menecer vəzifəsində işləyir. Həmin müəssisənin Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində beş min tonluq soyuducu anbarı vardır. Anbarda xidmət haqqı müqabilində ərzaq məhsullarının saxlanılması nəzərdə tutulmuşdur. İddiaçı 25 sentyabr 2019-cu il tarixdən başlayaraq təxminən 10-15 gün müddətində hissə-hissə təxminən 50-60 ton çəkidə sarımsaq gətirərək anbara yerləşdirmiş, malın 2019-cu ilin dekabr ayına qədər saxlanılması üçün xidmət haqqı kimi 10000 manat ödəmiş, 2000 manat da borclu qalmışdır. Malın hissə-hissə gətirilərək yerləşdirilməsinin məhsula ziyan olduğunu, daha əvvəl yerləşdirilmiş məhsulun artıq müəyyən temperaturda soyumasını, sonradan gələn malın həmin temperaturu götürməsinin müəyyən vaxt tələb etdiyini, bunun isə eyni yerdə saxlanılan məhsul üçün mənfi nəticə verə biləcəyini İddiaçı izah etmiş, malın bütöv halda soyuducuya yerləşdirməsini məsləhət görmüşdür. Lakin Mütəllim “daha ondan keçib” deyərək malı eyni qaydada soyuducuya yerləşdirmişdir. Hətta, o, Mütəllimə malı anbarın arxa tərəfində adi temperaturlu şərait olduğunu, malın hissə-hissə həmin yerdə toplanmasını, axırda cəm halında soyuducuya vurulmasını da məsləhət görmüş, lakin Mütəllim buna da razı olmamış, hər dəfə ona deyəndə işinin alınmadığını, ona görə ləngidiyini demişdir. Bundan başqa, İddiaçı ilk gündən malı anbara gətirən zaman onun məhsulunda cücərmə müşahidə olunmuşdur. O, bununla bağlı aqronomla da məsləhətləşmişdir, aqronom həmin malın soyuducuya yerləşdirilməsini məsləhət görməmiş, məhsulun zay olacağını bildirmişdir. Bu barədə də, o, Mütəllimə bildirmiş, malın sonrakı aqibəti üçün cavabdeh olmadığını, ondan xidmət haqqını tam istəmədiyini, həmin pulu fəhləyə və maşına verib malını daşımağı bildirmişdir. Mütəllim tezliklə malını soyuducudan çıxaracağını deyərək vaxtı yubatmışdır. Bundan başqa, Mütəllim 2019-cu ilin may ayında məhsulu sahədən yığmış, isti açıq şəraitdə uzun müddət saxlamış, sonradan cücərdiyini görüb soyuducuya yerləşdirməyi qərara almışdır. Halbuki, soyuducu şəraiti çıxış yolu deyil, soyuducu məhsulu müəyyən müddət saxlamaq imkanındadır. Lakin Mütəllim kimdənsə əsassız sözlər eşidib guya malın mənfi 2 dərəcə temperaturda saxlanılmalı olduğunu iddia edir. Halbuki, məhsul mənfi 2 dərəcədə saxlanılsaydı, donub sonradan havaya çıxarılanda tamamilə məhv olacaqdı. O, Mütəllimlə aralarında olan telefon danışıqlarının əks olunduğu diski və Mütəllimin malının anbara yığılarkən ilkin görüntülərini könüllü olaraq izahatına əlavə edir. Həmin danışıqlarda onun Mütəllimə malının əvvəlcədən cücərməsini bildirməyi, Mütəllimin də malına tez-tez nəzarət edəcəyini, götürüb aparacağını deməsi təsdiq olunur. Lakin Mütəllim vaxtında malını anbardan çıxarmamış, vədlərinə əməl etməmiş, sonda onu şantaj etmişdir. Mütəllimin malında əvvəlcədən cücərmə baş vermişdir. Məhsul isə 16 dekabr 2019-cu il tarixdə başqa soyuducuya yığılmış, bunun səbəbi isə soyuducunun temperaturunun müsbət iki dərəcəyə enməsi idi. O, bununla bağlı usta da çağırmış, usta soyuducunun mühərrikində problem olmadığını, içəridəki məhsulda qızışma getdiyini, ona görə də, temperaturun nizamlanmadığını bildirmişdir. 16 dekabr 2019-cu il tarixdən əvvəl soyuducuda heç bir problem olmamışdır. Başqa soyuducuya yığıldıqdan sonra da məhsulda qızışma getdiyi, malın keyfiyyətini itirdiyi təsdiq olunmuşdur. O, həmin günlərdə Mütəllimlə birlikdə anbarın yuxarısına çıxıb ona soyuducunun radiatorundan çıxan havanın temperaturunu yoxlamağı bildirmiş, həqiqətən də soyuducunun buz kimi soyuq havanı vurduğu məlum olmuşdur. Həm də Mütəllim anbara 80 ton deyil, təxminən 50-60 ton sarımsaq yığmışdır. İddiaçıla sarımsağın soyuducuya təhvil verilməsi barədə heç bir rəsmi yazılı sənəd tərtib olunmamışdır. Malı yığmamışdan əvvəl Mütəllim tanışlıq verib uzaq qohumluqlarının olduğunu bildirmiş, o da el-oba olduğunu nəzərə alaraq ona inanmışdır. Həmçinin, X5 Ağcabədi rayon prokurorluğuna verdiyi 24 dekabr 2020-ci il tarixli izahatında qeyd olunur ki, Cavabdeh MMC üç ildir ki, "xxxx" ASC və "xxxx" MMC ilə əməkdaşlıq edir, həmin təşkilatlar Cavabdeh MMC-yə məxsus soyuduculara xeylı mal yerləşdirmişlər. İndiyə qədər həmin təşkilatlara məxsus mallarda heç bir problem yaranmamış, heç bir şəxs onlardan şikayət etməmişdir. Bundan başqa, İddiaçı sarımsaqla bərabər 25 sentyabr 2019-cu il tarixdə təxminən 50 ton çəkidə soğanı da Cavabdeh MMC-yə məxsus soyuducuya yerləşdirmiş, soğan indiyə qədər normal vəziyyətdə qalmışdır. İddiaçı soğanla bağlı heç bir şikayəti yoxdur. Necə ola bilər ki, eyni soyuducuda soğan yaxşı vəziyyətdə qalır, sarımsaq isə xarab olur. Bu da İddiaçı böhtançı olduğunu bir daha təsdiq edir. İddiaçı məxsus soğan və sarımsaq fərqli otaqlarda saxlanılır, lakin həmin otaqların soyuducu sistemi eyni mühərrikə və qurğuya malikdir. Yəni, ümumi soyuducuda problem olsa idi, soğanda da problem yaşanardı. Mütəllimin anbara yığdığı soğan başqa adama, Mütəllimin şərikinə məxsusdur. Təxminən on gün əvvəl soğanın sahibləri anbara gələrək Mütəllimin onlara kələk gəldiyini, guya sarımsağı anbardan çıxardığını onlara dediyini bildirmişdirlər. İddiaçı yerləşdirdiyi soğan rəsmi yazılı şəkildə təhvil alınmamışdır. Rəsmi razılaşmanın olmamasının səbəbi Mütəllimlə uzaq qohumluq və tanışlıq münasibətlərinin olması, ona olan inamı olmuşdur. Onun Mütəllimlə qərəzi olsaydı, ona məxsus soğana da ziyan vurardı. Əksinə o maraqlıdır ki, müştərinin malını keyfiyyətli saxlasın, o da daimi olaraq onun soyuducusundan istifadə etsin. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Ağcabədi rayonunun Rəncbərlər kəndində 1,4 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 7309 kv.m olan ticarət təyinatlı əmlak kompleksi kimi müəssisəyə Cavabdeh mülkiyyət hüququ 26 yanvar 2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin əmlak kompleksi kimi müəssisənin tərkibinə həm də ümumi sahəsi 6111,2 kv.m olan qeyri-yaşayış binası kimi “ofis və soyuducu anbar kompleksi” daxildir. Birinci instansiya məhkəməsinin 07 sentyabr 2020-ci il tarixində keçirilmiş məhkəmə iclasında mütəxəssis qismində dinlənilmiş X17 izahatında bildirmişdir ki, sarımsaq yığılandan sonra əgər əkinə gedəcəksə, onda onun kökləri təmizlənmir, başı 5 sm qədər kəsilir, sonra talvar altında qurudulur, əkin müddəti gələndə dişlərindən ayrılır və əkilir. Sarımsağın əkin müddəti sentyabr ayının 20-dən oktyabr ayının 25-nə qədərdir. Sarımsaq yığılır, düzgün sərilib qurudulur və bu zaman, sarımsaqda sentyabr ayının 15-nə qədər cücərmə olmur. Əgər sarımsaq nəm çəkirsə, o zaman ayılır və cücərməyə başlayır. Ona görə də oktyabr ayının 25-nə qədər onu əkib qurtarmaq lazımdır. Əgər oktyabr ayının 25dən sonra əkilərsə, o zaman sarımsağın cücərmiş hissəsi qırılır və əkindən yaxşı nəticə alınmır. Lakin satış məqsədilə uzun müddət saxlamaqdan ötrü mütləq sarımsağın həm başı 4 sm kəsilir, həm də kökü, yəni aşağı hissəsi saçaqlardan təmizlənir, bəzi hallarda onu yandırırlar, bəzi hallarda isə onu oyuq şəklində kəsib çıxarırlar. Sonra da onu sərirlər, qurudurlar, bir az sonra isə onu soyuducuya yığırlar. Soyuducuda bunun temperaturu əgər konteynerə vurub saxlayırlarsa, mənfi 1-2 dərəcə arası olmalıdır. Həmin saxlama kamerasının, yəni otağın nəmliyi 75-80 faiz dərəcəsində olmalıdır. Bu, hər gün yoxlanılmalıdır. Sarımsağı soyuducuya qoymamışdan qabaq 8 saat ərzində 40 dərəcə tempuraturda qızdırmaq lazımdır. O zaman həmin sarımsaq uzun müddətli qala bilir. Kisə şəklində saxlanıldıqda sarımsaq 3-4 ay ərzində saxlanılır. Yəni 3-4 aydan sonra o cücərməyə başlayır və xarab olur. Sarımsaq əsasən iyun ayının axırı, iyul aylarında yığılır. Sentyabr ayına qədər sarımsağı sərib saxlamaq olar. Əgər sarımsaq satış üçün nəzərdə tutulursa, onu sentyabrın 25-nə kimi gözləmək lazım deyil. Sarımsaq yığılandan sonra elə sahənin özündə, yaxud da talvara sərib qurudulur. Sentyabrın 20-nə qədər sarımsaq demək olar ki, cücərmir. Əgər məhsul bir soyuducudan çıxarılıb digər soyuducuya qoyulursa, temperatur əgər eyni deyilsə, oyanma baş verə bilər. 1 günə belə sarımsaqda oyanma baş verib cücərə bilər. Cücərmiş sarımsağı soyuducuya qoyduqdan sonra cücərmə prosesi dayanmır, əksinə çürümə baş verib xarab olur. Sarımsağı anbarda saxlamağa verən adam məhsulu soyuducuda saxlayacaq adamla əlaqə saxlamalıdır ki, siz hansı şəraitdə məhsulu saxlayırsız. Məsələn konteynerdəmi, açıq havadamı, yeşikdəmi, torbadamı. Ondan sonra məhsulu həmin şəxsə təhvil verməlidir. Həmin şəxs də tez-tez nəzarət etməlidir. Cücərmiş, zədələnmiş sarımsaqlar varsa, onları seçib çıxarmalıdır. Cücərmiş və zədələnmiş sarımsaq orada qalarsa, o biri sarımsaqları da zədələməyə başlayacaq. Sarımsaq +2 və -1 aralığında olan temperaturda saxlanılır. Sarımsağı soyuducuya qoymazdan əvvəl baxmaq lazımdır ki, cücərib ya yox, əgər cücərmiş sarımsaq vardırsa, onları seçib çıxarırsan, cücərməyənləri isə soyuducuda 3-4 ay saxlamaq olar. Anbarda məhsul olduğu müddətdə ora tez-tez məhsul yığılması anbarda saxlanılan məhsula ziyan vura bilər. Bunun üçün anbara nəzarət olunmalıdır. Cücərmiş məhsulu anbarda saxlamaq mümkün deyil. Sarımsaq iyul ayının axırı-avqust ayının əvvəllərində anbara təhvil verilməlidir. Əgər məhsul sentyabr ayında anbara təhvil verilirsə, mütləq şəkildə cücərmiş, çürümüş hissələr təmizlənməlidir. Əgər cücərmiş və çürümüş hissələr seçilib təmizlənməsə, qalan məhsulun cücərməsinə səbəb olar. İş materiallarından görünür ki, İddiaçı 2019-cu ilin iyun ayında sahəsindən yığmış olduğu sarımsaq məhsulunu bir müddət təsərrüfatında çardağın altında saxlamış, daha sonra həmin məhsulu soyuducuya yerləşdirmək qərarına gəlmişdir. Bu səbəblə o, 2019-cu ilin sentyabr ayının 25-də soyuducuların olduğu müəssisənin rəhbəri kimi X16 ilə razılığa gələrək, hissə-hissə həmin soyuducuya sarımsağın yerləşdirilməsini, sarımsağın 2019-cu ilin dekabr ayınadək soyuducuda qalmasını, xidmət haqqı olaraq isə 12000 manat ödəniləcəyini şərtləşdirmişlər. İddiaçı soyuducuya yerləşdirilmiş sarımsağın ümumi çəkisinin 80 ton olduğunu, cavabdeh tərəf isə 60 ton olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası 05 may 2022-ci il tarixli, 2-2(102)-261/2022 saylı qərarında həmin məsələyə hüquqi qiymət verərək bildirmişdir ki, 80 ton məhsul verilməsi və həmin məhsulun 360000 manat dəyərində olmasının sübutetmə yükü iddiaçının üzərinə düşür. İşdə olan ekspert rəyi və digər sübutlarla saxlanca cəmi 60 ton məhsul verilməsi müəyyən edilir. Saxlanca verilən məhsulun çəkisinin bundan artıq olmasına dair iddiaçı sübut təqdim edə bilməmişdir. İş materiallarındakı ekspert rəyi ilə məhkəməyə təqdim edilmiş 2019-cu il 24 sentyabr və 2 oktyabr tarixli telefon danışıqlarının səsyazma mətninə gəldikdə isə qeyd olunmalıdır ki, həmin mətndə saxlanca verilmiş məhsulun həcmi ümumiyyətlə qeyd olunmur. Odur ki, iddiaçı tərəf MPM-in 77.1-ci maddəsinə uyğun olaraq üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, məhkəməyə iddiaçı tərəfindən saxlanca 60 ton deyil, 80 ton məhsul verildiyini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçı tərəfindən saxlanca cəmi 60 ton çəkisində sarımsağın verilməsini işin müəyyən edilmiş halı kimi qəbul edir. İddiaçı ilk öncə hazırkı iddianı cavabdeh kimi X11 qarşı qaldırmış olsa da, sonradan onun Cavabdeh işçisi olması səbəbindən əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə əsl olmayan cavabdeh əsl cavabdehlə əvəz olunmuşdur. X5 məhsulu anbara saxlanca qəbul edərkən müvafiq səlahiyyətə malik olubolmaması və onun cavabdehin işçisi kimi, yoxsa müstəqil sahibkar olaraq çıxış etməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1129.2-ci maddəsinə əsasən, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MM-in 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda bildirmişdir ki, Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. İlk öncə o qeyd olunmalıdır ki, iddiaçının iddia ərizəsindən və onun Ağcabədi rayon prokurorluğuna verdiyi izahatlardan aydın olur ki, o, sarımsağı saxlanılması üçün təhvil verən zaman Rizvan Əsədov fərdi sahibkar kimi deyil, müəssisənin nümayəndəsi kimi onu qəbul etmişdir. İddiaçı prokurorluğa verdiyi izahatında Rizvan Əsədovu "xxxx" ASC-nin Ağcabədi regional idarəsinin nümayəndəsi kimi qeyd etsə də, bu hal Rizvan Əsədovun Cavabdeh təchizat üzrə meneceri olmasını və məhz həmin müəssisənin nümayəndəsi kimi sarımsağı saxlanca qəbul etməsini istisna etmir. Həmçinin, Cavabdeh "xxxx" ASC ilə müqavilə çərçivəsində əməkdaşlıq etməsinin də iddiaçıda bu cür qənaətə yol açmış ola biləcəyi ağlabatandır. Hər bir halda iddiaçı ilə birbaşa olaraq danışıqları aparmış şəxs Cavabdeh nümayəndəsi kimi Rizvan Əsədov olmuşdur. İşdə olan Cavabdeh 10 fevral 2020-ci il tarixli, FM/F-02-20 saylı arayışında qeyd olunur ki, X16 həqiqətən də Cavabdehndə 2018-ci ilin yanvar ayından təchizat üzrə menecer vəzifəsinə təyin olunmuşdur. İşdə olan Cavabdeh 10 yanvar 2019-cu il tarixli, FM/Y-01-19 saylı etibarnaməsindən görünür ki, həmin etibarnamə ilə Cavabdeh adından Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən notariat kontorlarında, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində, məhkəmə orqanlarında və digər dövlət idarə və təşkilatlarına sənədlər təqdim etmək, alğı-satqı əməliyyatlarını həyata keçirmək və bu sənədlərdə imza etmək, arayışların alınması, müqavilələrin bağlanılması, hazır olan sənədləri götürmək, tələb olunan zəruri sənədləri təqdim etmək və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etmək 10 yanvar 2021ci il tarixədək X11 etibar edilmişdir. İşdə olan Cavabdeh 11 aprel 2022-ci il tarixli, 03/22 nömrəli əmrindən görünür ki, müəssisənin təchizat üzrə meneceri vəzifəsində çalışan X16 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən 11 aprel 2022-ci il tarixdən xitam verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən verilmiş sarımsağın saxlanca qəbul edilməsi çərçivəsində edilmiş hərəkətlərin icrası zamanı Rizvan Əsədov müəssisənin işçisi təchizat üzrə menecer vəzifəsində işləmiş, müəssisənin adından çıxış edərək iddiaçıdan sarımsaq məhsulunu saxlanca qəbul etmiş, iddiaçı onu müəssisəni təmsil edən şəxs kimi qəbul edib məhsulun saxlanması üçün danışıqlar apararaq şifahi müqavilə bağlamış, məhsul saxlanılan anbar Rizvan Əsədova deyil, Cavabdehnə məxsus olmuş, məhsul Rizvan Əsədovun şəxsi obyektində yerləşdirilib saxlanılmamış, o, müəssisənin işçisi kimi bu məsələ ilə bağlı müəyyən funksiyaları həyata keçirmişdir. Cavabdeh müəssisənin Rizvan Əsədovun soyuducuya yerləşdirilən saxlanc məhsulu barədə onlara məlumat verilməməsinə dair etirazı ilə bağlı isə məhkəmə kollegiyası bildirir ki, bu cür məlumatın verilməmiş olması iddiaçıya vurulmuş zərərə görə həmin müəssisəni məsuliyyətdən azad edən hal kimi çıxış edə bilməz. Təchizat üzrə menecerin vəzifə təlimatında Rizvan Əsədov tərəfindən icra edilmiş hərəkətlər onun vəzifə öhdəlikləri kimi göstərilməmiş olsa da, soyuducu anbara girişçıxışının olması, onun hərəkətlərinə müəssisə sahibinin və digər rəhbər şəxslərin etiraz etməmələri, məhsul anbara qəbul olunandan sonrakı danışıqların məhz Rizvan Əsədov tərəfindən aparılması, saxlama haqqı kimi 10000 manat pulun onun tərəfindən iddiaçıdan alınması da əsas verir ki, faktiki olaraq Rizvan Əsədovun məhsulu anbara qəbul etmək və saxlanmasına nəzarət etmək səlahiyyəti olmuşdur, onun müəssisənin adından çıxış etməsi fəaliyyət göstərdiyi şəraitdən də aşkar bəlli idi. Bundan başqa, Rizvan Əsədov iddiaçıya göndərdiyi 21 dekabr 2019-cu il tarixli teleqramda da özünü Ağcabədi rayonu, Rəncbərlər kəndində yerləşən soyuducu anbarın meneceri kimi qeyd etmişdir. Həmçinin, Rizvan Əsədova verilmiş etibarnamədə ona Cavabdeh adından müqavilələrin bağlanması və onun yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etmək səlahiyyəti etibar edilmişdir. Bu səlahiyyət çərçivəsində X14 İmanovla Cavabdeh adından müqavilə bağlamaq hüququ olmuş, bağlanılan şifahi müqavilənin yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etmək, yəni müqavilə çərçivəsində verilmiş məhsulu saxlanca qəbul etmək və müvafiq danışıqları aparmaq səlahiyyəti mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 360.1-ci maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Rizvan Əsədova verilmiş etibarnamənin məzmununda konkret olaraq hansı müqavilələrin bağlanmasına dair ona səlahiyyət verildiyi öz əksini tapmadığından, cavabdeh müəssisənin bu yöndə iradəsinin nədən ibarət olduğunu müəyyən etmək mümkün deyil. Lakin hər bir halda iddiaçının bu cür haldan məlumatlı olması imkanı mövcud olmamış, Rizvan Əsədovun özünü səlahiyyətli nümayəndə kimi təqdim etməsi işin faktiki halları baxımından iddiaçıya münasibətdə inandırıcı olmuşdur. Mülki Məcəllənin 360.2-ci maddəsinə əsasən, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Rizvan Əsədov tərəfindən ona verilmiş səlahiyyətlərin həddi aşılmaqla, müxtəlif hərəkətlərin icra edilməsinin qəbul olunması halında belə, təmsil edilən Cavabdeh X2 hərəkətlərindən narazı qalmasına dair hər hansı hal işdən müəyyən olunmur. Həmçinin, birinci instansiya məhkəməsinin 23 iyul 2020-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi vəkil X8 qeyd etmişdir ki, müəssisə rəhbərinin anbara qoyulan məhsul barədə məlumatı olmamış, rəhbərliyin yalnız təqribən noyabr ayında X15 İmanov arasında yaranan problemdən sonra xəbəri olmuş, lakin rəhbərlik tərəfindən iddiaçıya məhsulun anbardan çıxarılması barədə yazılı şəkildə xəbərdarlıq olunmamışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bildirir ki, ən azı təxminən məlumatının olduğu 1 ay ərzində cavabdeh müəssisə tərəfindən iddiaçıya xəbərdarlığın olunmaması onun bağlanmış şifahi müqaviləni bəyəndiyini və etiraz etmədiyini göstərir. Həmçinin, əvvəlki apellyasiya baxışı çərçivəsində üçüncü şəxs Rizvan Əsədov məhkəmənin 16 sentyabr 2022-ci il tarixli iclasında çıxış edərkən bildirmişdir ki, iddiaçıdan aldığı puldan 3000 manatını işıq pulu kimi, bir hissəsini işçilərin əmək haqqı kimi, qalan hissəsini isə anbarla bağlı olan avadanlıqların təmiri üçün xərcləmiş, onun özünə 1500 manat qalmışdır. Rizvan Əsədovun əldə olunmuş pulu sərf etdiyi xərclər nəzərə alındıqda da, belə qənaətə gəlmək mümkündür ki, görülmüş xidmətin müqabilində alınmış pul da cavabdeh müəssisənin xeyrinə sərf olunmuşdur. Beləliklə, müəyyən olunur ki, İddiaçı Rizvan Əsədovu cavabdeh müəssisənin təmsilçisi kimi qəbul etmiş, Rizvan Əsədovun məhsulu qəbul edib saxlamaq üçün şəxsi anbarı olmamış, məhsul cavabdeh müəssisənin anbarında yerləşdirilməklə saxlanılmışdır. Rizvan Əsədovun bilavasitə iş yerində fəaliyyət göstərərək məhsulu müəssisənin anbarına qəbul etməsi, saxlamaya görə iddiaçıdan haqq alması, məhsulun uzun müddət anbarda saxlanılması əsas verir ki, o, işəgötürən müəssisə rəhbərliyinin nəzarəti altında və tapşırığı ilə fəaliyyət göstərmiş, bu fəaliyyət nəticəsində törətdiyi mülki hüquq pozuntusu ilə iddiaçıya ziyan vurmuşdur. Həmçinin, təchizat üzrə menecer Rizvan Əsədovun iş yerində, özünün əmək funksiyalarına aid olmayan işi görməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə işəgötürən cavabdeh müəssisə hər hansı hüquqi tədbirlər görüb iddiaçıya məhsulu anbardan çıxarması barədə xəbərdarlıq etməməklə, əqdi bəyəndiyini göstərmişdir. Bununla da, cavabdeh müəssisənin işçisi Rizvan Əsədovun iddiaçıya vurduğu zərərin əvəzinin ödənilməsinə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Cavabdeh iddiaçıya vurulmuş zərərə görə mülki hüquqi məsuliyyət daşımalı olduğu müəyyən edildiyinə görə, hazırda həmin məsuliyyətin həcmi müəyyənləşdirilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında məhsulun soyuducu anbarda saxlanca verilməsi ilə əlaqədar saxlama münasibətləri meydana gəlmişdir. Mülki Məcəllənin 822-ci maddəsinə əsasən, saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. MM-in 824.1-ci maddəsinə əsasən, əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 827.1-ci maddəsinə əsasən, anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. Mülki Məcəllənin 829.1-ci maddəsinə əsasən, anbar sahibi malların saxlanması üçün komisyonçu kimi məsuliyyət daşıyır. MM-in 813-cü maddəsinə əsasən, komisyonçu saxlamağa götürdüyü malın itməsi və zədələnməsi üçün, əgər qarşısıalınmaz qüvvə ilə bağlı hallar yoxdursa, məsuliyyət daşıyır. Həmin Məcəllənin 812.1-ci maddəsinə əsasən, komitentin sərəncamı ilə komisyonçuya göndərilmiş komisyon malı zədələnmiş olduqda komisyonçu komitentin hüquqlarını müdafiə etməli, malın vəziyyəti barəsində sübutlar qayğısına qalmalı və bu barədə dərhal komitentə bildiriş verməlidir. Cavabdeh müəssisədə iddiaçıya məxsus sarımsaq haqq müqabilində saxlanıldığına görə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, eləcə də, bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. MM-in 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Cavabdeh müəssisə MM-in 827.1-ci maddəsindən də göründüyü kimi, saxlama fəaliyyəti ilə sənətkarlıq şəklində məşğul olur. Ona görə də sarımsağı saxlanca qəbul edən zaman riayət olunmalı qaydalara əməl edilməsini və müvafiq prosedurların icra edilməsini yoxlamaq sarımsağın saxlanılması üçün adi olan vicdanlılıq tələbi hesab edilir. Səs yazılarında məhsulun anbara qəbul edilməsi zamanı məhsulda nöqsanların olmasının iddiaçıya bildirilmiş olması cavabdeh müəssisənin vicdanlılığı hesab edilə bilməz. Çünki cavabdeh müəssisə sarımsaqdakı yaranmış qüsurun onu tamamilə yararsız hala sala biləcəyini bildiyi halda, yenə də onları saxlamağa qəbul etmiş, lakin sonradan tələb olunan vicdanlılığa riayət etməyərək, yararsız hala düşmüş məhsulun yararlı məhsuldan ayrılması ilə bağlı hər hansı tədbir görməmiş, bunun edilməsini iddiaçıdan yazılı şəkildə tələb etməmişdir. Bununla da anbar sahibinin saxlanca götürdüyü məhsulun yararsız hala düşməsinə görə məsuliyyəti yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası tərkibindəki cücərmiş sarımsaqların seçilərək kənarlaşdırılmadan, kökü saçaqlardan təmizlənmədən və ümumiyyətlə cücərmiş sarımsaqlar seçilib təmizlənmədən anbara yığılmasına cavabdeh tərəfin razılıq verməsinin səbəbini araşdırmış, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında bunun səbəbini iddiaçının bütün məsuliyyəti öz üzərinə götürməsi ilə izah etmişdir. Halbuki, MM-in 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfindən istinad edilən həmin hal onun məsuliyyətdən qabaqcadan azad olunmasına əsas vermir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qeyd edilən normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, hazırda zərərin yaranmasında və artmasında cavabdeh müəssisə ilə yanaşı, iddiaçının da təqsiri olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: İş materiallarından görünür ki, mübahisə predmeti olan sarımsaq soyuducuda saxlanca 2019-cu ilin 25 sentyabr tarixində təhvil verilmişdir. Birinci instansiya məhkəməsinin 2020-ci il 7 sentyabr tarixində keçirilən iclasında mütəxəssis qismində dinlənilmiş X7 izahatından məlum olur ki, sarımsaq iyul ayının axırı-avqust ayının əvvəllərində anbara təhvil verilməlidir. Əgər məhsul sentyabr ayında anbara təhvil verilirsə, mütləq şəkildə cücərmiş, çürümüş hissələr təmizlənməlidir. Əgər cücərmiş və çürümüş hissələr seçilib təmizlənməsə, qalan məhsulun cücərməsinə səbəb olar. Göründüyü kimi, məhsul mütəxəssisin göstərdiyi tarixdən təxminən 1 ay yarım sonra saxlanca verilmişdir. Belə olan halda, həmin məhsulun tərkibindəki sarımsaqlarda məhsul saxlanca verilməmişdən əvvəl və ya sonra cücərmə hallarının baş verməsi istisna oluna bilməz. Həmçinin, mütəxəssis qeyd etmişdir ki, sarımsağı soyuducuya qoymamışdan qabaq 8 saat ərzində 40 dərəcə tempuraturda qızdırmaq lazımdır. Lakin apellyasiya məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli iclasında iştirak edən iddiaçı sarımsağı soyuducuya təhvil verməzdən əvvəl onu 40 dərəcəyə qədər qızdırmadığını, hər hansı kisədə ən çoxu bir-iki sarımsağın cücərmiş ola biləcəyini və sarımsağı soyuducuya yerləşdirməzdən əvvəl içindən cücərmiş sarımsaqları çıxdaş etmədiyini qeyd etməklə, təhvil verilmiş məhsula lazımi qaydada aqrotexniki xidmətlərin göstərilməməsini və onun tərkibindəki cücərmiş sarımsaqların seçilərək kənarlaşdırılmamasını təsdiq etmişdir. Halbuki, mütəxəssisin izahatında göstərildiyi kimi, cücərmiş sarımsaqların məhsulun digər hissəsinin də cücərməsinə və çürüməsinə səbəb ola bilməsi də tamamilə mümkün idi. Bundan başqa, iş materiallarında olan 2019-cu il 24 sentyabr və 2 oktyabr tarixli telefon danışıqlarının səsyazma mətnindən görünür ki, Rizvan Əsədov dəfələrlə iddiaçıya malının cücərməsini bildirmiş, sonuncu da malını tezliklə aparacağını demişdir. Buna baxmayaraq iddia ərizəsindən də məlum olur ki, iddiaçı sonuncu telefon danışığındakı xəbərdarlıqdan yalnız 2 aydan artıq müddət keçdikdən sonra – 2019-cu il 10 dekabr tarixində öz malını götürmək üçün anbara gəlmiş, beləliklə MM-in 21.3-cü və 425-ci maddələrinin tələblərinə uyğun olaraq, zərərin baş verməsinin və ya artmasının qarşısının alınması üçün edə biləcəyi bütün hərəkətləri etməmiş, zəruri tədbirlər görməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh tərəfindən saxlama öhdəlikləri pozularaq iddiaçının məhsuluna zərər dəymiş olsa da, həmin zərərin yaranmasında və artmasında iddiaçının da təqsiri olmuş, onun da hərəkətsizliyi bu cür zərərin mövcudluğuna və artmasına səbəb olmuşdur. Bu səbəbdən də vurulmuş zərərə görə cavabdehin ödəməli olduğu məbləğin müəyyənləşdirilməsi məqsədilə MM-in 21.3-cü maddəsinə uyğun olaraq zərərə görə məsuliyyət tərəflər arasında bölüşdürülməlidir. Məhkəmə kollegiyası yekun olaraq vurulmuş zərərin həcmi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: İlk öncə o qeyd olunmalıdır ki, MM-in 21.2-ci maddəsinə uyğun olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu baxımdan iddiaçının tələbindən görünür ki, o, ümumi zərəri tələb etməklə, orada həm real zərəri (məhsulun yetişdirilməsi üçün çəkilmiş xərclər), həm də əldən çıxmış faydanı (məhsulun soyuducudan çıxarıldıqdan sonra satışından əldə olunacaq gəlir) nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası həmin zərərin hesablanmalı olduğu dövrlə bağlı bildirir ki, iddiaçı sarımsağı soyuducuya təhvil verərkən onun 2019-cu ilin dekabr ayında soyuducudan təhvil alınmasını şərtləşdirmişlər. Bu da onu göstərir ki, iddiaçı sarımsağı 2019-cu ilin dekabr ayında sataraq gəlir əldə etməyi düşünmüşdür. İddia ərizəsində qeyd edilənlər də bu halı təsdiq edir. Ona görə də iddiaçıya vurulmuş zərərin məbləği 2019-cu ilin dekabr ayında mövcud olan qiymətlər üzrə müəyyən edilməlidir. İlkin apellyasiya baxışı zamanı əldə olunmuş “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin 446 nömrəli, 16 avqust 2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, 2019-cu ilin yanvar və dekabr aylarında yerli növ Ağdam sarımsağının 1 tonunun qiyməti müvafiq olaraq yanvar ayı üçün 4290,68 manat və dekabr ayı üçün 4623,58 manat olmuşdur. 2019-cu ilin yanvar və dekabr aylarında yerli növ Ağdam sarımsağının 60-80 tonunun qiymətinin müvafiq olaraq yanvar ayı üzrə 257440,80 manat (60 ton) və 343254,40 manat (80 ton), dekabr ayı üzrə 277414,80 manat (60 ton) və 369886,40 manat (80 ton) olması müəyyən edilmişdir. Lakin sözügedən ekspert rəyinin mötəbərliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 05 may 2022-ci il tarixli, 2-2(102)-261/2022 saylı qərarı ilə mübahisələndirilmişdir. Bu səbəbdən təkrar apellyasiya baxışı çərçivəsində məhkəmənin 04 aprel 2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Həmin qərardad üzrə alınmış 17 iyul 2024-cü il tarixli, 9/2851 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən 1 ton yerli sarımsağın topdansatış orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilmişdir: 1) 1 ton yerli sarımsaq 2019-cu ilin sentyabr ayına – 1300,00 (1000 kq×1,30 manat) manat; 2) 1 ton yerli sarımsaq 2019-cu ilin dekabr ayına – 3600,00 (1000 kq×3,60 manat) manat; 3) 1 ton yerli sarımsaq 2020-ci ilin yanvar ayına – 4000,00 (1000 kq×4,00 manat) manat. Beləliklə, 1 ton yerli sağımsağın 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti 3600 manat təşkil etmişdir. İddiaçı tərəfindən cavabdeh müəssisəyə saxlanca 60 ton sarımsağın verilməsi isə işin müəyyən edilmiş halıdır. Bu baxımdan 2019-cu ilin dekabr ayında həmin məhsulu götürəcəyi təqdirdə iddiaçının 216000 manat pul əldə etmək imkanı olmuşdur. Lakin o, cavabdeh müəssisənin öhdəliyini lazımınca icra etməməsi səbəbindən həmin puldan məhrum olmuş, bununla da, iddiaçıya ümumi olaraq 216000 manat dəyərində zərər dəymişdir. Lakin artıq yuxarıda da qeyd olunduğu kimi, həmin zərərin yaranmasında və artmasında cavabdeh müəssisə ilə yanaşı, iddiaçının özü də təqsirli olmuşdur. Bu səbəbdən də sözügedən zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdehin tam məsuliyyətinin müəyyən edilməsi MM-in 21.3-cü maddəsinin tələblərinə uyğun olmayacaqdır. Ona görə də tərəflər arasında yaranmış zərərə görə məsuliyyət bölüşdürülməli, vurulmuş zərərə görə Cavabdehndən həmin zərərin yarısının əvəzi olaraq 108000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi hazırkı apellyasiya baxışının predmetini təşkil edən qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alıb yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli, vurulmuş zərərə görə Cavabdehndən həmin zərərin yarısının əvəzi olaraq 108000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi hazırkı apellyasiya baxışının predmetini təşkil edən qalan hissədə təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, 17 iyul 2024-cü il tarixli, 9/2851 nömrəli ekspert rəyinin verilməsinə görə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində ekspertiza xərci tərəflər arasında bölüşdürülməli, iddiaçıdan 25 manat və cavabdeh müəssisədən 25 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-2(121)-805/2020 saylı qətnaməsi hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Vurulmuş zərərə görə Cavabdehndən həmin zərərin yarısının əvəzi olaraq 108000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi hazırkı apellyasiya baxışının predmetini təşkil edən qalan hissədə təmin edilməsin. 17 iyul 2024-cü il tarixli, 9/2851 nömrəli ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərcinin 25 manat hissəsi İddiaçı, qalan 25 manat hissəsi isə Cavabdehndən tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada və hallarda Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar