Məhkəmə qərarları › İş №2-2(103)-1000/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1000/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1000/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6200/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19 avqust 2024-cü il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış 26 avqust 2022-ci il tarixli bank hesabı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini, yəni İddiaçı MMC-nin ləğv prosesində olan "xxxx" ASC-də olan müvafiq olaraq AZ25GUNA**********7000001000 və AZ43GUNA**********70 00999000 nömrəli bank hesablarında qalmış 47.767,5USD və 10.125.360,3 rus rublu məbləğində pul vəsaitlərinin, o cümlədən ödənilmiş 566 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-yə verilməsini cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6200/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. İddiaçı "xxxx" MMC həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qaldırılmış iddia tələbi banka qarşı deyil, Əmanətlərin Sığortalanması Fonduna qarşı və məhz sonuncunun qanunsuz hərəkətlərinə son qoyulması və iddiaçının hüquqlarının bərpa olunmasına yönəlmişdir. Çünki iddianın mahiyyəti "xxxx" MMC-nin ləğv prosesində olan hüquqi şəxsin mülki-hüquq öhdəliklərinin yerinə yetirilməməsindən irəli gəlir və hal-hazırda, ƏSF həmin hüquqi şəxsin ləğvedicisi olduğundan, qanunun tələblərinə müvafiq olaraq banka qarşı irəli sürülən tələblər də məhz ƏSF-yə qarşı irəli sürülməlidir. Bundan əlavə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Göstərilən Qərardan aydın olur ki, ləğv prosesində olan banka qarşı iddialar 2 əsas qrupa bölür: bunlar bankın bilavasitə bank fəaliyyəti ilə əlaqəli olan və bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə əlaqəli olan iddialardır. Bu fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və ya iflas proseduruna məhkəmə nəzarəti qaydasında, yəni birinci instansiya məhkəməsi olaraq inzibati kollegiya tərəfindən inzibati icraat qaydasında baxılmalı olmasını şərtləndirir. Bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti müxtəlif mülki-hüquqi fəaliyyət kimi müəyyən edilmişdir. Hazırki iddia tələbi də məhz mülki-hüquqi öhdəlikdən irəli gələn, yəni müqavilə üzrə öhdəliyin icra olunmamasından yaranan mübahisə üzrə irəli sürülməkdədir. Lakin birinci instansiya məhkəməsi iddianın hüquqi təbiətini, habelə mübahisənin tərəflərinin hüquqi vəziyyətinə uyğun olaraq tərəfimizdən müdafiə olunması tələb olunan hüquqi marağımızı araşdırmadan, məhkəməyə müraciət etməyimizin hüquqi məqsədini fərqləndirmədən, işə irəli sürülmüş tələblər çərçivəsində baxmaqla Əmanətlərin Sığortalanması Fondunun yaranmış mübahisə üzrə cavabdeh qismində məsuliyyət daşıyıb-daşımamasıməsələsini aydınlaşdırılmadan əsassız qərardad qəbul etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 153.3, 152.1, 152.1.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2017ci il tarixli Qərarına istinad edərək belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən yolverilməzliyinə görə geri qaytarılmalı, iddiaçıya pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi hüququ izah olunmalıdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh qismində Əmanətlərin Sığortalanması Fondu göstərilsə də, iddianın mahiyyətindən aydın olur ki, tələb ləğv prosesində olan "xxxx" ASC-də olan bank hesablarında qalmış pul vəsaitlərin verilməsi ilə bağlıdır, Əmanətlərin Sığortalanması Fondu isə həmin bankın sadəcə ləğvedicisi qismində çıxış edir. Məhkəmə qaydasında mübahisələndirilən münasibətlər İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış bank hesabı müqaviləsindən irəli gəlir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı işdə Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrində göstərilən əsaslar mövcud deyil. Belə ki, Mülki Prosessual Məcəllənin 50.2, 50.3, 51.3, 54.1-ci maddələrindən göründüyü kimi özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər iddiaçılar, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər isə cavabdeh hesab olunurlar. Eyni zamanda, başqa cavabdehin işə cəlb edilməsi və ya əsl olmayan cavabdehin əvəz edilməsinə yalnız iddiaçının razılığı ilə yol verilir. Yəni cavabdehin seçilməsi birmənalı olaraq iddiaçının hüququqdur. Kollegiya izah edir ki, iddiaçının bu hüququ Mülki Prosessual Məcəllədə birbaşa göstərilməyən, lakin bir çox mülki prosessual hüquq normalarında əks olunan və mühüm prinsip hesab edilən dispozitivlik prinsipindən irəli gəlir. Ona görə də, məhkəmənin “iddianın mahiyyəti” və ya digər əsaslara görə cavabdehi seçmək səlahiyyəti yoxdur. İşə baxılarkən başqa cavabdehin işə cəlb edilməsi və ya əsl olmayan cavabdehin əvəz edilməsi məsələsi ortaya çıxdıqda isə müvafiq olaraq Mülki Prosessual Məcəllənin 51.3 və 54.1-ci maddələrində müəyyən edilən qaydalara riayət etməklə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Hazırki iş üzrə iddia ərizəsində də cavabdeh kimi ləğv prosesində olan "xxxx" ASC deyil, Əmanətlərin Sığortalanması Fondu göstərilmişdir. Bundan əlavə, hazırki iddia ərizəsində cavabdeh kimi ləğv prosesində olan "xxxx" ASC göstərildiyi və ya sonradan Mülki Prosessual Məcəllənin 51.3 və 54.1-ci maddələrində müəyyən edilən qaydalara riayət etməklə cavabdeh kimi işə cəlb olunduğu hallarda belə hazırki mübahisənin mülki icraat qaydasında baxılması istisna edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, təcrübədə müflis elan olunmuş banklarla bağlı məhkəmə işləri müxtəlif xarakterli olmaqla, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış müxtəlif münasibətlərdən irəli gəlməsi və mübahisənin hüquqi təbiətinə görə fərqlənirlər. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. “Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Həmin Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1- 76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. “Banklar haqqında” Qanunun 77.1-ci maddəsinə əsasən, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. Qanunun 77.5 və 77.6-cı maddələrinə görə, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. Məhkəmə etiraz edilmiş tələblər siyahısının təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir (“Banklar haqqında” Qanunun 77.7-ci maddəsi). Xüsusilə qeyd edilməlidir ki, kreditor tələbləri ilə bağlı iflas proseduru çərçivəsində ləğvedicinin həyata keçirdiyi növbəti ləğvetmə tədbirləri və öhdəlikləri həmin Qanunun 87-ci maddəsində nəzərdə tutulmuşdur. Bu maddəyə görə, təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda, ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici kütləvi informasiya vasitələrində bildiriş dərc etdirərək, göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alına bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür. Qeyd etmək lazımdır ki, qanunverici, ləğv edilən bankın vəsaitləri onun kreditorlarının tələblərinin ödənilməsi üçün yetərli olmadığı təqdirdə mövcud vəsaitlərin bankın kreditorları arasında bölüşdürülməsinin ədalətli tarazlığına nail olunmasını təmin etmək məqsədilə növbə daxilində ödənişlərin tələblərə proporsional faizlə bölüşdürülməsinin qaydasını nəzərdə tutmuşdur. Göstərilənlərdən müəyyən olunur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir. Bu baxımdan, kollegiya qeyd edir ki, bankın tərəf olduğu mübahisəyə hansı qaydada, yəni inzibati və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasını müəyyən etmək üçün ləğv prosesində olan banka qarşı irəli sürülən iddiaların bankın bilavasitə bank fəaliyyəti ilə əlaqəli olan və ya bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə əlaqəli olan iddialar olması müəyyən edilməlidir. Birinci hal müəyyən edildiyi halda mübahisəyə inzibati məhkəmə icraatı qaydasında, ikinci hal müəyyən edildiyi halda isə mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda qeyd olunanlar nəzərə alınaraq iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6200/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19 avqust 2024-cü il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Ziya Şirinov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar