Məhkəmə qərarları › İş №2-2(103)-1002/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1002/2023

22.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1002/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Firmasına qarşı torpaq sahəsinin boşaldılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh Firmasına qarşı “torpaq sahəsinin boşaldılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə qanunsuz zəbt edilmiş, iddiaçıya məxsus (qanuni istifadəsində olan) 12,5 ha torpaq sahəsinin boşaldılması, həmin ərazidə inşa edilmiş qanunsuz tikililərin öz hesabına sökülməsi və ərazidən çıxarılması, torpaq sahəsi üzərində hüquqların pozulması nəticəsində dəymiş ziyanın əvəzi kimi iddiaçıya üç yüz milyon manat ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-16/2023 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-16/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işdə olan etibarnamədən göründüyü kimi, o, müəssisənin təsisçisi və həmin vaxt direktoru olan Qanuni nümayəndə Yahya oğlu tərəfindən, notariusun hüzurunda imzalanmışdır. Etibarnamənin məzmunundan da göründüyü kimi, Qanuni nümayəndə etibarnamənin məhz İddiaçı adından imzalamışdır. Notarius bu zaman onun etibarnaməni imzalamaq səlahiyyətlərinin olub-olmamasını yoxlamış, müəssisənin təsis sənədlərinə, reyestr məlumatlarına baxılmış və bunun əsasında da Qanuni nümayəndə etibarnaməni müəssisənin adından imzalamışdır. Məhkəmə qərardadında Mülki Məcəllənin 362.5-ci maddəsinə istinad edilir. Həmin normadan göründüyü kimi, onun mənası budur ki, hüquqi şəxsin adından etibarnamə notarial qaydada təsdiq edilməklə deyil, onun öz möhürü və qanuni təmsilçininin imzası ilə təsdiq edilməklə verilə bilər. Lakin bu norma nəinki hüquqi şəxsin adından etibarnamənin notarial təsdiq edilməklə etibarnamə verilməsini istisna etmir, əksinə, hazırda təcrübədə daşınmaz əmlaklarla bağlı əqdlərdə istifadə edilən hüquqi şəxsin adından verilən etibarnamələrin də notarial qaydada təsdiqi tələb edilir. Bundan əlavə, nəzərə alınmalıdır ki, hüquqi şəxsin adından etibarnamə ilə çıxış edən şəxs (fiziki şəxs) digər şəxsə etibarnamə verdikdə, yalnız həmin şəxsin səlahiyyətləri yoxlanılır, onun üçüncü şəxsə verdiyi etibarnamənin hüquqi şəxsin möhürü ilə təsdiqi tələb edilmir. Bundan başqa, nəzərə alınmalıdır ki, hüquqi şəxsin direktoru onun adından etibarnaməsiz çıxış edir, yəni reyestr məlumatlarında olan məlumatlar onun “etibarnamə”si qismində çıxış edir. Hüquqi şəxsin həm də təsisçisi olan Qanuni nümayəndə etibarnaməni imzaladığı anda hüquqi şəxsin reyestr məlumatlarında onun səlahiyyətləri barədə məlumatlar notarius tərəfindən yoxlanılmışdır və məhkəmənin qərardadından da göründüyü kimi, onun qanuni təmsilçi olması faktı heç mübahisələndirilmir. Yəni, o, notariusun bütün tələblərinə əməl etmişdir. Müvafiq olaraq, səlahiyyətli qurum olan notariat orqanı hüquqi şəxsin adından etibarnaməninin düzgün verilməsini təmin etməli idi və düşünür ki, bu edilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, İddiaçı adından vəkilə həmçinin sadə ağ vərəqdə yazılmış (hüquqi şəxsin blankı olmamışdır) və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş etibarnamə və ayrıca təsisçinin adından müəssisə ilə bağlı qərarlar qəbul etmək səlahiyyətlərini özündə əks etdirən notarial qaydada təsdiq edilmiş etibarnamə də verilmiş, həmin etibarnamələr də Bakı Kommersiya Məhkəməsinin iclasında hakimə təqdim edilmiş, lakin hakim bu etibarnamələrə ehtiyac olmadığını, notarial qaydada təsdiq edilmiş etibarnamə olduğu halda, yalnız möhürlə təsdiq edilmiş etibarnaməni qəbul edə bilməyəcəyini söyləmişdir. Nəzərə almaq lazımdır ki, hakim qərarları məhkəmənin adından qəbul edir. Belə olan halda, müvafiq etibarnamə ilə işin icraata qəbul edildikdən, üç il müddət keçdikdən, hətta həmin etibarnamə qüvvədən düşdükdən sonra artıq yeni etibarnamə də təqdim edildikdən (yenə də notarial qaydada təsdiq edilmiş, amma bu dəfə həm də hüquqi şəxsin möhüründən də istifadə edilmiş formada) sonra iddia ərizəsinin qaydarılması hüquqi şəxsin hüquqlarının pozulması deməkdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-16/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-16/2023 saylı qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Birinci instansiya məhkəməsi qeyd edilən normaya istinad etməklə iddianı baxılmamış saxlamış, öz mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsi iddiaçının adından Vəkil tərəfindən imzalanmış, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli etibarnamə hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən imzalansa da, Mülki Məcəllənin 362.5-ci və MPM-nin 73.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı hüquqi şəxsin möhürü ilə təsdiq edilməmişdir. Bundan əlavə, həmin etibarnamənin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixə qədər müəyyən edilmiş, həmin müddətdən sonra Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə iş üzrə icraat dayandırılana qədər (1 il 1 ay müddətində) Vəkil tərəfindən səlahiyyətlərini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmiş, həmin sənəd (xx.xx.2023-cü il tarixli etibarnamə) kağız daşıyıcıda məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında təqdim edilmişdir. Məhkəmənin qeyd edilən tarixli iclasında nümayəndə Vəkil ona iddia ərizəsi verilərkən yalnız c.1, i.v.15-də olan etibarnamənin mövcud olduğunu, digər hər hansı etibarnamənin olmadığını, habelə qanuni təmsilçinin ağır xəstə olması səbəbindən həmin etibarnamənin ev şəraitində notarius tərəfindən təsdiq edildiyini bildirmişdir. Belə ki, hazırkı şikayətə əlavə edilmiş xx.xx.2020-ci il tarixli etibarnamə nə materiallarında, nə də elekton məhkəmə informasiya sistemində aşkar edilməmiş, nümayəndə tərəfindən vaxtında məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, şikayətə əlavə edilmiş xx.xx.2020-ci il tarixli etibarnamədə onun qüvvədə olma müddəti 5 il, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli etibarnamədə isə onun qüvvədə olma müddəti 6 ay müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli etibarnamə mövcud olduğu halda, həmin etibarnamənin iddia ərizəsinə vaxtında əlavə edilməməsinin, habelə xx.xx.2020-ci il tarixli etibarnamə verildikdən 4 gün sonra xx.xx.2022-ci il tarixdə notariusun iştirakı ilə təkrar etibarnamənin verilməsinin, habelə şikayətə əlavə edilmiş etibarnamənin qüvvədə olma müddətinin bitməməsinə baxmayaraq yenidən xx.xx.2023-cü il tarixdə notariusun iştirakı ilə yeni etibarnamə verilməsi səbəbinə vəkil tərəfindən aydınlıq gətirilməmişdir. Məhkəmə öz mövqeyini MPM-nin 73.4-cü maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş iddia ərizəsini ərizəni imzalamış nümayəndəyə hüquqi şəxsin adından verilmiş və notarial qaydada təsdiq edilmiş etibarnamədə möhür olmaması əsası ilə bu nöqsanın aradan qaldırılması üçün müddət müəyyən etmədən baxılmamış saxlanılmasına dair mövqeyi düzgün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. 150.1.3-cü maddədə ərizəyə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənədin əlavə edilməməsi nəzərdə tutulur. Qeyd edilən normanın tələbindən göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı halda iddia ərizəsinin təxminən 3 il əvvəl məhkəmə tərəfindən icraata qəbul edildiyini, iş üzrə məhkəmə araşdırmasının başa çatmaq üzrə olduğunu nəzərə alaraq mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanın aradan qaldırması üçün iddiaçıya imkan verməli, müddət müəyyən etməli və nöqsan aradan qaldırıldıqdan sonra işə mahiyyəti üzrə baxmalı idi. Kollegiyanın bu mövqeyi prosessual qənaət prinsipindən irəli gəlir. MPM-nin 259.0.12-ci maddəsi də məhz həmin prinsipə əsaslanır. Nəzərə alınmalıdır ki, mübahisələrin məhkəmələr tərəfindən ağlabatan müddətlər ərzində həlli “ədalətli məhkəmə araşdırması” prinsipinin əsas amillərindən biridir. İşdən görünür ki, sonuncu məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi tərəfindən nümayəndə və Vəkil iddiaçının adından bütün prosessual hərəkətləri həyata keçirmək hüququ verən möhürlə təsdiq edilmiş və notarial qaydada təsdiq edilmiş yeni etibarnamə verilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, qanunvericilikdə hüquqi şəxsin adından verilmiş etibarnamənin notarial qaydada təsdiq edilməsini qadağan edən norma yoxdur. Hətta Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 75-ci bəndində hüquqi şəxsin adından verilməli olan etibarnamədə hansı məlumatların qeyd edilməli olduğu sadalanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-16/2023 saylı qərardadı ləğv edilməli, iş Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-16/2023 saylı qərardadı ləğv edilsin. İş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar