Məhkəmə qərarları › İş №2-2(103)-1009/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1009/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1009/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin cavabdeh "xxxx" MMC-yə (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi, X6 və X4) qarşı “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2561/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)- 8129/2015 saylı qətnaməsi ilə iddiaçı QSC "xxxx" KB-nin cavabdehlər X8, Məmmədov Mahir Təvəkkül oğlu və X9 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia təmin edilərək, cavabdehlər X6, X4 və X5 müştərək qaydada iddiaçı QSC "xxxx" KB-nin xeyrinə 74782,53 ABŞ dolları məbləğində əsas, 2801,06 ABŞ dolları məbləğində faiz, 296,10 ABŞ dolları məbləğində faiz, 296,10 ABŞ dolları cərimə, cəmi 77879,69 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəzi üzrə borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edlmiş cavabdeh X2 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsindəki 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99,7 kv.m yaşayış, 19,4 kv.m köməkçi sahədən ibarət 7 saylı fərdi yaşayış evinə və həmin torpaq sahəsinə yönəldilməsi, həmin əmlak ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracdan satılması, realizə edilmiş əmlakın dyərindən 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 778779,69 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə borc və ödənilmiş 30 manat dövət rüsumunun QSC "xxxx" KB-yə ödənilməsi, borc məbləği ödənildikdən sonra qalan pul vəsaiti X2 qaytarılması, ipoteka predmetini təşkil edən X2 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsindəki, 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 99,7 kv.m yaşayış, 19,4 kv.m köməkçi sahədən ibarət 7 saylı fərdi yaşayış evinin və həmin torpaq sahəsinin ilkin satış qiyməti 135000 manat məbləğində müəyyən edilməsi, bu əmlakın boşaldılması və açıq hərracdan satıldıqdan sonra X1 həmin ünvandan çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir.

2. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında borclulara xx.xx.2016-cı il tarixli bildiriş göndərilmişdir. Borclular tərəfindən könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra sənədi üzrə tələb yerinə yetirilmədiyi üçün, İcra şöbəsi Hərrac Mərkəzinə ipoteka predmetinin hərracdan satılması ilə bağlı məktubla müraciət etmişdir.

3. Binəqədi rayon İcra Şöbəsinin sifarişinə əsasən "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixə tutma yönəldilmiş mənzilin satılması ilə bağlı ilkin hərracın keçirilməsi təyin edilmiş, lakin hərracda iştirakçı olmadığı səbəbindən hərrac baş tutmamışdır. Bundan sonra, "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixə təkrar hərrac təyin edilmiş, lakin təkrar hərracda da iştirakçı olmadığı səbəbindən baş tutmamış elan edilmişdir.

4. "xxxx" MMC həmçinin "xxxx" Qanunun 43.7-cü maddəsinə əsasən LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2017-ci il tarixli, 01/3156 saylı məktub ünvanlayaraq, ipoteka predmetini almağı təklif etmişdir. Sonuncu tərəfindən həmin məktuba cavab olaraq göndərilmiş xx.xx.2017-ci il tarixli məktubla bankın xeyrinə yüklü edilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsi 7 saylı fərdi yaşayış evinin əldə edilməsi barədə təklifin QSC "xxxx" KB tərəfindən qəbul edildiyi bildirilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsi 7 saylı fərdi yaşayış evi ilə əlaqədar bağlanacaq alqı-satqı müqaviləsini, eləcə də hərrac təşkilatına ödənilməli olan xidmət haqqının ödənilməsi üçün müvafiq hesab-fakturanın təqdim edilməsi xahiş edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC cavabdeh "xxxx" MMC-yə (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi, X6 və X4) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsində 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 7 saylı fərdi yaşayış evi və həmin torpaq sahəsinin satılması ilə bağlı cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixdə keçirilmiş təkrar hərracın yekunlarına dair, ipoteka saxlayanın ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MMC tərəfindən imzalanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, təklif göndərdikdən sonra "xxxx" MMC tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsində mülkiyyətində olan 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 7 saylı fərdi yaşayış evi və həmin torpaq sahəsi üzrə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin QSC "xxxx" KB-nin adına rəsmiləşdirilməsi yönündə heç bir addım atılmamışdır. Bundan əlavə, dəfələrlə "xxxx" MMC-yə şifahi qaydada müraciət edilərək, hərracın yekunlarına dair protokolun imzalanması üçün təqdim olunması xahiş edilməsinə baxmayaraq, hərracın yekunlarına dair protokol imzalanması üçün ipoteka saxlayan olaraq LPO QSC "xxxx" KB-yə təqdim olunmamışdır. "xxxx" Qanunun 42.1 və 43.7-1-ci maddələrinin tələbləri pozularaq "xxxx" MMC tərəfindən protokol təqdim edilməmiş və bankın iradəsinə zidd olaraq ipoteka predmeti tərəflərindən əldə edilə bilməmişdir. İpoteka predmetinin əldə edilməsi məhdudlaşdırılmışdır.

7. Üçüncü şəxs X4 iddiaya etiraz edir və bildirir ki, Məmmədov Mahir Təvəkkül oğlu tərəfindən 2021-ci ildən başlayaraq “QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair iddia qaldırılmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan “QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir. Bundan sonra Məmmədov Mahir Təvəkkül oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Məmmədov Mahir Təvəkkül oğlunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Hal-hazırda Məmmədov Mahir Təvəkkül oğlunun iddiası Bakı Apelyasiya Məhkəməsinin icraatındadır. Hazırkı iddia tələbinin məqsədi QSC "xxxx" KB-nin pozulmuş hüquqlarının bərpası deyil, əksinə Məmmədov Mahir Təvəkkül oğlu tərəfindən pozulmuş hüquqlarının bərpa olunması üçün qaldırılmış iddia üzrə məhkəmə qətnaməsinin qüvvəyə minməsinin süni şəkildə uzatmaqdan ibarətdir. Belə ki, hərrac 11 sentyabr 2017-ci ildə baş tutmamış elan olunmuş, hərrac baş tutmamış elan olunandan 4 il sonra 2021-ci ildə Mahir Məmmədov iddia qaldırmış və həmin iddia 2 il yarım məhkəmədə mübahisələndiriləndən sonra ümumilikdə hərracın baş tutmamış elan edilməsindən 5 il sonra QSC "xxxx" KB hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. QSC "xxxx" KB-yə artıq 5 ildir məlumdur ki, hərrac baş tutmamış elan olunub və 2 ildir ipotekaya xitam verilməsi mübahisələndirilir. İddiaçı isə 2023-cü ilin aprel ayında Ali Məhkəmədən apellyasiya baxışına qaytarılandan sonra, ikinci apellyasiya baxışı zamanı hərrac təşkilatının müqavilə bağlamaqdan yayınmasına istinad edir. Halbuki, 2017-ci ildən 2021-ci ilədək müqavilə bağlamaq imkanı vardı, həmçinin 2021-ci ildə Mahir Məmmədov iddia qaldıran zaman müqavilənin bağlanması üçün real addımlar ata bilərdilər, lakin 5 il ərzində müqavilə bağlanmadığı halda 2023-cü ildə “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair” əsassız iddia qaldırılmışdır.

8. Cavabdehin və digər üçüncü şəxslərin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişlər.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2561/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

10. Ləğv prosesində olan "xxxx" KB QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə etdi.

14. Cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ 15.Mülki Məcəllənin 9.3-cü maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. 16.Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. "xxxx" Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

18. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

19. Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 20.Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

21. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. 22.Həmin Məcəllənin 14.2-ci maddəsinə əssən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 23.Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 24.Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 25.Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 26.Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

29. Belə ki, iddia tələbi ipoteka saxlayanın ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində iddiaçı və cavabdeh tərəfindən imzalanmış hesab edilməsi ilə bağlıdır.

30. Tələbdən də göründüyü kimi onu irəli sürməkdə iddiaçının əsas məqsədi ipoteka predmetini əldə etməkdən ibarətdir.

31. Bununla bağlı tənzimləmə "xxxx" Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuşdur.

32. Belə ki, həmin maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

33. Göründüyü kimi, qanunverici təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetinin əldə etməyə müstəsna hüququ olan ipoteka saxlayanın həmin əmlakı əldə etməsi ilə bağlı xüsusi qaydasını əmlakın ümumi qaydada hərracdan əldə edilməsi ilə eyniləşdirmişdir.

34. Bununla yanaşı, "xxxx" Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 04/2022 saylı qərardadında məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə bu məsələlərə aydınlıq gətirilmişdir.

35. Belə ki, həmin Qərardadın 33-39, 43-45, 47-52, 57, 59, 61-62-ci bəndlərində aşağıdakılar qeyd edilmişdir:

36. "xxxx" Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilmənin təkrar hərracın baş tutmamış elan edilməsindən 30 təqvim günü ərzində əldə edilməməsi şərti özü-özlüyündə 2 məsələyə aydınlıq gətirilməsini tələb edir: 30 günlük müddətin axımının başlanması anı və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası.

37. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

38. Belə ki, "xxxx" Qanunun 43.7-1-ci və 43.8-ci maddələrinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

39. "xxxx" Qanunun 43.1-ci maddəsində deyilir ki, hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir.

40. Göründüyü kimi, qanunverici hərrac təşkilatları tərəfindən hərracın yekunlarına dair elanların həm hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində), həm də özünün rəsmi internet saytında dərc edilməsini tələb edir.

41. "xxxx" Qanunun 43.8-ci maddəsini həmin Qanunun 43.1-ci maddəsinin məzmunu baxımından təhlil etdikdə belə qənaət hasil olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi anı hərrac təşkilatının media subyektlərində və özünün rəsmi internet saytında bununla bağlı məlumatı dərc etdirdiyi gün hesab olunur və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət növbəti gündən (Mülki Məcəllə, Maddə 368) hesablanmağa başlayır.

42. O da nəzərə alınmalıdır ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir.

43. Beləliklə, "xxxx" Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsi üçün qanuni əsas yaradır. Bununla bağlı tərəflər arasında mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.

44. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası ilə bağlı isə ilk növbədə qeyd edilməlidir ki, qanunverici hərracdan əmlakın əldə edilməsinin əsas qaydası kimi hərracın nəticələrinə dair müqavilə qüvvəli yekun protokolun imzalanmasını nəzərdə tutmuşdur.

45. Belə ki, Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

46. Xüsusi ilə vurğulanmalıdır ki, hərracdan ipoteka predmeti olan və yaxud olmayan əmlakın əldə edilməsi qaydası qanunvericilikdə aydın şəklildə tənzimlənsə də, "xxxx" Qanunun ilkin redaksiyasında ipoteka saxlayanın təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka predmetini əldə etməsi qaydası müəyyən edilməmişdi. Lakin sonradan həmin qanuna edilmiş dəyişikliklə belə əldə etmə də əmlakın hərracdan əldə edilməsinə dair müəyyən edilmiş ümumi qaydaya uyğun nizamlanmışdır.

47. Belə ki, "xxxx" Qanuna 2021-ci il 25 may tarixli 327-VİQD nömrəli Qanunla əlavə edilmiş yeni 43.7-1-ci maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayır və bu protokol müqavilə qüvvəsinə malikdir.

48. Göründüyü kimi, qanunverici təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetinin əldə etməyə müstəsna hüququ olan ipoteka saxlayanın həmin əmlakı əldə etməsi ilə bağlı xüsusi qaydasını əmlakın ümumi qaydada hərracdan əldə edilməsi ilə eyniləşdirmişdir.

49. Qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir.

50. Əmlakın hərracdan əldə edilməsinin ipoteka saxlayanın bununla bağlı hərrac təşkilatçısına ünvanlanmış iradə ifadəsinin çatdırılması (təklifin göndərilməsi) ilə deyil, məhz yekun protokolun imzalanması ilə şərtləndirilməsi "xxxx" Qanunun 46.1ci maddəsi ilə də öz təsdiqini tapır. Belə ki, həmin maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.

51. Göründüyü kimi, qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə edilmə anı kimi qiymətləndirilməsini istisna edir.

52. Bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər.

53. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.

54. Bununla yanaşı, ipoteka predmetini əldə etmək istəyən ipoteka saxlayan hərrac təşkilatçısı onunla protokolun imzalanmasından imtina etdiyi və ya yayındığı halda hərrac təşkilatına qarşı müstəqil iddia ilə məhkəməyə Mülki Prosessual Məcəllədə müəyyən edilmiş qaydada və vicdanlılığın tələb etdiyi tərzdə müraciət etməlidir.

55. Mülki Məcəllənin vicdanlılıq prinsipini özündə ehtiva edən 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

56. Göründüyü kimi vahid məhkəmə təcrübəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddət hesab olunur. Həmçinin qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir. Belə ki, qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə edilmə anı kimi qiymətləndirilməsini istisna edir. Bundan əlavə, protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.

57. Hazırki işdə də iddiaçı bildirir ki, yekun protokolun imzalanması ondan asılı olmayan səbəblərdən baş vemişdir.

58. Lakin kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi hallar təsdiq olunmur.

59. Belə ki, iddiaçının özünün istinad etdiyi hallara əsasən onun tərəfindən ipoteka predmetinin əldə edilməsi ilə bağlı cavabdeh təşkilata yalnız xx.xx.2017-ci il tarixində aksept məktubu təqdim edilmiş, bundan sonra isə şifahi müraciətlər etmişlər. Lakin həmin müraciətlərin nə vaxt və hansı əməkdaşlar tərəfindən edildiyini xatırlamırlar.

60. Göründüyü kimi iddiaçı tərəf üzərinə düşən zəruri hərəkətləri 6 ilə yaxın müddət ərzində yerinə yetirməmiş, yəni bilavasitə protokolun imzalanması üçün səylər göstərməmiş, protokolun imzalanmaması ilə bağlı nə İcra şöbəsinə məlumat verilməmiş, nə hərrac təşkilatının hərəkətindən (hərəkətsizliyindən) şikayət edilməmiş, nə də ki, “hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin imzalanması vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması” barədə iddia ilə məhkəməyə müraciət etməmiş və nəticədə qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük kəsici müddəti ötürmüşdür.

61. Eyni zamanda, işin hallarından görünür ki, ipoteka qoyan tərəfindən təkrar hərracın baş tutmamasından 4 il sonra (2021-ci ildə) ipoteka yüklülüyün ləğv edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmış, həmin iş üzrə məhkəmə icraatı 2023-ci il tarixinə kimi Azərbaycan Respublikası Ali Məhkəməsinə kimi davam etmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıldıqdan sonra iddiaçı tərəf xx.xx.2023-cü il tarixində (təkrar hərracın baş tutulmaması tarixindən 6 ilə yaxın müddətdən sonra) Bakı Kommersiya Məhkəməsinə hazırki iddia ilə müraciət etmişdir.

62. Göründüyü kimi iddiaçı 2017-ci ildən 2023-cü ilə kimi yalnız bir aksept məktubu yazmaqla kifayətlənmiş və həmin illər ərzində ipoteka predmeti ilə bağlı ipoteka qoyan tərəfindən qaldırılmış iddia əsasında məhkəmə çəkişmələrindən xəbərdar olmuş, lakin Ali Məhkəmə tərəfindən ipoteka qoyanın kassasiya şikayəti qismən təmin edilib yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildikdən sonra hərrac protokolunun imzalanmış hesab olunması barədə hazırkı iddianı irəli sürmüş, lakin cavabdehin protokolun imzalanmasından imtina etməsini və yayınmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

63. İddiaçının nümayəndəsi keçən 6 il ərzində hər hansı addımın atılmaması ilə bağlı Fondun işinin çoxluğu, hərracın keçirildiyi vaxt "xxxx" KB QSC-nin təzə ləğv olunduğunu, hərrac mərkəzinə çoxsaylı şifahi müraciətlər etmələrini, bu cür iddia ilə müraciət etmək hüququnun olduğunun yalnız Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadının qəbul edilməsindən sonra bildikləri ilə əsaslandırmağa çalışmışdır.

64. Kollegiya qeyd edir ki, həmin dəlillər əsaslı hesab edilə bilməz.

65. Belə ki, Fondun işinin çoxluğu və hərracın keçirildiyi vaxt "xxxx" KB QSC-nin təzə ləğv olunması ilə bağlı dəlillər heç bir halda hazırki iddianın təkrar hərracın baş tutulmaması tarixindən 6 ilə yaxın müddət keçdikdən sonra irəli sürülməsinin əsaslandırılması kimi qəbul edilə bilməz.

66. İddiaçının hərrac mərkəzinə çoxsaylı şifahi müraciətlər etməsi isə yuxarıda qeyd olunduğu kimi hər hansı sübutla öz təsdiqini tapmır. Hər bir halda bu dəlillər hazırki iddianın təkrar hərracın baş tutulmaması tarixindən 6 ilə yaxın müddət keçdikdən sonra irəli sürülməsinə əsas vermir.

67. Hazırki iddia ilə müraciət etmək hüququnun olduğunun yalnız Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadının qəbul edilməsindən sonra bildikləri ilə bağlı dəlillərə dair isə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 9.3-cü maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz.

68. Bundan əlavə, hazırki iddianın təkrar hərracın baş tutulmaması tarixindən 6 ilə yaxın müddət keçdikdən sonra və ən əsası ipoteka predmeti ilə bağlı ipoteka qoyan tərəfindən qaldırılmış iddia əsasında işə Ali Məhkəmə tərəfindən ipoteka qoyanın kassasiya şikayəti əsasında baxılıb yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildikdən sonra irəli sürülməsi Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərin də ziddir. 69.Belə ki, həmin maddəyə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

70. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.

71. Bununla yanaşı, kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların tələbləri pozulmuşdur.

72. Belə ki, iş materiallarından müəyyən edilir ki, 13 iyun 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsinin vəsatəti olmadan birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-8129/2015 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə aparılmış icra hərəkətlərinə dair (icra işinin) sənədlərin təsdiq olunmuş surətlərinin Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-8129/2015 saylı icra vərəqəsi əsasında keçirilmiş hərraca dair bütün sənədlərin təsdiq olunmuş surətlərinin AR Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilməsi barədə qərardad qəbul etmişdir.

73. Məhkəmə həmin qərardadı qəbul edərkən belə hesab etmişdir ki, iddiaçı tərəf hərracın yekunlarını məhkəmə qaydasında mübahisələndirildiyindən və həmin hərrac Binəqədi Rayon İcra Şöbəsinin icra işi əsasında keçirildiyindən, həmin sənədlər əsasında hazırkı işin obyektiv və ədalətli araşdırılması məqsədi ilə xx.xx.2015-ci il tarixli, 2(001)-8129/2015 saylı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi əsasında başlanılmış icra hərəkətlərinə dair icra işinin və həmin icra işi əsasında keçirilmiş hərraca dair sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmalıdır.

74. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə görə mülki prosesdə sübutların təqdim edilməsi vəzifəsi tamamilə tərəflərin üzərinə düşür və işə baxan məhkəmənin müstəqil olaraq sübut toplamaq səlahiyyəti yoxdur.

75. Mülki prosesin bu tələbləri Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1-ci maddələrindən irəli gəlir və məhkəmənin müstəqil olaraq sübut toplanması həmin maddələrdə təsbit edilmiş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə ziddir.

76. Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsindən də görünür ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadığı halda belə, məhkəmə müstəqil olaraq sübut toplamaq səlahiyyətinə malik deyil və yalnız zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 77.Kollegiya izah edir ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi “işin obyektiv və ədalətli araşdırılması” imperativ qaydada müəyyən edilmiş prosessual qaydaların pozulması ilə həyata keçirilə bilməz. Çünki bu halda mülki prosessual qanunvericiliyin ən mühüm prinsiplərindən biri olan qanunçuluq prinsipi pozulmuş olur.

78. Bununla yanaşı, hazırki iş üzrə irəli sürülmüş iddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən və o, iddianın əsaslı olmasını sübut edə bilmədiyindən və ona görə də, məhkəmənin müstəqil olaraq topladığı sübutlar mübahisənin həllinə təsir etmədiyindən, yəni məhkəmənin gəldiyi nəticə mahiyyəti üzrə düzgün olduğundan kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin yol verdiyi prosessual pozuntular qətnamənin ləğv edilməsi üçün əsas deyil.

79. Belə ki, Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

80. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

81. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2561/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar