Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1017/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “icarə haqqının tutulması və və.s” tələbi barədə ilkin, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair kommersiya mübahisəsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, tərəflərin iştirakı olmadan, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3408/2024 saylı qətnaməsindən Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi arasında 06 oktyabr 2021-ci il tarixli 36 saylı torpaq icarəsi müqaviləsi imzalanmışdır.
2. Müqavilənin 1.2-ci bəndinə əsasən icarəyəverən Sumqayıt Bələdiyyəsinin 09 fevral 2005-ci il tarixli 02 saylı qərara əsasən Sumqayıt şəhəri, Bakı-Quba yolunun sağ tərəfi ərazisində yerləşən ümumi sahəsi 10.000 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir.
3. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı illik 4.000 manat olmaqla icarə müddəti üçün 6.000 manat müəyyən edilmişdir.
4. Müqavilənin 6.1-ci bəndinə əsasən icarə müqaviləsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər bağlanır.
5. X4” Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi arasında xx.xx.2023-cü il tarixində 106 saylı torpaq icarə müqaviləsi bağlanmışdır. Qeyd edilmiş müqavilənin 6.1-ci bəndindən görünür ki, icarə müddəti xx.xx.2023-xx.xx.2033-cü il müəyyən edilmişdir. İcarə müqaviləsinin 3.2-ci bəndinə əsasən illik icarə haqqı 9000 manat, ümumi icarə haqqı 90.000 manat müəyyən edilmişdir.
6. Müqavilələr hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
7. Ödəniş tapşırıqlarına əsasən müəyyən edilir ki, Cavabdeh QSC tərəfindən Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə 36 saylı icarə müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdə 4000 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2000 manat, xx.xx.2021-ci il tarixdə 6000 manat və xx.xx.2023-cü il tarixdə 4000 manat məbləğində ödənişlər edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
8. İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin 09 fevral 2005-ci il tarixli, 02 saylı qərarı ilə Bakı-Quba avtomobil yolunun sağ tərəfində “Xlor” İstehsalat Birliyinin cənub qərbində yerləşən ərazidə metal tullantılarının tədarükü və emalı sahəsinin təşkili məqsədi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin icarəsinə verilmiş sahəsi 1.0 hektar olan torpaq sahəsindən istifadəyə görə 2023-cü ilin 01 yanvarından etibarən saxlama müddəti üçün kompensasiya kimi 4.000 manat icarə haqqının və mediasiya sessiyası ilə bağlı çəkilmiş 30 manat xərcin iddiaçının xeyrinə tutulması, həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsindən 10000 manat artıq ödənilmiş məbləğ, 658,30 manat faiz olmaqla, ümumilikdə 10658,30 manat məbləğin, habelə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 10000 manat məbləğin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə tam ödənilməsi tarixinədək bu məbləğə illik beş faiz hesablanması və bu məbləğin, eyni zamanda ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi və ilkin iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında 36 saylı 06 oktyabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsi imzalanmışdır. İcarə müqaviləsinin şərtlərinə əsasən 1 ha torpaq sahəsinin 01 iyul 2021-ci il tarixindən 31 dekabr 2022-ci il tarixinədək icarəsi nəzərdə tutulurdu. İcarə haqqı illik 4.000 manat olmaqla icarə müddəti üçün 6.000 manat razılaşdırılmışdı. 36 saylı 06 oktyabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsi üzrə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ümumilikdə 16.000 manat məbləğ ödənilmişdir. Bundan xx.xx.2021-ci il tarixli bank ödənişi ilə 4.000 manat, xx.xx.2021-ci il tarixli bank ödənişi ilə 2.000 manat olmaqla, ümumilikdə müqavilədə nəzərdə tutulan 6.000 manat icarə haqqını nəzərdə tuturdu. xx.xx.2023-cü il tarixli bank ödəniş ilə 6.000 manat, xx.xx.2023-cü il tarixli bank ödənişi ilə 4.000 manat olmaqla, ümumi icarə haqqından 10000 manat məbləğində artıq məbləğ ödənilmişdi, çünki ilk əvvəldən həm Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti, həm də Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi icarə münasibətlərinin uzadılmasına maraqlı idi, tərəflər arasında ilkin şifahi razılıq var idi və bununla əlaqədar danışıqlar gedirdi.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3408/2024 saylı qərardadı ilə Sumqayıt şəhəri umqayıt Bələdiyyəsinin Cavabdeh QSC-yə qarşı icarə haqqının tutulması və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə iddiadan imtinası qəbul edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3408/2024 saylı qətnaməsi ilə qarşılıqlı iddia qismən təmin edilmiş, 36 saylı 06 oktyabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsi üzrə artıq ödənilmiş 10.000 manat məbləğində pul Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsindən tutularaq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pulun Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsindən tutularaq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 36 saylı 06 oktyabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsinə istinad edilməklə Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin hesabına xx.xx.2021ci il tarixdə 4.000 manat, xx.xx.2021-ci il tarixdə 2.000 manat, xx.xx.2021-ci il tarixdə 6.000 manat, xx.xx.2023-cü il tarixdə 4.000 manat olmaqla, cəmi 16.000 manat ödənmişdir. Məhkəmə qeyd etmişdir ki, 36 saylı 06 oktyabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsindən də, göründüyü kimi, icarə haqqı illik 4.000 manat olmaqla icarə müddəti üçün 6.000 manat müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, 36 saylı 06 oktyabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsi üzrə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən artıq ödənilmiş (16.000-6.000) 10.000 manat məbləğində pul ona geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, qarşılıqlı iddia ikinci hissədə “658,30 manat faiz məbləğinin tələb edilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış 36 saylı 06 oktyabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsi ilə faiz məbləğinin ödənilməsi razılaşdırılmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 167 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir. Məhkəmə qeyd etmişdir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsindən iddiaçının xeyrinə tutulmalıdır.
14. İddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi həmin qətnamədən apellyasiya şikayəti verərək iddia tələbinin təmin edildiyi hissədə qətnamənin ləğv edilməsini və Cavabdeh QSC-nin qarşılıqlı iddia ərizəsinin tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin bələdiyyə tərəfindən icarəsinə verilmiş torpaq sahəsindən istifadə etsə də, əvvəlki illərə görə torpaq icarə haqqını ödəmədiyinə görə yaranmış borcları ilə bağlı həyata keçirdiyi ödənişlərlə əlaqədar halların guya öz təsdiqini tapmadığı qənaətinə gəlsə də, iş üçün əhəmiyyət kəsb edən bu halları lazımi şəkildə aydınlaşdırmamış, cavabdehin mübahisələndirilən torpaq sahəsi ilə bağlı həyata keçirdiyi ödənişlərin mahiyyəti barədə dəlillərin hüquqi əsaslarını diqqətə almamış və ümumiyyətlə, gəldiyi nəticə üçün əhəmiyyətə malik olan halları araşdırmamışdır. Belə ki, məhkəmə bu halları aydınlaşdırmaqla sözügedən iddia tələblərinin əsaslı və qanuni olmadığını və cavabdehin bu tələbləri irəli sürməyə əsasının olmadığını müəyyən edərək iş üzrə fərqli nəticəyə gələ bilərdi. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin mübahisələndirilən torpaq sahəsi ilə bağlı öhdəliklərini pozmasının və iddia tələblərinə qarşı dəlillərinin əsaslılığının guya məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığı barədə gəldiyi nəticə iş materiallarında olan tərəflərin ifadələri, təqdim olunmuş mötəbər sənədlər və dəlillər əsasında təkzib olunmaqla sübuta yetirilməmişdir. Məhkəmə yalnız cavabdehin icarə haqqı borcunun bir hissəsini ödəməsinə, o cümlədən məhkəmənin gedişatında etdiyi ödənişə istinad edərək belə bir əsassız nəticəyə gəlmişdir. Məhkəmə araşdırmalarının gedişatında sübuta yetirilmiş halları nəzərə almayan məhkəmə cavabdehin icarə müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirdiyini sübuta yetirə bilmədiyi halda, iddia tələbinin guya əsaslılığının sübuta yetirildiyi qənaətinə gəlməklə cavabdehin iddia tələbini əsassız şəkildə təmin etmişdir. Birinci instansiya məhkəməsi mötəbər sübutlara istinad etmədən mübahisələndirilən torpaq sahəsi üzrə bağlanmış icarə müqaviləsi əsasında yaranmış öhdəliklərin cavabdeh tərəfindən tam icra edilməsi və bələdiyyəyə artıq ödəniş edildiyi barədə əsassız və qanunazidd nəticəyə gəlmişdir. Halbuki, qətnamədə göstərilən və məhkəmə araşdımaları zamanı öz təsdiqini tapmış hallar belə bir nəticəyə gəlməyə əsas vermir. Məhkəmə torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsi üzrə tərəflər arasında yaranmış münasibətlər üzrə aşkar səhv nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.1-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
18. Əvvəlki məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmədə verilən suallara cavab olaraq nümayəndə 2021-ci ilin oktyabrınadək torpaq sahəsinin qarşılıqlı iddiaçının istifadəsində olması faktını və qarşılıqlı cavabdehlə müqavilə münasibətlərinin möcvudluğunu inkar etmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin - 439.4-cü öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. -700.1-ci maddəsinə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -706.4-cü maddəsinə əsasən torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə qarşılıqlı iddia qismən təmin edilmişdir. Qarşılıqlı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə yalnız qarşılıqlı iddianın təmin edilməsi hissəsində mübahisələdirilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamə qarşılıqlı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qarşılıqlı iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti(icarəçi) ilə qarşılıqlı cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi (icarəyəverən) arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli 36 saylı torpaq icarəsi müqaviləsinə əsasən Sumqayıt şəhəri, Bakı-Quba yolunun sağ tərəfi ərazisində yerləşən ümumi sahəsi 10.000 kv.m olan torpaq sahəsi Cavabdeh QSC-yə icarəyə verilmişdir. İcarə müqaviləsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər müddətə bağlanmış və icarə müddəti üçün icarə haqqı 6.000 manat müəyyən edilmişdir. Cavabdeh QSC tərəfindən ödənişlərin təyinatı 06 oktyabr 2021-ci il tarixli 36 saylı torpaq icarəsi müqaviləsi göstərilməklə xx.xx.2021- xx.xx.2023-cü il tarixləri arası dövrdə Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə cəmi 16.000 manat məbləğində pul vəsaiti ödənilmişdir.
24. Hazırda qarşılıqlı iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti həmin müqavilə üzrə qarşılıqlı cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə 6000 manat məbləğində pul ödəməli olduğu halda 16.000 manat pul vəsaiti ödədiyini əsas göstərərək artıq ödədiyi 10.000 manat məbləğində vəsaitin geri qaytarılmasını tələb edir. Qarşılıqlı cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi isə 10.000 manat məbləğində pul vəsaitinin 06 oktyabr 2021-ci il tarixli müqavilə üzrə deyil, 2019-2021-ci ilin 01 iyul tarixinədək torpaqdan istifadəyə görə qarşılıqlı iddiaçının bələdiyyəyə yaranmış borcuna görə ödənildiyini bildirərək iddiaya etiraz edir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092.1 və 439.5-ci maddələri təşkil edir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, əsassız varlanmadan irəli gələn tələblərə baxılarkən iki hal – cavabdeh tərəfin başqasının hesabına əmlak əldə etməsi, yəni varlanması və cavabdehin başqasının hesabına əmlak əldə etməsi üçün qanuni və ya müqavilə əsasının olmaması, yəni varlanmanın əsassız olması müəyyən edilməlidir. Hazırkı halda qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı cavabdehə 10.000 manat məbləğində pul vəsaiti ödənilməsi, yəni cavabdehin iddiaçının hesabına varlanması işin mübahisəsiz halını təşkil edir.
27. Varlanma üçün qanuni və ya müqavilə əsasının olub-olmamasına gəldikdə isə kollegiya qeyd edir ki, varlanması üçün əsasın mövcud olmasını sübuta yetirmək yükü cavabdehin üzərinə düşür.
28. Hazırkı halda isə qarşılıqlı cavabdeh Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi 06 oktyabr 2021-ci il tarixli 36 saylı torpaq icarəsi müqaviləsində göstərilən 6000 manat icarə haqqı məbləğindən əlavə olaraq qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş 10.000 manat məbləğində pul vəsaitinin əvvəlki illər üçün torpaqdan istifadəyə görə borc olmasını iddia etsə də, 06 oktyabr 2021-ci il tarixindən əvvəlki dövrdə mübahisəli torpaq sahəsinin qarşılıqlı iddiaçının istifadəsində olmasını, həmin dövrə dair tərəflər arasında icarə münasibətlərinin mövcudluğunu sübuta yetirə bilməmiş, o cümlədən əvvəlki icarə müqaviləsini, qarşılıqlı iddiaçı tərəfindən torpaq sahəsindən istifadəyə görə əvvəllər ödənişlərin edilməsini təsdiq edən ödəniş sənədlərini məhkəməyə təqdim etməmişdir. Əvvəlki dövr üçün borcun olmasını sübuta yetirmək üçün qarşılıqlı cavabdeh tərəfdən təqdim edilmiş arayış və sistemdən çıxarışa münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin sənədlər qarşılıqlı cavabdeh tərəfindən birtərəfli qaydada tərtib edildiyindən 06 oktyabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsindən öncəki dövrdə tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmasının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli hesab edilmir. Odur ki, 10.000 manat məbləğində pul vəsaiti ödənilərkən qarşılıqlı iddiaçının əvvəlki illər üçün mübahisəli torpaq sahəsindən istifadəyə görə qarşılıqlı cavabdehə borcunun mövcud olması faktı iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmir.
29. Bundan əlavə artıq qeyd edildiyi kimi 2021-ci ilin noyabr-dekabr aylarında edilmiş cəmi 12.000 manat və 2023-cü ilin iyun ayında ödənilmiş 4000 manat məbləğində ödənişlərin əsası olaraq məhz 06 oktyabr 2021-ci il tarixli 36 saylı torpaq icarəsi müqaviləsinə istinad edilmişdir. Göstərilən hal da öz növbəsində həmin ödənişlərin əvvəlki müqavilələr üzrə borca görə edilməsi barədə qarşılıqlı cavabdehin istinad etdiyi dəlillərin əsassızlığına dəlalət edir.
30. Odur ki, birinci instansiya məhkəməsi artıq ödənilmiş 10.000 manat məbləğində pul vəsaitinin qaytarılması hissəsində qarşılıqlı iddianın təmin edilməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3408/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov