Məhkəmə qərarları › İş №2-2(103)-1017/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1017/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1017/2025 10.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı X1 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: xidmət müqaviləsi, təhvil təslim aktı, hüquqi şəxsin möhürü, estoppel prinsipi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə Nəriman qızı Mahmudova və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3706/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İcraçı qismində X3 ilə sifarişçi qismində Cavabdeh MMC-nin AR Filialı arasında YXM-077/2023-3 nömrəli, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilənin predmeti olaraq icraçı sifarişçinin sifarişi əsasında xidmətləri icra edərək sifarişçiyə verməyi, sifarişçi isə həmin xidmətləri qəbul etdikdən sonra müqavilə məbləğini ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən xidmətin növləri, xidmət haqqı müqavilənin Əlavəsi olan “X4” ilə müəyyən edilir. 2.1-ci bəndinə əsasən bu müqaviləyə uyğun olaraq xidmət icraçı tərəfindən həyata keçirildikdən sonra “X4” ilə müəyyən edilmiş qiymətə uyğun xidmət haqqının ümumi məbləği faktiki görülən xidmətin həcminə mütənasib olaraq hər ay üzrə xidmətlərin göstərilməsi ilə bağlı “Xidmətlərin göstərilməsinə dair akt" tərtib edilərək müəyyən edilir. 2.2-ci bəndinə əsasən tərəflər arasında “Xidmətlərin göstərilməsinə dair akt” tərtib edilərək yazılı təsdiq edildikdən sonra xidmət icraçı tərəfindən icra edilmiş hesab edilir. 2.3-cü bəndinə əsasən “Xidmətlərin göstərilməsinə dair akt” tərəflər arasında yazılı təsdiq edildikdən sonra icraçı tərəfindən həmin akt üzrə düzgün formada təqdim edilən elektron qaiməfaktura əsasında sifarişçi tərəfindən 30 (otuz) iş günü ərzində xidmətlərin dəyəri icraçının bu müqavilədə göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilir. 9.4-cü bəndinə əsasən tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməsə, onlara Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında baxılacaq. Bu müqavilə üzrə yaranan bütün mübahisələrə sifarişçinin yerləşdiyi yerin məhkəməsində baxılacaqdır. Bu müqaviləyə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi tətbiq olunur və ona əsasən təfsir edilir.

2. YXM-077/2023-3 nömrəli, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə xx.xx.2023cü il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adı qeyd olunmuş xidmətin qiyməti (İnşaat sahəsində qazma işləri – 11000 manat) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və Cavabdeh MMC-nin AR Filialının möhürü ilə təsdiq edilmişdir.

3. İcraçı qismində X3 ilə sifarişçi qismində Cavabdeh MMC AR Filialı arasında YXM-018/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilənin predmeti olaraq icraçı sifarişçinin sifarişi əsasında xidmətləri icra edərək sifarişçiyə verməyi, sifarişçi isə həmin xidmətləri qəbul etdikdən sonra müqavilə məbləğini ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən xidmətin növləri, xidmət haqqı müqavilənin Əlavəsi olan “X4” ilə müəyyən edilir. 2.1-ci bəndinə əsasən bu müqaviləyə uyğun olaraq xidmət icraçı tərəfindən həyata keçirildikdən sonra “X4” ilə müəyyən edilmiş qiymətə uyğun xidmət haqqının ümumi məbləği faktiki görülən xidmətin həcminə mütənasib olaraq hər ay üzrə xidmətlərin göstərilməsi ilə bağlı “Xidmətlərin göstərilməsinə dair akt" tərtib edilərək müəyyən edilir. 2.2-ci bəndinə əsasən tərəflər arasında “Xidmətlərin göstərilməsinə dair akt” tərtib edilərək yazılı təsdiq edildikdən sonra xidmət icraçı tərəfindən icra edilmiş hesab edilir. 2.3-cü bəndinə əsasən “Xidmətlərin göstərilməsinə dair akt” tərəflər arasında yazılı təsdiq edildikdən sonra icraçı tərəfindən həmin akt üzrə düzgün formada təqdim edilən elektron qaimə-faktura əsasında sifarişçi tərəfindən 30 (otuz) iş günü ərzində xidmətlərin dəyəri icraçının bu müqavilədə göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilir. 6-cı bəndinə əsasən tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməsə, onlara Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında baxılacaq. Bu müqavilə üzrə yaranan bütün mübahisələrə sifarişçinin yerləşdiyi yerin məhkəməsində baxılacaqdır. Bu müqaviləyə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi tətbiq olunur və ona əsasən təfsir edilir.

4. YXM-018/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinə xx.xx.2024cü il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adı qeyd olunmuş xidmətin qiyməti (İnşaat sahəsi ərazisində torpaq çıxarılması və yüklənməsi üzrə texnika xidmətlərinin həyata keçirilməsi – aylıq 7000 manat; günlük 250 manat; saatlıq 27,77 manat) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və Cavabdeh MMC-nin AR Filialının möhürü ilə təsdiq edilmişdir.

5. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 031367 nömrəli elektron qaimədən müəyyən edilir ki, X3 tərəfindən Cavabdeh MMCnin AR Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9222,22 manat təşkil edir.

6. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, ********* nömrəli elektron qaimədən müəyyən edilir ki, X3 tərəfindən Cavabdeh MMCnin AR Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 25750,0034 manat təşkil edir.

7. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11436133 nömrəli elektron qaimədən müəyyən edilir ki, X3 tərəfindən Cavabdeh MMCnin AR Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 18611,1142 manat təşkil edir.

8. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11437782 nömrəli elektron qaimədən müəyyən edilir ki, X3 tərəfindən Cavabdeh MMCnin AR Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13833,3358 manat təşkil edir.

9. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10695348 nömrəli elektron qaimədən müəyyən edilir ki, X3 tərəfindən Cavabdeh MMCnin AR Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13666,0013 manat təşkil edir.

10. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 10901776 nömrəli elektron qaimədən müəyyən edilir ki, X3 tərəfindən Cavabdeh MMCnin AR Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2000 manat təşkil edir.

11. 30.01.2023-cü il tarixli xidmətlərin təhvil-təslim aktından görünür ki, 2023-cü ilin dekabr ayı ərzində aktda qeyd edilən ümumilikdə 9222,22 manat məlbəğində xidmət(lər) təmin edilmişdir. Akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin AR Filialının möhürü ilə təsdiq edilmişdir.

12. 31.03.2024-cü il tarixli xidmətlərin təhvil-təslim aktından görünür ki, 2024-cü ilin mart ayı ərzində aktda qeyd edilən ümumilikdə 25750 manat məlbəğində xidmət(lər) təmin edilmişdir. Akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin AR Filialının möhürü ilə təsdiq edilmişdir

13. 30.04.2024-cü il tarixli xidmətlərin təhvil-təslim aktından görünür ki, 2024-cü ilin apel ayı ərzində aktda qeyd edilən ümumilikdə 18611,11 manat məlbəğində xidmət(lər) təmin edilmişdir. Akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin AR Filialının möhürü ilə təsdiq edilmişdir.

14. 31.05.2024-cü il tarixli xidmətlərin təhvil-təslim aktından görünür ki, 2024-cü ilin may ayı ərzində aktda qeyd edilən ümumilikdə 13833,33 manat məlbəğində xidmət(lər) təmin edilmişdir. Akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin AR Filialının möhürü ilə təsdiq edilmişdir.

15. 30.06.2024-cü il tarixli xidmətlərin təhvil-təslim aktından görünür ki, 2024-cü ilin iyun ayı ərzində aktda qeyd edilən ümumilikdə 13666 manat məlbəğində xidmət(lər) təmin edilmişdir. Akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin AR Filialının möhürü ilə təsdiq edilmişdir.

16. 31.07.2024-cü il tarixli xidmətlərin təhvil-təslim aktından görünür ki, 2024-cü ilin iyul ayı ərzində aktda qeyd edilən ümumilikdə 2000 manat məlbəğində xidmət(lər) təmin edilmişdir. Akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin AR Filialının möhürü ilə təsdiq edilmişdir.

17. "xxxx" ASC-də olan X2 məxsus AZ81AİİB******************** nömrəli hesabdan çıxarışdan görünür ki, xx.xx.2024- cü il tarixdə Cavabdeh MMC-nin AR Filialından 1000 manat məbləğində hesaba mədaxil olmuşdur.

18. X3 tərəfindən Cavabdeh MMC-nin AR Filialına göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

19. İddiaçı X3 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 81860,45 manat əsas borc, həmin borca görə illik 5%-lə hesablanmış 4093 manat faiz məbləği, hüquqi xidmətə görə vəkilə ödənilmiş 320 manat xidmət haqqı, ödənilmiş dövlət rüsumuna görə 348,82 manat olmaqla, cəmi 86622,27 manat pulun tutularaq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 ilə Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialı arasında YXM-077/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və YXM-018/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə görə fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X3 Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialının sifarişi əsasında xidmətləri icra edərək, MMC-yə təhvil verməyi, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialı isə görülən xidmətlər qarşılığında X2 ödəniş etməyi öhdəsinə götürür. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi əsasında xidmətləri icra edərək sifarişçiyə verməyi, sifarişçi isə həmin xidmətləri qəbul etdikdən sonra müqavilə məbləğini ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən xidmətin növləri, xidmət haqqı müqavilənin əlavəsi olan X4 ilə müəyyən edilir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə uyğun olaraq xidmət icraçı tərəfindən həyata keçirildikdən sonra “X4” ilə müəyyən edilmiş qiymətə uyğun xidmət haqqının ümumi məbləği faktiki görülən xidmətin həcminə mütənasib olaraq hər ay üzrə xidmətlərin göstərilməsi ilə bağlı Xidmətlərin göstərilməsinə dair akt tərtib edilərək müəyyən edilir. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər arasında Xidmətlərin göstərilməsinə dair akt tərtib edilərək, yazılı təsdiq edildikdən sonra xidmət icraçı tərəfindən icra edilmiş hesab edilir. Müqavilənin 2.3-cü bəndinə əsasən Xidmətlərin göstərilməsinə dair akt tərəflər arasında yazılı təsdiq edildikdən sonra icraçı tərəfindən həmin akt üzrə düzgün formada təqdim edilən elektron qaimə-faktura əsasında sifarişçi tərəfindən 30 iş günü ərzində xidmətlərin dəyəri icraçının bu müqavilədə göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilir. Müqavilənin 3.1.4-cü bəndinə əsasən sifarişçi xidmət haqqını bu müqavilədə göstərilən müddətdə və miqdarda icraçıya ödənilməsini təmin edir. Müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr bir qayda olaraq danışıqlar vasitəsi ilə həll edilir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməsə, onlara Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında baxılacaq. Bu müqavilə üzrə yaranan bütün mübahisələrə sifarişçinin yerləşdiyi yerin məhkəməsində baxılacaqdır. Sözügedən müqavilə və əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Qeyd edirik ki, müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş, iddiaçı müqavilədə nəzərdə tutulan xidmətləri icra etmiş, həmin xidmətlər tərəflər arasında xidmətlərin təhvil-təslim aktı ilə təsdiq edilmişdir. Belə ki, tərəflər arasında 30 dekabr 2023-cü il tarixli 9222,22 manat, 31 mart 2024-cü il tarixli 25750 manat, 30 aprel 2024-cü il tarixli 18611,11 manat, 31 may 2024-cü il tarixli 13833,33 manat, 30 iyun 2024-cü il tarixli 13666 manat, 31 iyul 2024-cü il tarixli 2000 manat xidmət haqqı məbləğində təhvil-təslim aktları imzalanmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə iddiaçı tərəfindən elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 1222,22 ödəniş olunmuş, geri qalan məbləğlərlə bağlı ödəniş həyata keçirilməmişdir. Cavabdehə təqdim edilmiş elektron/hesab fakturada nəzərdə tutulmuş məbləğdən cavabdehin iddiaçıya 81860,45 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı X3 tərəfindən cavabdehə EBDX № 031367 nömrəli, xx.xx.2024-cü il tarixli 9222,22 manat dəyərində, MT2406 № 10665838 nömrəli, xx.xx.2024-cü il tarixli 25750 manat dəyərində MT2406 №11437782 nömrəli, xx.xx.2024- cü il tarixli, 13833,33 manat dəyərində MT2406 №11436133 nömrəli, xx.xx.2024-cü il tarixli, 18611,11 manat dəyərində, MT2407 №10695348 nömrəli, xx.xx.2024-cü il tarixli, 13.666 manat dəyərində MT2408 №10901776 nömrəli, xx.xx.2024-cü il tarixli 2000 manat dəyərində elektron qaimələr vurulmuşdur. Həmin elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir. Həmin eqaimələr əsasında iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmişdir. Həmin elektron qaimələrdə göstərilən məbləğləri cavabdeh müqaviləyə əsasən ümumi 83082,67 manat pulu iddiaçıya ödəməli idi. Lakin cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə EBDX №031367 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 1222,22 manat ödəniş olmuş, geri qalan 81860,45 manat pul bugünədək cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Göründüyü kimi, 81860,45 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. X3 ilə Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış YXM077/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və YXM-018/2024 nömrəli xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi əsasında görülən işlərin dəyəri 83082,67 AZN (səksən üç min səksən iki manat altmış yeddi qəpik) borcu olmuşdur. Həmin məbləğdən 1222,22 manat ödəniş cavabdeh tərəfindən ödənilmiş geri qalan 81860,45 manat məbləğ isə hələ də iddiaçıya ödəməmişdir. X3 tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirmiş X3 tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına görülmüş işlərə görə, müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir. Lakin Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən görülən xidmətlərə görə olan ödəniş hələ də ödənilməmiş qalır. İddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərərək 3 iş günü müddətində 81860,45 manat borcu ödəməyi tələb etmişdir. Lakin cavabdeh əsassız olaraq borcu ödəməkdən yayınmışdır. Bildirilir ki, cavabdeh tərəfindən borc vaxtında ödənilmədiyinə görə qanunverciliyə əsasən illik 5%, yəni 81860,45 x 5% x 1 il = 4093 manat hesablanmış pul da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

21. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1, 449.1, 464.1-ci maddələrinə istinad olunmuşdur.

22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3706/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 81860,45 manat (səksən bir min səkkiz yüz altmış manat qırx beş qəpik) borc, 2388 manat (iki min üç yüz səksən səkkiz manat) illik 5%-lə hesablanmış faiz borcu, 320 manat (üç yüz iyirmi manat) hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 341 (üç yüz qırx bir) manat, ümumilikdə 84909,45 manat (səksən dörd min doqquz yüz doqquz manat qırx beş qəpik) məbləğində pul vəsaitinin iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilmişdir.

23. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərdən biri xarici hüquqi şəxsin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialıdır və müqavilələr də həmin Filialla (sifarişçi qismində Azərbaycan Respublikasında rəsmi qeydiyyata alınmış, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Əsasnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı) bağlanılmış və tərəflər müqavilələr üzrə üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Bağlanmış müqavilə şərtlərinə əsasən tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməsə, onlara Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında baxılacaq. Bu müqavilə üzrə yaranan bütün mübahisələrə sifarişçinin yerləşdiyi yerin məhkəməsində (yəni Azərbaycan Respublikasının məhkəməsində) baxılacaqdır. Bu müqaviləyə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi tətbiq olunur və ona əsasən təfsir edilir. Ona görə də hazırkı mübahisəyə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi tətbiq edilmişdir.

24. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında YXM077/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və YXM-018/2024 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilələr bağlanmış və həmin müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən müqavilələr üzrə öhdəlik yerinə yetirilərək, müqavilə üzrə razılaşdırılmış işlər görülsə də, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, görülmüş işlərin dəyərinin təhvil-təslim aktı imzalandıqdan sonra ödənilməsi öhdəliyini üzərinə götürsə də, tam icra etməmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən icraçı sifarişçi tərəfindən təqdim olunmuş va tərəflər arasında təsdiq olunmuş sifarişə əsasən inşaat sahəsində qazma işlərinin görülməsini, yüklənmə üzrə texnika xidmətlərinin göstərilməsini həyata keçirilmişdir. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialından ödənilməmiş 81860,45 manat borcun tutulması təşkil etmişdir. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia göstərilən hissədə təmin edilməli və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 81860,45 manat (səksən bir min səkkiz yüz altmış manat qırx beş qəpik) borc tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş sübutlarla (müqavilələr, təhviltəslim aktları, elektron qaimələr, ödəniş sənədi) öz təsdiqini tapmışdır. Belə ki, tərəflərin təsdiq etdiyi təhvil-təslim aktları və elektron qaimələr üzrə ümumi məbləğ 83082,67 manat təşkil etmiş, həmin məbləğdən 1222,22 manat ödənilmiş, qalıq məbləğ 81860,45 manat (83082,67- 1222,22=81860,45) təşkil etmişdir. İddia tələbinin digər hissəsini cavabdehdən gecikdirilmiş vaxt üzrə illik 5%-lə hesablanmış 4093 manat faiz məbləğinin tutulması təşkil etmişdir. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia qismən təmin olunmalı və cavabdehdən illik 5 (beş) faizlə hesablanan 2388 manat (81860,45x5:100:12x7ay≈2388) məbləğində pul iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında 7 ay müddət üçün illik beş faizlə hesablanmış məbləğin cavabdehdən tutulmasına etiraz etmədiyini bildirmişdir. Eləcə də, iddiaçı 320 manat hüquqi yardım və ödənilmiş 348,82 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 341 (üç yüz qırx bir) manat, 320 manat (üç yüz iyirmi manat) hüquqi yardım xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2.1, 445.7, 752.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

26. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin əsaslandırması əsasən təqdim edilmiş elektron-qaimə fakturaların xidmətlərin göstərilməsini təsdiq edən sənəd hesab edilməsi üzərində qurulmuşdur. Qətnamənin 11-16-ci bəndlərində vergi qanunvericiliyinin müvafiq müddəalarına və “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarına istinad verilsə də, həmin qanunvericilik aktlarının müddəaları məhkəmə tərəfindən doğru şəkildə tətbiq olunmamışdır. Belə ki, birinci instansiyası məhkəməsi nəzərdən qaçırmışdır ki, həmin istinad edilmiş qaydalar sahibkarlıq fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı vergitutma münasibətlərini tənzimləyir. Göründüyü kimi, qeyd edilən qanunvericilik aktları, vergi inzibatçılığının tənzimlənməsi, vergi ödəyicilərinin təqdim edilmiş mallara münasibətdə vergi orqanlarını məlumatlandırma baxımından intizamlandırılmaq və bununla da vergidən yayınma hallarının qarşısının alınması məqsədilə qəbul edilmişdir. Buna görə də, qaimə faktura AR Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş xidmət müqaviləsindən doğan münasibətlər üzrə xidmətlərin təhvil verilib-verilmədiyini təsdiqedici fakt olaraq çıxış edə bilməz. Belə ki, qarşı tərəfin təqdim etdiyi qaimə faktura 5 gün ərzində avtomatik sistem tərəfindən təsdiqlənirsə, bu sənəd xidmətlərin təqdim edilməsini təsdiq edən təhvil-təslim aktını əvəz edə bilməz. Əks halda, vergi orqanına məxsus sistem üzərindən vurulan və avtomatik 5 gün ərzində təsdiq olunan elekron-qaimə faktular qarşı tərəfdə suni şəkildə borc yaratmaq üçün digər vergi ödəyiciləri tərəfindən sui-istifadə edilə bilər. AR NK-nin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi” Qaydalarının 1.4-cü maddəsində əsasən, Ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 oktyabr 2017-ci il tarixli Q-12 №-li qərarının 57 nömrəli əlavəsinə əsasən, ciddi hesabat blankı olan “Malların təhvil-qəbul aktı”nın forması müəyyənləşdirilmişdir. İndiki mübahisədə xidmətlərin göstərilməsinə aid etmək mümkündür. Bu onu göstərir ki, elektron-qaimə faktura malların təhvil verilməsini təsdiq edən ciddi hesabat blankı kimi birmənalı şəkildə qəbul edilməmişdir, ilk növbədə ona görə ki, ciddi hesabat blankı olan malların təhvil-qəbul aktında hər iki tərəfin imzası yer almalıdır, halbuki elektron qaimə fakturalar qısa müddət ərzində elektron sistem tərəfindən avtomatik təsdiqlənə bilir. Buna görə də, hər hansı səbəbdən; müvafiq işçinin məzuniyyətdə olması, işçi çatışmazlığı və ya sadəcə vergi ödəyicsinin vergi orqanındakı şəxsi kabinetin üzürlü səbəblərdən mütəmadi izlənilməməsi nəticəsində elektron qaimə fakturaların təsdiqlənmiş olması vergi ödəyicisi üçün üçün öhdəlik yarada, onun tərəfindən malların faktiki olaraq qəbul edildiyini təsdiq edən hal kimi çıxış edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında elektron-qaimə fakturalar məhkəmə tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən normalarının nəzərə alınmaması nəticəsində malların təhvil verildiyini təsdiq edən fakt kimi qəbul edilərək məhkəmə qərarının əsasını təşkil etmişdir. Nəticə etibarilə, birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymətləndirmənin aparılmaması əsaslandırılmamış və ədalətsiz məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur.Müqavilədə də qeyd edildiyi kimi xidmətlərin icrası müvafiq təhvil-təslim aktı ilə imzalandıqdan və möhürləndikdən sonra təhvil alınır. Lakin məhkəmə iş üzrə İddiaçı tərəfindən təqdim edilmiş Cavabdehin səlahiyyətli nümayəndəsi, direktor EMRAH UCAR tərəfindən imzalanmamış təhvil-təslim aktlarının mötəbər sübut kimi nəzərə alaraq, qiymətləndirmişdir. Hüquqi şəxslər yalnız qanuni nümayəndələrinin səlahiyyətləri daxilində hüquqi əməliyyatlar apara bilərlər. Lakin məhkəmə sənədlərdə rəhbərin imzasının olmamasına baxmayaraq, müvafiq akt mötəbər sübut kimi qiymətləndirilmişdir. Məhkəmə tərəfindən qəbul olunan aktlar iddiaçı tərəfindən təqdim edilmişdir, lakin bu sənədlərin şirkətin qanuni nümayəndəsi və ya səlahiyyətli şəxsi tərəfindən imzalanmaması onların rəsmi etibarlılığını şübhə altına qoyur. Hüquqi şəxslər adından hüquqi əməliyyatlar yalnız qanuni nümayəndələrinin səlahiyyət dairəsində və imzası ilə həyata keçirilə bilər. Məhkəmənin qənaətinə görə, elektron qaimə-fakturanın təqdim edilməsi və həmin aktlarda göstərilən məbləğlərin üst-üstə düşməsi əsasında işlərin faktiki olaraq görüldüyü ehtimalı irəli sürülmüşdür. Lakin bu yanaşma sənədlərin formal düzgünlüyü və aktların tam imzalanması məsələsini nəzərə almır. Yəni yalnız məbləğlərin üst-üstə düşməsi əsasında işlərin görüldüyü qənaətinə gəlmək, aktların hüquqi qüvvəsini və etibarlılığını tam qiymətləndirməməkdir. Bu isə cavabdehin hüquqlarının pozulması riskini yaradır və qərarın apellyasiya qaydasında yenidən qiymətləndirilməsini zəruri edir. Həmçinin, İddiaçı tərəfindən məhkəməyə təqdim olunan müqavilə və onun əlavələrində göstərilən şərtlərə əsasən, xidmətlərin yalnız AZ 05 T 709 dövlət qeydiyyat nişanlı ekskavator və AZ 90 F 399 dövlət qeydiyyat nişanlı frontal yükləyici ilə icra olunması nəzərdə tutulmuşdur. Lakin təqdim edilmiş aktlara nəzər yetirildikdə, xidmətlərin guya ** AD ***, ** FE ***, 05 T 565 və 90 F 844 dövlət qeydiyyat nişanlı texnikalar vasitəsilə icra edildiyi iddia olunur. Bu ziddiyyət sənədlər arasında uyğunsuzluq yaratmaqla yanaşı, görülmüş işlərin faktiki əsasının və həcminin şübhə altına alınmasına səbəb olur. Beləliklə, məhkəmə bu ziddiyyəti nəzərə almadan qətnamə çıxarmış, nəticədə qərar faktiki hallara uyğun şəkildə əsaslandırılmamışdır və cavabdehin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Yəni qısaca, məhkəmə iddiaçının təqdim etdiyi sənədləri sadəcə sübut siyahısı kimi sadalamış, müqavilənin əlavəsi ilə müəyyənləşdirilmiş şərtlər nəzərə almadan, qərəzli olaraq, iddianı işə aid olmayan sübutlarla təsdiq etmişdir. Məhkəmənin diqqətindən yayınan əsas məqam ondan ibarətdir ki, təqdim olunan aktlar ümumiyyətlə şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Hətta məhkəmənin öz qətnaməsində aktların yalnız möhürlə təsdiqləndiyi qeyd olunur ki, bu da sənədlərin səlahiyyətli şəxs tərəfindən təsdiqlənmədiyini açıq şəkildə göstərir. Təkcə möhürün olması isə xidmətlərin cavabdeh tərəfindən təhvil alındığını sübuta yetirmir və belə sənədlərin etibarlı sübut kimi qəbul edilməsinə hüquqi əsas vermir. Bundan başqa, aktlarda göstərilən texnikalar müqavilə və onun əlavələrində qeyd olunan texnikalardan fərqlidir. Həmçinin aktlarda müvafiq müqaviləyə istinad olunmaması həmin aktların məhz bu müqavilə üzrə işlərin icrasını sübut etmir. Bundan əlavə, məhkəmə elektron qaimə-fakturaların təqdim olunmasını işlərin faktiki görüldüyünü təsdiq edən sübut kimi qiymətləndirmişdir. Halbuki elektron qaiməfaktura yalnız vergi uçotu sənədi olmaqla, xidmətlərin faktiki göstərildiyini və ya müqavilə üzrə öhdəliklərin icra olunduğunu təsdiqləmir. Bu hallar birlikdə göstərir ki, sübutlar tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, nəticədə əsassız qətnamə qəbul olunmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

28. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

29. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh ərizə ilə müraciət edərək məhkəmə iclasının onlarının iştirakı olmadan keçirlməsini xahiş etmişdir. İddiaçı gəlməməsinin səbəbləri barədə məhkməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

30. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

31. Mülki Prosessual Məcəllənin: -77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətində göstərilən dəlilləri nəzərə alaraq, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin iddianın təmin edilmş hissəsində mübahisələndirilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamə yalnız iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Kollegiya ilk növbədə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır ki, iddia tələbinin faktiki əsasını təşkil edən xidmət müqaviləsində tərəflər mübahisələrin sifarişçinin (hazırkı halda Cavabdeh MMC-nin Azərbaycan Respublikası Filialı AR-də yerləşir) yerləşdiyi yerin məhkəməsində baxılmalı olması və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tətbiq edilməli olması barədə razılığa gəldiklərindən hazırkı halda AR məhkəmələri xarici elementli mübahisəyə baxmaqda səlahiyyətlidirlər və mübahisəyə baxılarkən AR Qanunvericiliyi tətbiq edilməlidir.

38. Mahiyyətə gəldikdə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X3 ilə Cavabdeh MMC-nin Azərbaycan Respublikası Filialı arasında YXM-077/2023-3 nömrəli, xx.xx.2023-cü il tarixli və YXM-018/2024 nömrəli, xx.xx.2024-cü il tarixli iki xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə 2023-cü ilin dekabr ayı, 2024-cü ilin mart-iyul ayları ərzində cavabdehə xidmət göstərdiyini, lakin həmin xidmətlərə görə muzdun cavabdeh tərəfindən tam ödənilmədiyini iddia edir və göstərilmiş xidmətlərə görə qalıq 81860,45 manat pulun tutulmasını tələb edir. Cavabdeh isə xidmətlərin təhvil-təsliminə dair aktların direktor tərəfindən imzalanmadığını, elektron qaimələrin isə xidmətlərin göstərilməsi faktını təsdiq edən sənəd olmadığını bildirir və mübahisəli xidmtlərin göstərilməsi faktını inkar edir.

39. Kollegiya ilk növbədə qeyd edir ki, AR Mülki Məcəlləsində xidmət müqaviləsini tənzimləyən normaları nəzərdə tutan xüsusi fəsil yer almadığından xidmət müqaviləsindən irəli gələn hazırkı mübahisəyə oxşar hüquq münasibətləri tənzimləyən podrat müqaviləsinə dair normalar tətbiq edilməlidir.

40. Odur ki, hazırkı halda cavabdehin, iddiaçı tərəfindən mübahisəli müqavilələr əsasında göstərilmiş xidmətlərə görə 81.860,45 manat məbləğində borcunun yaranması iş materialları (elektron qaimələr, təhvil-təslim aktları) ilə təsdiq olunduğundan, iddiaçı Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən həmin borcun cavabdehdən tutulmasını tələb etmək hüququna malikdir.

41. Cavabdeh tərəfindən apellyasiya şikayətində irəli sürülən arqumentlərə qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.6-cı bəndinə əsasən elektron qaimə-fakturada göstərilən məlumatlar ilə razı olmadıqda qaimələri düzəliş üçün iddiaçıya göndərmək hüquq olmuş, lakin iddiaçı həmin hüquqdan da istifadə etməmişdir.

42. Bundan başqa iddiaçı göstərilən xidmətlərin icra olunmasını yalnız elektron qaimələrlə deyil, həm də təhvil-təslim aktları ilə təsdiqləmişdir. Cavabdehin təhvil-təslim aktlarının yalnız möhürlə təsdiq edilməsi barədə mülahizələrinə gəldikdə, məhkəmə kollegiyası bildirir ki, təhvil-təslim aktlarını imzalayan şəxsin həmin aktları cavabdehin adından imzalamaq səlahiyyətinin olmaması ehtimal edilsə belə, həmin aklara cavabdehin möhürünün vurulması müəssisənin möhürünü saxlamaq vəzifəsini daşıyan səlahiyyətli şəxsin həmin aktların imzalanması məlumatlı olmasına və belə olan halda aktlara razılıq verməsinə dəlalət edir. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin müəssisənin möhürü ilə təsdiq edilmiş sənədin mötəbərliyini səlahiyyətli şəxs tərəfindən imzalanmaması əsası ilə mübahisələndirilməsi mülki dövriyyə vicdanlı iştirakçısından gözlənilən davranış olmamaqla Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş vicdanlılıq, eləcə də estoppel prinsipinin tələblərinə cavabdeh vermir.

43. Belə ki, anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).

44. Təhvil-təslim aktının formasının normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməməsi, eləcə də müqavilədə bir ədəd ekskavator və bir ədəd frontal yükləyici ilə xidmət göstərilməsi barədə razılığa gəlinsə də, təhvil-təslim aktlarının 4 ədəd başqa xüsusi texnikalar ilə göstərilmiş xidmətlərə dair tərtib edilməsi barədə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə qeyd edilməlidir ki, həmin dəlillər sifarişçiyə icra edilmiş və təhvil alınmış xidməti ödəmək öhdəliyindən imtina üçün əsas vermir. Belə ki, Mülki Məcəllənin 770-ci maddəsinə əsasən, işi təhvil almış sifarişçi görülmüş işə görə muzd ödəməyə borcludur.

45. İddiaçının gecikdirilmiş borca görə illik 5% dərəcəsi ilə faizlərin tutulması hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdeh həmin öhdəliyi müqavilə şərtlərinə uyğun olaraq elektron qaimə göndərildikdən sonra 30 iş günü müddət ərzində icra etməməklə öhdəliyin icrasını gecikdirmişdir. Odur ki, iddiaçı tərəfindən pul öhdəliyinin icrasının qətnamənin qəbul edildiyi tarixədək olan müddət üçün gecikdirildiyini və iddiaçının digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı 7 aylıq müddət üçün illik 5%-lə 2388 manat məbləğində faizlərin tutulması hissəsində məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.

46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. İddia tələbinə dair hissədə qətnamə dəyişdirilmədən saxlandığından məhkəmə xərcləri (o cümlədən vəkil xərcləri) hissəsində də qətnamənin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.

48. Məhkəmə kollegiyası apellyasiya icraatı ilə bağlı məhkəmə xərclərinə münasibətdə isə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402ci maddələrini rəhbər tutaraq,məhkəmə kollegiyası

qət e t d i :

Cavabdeh Maqro Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3706/2025 saylı saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar