Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1019/2025 03.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: xidmət müqaviləsi, dəbbə pulu, təhvil-təslim aktı) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1634/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları:
1. İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 73/23 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən sifarişçi müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətlərin göstərilməsini sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öz öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən sifarişçinin işi icrasından sonra təhvil-təslim aktına əsasən təhvil almaq və göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsi vardır. 4.1-ci bəndinə əsasən icraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 iş günü ərzində göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair cədvəllər əsasında təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir. 4.3-cü bəndinə əsasən hazırkı müqavilə üzrə hesablaşmalar tərəflər arasında imzalanmış təhviltəslim aktına əsasən növbəti ayın ilk 5 iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir. 4.4-cü bəndinə əsasən sifarişçi göstərilmiş xidmətlərə dair xidmət haqqını 30 iş günündən artıq müddətdə icraçıya ödəmədikdə, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəyir. 6.1-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulan xidmətlərin vaxtında və lazımınca icra edilməsi üçün məsuliyyət daşıyır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 73/23 nömrəli xidmət müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli, 1 nömrəli qiymətlərin razılaşdırma protokolundan müəyyən olunur ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş və ümumi dəyəri 22420 manat (ƏDV daxil) olan xidmətlərin göstərilməsi barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. xx.xx.2023-cü il tarixli, 73/23 nömrəli xidmət müqaviləsinin 1 nömrəli qiymətlərin razılaşdırılması protokolu üzrə xx.xx.2024-cü il tarixli, 1 nömrəli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 6036,08 manat olan xidmət göstərilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. xx.xx.2024-cü il tarixli, 002/24 saylı hesab-fakturadan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 6036,08 manat olan mal göndərilmişdir.
5. xx.xx.2024-cü il tarixli, EBDW seriyalı, 650766 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6036,08 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 73/23 nömrəli müqavilə qeyd edilmişdir. Qaimənin 1 nömrəli təhvil-təslim aktı və 002/24 nömrəli hesab-fakturaya uyğun tərtib edildiyi qeyd edilmişdir.
6. xx.xx.2024-cü il tarixli, 019-F/24 nömrəli maliyyə arayışının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə borcu 6036,08 manat əsas borc və 20522,67 manat müqavilə üzrə hesablanmış dəbbə pulu olmaqla, cəmi 26558,75 manat təşkil edir. (6036,08x1%=60,3608x340 gün=20522,672 manat)
7. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən borcun ödənilməsi ilə bağlı Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə xx.xx.2024-cü il tarixli, 020-F/25 nömrəli pretenziya məktubu göndərilmiş, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 73/23 saylı xidmət müqaviləsi üzrə yaranmış 26558,75 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təsdiqdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
8. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC (“Sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında bağlanmış olan xx.xx.2023-cü il tarixli 73/23 nömrəli xidmət müqaviləsinə əsasən 6036,08 manat əsas borc, 20522,67 manat dəbbə pulu və 151,57 manat dövlət rüsumu olmaqla, ümumilikdə 26710,32 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə tərəflər arasında 73/23 saylı xidmət müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, sifarişçi müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşdırılması protokolu”na əsasən xidmətlərin göstərilməsini sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öz öhdəsinə götürür. Müqavilənin 4.3-cü bəndində qeyd olunur ki, hazırkı müqavilə üzrə hesablaşmalar tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 günü ərzində bank hesabına köçürülmə yolu ilə həyata keçirilir. Həmçinin müqavilənin 4.4-cü bəndində qeyd edilir ki, sifarişçi göstərilmiş xidmətlərə dair xidmət haqqını 30 iş günündən artıq müddətdə icraçıya ödəmədikdə, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəyir. Qeyd edilmişdir ki, Cavabdeh MMC qeyd edilən müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, İddiaçı MMC tərəfindən tərtib edilmiş EBDW seriyalı, 650766 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə faktura üzrə ƏDV daxil 6036,08 manat borcu ödəməkdən yayınmışdır. Həmçinin EBDW seriyalı, 650766 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə faktura üzrə gecikdirilmiş 340 gün üçün ödənilməli dəbbə pulu 20522,67 manat təşkil edir. Yuxarıda qeyd edilən qaimələr üzrə əsas borcu və dəbbə pulunu nəzərə alaraq, Cavabdeh MMCnin İddiaçı MMC-yə 26558,75 manat borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.
10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1-ci maddələrinə istinad olunmuşdur.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1634/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdehndən 6036,08 manat əsas borc, 350 manat dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,4 manat olmaqla, ümumilikdə 6422,48 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, iddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2023-cü il tarixli, 73/23 nömrəli xidmət müqaviləsinə əsasən 6036,08 manat əsas borcun tutulması təşkil edir. İşin faktiki hallarından görünüb ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 73/23 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır, belə ki, xidmət göstərilmiş, lakin xidmət haqqı ödənilməmişdir. Həmin hal təqdim edilmiş müqavilə, qiymət razılaşma protokolu, təhvil-təslim aktı, elektron qaimə ilə öz təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının öhdəliyin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, 73/23 saylı xidmət müqaviləsi üzrə 6036,08 manat (altı min otuz altı manat səkkiz qəpik) tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 1 nömrəli təhviltəslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 6036,08 manat dəyərində mal təhvil verilmişdir. Təhvil-təslim aktı Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən iddiaya etiraz edilməmiş, ödənişlərin edilməsi ilə bağlı hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin digər hissəsini Cavabdeh MMC-dən 20522,67 manat dəbbə pulunun tutulması təşkil etmişdir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdedən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 73/23 saylı xidmət müqaviləsinin 4.4cü bəndinə əsasən sifarişçi göstərilmiş xidmətlərə dair xidmət haqqını 30 iş günündən artıq müddətdə icraçıya ödəmədikdə, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəyir. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulacaq dəbbə pulu azaldılaraq 350 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçı 151,57 manat dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumuna görə 36,4 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 386.1,752.1, 442, 448.1, 462.1, 465.2, 467-ci maddələrinə istinadla əsaslandırmışdır.
14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırmayıb ki, daha öncədən tərəflər arasında xx.xx.2023-cu il tarixli 98 saylı xidmət muqaviləsi mövcuddur. Həmin muqavilənin 1-ci bəndinə əsasən icraçının mulkiyyətində olan texnika/avadanlığın bu muqavilədə muəyyən edilən şərtlər daxilində sifarişçi uçun xidmət göstərməsi muqavilənin predmetini təşkil edir. Həmin muqavilənin 2-ci bəndinə əsasən xidmət muddəti, texnika/avadanlığın ərazidə xidmət göstərməyə başladığı tarixdən etibarən hesablanır. Həmin muqavilənin 3-cu bəndinə əsasən texnika/avadanlığın göstərdiyi xidmət və xidmət haqqı məbləği razılaşma protokoluna əsasən tərtib edilir. Muqavilə uzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan növbəti ayın ilk 10 (on) iş gunu ərzində bank köçurməsi yolu ilə həyata keçirilir. Həmin muqavilənin 3-cu bəndinə əsasən texnika/avadanlığın göstərdiyi xidmət və xidmət haqqı məbləği razılaşma protokoluna əsasən tərtib edilir. Muqavilə uzrə xidmət haqqı görulmuş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan növbəti ayın ilk 10 iş gunu ərzində bank köçurməsi yolu ilə həyata keçirilir. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cu il tarixli Qiymət razılaşma protokoluna əsasən sifarişçi İddiaçı MMC icraçı Cavabdeh MMC-yə aylıq 26 xidmət gunu nəzərə alınmaqla 11800 manat (ƏDV daxil) xidmət haqqı ödəməyi öz öhdəsinə göturmuşdur. Belə ki, Cavabdeh MMC tərəfindən vurulmuş EBDT seriyalı, 382207 nömrəli elektron-qaimə uzrə 4810,82 manat (dörd min səkkiz yuz on manat səksən iki qəpik); MT2407 seriyalı, 10284820 nömrəli elektron qaimə uzrə 544,62 manat; MT2408 seriyalı, 10422971 nömrəli elektron-qaimə uzrə 7080,02 manat məbləğində ümumilikdə isə 12435,46 manat məbləğində ödənilməyən borc mövcuddur. Belə ki, borc məbləği bu gunə qədər hələ də ödənilməmişdir. Qanunvericiliyə əsasən isə ödənişin gecikdirilməsi uçun muqavilə uzrə 1580,85 manat (cərimə borcu yaranmışdır. Göründüyü kimi iddiaçının cavabdehə borcu var. O iş üzrə də qətnamə (hakim Zeynəb Axundova) qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bildirdi ki, iddiaçının borcu ilə bağlı kommersiya mübahisəsinə baxılaraq qətnamə qəbul edilib.
18. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir.
19. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
20. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
21. Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
22. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 73/23 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəliklərini hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilə üzrə öhdəliklərinin icra edərək cavabdehə ekskavatorla xidmətlər göstərmişdir. Lakin cavabdeh göstərilmiş xidmətlərin dəyərini tam şəkildə ödəməmiş, nəticədə müqavilənin 3.1.3-cü bəndindən irəli gələn öhdəliklərini pozmuşdur. Hazırda iddiaçı iddia edir ki, cavabdeh həmin müqavilə üzrə göstərilmiş xidmətlərə görə borcn 6 036,08 manat təşkil edir və məhkəmə müdafiəsi hüququndan istifadə edərək bu məbləğin tutulmasını tələb edir. Cavabdeh isə apellyasiya şikayətində xx.xx.2023-cü il tarixli, 98 saylı xidmət müqaviləsi əsasında iddiaçının da cavabdehə borclunun olduğunu əsas göstərərək iddianın rədd edilməsini xahiş edir.
26. Kollegiya ilk növbədə qeyd edir ki, AR Mülki Məcəlləsində xidmət müqaviləsini tənzimləyən normaları nəzərdə tutan xüsusi fəsil yer almadığından xidmət müqaviləsindən irəli gələn hazırkı mübahisəyə oxşar hüquq münasibətləri tənzimləyən podrat müqaviləsinə dair normalar tətbiq edilməlidir.
27. Odur ki, hazırkı halda cavabdehin iddiaçıya mübahisəli müqavilə üzrə göstərilmiş xidmətlərə görə ƏDV daxil 6036,08 manat məbləğində borcunun yaranması iş materialları (elektron qaimə, hesab faktura, təhvil-təslim aktı) ilə öz təsdiqini tapdığından iddiaçı Mülki Məcəllənin 752.1-ci maddələsinə əsasən həmin borcun cavabdehdən tutulmasını tələb etmək hüququna malikdir.
28. Digər tərəfdən, cavabdehin irəli sürdüyü arqumentlərlə bağlı məhkəmə tərkibi qeyd etməyi zəruri sayır ki, cavabdehin istinad etdiyi xx.xx.2023-cü il tarixli, 98 saylı xidmət müqaviləsi (və ya başqa hər hansı xidmət müqaviləsi) üzrə iddiaçının cavabdehə borcunun olması ehtimal edilsə belə həmin hal cavabdehi xx.xx.2023-cü il tarixli, 73/23 nömrəli xidmət müqaviləsi üzrə xidmət haqqını borcunu ödəmək öhdəliyindən azad etmir. Belə ki, sözügedən qarşılıqlı pul öhdəliklərinin əvəzləşdirilməsi nəticəsində xitam verilməsi iş materiallarına əsasən müəyyən edilmir.
29. Bundan əlavə, apellyasiya şikayətində cavabdeh əsas borcu mübahisələndirdiyindən, məhkəmə, əsas öhdəliyin icrasının gecikdirilməsinə görə tutulmuş dəbbə puluna da münasibət bildirməlidir. Həmin hissədə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, mübahisəli müqavilənin 4.4-cü bəndi və Mülki Məcəllənin 462 və 467-ci maddələri həmin hissədə iddia tələbinin qismən təmin edilərək dəbbə pulunun 350 manat məbləğində müəyyənləşdirilməsinə əsas verir.
30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Birinci instansiya qətnaməsi məhkəməsinin iddia tələbinə dair hissədə dəyişdirilmədən saxlanıldığından məhkəmə xərclərinə dair hissədə də həmin qətnamənin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.
32. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsində işə baxılması ilə bağlı çəkilmiş məhkəmə xərclərinə isə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1634/2025 saylı saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov