Məhkəmə qərarları › İş №2-2(103)-1035/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1035/2024

23.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1035/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5568/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iddia ərizəsinin iş üzrə icraata xitam verilməsi əsası kimi MPM-in 261.0.1-ci maddəsinə istinad etmişdir. Bundan sonra İddiaçı qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 5568/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə adına VÖEN olmadığını əsas gətirərək iddia ərizəsinin qəbulundan imtina edilmiş, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmış və ona izah edilmişdir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə müvafiq rayon/şəhər/ məhkəməsinə müraciət edə bilər. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmamış və qərardadın ləğv edilməsi üçün şikayətlə məhkəməyə müraciət etmiş, məhkəmə qərardadı ləğv etmiş və bu dəfə iş üzrə icraata xitam vermişdir. Həmin qərardadla razı deyil. .Hesab edir ki,qərardad düzgün qəbul edilməmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2/13/- 1575/2020 saylı qətnaməsinə əsasən ASC “Standard İnsuranse” sığorta şirkəti müflis elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2. və 72.1.3. maddələrinin Azərbaycan Respublikası MPM-nin 254.2.,153.2.1. və 261.0.1. maddələri ilə,eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2.maddəsinin “Banklar haqqında ” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası MPM-nin 261.0.1.maddəsinə əsasən icraatına xitam verilməsini və tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunmasını nəzərdə tutur. Azərbaycan Respublikası MM-nin 11.1.maddəsinin tələblərinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə,əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Mövcud məhkəmə təcrübəsi,sığorta şirkətlərini ləğvi ilə əlaqədar yaranmış prak/ka və qanunun analogiyasına əsasən müəyyən olunur ki,müflis elan olunmuş banklara münasibətdə olduğu kimi ,müflis elan olunmuş sığorta şirkətləri ilə bağlı iddialara da iflas proseduruna nəzarət edən məhkəmədə,yəni kommersiya məhkəməsində baxılır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikasının Mərkəzi X5 Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi tələbinə dair ərizəsi təmin edilmiş, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti müflis elan edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. “Müflisləşmə və iflas haqqında” AR Qanununun borclunun müflis elan olunmasının nəticələrini müəyyən edən 18-ci maddəsinə görə:

1. Borclunun müflis elan olunmasının məqamları aşağıdakılardır: a) borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixi və ya; b) bu Qanunun tələblərinə uyğun olaraq kreditorların ilkin yığıncağında borclu müəssisənin müflis elan olunması barədə müvafiq qərarın qəbul edilməsi tarixi.

2. Borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, şəxsin müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan həmin şəxsə bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur və banka qarşı tələblər yalnız qanunvericilikdə nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməlidir. İddia ərizəsinin məzmunundan isə görünür ki, iddianın predmetini sığorta ödənişinin həyata keçirilməsi, yəni iddiaçının barəsində iflas proseduruna başlanılmış "xxxx" Sığorta şirkətinə qarşı sığorta müqaviləsindən irəli gələn kreditor tələbi təşkil edir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının cavabdeh Standard İnsurance” Sığorta şirkətinə qarşı irəli sürdüyü iddia üzrə tələb müflisləşmə prosesində olan hüquqi şəxsə qarşı yönəldilmiş kreditor tələb olduğundan “Müflisləşmə və iflas haqqında” AR Qanununun 18-ci maddəsinin tələblərinə əsasən həmin iddia ərizəsinə məhkəmədə baxılmalı deyil. İddiaçıya hazırkı tələbləri iflas proseduru çərçivəsində irəli sürmək, yəni ilkin olaraq kreditor tələblə ləğvetmə komissiyasına, həmin komissiyanın qərarından narazı olduğu təqdirdə isə müflisləşməyə nəzarəti həyata keçirən məhkəməyə (Bakı Kommersiya Məhkəməsinə) iddia ərizəsi ilə deyil, “Müflisləşmə və iflas haqqında Qanunun 45.3-cü maddəsinə əsasən ləğvetmə komissiyasının qərarın ləğvi və ya dəyişdirilməsi barədə ərizə ilə müraciət etmək hüquqları izah edilməlidir. Odur ki, şikayətin dəlilləri isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli e-2-2(113)-5568/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Hakimlər: Leyla Əliyeva

Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar