Məhkəmə qərarları › İş №2-2(103)-1039/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1039/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1039/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: öhdəliklərin icrası, pul tələbi, xidmət müqaviləsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1519/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında 05 yanvar 2021-ci il tarixdə maliyyə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi maliyyə xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada maliyyə xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür.

3. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. Tərəflər arasında aşağıdakı məzmunda aktlar imzalanmışdır: xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 250 manat dəyərində maliyyə xidmətləri göstərilmişdir; xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 250 manat dəyərində maliyyə xidmətləri göstərilmişdir; xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 250 manat dəyərində maliyyə xidmətləri göstərilmişdir; xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 250 manat dəyərində maliyyə xidmətləri göstərilmişdir; xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 250 manat dəyərində maliyyə xidmətləri göstərilmişdir; xx.xx.2021ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 250 manat dəyərində maliyyə xidmətləri göstərilmişdir; xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 250 manat dəyərində maliyyə xidmətləri göstərilmişdir; xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 250 manat dəyərində maliyyə xidmətləri göstərilmişdir. Bundan başqa iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli EBBR 926273 saylı dəyəri 500 manat təşkil edən, xx.xx.2022-ci il tarixli EBBT 832118 saylı dəyəri 250 manat təşkil edən, xx.xx.2022-ci il tarixli EBBV 301807 saylı dəyəri 250 manat təşkil edən, xx.xx.2022-ci il tarixli EBBX 192743 saylı dəyəri 250 manat təşkil edən, xx.xx.2022-ci il tarixli EBBY 909686 saylı dəyəri 250 manat təşkil edən, xx.xx.2022-ci il tarixli EBCB 005509 saylı dəyəri 250 manat təşkil edən, xx.xx.2022-ci il tarixli EBCC 655123 saylı dəyəri 250 manat təşkil edən, xx.xx.2022-ci il tarixli EBCG 001999 saylı dəyəri 250 manat təşkil edən, xx.xx.2022-ci il tarixli EBCİ 589183 saylı dəyəri 250 manat təşkil edən, xx.xx.2022-ci il tarixli EBCK 581581 saylı dəyəri 250 manat təşkil edən, xx.xx.2022-ci il tarixli EBCL 744178 saylı dəyəri 250 manat təşkil edən, xx.xx.2023-cü il tarixli EBCN 599853 saylı dəyəri 250 manat təşkil edən, xx.xx.2023-cü il tarixli EBDA 756187 saylı dəyəri 250 manat təşkil edən, xx.xx.2023-cü tarixli EBDC 240797 saylı dəyəri 250 manat təşkil edən, xx.xx.2023-cü tarixli EBDE 153236 saylı dəyəri 150 manat təşkil edən, xx.xx.2023-cü tarixli EBDG 496601 saylı dəyəri 150 manat təşkil edən, xx.xx.2023-cü tarixli EBDJ 215042 saylı dəyəri 150 manat təşkil edən elektron qaimələr göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.526 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, 01 Fevral 2021-ci ildə Cavabdeh MMC ilə bağlanmış müqaviləyə əsasən maliyyə işlərinin yerinə yetirilməsi razılığına gəlmişdir. Bağlanmış müqaviləyə əsasən xx.xx.2021-ci il tarixindən aylıq 250 ödənilməklə maliyyə işlərində kömək etməyi öhdəliyə götürmüşlər. Aylıq ödəniş nəğdsiz formada kart ilə ödənilməli idi. Lakin işlədiyimiz dövr ərzində bir neçə dəfə xidmət haqqı gecikdirilərək ödənilmişdir. Belə halların dəfələrlə təkrarlanması və əsassız vədlərin verilməsi uzandığı üçün xx.xx.2023-cü il tarixindən işi dayadırmışdır. İşi dayandırdıqdan sonra dəfələrlə xidmət haqqı tələbini bildirsələr də, ödəyəcəyini deyirdi. Son xəbərdarlıqdan sonra yenə də ödəniş olunmadı. Məhkəməyə müraciət edəcəklərini bildirsələr də, heç bir nəticə olmadı. Bu məsələ ilə bağlı cavabdeh aylıq 250 manat ödənişi nəzərə alaraq may 2021 üçün 30 manat iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr 2021-ci il üçün 1750 manat, 2023-cü ilin mart ayı üçün 250 manat, aprel, may, iyun ayları üçün 450 manat, əlavə olaraq məhkəməyə dövlət rüsumu üçün 46 manat ödəniş etməlidir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1519/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2.480 (iki min dörd yüz səksən) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 44 (qırx dörd) manat, 80 (səksən) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqaviləsi imzalanmış, iddiaçı tərəfindən cavabdehə maliyyə xidmətləri göstərilmişdir. Ödəniş qəbzlərindən görünür ki, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələr üzrə müəyyən ödənişlər etmişdir. Qeyd edilmiş hal isə o nəticəyə gəlmək üçün əsas verir ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlər həm təslim-təslim aktları həm də, elektron qaimələr üzərindən həyata keçirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, həm təslim-təslim aktları, həm də, elektron qaimələrdə göstərilmiş işlər iddiaçı tərəfindən icra edilmiş və ona görə də, cavabdehin göstərilmiş olan xidmətlərə görə xidmət haqqını ödəmək öhdəliyi yaranmışdır. Təhvil-təslim aktları və elektron qaimədə qeyd edilmiş məbləğlərin sadə riyazi hesablama ilə cəmi 6.200 manat təşkil edir. Həminin iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiçıya 3.500 manat məbləğində pul ödənilmişdir. Bundan başqa məhkəmə iclasında iddiaçı tərəf 220 manat məbləğində pulun da, nağd qaydada ödənildiyini bildirmişdir. Cavabdeh tərəfindən cəmi 3.720 manat məbləğində pul ödənilmiş və 2.480 manat məbləğində borcu qalmışdır. Ona görə də, məhkəmə hesab etmişdir ki, göstərilmiş olan xidmətlərə görə 2.480 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 390.1, 390.4, 462.1, 467, 777.1, 783.2-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-1519/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İddiaçı MMC-nin birinci instansiya məhkəməsində sübut olaraq göstərdiyi xx.xx.2021-ci il tarixli Müqavilə mənim xəbərim olmadan bağlanmışdır. Müqavilə mənim tərəfimdən imzalanmamış, möhür ilə təsdiqlənməmişdir. Qeyd olunan müqavilədən xəbərim olmamışdır. Bunun nəticəsi olaraq bildirirəm ki, bu Müqavilə etibarsız sayılmalıdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçının qanuni nümayəndəsi və nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

12. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh MMC tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il arixli, e-2-2(113)-1519/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. İşin hallarından görünür ki, İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında 05 yanvar 2021-ci il tarixdə maliyyə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi maliyyə xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada maliyyə xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan e-qaimələr və təhviltəslim aktlarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya 3.500 manat məbləğində pul ödənilmiş, 2.480 manat məbləğində borc qalmışdır. Həmin borcun iddiaçıya ödənilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir.

18. Apellyasiya şikayətinin yeganə dəlili kimi cavabdeh müqavilənin onun tərəfindən imzalanmamasını və hüquqi şəxsi möhürü ilə təsdiq edilməməsini qeyd etsə də iş materiallarına əlavə edilmiş müqavilədə hər iki tərəfin imza və möhürünün əks olunduğu qeyd edilir. Bundan əlavə, iş materiallarında çoxsaylı təhvil-təslim aktları mövcuddur ki, həmin aktlarda da cavabdehin imzası və möhürü aydın şəkildə əks olunub. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllə 324.5).

19. Ona görə də apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir.

20. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il arixli, e-2-2(113)-1519/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar