Məhkəmə qərarları › İş №2-2(103)-1043/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1043/2024

17.10.2024 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1043/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə İddiaçı MMC-nin Cavabdeh qarşı “məhsulun satışına qadağan edilməsi və digər” tələbinə dair komersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4569/2024 saylı qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “məhsulun satışına qadağan edilməsi və digər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4569/2024 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, həmin qərardaddan İddiaçı MMC nümayəndəsinin (vəkilinin) verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəmsi qərardadı qəbul edərkən Mülki Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, ərizəçi hesab edir ki, həmin maddələrə görə iddiaçı onun iştirakı olmadan işə baxılmasını xahiş etməmişsə ərizə baxılmamış saxlanılır. Eyni zamanda məhkəmə nəzərə almamıdır ki, Mülki Prosessual Məcəlləyə görə iddiaçının məhkəmə iclaslarında iştirakı məcburi deyil. Digər tərəfdən birinci instansiya məhkəməsi daha əvvəl özü bundan əvvəlki ərizənin baxılmamış saxlanılması barədə qərardadını ləğv etmiş, bunu iddiaçının nümayəndəsinin işə iddiaçı və onun iştirakı olmadan baxılmasını xahiş etməsini əks etdirən ərizənin mövcud olması ilə əsaslandırmışdır. Bundan başqa, iddia ərizəsini qanunvericiliyin tələblərinə uyğun olaraq elektron məhkəmə sisteminə daxil edilmiş, iddia ərizəsi məhkəmə tərəfindən mümkün hesab edilərək icraata qəbul edilib. İddiaçı iddia ərizəsini məhkəməyə MPM-in 155-ci maddəsinin tələblərinə görə məhkəməyə göndərir və sonra işə onun iştirakı olmadan baxılmasını və yekun məhkəmə aktının qəbul edilməsini xahiş edir. Bu prosessual hərəkəti yerinə yetirməklə iddiaçı məhkəmədən məhz təqdim etdiyi sübutlar çərçivəsində və onun iştirak olmadan işə baxılması ilə bağlı iradə ifadəsi bildirərək, razılıq verir. Hazırkı mübahisə üzrə də iddiaçı xx.xx.2024-cü il tarixində iştirakı olmadan işə baxılmasını və yeun aktın qəbul edilməsini xahiş etmişdi. Belə olduğu təqdirdə məhkəmənin eyni əsasla ləğv etdiyi qərardadı, eyni əsasla yenidən qəbul etməsi əsassızdır. İş materiallarını və şikayətin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən qərardad ləğv edilməlidir. Məhkəmə qərardadda qeyd etmişdir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “məhsulun satışına qadağan edilməsi və digər” tələbinə dair iş üzrə icraat təzələnmiş və kommersiya mübahisəsinə dair iş üzrə məhkəmə hazırlıq iclası 25 sentyabr 2024-cü il tarixə saat 10:15-ə təyin edilmişdir. Həmin iclasda iddiaçı və nümayəndəsi tərəfindən onların iştirakı olmadan baxılması barədə heç bir ərizə məhkəməyə daxil olmamışdır. Məhkəmə iddiaçının 25 sentyabr 2024-cü il tarixə saat 10:15-ə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada (bildiriş həm iddiaçının özünün, həm nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir) məlumatlandırıldıqları və təkrarən gəlməmələrinin üzrlü səbəbi barədə Məhkəməyə məlumat verməmələri nəzərə alınaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-45692024 saylı qərardadının ləğv edilməsi barədə iddiaçının nümayəndəsi/vəkili tərəfindən verilmiş ərizənin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olmadığını hesab etmişdir. İşdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-4569/2024 saylı qərardadı ilə şikayət təmin edilmiş, iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmişdir. İddiaçı MMC-nin Cavabdeh qarşı “məhsulun satışına qadağan edilməsi və digər” tələbinə dair iş üzrə icraat təzələnmiş və kommersiya mübahisəsinə dair iş üzrə məhkəmə hazırlıq iclası 25 sentyabr 2024-cü il tarixə saat 10:15-ə təyin edilmişdir. Həmin tarixdə məhkəmə iddia ərizəsini baxılmamış saxlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmənin çağırışına gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 №-li Qərarının 5-ci bəndində “ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək “məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmin Qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsində nəzərdə tutulan vəsatət Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanmasına dair qərardadın ləğvi barədə tərəfin xahişidir. Odur ki, həmin vəsatət qərardadı mübahisələndirən şikayət sayılmır. Ərizənin baxılmamış saxlanılması haqqında (o cümlədən Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7- ci maddələrində nəzərdə tutulmuş əsaslarla çıxarılmış) qərardadın qanuni və əsaslı olması yalnız şikayət verilməklə mübahisələndirilə bilər. Şikayətə Azərbaycan Respublikası MPMin 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Göründüyü kimi prosessual qanunvericilik baxılmamış saxlanılmanın əsası kimi iddiaçının məhkəmənin birinci çağırışına gəlməməsini təsbit etmişdir. İddiaçı birinci çağırışa reaksiya vermişdir. Belə ki, o, elektron kabinetə iştirakı olmadan işə baxılması barədə ərizə təqdim etmişdir. Lakin məhkəmə buna baxmayaraq əsassız olaraq iddianı baxılmamış saxlamış, iddiaçının şikayəti əsasında həmin qərardadı ləğv etmiş, sonradan ziddiyyətli mövqe nümayiş etdirərək təkrarən iddianı baxılmamış saxlamışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının təqdim etdiyi ərizəyə hüquqi qiymət verilməmiş və bu məsələ açıq qalmışdır. Çünki ilk baxılmamış saxlama qərardadı ləğv edilmişdir. İddiaçının təkrar ərizə təqdim etməsinə heç bir zərurət yox idi. Ona görə ki, iddiaçının ilk ərizəsinə məhkəmə münasibət bildirməmiş və əsassız olaraq iddianı baxılmamış saxlamışdır. Əgər məhkəmə 25 sentyabr 2024-cü il tarixli iclasda həmin ərizəyə münasibət bildirsəydi, iddianın baxılmamış saxlanılması barədə nəticəyə gəlinməzdi. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4569/2024 saylı qərardadı ləğv edilsin və iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə (hazırlıq mərhələsinə) göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar