Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1053/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 4912/2022 nömrəli qərardadından (hakim Emin Əliyev) Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin borclu olduğu 2193,60 manat məbləğində borcun, gecikdirilmiş 58 günə görə 127,20 manat cərimənin, yüksək keyfiyyətli hüquqi yardımın alınması ilə bağlı vəkilə ödədiyim 600 manat məbləğində pulun, mediasiya sessiyasının keçirilməsi üçün tərəfimdən ödənilmiş 60 manatın, eləcə də məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyimiz 50 manat məbləğində pulun, ümumilikdə 3030,80 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi мукэкэл İddiaçı 1960 manat ödənilmiş avans, 506,30 manat cərimə, 2030 manat əldən çıxmış fayda, 300 manat hüquqi yardıma görə xərc, cəmi 4796,30 manat və ödənilmiş dövlət rüsumu 67,97 manat, ümumilikdə 4864,27 manatın tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4912/2022 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4912/2022 nömrəli qərardadının ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, bu məsələ ilə bağlı iddiaçı tərəfindən cavabdehə 08 iyun 2022 il tarixində pretenziya göndərilmişdir. Həmin pretenziyaya cavab olaraq Cavabdeh bildirilmişdir ki , irəli sürülmüş tələblərlə razı deyil və öz növbəsində çəkilmiş xərclərin və itkilərin geri qaytarılması üçün qanuni tədbirlər görüləcək. Yəni qarşı tərəf atrıq cavabdeh tərəfdən atılmalı olan addımlar haqqında məlumatlı idi. Mediasiya sessiyası zamanı ilkin iddiaçı tərəfindən Cavabdeh qarşı tərəflərin imzaladığı xx.xx.2021-ci il tarixli müqaviləyə istinad edilmişdir və qarşılıqlı iddia ərizəsinin əsasını da həmin müqavilə təşkil edir. Bununla yanaşı nəzərə alınmamışdır ki , mediatorun arayışında qeyd olunduğu kimi həmin müqavilənin 6.3-cü maddəsinə istinad olunmuş və qarşılıqlı iddiada cərimə tələbi həmin müqavilənin həmin bəndi ilə əsaslanır. Yəni tərəflərin mübahisəsi eyni müqavilədən yaranan münasibətlərən irəli gəlir. Azərbaycan Respublikası MPM-nin 156-cı maddəsində qeyd olunan bütün şərtlər mövcüddur: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlib, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırır, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardır və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnər. Qarşılıqlı iddianın verilməsi yalnız iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün müddətlə şərtləndirilmişdir (A.R. MPM-nin 154.1). Bununla yanaşı Azərbaycan Respublikası MPM-nin 154.1 və 156-cı maddələrində qarşılıqlı iddianın verilməsi üçün pretenziyanın, iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin qarşı tərəfə göndərilməsi və mediasiyadan keçməsi nəzərdə tutulmayıb. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4912/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4912/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.4, 152.1.6 və 152.1.6-1-ci maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd, bununla yanaşı tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Məhkəmə qeyd edilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri iddiaçıya Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırmadığından və həmin tələblə bağlı tərəflər mediasiya prosesində iştirak etmədiyindən qarşılıqlı iddia qaytarılmalıdır. Şikayət ərizəsində qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.2-ci maddəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin Məcəllənin 4.3 ‒ 4.6-cı maddələrində (4.6-cı maddə ilkin mediasiya sessiyasında iştirakla bağlı tələb) müəyyən edilmiş qaydalara əməl olunması vəzifəsi istisna olunduğu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsində bu istisna nəzərdə tutulmadığından məhkəmənin qərardadı prosessual normaların tələblərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-4912/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4912/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1053/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1053/2022
19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver