Məhkəmə qərarları › İş №2-2(103)-1053/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1053/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1053/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, e-2-2(113)-1457/2024 saylı qərardadından ilkin Cavabdeh2 QSC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(113)-1457/2024 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, “İddiaçı SA” şirkəti ilə Cavabdeh3 MMC arasında bağlanan 12 yanvar 2024-cü il tarixli, BNFFC-STİ001.12012024 saylı “Tələbin güzəşt olunmasına dair” müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlak kompleksinin ərazisində, sexin axrasındakı ərazidə olan Cavabdeh3nə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozunun (okalina) Cavabdeh3 tərəfindən və onun öz vəsaiti hesabına çıxarılması qət edilmişdir. Qeyd edilən qətnamədən “İddiaçı SA” şirkəti tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Kommersiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, e-2-2(113) 1457/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e2-2(113)- 1457/2024 saylı qətnaməsindən “İddiaçı SA” şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qeyd edilən qətnamədən Cavabdeh3 MMC tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Kommersiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli e-2-2(113)-1457/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(113)- 1457/2024 saylı qətnaməsindən Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qeyd edilən qətnamədən “İddiaçı SA” şirkətinin nümayəndəsi və vəkili Vəkil1 “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş, şikayətə həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, e-2-2(113)-1457/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2-2(113)- 139/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə “İddiaçı SA” şirkəti və Cavabdeh3 MMC tərəfindən verilmiş ərizələrin təmin edilməsi və buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi, “İddiaçı SA” şirkəti və Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan ilkin Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən şikayət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2-2(113)- 1457/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(113)-1457/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə ilkin İddiaçı SA” şirkətinin nümayəndəsi və vəkilinin, eyni zamanda ilkin Cavabdeh3 MMC-nin elektron kabinetlərinə yerləşdirilməklə sonunculara rəsmi qaydada təqdim edilmişdir. Həmin qətnamədən ilkin iddiaçı “İddiaçı SA” şirkəti tərəfindən xx.xx.2024-cü il tarixdə və ilkin Cavabdeh3 MMC tərəfindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətləri verilmiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin apellyasiya şikayətlərinə baxılması qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu ödənilməməsi əsası ilə qeyri-mümkün hesab edilmişdir. Bundan sonra birinci instansiya məhkəməsinin qərardadları ilə həmin şikayətlər eyni əsasla geri qaytarılmışdır. İlkin iddiaçı “İddiaçı SA” şirkəti və ilkin Cavabdeh3 MMC dövlət rüsumunu qanunla müəyyən edilmiş miqdarda ödəməklə apellyasiya şikayətlərini yenidən birinci instansiya məhkəməsinə təqdim etmiş, lakin bu dəfə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.8-ci maddəsində isə göstərilmişdir ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1.-ci maddəsinə görə aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə olan halda məhkəmə iddiaçı qətnamədən apellyasiya şikayətini birinci dəfə prosessual müddətə riayət etməklə verdiyini, eləcə də apellyasiya şikayətlərinin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qərardadını və həmin şikayətin geri qaytarılması barədə Bakı Kommersiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli qərardadlarını aldıqdan sonra qərardadlarda göstərilmiş nöqsanları aradan qaldırmaqla apellyasiya şikayətlərini qısa müddət ərzində təkrarən təqdim etdiklərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti verilmə müddəti ilkin iddiaçı “İddiaçı SA” şirkəti və ilkin Cavabdeh3 MMC tərəfindən üzürlü səbəbdən buraxılmışdır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq müddətin bərpası barədə ərizələrin təmin edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İlkin Cavabdeh2 QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, e-2-2(113)-1457/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar