Məhkəmə qərarları › İş №2-2(103)-1054/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1054/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1054/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3, Cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh1 QSC-nin nümayəndəsi və vəkili Nümayəndə1 və üçüncü şəxs LPO QSC "xxxx" KB-nin nümayəndəsi X5 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5427/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO QSC "xxxx" KB tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində LPO QSC "xxxx" KB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan QSC "xxxx" KB-nin xx.xx.2014-cü il tarixli, KBU14- 1592 nömrəli kredit müqaviləsi üzrə 9.250.000,00 manat əsas, 231.780,88 manat faiz borcu olmaqla, ümumilikdə 9.481.780,88 manat və xx.xx.2014-cü il tarixli, KBO14-1618 nömrəli kredit müqaviləsi üzrə 5.194.444,45 manat əsas, 63.395,64 manat faiz borcu olmaqla, ümumilikdə 5.257.840,09 manat olmaqla, cəmi 14.739.620,97 manat kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh2 ASC-yə məxsus ünvan 1 ünvanında 1,43973 ha torpaq sahəsində yerləşən 14987,2 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə və Cavabdeh1 QSC-yə məxsus "xxxx" ASC-nin nominal dəyəri 24 manat olan 843.113 ədəd sənədsiz adlı səhmə yönəldilməsinə; ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə açıq hərracdan satılması, o cümlədən səhmlərin açıq hərracdan satışından əldə olunmuş pul vəsaitləri hesabına QSC "xxxx" KB-nin qeyd olunan kredit müqavilələri üzrə iddiaçı qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdeh əmlak kompleksini boşaltmadıqda, məcburi qaydada tam boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5427/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki kommersiya mübahisəsi, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 QSC-yə qarşı kredit müqavilələri üzrə borcun tutulması, tutmanın girov və ipoteka predmetlərinə yönəldilməsi barədə iddia ərizələrinə dair Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 916/2023 və e-2-2(113)-1009/2023 saylı, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(103)-89/2023 saylı kommersiya işləri üzrə mübahisələr həll edilənə kimi dayandırılmışdır. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO QSC "xxxx" KB ayrı-ayrılıqda şikayətlərlə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 və üçüncü şəxs LPO QSC "xxxx" KB-nin nümayəndəsi X8 şikayəti müdafiə etdilər, Cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili X2 və Cavabdeh1 QSC-nin nümayəndəsi və vəkili Nümayəndə1 isə şikayətə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki işin halları ondan ibarətdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə QSC "xxxx" KB arasında xx.xx.2014-cü il tarixli KBU141592 saylı və xx.xx.2014cü il tarixli KBU14-1618 saylı kredit müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən QSC "xxxx" KB-ya müvafiq olaraq 17.000.000 və 11.000.000 manat məbləğlərində kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı olaraq Cavabdeh1 QSC-yə məxsus "xxxx" ASC-nin nominal dəyəri 24 manat olan 843.113 ədəd sənədsiz adlı səhmləri girovla yüklü edilmişdir. Bundan sonra, QSC "xxxx" KB ilə Cavabdeh1 QSC arasında xx.xx.2014-cü il tarixli 1xx/xx/1592/14 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən QSC "xxxx" KB tərəfindən Cavabdeh1 QSC-yə 12.800.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 QSC-yə məxsus "xxxx" ASC-nin nominal dəyəri 24 manat olan 843.113 ədəd sənədsiz adlı səhmləri sonrakı girovla yüklü edilmişdir. Həmçinin, QSC "xxxx" KB ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən QSC "xxxx" KB tərəfindən "xxxx" MMC-yə 4.200.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 QSC-yə məxsus "xxxx" ASC-nin nominal dəyəri 24 manat olan 843.113 ədəd sənədsiz adlı səhmləri sonrakı girovla yüklü edilmişdir. Bundan əlavə, QSC "xxxx" KB ilə Cavabdeh1 QSC arasında xx.xx.2014-cü il tarixli 1xx/xx/3365/14 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 11.000.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 QSC-yə məxsus "xxxx" ASC-nin nominal dəyəri 24 manat olan 843.113 ədəd sənədsiz adlı səhmləri sonrakı girovla yüklü edilmişdir. Eyni zamanda, iş materiallarından müəyyən olunur ki, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nın Cavabdeh1 QSC-yə qarşı kredit müqavilələri üzrə borcun tutulması, tutmanın girov və ipoteka predmetlərinə yönəldilməsi barədə iddia ərizələri üzrə Bakı Kommersiya Məhkəməsinin icraatında e-2-2(113)-916/2023 və e-2-2(113)-1009/2023 saylı, Bakı Apellyasiya Məhkəməsinin icraatında isə 2-2(103)-89/2023 saylı işlər vardır. Hazırda Cavabdeh1 QSC bildirir ki, qeyd olunan kredit müqavilələri üzrə kredit borclarını könüllü ödəmək niyyətindədir və bunun müqabilində Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə girov qoyulmuş səhmlərinin girovdan azad edilməsi ilə bağlı gözləntisi var. Hazırda həmin kredit müqavilələri üzrə ödənilməli olan kredit borclarının məbləğləri ilə bağlı tərəflər arasında mübahisə var və həmin mübahisəyə məhkəmə qaydasında baxılır. Ona görə də, həmin mübahisələrə baxılana kimi hazırki işin icraatı dayandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 QSC-nin vəsatəti əsaslıdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 71, 81 və 82-ci maddələrinə dair xx.xx.2022-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi baxımından fiziki və ya hüquqi şəxslər tərəfindən ləğv prosesində olan kommersiya bankına kredit borcu ləğvedici Əmanətlərin Sığortalanması Fonduna ödənildiyi təqdirdə, həmin şəxslərin əmlakı üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının ipoteka hüququna xitam verilməsi və əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı gözləntiləri əsaslı hesab edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarında əks olunan hüquqi mövqeyə əsasən ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən verilmiş yuxarıda sadalanan 3 kredit müqaviləsi üzrə ödənilməli məbləğlər məhkəmə qərarları ilə müəyyənləşdirildikdən sonra Cavabdeh1 QSC tərəfindən borc ödənildiyi halda, sonuncunun səhmlərinə mülkiyyət hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı gözləntiləri əsaslı hesab edilməlidir. Məhkəmə iclasında QSC "xxxx" KB-nın nümayəndəsi də bildirdi ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı qəbul edildikdən sonra faktiki halları oxşar olan mübahisə bu qaydada həll olunmuş, yəni borcalan tərəfindən QSC "xxxx" KByə olan kredit borcu ödənilmiş, bunun müqabilində sonuncunun Mərkəzi Banka olan borcu ödənilmiş və girov əmlak yüklülükdən azad olunmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, ləğv prosesində olan QSC "xxxx" KB-nın yuxarıda göstərilən iddialarına baxılıb məsələ həll edilməyincə Mərkəzi Bankın iddiasına hazırda məhkəmə tərəfindən baxılması və müvafiq qərar qəbul edilməsi "X12" QSC-nin öz səhmlərinə mülkiyyət hüququn aradan qaldırılmasına dair gözlənti hüququnu pozulması ilə nəticələnə bilər. Ona görə də, hazırki iş üzrə icraat, ləğv prosesində olan "xxxx" ASC-nin yuxarıda göstərilən iddialarına mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətlər isə əsaslı deyil və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayətlər təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO QSC "xxxx" KB tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5427/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar