Məhkəmə qərarları › İş №2-2(103)-1056/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1056/2025

24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1056/2025 24.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: diller müqaviləsi, alqı-satqı, sübutların mümkünlüyü) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə Nəriman qızı Mahmudova və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-1291/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 13645 saylı diler müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə özünə məxsus olan malları təklif edir, diler öz növbəsində bu malların satışını həyata keçirir. Distributor və Diler arasında münasibətlər bu Müqavilənin şərtlərinə əsasən tənzimlənəcəkdir. Bu müqaviləyə əsasən Distributor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif edir. Diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Tərəflər arasında satışın həyata keçirilməsini tənzimləyən əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi olacaq. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını distributor təqdim edəcək, həmçinin malın dilerə çatdırılmasını distributor öz hesabına həyata keçirəcək. Malların Dilerə çatdırılmasını tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə öz əksini tapacaq. 1.2-ci bəndinə əsasən diler bu Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərkən Distribütorun agenti, və ya səlahiyyətli nümayəndəsi kimi yox, məhz Malların satışı üzrə müstəqil diler kimi fəaliyyət göstərəcək və bu Müqavilədən irəli gələn öhdəliklərinə görə hər hansı üçüncü tərəflər qarşısında məsuliyyət daşıyacaq. 2.1.3-cü bəndinə əsasən müştərilərin rəy və təkliflərini öyrənmək üçün Dilerin köməyi ilə Dilerin satış ərazisində və ya digər qaydada müvafiq rəy sorğusu keçirmək Distributorun hüququdur. 2.4 Dilerin öhdəlikləri: 2.4.1-ci bəndinə əsasən distribütoru bu Müqavilə çərçivəsində özünün satış ərazisi və satışların həyata keçiriləcəyi iş şəraiti ilə tanış etmək və Distribütorun tələbi ilə bubarədə Distribütora müfəssəl məlumat vermək, malların satışının təşkili, pərakəndə qiymət müəyyən edilməsinə dair və müştərilərə göstərilən xidmətlərlə bağlı Distribütorun tövsiyyə və məsləhətlərinə əməl etmək; 2.4.5-ci bəndinə əsasən müştərilərin rəy və təkliflərini öyrənmək üçün Distribütorun həyata keçirdiyi tədbirlərə yardım göstərmək; 2.4.6-cı bəndinə əsasən distribütorla bu müqavilə çərçivəsində əməkdaşlıq, səbəbindən asılı olmayaraq dayandırıldıqda, Dilerin nağd pulla və ya nisyə alqı-satqı Müqaviləsi əsasında və ya tərəflərin razılaşdırdığı digər şərtlər əsasında aldığı və əməkdaşlığın dayandırılma gününə dəyəri ödənilməmiş malların, həmçinin əməkdaşlığın dayandırıldığı günə satılmış malların satışına dair sənədlərin (müqavilələrin və.s.) surətlərini distribütorun ilk tələbi ilə ona təqdim etmək. 2.4.7-ci bəndinə əsasən Distribütordan aldığı mala görə ödənişi mal Dilerə təhvil verildiyi gündən hesablanmaqla 7 gün ərzində həyata keçirmək.Bu bəndlə müəyyən edilmiş ödəniş şərtlərindən fərqlənən hər hansı digər ödəmə şərtləri tərəflər arasında ayrıca razılaşdırılaraq müqaviləyə əlavə olunacaq.

2. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə EBAG 143101 saylı xx.xx.2020-ci il tarixli dəyəri 81.254,85 manat olan, EBAH 760213 saylı xx.xx.2020-ci il tarixli dəyəri 27.077,70 manat olan, EBCJ 863255 saylı xx.xx.2022-ci il tarixli dəyəri 3.369,99 manat olan, EBCJ 849540 saylı xx.xx.2022-ci il tarixli dəyəri 11.508 manat olan, EBCK 294871 saylı xx.xx.2022-ci il tarixli dəyəri 22.359,99 manat olan elektron qaimələr göndərilmişdir.

3. 01.02.2022-ci il tarixli borcun 46.639,84 manat qalmasına dair üzləşmə aktı adlı sənəd, xx.xx.2022-ci il tarixli borcun 37.389,84 manat qalmasına dair üzləşmə aktı adlı sənəd, xx.xx.2022-ci il tarixli borcun 36.530,84 manat qalmasına dair üzləşmə aktı adlı sənəd, xx.xx.2022-ci il tarixli borcun 39.135,84 manat qalmasına dair üzləşmə aktı adlı sənəd, xx.xx.2022-ci il tarixli borcun 51.558,56 manat qalmasına dair üzləşmə aktı adlı sənəd, xx.xx.2022-ci il tarixli borcun 46.589,61 manat qalmasına dair üzləşmə aktı adlı sənəd, xx.xx.2022-ci il tarixli borcun 47.998,57 manat qalmasına dair üzləşmə aktı adlı sənəd, xx.xx.2022-ci il tarixli borcun 38.814,59 manat qalmasına dair üzləşmə aktı adlı sənəd, xx.xx.2023-cü il tarixli borcun 59.648,60 manat qalmasına dair üzləşmə aktı adlı sənəd, xx.xx.2023-cü il tarixli borcun 32.634,95 manat qalmasına dair üzləşmə aktı adlı sənəd, xx.xx.2024-cü il tarixli borcun 33.334,98 manat qalmasına dair üzləşmə aktı adlı sənəd işə əlavə edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

4. İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC–dən 18737,21 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 390 manat məbləğində pul vəsaitinin, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 191 manat məhkəməyə ödənilən dövlət rüsumu olmaqla, cəmi 19618,21 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında, distribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən №12645 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, diler tərəfindən rəflərin müqaviləyə və distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin, Dilerin Distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 aprel 2024-cü il tarixdə tərəflər arasında imzalanmış sonuncu üzləşdirmə aktının məzmunundan görünür ki, 31 mart 2024-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı QSC-ə borcu 33.334,98 manat təşkil edir. Həmçinin aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. Borclunun borcunu geri qaytarmaq vəzifəsi ilk yazılı tələbin göndərildiyi andan başlanır, belə ki, kreditor olaraq İnteqral QSC tərəfindən xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-yə elektron şəkildə ilk yazılı pretenziya göndərilmişdir. Cavabdehə pretenziya ünvanlanan zaman, xx.xx.2024-cü il tarixinə qalıq orc məbləği 33094,98 manat təşkil edib. Pretenziyadan sonra cavabdeh tərəfindən borcdan ümumilikdə 14357,77 manat məbləğində pul ödənilmiş, geri qalan 18737,21 manat bu günə kimi ödənilməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1291/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, hazırda iddiaçı cavabdehin qeyd olunan müqavilə üzrə xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən 18.737,21 manat məbləğində borcunun qaldığını bildirərək, cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, üzləşmə aktında cavabdehin imza və möhürünün olmadığını, üzləşmə aktında imza edən Əliyev Rəşad və Ruslan adlı şəxsin cavabdeh hüquqi şəxsin adından imza etmək səlahiyyətinin olmadığını, üzləşmə aktında da, borcla razı olmamağa dair qeydlər olduğunu, borcun nədən yarandığının məlum olmadığını, cavabdehin iddiaçıdan 2024-cü ildə mal almadığını və borcu qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd etmişdir ki, bağlanmış müqavilənin məzmununa nəzər yetirildikdə aydın olur ki, tərəflər arasında alqı-satqı münasibətləri yaranmışdır. Ona görə də, ilk növbədə alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsinin sübutütmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf, göndərilmiş elektron qaimələrin ancaq bunlardan ibarət olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə göndərilmiş olan son elektron qaimə xx.xx.2022-ci il tarixli dəyəri 22.359,99 manat olan elektron qaimədir. Qeyd edilmiş üzləşmə aktı adlı sənədin yalnız birində yəni, xx.xx.2022-ci il tarixli borcun 46.589,61 manat qalmasına dair aktda cavabdeh tərəfin möhürü əks olunmuşdur.Həmçinin bu üzləşmə aktını cavabdeh tərəfdən Əliyev Rəşad adlı şəxs imza etmiş və “aradakı yaranmış fərqin səbəbinin aradırılmasını tələb edirəm” qeydi edilmişdir. Həmçinin, qeyd edilmiş digər üzləşmə aktı adlı sənədlərin heç birinci cavabdehin möhürü mövcud deyil və “borcla razı deyiləm”, “sverka ilə razı deyiləm”, “bu məbləğlə razı deyiləm” qeydləri aparılmışdır. Məhkəmə qeyd etmişdir ki, yuxarıda da, qeyd edildiyi kimi, iddiaçı tərəfindən cavabdehə göndərilmiş olan elektron qaimə xx.xx.2022-ci il tarixli dəyəri 22.359,99 manat olan elektron qaimədir. xx.xx.2023-cü il tarixli borcun 59.648,60 manat qalmasına dair üzləşmə aktı adlı sənədə nəzər yetirildikdə də, görünür ki, iddiaçı tərəfin özü 2022-ci ilin dekabr ayında cavabdeh tərəfindən ödənişin 50.859,99 manat olmasını qeyd etmişdir. Yəni məhkəmə bu xüsusda qeyd etmişdir ki, qeyd edilmiş elektron qaimədə əks olunmuş malların dəyəri ödənilmişdir. Bundan başqa iddiaçı tərəf xx.xx.2023-cü il tarixli 3.300 manat dəyərində malların verilməsinə dair təhvil-qəbul aktını və eyni tarixli 3.346 manat dəyərində malların verlməsinə dair təhvil-qəbul aktını işə əlavə etmişdir. Qeyd edilmiş aktlar M.Ruslan adlı şəxs tərəfindən imzalanmışdır. Bununla bağlı da, Məhkəmə qeyd etmişdir ki, 2023-cü ilin noyabr ayında 6.646 (3.300+3.346) manat dəyərində mallar verilmiş olsa da, xx.xx.2024cü il tarixli borcun 33.334,98 manat qalmasına dair üzləşmə aktı adlı sənədə nəzər yetirildikdə görünür ki, iddiaçı tərəfin özü 2023-cü ilin dekabr ayında cavabdeh tərəfindən 20.000 manat ödəniş edilməsini qeyd etmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.2, 390.3, 390.4, 567, 600.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın əsaslı olması səbəbindən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ədalətli qərar qəbul edilməyərək, obyektiv qiymətləndirmə olmamışdır. Bu da öz növbəsində AR Konstitusiyasının 60-cı maddəsindən irəli gələn hüququn pozulması ilə nəticələnmişdir. İddiaçı tərəfindən cavabdehə iyul ayında göndərilmiş pretenziyada borcun məbləği 33.094,98 manat olaraq göstərilmişdir. Cavabdeh bu tarixdən sonra qismən ödənişlər etmiş, nəticədə məhkəməyə ünvanlanan iddia ərizəsində əsas tələb 18.737,21 manat kimi müəyyən olunmuşdur. Lakin Bakı Kommersiya Məhkəməsi qətnaməsində cavabdehin borcu qalmadığı qənaətinə gəlmişdir. Halbuki cavabdeh tərəfindən edilən ödənişlərin faktı özü borcun mövcudluğunu və onun mərhələli şəkildə ödənildiyini təsdiqləyir. Əgər borc olmamışdırsa, cavabdeh nəyə əsasən ödəniş etmişdir? Ödənişlərin edilməsi məntiqi baxımdan mümkün deyildir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin Məhkəmə sübutları tam və obyektiv qiymətləndirməmişdir. Sahara Electronics xx.xx.2023-cü il tarixli 3.300 manat və 3.346 manatlıq təhvil-təslim aktları mövcuddur. Bu aktlar cavabdeh MMC-nin adından işçiləri tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən təqdim olunmuş bir neçə üzləşmə və təhvil-təslim aktlarında adları qeyd edilən şəxslərin cavabdeh Sahara Electronics MMC-nin işçisi olması X3 Xidmətinə göndərilmiş rəsmi sorğu əsasında təsdiq edilmişdir. Bu fakt məhkəmə iclası zamanı da müəyyən edilmişdir. Sözügedən şəxslərdən X1 və X2 şahid qismində işə cəlb edilərək ifadələrinin alınması ilə əlaqədar Bakı Kommersiya məhkəməsinə xx.xx.2025-ci il tarixində iddiaçı İnteqral QSC tərəfindən vəsatət ünvanlanmışdır. Bu şəxslərin ifadələri malların faktiki olaraq cavabdeh tərəfindən qəbul olunmasını təsdiqləməli idi. Lakin təqdim edilmiş vəsatət Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli İş № e-2-2(113)-1291/2025 saylı qərardadı ilə təmin edilməmişdir. Bu isə Mülki Prosessual Məcəllənin 88 və 217-ci maddələrinə zidd olaraq ədalətli məhkəmə araşdırması hüququnu pozur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə verdiyi izahatda bildirmişdir ki, cavabdeh bütün aktlara razı olmaması barədə qeydlər əlavə etdikdən sonra ödəniş edirmiş. xx.xx.2023-cü il tarixli akt həmin vaxt cavabdehin direktoru olan Rəşad adlı şəxs tərəfindən imzalanmışdır. Aktları imzalayan şəxslər cavabdeh şirkətin nümayəndələri olmuşlar. Ümumiyyətlə, birinci instansiya məhkəməsi təqdim edilən bütün aktları nəzərə almamışdır.

13. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq: Mülki Məcəllənin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

14. Mülki Prosessual Məcəllənin: -77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilmiş, qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. İşin halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli diler müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan mütəmadi olaraq mal almağı və həmin malların iddiaçının nəzarəti ilə öz adından satışını təşkil etməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı həmin müqavilə üzrə təqdim edilmiş mallara görə cavabdehin borcunun xx.xx.2024-cü il tarixinə 33334,98 manat təşkil etdiyini, pretenziya təqdim edildikdən sonra cavabdeh tərəfindən həmin borcdan 14357,77 manat ödənildiyini, borcun 18737,21 manat hissəsinin isə hələ də ödənilmədiyini bildirir və həmin borcun tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, üzləşmə aktında cavabdehin imza və möhürünün olmadığını, üzləşmə aktlarında imza edən Əliyev Rəşad və Ruslan adlı şəxslərin cavabdehin adından imza etmək səlahiyyətinin olmadığını, eləcə də həmin aktlarda borcla razı olmamağa dair qeydlər olduğunu bildirərək, iddiaya etiraz eidr. Kollegiya ilk növbədə mübahisəli müqavilənin hüquqi təbiəti ilə bağlı qeyd edilir ki, mübahisəli müqavilənin bəzi şərtləri konsessiya müqaviləsini (vaxtaşırı mal almaq, öz adından tapşıranın nəzarəti altında satmaq və s) xatırlatsa da, konsessiya müqaviləsinin əsas xarakterik şərtləri, yəni təqdim ediləcək mallarla yanaşı həmin mallarla bağlı müstəsna hüquq kompeksinin, o cümlədən əmtəə nişanından və digər fərdiləşdirmə vasitələrindən istifadə etmək hüququnun verilməsini nəzərdə tutan, eləcə də müqavilə üzrə təqdim ediləcək malların fərqləndirici xüsusiyyətlərini (təqdim ediləcək malların növu, hansı markaya/markalara aid olması, və s.), müqavilə ərazisi hüdudlarını və müştərilərin dairəsini müəyyən edən şərtlər müqavilədə yer almamışdır. Odur ki, məhkəmə kollegiyası mübahisəli müqavilənin konsessiya müqaviləsi kimi qiymətləndirmir. Belə olan halda kollegiya hesab edir ki, sözügedən müqavilə tərəflərin bir-biri ilə əməkdaşlıq etməklə həmin əməkdaşlıq çərçivəsində malların alqı-satqısının həyata keçirilməsini və həmin malların satışının təşkil edilməsini nəzərdə tutan qarışıq müqavilədir. Odur ki, hazırkı iddia tələbi həmin müqavilə çərçivəsində həyata keçirilmiş malların alqı-satqısından irəli gələn tələb olduğundan iddianın qanuni əsasını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.

1. Tələbin əsaslılığı ilə bağlı kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktlarının yalnız birində, yəni xx.xx.2022-ci il tarixli borcun 46.589,61 manat qalmasına dair aktda cavabdeh tərəfin möhürü əks olunmuşdur. Həmçinin həmin üzləşmə aktını cavabdeh tərəfdən Əliyev Rəşad adlı şəxs imza etmiş və aktda “aradakı yaranmış fərqin səbəbinin araşdırılmasını tələb edirəm” qeydi edilmişdir. Həmçinin, digər üzləşmə aktı adlı sənədlərin heç birində cavabdehin möhürü mövcud deyil və “borcla razı deyiləm”, “sverka ilə razı deyiləm”, “bu məbləğlə razı deyiləm” qeydləri aparılmışdır. Odur ki, sözügedən aktların cavabdehin borc məbləğlərinin təsdiq edilməsinə dair iradə ifadəsi kimi qiymətləndirilməsi üçün əsas yoxdur.

2. Digər tərəfdən iddiaçı tərəfindən cavabdehə göndərilmiş olan son elektron qaimə xx.xx.2022-ci il tarixli dəyəri 22.359,99 manat olan elektron qaimədir. xx.xx.2023-cü il tarixli borcun 59.648,60 manat qalmasına dair üzləşmə aktı adlı sənədə nəzər yetirildikdə də, görünür ki, iddiaçı tərəfin özü 2022-ci ilin dekabr ayında cavabdeh tərəfindən ödənişin 50.859,99 manat olmasını qeyd etmişdir. Yəni qeyd edilmiş elektron qaimədə əks olunmuş malların dəyəri ödənilmişdir. Bundan başqa iddiaçı tərəf xx.xx.2023cü il tarixli 3.300 manat dəyərində malların verilməsinə dair təhvil-qəbul aktını və eyni tarixli 3.346 manat dəyərində malların verlməsinə dair təhvil-qəbul aktını işə əlavə etmişdir. 2023-cü ilin noyabr ayında 6.646 (3.300+3.346) manat dəyərində mallar verilmiş olsa da, xx.xx.2024-cü il tarixli borcun 33.334,98 manat qalmasına dair üzləşmə aktı adlı sənəddən görünür ki, iddiaçı tərəfin özü 2023-cü ilin dekabr ayında cavabdeh tərəfindən 20.000 manat ödəniş edilməsini təsdiq etmişdir. Beləliklə, hazırkı halda iş materiallarında olan sübutlara əsasən malların alınmasına görə cavabdehin iddiaçıya borcunun olması öz təsdiqini tapmır.

3. Cavabdeh tərəfindən ödənişlərin edilməsi faktının özünün borcun mövcud olmasını və onun mərhələli şəkildə ödənilməsini təsdiqlədiyi barədə mülahizələrə münasibətdə kollegiya qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən təqdim edilmiş malların ümumi dəyərini təsdiq edən sübutlar (təhvil-təslim aktı, elektron qaimələr və s.) mövcud olmadığından cavabdeh tərəfindən müəyyən ödənişlərin edilməsi faktı cavabdehin qalıq borcunun mövcudluğu və məbləği barədə qənaətə gəlmək üçün əsas vermir.

4. Eynilə, iddiaçının cavabdehin işçilərinin şahid qismində dindirilməsi barədə verdiyi vəsatətin birinci instansiya məhkəməsi tərəfindən rədd edilməsinə münasibətdə kollegiya birinci instansiya məhkəməsi ilə razılaşır ki, hazırkı halda iş üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi baxımından şahidlərin dindirilməsinə zərurət mövcud deyildir. Belə ki, kommersiya mübahisələrində bir qayda olaraq yazılı sübutlarla təsdiq edilməli olan halların (məsələn, hazırkı kommersiya hüquqi şəxsləri arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsi faktının) müəyyən edilməsində şahid ifadələri yazılı sübutlara münasibətdə açıqlayıcı və tamamlayıcı rol oynayır, yəni şahid ifadələri özü-özlüyündə mübahisəli halı müəyyən etmək üçün yetərli hesab edilmir və yazılı sübutlarla dəstəklənməlidir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş malların ümumi dəyərini və belə olan halda borcun məbləğini müəyyən etməyə imkan verən sənədlər məhkəməyə təqdim edilməmişdir, odur ki, hazırkı halda şahid ifadələri malların təqdim edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün əhəmiyyət kəsb etmir.

5. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

6. İddia tələbinə dair hissədə qətnamə dəyişdirilmədən saxlandığından məhkəmə xərcləri hissəsində də qətnamənin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.

7. Məhkəmə kollegiyası apellyasiya icraatı ilə bağlı məhkəmə xərclərinə münasibətdə isə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

8. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət e t d i : İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1291/2025 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar