Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1058/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Ərizəçi İddiaçı MMC-nin iflas prosessinin həyata keçirilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-6900/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəçi İddiaçı müflis elan edilməsi və iflas prosesinə başlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-6900/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin iflas prosessinin həyata keçirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması xahiş edilmişdir. Qeyd olunan qərardaddan İddiaçı MMC şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6900/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməsi, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə ape lyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.. Şikayət onunla əsaslandırılmışdır ki, belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2ci hissəsinin "d" bəndinə əsasən İflas haqqında məhkəməyə verilən ərizədə (iddia ərizəsində) "bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması;" göstərilməlidir. Bildirirlər ki, iddia ərizəsindəİddiaçı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən 466.144, 58 manat məbləğində borcu yarandığı, qeyd edilən borc məbləğinin ödənilməsi ilə əlaqədar ərizəçinin hər hansı vəsaiti və ya əmlakı olmadığı üçün, sonuncu həmin borc məbləğlərini bu günədək ödəmək qabiliyyətində olmadığı, habelə İflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun təsisçiləri (səlahiyyətli orqanı) tərəfindən xx.xx.2024-cü il tarixdə qərar qəbul edildiyi göstərilmişdir. Eyni zamanda, ərizəçi borc tələbinin müəyyənləşdirilmiş məbləğini göstərən məhkəmə aktını və icra sənədini, habelə İflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarını da iddia ərizəsinə əlavə etmişdir. Hesab edirik ki, iddia ərizəsində borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi əks olunmuş və müvafiq sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Birinci instansiya məhkəməsi, ilkin sübutların təqdim edilməməsini israrla və dəfələrlə öz qərardadında göstərsə də, “Müflisləşmə və İflas haqqında” Azərbaycan RespublikasıQanununun 4-cü maddəsinin 2ci hissəsinin "d" bəndində "İlkin sübut" ifadəsinə yer verilmədiyinə, həmçinin "bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması;" müddəasında "və ya" bağlayıcısının mövcudluğuna da diqqət yetirməmişdir. Belə ki, “Və ya” — Azərbaycan dilində bağlayıcıdır və əsasən alternativ və ya seçim bildirir. Rus dilində buna uyğun “или”, “либо” sözləridir. Birinci instnasiya məhkəməsi nəzərdən qaçırmışdır ki, borclu (ərizəçi) iddia ərizəsinə məlumatlar yazarkən, həmin məlumatlardan "ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi"ni seçmiş və bu məlumatı da ərizədə göstərməklə kifayətlənmişdir. Belə halda, ərizəçidən həm də ödəmə qabiliyyətsizliyinin sübut olunmasının ərizədə göstərilməsini tələb etmək Müflisləşmə və İflas haqqında” Azərbaycan RespublikasıQanununun 4-cü maddəsinin 2-ci hissəsinin "d" bəndinə zidd hesab edilməlidir. Bundan başqa məhkəmə ərizəni geri qaytararkən, həmçinin “Müflisləşmə və İflas haqqında” Azərbaycan RespublikasıQanununun 5-ci maddəsinin "b" və "c" bəndlərinə istinad etmişdir. Məhkəməyə bildiririk ki, ərizəçi tərəfindən "borclunun kreditorları"nın siyahısı hissəsində kreditor barədə məlumatlar və onun ünvanı dəqiq göstərilmiş, debitorlar olmadığından onlar barədə hər hansı məlumat ərizədə göstərilməmişdir. Borclunun sonuncu hesabat tarixinə olan maliyyə hesabatları hissəsində, ərizəyə borclunun 2024 və 2025-ci il üzrə bütün maliyyə hesabatları(vergi bəyannamələri) ərizəyə əlavə edilmişdir. Məhkəmənin "daşınar və daşınmaz əmlaklarının, adına giymətli kağızların, bank hesablarında vəsaitlərin, digər kommersiya qurumlarında səhm və təsis paylarının olmamasına" dair ərizəçidən yetərli ilkin sübutlar tələb etməsinə gəlincə, qeyd edilməlidir ki, “Müflisləşmə və İflas haqqında” Azərbaycan RespublikasıQanununun 4 və 5- ci maddələrində qeyd edilənlər, ümumiyyətlə "ilkin sübutlar" anlayışı nəzərdə tutulmamışdır. Yəni qeyd edilənlər iddia ərizəsinin qaytarılması üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmənin qanunla müəyyən edilməyən, öz mülahizəsinə görə göstərdiyi formal əsaslarla iddia ərizəsini geri qaytrarması barədə qərardadını tamamilə qanunsuz və əsassız hesab edirlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 63-cü maddəsinə əsasən hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. MPM-in 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunun 10-1-ci maddəsinə əsasən İflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Belə ki, “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinin 2-ci hissəsinə əsasən İflas haqqında məhkəməyə verilən ərizədə (iddia ərizəsində) aşağıdakılar göstərilməlidir: a) ərizənin verildiyi məhkəmənin adı; b) borclunun adı (fərdi borclunun və ya onun nümayəndəsinin adı, atasının adı, soyadı) və ünvanı; c) bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri; ç) borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumat; d) bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması; e) borclunun ərizəsinə qoşulan sənədlərin siyahısı; ə) borclunun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, o cümlədən fərdi borcluya aid halda müəyyən aktivlərin borclunun əmlakından çıxarılmasına dair onun tələbini təsdiq edən müfəssəl məlumat, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar. “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd.
2. Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları. Lakin, iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə nəzər yetirdikdə müəyyən olunur ki, iddiaçı (borclu) yuxarıda sadalanan normaların tələblərinə riayyət etməmişdir, “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində göstərilən məlumatları iddia ərizəsində əks etdirməmiş və təsdiqedici sənədləri əlavə etməmişdir. “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən İflas haqqında məhkəməyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o cümlədən ona əlavə olunmalı sənədlərin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər. Məhkəmə qeyd edir ki, “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən, “İflas haqqında məhkəməyə verilən ərizədə (iddia ərizəsində) " bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması" göstərilməlidir” tələbi alternativ xarakter daşıdığından, ərizəçinin (borclunun) ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi barədə qərarı məhkəməyə təqdim etməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli hesab olunmalıdır. Bu halda, ərizəçinin ödəmə qabiliyyətsizliyinin sübut olunması məhkəmə icraatı zamanı həyata keçirilməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq ərizədə debitorların siyahısının göstərilməsi ilə bağlı “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin b) bəndini düzgün tətbiq etmişdir. Belə ki, qeyd edilən maddənin tələbinə əsasən İflas haqqında məhkəməyə verilən ərizədə kreditorlarla yanaşı debitorların da siyahısı göstərilməli, debitorlar olmadığı təqdirdə, onların olmaması barədə qeyd ərizədə yazılmalıdır. Həmçinin, ərizəyə əlavə olunmuş vergi bəyyənamələri maliyyə hesabat sənədləri kimi yetərli olsa da, şəxsi hesab vərəqəsinin də ərizəyə əlavə edilməsi zəruri hesab edilir. Qeyd edildiyi kimi, hazırkı ərizəyə əlavə edilmiş sənədlərlə yanaşı, debitorlar barədə məlumatların ərizədə qeyd edildiyi və ərizəçinin şəxsi hesab vərəqəsinin ərizəyə əlavə edildiyi təqdirdə iflas haqqında məhkəməyə verilən ərizənin icraata qəbul edilməsi mümkün hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiya qeyd edilən əsasları nəzərdən keçirərək və onları əsaslı sayaraq hesab edir ki, iddia ərizəsi düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-6900/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.