Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10403/2025 24.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Şirkətinin Cavabdeh LPO Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «müflis elan olunma» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müflis elan olunma) Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədov Fərid Elçin oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" Şirkətinin Cavabdeh LPO Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müflis elan olunma və barəsində əmlak inzibatçısının təyin edilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Şirkəti Cavabdeh LPO MMC-yə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin müflis elan olunması və barəsində əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29 avqust 2023-cü il tarixdə Cavabdeh MMC (əvvəlki adı: "xxxx" MMC) “Vergilər” onlayn qəzetində özünün ləğv olunduğuna dair bildiriş dərc etmişdir. Bildirişdə qeyd edilmişdir ki, Cavabdeh MMC-nin kreditorları iki ay ərzində ona qarşı tələblərini aşağıdakı ünvana təqdim edə bilər: AZ1065, ünvan 16, məh.466. 27 oktyabr 2023-cü il tarixdə iddiaçı "xxxx" şirkəti kreditor kimi qeydiyyata alınmaq üçün özünün Cavabdeh MMC-yə qarşı olan tələblərini və tələblərinin əsasında duran sənədləri kuryer vasitəsilə cavabdehin ünvanına göndərmişdir. 26 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının kreditor tələbləri aşağıdakılardan ibarət olmuşdur: (i) 13.532.442,50 ABŞ dolları; (ii) 14.010.476,46 ABŞ dolları; (iii )5.396.763,44 ABŞ dolları (2020-ci il 30 iyun tarixinədək hesablanmış faiz); (iv) 2020-ci il 1 iyul tarixindən hesablanmaqla 11.468.171,61 ABŞ dolları məbləğinin tam ödənildiyi günədək həmin məbləğə illik 8% hesablanmaqla sabit faiz; (v) 2020-ci il 1 iyul tarixindən hesablanmaqla Arbitraj Məhkəməsinin Yekun Qərarının tarixindən sonrakı 14-cü günə qədər olan müddət üçün 14.010.476,46 ABŞ dolları məbləğinə illik 4,6%-lə hesablanan sabit faiz və bundan sonrakı müddəa üçün isə 14.010.476,46 ABŞ dolları məbləğinə illik 8%-lə hesablanan sabit faiz; (vi) 10.900.000 ABŞ dolları (AECOM-un xərcləri); (vii) 541.250 ABŞ dolları (BTP-nın xərcləri). 27 oktyabr 2023-cü il tarixdə poçt kuryeri sənədləri təqdim etmək üçün ünvanda olmuş, lakin məlum olmuşdur ki, cavabdeh “Xəzri "xxxx" MMC həmin ünvanda yerləşmir. Cavabdehin özünün hərəkətlərin nəticəsində sənədlərin cavabdehə faktiki təqdim edilməsi mümkün olmamış və məktub iddiaçıya kuryer tərəfindən geri qaytarılmışdır. Belə olan təqdirdə iddiaçının səlahiyyətli nümayəndəsi tələb məktubunu və tələbi əsaslandıran sənədləri 27 oktyabr 2023-cü il tarixdə elektron məktubla Cavabdeh MMC-nin elektron vergi kabinetinə elektron qaydada göndərmişdir. Beləliklə də iddiaçı kreditor kimi tələblərinin qeydiyyata alınması ondan tələb edilən bütün hərəkətləri hələ 27 oktyabr 2023-cü il tarixdə həyata keçirmişdir. Lakin cavabdeh tərəfindən hazırki günədək həmin tələb üzrə heç bir ödəniş iddiaçıya edilməmişdir. Daha sonra, eyni tələb məbləğləri ilə bağlı Ali Məhkəmənin Kommersiya Kollegiyasının 10-2(102)-31/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı (24 yanvar 2025-ci il tarixli qərardad ilə düzəliş edilmiş) qəbul edilmiş. Həmin qərardada əsasən Cavabdeh MMC-dən iddiaçı "xxxx" Şirkətinin xeyrinə aşağıdakı məbləğlərin tutulması qət edilmişdir: a. 13.532.442,50 ABŞ dolları; b. 14.010.476,46 ABŞ dolları; c. 5.396.763,44 ABŞ dolları (2020-ci il 30 iyun tarixinədək hesablanmış faiz); d. 2020-ci il 1 iyul tarixindən hesablanmaqla 11.468.171,61 ABŞ dolları məbləğinin tam ödənildiyi günədək həmin məbləğə illik 8% hesablanmaqla sabit faiz; e. 2020-ci il 1 iyul tarixindən hesablanmaqla Arbitraj Məhkəməsinin yekun qərarının tarixindən sonrakı 14-cü günə qədər olan müddət üçün 14.010.476,46 ABŞ dolları məbləğinə illik 4,6%-lə hesablanan sabit faiz və bundan sonrakı müddəa üçün isə 14.010.476,46 ABŞ dollarıməbləğinə illik 8%-lə hesablanan sabit faiz; f. 10.900.000 ABŞ dolları (AECOM-un xərcləri); g. 541.250 ABŞ dolları (BTP-nın xərcləri). Ali Məhkəmənin qərardadının tarixindən 12 aydan çox müddəa keçməsinə baxmayaraq cavabdeh sözügedən qərardadadda qeyd edilən məbləğlərin heç birini iddiaçıya ödəməmişdir və bununla da kreditor olan iddiaçı qarşısında öz pul öhdəliyini icra etməmişdir. Ali Məhkəmənin qərardadının məcburi icra edilməsi üçün Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İsmayılov İsmayıl tərəfindən 17 aprel 2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə 17 aprel 2025-ci il tarixli bildiriş verilmişdir. Lakin, cavabdeh icra məmurunun tələblərinə məhəl qoymamış, kreditor olan iddiaçı qarşısında öz öhdəliyini icra etməməkdə davam etmişdir. Rəsmi dövlət reyestrlərindən aldıqları cavablardan bəlli olmuşdur ki, cavabdehin adına qeydiyyata alınmış heç bir əmlak mövcud deyildir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin 2024-cü ilin avqust və dekabr tarixli məktublarından görünür ki, cavabdeh bir vaxtlar onun adına olan daşınmaz əmlakları özgəninkiləşdirmişdir. Bundan əlavə, X3 İdarəsinin 1 avqust 2024-cü il tarixli məktubundan görünür ki, cavabdeh onun adına qeydiyyata alınmış nəqliyyat vasitələrini özgəninkiləşdirmiş və hazırda heç bir nəqliyyat vasitəsinə malik deyil. Nəhayət, Aqrar Xidmətlər Agentliyinin 19 iyul 2024-cü il tarixli məktubundan görünür ki, cavabdeh onun adına qeydiyyata alınmış texnikanı özgəninkiləşdirmiş və hazırda heç bir əmlaka malik deyil. O da qeyd edilməlidir ki, cavabdehin nizamnamə kapitalının məbləği – 160 manat təşkil edir. Başqa sözlə, cavabdehin iddiaçı olan kreditor qarşısında icra etmədiyi borc məbləği cavabdehin nizamnamə kapitalının məbləğinin 10 faizindən qat-qat artıqdır. İddiaçıda cavabdehin digər kreditorları barədə heç bir məlumat, o cümlədən onların adları və ünvanları barədə məlumat yoxdur. Cavabdehin kreditor olan iddiaçı qarşısında pul öhdəliyini icra etməməsi faktiki danılmazdır. Cavabdeh Ali Məhkəmənin Kommersiya Kollegiyasının 10-2(102)-31/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına (24 yanvar 2025-ci il tarixli qərardad ilə düzəliş edilmiş) əsasən iddiaçıya ödənilməli olan məbləğləri artıq 12 aydan çoxdur ki, icra etməmişdir. Həmçinin, cavabdehin icra etmədiyi pul öhdəliyinin məbləği onun nizamnamə kapitalının məbləğinin 10 faizindən artıqdır. Əlavə olaraq da, həmin pul öhdəliyini icra etmək üçün cavabdehin əmlakı belə yoxdur. Yaranmış vəziyyətdə cavabdehin məhkəmə tərəfindən müflis elan olunması hüquq əsaslar mövcuddur.
3. Cavabdeh LPO Məhdud Məsuliyyətli Cəmiyyəti elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz göndərərək göstərmişdir ki, iddiaçı öz tələblərini əsasən Ali Məhkəmənin Kommersiya Kollegiyasının qüvvəyə minmiş qərardadı ilə cavabdehdən tutulmalı olan pul öhdəliklərinin icra edilməməsi, cavabdehin ləğv prosesində olması və cavabdehin adına dövlət reyestrlərində əmlakın mövcud olmaması ilə əsaslandırır. Hazırkı mübahisədə əsas və həlledici hüquqi məsələ cavabdehin ödəmə qabiliyyətsizliyinin mövcud olub-olmamasıdır. Təqdim edilmiş materiallardan aydın olur ki, Ali Məhkəmənin qərardadı əsasında icra sənədi üzrə icraata başlanılmış, lakin icra prosesi hazırda davam edir. İcra məmuru tərəfindən borclunun əmlakının olmaması səbəbilə icranın mümkün olmaması barədə yekun qərar, icra sənədinin geri qaytarılması barədə akt və ya icranın başa çatdırılması ilə bağlı hər hansı rəsmi sənəd mövcud deyil. “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra məmuruna borclunun ödəmə qabiliyyətsizliyi barədə ayrıca hüquqi status müəyyən etmək və bu barədə xüsusi qərar qəbul etmək səlahiyyəti verilməmişdir. Həmin qanunda “ödəmə qabiliyyətsizliyin müəyyən edilməsi” anlayışı normativ şəkildə tənzimlənmir. Bu səbəbdən hüquqi praktikada ödəmə qabiliyyətsizliyin mövcudluğu adətən icra prosesinin faktiki nəticələri, yəni icra tədbirlərinin tam şəkildə həyata keçirilməsinə baxmayaraq borcun ödənilməsinin mümkün olmaması ilə əlaqələndirilir. Hazırkı halda isə icra prosesi yekunlaşmamış, borcun icra olunmasının mümkün olub-olmaması barədə rəsmi hüquqi nəticə formalaşmamışdır. Bu halda, ərizənin vaxtından əvvəl verildiyi bildirilir. Bu isə o deməkdir ki, iddiaçı məhkəmədən ödəmə qabiliyyətsizliyin mövcudluğunu faktiki olaraq prezumpsiya kimi qəbul etməyi xahiş edir. Lakin iflas institutu müstəsna xarakter daşıdığından, adi icra mexanizmləri tam tükənmədən bu prezumpsiyanın qəbul edilməsi hüquqi baxımdan əsaslandırılmış hesab edilə bilməz. Digər tərəfdən “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: 1) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; 2) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; 3) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Göründüyü kimi qanunvericiliyin qeyd edilən normalarında borclunun hansı halda ödəmə qabiliyyətinin olmaması konkret olaraq sadalanmış, borclunun digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsinin müəyyən edilməsi onun ödəmə qabiliyyətinin olmayan sayılması üçün əsas olan hallarından biri kimi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh MMC arasında borcun ödənilməsi tələbi barədə məhkəmə mübahisəsi mövcud olmuşdur. Belə ki, Ali Məhkəmənin Kommersiya Kollegiyasının 10-2(102)-31/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı (24 yanvar 2025-ci il tarixli qərardad ilə düzəliş edilmiş) qəbul edilmişdir. Həmin qərardada əsasən Cavabdeh MMC-dən iddiaçı "xxxx" şirkətinin xeyrinə pul məbləğlərinin tutulması qət edilmişdir. İddiaçı Ali Məhkəmənin həmin qərarı üzrə əmələ gələn tələbin icra edilməsi üçün ödəmə qabiliyyətinin olmadığını və onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsini bildirərək müflis elan olunmasını məhkəmədən xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsindən görünür ki, məhkəmə qərarına əsasən əmələ gələn tələb 30 (otuz) il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Göründüyü kimi mülki qanunvericilik məhkəmə qərarına əsasən əməl gələn tələbin otuz il müddətində qüvvədə olmasını nəzərdə tutur. Belə olan təqdirdə iddiaçı borcun ödənilməsi ilə bağlı öhdəliyini nəzərdə tutan 2024-cü il tarixli məhkəmə qərarının icrası müddəti bitməmişdir. Eyni zamanda işin hallarından, iddiaçının iddia ərizəsində göstərilən dəlillərdən və iş materiallarında olan sənədlərdən görünür ki, Ali Məhkəmənin qeyd olunan qərarı əsasında müvafiq icra tədbirlərinin həyata keçirilməsi davam edir. Yuxarıda sadalanan hallara əsaslanaraq hesab edirik ki, hazırkı iş üzrə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində göstərilən şərt ödənilmədiyindən, yəni cavabdehin iddiaçı qarşısında öhdəliklərinin icrası üçün müəyyən olunmuş müddət bitmədiyindən onun ödəmə qabiliyyətinin olmayan sayılması mümkün deyildir. Beləliklə, Cavabdeh MMC-nin ödəmə qabiliyyəti olmayan sayılması üçün “Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından onun müflis elan olunması ilə bağlı ərizəsi təmin oluna bilməz. Bundan başqa iddiaçı müxtəlif dövlət orqanlarından alınmış məktublara əsaslanaraq cavabdehin adına daşınmaz əmlakın, nəqliyyat vasitələrinin və texnikanın mövcud olmadığını bildirir. Lakin, bu ödəmə qabiliyyətsizliyin tam və qəti sübutu kimi çıxış etmir. Belə ki, icra məmurunun yekun qiymətləndirməsi mövcud deyil. Məhkəmə təcrübəsində isə məhz icra prosesinin formal və faktiki olaraq başa çatdırılması iflas üçün əsas şərt kimi qəbul edilir. Eyni zamanda, iddiaçı cavabdehin ləğv prosesində olmasını ödəmə qabiliyyətsizliyin göstəricisi kimi təqdim edir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61-ci maddəsinə əsasən hüquqi şəxs ləğv prosesində olduğu müddətdə hüquq subyekti kimi mövcudluğunu saxlayır və borclarını ödəmək öhdəliyindən azad edilmir. Yəni, ləğv prosesi ödəmə qabiliyyətsizliyin avtomatik sübutu hesab edilə bilməz. Əlavə olaraq qeyd etmək lazımdır ki, Ali Məhkəmənin müflisləşmə (iflas) ilə bağlı işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən (2-2(102)-71/2022, xx.xx.2022- ci il tarixli qərarı), borclunun ödəmə qabiliyyəti olmayan sayılması üçün təkcə məhkəmə qərarı üzrə borcun icra edilməməsi kifayət etmir. Ali Məhkəmənin mövqeyinə görə, “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş şərtlər yalnız borcun icrası üçün qanunvericiliklə müəyyən edilmiş müddət bitdikdə və icra mexanizmlərinin nəticəsiz qaldığı hallarda mövcud hesab edilə bilər. Bu baxımdan, icra prosesi davam etdiyi və borcun icrasının mümkün olub-olmaması barədə yekun hüquqi nəticə formalaşmadığı halda borclunun ödəmə qabiliyyəti olmayan sayılması və onun müflis elan edilməsi Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsinə uyğun hesab edilmir. Yuxarıda göstərilənlərin məcmusu nəzərə alınmaqla belə qənaətə gəlmək olar ki, təqdim edilmiş iflas iddiasının hər hansı hüquqi əsası yoxdur və bu səbəbdən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 etiraz ərizəsini müdafiə edib, etirazda göstərilən dəlilləri müdafiə edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 10-2(102)- 31/2024 saylı icra vərəqəsindən görünür ki, iddiaçı "xxxx" Exp Russia Limited Şirkətinin ərizəsi təmin edilərək, Beynalxalq Ticarət Palatasının Arbitraj Məhkəməsinin 22573/MHM/HBH nömrəli iş üzrə 2018-ci il 4 iyul tarixli X2 və 2020-ci il 26 avqust tarixli Yekun Qərarı Azərbaycan Respublikası ərazisində tanınmış və icraya yönəldilmişdir. Həmin qərarların icra tələb olunan nəticə hissəsinə əsasən: Cavabdeh MMC-dən (əvvəlki adı – "xxxx" MMC) "xxxx" Exp Russia Limited Şirkətinin xeyrinə yekun olaraq; - 13.532.442,50 ABŞ dolları, - 14.010.476,46 ABŞ dolları, - 5.396.763,44 ABŞ dolları (2020-ci il iyun tarixədək hesablanmış faiz); - 2020-ci il 1 iyul tarixindən hesablanmaqla 11.468.171,61 ABŞ dolları məbləğinin tam ödənildiyi günədək həmin məbləğə illik 8% hesablanmaqla sabit faiz: - 2020-ci il 1 iyul tarixindən hesablanmaqla Arbitraj Məhkəməsinin Yekun Qərarının tarixindən sonrakı 14-cü günə qədər olan müddət üçün 14.010.476,46 ABŞ dolları məbləğinə illik 4,6%-lə hesablanan sabit faiz və bundan sonrakı müddət üçün isə 14.010.476,46 ABŞ dolları məbləğinə illik 8%-lə hesablanan sabit faiz; - 10.900.000 ABŞ dolları (AECOM-un xərcləri); - 541.250 ABŞ dolları (BTP-nin xərcləri) tutulmalıdır.
8. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, sözügedən icra sənədi əsasında icraat başlanılmış və qərar ləğv prosesində olan Cavabdeh MMC-yə göndərilərək göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif edilmişdir.
9. Təsisçi Qanuni nümayəndə tərəfindən imzalanmış Cavabdeh MMC-nin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh MMC-nin (VÖEN: **********) ləğv edilməsi, Qanuni nümayəndə Cəmiyyətin Baş direktoru vəzifəsindən azad edilməsi, Qanuni nümayəndə təsviyyəçi təyin edilməsi və ona qanuni təmsilçiliyə dair bütün kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumatın dərc etdirilməsi, təsviyyəçiyə 10 gün müddətində müvafiq mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumatının dərc etdirilməsi, təsviyyəçi tərəfindən 15 gün ərzində cəmiyyətin ləğv prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməsi qərara alınmışdır.
10. Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli (vəkil sorğusuna cavab) məktubundan görünür ki, Agentliyin daşınar əmlakın rəsmi reyestrinin elektron informasiya sistemində sorğuda qeyd olunan hüquqi şəxs (Xəzri Solutions) MMC-nin (VÖEN: **********, əvvəlki adı "xxxx" MMC) adına “VOLVO BL61B” markalı ekskavator yükləyici 2014-cü il 5 mart tarixində dövlət qeydiyyatına alınmışdır. Həmin texnika 2023-cü il 29 sentyabr tarixində uçotdan çıxarılmışdır.
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli (vəkil sorğusuna cavab) məktubundan görünür ki, DİN Baş X3 İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasına əsasən hal-hazırda "xxxx" MMC-nin ("xxxx" ASC-nin) adında və ya qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli (vəkil sorğusuna cavab) məktubundan görünür ki, "xxxx" MMC-nin adına qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, Hənifə Ələsgərov küçəsi, 3 saylı fərdi yaşayış evi Bakı şəhəri 53 saylı NO-nun 4ə-1586 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Hənifə Ələsgərov küçəsi, 4 saylı fərdi yaşayış evi isə Bakı şəhəri 53 saylı NO-nın 4ə-1585 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən digər hüquqi şəxsin adına özgəninkiləşdirilmişdir.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli (vəkil sorğusuna cavab) məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi pr-ti, 38 saylı əmlak kompleksinə dair məlumat və onun yerləşdiyi torpaq sahəsi "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir, lakin xx.xx.2021-ci il tarixli Təhvil-Qəbul Aktına, xx.xx.2021-ci il tarixli, "xxxx" MMC-nin X1 qərarına, ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarışına və “Xalq Bank” Baş filialının 1981 saylı xx.xx.2021-ci il tarixli məktubuna əsasən "xxxx" MMC-nin adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.
14. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.6-cı maddəsinə əsasən, ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosesini başlamalıdır.
16. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmamasıdır.
17. Həmin Qanunun 10-1-ci maddəsinə əsasən, iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir.
18. Qeyd edilən Qanunun 3-cü maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: 1) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; 2) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; 3) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir
19. Göründüyü kimi qanunvericiliyin qeyd edilən normalarında borclunun hansı halda ödəmə qabiliyyətinin olmaması konkret olaraq sadalanmış, borclunun digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsinin müəyyən edilməsi onun ödəmə qabiliyyətinin olmayan sayılması üçün əsas olan hallarından biri kimi nəzərdə tutulmuşdur.
20. Hazırkı işdən isə görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 10-2(102)-31/2024 saylı qərardadına (icra vərəqəsinə) əsasən Cavabdeh MMC-dən iddiaçı "xxxx" Şirkətinin xeyrinə iri məbləğdə pul vəsaitinin tutulması qərara alınmış, həmin icra sənədi hazırda icra orqanında icraatdadır və icra tədbirləri davam etdirilir.
21. Hazırda isə iddiaçı "xxxx" Şirkəti 12 aydan çox müddətdir ki, pul öhdəliyinin icra edilmədiyini, həmçinin cavabdehin pul öhdəliyinin onun nizamnamə kapitalının məbləğinin 10 faizindən artıq olmasını və pul öhdəliyinin icra edilməsi üçün cavabdehin əmlakının olmamasına istinad edərək cavabdehin müflis elan edilməsini xahiş edir.
22. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsindən görünür ki, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir.
23. Göründüyü kimi mülki qanunvericilik məhkəmə qərarına əsasən əməl gələn tələbin otuz il müddətində qüvvədə olmasını nəzərdə tutur. Hazırki işdən isə müəyyən edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının qeyd edilən qərardadı (icra vərəqəsi) əsasında müvafiq icra tədbirlərinin həyata keçirilməsi davam edir. Başqa sözlə borcun icra olunmamasının mümkün olub-olmaması barədə hələlik rəsmi yekun hüquqi nəticə formalaşmamışdır. Bu isə o deməkdir ki, Qanunun 3-cü maddəsi mənasında borclunun ödəmə qabiliyyətsizliyinin mövcudluğu mübahisəsiz qaydada təsdiq edilmir. Ən azından ona görə ki, borclunun kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş 30 il müddətində icra etməməsi müəyyən edilmir.
24. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə görə iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə.
25. Həmin maddənin 3-cü hissəsinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə.
26. Bu baxımdan məhkəmə hesab edir ki, hazırda Cavabdeh LPO MMC-nin ödəmə qabiliyyəti olmayan sayılması üçün “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu iş materialları ilə yetərincə sübut olunmadığından, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmir.
27. Bundan əlavə məhkəmə iddiaçının “müxtəlif dövlət orqanlarından alınmış məktublara əsaslanaraq cavabdehin adına daşınmaz əmlakın, nəqliyyat vasitələrinin və texnikanın mövcud olmaması” hissəsinə münasibətdə qeyd edir ki, icra tədbirləri davam etdirildiyi şəraitdə yalnız bu hallar özü-özlüyündə cavabdehin ödəmə qabiliyyətsizliyini mübahisəsiz təsdiqləmir; belə ki, borcun ödənilməsi istiqamətində icra prosesinin nəticəsiz qalmasını təsdiqləyən yekun icra sənədi (qərar) hazırkı iş materiallarında mövcud deyil.
28. Gəlmiş olduğu qənaətə uyğun olaraq məhkəmə iddia tələbinin “...əmlak inzibatçısının təyin edilməsi” hissəsini də əsassız hesab edir. Belə ki, iddia tələbinin “müflis elan olunma” hissəsinin təmin olunmaması həmin tələbdən törəyən digər tələblərin də əsaslığını istisna edir.
29. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı AECOM EXP Russia Limited” Şirkətinin Cavabdeh LPO Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müflis elan olunma və barəsində əmlak inzibatçısının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya özünə aid edilməlidir.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı "xxxx" Şirkətinin Cavabdeh LPO Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müflis elan olunma və barəsində əmlak inzibatçısının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid Hətəmzadə