Məhkəmə qərarları › İş №e-2-2(3-6)-406/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-406/2026

01.07.2026 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-406/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” şirkətinin cavabdeh ləğv prosesində olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müflis elan olunma və barəsində əmlak inzibatçısının təyin edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (ac ar so zlər: müflisləşmə, iflas, əmlak inzibatçısı, sübutetmə yükü, ödəmə qabiliyyəti) Hakim sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qətnaməsindən iddiaçı “xxxx” şirkətinin nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları:

1. Cavabdeh MMC-nin ##.##.2023-cü il tarixli ləğv qərarına əsasən, cəmiyyətin ləğv edilməsi, Qanuni nümayəndə baş direktor vəzifəsindən azad olunaraq təsviyəçi təyin edilməsi, kreditorların tələblərinin təqdim edilməsi qaydası və müddəti barədə məlumatın dərc etdirilməsi, habelə cəmiyyətin ləğv prosesində olması barədə məlumatın dövlət reyestrinə daxil edilməsi üçün müvafiq tədbirlərin görülməsi qərara alınmışdır.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, **-*(***)-**/**** saylı (##.##.2025-ci il tarixdə düzəliş edilmiş) qərardadına əsasən, iddiaçı “xxxx” şirkətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair Beynəlxalq Ticarət Palatasının Arbitraj Məhkəməsinin *****/MHM/HBH nömrəli işi üzrə 2018ci il # #### tarixli hissəvi yekun qərarının və 2020-ci il ## ###### tarixli yekun qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsi qərara alınmışdır.

3. Həmin qərardada əsasən, Cavabdeh MMC-dən “xxxx” şirkətinin xeyrinə 13 532 442,50 ABŞ dolları; 14 010 476,46 ABŞ dolları; 5 396 763,44 ABŞ dolları; 2020-ci il # #### tarixindən hesablanmaqla 11 468 171,61 ABŞ dolları məbləğinin tam ödənildiyi günədək həmin məbləğə illik 8% hesablanmaqla sabit faiz; 2020-ci il # #### tarixindən hesablanmaqla Arbitraj Məhkəməsinin yekun qərarının tarixindən sonrakı 14-cü günə qədər olan müddət üçün 14 010 476,46 ABŞ dolları məbləğinə illik 4,6%-lə hesablanan sabit faiz və bundan sonrakı müddət üçün isə 14 010 476,46 ABŞ dolları məbləğinə illik 8%-lə hesablanan sabit faiz; 10 900 000 ABŞ dolları (AECOM-un xərcləri) və 541 250 ABŞ dolları (BTP-nin xərcləri) məbləğində pul tutulmalıdır.

4. Bakı şəhəri Yasamal rayon Icra Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərara və “tələbin könüllü icrası haqqında” bildirişə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, **-*(***)-**/**** saylı icra vərəqəsi üzrə icra icraatına başlanılmış və tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif edilmişdir.

5. Dövlət orqanlarının təqdim etdiyi məlumatlara əsasən, Cavabdeh MMC-nin (əvvəlki adı “xxxx” MMC) adına qeydiyyatda olmuş əmlaklar hazırda onun mülkiyyətində deyil. Belə ki, cəmiyyətin adına qeydiyyata alınmış “Volvo BL61B” markalı ekskavator yükləyici 2023cü ildə uçotdan çıxarılmış, nəqliyyat vasitələrinin mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, əvvəllər cəmiyyətin adına qeydiyyatda olmuş daşınmaz əmlaklar alqı-satqı müqavilələri əsasında digər şəxslərin mülkiyyətinə keçirilmişdir. Bununla əlaqədar hazırda Cavabdeh MMC-nin adına qeydiyyatda daşınar və daşınmaz əmlakın olmadığı müəyyən edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Icra Şöbəsinin ##.##.2026-cı il tarixli cavab məktubuna əsasən, Ali Məhkəmənin ##.##.2024-cü il tarixli, **-*(***)-**/**** saylı icra sənədi üzrə ##.##.2025-ci il tarixdə başlanılmış icraat zamanı borclu tərəfindən könüllü icra müddətində ödəniş həyata keçirilməmişdir. Borcun cavabdehin əmlakı və gəlirləri hesabına ödənilməsi məqsədilə görülmüş tədbirlər nəticəsiz qalmış, borcluya məxsus əmlak və gəlirlər müəyyən edilməmişdir. Cavabdeh MMC-nin ləğv prosesində olması nəzərə alınaraq icra sənədi icra edilməsi üçün təsviyəçi Qanuni nümayəndə göndərilmişdir.

7. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinin ##.##.2026-cı il tarixli cavab məktubuna əsasən, Cavabdeh MMCnin ##.##.2026-cı il tarixinə vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcu yoxdur. Cəmiyyət tərəfindən maliyyə hesabatı və aralıq ləğvetmə balansı vergi orqanına təqdim edilməmişdir.

8. Azərbaycan Respublikası Auditorlar Palatasının ##.##.2026-cı il tarixli məktubunda göstərilmişdir ki, auditor tərəfindən əmlak inzibatçısı funksiyasının həyata keçirilməsi auditor fəaliyyətinin müstəqilliyi ilə bağlı maraqlar toqquşması riski yaratdığından, Auditorlar Palatası tərəfindən əmlak inzibatçısı qismində namizəd təqdim edilməsi mümkün deyildir.

Birinci instansiya məhkəməsindəki icraat:

9. Iddiaçı “xxxx” şirkəti cavabdeh ləğv prosesində olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin müflis elan olunması və barəsində əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ## ###### 2023-cü il tarixdə ləğv olunması barədə bildiriş dərc etmişdir. Iddiaçı kreditor tələblərini və onları təsdiq edən sənədləri ## ####### 2023-cü il tarixdə cavabdehə təqdim etməyə cəhd etmiş, ünvan üzrə cavabdehin fəaliyyət göstərmədiyi müəyyən edildikdən sonra həmin sənədləri elektron vergi kabineti vasitəsilə göndərmişdir. Beləliklə, kreditor kimi qeydiyyata alınması üçün tələb olunan hərəkətləri vaxtında yerinə yetirmişdir. Ali Məhkəmənin Kommersiya Kollegiyasının ##.##.2024-cü il tarixli qərardadı ilə (##.##.2025-ci il tarixdə düzəliş edilmiş) cavabdehdən iddiaçının xeyrinə əsas borc, faizlər və xərclər üzrə müəyyən edilmiş məbləğlərin tutulması qərara alınmışdır. Lakin cavabdeh həmin qərardadın icrasını təmin etməmiş, 12 aydan artıq müddətdə borcunu ödəməmişdir. Icra icraatına başlanılmasına və könüllü icra barədə bildiriş verilməsinə baxmayaraq, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Dövlət reyestrlərindən məlum olmuşdur ki, cavabdehin adına qeydiyyatda daşınmaz əmlak, nəqliyyat vasitəsi və digər texnika mövcud deyil, əvvəlki əmlakları özgəninkiləşdirilmişdir. Cavabdehin nizamnamə kapitalı 160 manat olduğu halda, icra edilməyən borc məbləği həmin məbləğdən dəfələrlə çoxdur. Beləliklə, cavabdehin pul öhdəliyini icra etmək imkanının olmaması, əmlakının mövcud olmaması və kreditor qarşısında borcunu uzun müddət ödəməməsi onun məhkəmə tərəfindən müflis elan edilməsi üçün əsaslar yaradır.

11. Cavabdeh yazılı etirazında bildirmişdir ki, iddiaçı müflisləşmə tələbini əsasən Ali Məhkəmənin qərardadı üzrə müəyyən edilmiş pul öhdəliyinin icra edilməməsi, cavabdehin ləğv prosesində olması və adına əmlakın olmaması ilə əsaslandırır. Lakin hazırda icra prosesi başa çatmadığından və borcun tutulmasının mümkünsüzlüyü müəyyən edilmədiyindən, ödəmə qabiliyyətsizliyinin mövcudluğu sübuta yetirilməmişdir. Hüquqi şəxsin ləğv prosesində olması onun avtomatik olaraq ödəmə qabiliyyətsiz hesab edilməsinə əsas vermir. “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş şərtlər tam mövcud olmadığından, müflisləşmə prosedurunun tətbiqi üçün hüquqi əsas yoxdur. Həmçinin yalnız məhkəmə qərarı üzrə borcun mövcudluğu müflisləşmə üçün kifayət etmir, borclunun ödəmə qabiliyyətsizliyi qanunla müəyyən edilmiş qaydada təsdiq edilməlidir. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin ##.##.2025-ci il tarixli icra vərəqəsi əsasında cavabdehdən iddiaçının xeyrinə pul vəsaitinin tutulması nəzərdə tutulmuş və həmin icra sənədi üzrə icraat davam edir. Icra tədbirlərinin nəticəsiz qalması və borcun tutulmasının mümkünsüzlüyü barədə yekun hüquqi nəticə mövcud olmadığından, cavabdehin ödəmə qabiliyyətsizliyi sübuta yetirilmiş hesab edilə bilməz. Məhkəmə Mülki Məcəllənin 551.2.4-cü maddəsinə əsaslanaraq qeyd etmişdir ki, məhkəmə qərarından irəli gələn tələb 30 il ərzində qüvvədə qalır və hazırkı halda həmin müddətin başa çatdığı müəyyən edilmir. Buna görə “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu təsdiq olunmur. Həmçinin cavabdehin adına əmlakın olmaması barədə təqdim edilmiş məlumatlar icra prosesinin nəticəsizliyini təsdiq edən yekun sənəd olmadığından, öz-özlüyündə ödəmə qabiliyyətsizliyinin müəyyən edilməsi üçün kifayət etmir. Bu əsaslarla məhkəmə cavabdehin müflis elan edilməsi üçün hüquqi əsasların mövcud olmadığı qənaətinə gəlmiş və iddia tələbinin, o cümlədən əmlak inzibatçısının təyin edilməsi barədə tələbin təmin edilməməsinə qərar vermişdir.

14. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ##.##.2012-ci il tarixli müqaviləyə və Beynəlxalq Ticarət Palatasının Arbitraj Qaydalarına əsasən, cavabdeh arbitraj qərarını dərhal icra etməli olmuşdur. Sonuncu arbitraj qərarı ##.##.2020-ci il tarixdə qəbul edildiyindən, öhdəliyin icra müddəti həmin tarixdən başlamışdır. Həmçinin Ali Məhkəmənin qərardadı üzrə icra icraatına ##.##.2025-ci il tarixdə başlanıldıqdan sonra cavabdeh müəyyən edilmiş müddətdə, yəni ##.##.2025-ci ilədək öhdəliyini icra etməmişdir. Iddiaçı qeyd edir ki, dövlət reyestrlərindən alınmış məlumatlara əsasən cavabdehin borcu ödəmək üçün kifayət qədər əmlakı mövcud deyil və cavabdeh də əksini təsdiq edən sübut təqdim etməmişdir. Icra sənədi üzrə təxminən bir il ərzində heç bir ödəniş həyata keçirilməmişdir. Buna görə cavabdehin kreditor qarşısında öhdəliyini müəyyən edilmiş müddətdə icra etməməsi “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş ödəmə qabiliyyətsizliyi halını yaradır. Apellyasiya şikayətində vurğulanmışdır ki, məhkəmə öhdəliyin icra müddətini və həmin müddətdə icranın həyata keçirilib-keçirilmədiyini araşdırmalı idi. Məhkəmənin Mülki Məcəllənin 551.2.4-cü maddəsində nəzərdə tutulan 30 illik müddətə istinad etməsi isə düzgün deyil, çünki həmin müddət öhdəliyin icra müddətini deyil, tələbin qüvvədə qalma müddətini müəyyən edir. Həmçinin cavabdehin ləğv prosesində olması, uzun müddət ərzində borcunu ödəməməsi və əmlakının olmaması nəzərə alınmaqla, iflas prosedurunun tətbiqi üçün zəruri əsaslar mövcuddur və əlavə sübutların tələb edilməsi əsassızdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etirazında bildirmişdir ki, iddiaçının borcun müəyyən edilmiş müddətdə ödənilməməsi ilə bağlı arqumenti əsassızdır. Belə ki, öhdəliyin icra müddətinin keçməsi öz-özlüyündə ödəmə qabiliyyətsizliyi yaratmır, bunun üçün borcun faktiki icrasının mümkünsüzlüyü müəyyən edilməlidir. Ali Məhkəmənin qərarı üzrə icra icraatı hazırda davam edir, icranın mümkünsüzlüyü barədə yekun qərar qəbul edilməmişdir. Buna görə ödəmə qabiliyyətsizliyinin mövcudluğu sübuta yetirilməmişdir. Həmçinin adına əmlakın olmaması, ləğv prosesində olması və könüllü icra müddətinin keçməsi müflis elan edilməsi üçün kifayət etmir. Yalnız məhkəmə qərarının icra edilməməsi borclunun ödəmə qabiliyyətsiz hesab olunması üçün əsas sayıla bilməz. Bu səbəbdən cavabdeh hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

20. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 63. Hüquqi şəxsin müflis olması 63.1. Əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. 63.2. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.

22. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: Müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması; ... Müəssisənin aktivi – müəssisənin əsas vəsaitindən, digər uzunmüddətli vəsait qoyuluşundan, dövriyyə vəsaitindən və maliyyə aktivlərindən (qeyri-maddi aktivlər də daxil olmaqla) ibarət əmlak; Müəssisənin passivi – müəssisənin kreditor borcu da daxil olmaqla borc və cəlb edilmiş vəsaitdən (subvensiyalar, dotasiyalar və s. istisna olunmaqla) ibarət öhdəlik; ... Borclunun əmlakı – iflas prosesinə başlanma məqamı dövründə borclunun mülkiyyətində olan və ya onun sahibliyinə verilmiş bütün əmlak və iflas prosesinə başlanma məqamından ona xitam verilənədək əmlak inzibatçısının və (və ya) müvəqqəti əmlak inzibatçısının, habelə borclunun əldə etdiyi bütün əmlakdır. (Fərdi borcluya aid halda qüvvədə olan qanunvericiliyə müvafiq surətdə tələb yönəldilə bilməyən əmlak istisna təşkil edir); ... Əmlak inzibatçısı – borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun V fəslində səciyyələndirilmiş vəzifəli şəxs; ... Maddə 3. Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.

Maddə 11. Iflas haqqında iş üzrə məhkəmə baxışının prosessual nəticələri

1.Iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. ... Maddə 13. Borclunun məhkəmə qaydasında müflis elan olunmasından sonra kreditorların ilkin yığıncağı

1. Borclunun məhkəmə qaydasında müflis elan olunmasından sonra əmlak inzibatçısı kreditorların ilkin yığıncağını bütün məlum kreditorlara və əgər borclu dövlət müəssisəsidirsə müvafiq icra hakimiyyəti orqanına yığıncaq barəsində bildiriş göndərmək yolu ilə çağırır. Həmin yığıncaq borclunu müflis elan etmək barəsində müvafiq məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən ən geci 15 gün ərzində keçirilməlidir. ... Maddə 18. Borclunun müflis elan olunmasının nəticələri ...

2. Borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; c) qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır; ç) əmlak inzibatçısı tərəfindən verilən səlahiyyətlər istisna olmaqla borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir; d) borclu müəssisə öz əmlakı barəsində hər hansı sərəncam vermək və hərəkətlər etmək səlahiyyətlərini itirir.

Maddə 19. Əmlak inzibatçısının təyin edilməsi şərtləri

1. Məhkəmə və ya kreditorlar tərəfindən fiziki və ya hüquqi şəxs, o cümlədən müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəkil edilən orqan, habelə rezident və ya qeyrirezident əmlak inzibatçısı təyin edilə bilər. …

4. Əmlak inzibatçısı təyin edilən şəxs təyinatını qəbul etməzdən əvvəl onu təyin edənlər qarşısında belə təyinatda şəxsi marağının olmadığını yazılı şəkildə bəyan etməlidir. Aşağıdakılar əmlak inzibatçısı seçilə bilməzlər: a) borclunun müdiri və ya keçmiş müdiri, mülkiyyətçiləri, borcluları və ya kreditorları; b) bu Qanunun 54-cü maddəsinə uyğun olaraq borcluya aidiyyəti olan şəxslər.

Maddə 20. Əmlak inzibatçısının hüquqları

1. Əmlak inzibatçısı təyin edilmiş şəxs borclunun yeganə qanuni nümayəndəsi olur və bununla əlaqədar borclunun müdiri bu Qanunun 17-ci maddəsinə uyğun olaraq əmlak inzibatçısının ona verdiyi konkret səlahiyyətlər istisna olmaqla, öz səlahiyyətlərini həyata keçirə bilməzlər.

Maddə 29. Əmlak inzibatçısına ödənilən haqq və xərclər

1. Əmlak inzibatçısının əmək haqqı və xərcləri bu Qanunun XII fəslində müəyyənləşdirilmiş növbəlik siyahısına müvafiq surətdə ödənilir.

2. Əmlak inzibatçısının saxlanması ilə bağlı xərclər kreditorlar ilə əmlak inzibatçısı arasında sazişlə, bu cür saziş olmadıqda isə məhkəmə tərəfindən müəyyənləşdirilir.

Maddə 53. Ödənişlərin növbəliyi

1. Borclunun əmlakını təşkil edən aktivlər bu Qanunun IX fəslinin müddəalarına uyğun olaraq aşağıdakı növbəlik qaydasında bölünməlidir: a) birinci növbədə iflas prosesinə çəkilən bütün məsrəflər və xərclər (o cümlədən müflisolmanın mediada elan edilməsi xərcləri, məhkəmə xərcləri, əmlak inzibatçısının və müvəqqəti əmlak inzibatçısının haqqı və xərcləri, habelə müflisolma məqamından sonra əmlak inzibatçısının qəbul etdiyi və ya davam etdirdiyi öhdəliklərdən irəli gələn tələblər) ödənilir; …

23. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi ... 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.

Maddə 12. Hüquqi şəxsin istinad etdiyi qanun Hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur.

24. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli, **/**** nömrəli Qərarı: 2.4. Əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Həmin maddənin tələbləri baxımından xarici elementli kommersiya mübahisəsində məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtləri aşağıdakılardır: - işdə iştirak edən şəxslərdən hər hansı birinin xarici şəxs olması; - xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yerin olması. 2.5. Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: - iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yerin olması; ...

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 440. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

Maddə 443. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; ... Apellyasiya baxışının hədləri:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı xarici hüquqi şəxs olduğundan hazırkı mübahisə xarici elementli kommersiya mübahisəsidir. Odur ki, ilkin olaraq Azərbaycan Respublikası məhkəmələrinin mübahisəyə baxmaq səlahiyyəti və tətbiq edilməli maddi hüquq normaları müəyyən edilməlidir.

31. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 443.0.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələri hazırkı mübahisəyə baxmağa səlahiyyətlidir.

32. Tətbiq edilməli maddi hüquq normalarına münasibətdə kollegiya qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. Bu baxımdan hüquqi şəxsin müflis elan edilməsi ilə bağlı mübahisəyə həmin hüquqi şəxsin təsis edildiyi ölkənin, yəni hazırkı halda Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi tətbiq edilməlidir.

33. Mübahisənin mahiyyətinə gəldikdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlsə də, kollegiya tələbin 30 il ərzində qüvvədə qalmasına və icranın qəti mümkünsüzlüyünü təsdiq edən yekun sənədin olmamasına dair mülahizələri hazırkı mübahisənin həlli üçün həlledici hesab etmir. Məhkəmə qərarı ilə müəyyən edilmiş tələbin Mülki Məcəllənin 551.2.4-cü maddəsinə əsasən 30 il müddətində qüvvədə qalması borclunun öhdəliyinin icra müddətini müəyyən etmir və kreditora bu müddət başa çatanadək müflisləşmə haqqında iddia qaldırmağı qadağan etmir.

34. Məhkəmə qərarı ilə müəyyən edilmiş tələbin qüvvədə qalma müddəti kreditorun həmin tələb üzrə məcburi icra imkanını qoruyan müddətdir. Öhdəliyin icra edilməli olduğu vaxt isə icra sənədi üzrə müəyyən edilmiş könüllü icra müddəti və öhdəliyin hüquqi əsasından irəli gələn digər müddətlərlə müəyyən olunur. Buna görə tələbin 30 il ərzində qüvvədə qalması borcun həmin müddətin sonunadək vaxtı çatmamış öhdəlik hesab edilməsinə səbəb ola bilməz.

35. Eyni səbəbdən, borclunun ödəmə qabiliyyətsizliyinin müəyyən edilməsi üçün icra sənədinin icrasının qəti olaraq mümkünsüzlüyünü təsdiq edən ayrıca yekun sənədin mövcudluğu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş zəruri şərt deyildir. Həmin maddənin “c” bəndi digər kreditorlar qarşısında öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə yerinə yetirilməməsini ödəmə qabiliyyətsizliyinin müəyyən edilməsi üçün əsas kimi nəzərdə tutur.

36. Kollegiya qeyd edir ki, borclunun ödəmə qabiliyyətsizliyinin müəyyən edilməsi zamanı sübutetmə yükü işin hallarına və tərəflərin istinad etdikləri faktlara uyğun olaraq mərhələli şəkildə bölüşdürülməlidir. Borclunun müflis elan edilməsi tələbi ilə məhkəməyə müraciət edən kreditor ilk növbədə, borcluya qarşı tələbin mövcudluğunu və məbləğini, həmin tələbin icra müddətinin çatmasını, habelə borclunun öhdəliyi müəyyən edilmiş müddətdə yerinə yetirmədiyini sübut etməlidir.

37. Kreditorun üzərinə borclunun malik ola biləcəyi bütün əmlakın, gəlirlərin və digər maliyyə mənbələrinin mövcud olmadığını mütləq şəkildə sübut etmək vəzifəsi qoyula bilməz. Belə məlumatların əsas hissəsi borclunun nəzarətində olduğundan, kreditorun həmin məlumatları müstəqil qaydada tam əldə etmək imkanı məhduddur. Buna görə kreditor qanunda nəzərdə tutulan ödəməmə halını və borclunun öhdəliyi yerinə yetirə bilmədiyinə dəlalət edən kifayət qədər ilkin halları sübuta yetirdikdə, ödəmə qabiliyyətsizliyinin mövcud olmadığını bildirən borclu özünün borcu ödəmək üçün real maliyyə imkanına malik olduğunu təsdiq edən sübutlar təqdim etməlidir.

38. Hazırkı işdə iddiaçının cavabdehə qarşı tələbi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş, həmin məhkəmə aktı əsasında icra icraatına başlanılmış və cavabdehə öhdəliyin könüllü icrası üçün müddət verilmişdir. Buna baxmayaraq, cavabdeh nə könüllü icra müddətində, nə də sonrakı dövrdə borcun heç bir hissəsini ödəməmişdir. Icra tədbirləri zamanı cavabdehə məxsus əmlak və gəlirlər aşkar edilməmiş, dövlət reyestrlərindən alınmış məlumatlara əsasən onun adına daşınar və daşınmaz əmlakın qeydə alınmadığı müəyyən edilmişdir.

39. Bu hallar birlikdə qiymətləndirildikdə iddiaçının üzərinə düşən ilkin sübutetmə yükünün yerinə yetirildiyini göstərir. Iddiaçı yalnız borcun mövcudluğuna və ödənilməməsinə istinad etməmiş, eyni zamanda borcun məcburi icrası üçün görülmüş tədbirlərin nəticəsiz qalmasını və açıq dövlət reyestrlərində cavabdehin adına əmlak qeydə alınmadığını təsdiq edən sübutlar təqdim etmişdir.

40. Cavabdeh ödəmə qabiliyyətsizliyinin sübuta yetirilmədiyini bildirsə də, borcun ödənilməsinə imkan verən hər hansı pul vəsaitinin, əmlakın, gəlirin, debitor borcunun və ya digər maliyyə mənbəyinin mövcudluğunu təsdiq edən sübut təqdim etməmişdir. Cavabdeh, həmçinin öz maliyyə vəziyyətini əks etdirən illik maliyyə hesabatlarını və aralıq ləğvetmə balansını müvafiq dövlət orqanına təqdim etməmişdir. Borclunun öz nəzarətində olan maliyyə məlumatlarını açıqlamaması müvafiq aktivlərin və maliyyə mənbələrinin mövcud olmadığını avtomatik təsdiq etməsə də, bu davranış ödəmə qabiliyyətinin mövcudluğunu sübut edən hal kimi də qiymətləndirilə bilməz.

41. Kollegiya nəzərə alır ki, müflisləşmə prosedurunun başlanması yalnız iddiaçı və cavabdehin deyil, borclunun digər mövcud və potensial kreditorlarının, işçilərinin və digər maraqlı şəxslərin hüquqlarına da təsir göstərə bilər. Buna görə məhkəmə təqdim olunmuş sübutlarla kifayətlənməyərək borclunun maliyyə vəziyyəti barədə dövlət orqanlarından və digər mənbələrdən əlavə məlumat tələb edə bilər. Lakin məhkəmənin bu istiqamətdə həyata keçirdiyi araşdırma borclunun öz maliyyə vəziyyəti barədə məlumat vermək və sübutlar təqdim etmək vəzifəsini aradan qaldırmır və məhkəmənin tərəfin əvəzinə borclunun ödəmə qabiliyyətini sübut etməsi anlamına gəlmir.

42. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş vaxtı çatmış borcun ödənilməməsi, icra tədbirlərinin nəticəsiz qalması, borclunun adına əmlak və gəlirlərin aşkar edilməməsi, habelə cavabdehin ödəmə imkanının mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim etməməsi birlikdə qiymətləndirildikdə, “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsinin “c” bəndində nəzərdə tutulan ödəmə qabiliyyətsizliyi meyarının hazırkı iş üzrə mövcud olduğu nəticəsinə gəlmək üçün kifayət edir.

43. Bununla belə, həmin meyarın mövcudluğu iddia tələbinin avtomatik təmin edilməsinə səbəb olmur. Borclunun müflis elan edilməsi məsələsi Qanunun digər müddəaları, xüsusilə məhkəmənin qəbul edə biləcəyi qərarların məzmununu və iflas prosedurunun həyata keçirilməsini tənzimləyən normalarla sistemli əlaqədə həll edilməlidir.

44. Qanunun 11.1-ci maddəsinin “a” bəndinə əsasən, iddia təmin edildikdə məhkəmə “borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə” qərar qəbul edir. Normanın qrammatik və sistemli şərhindən görünür ki, borclunun müflis elan edilməsi ilə əmlak inzibatçısının təyin edilməsi bir-birindən ayrı və müstəqil qərarlar deyil, eyni məhkəmə aktında həll edilməli olan vahid prosessual nəticənin tərkib hissələridir.

45. Qanunda borclunun müflis elan edilməsi, lakin əmlak inzibatçısının sonradan və ya qeyri-müəyyən vaxtda təyin olunması, yaxud ümumiyyətlə təyin olunmaması barədə ayrıca prosessual nəticə nəzərdə tutulmamışdır. Buna görə məhkəmə borclunu müflis elan edib əmlak inzibatçısı təyin etmədən iflas prosedurunu başlada bilməz.

46. Belə tənzimləmənin məqsədi müflis elan edilmənin yaratdığı hüquqi nəticələrlə bağlıdır. Qanunun 18-ci maddəsinə əsasən, borclunun müflis elan edildiyi andan ona qarşı fərdi məhkəmə və icra tədbirləri dayandırılır, tələblər yalnız kollektiv iflas proseduru çərçivəsində irəli sürülür, borclunun rəhbəri və borclu öz əmlakı üzərində sərəncam vermək səlahiyyətini itirir.

47. Həmin məqamdan borclunun yeganə qanuni nümayəndəsi əmlak inzibatçısı olur. Kreditorların ilkin yığıncağının çağırılması, borclunun əmlakının və maliyyə sənədlərinin araşdırılması, aktivlərin aşkar edilməsi və bərpası, mübahisələndirilə bilən əqdlər üzrə tədbirlərin görülməsi, kreditor tələblərinin yoxlanılması, əmlakın realizəsi və iflas prosesinin başa çatdırılması da əmlak inzibatçısının fəaliyyəti vasitəsilə həyata keçirilir.

48. Bu baxımdan, əmlak inzibatçısı iflas prosedurunun fakültativ iştirakçısı deyil, həmin prosedurun həyata keçirilməsini mümkün edən zəruri prosessual subyektdir. Borclunun müflis elan edildiyi, lakin əmlak inzibatçısının təyin olunmadığı vəziyyət borclunun əvvəlki idarəetmə orqanlarının səlahiyyətlərini itirdiyi, bununla yanaşı onun adından fəaliyyət göstərməli, əmlakı araşdırmalı və kreditorların kollektiv maraqlarını müdafiə etməli qanuni nümayəndənin olmadığı hüquqi boşluq yaradardı.

49. Qanunun 19-cu maddəsinə əsasən, əmlak inzibatçısı müəyyən peşə və müstəqillik tələblərinə cavab verməli, təyinatı qəbul etməzdən əvvəl təyinatda şəxsi marağının olmadığını yazılı şəkildə bəyan etməlidir. Bu müddəalar əmlak inzibatçısının razılığının və müstəqilliyinin təyinatın zəruri şərtlərindən olduğunu göstərir. Məhkəmə hər hansı şəxsi onun iradəsinə zidd olaraq əmlak inzibatçısı vəzifəsini yerinə yetirməyə məcbur edə bilməz.

50. Iş materiallarında əmlak inzibatçısı təyin edilməsinə razılıq vermiş və Qanunun 19cu maddəsinin tələblərinə cavab verən hər hansı fiziki və ya hüquqi şəxs barədə məlumat yoxdur. Azərbaycan Respublikası Auditorlar Palatası da ##.##.2026-cı il tarixli məktubunda auditor fəaliyyəti ilə əmlak inzibatçısı funksiyasının uzlaşmadığını əsas gətirərək namizəd təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəməyə də təyinatı qəbul etməyə hazır olan konkret namizəd müraciət etməmişdir.

51. Əmlak inzibatçısının təyin olunması onun fəaliyyətinin maliyyələşdirilməsi məsələsindən ayrıca nəzərdən keçirilə bilməz. Qanunun 29 və 53-cü maddələrinə görə əmlak inzibatçısının haqqı və xərcləri Qanunda nəzərdə tutulan növbəlilik qaydasına uyğun olaraq birinci növbədə ödənilir, onun saxlanılması ilə bağlı xərclər isə kreditorlarla əmlak inzibatçısı arasındakı sazişlə, belə saziş olmadıqda məhkəmə tərəfindən müəyyən edilir.

52. Inzibatçının haqqına və xərclərinə birinci növbə verilməsi onların ödənilməsi üçün əmlak kütləsinin və ya başqa real maliyyə mənbəyinin mövcudluğunu əvəz etmir. Birinci növbə yalnız bölüşdürülə bilən əmlak və ya gəlir mövcud olduqda praktiki məna daşıyır. Əmlak kütləsi və maliyyə mənbəyi olmadıqda inzibatçıya birinci növbədə ödəniş hüququnun verilməsi onun fəaliyyətinin faktiki maliyyələşdirilməsini təmin etmir.

53. Hazırkı işdə dövlət reyestrlərindən alınmış məlumatlara görə cavabdehin adına daşınar və daşınmaz əmlak qeydə alınmamış, icra məmurunun tədbirləri nəticəsində borcluya məxsus əmlak və gəlirlər müəyyən edilməmiş, cavabdeh maliyyə hesabatı və aralıq ləğvetmə balansı təqdim etməmişdir. Iş materiallarında əmlak inzibatçısının ilkin və davamlı xərclərinin ödənilə biləcəyi hər hansı əmlak, gəlir və ya digər real maliyyə mənbəyi müəyyən edilməmişdir.

54. Kollegiya bu məsələnin şərhində Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (bundan sonra - UNCITRAL) tərəfindən hazırlanmış “Müflisləşmə hüququ üzrə Qanunvericilik Bələdçisi”ndə (bundan sonra – Bələdçi) ifadə olunan yanaşmaları da nəzərə alır. Həmin Bələdçi birbaşa tətbiq edilən normativ akt deyil və milli qanunvericiliyi əvəz etmir. Bununla belə, müflisləşmə hüququnun ümumi prinsiplərini və müxtəlif qanunvericilik modellərinin əsaslarını açıqlayan doktrinal mənbə kimi milli normaların sistemli və məqsədli şərhində istifadə oluna bilər.

55. UNCITRAL Bələdçisinin əmlakı və gəlir mənbələri iflas prosedurunun inzibati xərclərini ödəməyə kifayət etməyən borclulara həsr olunmuş 72–75-ci paraqraflarında bu vəziyyətin ayrıca qanunvericilik həlli tələb etdiyi göstərilir. Bələdçinin 26-cı tövsiyəsində belə hallara münasibətdə iki mümkün model nəzərdə tutulur: ərizənin rədd edilməsi və ya əmlak inzibatçısının təyini və haqqının ödənilməsi üçün alternativ mexanizmlər mövcud olduqda prosedurun başlanması.1

1 UNCITRAL Legislative Guide on Insolvency Law, Parts One and Two, United Nations, New York, 2005,

Part Two, Chapter İ, Section B.6, paras. 72–75, Recommendation 26.

56. Beləliklə, UNCITRAL borclunun kifayət qədər əmlakının olmaması halında milli qanunvericinin iki modeldən birini seçməsini nəzərdə tutur. Əgər milli qanunvericilik prosedurun əmlaksız borcluya münasibətdə də başlanmasını nəzərdə tutursa, həmin proseduru aparacaq inzibatçının kim tərəfindən və hansı mənbədən maliyyələşdiriləcəyi qanunda müəyyən edilməlidir.

57. Bu yanaşma Bələdçinin 118 və 119-cu tövsiyələrində əmlak inzibatçısının seçilməsi və təyin olunması, habelə onun haqqının müəyyən edilməsi üçün işlək mexanizmin yaradılması barədə müddəalarla tamamlanır. Bələdçinin 125-ci Tövsiyəsinə görə isə əmlak kütləsi inzibati xərcləri qarşılamağa kifayət etmədiyi halda da inzibatçının təyin olunması nəzərdə tutulursa, qanun onun təyini və mükafatlandırılması üçün ayrıca mexanizm müəyyən etməlidir.2

58. Azərbaycan Respublikasının “Müflisləşmə və iflas haqqında” Qanunu əmlak inzibatçısının təyinini, onun haqqının müəyyənləşdirilməsini və həmin haqqın əmlak kütləsindən birinci növbədə ödənilməsini tənzimləsə də, əmlakı və gəlir mənbələri olmayan hüquqi şəxslərə münasibətdə inzibatçının dövlət hesabına, xüsusi fond vasitəsilə və ya başqa məcburi mexanizmlə təyin və maliyyələşdirilməsini nəzərdə tutmur. Qanun həmçinin məhkəməyə hər hansı fiziki və ya hüquqi şəxsi razılığı olmadan əmlak inzibatçısı təyin etmək səlahiyyəti vermir.

59. Qanunun bu tənzimləmə modeli çərçivəsində əmlakı inzibati xərcləri ödəmək üçün yetərli olmayan borclunun müflis elan edilməsi yalnız təyinata razılıq vermiş uyğun namizəd və onun fəaliyyətinin maliyyələşdirilməsi üçün hüquqi və faktiki mənbə mövcud olduqda mümkündür. Məhkəmə qanunda nəzərdə tutulmayan dövlət maliyyələşdirmə mexanizmi yarada, üçüncü şəxsin üzərinə ödəniş vəzifəsi qoya və ya hər hansı şəxsi razılığı olmadan əmlak inzibatçısı təyin edə bilməz.

60. Cavabdehin əvvəlki dövrlərdə ona məxsus olmuş əmlakı özgəninkiləşdirməsi həmin əqdlərin gələcəkdə araşdırılması və qanuni əsaslar olduqda mübahisələndirilməsi imkanını istisna etmir. Lakin geri qaytarılması ehtimal edilən əmlak hazırda mövcud maliyyə mənbəyi hesab edilə bilməz. Belə əqdlərin araşdırılması və mübahisələndirilməsi də öz növbəsində əmlak inzibatçısının fəaliyyətini və həmin fəaliyyətin ilkin maliyyələşdirilməsini tələb edir.

61. Əmlak inzibatçısı və onun fəaliyyətinin maliyyələşdirilməsi üçün real mənbə olmadığı halda cavabdehin müflis elan edilməsi Qanunun 18-ci maddəsində nəzərdə tutulan məhdudiyyətləri dərhal qüvvəyə mindirər, iddiaçının davam edən fərdi icra imkanlarını dayandırar, lakin həmin fərdi icranı əvəz etməli olan kollektiv proseduru həyata keçirəcək prosessual subyekt mövcud olmazdı. Belə nəticə kreditorların müdafiəsinə xidmət etməz, əksinə, onların hüquqlarının həyata keçirilməsi üçün mövcud hüquqi vasitələri faktiki olaraq təsirsiz hala gətirərdi.

62. Kollegiya buna görə belə nəticəyə gəlir ki, hazırkı işdə cavabdehin vaxtı çatmış öhdəliyini icra etməməsi Qanunun 3-cü maddəsinin “c” bəndi baxımından müəyyən edilsə də, Qanunun 11.1-ci maddəsinin “a” bəndində nəzərdə tutulan qərarın, yəni borclunun müflis elan edilməsi və əmlak inzibatçısının təyin olunması barədə vahid prosessual nəticənin tətbiqi üçün zəruri hüquqi və faktiki şərtlər mövcud deyildir.

63. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinə dair yekun nəticəsi düzgündür. Yuxarıda göstərilən hüquqi əsaslandırma nəzərə alınmaqla, apellyasiya şikayətinin dəlilləri qətnamənin nəticə hissəsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Buna görə apellyasiya şikayəti təmin edilməməlidir.

64. Apellyasiya şikayəti təmin edilmədiyindən, onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

2 UNCITRAL Legislative Guide on Insolvency Law, Parts One and Two, United Nations, New York, 2005,

Part Two, Chapter İ, Section B.6, Recommendation 118, 119, 125.

65. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar