Məhkəmə qərarları › İş №e-2-2(3-6)-534/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-534/2026

30.06.2026 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-534/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin müflis elan edilməsi və əmlak inzibatçısı təyin olunması barədə ərizə üzrə (Açar sözlər: borclunun ödəmə qabiliyyətinin olmaması, müflisləşmə, əmlak inzibatçısı) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) İmanverdiyev Beytulla Dadaş oğlunun, kreditor kreditor2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” MMC-nin iflas prosesinə başlanılması, “xxxx” MMC-nin müflis elan edilməsi və Babaşov Şahin Dədələr oğlunun əmlak inzibatçısı təyin olunması” məzmunlu ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən ərizəçinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixə olan kreditorların siyahısında, MMC-nin kreditorları “X6” MMC 5734 manat, “xxxx” MMC 767 manat, “xxxx” MMC 225,11 manat, “xxxx” ASC 5096,58 manat, “xxxx” MMC 1 686 722,92 manat, “xxxx” MMC 178,43 manat, “İdeal-Print” MMC 460,20 manat, “xxxx”xxxx“xxxx” MMC 198,24 manat, “xxxx” MMC 660 manat, “xxxx” MMC 500 manat, “X4” MMC 1087,49 manat, “Yelo Bank” 50,26 manat, Daşdiyeva Zəhra 234 manat, kreditor2 QSC BOKT 59 834 698,18 manat qeyd olunmuşdur.

2. kreditor2 QSC BOKT İdarə Heyətinin ##.##.2024-cü il tarixli *** saylı qərarı ilə, nizamnamə kapitalı 100 faiz kreditor2 QSC-yə məxsus olan “xxxx” MMC-nin ödəmə qabiliyyəti olmadığına görə onun iflas prosesinə başlanılmasına razılığın verilməsi qərara alınmışdır.

3. Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2024-cü il tarixli məktubunda “xxxx” MMC-nin adına nəqliyyat vasitəsinin qeydiyyata alınmadığı, Milli Depozit Mərkəzinin ##.##.2024-cü il tarixli məktubunda “xxxx” MMC-nin qiymətli kağızlara sahibliyi barədə məlumatın olmadığı, Dövlət Dəniz və Liman Agentliyinin ##.##.2024-cü il tarixli məktubunda Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində adıçəkilən Cəmiyyətə məxsus gəminin qeydiyyata alınmadığı, FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və dağ-X3 Agentliyinin ##.##.2024-cü il tarixli məktubunda “xxxx” MMC-nin istismarında olan təhlükə potensiallı qurğu və avadanlığın Agentlikdə dövlət reyestrində qeydiyyatdan keçmədiyi, Aqrar Xidmətlər Agentliyinin 2024-cü il avqust tarixli məktubunda “xxxx” MMC-nin adına traktor və digər nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmadığı qeyd olunmuşdur.

4. “economy.gov.az” saytında yerləşdirilmiş elanda, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin müflis elan olunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət etməsi, məhkəmə baxışının təyin olunması vaxtı barədə məlumat verilmiş və kreditorlar tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilməsi göstərilmişdir.

5. “xxxx” MMC-nin Dövriyyə-qalıq Əsas vəsaitlər üzrə 2025-ci il tarixli cədvəlində 126 497,24 manat məbləğində əsas vəsaitlərin olduğu müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (ərizəçi) ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, İddiaçı MMC barəsində iflas prosesinə başlanılması, İddiaçı MMC-nin müflis elan edilməsi və Babaşov Şahin Dədələr oğlunun həmin MMC üzrə əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir, Dövlət qeydiyyatının nömrəsi VÖEN **********-dir. İddiaçı MMC-nin nizamnamə kapitalının ödənilmiş miqdarı 50.00 manat, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsiev 18, mənzil 111-dir. İddiaçı MMC-nin nizamnaməsi Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ## ##### 2019-cu il tarixində (2ci redaksiyada) yenidən qeydiyyatdan keçmişdir, nizamnaməsinə görə təsisçisi kreditor2 Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatıdır. İddiaçı MMC-ni qanuni təmsilçisi və direktor kimi ##.##.2019-cu ildən X5 təmsil edir. İddiaçı MMC-nin əsas kreditoru hal-hazırda kreditor2 QSC-dir. Belə ki, “xxxx” ASC ilə kreditor2 QSC arasında imzalanmış ##.##.2015-ci il tarixli ** nömrəli və ##.##.2015- ci il tarixli ** nömrəli təhvil-təslim aktları əsasında 47 407 309,69 manat əsas borc, 2 745 988,49 manat faiz borcu olmaqla cəmi 50 153 298,18 manat məbləğində kredit borcu kreditor2 QSC-yə təhvil verilmişdir. kreditor2 QSC-nin idarəetməsinə keçdikdən sonra İddiaçı MMC-nin əsas borcundan 318 000 manat azalma olmuşdur. Həmin kredit üzrə ##.##.2024cü il tarixə kreditor2 QSC-yə ödənilməmiş borc qalığı cəmi 48 552 610,91 manat (46 115 282,85 manat əsas borc, 2 407 328,06 manat faiz borcu) təşkil edir. Bundan başqa İddiaçı MMC-nin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə haqqı üzrə olan borcu 1 686 722,92 manat təşkil edir. Qeyd olunanlardan əlavə digər 13 kreditora olan borcun qalığı isə cəmi 16 749,41 manatdır. İddiaçı MMC-nin bütün kreditorlarına olan borclarının ödəmə müddəti çoxdan keçmişdir və onun həmin öhdəliklərini ödəmək qabiliyyəti yoxdur. İddiaçı MMC-nin adına hal-hazırda rəsmi reyestrdə qeydiyyata alınmış hər hansı bir daşınar və daşınmaz əmlak, nəqliyyat vasitəsi mövcud deyil. Cəmiyyətin balansında olan mal-material qalığı (bunlar əsasən pal-paltarlardır) 401 880,41 manat təşkil edir. Cəmiyyətin hesabında olan pul vəsaiti çox cüzi bir məbləğ olduğundan onun kreditor2 QSC-yə və digər kreditor olan “xxxx” MMC-yə böyük məbləğdə olan kreditor borclarını ödəməyə yetərli deyildir. İddiaçı MMC-nin fəaliyyəti demək olar ki, dayandırılmışdır. MMC-nin kreditor borclarının vaxtının çatmasına baxmayaraq, MMC-nin aktivləri və nəğd vəsaitləri bütün kreditor tələblərinin təmini üçün həmin borcları ödəməyə yetərli deyildir.

8. Ərizəçinin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) ərizənin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, kreditor2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmiş, ərizədə kreditor kimi göstərilmiş “xxxx” MMC isə nümayəndəsini məhkəməyə göndərməmişdir.

9. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə ərizənin təmin olunmaması qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəmə qabiliyyəti olmayan sayılması üçün “Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından onun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı ərizəsi təmin oluna bilməz.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 63.1-ci, “Müflisləşmə və iflas haqqında” Qanunun 1-ci, 2-ci, 3-cü, 10-1-ci, 11-ci maddələrinə istinadla əsaslandırmışdır.

12. Qətnamədən ərizəçinin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ərizənin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, subyektiv yanaşma sərgilədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

14. Ərizəçinin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, kreditor2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmiş, ərizədə kreditor kimi göstərilmiş “xxxx” MMC isə nümayəndəsini məhkəməyə göndərməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 63.1. Əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər.

16. Maddə 63.2. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.

“Müflisləşmə və iflas haqqında” Qanun

17. Maddə 1. Müflisləşmə - borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmamasıdır.

18. Maddə 3. Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 ( on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.

19. Maddə 10-1. İflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

29. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

31. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız olduğu qənaətinə gəlməyə əsas vermir.

32. Belə ki, borclunun müflis elan olunması üçün təkcə kreditor borclarının mövcudluğu və ya onların ödənilmə müddətinin keçməsi kifayət etmir - məhkəmə işin bütün hallarını araşdırmaqla borclunun həqiqətən ödəmə qabiliyyətini itirib-itirmədiyini, mövcud aktivlərinin kreditor tələblərinin təmin edilməsinə obyektiv olaraq imkan vermədiyini müəyyən etməlidir.

33. İş materiallarından görünür ki, "xxxx" MMC-nin kreditor borcları mövcud olsa da, eyni zamanda cəmiyyətin balansında müəyyən həcmdə aktivləri də vardır. İşdə olan 2025-ci il tarixli dövriyyə-qalıq cədvəlinə əsasən cəmiyyətin balansında 126 497,24 manat məbləğində əsas vəsaitlər mövcuddur, bundan əlavə, ərizəçinin öz izahatında cəmiyyətin balansında 401.880,41 manat dəyərində mal-material qalığının olduğu göstərilmişdir. Bu hallar göstərir ki, cəmiyyət tamamilə əmlaksız vəziyyətdə deyildir, əksinə müəyyən aktivlərə malikdir.

34. Dövlət orqanlarından alınmış məlumatlarda isə yalnız müəyyən növ əmlakların nəqliyyat vasitələrinin, gəmilərin, qiymətli kağızların, xüsusi texnikanın və təhlükə potensiallı avadanlıqların mövcud olmaması təsdiq edilmişdir; hansı ki, həmin məlumatlar borclunun bütün mümkün əmlakının və ya gələcəkdə pul vəsaitinə çevrilə biləcək digər aktivlərinin tamamilə mövcud olmamasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

35. Bundan başqa, “xxxx" QSC İdarə Heyətinin iflas proseduruna başlanılmasına razılıq verilməsi barədə qərarı yalnız hüquqi şəxsin daxili korporativ iradəsini ifadə edir və özlüyündə məhkəmə üçün borclunun ödəmə qabiliyyətinin olmamasını təsdiq edən hüquqi fakt hesab edilə bilməz. Müflis elan etmə yalnız məhkəmə tərəfindən qanunla müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilməlidir.

36. Apellyasiya şikayətində qeyd edilən “böyük məbləğdə borcun mövcudluğu" arqumenti də özlüyündə müflisləşmə faktını avtomatik təsdiq etmir. Qanun borcun məbləğindən deyil, borclunun qanunda nəzərdə tutulmuş mənada ödəmə qabiliyyətini itirməsinin sübuta yetirilməsindən çıxış edir. Bu baxımdan borcun çox olması ilə müflislik anlayışı eyniləşdirilə bilməz.

37. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, iş materialları “Müflisləşmə və iflas haqqında" Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş meyarların mövcudluğunu kifayət dərəcədə təsdiq etmir. Apellyasiya şikayətində isə həmin nəticəni təkzib edən, məhkəmənin sübutların qiymətləndirilməsi zamanı prosessual hüquq normalarını pozduğunu və ya maddi hüququ düzgün tətbiq etmədiyini göstərən yeni sübut və ya hüquqi arqument irəli sürülməmişdir.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** saylı iş üzrə ## #### 2026 il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ərizəçinin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar