Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-63/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi müflis elan edilməsi və iflas prosesinə başlanılması barədə ərizəsi üzrə (açar sözlər: müflis elan edilmə) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi ilə, Ərizəçi müflis elan edilməsi və iflas prosesinə başlanılması barədə ərizəsinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6528/2025 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İşin halları:
1. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3502/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Kreditor1 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ərizəçi MMC-dən 206804 manat borc, 350 manat dövlət rüsumu, cəmi 207154 manat pulun alınaraq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Ərizəçi MMC-dən 25 avqust 2020-ci il tarixli müqavilə üzrə 175604 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 465 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Kreditor1 MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3502/2023 nömrəli icra vərəqəsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3502/2023 nömrəli qətnaməsi əsasında xx.xx.2025-ci il tarixdə icra vərəqəsi verilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin sorğusuna əsasən təqdim olunan icra işinin materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3502/2023 nömrəli icra vərəqəsi əsasında icra məmuru xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul etmiş, xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildirişi imzalayaraq Ərizəçi MMC-yə göndərmiş, xx.xx.2025-ci il tarixdə borclunun Bank "xxxx" ASC və "xxxx" ASC-də olan bank hesablarına həbsin qoyulması haqqında qərar qəbul etmiş, həmin tarixdə qərarı icra edilməsi üçün sonunculara göndərmiş, Bank "xxxx" ASC xx.xx.2025-ci il tarixli məktubla Ərizəçi MMC-nin bank hesabının xx.xx.2022-ci il tarixdə bağlandığını göstərmişdir.
4. Ərizəçi MMC (borc alan qismində) ilə onun təsisçisi Kreditor2 (borc verən qismində) arasında xx.xx.2020-ci il tarixdə bağlanmış təsisçi ilə şirkət arasında 001 saylı borc müqaviləsindən görünür ki, Kreditor2 ******* manat pulu Ərizəçi MMC-yə verməyi, sonuncu isə aldığı borcu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada qaytarmağı öhdəsinə götürür.
5. Ərizəçi MMC (borc alan qismində) ilə onun təsisçisi Kreditor2 (borc verən qismində) arasında xx.xx.2020-ci il tarixdə bağlanmış təsisçi ilə şirkət arasında 002 saylı borc müqaviləsindən görünür ki, Kreditor2 ******* manat pulu Ərizəçi MMC-yə verməyi, sonuncu isə aldığı borcu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada qaytarmağı öhdəsinə götürür.
6. Ərizəçi MMC-nin xx.xx.2023-cü il tarixində başa çatan il üzrə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli müstəqil auditor rəyindən görünür ki, Ərizəçi MMC-nin 2023-cü ilin sonuna cəmi aktivlərinin dəyəri 6 333 562 manat, cəmi öhdəliklərinin dəyəri 6 331 562 manat, cəmi mənfəəti 2022-ci il üzrə 120 217 manat, 2023-cü il üzrə 467 353 manat, xx.xx.2023-cü il tarixə bölüşdürülməmiş mənfəət 467 353 manat olmuşdur.
7. Ərizəçi MMC-nin 2024-cü il üzrə mənfəət vergisinin bəyannaməsindən görünür ki, hesabat dövrünün gəlirləri 490093,24 manat, xərcləri 392074,59 manat, vergitutma məqsədləri üçün mənfəət 98018,65 manat olmuş, hesabat dövrünün sonuna cəmi aktivlərin dəyəri 6844700,2 manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. Ərizəçi (bundan sonra Ərizəçi MMC) müflis elan edilmə və iflas prosesinə başlanılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi MMC-nin müflis elan edilməsi və iflas prosesinə başlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Ərizənin onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC xx.xx.2005-ci ildə dövlət qeydiyyatından keçmiş, ilk dövrlər uğurlu fəaliyyət göstərsə də, sonradan rəqabətə tab gətirməyərək fəaliyyətini uğurlu davam etdirə bilməmişdir. Bu səbəbdən Ərizəçi MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) ilə bağlanmış 25 avqust 2020-ci il tarixli barter müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməmiş və 175604 manat məbləğində pul vəsaitini 2020-ci ildən bu günə qədər ödəyə bilməmişdir. Bununla əlaqədar olaraq, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3502/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi və e-2- 2(113)-3502/2023 nömrəli icra sənədi ilə Ərizəçi MMC-dən 25 avqust 2020-ci il tarixli müqavilə üzrə 175604 manat məbləğində pul vəsaitinin Kreditor1 MMC-yə ödənilməsi tələb olunur. Qeyd edilən borc məbləğinin ödənilməsi ilə əlaqədar hazırda da ərizəçinin hər hansı vəsaiti və ya əmlakı olmadığı üçün sonuncu həmin borc məbləğlərini ödəmək qabiliyyətində deyildir. Ərizəçinin hal-hazırda aktivləri də mövcud deyildir. İflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun təsisçiləri (səlahiyyətli orqanı) xx.xx.2025-ci il tarixdə qərar qəbul etmişdir. Ərizəçiyə "xxxx" MMC-dən başqa digər kreditorların adları (adları, atalarının adları, soyadları) və ünvanları məlum deyildir.
10. Ərizədə hüquqi əsası kimi “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə istinad edilmişdir.
11. Ərizədə Ərizəçi MMC-nin kreditoru kimi "xxxx" MMC göstərilmiş, daha sonra ərizəçi məhkəməyə vəsatət (ərizə) ilə müraciət edərək Kreditor2 da kreditor qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmiş, Kreditor2 kreditor qismində işə cəlb edilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 6528/2025 saylı qətnaməsi ilə Ərizəçi müflis elan edilməsi və iflas prosesinə başlanılması barədə ərizəsi rədd edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, ərizəçinin Kreditor1 MMC qarşısındakı öhdəlikləri üzrə icraya yönəldilən Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli e-2-2(113)-3502/2023 nömrəli qətnaməsi mövcuddur, həmin icra sənədi üzrə müvafiq icra tədbirləri davam etdirilir və icra sənədi üzrə icra hərəkətlərinin yekunlaşması və icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə qayrarılması halları mövcud deyildir. Odur ki ərizəçinin müflis elan edilmə barədə ərizəsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədi daşıdığına dair əsaslı qənaət formalaşdırmaqla, ədalətli məhkəmə araşdırması prinsipinin tərkib hissəsi olan yekun məhkəmə aktının icrasının təmini prinsipi ilə ziddiyyət təşkil edir.
14. Həmçinin ərizəçi onunla (borc alan qismində) təsisçisi Kreditor2 (borc verən qismində) arasında bağlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli borc müqavilələlərinə istinad etsə də, həmin müqavilələrin predmetini təşkil edən borc məbləğlərinin Kreditor2 tərəfindən hüquqi şəxsə verilməsini təsdiq edən sənədi, həmin borcun qaytarılması üçün gördüyü tədbirlər barədə məlumatları və sənədi məhkəməyə təqdim etməmişdir.
15. Digər tərəfdən, ərizəçinin özünün təqdim etdiyi sənədlərdən görünür ki, Ərizəçi MMC-nin 2023-cü ilin sonuna cəmi aktivlərinin dəyəri 6 333 562 manat, cəmi öhdəliklərinin dəyəri 6 331 562 manat, cəmi mənfəəti 2022-ci il üzrə 120217 manat, 2023cü il üzrə 467 353 manat, xx.xx.2023-cü il tarixə bölüşdürülməmiş mənfəət 467 353 manat olmuş, 2024-cü il üzrə hesabat dövrünün gəlirləri 490 093,24 manat, xərcləri 392 074,59 manat, vergitutma məqsədləri üçün mənfəət 98018,65 manat olmuş, hesabat dövrünün sonuna cəmi aktivlərin dəyəri 6 844 700,2 manat təşkil etmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3, 5 və 11-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
17. Həmin qətnamədən ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nədənsə, ərizəçi tərəfindən təqdim edilmiş sənədləri, o cümlədən müstəqil auditor rəyini, 2024-2025-ci illər üzrə vergi bəyannamələrini diqqətindən kənarda qoymuşdur. Qətnamədə, iş materiallarına əlavə olunmuş, yuxarıda qeyd olunan sənədlərə xüsusən son dövrün, yəni 2025-ci il üzrə maliyyə sənədlərinə ümumiyyətlə istinad edilməmişdir. Məsələn, 2025-ci il üzrə vergi bəyannaməsinə əsasən, hüquqi şəxsin cəmi öhdəlikləri 6.388.863,76 manat olmuş və bitməmiş istehsalı 6.407.029,87 manat təşkil etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi, işdə olan sənədləri tam tədqiq etmədən, iş materiallarında olan sənədlərdən yalnız əvvəlki tarixlərdə tərtib edilmiş sənədlərə istinad etməklə kifayətlənərək, iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə qətnamədə (19-cu bənd) yalnız təqdim edilmiş Ərizəçi MMC-nin 2023-cü ilin sonuna olan göstəricilərini sadalamış, tərəflərindən iş materiallarına əlavə edilmiş hüquqi şəxsin 2024 və 2025-ci il üzrə maliyyə sənədlərinə heç bir əhəmiyyət verməmiş, iş üzrə maliyyə sənədlərinin yoxlanılması üçün mütəxəssis cəlb etmədən, tam və hərtərəfli araşdırma aparmamışdır. Bu sahədə xüsusi biliklərə malik olmayan hakim, təqdim edilmiş 2025-ci il üzrə maliyyə sənədlərinə əsasən, cəmi öhdəlikləri 6.388.863,76 manat olan və bitməmiş istehsalı 6.407.029,87 manat təşkil edən hüquqi şəxsi səhvən ödəmə qabiliyyətli hesab etmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
20. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının çoxluğu və üst-üstə düşməsi səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyindən, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 59.5-ci maddəsinə əsasən əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. - 63-cü maddəsinə əsasən əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.
23. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun:
- 2-ci maddəsinə əsasən kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 (on) faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. - 3-cü maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. - 5.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd. - 5.2-ci maddəsinə əsasən borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları. - 11.1-ci maddəsinə əsasən iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə müvafiq qərar çıxarır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
- 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının həddi
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6528/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, Mülki Məcəllənin 59.5-ci, 63-cü maddələrinin, o cümlədən “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci, 3-cü, 5-ci və 11.1-ci maddələrinin tələblərindən göründüyü kimi, borclunun ödəmə qabiliyyətinin olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş sübutların (kreditorlarının və debitorlarının siyahısı, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları və s.) təqdim edilməsi və araşdırılması tələb olunur.
29. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ərizəçi kreditoru barədə məhkəməyə məlumat versə də, debitor borcları barədə siyahını, onların alınması üçün gördüyü tədbirləri, aktivləri, digər gəlirləri haqqında məlumatları və sənədləri məhkəməyə təqdim etməmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, borclunun hansı halda ödəmə qabiliyyətinin olmaması qanunvericiliklə konkret olaraq tənzimlənmiş, borclunun kreditorlar qarşısında öhdəliklərinin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi onun ödəmə qabiliyyətinin olmayan sayılmasına əsas təşkil edən hallardan biri kimi nəzərdə tutulmuşdur.
31. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2-2(113)-3502/2023 nömrəli qətnaməsinə əsasən, cavabdeh Ərizəçi MMCdən 25 avqust 2020-ci il tarixli müqavilə üzrə 175604 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 465 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Kreditor1 MMCyə ödənilməsi qət edilmiş, qətnamə əsasında xx.xx.2025-ci il tarixdə icra vərəqəsi verilmiş, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul etmiş, xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş imzalanaraq Ərizəçi MMC-yə göndərilmiş, xx.xx.2025-ci il tarixdə borclunun Bank "xxxx" ASC və "xxxx" ASC-də olan bank hesablarına həbsin qoyulması haqqında qərar qəbul edilmiş, həmin tarixdə qərar icra edilməsi üçün sonunculara göndərilmiş, Bank "xxxx" ASC xx.xx.2025-ci il tarixli məktubla Ərizəçi MMC-nin bank hesabının xx.xx.2022-ci il tarixdə bağlandığını göstərmişdir.
32. Göründüyü kimi, qeyd olunan icra sənədi üzrə müvafiq icra tədbirləri davam etdirilir və icra sənədi üzrə icra hərəkətlərinin yekunlaşması və icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə qaytarılması halları mövcud deyildir.
33. Cavabdeh apellyasiya şikayətində 2024 və 2025-ci illər üzrə vergi bəyannamələrinə qiymət verilməməsini qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamədə ərizəçinin təqdim etdiyi sənədlərə istinad edərək müəyyən etmişdir ki, Ərizəçi MMC-nin 2023-cü ilin sonuna cəmi aktivlərinin dəyəri ******* manat, cəmi öhdəliklərinin dəyəri ******* manat, cəmi mənfəəti 2022-ci il üzrə 120217 manat, 2023-cü il üzrə 467353 manat, xx.xx.2023-cü il tarixə bölüşdürülməmiş mənfəət 467353 manat olmuş, 2024-cü il üzrə hesabat dövrünün gəlirləri 490093,24 manat, xərcləri 392074,59 manat, vergitutma məqsədləri üçün mənfəət 98018,65 manat olmuş, hesabat dövrünün sonuna cəmi aktivlərin dəyəri 6844700,2 manat təşkil etmişdir.
34. Göründüyü kimi, 2024-cü ilin vergi bəyannaməsinin göstəriciləri qətnamədə öz əksini tapmışdır. Bundan başqa, 2025-ci ilin vergi bəyannaməsi üzrə Ərizəçi MMC-nin hesabat dövrünün əvvəlinə cəmi aktivlərin dəyəri 6844700,2 manat, hesabat dövrünün sonuna 6934651,2 manat, dövr ərzində 89951 manat, cəmi öhdəliklərinin dəyəri 6388863,76 manat, hesabat dövrünün xalis mənfəəti 545767,44 manat təşkil etmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, kreditor borclarının ödənilməsi üçün kifayət qədər aktivlərinin olmaması ilə bağlı ərizəçi məhkəməyə bu halı təsdiq edən sübutlar təqdim etməmişdir. Təqdim edilmiş sübutlar ərizəçinin aktivlərinin olmasını, hesabat dövrlərini mənfəətlə başa vurmasını təsdiq edir.
36. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin “maliyyə sənədlərinin yoxlanılması üçün mütəxəssis cəlb edilməməsi” barədə dəlillərini də əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan rəsmi maliyyə sənədlərində hesablamalar aydın şəkildə ifadə olunduğundan və ziddiyyət müəyyən olunmadığından, məhkəmə mütəxəssisi cəlb etmədən və ya ekspertiza təyin etmədən də bu sənədlərə hüquqi qiymət verə bilər. Odur ki, mütəxəssis cəlb edilməsi üçün hər hansı bir əsas mövcud deyil.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin müflis elan olunması üçün əsaslar yoxdur və birinci instansiya məhkəməsi də düzgün olaraq ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir.
38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4811/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6528/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.