Məhkəmə qərarları › İş №2-2(103)-106/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-106/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-106/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4349/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları

1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2012-ci il tarixli 03-LA/12 nömrəli, 30 may 2012-ci il tarixli 21-LA/12 nömrəli və 27 noyabr 2012-ci il tarixli 42-LA/12 nömrəli lizinq müqavilələri imzalanmışdır.

2. xx.xx.2012-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən dəyəri 441.630 manat olan bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən 300 k/kal gücündə 15 ədəd istixana qızdırıcı avadanlıqlarını dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonar lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinədək lizinqə verir.

3. xx.xx.2012-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən qiyməti 448.700 manat olan bu müqavilənin təkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən təsnifata uyğun 60 ha sahədə 1 komplekt damcılı suvarma sistemləri üçün avadanlıqları quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə verir.

4. xx.xx.2022-ci il müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi dəyəri 2.399.000 manat olan 2 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarının dəyərini lizinq ödəniş qrafikində göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə verir.

5. xx.xx.2024-cü il tarixli maliyyə arayışında lizinq alan tərəfindən xx.xx.2012-ci il tarixli müqavilə üzrə 397.430 manat məbləğdən 191.600 manat ödənildikdən sonra əsas borc üzrə 205.830 manat, cərimə borcu üzrə 182.954,70 manat borcunun qaldığı qeyd olunmuşdur.

6. xx.xx.2024-cü il tarixli maliyyə arayışında lizinq alan tərəfindən xx.xx.2012-ci il tarixli müqavilə üzrə 403.830 manat məbləğdən 185.900 manat ödənildikdən sonra əsas borc üzrə 217.930 manat, cərimə borcu üzrə 202.718,70 manat borcunun qaldığı qeyd olunmuşdur.

7. xx.xx.2024-cü il tarixli maliyyə arayışında lizinq alan tərəfindən xx.xx.2022-ci il müqavilə üzrə 2.299.000 manat məbləğdən 1.044.000 manat ödənildikdən sonra əsas borc üzrə 1.255.000 manat, cərimə borcu üzrə 1.239.750 manat borcunun qaldığı qeyd olunmuşdur.

8. Hesabdan çıxarışdan görünür ki, cavabdehin xx.xx.2012-ci il tarixli müqavilə üzrə 205.830 manat, xx.xx.2012-ci il tarixli müqavilə üzrə 217.930 manat, xx.xx.2022ci il müqavilə üzrə 1.255.000 manat ödənilməmiş borcu qalmışdır.

9. 02.05.2024-cü il tarixli "xxxx" ASC-nin Cavabdeh ünvanladığı pretenziya məktubuna əsasən, 1678760,00 manat yerinə yetirilməmiş borc öhdəliyinin qaldığı, tez bir zamanda ödənilməsi bildirilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı ASC Cavabdeh qarşı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli müqavilə üzrə 205.830 manat əsas borcun, 182.954,70 manat cərimənin, xx.xx.2012-ci il tarixli müqavilə üzrə 217.930 manat əsas borcun, 202.718,70 manat cərimənin, xx.xx.2022-ci il müqavilə üzrə 1.255.000 manat əsas borcun, 1.239.750 manat cərimənin və 2.442,09 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdehin nümayəndəsi vəkili Vəkil tərəfindən ərizə ünvanlanaraq iddia müddətinin tətbiq edilməsi, iddianın rədd olunması xahiş edilmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4349/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 205.830 (iki yüz beş min səkkiz yüz otuz) manat, cərimə borcu üzrə 10.000 (on min) manat olmaqla, cəmi 215.830 (iki yüz on beş min səkkiz yüz otuz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 217.930 (iki yüz on yeddi min doqquz yüz otuz) manat, cərimə borcu üzrə 13.000 (on üç min) manat olmaqla, cəmi 230.930 (iki yüz otuz min doqquz yüz otuz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, xx.xx.2022-ci il müqaviləyə əsasən əsas borc üzrə 1.255.000 (bir milyon iki yüz əlli beş min) manat, cərimə borcu üzrə 60.000 (altmış min) manat olmaqla, cəmi 1.315.000 (bir milyon üç yüz on beş min) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 1.670 (bir min altı yüz yetmiş) manat, 88 (səksən səkkiz) qəpik məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4349/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ASC cavabdehdən 1 678 760 manat əsas borc tələb etsə də, bu borcun hansı müqavilə üzrə yarandığını təfərrüatlı şəkildə göstərməmiş, burada natamamlığa yol vermişdir. Yəni, iddiaçının sələfi olmuş "xxxx" ASC ilə Cavabdeh arasında 06 fevral, 30 may və 27 noyabr 2012-ci il tarixlərdə üç müxtəlif müqavilə bağlansa da, bu borcun hansı müqavilə üzrə yarandığı dəqiqləşdirilməmiş, hansı müqavilə üzrə hansı məbləğdə ödənişlərin edildiyi və müqavilələr üzrə qalıq borc aydınlaşdırılmamışdır. Bundan əlavə, məbləğin ümumi halda tələb edilməsi, ötürülmüş iddia müddətinin pərdələnməsi deməkdir. Deməli, iddiaçı ASC-nin məbləği ümumi göstərməkdə əsl məqsədi müqavilələr üzrə iddia müddətini ötürsə belə, məhkəmənin fikrini bundan yayındırmaqdır. Halbuki, iş materiallarında olan və cavabdeh tərəfindən təqdim edilmiş dəlillərlə iddia müddətinin ötürüldüyü aşkar görünür. Belə ki, 06 fevral 2012-ci il tarixli istixana qızdırıcılarının lizinqə verilməsinə dair müqavilə üzrə ilkin olaraq 44 200 manat, bundan sonra müqavilə üzrə 235 800 manat ödəniş edilmiş, 205 830 manat isə ödənilməmiş qalmışdır. Bu müqavilə üzrə son ödəniş 23 sentyabr 2016-cı il tarixdə icra edilmişdir. Göründüyü kimi iddiaçı tərəf 23 sentyabr 2016-cı il tarixdən etibarən hüquqlarının pozulduğunu bilsə də, bunun bərpası üçün hər hansı bir əməli hərəkət etməmiş, 12 iyul 2024-cü il tarixdə məhkəməyə müraciət edərkən Mülki Məcəllə ilə təsbit edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Digər, yəni 30 may 2012-ci il tarixli damcılı suvarma avadanlığının lizinqə verilməsinə dair müqavilə üzrə ilkin olaraq 448700 manat, bundan sonra müqavilə üzrə 230 770 manat ödəniş edilmiş, 217 930 manat isə ödənilməmiş qalmışdır. Bu müqavilə üzrə son ödəniş 27 iyul 2020-ci il tarixdə icra edilmişdir. Göründüyü kimi iddiaçı tərəf 27 iyul 2020-ci il tarixdən etibarən hüquqlarının pozulduğunu bilsə də, bunun bərpası üçün hər hansı bir əməli hərəkət etməmiş, 12 iyul 2024-cü il tarixdə məhkəməyə müraciət edərkən Mülki Məcəllə ilə təsbit edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Bundan əlavə, 27 noyabr 2012-ci il tarixli kompleks istixana avadanlığının lizinqə verilməsinə dair müqavilə üzrə ilkin olaraq 100 000 manat, bundan sonra müqavilə üzrə 1 144 000 manat ödəniş edilmiş, 1 255 000 manat isə ödənilməmiş qalmışdır. Bu müqavilə üzrə son ödəniş 03 mart 2020-ci il tarixdə icra edilmişdir. Göründüyü kimi iddiaçı tərəf 03 mart 2020-ci il tarixdən etibarən hüquqlarının pozulduğunu bilsə də, bunun bərpası üçün hər hansı bir əməli hərəkət etməmiş, 12 iyul 2024-cü il tarixdə məhkəməyə müraciət edərkən Mülki Məcəllə ilə təsbit edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Həmçinin, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli, 413 Fərmanının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra Cəmiyyət) sərəncamındakı əmlakın beynəlxalq nüfuzlu auditor təşkilatı cəlb edilməklə, qiymətləndirilməsini təşkil etməli və qiymətləndirmənin nəticəsinə əsasən Cəmiyyətin yeni balansı barədə məlumatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etməlidir. Qeyd edilməlidir ki, fərmanın mahiyyətinə görə lizinqə götürülmüş əmlakların bugünki real bazar qiymətləri ilə qiymətləndirilməsi aparılmalı və ona uyğun yeni ödəniş cədvəli müəyyən edilməli idi. Lakin, iddiaçı tərəf Prezidentin məlum Fərmanının şərtlərini pozaraq, birtərəfli qaydada hüquqlarından sui-istifadə edərək, qeyri-real, absurd, şişirdilmiş məbləğlə məhkəməyə müraciət etmişdir. Bununla da, qeyd olunur ki, məhkəmə tərəfindən iddia müddətinin ötürülməsinə düzgün qiymət verilməməklə, yanaşı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli, 413 Fərmanının mahiyyətinə görə lizinqə götürülmüş əmlakların bugünki real bazar qiymətləri ilə qiymətləndirilməsi aparılmamış, bu səbəbdən də gəlinmiş nəticə düzgün olmamışdır. Nəzərə alınmalıdır ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 368-ci maddəsi). Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlasa da, Bakı Kommersiya Məhkəməsi bu hala lazımınca diqqət yetirməmiş, hətta, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il Qərarında sərgilənmiş hüquqi mövqeyə və məhkəmə təcrübəsinə zidd qətnamə qəbul etmişdir. İddiaçının sələfi olmuş "xxxx" ASC ilə Cavabdeh arasında 06 fevral, 30 may və 27 noyabr 2012-ci il tarixlərdə müqavilə münasibətləri yaranmış, habelə sonuncunun müvafiq olaraq 23 sentyabr 2016-cı il tarixdən, 27 iyul 2020-ci il tarixdən və 03 mart 2020-ci il tarixdən etibarən lizinq müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməməsi səbəbindən iddiaçının qanunla qorunan maraq və mənafeləri pozulmuş və həmin gündən müqavilə tələbi üzrə üç illik iddia müddətinin axımı başlanmışdır. Bundan əlavə, cavabdeh həmin müddətlərdən sonra da iddiaçıya olan qalıq borcun ödənilməsi istiqamətində tədbirlər görməmişdir. Göründüyü kimi məhkəmə hazırkı qətnaməni qəbul edərkən sübutların mötəbərliyi prinsipini pozaraq, onları düzgün qiymətləndirməmiş, nəticədə cavabdehin mənafeyinə uyğun olmayan qətnamə çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

17. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş,gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

19. Həmin Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

20. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

21. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

22. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

23. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır

24. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

25. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

26. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2012-ci il tarixli 03-LA/12 nömrəli, 30 may 2012-ci il tarixli 21-LA/12 nömrəli və 27 noyabr 2012-ci il tarixli 42-LA/12 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilələrin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 3 289 330,00 (üç milyon iki yüz səksən doqquz min üç yüz otuz) manat olan birinci müqavilə üzrə dəyəri 441 630,00 (dörd yüz qırx bir min altı yüz otuz) manat olan 300k/kal gücündə 15 ədəd istixana qızdırıcı avadanlıqlarını, ikinci müqavilə üzrə dəyəri 448 700,00 (dörd yüz qırx səkkiz min yeddi yüz) manat olan 60 ha sahədə 1 komplekt damcılı suvarma sistemləri üçün avadanlıqları və üçüncü müqavilə üzrə dəyəri 2 399 000,00 (iki milyon üç yüz doxsan doqquz min) manat olan 2 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarını lizinqə götürmüşdür. Cavabdeh texnoloji avadanlıqların dəyərindən 189 070,00 (bir yüz səksən doquz min yetmiş) manat məbləğdə ilkin ödəniş aparmış, qalan 3 100 260,00 (üç milyon bir yüz min iki yüz altmış) manat məbləği isə lizinq ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir.

35. Məhkəmə cavabdehlə bağlanmış 06 fevral 2012-ci il tarixli 03- LA/12 nömrəli, 30 may 2012-ci il tarixli 21-LA/12 nömrəli və 27 noyabr 2012-ci il tarixli 42- LA/12 nömrəli lizinq müqavilələrinin müddətləri, ilk iki müqavilə üzrə 2021-ci ilin 4-cü rübündə, üçüncü müqavilə üzrə isə 2022-ci ilin 3-cü rübünədə bitdiyindən həmin müqavilələr üzrə iddia müddətlərinin axımı həmin tarixlərdən başladığını, iddiaçı tərəfin isə, hazırkı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş olduğundan sonuncunun iddia müddətini ötürmüş olmasının mümkün olmadığını qeyd etmişdir.

36. Məhkəmə kollegiyası işin obyektiv, hərtərəfli araşdırılmasını təmin etmək məqsədi ilə cavbdehin nümayəndəsi vəkili Vəkil vəsatətini təmin edərək iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir.

37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2024-cü il tarixli 9/402 nömrəli ekspert rəyinə əsasən, 06 fevral 2012-ci il tarixli, 03-LA/12 nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə (sualda qeyd edilən tarixə) əsas borc 330.830,00 manat. (441.630 əsas məbləğ - 44.200,00 ilkin,ödəniş - 66.600,00 manat ödənişlərə dair şəxsi hesabdan çıxarış), 30 may 2012-ci il tarixli, 21-LA/12 nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (maliyyə arayışı tarixinə)əsas borc 205.830,00 manat. (441.630 əsas məbləğ - 44.200,00 ilkin ödəniş - 191.600,00 manat ödənişlərə dair şəxsi hesabdan çıxarış), cərimə 182.954,70 manat; 27 noyabr 2012-ci il tarixli, 42-LA/12 nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə (sualda qeyd edilən tarixə) əsas borc 1.259.000,00 manat. (2.399.000,00 əsas məbləğ -100.000,00 ilkin ödəniş - 1.040.000,00 manat ödənişlərə dair şəxsi hesabdan çıxarış),xx.xx.2024-cü il tarixə (maliyyə arayışı tarixinə) əsas borc 1.255.000,00 manat. (2.399.000,00 əsas məbləğ -100.000,00 ilkin ödəniş -1.044.000,00 manat ödənişlərə dair şəxsi hesabdan çıxarış), cərimə 1.239,75,00 manat təşkil edir.

38. Apellyator apellyasiya şikayətinin dəlillərində müqavilələr üzrə iddia müddətinin keçməsini əsas gətirərək iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.

39. Məhəkəmə kollegiyası iddia müddəti ilə bağlı qeyd edir ki,iş materiallarına əlavə edilmiş , 06 fevral 2012-ci il tarixli 03- LA/12 nömrəli, 30 may 2012-ci il tarixli 21- LA/12 nömrəli və 27 noyabr 2012-ci il tarixli 42-LA/12 nömrəli lizinq müqavilələrindən görünür ki, lizinq müqavilələri 10 il müddətinə bağlanmış, müqavilələrin 10.1.1-ci bəndinə əsasən müqavilə müddətində bütün şərtlərə əməl olunmaqla onun müddəti qurtardıqda, müqavilədə nəzərdə tutulan digər hallarda müqavilə qüvvədən düşmüş hesab olunur.

40. Göründüyü kimi, xx.xx.2012-ci il tarixli lizinq müqaviləsi xx.xx.2022-ci il tarixədək, xx.xx.2012-ci il tarixli lizinq müqaviləsi xx.xx.2022-ci il tarixədək, xx.xx.2012-ci il tarixli lizinq müqaviləsi xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş, qeyd olunan tarixlərdən 3 il müddətində, yəni xx.xx.2024-cü il tarixdə hazırki iddia tələbi ilə lizinq verən məhkəməyə müraciət edərək iddia müddətini ötürməmişdir.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərarına əsasən, AR MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Konstitusiya Məhkəməsinin Plenumu MM-in 384.0.4-cü maddəsi ilə bağlı qeyd edir ki, bu maddədə iddia müddətinin şamil edilmədiyi hallar müəyyən edilmişdir.

42. Kollegiya lizinqə götürülmüş əmlakların bugünki real bazar qiymətləri ilə qiymətləndirilməsi və ona uyğun yeni ödəniş cədvəli müəyyən edilməsi dəlilinə münasibətdə qeyd edir ki, İddiaçı ASC-e ilə Cavabdeh arasında mübahisələndirilən lizinq müqavilələri şərtləri qarşılqılı razılaşdırılaraq imzalanmış və möhürlə təsdiq edilmişdir. Lizinq müqavilələri tərəflərindən mübahisələndirilməmiş və lizin alan tərəfindən ödəniş qrafikinə əsasən müəyyən ödənişlər həyata keçirilmişdir.

43. “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli, 413 Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur). 2-ci bəndinə əsasən, Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər kənd təsərrüfatı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların) ticarəti ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin həyata keçirdikləri satışlara (lizinq və ya kredit yolu ilə) şamil edilsin. 2-1-ci bəndinə əsasən, Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq verilən dövlət zəmanəti və faiz subsidiyası 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil edilir. 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) sərəncamındakı əmlakın beynəlxalq nüfuzlu auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etsin və qiymətləndirmənin nəticəsinə əsasən, Cəmiyyətin yeni balansı barədə məlumatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etməsi nəzərdə tutulmuşdur.

44. Məhkəmə kollegiyası qeyd edir ki, subyekt, predmet və zaman baxımından fərqli münasibətləri tənzimlədiyindən sözügedən qaydalar üçün nəzərdə tutulmuş siyahının (və həmin siyahıda istifadə edilmiş klassifikasiya meyarlarının) 2012-ci ildə lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn mübahisəli hüquq münasibətlərinə şamil edilməsi üçün əsaslar mövcud deyildir.

45. Eyni zamanda kollegiya qeyd edir ki, hesab etsək ki, qeyd olunan lizinq müqavilələri fərmanın təsir dairəsinə düşür, belə olduğu halda lizinq alan tərəfindən lizinq verənə əmkların yenidən qiymətləndirilməsi, yeni ödəniş qrafikinin tərtib olunması ilə bağlı hər hansı müraciət olunmamış, əksinə mövcud olan ödəniş qrafikə əsasən ödənişlər həyata keçirilmişdir.

46. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

47. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4349/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorların ödədiyi dövlət rüsumu özlərinə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar