Məhkəmə qərarları › İş №2-2(103)-1061/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1061/2021

20.12.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1061/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, ərizəçi İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə kreditorlar "xxxx" ASC, "xxxx" KB ASC və Cavabdeh3 cəlb olunmaqla, müflis elan edilmə və iflas prosesinə başlanma tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2685/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsindən ərizəçinin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək (kreditorlar "xxxx" ASC, "xxxx" KB ASC və Cavabdeh3), onun müflis elan edilməsi və iflas prosesinə başlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.07.2021-ci il tarixli qətnaməsi iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan ərizəçi ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, ərizəçi 25.11.2004-cü ildən etibarən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Fəaliyyət istiqaməti əsasən restoran və geyim əşyalarının alqı-satqısından ibarət olmuşdur. Fəaliyyəti dövründə ərizəçi dəfələrlə müxtəlif banklardan külli miqdarda biznes kreditləri götürmüş və vaxtı-vaxtında da geri qaytarmışdır. Lakin, manatın devalvasiyasından, yəni 2015-ci ildən sonra ərizəçinin maddi durumu pisləşmiş, ABŞ dolları ilə banklardan götürdüyü kreditləri ödəyə bilməmiş, nəticədə borcları yığılmağa başlamışdır. Hazırda artıq qanuni qüvvəyə minmiş Nəsimi Rayon Məhkəməsinin 13.12.2017-ci il tarixli qətnaməsinə əsasən ərizəçinin "xxxx" ASC-yə 7.542,69 ABŞ dolları və 20 manat, Ali Məhkəmənin 2(102)450 nömrəli 18.01.2019-cu il tarixli qərarına əsasən "xxxx" KB ASC-yə 4.275,12 ABŞ dolları, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4344/2020 nömrəli 03.06.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh3 adlı şəxsə 15.074,14 manat borcu vardır. Ərizəçinin mülkiyyətində Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65a nömrəli evin 13/14 nömrəli mənzili olsa da, həmin mənzil "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin mənzilin hərracda ilkin satış dəyəri məhkəmələr tərəfindən 351.000 manata dəyərləndirilsə də, hələ qanuni qüvvəyə minməmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1903/2021 nömrəli 19.04.2021-ci il tarixli qətnaməsi ilə borcun məbləği 159.281,02 ABŞ dolları müəyyən edilmişdir. Ərizəçi artıq bir neçə ildir ki, mövcud borclarını ödəmək iqtidarında deyil. Birinci instansiya məhkəməsi ərizəni o əsaslarla rədd etmişdir ki, ərizəçi tərəfindən ərizədə qeyd olunan borcların ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq edən sübutlar, o cümlədən müflis elan edilmə barədə ərizənin verildiyi tarixə fərdi borclunun maliyyə balansı ilə bağlı məlumat məhkəməyə təqdim edilməmişdir. Bu əsasla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi özü bütün qurumlara ərizəçinin əmlakları və maliyyə vəziyyətini aydınlaşdırmaq üçün sorğular göndərmiş və sorğuların cavablarının daxil olmasını gözləmədən işi yekunlaşdırmışdır. Halbuki, Dövlət Vergi Xidməti və DƏDRX-in sorğulara cavabları qətnamə qəbul ediləndən sonra daxil olmuşdur. Borclunun ödənilməsi üçün kifayət qədər aktivlərinin olmamasını iddia etdiyi ən yüksək məbləğli pul öhdəliyi "xxxx" KB ASC-yə olan 159.281,02 ABŞ dolları məbləğdə borcudur ki, həmin borcun təminatı olaraq borcluya məxsus mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin borcun tutulmasına dair mülki mübahisə üzrə qəbul edilmiş son məhkəmə aktı ilə ipoteka predmetinin ilkin satış qiyməti 351.000 manat məbləğdə müəyyən edilmişdir. Göstərilən hallar isə özü-özlüyündə borclunun həmin borcun təmin edəcək aktivlərinin olmaması barədə dəlillərinin əsassız olmasına dəlalət edir. Birinci instansiya məhkəməsi qanuni qüvvəyə minməmiş məhkəmə qərarına istinad etmişdir. Halbuki, həmin işə baxılana qədər iş üzrə icraatın dayandırılması barədə vəsatət verilsə də, məhkəmə vəsatəti rədd etmişdir. Ərizəçi müflis elan edilməsi üçün əsas kimi istinad etdiyi pul öhdəliklərinin hər hansı birinin onun sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmasını sübuta yetirə bilməmişdir. Əksinə, iş materiallarından görünür ki, həmin borcların tutulması ilə bağlı kreditorların qaldırdığı iddia tələblərinə kommersiya mübahisələrinə baxmalı olan kommersiya məhkəmələri tərəfindən deyil, ümumi məhkəmələr tərəfindən baxılmışdır. Göründüyü kimi, hazırkı ərizədə fərdi borclunun müflis elan edilməsi üçün əsas kimi istinad etdiyi borclar fərdi borclunun həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmamaqla, şəxsi xarakterli tələbatları ilə bağlı yaranmışdır. Fiziki şəxsin şəxsi xarakterli borclarını ödəmək qabiliyyətinin olmaması isə onun fərdi sahibkar kimi müflis elan edilməsi üçün əsas vermir. “Müflisləşmə və iflas haqqında” Qanunda belə bir hal nəzərdə tutulmamışdır. İşə apellyasiya qaydasında baxılarkən ərizəçinin vəkili və nümayəndəsi şikayəti müdafiə edərək, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, ərizəçi müflis elan edilmə barədə ərizəsini "xxxx" ASC-yə 7.542,69 ABŞ dolları, Cavabdeh3 15.074,14 manat, "xxxx" KB ASC-yə 4.275,12 ABŞ dolları və 159.281,02 ABŞ dolları məbləğdə borclarının olması, lakin həmin borcların ödənilməsini təmin edəcək aktivlərinin, o cümlədən əmlakının olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası əvvəlcə qeyd edir ki, ərizəçi tərəfindən ərizədə qeyd olunan borcların ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq edən sübutlar təqdim edilməmişdir. İkincisi, işdən görünür ki, ərizəçinin ödənilməsi üçün kifayət qədər aktivlərinin olmamasını iddia etdiyi ən yüksək məbləğli pul öhdəliyi "xxxx" KB ASC-yə olan 159.281,02 ABŞ dolları məbləğində borcudur ki, həmin borcun təminatı olaraq borcluya məxsus mənzil ipoteka ilə yüklü edilmişdir. Lakin eyni borcun tutulmasına dair mülki mübahisə üzrə qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəyə minməsə də, həmin sənədlərdən ilkin olaraq o nəticə hasil olur ki, ipoteka predmetinin ilkin satış qiyməti 350.000 manat ətrafındadır. Göstərilən hallar isə ərizəçinin həmin borcu təmin edəcək aktivlərinin olmaması barədə dəlillərinin əsassız olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 63.1-ci maddəsinə əsasən, əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. “Müflisləşmə və iflas haqqında” AR Qanununun: Maddə 1. Müflisləşmə - borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması; Ərizəçi - məhkəməyə iflas haqqında ərizə (iddia ərizəsi) vermiş şəxs; Maddə 3. Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir; Maddə 11. 1. İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə;

3. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, ərizəçinin borcunun olması barədə məhkəmə qətnamələri icraya yönəldilmiş, lakin qətnamə ilə tutulan borclar üzrə kreditorlara ödəniş edilməmişdir. İş materiallarında həmin qətnamələr üzrə icra hərəkətlərinin yekunlaşması və icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə qaytarılması barədə sübutlar mövcud deyil. Eyni zamanda, işdəki sənədlərdən görünür ki, həmin qətnamələrin icra olunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi, o cümlədən icra şöbəsinin müvafiq qərarı ilə ərizəçinin axtarışının həyata keçirilməsi davam edir. Odur ki, iddiaçının müflis elan edilmə barədə ərizəsi qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin icrasından yayınmaq məqsədi daşıdığına dair əsaslı qənaət formalaşdırmaqla, ədalətli məhkəmə araşdırması prinsipinin tərkib hissəsi olan yekun məhkəmə aktının icrasının təmini prinsipi ilə ziddiyyət təşkil edir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsinin sorğuların cavablarının daxil olmasını gözləmədən işi yekunlaşdırması, ərizəçi tərəfindən ərizədə qeyd olunan borcların ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq edən sübutları təqdim edilməsi demək deyil. Birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş məhkəmə qərarına istinad etməsi isə qətnamənin ləğv, iddianın isə təmin edilməsinə əsas təşkil etmir. Həmin məhkəmənin sözügedən işə baxılana qədər iş üzrə icraatın dayandırılması barədə vəsatəti rədd etməsi də işlər arasında hər hansı bağlılıq və asılılığın mövcud olmaması səbəbindən, doğru olmuşdur. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2685/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ərizəçi İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar