Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1063/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, keyfiyyət qarantiyası, sübutetmə, mütəxəssis rəyinin mötəbərliyi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X6, Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “avtomobilin sürətlər qutusunda yaranmış nasazlığın cavabdehin hesabına dərhal təmir olunaraq təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə görə, satıcı 1 ədəd yeni, boz metalik rəngli “Nissan Sunny” markalı avtomobili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, müqavilədə və qarantiya sazişində nəzərdə tutulmuş istisnalar nəzərə alınmaqla, satılmış avtomobilə hansı halın daha tez baş verməsindən asılı olaraq 5 il və ya 155 000 km qarantiya verilmişdir.
2. Alıcı və satıcı arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Qarantiya və servis xidmətləri barədə müqavilə”nin predmetini alıcıya satılmış “Nissan Sunny” markalı, 871001 nömrəli şassı, mühərrik HR16-847902V olan avtomobilini keyfiyyətinin müqavilə şərtlərinə uyğun olması, Satıcı tərəfindən verilən qarantiya və avtomobilə təminatlı texniki xidmətin göstərilməsi şərtlərini müəyyən edilməsi təşkil etmiş, müqavilənin 2.1-ci bəndinə əsasən, rəsmi distribüterin və ya istehsalçı zavodun təqsiri ucbatından sıradan çıxmış detalın ödənişsiz olaraq təmir edilməsinə və ya dəyişdirilməsinə qarantiya verilmişdir.
3. Müqavilənin 3.1-ci bəndinə əsasən, yeni avtomobilin ümumi qarantiya müddəti, müqavilənin müvafiq bəndlərində nəzərdə tutulmuş istisnalar nəzərə alınmaq şərti ilə, avtomobil alıcıya faktiki təhvil verildiyi gündən etibarən, hansı faktın tez baş verməsindən asılı olaraq 60 təqvim ayı və ya 155 000 km (son 24 təqvim ayı və son 55 000 km yalnız avtomobilin mühərrikinə şamil edilir) müəyyən olunmuşdur.
4. Müqavilənin 3.3-cü bəndinə görə, avtomobilin sürətlər qutusuna və elektronikasına 3 il və ya 100 000 km qarantiya müddəti müəyyən edilmişdir.
5. Müqavilənin 4-cü bəndinə əsasən, sürücünün avtomobil istismar etmə qaydasından və avtomobilin saxlanılma şəraitindən asılı olan yeyilməyə, aşınmaya, kənar təsirlərə məruz qalan hissələrə; daş-çınqıl zədəsi, kimyəvi zədələr, ağacın avtomobilin üzərinə aşması, duzlar, dolu, tufan, ildırım və digər təbiət hadisələri səbəbindən baş vermiş zədələr və çatışmazlıqlara qarantiya verilmir.
6. Müqavilənin 7.1-ci bəndinə əsasən, avtomobilin, istehsalçının xətaları ilə bağlı texniki qüsur və nasazlıqlarla əlaqədar olmayan qəzalar zamanı zədələnməsi halında avtomobil sahibinin qarantiya hüquqlarına müddət bitənədək xitam verilir.
7. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə 1 Saylı Əlavədə “Nissan” Servis üzrə modellərə görə “Dövrü Təmir Cədvəli” qeyd edilmişdir.
8. Sahil adlı usta tərəfindən xx.xx.2025-ci il tarixli verilmiş texniki rəydə göstərilmişdir ki, alışdırma şamlarının dəyişdirilməsi və qeyri-müntəzəm sürmə halları avtomobilin sürətlər qutusunda qeyd olunan nasazlığa səbəb olmamışdır.
9. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 01/02- 728Fİ nömrəli qiymətləndirici rəyində göstərilmişdir ki, “Nissan Sunny” markalı ** YL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürətlər qutusunun sıradan çıxması istehsalçı qüsuru kimi ehtimal edilir. Belə ki, sürətlər qutusunda baş vermiş nasazlığın alışdırma şamlarının yenilənməsi ilə bağlı olması texniki cəhətdən əsassızdır, çünki bu detallarla transmissiya sistemi arasında nə funksional, nə də struktur əlaqə mövcuddur. Məlum sıradan çıxma hallarının səbəbi kimi, qutu daxilindəki idarəetmə mexanizmlərinin konstruksiya və komponent baxımından zəifliyi, yaxud yığım zamanı buraxılmış texnoloji səhvlər əsas götürülə bilər. Avtomobilin idarə olunması zamanı yaranan qeyri-düzgün istismar hallarının isə bu cür ciddi daxili mexaniki pozuntulara birbaşa səbəb olması texniki arqumentlərlə təsdiqlənmir”.
10. "xxxx" MMC tərəfindən verilmiş rəydə göstərilmişdir ki, “avtomobilə baxış keçirilən zaman sürətlər qutusunun karterində olan yağ içərisində su dənəcikləri olduğu (su dənəcikləri ağ nöqtə kimi özünü göstərir) və sürətlər qutusunun elektromaqnit klapanlar korpusunun üzərində də pas ləkələri aşkarlanmışdır. Bu o deməkdir ki, avtomobilin sürətlər qutusunun daxilinə su daxil olmuş və yağa qarışmışdır. Sürətlər qutusuna baxış keçirildikdə, təxmin olunur ki, avtomobil sudan keçmiş və bunun nəticəsində sürətlər qutusuna su daxil olmuşdur. Suyun yağa qarışması sürətlər qutusunda yağlanma prosesinin düzgün getməməsi ilə nəticələnmişdir və bu da daxili detalların qızmasına, klapanların kilidlənməsinə səbəb olmuşdur. Klapanların kilidlənməsi isə daxili detalların aşınmasına səbəb olmuşdur. Detalların aşınması karterdə dəmir qırıntıların aşkarlanmasından da görünür”.
11. Cavabdeh MMC-nin Diaqnostika üzrə baş ustası Nümayəndə4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli texniki rəydə göstərilmişdir ki, “xx.xx.2024-cü il tarixində DQN 77YL820 olan “Nissan Sunny” avtomobilinin alışdırma şamları Nissan Servisdə yeni orijinal Part kodu 22401-ED815 (kod: LZK AR6AP-11) olan alışdırma şamları ilə əvəz edilmişdir. Lakin xx.xx.2024-cü il tarixində avtomobil servisə yaxınlaşan zaman mühərrikində olan alışdırma şamlarına baxış keçirildikdə “Nissan Sunny” modelinə aid olmadığı aşkar edildi. Avtomobilin üzərindən “Nissan X-Trail” modelinə aid alışdırma şamları olduğu müəyyən edildi. Mühərrikin qeyri-müntəzəm işləməsi vəziyyətində avtomobilin uzun məsafəyə sürülməsi, sürətlər qutusunun daxilində olan hissələrinin sıradan çıxmasına səbəb olmuşdur. Müştərinin razılığı əsasında sürətlər qutusu sökülərək sıradan çıxan ehtiyat hissələri haqqında müştəriyə məlumat verilmişdir”.
12. Cavabdeh MMC tərəfindən verilmiş qüsur aktına əsasən, cəmi təmir xərci 4581,47 manat müəyyən edilmişdir.
13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda 871001 şassi nömrəli və HR16-847902V mühərrik nömrəli “Nissan Sunny” markalı avtomobilin 3 (üç) iş günü ərzində müqavilə şərtlərinə uyğun olaraq təmir olunması və nasazlığın aradan qaldırılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
14. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdeh tərəfindən ona satılmış 871001 şassi, HR16-847902V mühərrik nömrəli “Nissan Sunny” markalı avtomobilin sürətlər qutusunda yaranmış nasazlığın cavabdehin hesabına dərhal təmir olunaraq təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2024 cü il tarixində alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh tərəfindən 871001 şassi, HR16 847902V mühərrik nömrəli “Nissan Sunny” markalı avtomobil ona satılmışdır. Tərəflər arasında avtomobilə dair qarantiya və göstəriləcək texniki qulluğun şərtlərini müəyyən edən xx.xx.2024-cü il tarixli “Qarantiya və Servis Xidmətləri” barədə müqavilə bağlanmışdır. Avtomobilin bir müddət istifadəsindən sonra sürətlər qutusunda problem yaranmış, bununla bağlı cavabdehin rəsmi servis mərkəzinə müraciət etsə də, cavabdeh müxtəlif səbəblərdən nasazlığın aradan qaldırılmasından imtina etmişdir. Cavabdeh əsassız olaraq müqavilə öhdəliklərindən yayınmış, zəmanət şərtlərinə zidd olaraq avtomobilin təmir olunmasından imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Qarantiya və Servis Xidmətləri” barədə müqavilənin 2.1-ci bəndinə əsasən, rəsmi distribüterin və ya istehsalçı zavodun təqsiri ucbatından sıradan çıxmış detalın ödənişsiz olaraq təmir edilməsinə və ya dəyişdirilməsinə qarantiya verilir. Tərəfindən avtomobil təyinatına uyğun olaraq istifadə edilmiş, avtomobilə cavabdehin rəsmi servis mərkəzində quluq olunmuş, qarantiya şərtlərini pozan heç bir əmələ yol verilməmişdir. Cavabdeh isə onun təqsiri olmadığı halda avtomobildə yaranmış nasazlığın aradan qaldırılmasından imtina etmişdir. Cavabdehin öz müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində hazırda avtomobildən istifadə edə bilmir, bu isə sahibkarlıq fəaliyyətini iflic edərək hər keçən gün ona zərər vurmaqdadır.
16. Cavabdehin nümayəndəsi tərəfindən iddiaya qarşı yazılı etiraz verilmiş, etiraz aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “Qeyd edilən nəqliyyat vasitəsi cəmiyyətimizin rəsmi servis mərkəzinə daxil olmadan bir neçə gün öncə həmin nəqliyyat vasitəsini idarə edən sürücü, Kamran adlı şəxs, servis mərkəzinin dəstək xətti ilə əlaqə saxlayaraq halhazırda Lənkəranda olduğunu bildirərək, avtomobildə nasazlıqlar olduğunu, hərəkət zamanı avtomobilin sürətinin 20-30 km/saatdan artıq qalxmadığını, yağışlı hava şəraiti olduğunu, avtomobilin su ilə çuxura girib çıxdıqdan sonra nasazlığın yarandığını və avtomobilin hava filterinin yağışlı hava şəraiti nəticəsində islandığını bildirərək bunun avtomobilin nasazlığının səbəbi olub-olmadığını soruşmuşdur. Servisimizin əməkdaşları nasazlığın səbəbini araşdırmaq üçün nəqliyyat vasitəsinin mühərrikini gücə salmadan avtomobili avtodaşıyıcı vasitəsi ilə rəsmi servis mərkəzinə gətirilməsini bildirmişdir. Lakin avtomobil bir neçə gün sonra servisə sürücü tərəfindən idarə edilərək gətirilmişdir. Nəqliyyat vasitəsinin ilkin yoxlanışından sonra nasazlığın avtomobilin sürətlər qutusunda olduğu aşkar edilmişdir və avtomobilin sürətlər qutusuna ətraflı baxış keçirildikdən sonra sürətlər qutusu ustası tərəfindən nasazlığın səbəbinin sürətlər qutusunun gücə salınaraq avtomobildən istismar edilməsi olduğu müəyyən edilmişdir. Bu öz növbəsində nəqliyyat vasitəsinin sürətlər qutusunda yaranan nasazlığın avtomobilin doğru istismar edilmədiyindən irəli gəldiyini sübut edir. Əlavə olaraq qeyd etmək istərdik ki, avtomobilin diaqnostikası zamanı nəqliyyat vasitəsinin şamlarının rəsmi servis mərkəzindən kənar müdaxilə edilərək dəyişdirildiyini və hal-hazırda avtomobildə olan şamların digər model nəqliyyat vasitəsinə (Nissan X-Trail) aid olduğu, iddianın predmeti olan avtomobilə qəti uyğun olmadığı müəyyən edilmişdir. Bu hal, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Qarantiya və Servis Xidmətləri barədə müqavilənin 1.2-ci "Müqavilənin predmeti" maddəsinin, Tərəflər razılaşırlar ki, qarantiya dövründə avtomobildə hər hansı cari və ya digər təmir işləri, yalnız istehsalçının zəmanət verdiyi, avtorizə olunmuş "Nissan" texniki servis mərkəzində həyata keçiriləcəkdir, və 5.1-ci "Alıcının vəzifələri" maddəsinin, avtomobil sahibi avtomobilin Məlumat kitabı və qarantiya kitabçasının Texniki Xidmət bölməsində göstərildiyi kimi öz avtomobilinə qayğı ilə yanaşmalı, vaxtında texniki xidmətə təqdim etməli və təyinatına uyğun istifadə etməlidir, kobud şəkildə pozulduğuna dəlalət edir. Bundan başqa, həmin müqavilənin 7.1-ci maddəsinin "Qarantiyanın qüvvədən düşməsi" 2-ci bəndinin, Avtomobil sahibi tərəfindən avtomobil məlumat kitabında nəzərdə tutulan dövri cari texniki baxış və istismar qaydalarına əməl edilməməsi, 3-cü bəndinin, Avtomobildə hər hansı ehtiyat hissəsinin özbaşına dəyişdirilməsi və ya orijinal olmayan ehtiyat hissələrini və digər avadanlıqların quraşdırılması, və 5-ci bəndinin, Avtomobilin, istehsalçının xətaları ilə bağlı texniki qüsur və nasazlıqlarla əlaqədar olmayan qəzalar zamanı zədələnməsi, şərtlərinin pozulduğu və bunula avtomobilin qarantiyasının qüvvədən düşməsi halı təsdiqlənir. Qarantiya və Servis Xidmətləri barədə müqavilənin şərtlərinə əsasən iddia rədd olunmalıdır”.
17. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunduğu kimi tərəflər arasında xx.xx.2024-cü il tarixində alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh tərəfindən 871001 şassi, HR16-847902V mühərrik nömrəli “Nissan Sunny” markalı avtomobil iddiaçıya satılmışdır. Avtomobildə yaranmış qüsur istehsalat xətasıdır, bununla bağlı 2 fərqli mütəxəssis rəyi məhkəməyə daxil olmuşdur. Bununla bağlı ötən məhkəmə proseslərdə gedən müzakirələr zamanı bildirildi ki, şamın dəyişdirilməsi və nəqliyyat vasitəsinə su daxil olması nəticəsində nəqliyyat vasitəsinin surətlər qutusu sıradan çıxmışdır. Hesab edir ki, sürətlər qutusunun daxilinə suyun daxil olması mümkün deyil və olmamalıdır. Nəqliyyat vasitəsi sadə qaydada idarə olunmuşdur. Hava yağışlı olmuş və yağışın miqdarı çox olsa da, sürətlər qutusunun daxilinə su daxil olmamalı idi. Bu hər bir halda istehsalat qüsuru kimi qiymətləndirilməli idi. Həmçinin "xxxx" MMC tərəfindən verilən rəydən görünür ki, sürətlər qutusunun daxilinə su daxil olduğu üçün paslanma prosesi olmuş və paslanmadan sonra da bu qüsurlar yaranmışdır. Bu rəylə razı deyildir. Eyni qaydada da sürətlər qutusunun sıradan çıxması, fəaliyyəti ilə şamların dəyişdirilməsi arasında əlaqə yoxdur. Avtomobilin hava filtrinin nəmlənməsi və şamların dəyişdirilməsi mühərrikin iş prinsipinə təsir edə bilən amillərdir, lakin onların avtomobilin sürətlər qutusunun sıradan çıxmasına birbaşa səbəb olması texniki baxımdan mümkün deyildir.
18. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının digər nümayəndəsi bildirmişdir ki, qarşı tərəfin yazılı etirazda qeyd etdikləri mülahizədən başqa bir şey deyildir. Çünki onun Servis Xidməti ilə danışığı bu formada olmamışdır. Yağışlı hava şəraitində, güclü leysan olduqda o, şirkətə məlumat vermişdir. Lənkərandan Bakıya evə gəldikdən sonra 3 gün ərzində avtomobildə heç bir nasazlıq olmamışdır. Biləsuvara çatdıqda maşında dartınma olduğunu hiss etmiş və dərhal Servis Mərkəzinə xəbər vermişdir. O, Servis Xidməti ilə əlaqə saxladıqda Coşqun adında şəxsə hazırda Biləsuvarda olduğunu və nəqliyyat vasitəsində nasazlıq yarandığını bildirmiş, həmin şəxs ona nəqliyyat vasitəsini Bakıya gətirməyini demişdir. Ona nəqliyyat vasitəsini avtodaşıyıcı vasitəsi ilə rəsmi servis mərkəzinə gətirilməsi barədə məlumat verilməmişdir. O, da bu səbəbdən məlumatsız olduğu üçün avtomobili özü sürüb servisə gətirmişdir. Nəqliyyat vasitəsini komputerə saldıqda katalizatorun tənzimləyicisində nasazlıq olduğunu və avtodaşıyıcı vasitə ilə X7 göndərəcəklərini bildirmişlər. O, şəxsən özünün də iştirakının təmin olunmasını qarşı tərəfin nəzərinə çatdırmışdır. Lakin onun iştirakı olmadan nəqliyyat vasitəsinin diaqnostikası edilmiş və bu zaman nəqliyyat vasitəsinin şamlarının rəsmi servis mərkəzindən kənar müdaxilə edilərək dəyişdirildiyini, halhazırda avtomobildə olan şamların digər model nəqliyyat vasitəsinə aid olduğu bildirmişlər. Nəqliyyat vasitəsinin şamlarını 3 ay olar ki, o, həmin servis mərkəzində dəyişmiş və ondan başqa da heç kəs bu avtomobili sürmədiyi üçün kənar müdaxilə olmamışdır. Nəqliyyat vasitəsinin şamlarını dəyişdiyini və bununla bağlı e-qaimələri məhkəməyə təqdim etdiyini bildirmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı etirazın məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, sürətlər qutusuna su daxil olmamalıdır. Bu olubsa orada qeyri-adi hal baş vermişdir. Sürücü özü də vurğulamışdır ki, Lənkəranda leysan yağışa düşmüşdür. Hava filtrinin nəmlənməsi suyun yuxarı dərəcəyə kimi çatdığına işarədir. Cavabdeh tərəfindən minlərlə maşın satılır və hamısının da sistemi eynidir. Sürətlər qutusu və hava filtri eyni yerdə olur və onlar elə quraşdırılır ki, adi yağış yağan zaman ora su daxil olmasın. Necə ki, sel olan zaman maşınlar suyun altında qaldıqda onun bir hissəsinə su daxil olursa bu vəziyyət də qeyri-adi haldır. Rayon yoludur, sürücü özü də vurğulamışdı ki, leysan olduqdan sonra birbaşa nəqliyyat vasitəsini servis mərkəzinə gətirməmişdir. Su daxil olduqdan sonra qeyri-müntəzəm olaraq işləyən surətlər qutusuna bu da ağırlıq verərək sıradan çıxarmışdır. Şamlar da mühərrikırə surətlər qutusu sistemində vacib rol oynayır. Surətlər qutusunu dəyişdikdə şamlar qaydasında deyilsə, yaxud aşınmışdırsa, şamları dəyişdikdən sonra surətlər qutusuna qarantiya verilir. Onlar iddiaya münasibətdə qeyd edilmiş yazılı etirazda məhz şamlara görə bu prosesin verdiyini bildirməmişdirlər. İstehsal qüsurundan söz gedə bilməz. Sadəcə bu hal onun istifadə edilməsi zamanı yaranan başqa hallardan irəli gəlir. Həmçinin ekspert rəyində də ekspert vurğulayır ki, sürətlər qutusuna su daxil olmuşdur. Bu hal foto-şəkillərlə də öz təsdiqini tapmışdır.
20. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin digər nümayəndəsi, baş usta Nümayəndə4 iddia tələbi ilə razı olmadığını qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, nəqliyyat vasitəsində nasazlıq yarandığı anda tərəf sürətlə avtomobili sürüb servisə gətirmiş, maşının hava filtirinin yaş olduğunu, islandığını bildirmişdir. Mühərrikin beyni ilə sürətlər qutusu əlaqəlidir. Birində nasazlıq aşkar olunduqda mütləq şəkildə digərinə də təsir edir. Tərəfin bildirdiyi kimi bir neçə ay öncə tərəf nəqliyyat vasitəsinin şamlarını onların servisində dəyişmişdir. Lakin avtomobilin diaqnostikası zamanı yeni şamlar aşkar edildi hansı ki çox yeni idi və onların Servis Xidmətinə məxsus deyildi. Bununla bağlı qüsur aktı da tərtib edilmişdi. Həmçinin dəyişdirilən Şam mühərrikə uyğun gəlmir. Belə ki, “Nissan Xtrail” avtomobillərinin motoru 2-2.5, lakin onların nəqliyyat vasitəsinin motoru 1.6 olur. Sürətlər qutusu gücə düşdüyündən avadanlığı sıradan çıxartmış ola bilər.
21. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur.
22. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırılmışdır:
Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn alqı-satqı münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehdən ümumi olaraq 5 il və ya 155000 km qarantiya ilə “Nissan Sunny” markalı avtomobil almışdır. İddiaçı tərəfindən avtomobil bir müddət istifadə edildikdən sonra sürətlər qutusunda problem yaranmış, iddiaçı bununla bağlı cavabdehin rəsmi servis mərkəzinə müraciət etmiş, cavabdeh müxtəlif səbəblərdən nasazlığın aradan qaldırılmasından imtina etmişdir. Hazırda iddiaçı avtomobilin zəmanəti olduğu üçün yaranmış nasazlığın cavabdehin hesabına aradan qaldırılaraq avtomobilin ona təhvil verilməsini tələb etmişdir. Cavabdeh isə etiraz edərək yaranmış nasazlığın avtomobilin düzgün istifadə edilməməsi nəticəsində yarandığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Çünki məhkəmə araşdırması zamanı avtomobildə yaranmış qüsurun istehsalçı xətası olmadığı, iddiaçının əməkdaşının avtomobili suya salması nəticəsində sürətlər qutusuna su dolması və nəticədə sürətlər qutusunda nasazlıq yarandığı müəyyən olunmuşdur. Belə ki, iş üzrə həm iddiaçı, həm də cavabdeh tərəfindən bir neçə mütəxəssis rəyi təqdim edilsə də, həmin rəylər əsasən şamların dəyişdirilməsinin sürətlər qutusuna təsiri ilə bağlı olmuş, yalnız "xxxx" MMC tərəfindən verilmiş rəy daha dəqiq, izahlı, müfəssəl təsvir olunmaqla təqdim edilmişdir. Buna görə də məhkəmə həmin rəyi daha mötəbər sübut kimi qəbul etmişdir. Həmin rəydən və əlavə edilmiş fotoşəkillərdən də aydın olmuşdur ki, həqiqətən avtomobilin sürətlər qutusunun karterində olan yağ içərisində su dənəcikləri (su dənəcikləri ağ nöqtə kimi özünü göstərir) və sürətlər qutusunun elektromaqnit klapanlar korpusunun üzərində də pas ləkələri vardır. Bu o deməkdir ki, avtomobilin sürətlər qutusunun daxilinə su daxil olmuş və yağa qarışmışdır. Sürətlər qutusuna baxış keçirildikdə, təxmin olunur ki, avtomobil sudan keçmiş və bunun nəticəsində sürətlər qutusuna su daxil olmuşdur. Suyun yağa qarışması sürətlər qutusunda yağlanma prosesinin düzgün getməməsi ilə nəticələnmişdir və bu da daxili detalların qızmasına, klapanların kilidlənməsinə səbəb olmuşdur. Klapanların kilidlənməsi isə daxili detalların aşınmasına səbəb olmuşdur. Detalların aşınması karterdə dəmir qırıntıların aşkarlanmasından da görünür. Göründüyü kimi mütəxəssis rəyi ilə avtomobildə yaranmış qüsurun, yəni sürətlər qutusunda yaranmış nasazlığın avtomobilin sudan keçməsi ilə əlaqədar sürətlər qutusuna su dolması nəticəsində yarandığı təsdiq edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli qarantiya və servis xidmətləri barədə müqaviləyə əsasən isə sürücünün avtomobil istismar etmə qaydasından və avtomobilin saxlanılma şəraitindən asılı olan yeyilməyə, aşınmaya, kənar təsirlərə məruz qalan hissələrə, həmçinin daş-çınqıl zədəsi, kimyəvi zədələr, ağacın avtomobilin üzərinə aşması, duzlar, dolu, tufan, ildırım və digər təbiət hadisələri səbəbindən baş vermiş zədələr və çatışmazlıqlara qarantiya verilmir. Odur ki, hazırda avtomobildə yaranmış qüsur avtomobil iddiaçıya verildikdən sonra iddiaçı tərəfindən ondan istifadə qaydalarının pozulması, iddiaçının əməkdaşlarının hərəkətləri nəticəsində əmələ gəldiyi sübuta yetirildiyindən, həmçinin müqaviləyə əsasən hazırkı qüsur qarantiya verilən hissəyə aid olmadığından Cavabdeh MMC həmin qüsur üçün cavabdeh deyildir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
23. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1, 445.1, 567, 581, 582, 587.1, 588, 627.1, 630.1, 639.1-ci maddələrinə istinad etmişdir.
24. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara, o cümlədən təqdim edilmiş rəylərə düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
25. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş, etirazında aşağıdakları göstərmişdir: “Avtomobilin sürücüsü tərəfindən telefon vasitəsilə edilən ilkin şikayət olan avtomobilin sürətinin 20-30 km/saatdan artıq qalxmadığını, avtomobilin su ilə çuxura girib çıxdıqdan sonra nasazlığın yarandığını və avtomobilin hava filterinin islandığına cavabdeh tərəfindən verilən məsləhətə, nəqliyyat vasitəsini gücə salmadan avtomobili avtodaşıyıcı vasitəsi ilə servis mərkəzinə gətirməyi, məhəl qoymadan avtomobili qısa müddətdə, bir neçə gün ərzində Lənkərandan Bakıya avtomagistral yol ilə idarə edərək sürüb gətirdiyini və ondan sonra yenidən Bakıdan Balakən rayonuna və oradanda Bakıya idarə edərək sürüb gəldiyini və ancaq ondan sonra avtomobildə yaranan nasazlıqlara görə servis mərkəzinə nəqliyyat vasitəsini gətirdiyini birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və həmin avtomobilin sürücüsü Kamran adlı şəxs etiraf etmişdir. Buradan aydın olur ki, bir müddət əvvəl sürəti 20-30 km/saatdan artıq qalxmadığını bildirdikləri avtomobili çox qısa bir müddətdə bir neçə dəfə uzaq məsafəyə avtomagistral yollarının sürətləri çərçivəsində (90-110 km/saat) idarə etmişdirlər və bu həm mühərrik sisteminin, həm də transmissiya sisteminin yüklənməsinə və gücə düşməsinə səbəb olmuşdur. Bundan başqa, "xxxx" MMC-nin əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmədən şifahi mülahizə verilmişdir. "xxxx" MMC isə əsasən qiymətləndirmə və konsaltinq fəaliyyəti ilə məşğuldur. Halbuki "xxxx" MMC-nin fəaliyyəti avtomobil satışı və satışdan sonra servis xidməti göstərməkdir. "xxxx" MMC-yə məhkəmə məktub ünvanlayaraq qarşısında müəyyən suallar qoymuşdur və cavabları vəziyyətə aydınlıq gətirmişdir. Həmçinin apellyasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş etirazda və texniki rəydə sürətlər qutusuna su daxil olması ilə bağlı heç bir mülahizə və ya sübut təqdim olunmamış, cavabdeh etirazını başqa əsas üzərinə qurmuş və özünün apardığı yoxlama zamanı fərqli qüsurun aşkar olunduğunu bildirmiş (mühərrikə və hava filterinə su düşməsi, şamların dəyişdirilməsi). Birinci instansiya məhkəməsinə cavabdeh təqdim edilmiş etirazda avtomobilin yağışlı hava şəraitində su ilə dolu çuxura düşdükdən sonra nasazlıqların yarandığını sürücünün vurğuladığını qeyd etmiş və məhkəmə iclaslarında bir neçə dəfə bu məsələyə toxunulmuşdur və hətta qarşı tərəf ilə bu barədə fikir ayrılığı yaranmışdır. Buna avtomobilin hava filterinin islanmağının bir sübut kimi qiymətləndirilə biləcəyini qeyd edilmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi sürətlər qutusunun detallarında pas izləri və sürətlər qutusu yağının içərisində müəyyən izlər əmələ gəlmişdir. Bu izlərin əmələ gəlməyi üçün müəyyən müddət vaxt keçməli olduğuna görə ilkin yoxlanışda aşkar edilə bilməmişdir. Əlavə olaraq, birinci instansiya məhkəməsində avtomobilin sürücüsü Kamran adlı şəxs etiraf etmişdir ki, həmin gün Lənkəranda leysan yağış olmuşdur. Bütün bunları nəzərə alaraq, avtomobilin su ilə çuxura girməsi həm hava filterinin islanmağını, həm mühərrik-transmissiya sisteminə suyun daxil olaraq müəyyən nasazlıqların əmələ gəlməyini açıqlayacaqdır. Bunlara əlavə olaraq avtomobilin alışdırma şamlarının rəsmi servisdən kənarda dəyişdirilmiş olması, başqa avtomobilə aid olan alışdırma şamlarının quraşdırılmış olması və avtomobilin mühərrik-transmissiya sisteminin gücə salınaraq avtomagistral yollarda istifadə olunması da avtomobilin istismar qaydalarını pozaraq bu nasazlıqlara gətirib çıxaracaq səbəblər arasındadırlar. Bunların hər biri iddiaçı tərəfinfən avtomobilin doğru istismar edilmədiyini sübut edir. Avtomobilin diaqnostikası zamanı nəqliyyat vasitəsinin şamlarının rəsmi servis mərkəzindən kənar müdaxilə edilərək dəyişdirildiyini və hal-hazırda avtomobildə olan şamların digər model nəqliyyat vasitəsinə (Nissan XTrail) aid olduğu, iddianın predmeti olan avtomobilə qəti uyğun olmadığı müəyyən edilmişdir. Bu hal, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Qarantiya və Servis Xidmətləri barədə müqavilənin 1.2-ci "Müqavilənin predmeti" maddəsinin, Tərəflər razılaşırlar ki, qarantiya dövründə avtomobildə hər hansı cari və ya digər təmir işləri, yalnız istehsalçının zəmanət verdiyi, avtorizə olunmuş "Nissan" texniki servis mərkəzində həyata keçiriləcəkdir, və 5.1-ci "Alıcının vəzifələri" maddəsinin, avtomobil sahibi avtomobilin Məlumat kitabı və qarantiya kitabçasının Texniki Xidmət bölməsində göstərildiyi kimi öz avtomobilinə qayğı ilə yanaşmalı, vaxtında texniki xidmətə təqdim etməli və təyinatına uyğun istifadə etməlidir, kobud şəkildə pozulduğuna dəlalət edir. Bundan başqa, həmin müqavilənin 7.1-ci maddəsinin "Qarantiyanın qüvvədən düşməsi" 2-ci bəndinin, Avtomobil sahibi tərəfindən avtomobil məlumat kitabında nəzərdə tutulan dövri cari texniki baxış və istismar qaydalarına əməl edilməməsi, 3-cü bəndinin, Avtomobildə hər hansı ehtiyat hissəsinin özbaşına dəyişdirilməsi və ya orijinal olmayan ehtiyat hissələrini və digər avadanlıqların quraşdırılması, və 5-ci bəndinin, Avtomobilin, istehsalçının xətaları ilə bağlı texniki qüsur və nasazlıqlarla əlaqədar olmayan qəzalar zamanı zədələnməsi, şərtlərinin pozulduğu və bunula avtomobilin qarantiyasının qüvvədən düşməsi halı təsdiqlənir”.
Apelyasiya baxışı, verilən izahatlar
26. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə sürətlər qutusunda yaranmış nasazlığın səbəbinin müəyyən edilməsi üçün “X8.” MMC-nin və "xxxx" MMC-nin bu sahədə xüsusi biliyə malik müvafiq əməkdaşları mütəxəssis qismində cəlb edilməsi və mütəxəssisin məhkəmə iclasında iştirakının təmin edilməsi qərara alınmış, “Kia Motors Azərbaycan" MMC tərəfindən göndərilmiş məktuba əsasən müvafiq peşə bacarığına malik olan mütəxəssis olmadığına görə qərardadın icrasından imtina edilmişdir.
27. Cavabdehin nümayəndəsinin təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, "xxxx" MMC olaraq DQN-77YL820 olan “Nissan Sunny” markalı avtomobilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, avtomobilin sürətlər qutusu sıradan çıxmışdır. Sürətlər qutusuna baxış keçirilən zaman valında, zəncirində, yağ nasosunun daxilində və nasos klapanında aşınmalar aşkar edilmişdir. Əlavə olaraq hidroblokun üzərindəki salennoidlərdə pas ləkələri aşkarlandı. Sürətlər qutusunun karterində də su dənəciklikləri aşkarlandı. Mühərrikin silindir divarlarında pas ləkələri olduğu, əlavə olaraq mühərrikin üzərindən çıxan şamların istehsalçının təyin etdiyi olmadığı da aşkarlandı. Yaranmış bu qüsurlara aşağıdakılar səbəb ola bilir: 1. avtomobitin dərin su gölməçəsindən keçməsi, və ya bir müddət qalması zamanı radiator barmaqlıqları arasında yerləşən havalandırma borusundan hava filtirinə keçən su silindirdən daxilə keçmiş və avtomobilin qeyri-müntəzəm işləməsinə səbəb olmuşdur. 2. Suda qalmasına görə sürətlər qutusunun üst hissəsində yerləşən karter qazlarını xaric etmək üçün klapandan suyun daxil olması, 3. Sürətlər qutusunun növünə görə (variator) təyinatı üzrə silinməməsi halları (aqressiv sürüş və.s) 4. Mühərrikin üzərinə qoyulan şamların istehsalçı təyinatlı olmaması nəticəsində mühərrikin uzun müddət düzgün işləməməsi nəticəsində sürətlər qutusunun sıradan çıxmasına səbəb olur”.
28. İddiaçının nümayəndəsinin təqdim etdiyi “X3” MMC-nin xx.xx.2026-cı il tarixli rəyində göstərilmişdir ki, “...Aparılmış tədqiqatlar nəticəsində, “Nissan” markalı “Sunny minik” modelli, “Sedan” tipli, 77-YL- 820 dövlət qeydiyyat nişanlı avtomobilin transmissiya qutusundan götürülmüş yağ nümunəsində 0.26% miqdarda suyun olduğu müəyyən edilmişdir. Lakin aşkar edilmiş su miqdarı transmissiya qutusunun sıradan çıxmasına səbəb ola bilməz. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ”Nissan” markalı, “Sunny minik” modelli, “Sedan” tipli, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobilin transmissiya qutusuna su daxil olması texniki baxımdan mümkündür və bu hal əsasən selenoid mexanizmi, sızdırmazlıq elementlərinin köhnəlməsi, yüksək təzyiqli yuma və ya subasma nəticəsində baş verə bilir. Bu o halda olur ki, avtomobilin salonu su dolmasına məruz qalır. Lakin baxış zamanı avtomobilin salonunda su sızma izlərinin olmaması, avtomobilin buraxılış ilinin yeni olması və laboratoriya nəticəsinə əsasən, yağın tərkibinin və rənginin dəyişməməsi onu söyləməyə əsas verir ki, avtomobilin sürətlər qutusu su sızmadan deyil, başqa bir səbəbdən sıradan çıxmışdır. Qeyd etmək lazımdır ki, baxış zamanı sürətlər qutusunun soyumasını həyata keçirən radiatordan su sızma halının baş vermədiyi müəyyən edilmişdir. Əlavə olaraq qeyd olunur ki, sözügedən avtomobil yeni (2023-cü il buraxılışlı) olduğundan radiatorda nasazlıq hallarının olmamasına əsasdır”.
29. Məhkəmə kollegiyası tərəfindən “Club Servis”də fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu göndərilərək sürətlər qutusunda (variator) yaranmış nasazlığın səbəbinin müəyyən edilməsi üçün "xxxx"-nin bu sahədə xüsusi biliyə malik müvafiq əməkdaşlarının mütəxəssis qismində məhkəmə iclasında iştiraklarının təmin edilməsi xahiş olunmuşdur.
30. Məhkəmə iclasında iştirak edən mütəxəssis X2 cavab olaraq bildirmişdir ki, 12 ildir ki, bu sahə üzrə fəaliyyət göstərir, "xxxx" MMC-də servisin baş ustasıdır. Sürətlər qutusunun təmiri üzrə 3 illik təcrübəsi vardır. Sürətlər qutusunun üzərində olan klapandan içəri heçnə düşə bilmir, yığılan hava əksinə oradan çölə çıxır. Avtomobil yalnız sudan keçməklə sürətlər qutusuna su yığıla bilməz. Germetika əgər heç vaxt açılmamışdırsa, o zaman oradan sürətlər qutusuna su keçməsi qeyri-mümkündür. Eyni zamanda əgər avtomobildə yağ sızıntısı baş verməmişdirsə, bu zaman oradan suyun keçməsi qeyri-mümkündür. Hava filterindən dolmuş suyun sürətlər qutusuna keçməsi mümkün deyildir. Hava filterindən içəri su girən zaman açıq klapandan silindirə su daxil olur, bu zaman avtomobil avtomatik olaraq dayanır. Lakin oradan sürətlər qutusuna suyun daxil olması üçün keçid mövcud deyildir. Mühərrik şamlarına görə sürətlər qutusunda gecikmələr, dayanmalar baş verə bilər. Lakin sürətlər qutusunun dağılması üçün əsas deyildir. Avtomobil sökülən zaman onun içərisini görmədiyi üçün suyun necə yarandığını deyə bilmir. Mühərrik şamları avtomobilin modelinə uyğun istehsal edilir. Başqa modelə məxsus mühərrik şamları ölçüsünə görə “Nissan Sunny” avtomobilinə uyğun olmayacaqdır. Hava filterində nəmlik olarsa, bu zaman hava ölçən də nəmlənir. Bunun nəticəsində maşına ziyan dəyməyə başlayır. Filteri qurudub yerinə qoymaqla isə problem həll olmur. Variator sürətlər qutusunda sep mövcuddur. Boşluq yaranarsa, həmin boşluğa görə sep tərpənərək içərini cıza bilər. Fotoşəkillərdən də görünür ki, variatorun sepinin sürtünməsi nəticəsində divarın səthinin qalıqları içəri tökülmüşdür. Bu isə 200 km-lik yol nəticəsində baş verə bilməz. Bunun üçün daha çox yol qət etmək lazımdır. Qalıqların tökülməsi avtomobilə hər hansı bir fasiləyə, nasazlığa əsas vermir.
31. Məhkəmə iclasında iştirak edən mütəxəssis X1 cavab olaraq bildirmişdir ki, hava filterindən avtomobilə su o zaman daxil ola bilər ki, avtomobilin içərisində də su olmuş olsun. Əgər mühərrikin və ya sürətlər qutusunun içərisinə hər hansı yolla su daxil olmuşdursa, bu zaman yağın rəngi dəyişir. Hava klapanı yalnız havanı çölə çıxarmaq funksiyasını həyata keçirir, oradan suyun içəri daxil olması qeyri-mümkündür. Mühərrik şamlarında problem yarandıqda isə sürətlər qutusunun dağılması baş verə bilməz. Mühərrik şamlarının dəyişilməsi ilə bağlı bildirir ki, şirkətlər özləri müqavilədə şamların yalnız öz servislərində dəyişilməli olduğunu qeyd edir. Burada məqsəd müştərinin başqa servisə getməməsidir. Sudan keçməklə sürətlər qutusuna su daxil olması mümkün deyildir. Əgər içəri su daxil olmuşdursa, bu zaman sürətlər qutusu sökülən zaman yağın rənginin dəyişdiyi görünərdi. Eyni zamanda paslanma ilə əlaqədar onu qeyd edib ki, istənilən dəmir istifadəsiz qaldıqda paslana bilər. Əgər düzgün yağ seçilməzsə, sürətlər qutusunda buxarlanma yarana bilər, lakin bununla paslanma baş verməz. Əgər sürətlər qutusunda hər hansı bir problem yaranırsa, bu zaman displeydə əks olunur. Bəzən fiziki olaraq eyni olan mühərrik şamları ustalar tərəfindən qiymət daha sərfəli olduğu üçün istifadə edilir. Lakin həmin şamların istifadəsinə görə sürətlər qutusunun dağılması qeyri-mümkündür. Şamlar sıradan çıxmasa dəyişilməsinə zərurət yoxdur. Bu şamlar uzun illər istifadə edilə bilər.
32. Sonuncu məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz etmiş, iddiaçı isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
35. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
36. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
37. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
38. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
39. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
40. Maddə 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğısatqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır.
41. Maddə 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir.
42. Maddə 582.3. Əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir.
43. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin. 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.
44. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
45. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.
46. Maddə 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin.
47. Maddə 1128.1-ci maddəsinə görə isə, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər.
48. Maddə 1129.1. Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir.
49. Maddə 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir.
50. Maddə 1129.3. Mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər.
51. Maddə 1131. Malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun
52. Maddə 1. İstehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir.
53. Maddə 7.1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
54. Maddə 17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
58. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
59. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
62. Kollegiya hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmış, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
63. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
64. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
65. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 587.1-ci, 588.2-ci və 624.1.3-cü, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7.1-ci maddələri təşkil edir – hansı ki, həmin müddəalar, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcıya, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını tələb etmək imkanı verir; satıcı isə, keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehlik daşımır ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirsin.
66. İddiaçı avtomobilin ona satıldığı zaman qüsurlu olduğunu iddia edir, cavabdeh isə iddiaya etirazında iddiaçıya lazımi keyfiyyətli mal satdığını, lakin avtomobilin istifadə qaydalarının iddiaçı tərəfindən pozulması nəticəsində onda qüsurların yarandığını irəli sürür.
67. Belə olan halda kollegiya qeyd edir ki, avtomobilin sürətlər qutusunda olan qüsurların yaranma səbəbi müəyyən edilməlidir və məhz bu hal sübutetmənin predmetidir.
68. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
69. "xxxx" MMC-nin 02 iyun 2025-ci il tarixli rəyində mütəxəssis qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, avtomobilin sürətlər qutusunun karterində olan yağ içərisində su dənəcikləri (su dənəcikləri ağ nöqtə kimi özünü göstərir) və sürətlər qutusunun elektromaqnit klapanlar korpusunun üzərində də pas ləkələri vardır. Bu o deməkdir ki, avtomobilin sürətlər qutusunun daxilinə su daxil olmuş və yağa qarışmışdır.
70. Lakin iş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin Diaqnostika üzrə baş ustası Nümayəndə4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli texniki rəydə qeyd edilmişdir ki, “Nissan Sunny” avtomobilinin alışdırma şamları dəyişdirilmiş və mühərrikin qeyri müntəzəm işləməsi vəziyyətində avtomobilin uzun məsafəyə sürülməsi, sürətlər qutusunun daxilində olan hissələrinin sıradan çıxmasına səbəb olmuşdur.
71. Göründüyü kimi avtomobildə nasazlıq yarandıqdan sonra cavabdehin rəsmi servisində baxış keçirilmiş, Cavabdeh MMC-nin yuxarıda qeyd edilən texniki rəyinə əsasən avtomobilin surətlər qutusunda su dənəciklərinin olduğu müəyyən edilməmişdir.
72. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, iddiaçının iştirakı olmadan avtomobilin diaqnostikası aparılmışdır və avtomobil servisə təqdim edildiyi tarixdən halhazıradək cavabdehin nəzarəti altındadır.
73. Kollegiyanın qənaətinə görə, cavabdeh peşəkar servis mərkəzi olaraq ilkin baxış zamanı bütün detalları yoxlamaq öhdəliyi daşıyırdı və əgər nasazlığın səbəbi su dənəcikləri olsaydı, bu, ilkin diaqnostika aktında mütləq əks olunmalı idi. Bu halın sonradan, yəni avtomobil iddiaçının nəzarətindən çıxdıqdan sonra aşkar olunması həmin sübutun mötəbərliyini (reliability) şübhə altına alır.
74. İşin hallarının tam və obyektiv araşdırılması üçün apellyasiya baxışı zamanı bu sahədə xüsusi biliyə malik şəxslər mütəxəssis qismində məhkəmə iclasına dəvət edilmiş, mütəxəssislərin suallara cavabından müəyyən edilmişdir ki, avtomobil yalnız sudan keçməklə sürətlər qutusuna su yığıla bilməz. Germetika əgər heç vaxt açılmamışdırsa, o zaman oradan sürətlər qutusuna su keçməsi qeyri-mümkündür. Eyni zamanda əgər avtomobildə yağ sızıntısı baş verməmişdirsə, bu zaman oradan suyun keçməsi qeyri-mümkündür. Həmçinin, hava filterindən dolmuş suyun sürətlər qutusuna keçməsi mümkün deyildir. Mühərrik şamlarına görə sürətlər qutusunda gecikmələr, dayanmalar baş verə bilər. Lakin sürətlər qutusunun dağılması üçün əsas deyildir.
75. Göründüyü kimi sürətlər qutusunda yaranmış nasazlığın avtomobilin sudan keçməsi ilə əlaqədar sürətlər qutusuna su dolması nəticəsində yaranması faktı Cavabdeh MMC-nin özünün xx.xx.2024-cü il tarixli texniki rəyi və apellyasiya baxışı zamanı dinlənilmiş mütəxəssislərin izahatları ilə təkzib olunur.
76. Digər tərəfdən qeyd olunmalıdır ki, avtomobil servisə təhvil verildiyi andan etibarən onun tamlığına və vəziyyətinin dəyişməz qalmasına görə cavabdeh məsuliyyət daşımışdır; Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli texniki rəyi və avtomobilin uzun müddət cavabdehin ərazisində (nəzarətində) qalması faktı nəzərə alındığında isə o nəticəyə gəlmək mümkündür ki, sürətlər qutusuna suyun düşməsi məhz saxlama rejiminin pozulması və ya qeyri-peşəkar müdaxilə nəticəsində də baş verə bilərdi. Başqa sözlə, avtomobilin cavabdehin nəzarətində olduğu müddətdə baş verən hər hansı texniki dəyişiklik alıcının əleyhinə şərh edilə bilməz.
77. Sürətlər qutusunda yaranamış nasazlığın başqa servisdə avtomobilə uyğun olmayan şamların quraşdırılması nəticəsində yaranması barədə cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş mütəxəssis rəyləri və mütəxəssislərin izahatlarından müəyyən edilir ki, avtomobilin sürətlər qutusunda yaranmış mexaniki/elektron nasazlıq ilə mühərrikin alışdırma sisteminə aid olan şamların dəyişdirilməsi arasında texniki baxımdan birbaşa səbəbli əlaqə mövcud deyildir.
78. Digər tərəfdən kollegiya qeyd edir ki, cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi avtomobil təhvil verildikdən sonra şamların Cavabdeh MMC-nin servisində dəyişdirildiyini qəbul etmiş, iddiaçı tərəfindən şamların dəyişdirilərək başqa avtomobilin şamlarının quraşdırılması faktı isə iş materialları ilə sübut olunmamışdır.
79. Həmçinin qeyd olunmalıdır ki, avtomobilin diaqnostikası aparılarkən iddiaçının iştirakı təmin edilmədiyindən, birtərəfli tərtib edilmiş texniki rəy müəyyən faktı təsdiq edən mötəbər sübut hesab edilə bilməz.
80. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh keyfiyyət qarantiyası verdiyi avtomobilin qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirə bilməmişdir; bu səbəblə də qüsurun istehsalat mənşəli olması qəbul edilərək, təmir xərclərinin cavabdehin üzərinə qoyulması üçün tam hüquqi əsaslar mövcuddur.
81. Kollegiya, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1704/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə satılmış 871001 şassi nömrəli və HR16-847902V mühərrik nömrəli “Nissan Sunny” markalı avtomobilin sürətlər qutusunda yaranmış nasazlığın Cavabdeh MMC-nin hesabına dərhal təmir olunaraq təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat, ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.