Məhkəmə qərarları › İş №2-2(103)-1072/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1072/2021

20.12.2021 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1072/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2742/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən fiziki şəxs iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə əsassız hesablanmış 17.092,72 manat məbləğdə təbii qaza görə borc məbləğinin onun **********00960 nömrəli abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, tərəflər arasında bağlanmış qazın alqısatqısına dair müqavilə əsasında iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Albalılıq yaşayış massivi ünvanda yerləşən fərdi yaşayış evini cavabdeh təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilədə üzərinə öhdəlik götürmüşdür. Lakin iddiaçı müqavilə öhdəliklərinə əməl etməmiş, müqavilədə nəzərdə tutulmuş cihazlardan əlavə (hec bir icazə və lazimi sənədlər olmadan) cihazlar quraşdırmış və bununla bağlı Birliyə hec bir məlumat verməmişdir. Birliyin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacına baxış keçirilərkən sayğacın ALARM rejimində olduğu və müqavilədə nəzərdə tutulmuş cihazlardan əlavə cihazlar quraşdırıldığı aşkarlanmış və müvafiq qaydada 11.12.2017-ci il tarixli ******* nömrəli aktla rəsmiləşdirilmişdir. İddiaçının fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 kub.m. olduğu halda iddiaçı qeyri-qanuni şəkildə həmin sayğac vasitəsilə həyətyanı sahəsində yerləşən istixanada 1160 KW gücündə olan istilik qazanından istifadə edirdi. Bununla da “Qaz təchizatı haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmuş və Birliyə 17.092,30 manat ziyan dəymişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndində istifadə olunacaq qaz qurğuları göstərilmiş və həmin qurğulardan istifadə olunacağı razılaşdırılmışdır. Fərdi yaşayış evinin həyatyanı sahəsinə baxış kecirən zaman hec bir razılaşma olmadan sahədə yerləşən istixanada 1160 KW gücündə əlavə cihazın quraşdırıldığı aşkarlanaraq müvafiq qaydada 11.12.2017-ci il tarixli aktla aktlaşdırılmışdır. Göründüyü kimi, iddiaçı qaz təchizatı haqqında qanunun tələblərini kobud sürətdə pozaraq hec bir razılaşma olmadan əlavə qaz cihazları quraşdırmışdır. Müqavilədə nəzərdə tutulan cihazlar həmin yaşayış evində quraşdırılmış qaz sayğacının ölçmə qabilyətinə tam uyğun olduğundan G-4 tipli qaz sayğacı quraşdırılmış və həmin sayğacın maksimal ölçmə güçü 6 kub.m/saatdır. Lakin həmin evdə hec bir razılaşma olmadan quraşdırılmış cihazların saatlıq qaz sərfi 124,7 kub.m/saatdır. Belə olduğu halda qaz sayğacı sayğacdan kecən qazın tam şəkildə qeydiyyatını apara bilmir və Birliyə ziyan dəymiş olur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşdən müəyyən olunur ki, cavabdehin əməkdaşları tərəfindən 11.12.2017-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Albalılıq yaşayış ünvanında yerləşən fiziki şəxs iddiaçıya (abonent kodu **********00001) məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz sayğacının klapanının sınıq olması, mexaniki və elektron göstəricilər arasında fərqin olması, fərdi evin həyətyanı sahəsindəki istixanada istifadə olunan 1160 kw gücündə olan istilik qazanının evin G-4-İTRON tipli sayğacın sərfiyyatına uyğun olmaması aşkar edilmiş, bununla bağlı 11.12.2017-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydaların pozulması barədə” akt tərtib edilərək, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Sözügedən akta əsasən hesablanmış 17.092,30 məbləğində borc 2018-ci ilin sentyabrında iddiaçının adına olan **********0960 nömrəli abonent hesabına yüklənmişdir. İddiaçı ona hesabkanmış borcun abonent hesabından silinməsini tələb edir. Mübahisəli borc məbləği iddiaçı tərəfindən ödənilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə görə, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə görə, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 28.08.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, qaz təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlama barədə məlumatları AR Ədliyyə Nazirliyinə verməmiş, iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. Həmin Qanunun 3.2-ci maddəsinə görə isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən də, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, mübahisəli yoxlamada cavabdehin əməkdaşları tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə baxış keçirilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsində isə açıq göstərilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən ... baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Eyni tələb “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndində də əks olunmuşdur və bu tələb Əsasnamə ilə həm də “habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər” kimi cavabdehə də aid edilmişdir. Bundan əlavə, həm “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsində, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndində nəzərdə tutulmuşdur ki, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, sahibkarlıq subyektinin qanunsuz hərəkətləri barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi yaxud əlavə sərfiyyat hesablanması bilavasitə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan sayğac göstəricilərinin oxunması istisnasının təsir dairəsinə düşmür. Apellyasiya şikayəti faktiki cəhətdən də əsassızdır. Belə ki, 11.12.2017-ci il tarixli akta əsasən hesablanmış borc məbləği akt tərtib edildiyi vaxtdan 9 ay sonra, 2018-ci ilin sentyabrında, aktın barəsində tərtib edildiyi iddiaçıya məxsus fərdi yaşayış evinin abonent hesabına deyil, ona məxsus istixanaya verilmiş **********0960 nömrəli abonent hesabına yüklənmişdir. Halbuki iddiaçı ilə cavabdeh arasında istixananın qazla təmin edilməsinə dair Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə 18.01.2018-ci ildə bağlanmış, yəni mübahisəli akt tərtib edilərkən tərəflər arasında istixananın qazla təchiz edilməsinə dair müqavilə münasibətləri mövcud olmamış, eləcə də istixanada qaz sayğacı quraşdırılmamışdır. MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2742/2021 nömrəli iş üzrə 23 iyun 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar