Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1078/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə ərizəçi Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" Sığorta Şirkəti ASC-nin müflis elan edilməsi tələbinə dair ərizə ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1575/2020 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qərardadından Ərizəçi apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Sığorta Şirkəti ASC-nin müflis elan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 nömrəli iş üzrə 29.07.2020ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hazırda ləğvetmə prosesində olan "xxxx" Sığorta Şirkəti ASC-nin kreditorlarının reyestri siyahısına onun adının qeyd olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 nömrəli iş üzrə 08.07.2021ci il tarixli qərardadı ilə Ərizəçi ərizəsi rədd edilmişdir. Qərardadla razılaşmayan Ərizəçi ondan şikayət verərək, ləğv edilib, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.08.2021-ci il tarixli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbinə görə, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən apellyasiya şikayətlərinin məhkəməyə göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir və bu qaydadan istisna nəzərdə tutulmamışdır. İşdən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 08.07.2021-ci il tarixli qərardadı 17.07.2021-ci il tarixdə Ərizəçi elektron kabinetinə yerləşdirilməklə ona çatdırılmış (iş vərəqi - V cild, səhifə 154), sonuncu tərəfindən tərtib olunmuş şikayət isə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməmişdir. Eyni zamanda, şikayət 30.07.2021-ci il tarixdə göndərilmişdir ki, bununla da qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulan 10 günlük müddət ötürülmüşdür. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. İş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti, MPM-in 10-1.3-cü maddəsinin tələbləri pozulmaqla və prosessual müddət ötürülərək verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1078/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1078/2021
25.08.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver