Məhkəmə qərarları › İş №2-2(103)-1090/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1090/2021

15.09.2021 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1090/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlunun və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı təsis payının adına rəsmiləşdirilməsi və dividendin ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, e2-2(113)-3574/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçının İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis payının 20 faizinin iddiaçının adına rəsmiləşdirilməsi və gəlirlərin 20 faizinin divident olaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(011)-4875/2021 nömrəli qərardadı ilə iş icraata qəbul edilməyərək, məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, e-2-2(113)-3574/2021 saylı qərardadına əsasən iddia ərizəsi, pretenziya çatıdırılmadığından və ərizə elektron qaydada verilmədiyinə görə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəfindən qaldırılmış iddia kommersiya qaydasında deyil, mülki qaydada qaldırılmışdır. Mülki qaydalara əsasən hazırkı qərardadda qeyd edilən prossesual hərəkətlərin edilməsinə yəni pretenziya və iddia ərizəsinin cavabdehə çatdırılması və iddianın elektron qaydada verilməsi nəzərdə tutulmamışdır. Lakin hal – hazırda pretenziya və iddia ərizəsi cavabdehlərə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3574/2021 saylı, 23.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 15.09.2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı barədə xəbərdar edilsə də, iclasda səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, e-2-2(113)- 3574/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə qarşı sahibkarlıq fəaliyyətindən irəli gələn iddia tələbləri ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etməli olduğu halda, ümumi məhkəməyə müraciət etmiş, iddia ərizəsi və əlavə edilmiş sənədlər aidiyyət qaydalarına uyğun olaraq Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinin tələbinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bakı Kommersiya Məhkəməsi tərəfindən iddianın mümkünlüyü yoxlanılarkən iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehlərə təqdim edilməsi sübutun olmadığı müəyyən edilmişdir. İddiaçı iddia ərizəsi və əlavə edilmiş sənədləri cavabdehlərə 09.08.2021-ci il tarixdə göndərərək bu barədə qəbzləri qərardaddan verilmiş şikayət ərizəsinə əlavə etsə də, məhkəmə hesab edir ki, qeyd edilən hal qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmənin iddia ərizəsini qaytararkən istinad etdiyi digər əsas iddia ərizəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilməməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçı şikayət ərizəsində qeyd edir ki, iddia ilk olaraq ümumi məhkəməyə verildiyindən iddianın elektron qaydada təqdim edilməməsi onun qaytarılması üçün əsas ola bilməz. Məhkəmə şikayətin bu dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikirayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” qərarının 3-cü bəndinə əsasən məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, e-2-2(113)-3574/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, e-2-2(113)-3574/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar