Məhkəmə qərarları › İş №2-2(103)-1090/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1090/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1090/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: podrat və xidmət müqaviləsi, podratda və xidmətdə qüsurlar, müqavilənin xitamının nəticələri, tətbiq edilməməli maddi hüquq normasının tətbiq olunması, sübutetmə, tərəfin sübutları məhkəmənin tələbi ilə təqdim etməməsinin nəticələri, yeni sübutların apellyasiya instansiyası məhkəməsinə təqdim olunması, müqavilə öhdəliyinin pozulması nəticəsində dəymiş zərər) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “avans ödənişinin geri qaytarılması və zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçının və cavabdehin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh MMC (icraçı) ilə "xxxx" MMC (sifarişçi) arasında xx.xx.2022-ci il tarixdə PMDH-TCH 01 saylı müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə nəzərdə tutulmuşdur ki, icraçı, sifarişçiyə müqavilənin “Xidmətlərin həcmi və ödəmə şərtləri”ndə (Əlavə 1) göstərilən proqram təminatını (Proqram Təminatı) quraşdırmalı və həmin proqram təminatına aid texniki dəstəyi (Texniki Dəstək) razılaşdırılmış şərtlərlə göstərməlidir, sifarişçi isə proqram təminatını və texniki dəstəyi təhvil alıb təhvil-təslim aktı imzalayaraq dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə icraçıya ödəməlidir. Proqram təminatı və texniki dəstək birlikdə xidmətlər adlanacaq.

2. Müqavilənin 2.1-ci bəndində sifarişçinin aşağıdakı öhdəlikləri sadalanmışdır: 2.1.1. İcraçının müqavilənin şərtlərinə əsasən xidmətləri təhvil almaq; 2.1.2. Müqavilə şərtlərinə əsasən lazımi səviyyədə quraşdırılmış proqram təminatına və icra edilmiş texniki dəstəyə görə müqavilə şərtlərinə uyğun icraçıya ödəmək; 2.1.3. Xidmətlərin icrası üçün tələb olunan məlumatı və sənədləri icraçıya təqdim etmək.

3. Müqavilənin 2.2.-ci bəndində sifarişçinin aşağıdakı hüquqları sadalanmışdır: 2.2.1. İcraçının fəaliyyətinə müdaxilə etmədən, onun yerinə yetirdiyi işin gedişatını və keyfiyyətini istənilən vaxt yoxlamaq; 2.2.2. Tərəflərin hesabatların qarşılıqlı üzləşdirilməsi məqsədilə üzləşmə aktlarının icraçıya onun təsdiqi üçün təqdim etmək; 2.2.3. Xidmətlərin keyfiyyətinə və ya icra bütövlüyünə əsaslı etiraz bildirmək.

4. Müqavilənin 2.3-cü bəndində icraçının aşağıdakı öhdəlikləri sadalanmışdır: 2.3.1. Xidmətləri sifarişçini qane edəcək keyfiyyətdə və müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə tam həcmdə təhvil vermək; 2.3.2. İcra edilmiş xidmətlərin keyfiyyətidə olan hər hansı çatışmazlıqları sifarişçinin tələbi ilə əvəzi ödənilmədən ən qısa müddətdə aradan qaldırmaq; 2.3.4. Tərəflərin hesabatlarının qarşılıqlı üzləşdirilməsi məqsədilə sifarişçinin təqdim etdiyi üzləşmə aktlarını vaxtlı-vaxtında təsdiqləmək və imzalamaq.

5. Müqavilənin 3.1-ci bəndinə görə, xidmətlərin icrasının xüsusiyyətləri müqavilənin müvafiq əlavəsindəki texniki tapşırıqda (Əlavə 2) tərəflərlə razılaşdırılmışdır.

6. Müqavilənin 4.1-ci bəndinə əsasən, xidmətlərin dəyəri, hesablaşma qaydası və xidmətlərin yerinə yetirilməsi müddətləri müqavilənin əlavələrində müəyyən edilmişdir. Əlavə 1-də razılaşdırılmış dəyərlərin razılaşdırıldıqdan sonra artması eyni xidmət üzrə tərəflər arasında yenidən hesablaşmaya səbəb olmayacaq.

7. Müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilə üzrə proqram təminatının quraşdırılmasının təhvili tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan yekun təhviltəslim aktı əsasında aşağıdakı qaydada rəsmiləşdirilir: 5.2. İcraçı xidmətlərin icrasını əks etdirən təhvil-təslim aktını 2 nüsxədə sifarişçiyə təqdim edir; Sifarişçi çatışmazlıq aşkar edilməzsə təhvil-təslim aktını 15 təqvim günü ərzində imzalayıb, bir nüsxəsini icraçıya qaytarır. Aktın imzalandığı tarix faktiki olaraq xidmətlərin təhvil verilməsi tarixi hesab olunur; Sifarişçi texniki dəstəyin icrasında çatışmazlıq aşkar edərək təhvil-təslim aktını imzalamaqdan imtina etdikdə, 15 gün müddətində həmin çatışmazlıqların (qüsurların) siyahısını icraçıya təqdim edir. Tərəfər çatışmazlıqların (qüsurların) aradan qaldırılması müddətlərini müəyyən edərək müvafiq akt (Qüsur aktı) tərtib edirlər.

8. Müqavilənin 6.2.2-ci bəndinə əsasən, icraçı özünün yol verdiyi müqavilə pozuntusu, özünün səhlənkarlığı və ya xətası ilə əlaqədar bütün itkilər, ziyan və xərclərdən, o cümlədən tələb araşdırma və iddialardan sifarişçini qoruyacaq, sığortalayacaq və zərərsizləşdirəcək”.

9. 20 iyun 2022-ci il tarixli PMDH-TCH 01 nömrəli müqaviləyə 20 iyun 2022-ci il tarixli 1 saylı Əlavəyə əsasən, icraçının sifarişçiyə göstərəcəyi xidmətlərin ödənilməsi şərtləri aşağıdakı kimi razılaşdırılmışdır.

1. Xidmətlərin adı, təsviri və qiyməti:

- Əmək haqqı və kadrların idarə edilməsinin avtomatlaşdırılması sisteminin tətbiqi: “HRB” proqram təminatının quraşdırılması (baş ofis və idarəçiliyində olan 12 müəssisə) – 68 000 manat;

- “HRB" proqram təminatının texniki dəstəyi baş ofis və idarəçiliyində olan 12 müəssisə üçün - 28 800 manat;

- "HRB” proqram təminatının quraşdırılması zamanı hesabatların hazırlanması ödənişsizdir;

- Lisenziyanın verilməsi-ödənişsizdir. Cəmi 96 800 manat.

2. Xidmətlərin göstərilməsi üzrə ödənişlər aşağıdakı qaydada aparılacaqdır: - Əmək haqqı və kadrların idarə edilməsinin avtomatlaşdırılması sisteminin tətbiqi: "HRB" proqram təminatının quraşdırılmasma görə ödəniş 3 (üç) hissəyə bölünmüşdür və Tərəflərin imzaladığı Təhvil-Təslim Aktları əsasında 15 iş günü ərzində ödəniləcəkdir: 30 %, yəni 20 400 manat, PMD Hospitality-nin müəyyən etdiyi 1 müəssisədə "HRB” proqram təminatının quraşdırılması təhvil verildikdə; 30 %, yəni 20 400 manat, PMD Hospitality-nin müəyyən etdiyi 4 Müəssisədə "HRB” proqram təminatının quraşdırılması təhvil verildikdə; 40 %, yəni 27 200 manat, PMD Hospitality-nin müəyyən etdiyi 8 Müəssisədə "HRB” proqram təminatının quraşdırılması təhvil verildikdə;

- “HRB” proqram təminatının baş ofis və idarəçiliyində olan 12 müəssisə üçün texniki dəstəyi 1 il üzrə 28 800 manat təşkil edir və aylıq əsaslarla təhvil-təslim aktı əsasında tam şəkildə bütün müəssisələrdə proqram təminatının quraşdırılması bitəndən sonra hər ay 2400 manat həcmində ödənilir;

- Texniki dəstəyin 1 müəssisə üçün texniki dəstək xərci aylıq 184,61 manat təşkil edir.

3. Ödənişlər tam şəkildə qaimə-faktura əsasında 15 iş günü ərzində tərəflər arasında imzalanmış müvafiq təhvil-təslim aktlarına əsasən nağdsız hesablaşma qaydasında icraçıya ödəniləcək.

10. 20 iyun 2022-ci il tarixli PMDH-TCH 01 nömrəli müqaviləyə 17 yanvar 2024-cü il tarixli 2 saylı Əlavəyə əsasən, icraçının sifarişçiyə göstərəcəyi xidmətlərin ödənilməsi şərtləri aşağıdakı kimi dəyişdirilmişdir.

1. Xidmətlərin göstərilməsi üzrə ödənişlər aşağıdakı qaydada aparılacaqdır:

- Əmək haqqı və kadrların idarə edilməsinin avtomatlaşdırılması sisteminin tətbiqi: "HRB" proqram təminatının quraşdırılmasma görə ödəniş 3 (üç) hissəyə bölünmüşdür və Tərəflərin imzaladığı Təhvil-Təslim Aktları əsasında 15 iş günü ərzində ödəniləcəkdir: 30 %, yəni 20 400 manat, əvvəlcədən avans olaraq; 30 %, yəni 20 400 manat, PMD Hospitality-nin müəyyən etdiyi 5 müəssisədə "HRB” proqram təminatının quraşdırılması təhvil verildikdə; 40 %, yəni 27 200 manat, "xxxx"nin müəyyən etdiyi 8 müəssisədə "HRB” proqram təminatının quraşdırılması təhvil verildikdə.

2. Ödənişlər tam səkildə qaimə-faktura əsasında 15 iş günü ərzində Tərəflər arasında imzalanmış müvafiq Təhvil-Təslim Aktlarına əsasən nağdsız hesablaşma qaydasında İcraçıya ödəniləcək.

3. Hazırkı Əlavə ilə dəyişiklik edilməyən 20 iyun 2022-ci il tarixli PMDH-TCH 01 nömrəli Müqavilənin və onun 20 iyun 2022-ci il tarixli 1 saylı Əlavəsinin digər hissələri olduğu kimi qüvvədə saxlanılır.

11. Cavabdeh MMC-nin direktoru Dmitriy Pauker "xxxx" MMC-nin əməkdaşı Azad Omarova xx.xx.2023-cü il tarixdə ünvanladığı e-maildə göstərmişdir ki, “...Yazıb sizə bildirmək istəyirəm ki, vəziyyət ürəkaçan deyil. HR işçilərinin tərəfindən vaxtında və tələb olunan şəkildə məlumatların sistemə işlənməməsi səbəbindən məlumatların yarısı çatışmır. HR və Əmək haqqı departamentləri komanda şəklində çalışmadığı üçün, hansısa sual, yaxud problem yarananda, biz məcburiyyət qarşısında qalıb hər bir əməkdaşa ayrılıqda müraciət etməli oluruq. Həmin əməkdaşlar öz işlərinin çoxluğundan və hansısa başqa bir səbəbdən bizim sorğuları gec cavablandırırlar. ... Sonunda bu çox böyük vaxt itkisinə səbəb olur. 1C və HRB-də fərqli məlumatlar var və biz bu barədə yalnız son anda məlumat əldə edirik. Bizə lazım olanda hesablama düsturları verilmir. Belə davam etsə, tələb olunan nəticə əldə olunmayacaq. Keçən görüşdə sizdən iş prosesinə HR-dən nəzarət etməyi xahiş etdik, lakin təəssüf ki, sistem məlumatların daxil edilməsində yenə böyük gecikmələrin olduğunu göstərir. Sistemin tətbiqinə çox vaxt sərf etdik və təəssüf ki, heç bir geri dönüş görmürük. Fikrimcə, şirkətinizdən bizimlə və bir müddət öz aralarında işləyəcək bir neçə nəfəri seçmək lazımdır. Bu baş verməzsə, layihə uğurlu olmayacaq”.

12. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə göndərilmiş EBDX seriyalı, 869286 saylı xx.xx.2024-cü il tarixli e-qaiməyə əsasən, “HRB” proqram təminatının quraşdırılması qiyməti ƏDV daxil 20 400 manat təşkil etmişdir.

13. 15.02.2024-cü il tarixli ödəniş qəbzinə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına təyinatı xx.xx.2022-ci il tarixli PMDH-TCH 01 saylı müqavilə göstərilməklə, EBDX seriyalı, 869286 saylı xx.xx.2024-cü il tarixli e-qaimə üzrə 20 400 manat məbləğində pul köçürülmüşdür.

14. İddiaçı MMC (Ramil A. Yolçiyev) tərəfindən Cavabdeh MMC-yə (Dmitriy Pauker) xx.xx.2025-ci il tarixdə aşağıdakı məzmunda e-mail ünvanlanmışdır: “Dmitriy müəllim, salam. HR Departamentimizin şərhlərini aşağıda diqqətinə təqdim edirəm. Hər bir bəndə açıqlama təqdim etməyinizi xahiş edirəm. * Bu ilin əvvəlindən “Qaşaltı” otelində noyabr və dekabr ayları üçün hesablamalar aparılmalı olsa da, indiyə qədər bizə heç bir müraciət daxil olmayıb. Eyni zamanda, “Qaşaltı” otelinin noyabr və dekabr aylarına aid bütün məlumatları hotel tərəfindən sistemə daxil edilib. Oktyabr ayının hesablaması tamamlanmış olsa da, hal-hazırda İdman və Spa şöbəsinin tamamilə silinməsi səbəbindən avtomatik hesablamada yenidən fərq yaranıb. * “Qaşaltı”, “Hilton”, “Ağdam”, “Çinar” və “Badamdar” hotellərinin işçi məlumatları sistemə yüklənib. Lakin bütün tabel sənədləri bütün müəssisələr üçün açıqdır və hər bir şəxs tərəfindən görünə bilir. * Əlavə olaraq, “Hilton” otelində əməkhaqqı məlumatları aidiyyəti olmayan şəxslər tərəfindən görünürdü. Bu problemi iki dəfə aradan qaldırdıqdan və iki dəfə təkrar yoxlanıldıqdan sonra məsələ həll edilib. Qeyd etmək istərdik ki, hər ay hesablamalarda fərqlərin yaranması, tabellərin silinməsi, hotelə aid olmayan əməkdaşların siyahıda görünməsi, məlumatların aidiyyəti olmayan şəxslər tərəfindən əldə edilməsi kimi problemlərin mütəmadi olaraq ortaya çıxması sistemin qeyri-effektiv işlədiyini və implementasiya prosesinin uzandığını göstərir. Münasibət bildirməyinizi xahiş edirəm”.

15. İddiaçı MMC-nin İdarə heyətinin sədri tərəfindən Cavabdeh MMC-yə ünvanlamış xx.xx.2025-ci il tarixli məktubda aşağıdakılar göstərilmişdir: “Bildiyiniz kimi, Cavabdeh MMC şirkəti ilə İddiaçı MMC (əvvəlki adı ilə "xxxx" MMC) arasında bağlanmış 22 iyun 2022-ci il tarixli, № PMDH-TCH 01 nömrəli müqavilə imzalanmışdır. Daha sonradan tərəflər arasında müqavilə və Əlavəyə edilmiş 17 yanvar 2024-cü il tarixli Əlavəyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC şirkətinin bank hesabına ümumilikdə 20 400 AZN (iyirmi min dörd yüz manat) avans olaraq pul köçürülmüşdür, lakin həmin pul müqabilində daha sonradan hər hansı xidmət təhvil verilməmişdir. Qeyd olunan Əlavəyə əsasən, Cavabdeh MMC İddiaçı MMC-nin müəyyən etdiyi müəssisələrdə nəzərdə tutulmuş proqram təminatının tam şəkildə quraşdırılmasını və istifadəyə verilməsini təmin etməli idi. Proqram təminatının quraşdırılması və təhvil verilməsi şərtləri tərəflər arasında 22 iyun 2022-ci il tarixində imzalanmış “Xidmətlərin Xüsusiyyətləri” adlı Əlavədə açıq şəkildə müəyyən edilmişdir. Lakin müqavilə üzrə öhdəliklərimizin icrasına baxmayaraq, proqram təminatının heç bir müəssisədə tələb olunan funksionallıqda quraşdırılması tamamlanmamış və təhvil verilməmişdir. Tərəfimizdən bu çatışmazlıqların aradan qaldırılması üçün dəfələrlə həm yazılı, həm də şifahi müraciətlər edilməsinə baxmayaraq, indiyədək hər hansı tədbir görülməmiş və çatışmazlıqlar aradan qaldırılmamışdır. Nəticədə, proqram təminatının quraşdırılması və tam funksionallıqda təhvil verilməsi bu günədək tamamlanmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, nəzərinizə çatdırırq ki, İddiaçı MMC birtərəfli qaydada müqavilə üzrə müəyyən edilmiş öhdəliklərinə xitam verir. Bu səbəbdən, hazırkı məktubun alındığı tarixdən etibarən 10 (on) iş günü ərzində ödənilmiş 20 400 AZN məbləğinin geri qaytarılmasını təmin etməyinizi xahiş edirik”.

16. Həmin məktub xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-nin qanuni təmsilçisi tərəfindən qəbul edilmişdir.

17. Cavabdeh MMC-nin direktoru tərəfindən həmin məktuba verilən xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “...Xahiş edirəm, layihəni dayandırmaq və müqaviləyə xitam vermək üçün daha tutarlı səbəb göstərin. Səbəbinin nə olduğunu məktubunuzdan anlamaq mümkün deyil. Sistem 90% tamamlanıb və sərf olunan vaxt və resursları nəzərə alaraq, bu işə görə bizə borclu olduğunuzu xəbərdar etmək istəyirəm. Ödənişdən imtina edildiyi təqdirdə, sistemin vəziyyəti ilə bağlı müstəqil audit araşdırmasına başlamağa məcbur olacağıq. Biz bu sistemi beş oteldə quraşdırmışıq və layihənin bütün gecikmələrinə sizin şirkət səbəb olub. Bu məsələ ilə bağlı əlimizdə bütün müvafiq sənədlər, yazışmalar var və məhkəmə çəkişmələri olarsa, onları təqdim etməyə hazırıq . Qeyd etmək istərdim ki, biz bütün ağlabatan tələblərinizi yerinə yetirmişik. Rəhbərliyiniz və layihə komandanız bir neçə dəfə dəyişdi və biz hər dəfə onların yeni istəklərinə uyğunlaşdıq. Əvvəlcədən təqdimat keçirilib, hər kəs sistemlə tanış oldu və yalnız sizin tərəfinizdən təsdiqləndikdən sonra onun həyata keçirilməsi üçün müqavilə imzalandı. Əgər nədənsə sistemdən istifadə etmək istəmirsinizsə, bu sizin hüququnuzdur, lakin buna görə bizi qınamağınız mümkün deyil. Bu sistemi sizin holdinqdə də tətbiq etmişik və problemsiz işləyir. Mən İddiaçıun baş direktoru ilə və mümkünsə holdinqin menecerləri ilə görüşmək istərdim ki, gələcək addımları müzakirə edək. Müəssisənizdə proqramın vəziyyətinin müstəqil auditini aparmağa hazırıq”.

18. İddiaçı MMC (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında proqram təminatı ilə bağlı texniki xidmətlərin göstərilməsi barədə xx.xx.2024-cü il tarixdə TG-URC-001 saylı müqavilə bağlanmış, müqaviləyə görə icraçı, sifarişçinin tapşırığına əsasən sifarişçinin “1C 8.3” proqram təminatı (Məhsul) ilə əlaqədar sifarişçinin tələblərinə uyğun olaraq müvafiq xidmətləri göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib dəyəri müqaviləyə uyğun icraçıya ödəməyi öhdələrinə götürmüşlər.

19. İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına xx.xx.2024-cü il tarixli TG-URC-001 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 125 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat köçürülmüşdür (iş. cild İ, səh. 209-212).

20. "xxxx" MMC ilə "xxxx" MMC, “X7 Company” MMC, "xxxx" MMC, "xxxx" MMC, “X4 Company” MMC, “X5 Company” MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və “X6” MMC arasında müxtəlif tarixlərdə proqram təminatı ilə bağlı texniki xidmətlərin göstərilməsi barədə müqavilələr bağlanmış, adı çəkilən hüquqi şəxslər tərəfindən "xxxx" MMC-nin hesabına həmin müqavilələr üzrə pul vəsaitləri köçürülmüşdür (iş. cild İ, səh. 159-208).

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

21. İddiaçı MMC (iddiaçı) "xxxx" MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, müqavilə üzrə ödənilmiş 20 400 manat avansın, həmçinin 151,2 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış PMDH-TCH 01 nömrəli Xidmət Müqaviləsinə əsasən, cavabdeh “HRB” proqram təminatının quraşdırılması və təhvil verilməsini öhdəsinə götürmüş, müqaviləyə 17 yanvar 2024cü il tarixli Əlavə ilə dəyişiklik edilmiş və bu əsasla iddiaçı tərəfindən cavabdehin bank hesabına xx.xx.2024-cü il tarixində 20 400 manat məbləğində avans ödənişi həyata keçirilmişdir. Sözügedən əlavə ilə xidmətlərin hissə-hissə icra olunması və mərhələli şəkildə təhvili nəzərdə tutulmuşdur. Xidmətin əsas texniki xüsusiyyətləri və konkret tələblər müqavilənin xx.xx.2022-ci il tarixli “Xidmətlərin Xüsusiyyətləri” adlı Əlavəsində açıq şəkildə göstərilmiş və sistemin əsas hissəsinin (HR və Əmək haqqı modullarının) 4-6 ay müddətində quraşdırılması nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən bu müddətlərə nəinki əməl olunmamış, əksinə, proqram təminatı heç bir müəssisəyə tam funksional şəkildə təqdim edilməmişdir. 5 müəssisədə quraşdırılma işlərinə formal olaraq başlanılsa da, təqdim olunan proqramlar texniki və funksional baxımdan yararsız, sistem baxımından qeyri-stabil, təhlükəsizlik və məxfilik baxımından isə ciddi risklərlə müşayiət olunmuşdur. Belə ki, fərqli müəssisələrin məlumatları bir-biri ilə qarışmış, bəzi müəssisələr digər müəssisələrin məlumatlarına çıxış əldə etmiş, bu isə kommersiya sirri və iş etikasına ciddi zərbə vurmuşdur. Müqavilənin 2.3.1-ci bəndinə əsasən, cavabdeh xidmətləri iddiaçını qane edəcək şəkildə təqdim etməyi öhdəsinə götürmüşdür. Lakin bugünkü tarixə qədər nə bir təhvil-təslim aktı təqdim olunmuş, nə də proqram təminatı normal işlək vəziyyətdə istifadəyə verilməmişdir. İddiaçı tərəfindən dəfələrlə rəsmi müraciət göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən problemi aradan qaldırmaq üçün real və təsirli tədbirlər görülməmiş, bu isə iddiaçının fəaliyyətini ciddi şəkildə ləngitmiş və strateji planlarını pozmuş, maddi itkiyə səbəb olmuşdur. Belə ki, program təminatının düzgün çalışmaması səbəbindən iddiaçı öz müəssisəsində oxşar xidmətlərlə bağlı fəaliyyət göstərən 1C program təminatı xidmətlərindən də istifadə etmiş, nəticədə eyni xidmətə görə iki dəfə ödəniş etməli olmuşdur. Cavabdeh, müqavilənin 6.2.1-ci bəndinə əsasən, xidmətlərin peşəkar və səlahiyyətli şəkildə həyata keçirilməsinə təminat versə də, bu təminat yalnız kağız üzərində qalmış, əməldə isə öz təsdiqini tapmamışdır. Yaranmış vəziyyət iddiaçını birtərəfli qaydada müqaviləyə xitam vermək məcburiyyətində qoymuş və bu barədə cavabdeh xx.xx.2025-ci il tarixli № T5-25 saylı rəsmi xəbərdarlıq məktubu ilə məlumatlandırılmışdır. Həmin məktubda xidmətlərin göstərilmədiyi qeyd olunmuş və bu səbəbdən ödənilmiş avansın geri qaytarılması tələb olunmuşdur. Lakin cavabdeh bu haqlı tələbi əsassız olaraq rədd etmiş və iddiaçının maddi və reputasiya baxımından zərərə uğramasına səbəb olmuşdur.

23. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə vermiş, Cavabdeh MMC-dən müqavilə üzrə ödənilmiş 20 400 manat məbləğində avansın, 31 570 manat məbləğində vurulmuş zərərin, həmçinin iş üzrə məhkəməyə ödənilmiş 151,2 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Cavabdehin nümayəndəsi (vəkili) tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz ərizəsi təqdim edilmiş, etirazda aşağıdakılar göstərilmişdir: “... İddia tələbi əsassızdır, belə ki, İddiaçı MMC Cavabdeh MMC-yə məktubla müraciət edərək müqaviləyə xitam verilməsini istəmişdir. İddiaçı MMC müqavilənin xitam verilməsinə dair tutarlı səbəb gətirməmişdir. Tutarlı səbəb olmadan müqaviləyə xitam verilə bilməz. Cavabdeh MMC İddiaçı MMC-yə məktubla müraciət etmiş, məktubda sistemin 90% tamamlanması, sərf olunan vaxt və resurslara görə borclu olduqlarını xəbərdar etmiş, əgər ödənişdən imtina edilərsə sistemin vəziyyəti ilə bağlı müstəqil audit araşdırmasının başladılmasının mümkünlüyü bildirilmişdir. Layihənin gecikməsinə İddiaçı MMC şirkəti səbəb olmuşdur. Gecikmə ilə bağlı bütün müvafiq sənədlər, yazışmalar var. Tərəflərindən bütün ağlabatan tələblər yerinə yetirilmişdir. İddiaçı MMC-yə göndərilən məktubda qrupun baş direktoru və mümkünsə menecerləri ilə görüşüb gələcək addımları müzakirə etməyə hazır olduqlarını bildirmişlər. Həmçinin məktubda əks iddia qaldırılıb müəssisədə proqramın vəziyyətinin müstəqil auditini aparmağa hazır olduğu bildirilmişdir. Göründüyü kimi Cavabdeh MMC-nin günahı ucbatından deyil də, İddiaçı MMC-nin müqavilyə xitam vermək istəməsi səbəbindən işin tamamlanmaması Cavabdeh MMC-nin məsuliyyəti deyildir. İddiaçı MMC müqavilənin şərtlərini çətinləşdirmişdir ki, iş icra olunmasın və beləliklə də müqavilənin ləğvi ilə bağlı tələb irəli sürə bilsinlər. Müqavilənin pozulması şəraitini yaratmağa çalışmışlar. Halbuki özləri müqavilənin şərtlərini pozublar. İddiaçı müqaviləni pozmaqla cavabdeh MMC-ni günahkar hesab etmək istəyir. Əgər iddiaçı müqaviləni pozmaq istəsə cavabdehə kompensasiya ödəməli olardı. İddia tələbinin hüquqi əsası yoxdur”.

25. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında həmçinin bildirmişdir ki, görülmüş xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı təhvil sənədi verilməmiş, proqram təminatı işlək vəziyyətdə olmadığından, heç bir şəkildə proqram təminatından istifadə edə bilməmişlər. Tərəflər arasındakı yazışmalar zamanı bu məsələ ilə bağlı iradlar mail yazışmaları ilə qarşı tərəfə bildirilmiş, lakin problem həll edilməmişdir. İddia tələbinin ikinci hissəsini təşkil edən 31 570 manat məbləğ zərərin real zərər növünə aiddir, belə ki, iddiaçı cavabdeh tərəfindən lazımi keyfiyyətdə xidmət göstərilmədiyi üçün yeni müqavilələr bağlamağa və iki dəfə ödəniş etməyə məcbur olmuşdur.

26. Cavabdehin məhkəmə iclasında iştirak edən qanuni təmsilçisi X1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, müqaviləni özü bağlamış, müqavilə ilkin olaraq 2022-ci ildə iddiaçının əvvəlki adı – "xxxx" MMC ilə bağlanmış, daha sonra şirkətin adı və rəhbəri dəyişmişdir. Cavabdeh tərəfindən iddiaçıya HRB və əmək haqqı proqramları yazılmış, proqramlar 2022-ci ildə başlanılmış, 2024-cü ilin dekabr ayında bitmişdir. Müqavilədə müddət göstərilməmişdir, iddiaçının istinad etdiyi 4-6 aylıq müddətə dair məlumatı yoxdur. 2024-cü ilin dekabr ayında 5 oteldə, cəmi 6 müəssisədə iş tamamlanmışdır. Onlar tərəfindən iddiaçıya oktyabr ayında təhvil-təslim aktları göndərilmişdir, aktlar poçt vasitəsi ilə göndərilməmiş, cavabdehin işçisi tərəfindən iddiaçı şirkətə aparılmışdır. Lakin aktlara iddiaçı tərəfindən cavab verilməmişdir. Proqram işlək vəziyyətdə olmuşdur. Tərəfindən hotellərə göndərilən məktublar sübut edir ki, sistem quraşdırılıb və istifadə edilir. 20 400 manat avans məbləğinin iddiaçı tərəfindən onlara ödənilməsini qəbul edir.

27. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək tələbin rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, tərəflər arasında dəfələrə yazışmalar olmuş, proqramda problem olduğu təqdirdə düzəldiləcəyi bildirilmişdir. Təhvil-təslim aktları verilmiş, lakin iddiaçı tərəfindən qəbul edilməmişdir. İddiaçı pretenziya məktubu ilə müraciət etmiş, heç bir işin görülmədiyini bildirmiş, həmin məktuba cavab olaraq, işlərlə bağlı xidmətlərin görüldüyü qeyd olunmuş, hər hansı problem yaşandığı halda işlərin tamamlanacağı bildirilmişdir. İlkin iddia ərizəsində işlərin görüldüyü, lakin sona qədər görülmədiyi bildirilmişdir, pretenziya məktubunda isə işlərin görülmədiyi və avansın qaytarılması tələbi vardır. Avans müəyyən iş başlanıldığı və ya başlanılmalı olduğu halda verilir. İşlərə başlanılmış, müəyyən məsələlərə görə isə iddiaçı tərəfindən prosesin ortasında işlər dayandırılmışdır.

28. Birinci instansiya məhkəməsinin 12 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMC-dən müqavilə üzrə ödənilmiş 20 400 (iyirmi min dörd yüz) manat avans məbləğinin və 151,2 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

29. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

29.1. Müəyyən edildi ki, iddiaçının cavabdeh qarşısında müqavilə üzrə ödənilmiş avans məbləğinin geri qaytarılması və zərərin ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. 29.2. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC ilə "xxxx" MMC (hazırda İddiaçı MMC) arasında bağlanmış xx.xx.2022-ci il tarixli PMDH-TCH 01 saylı müqavilənin 5.2-ci bəndində icraçı tərəfindən xidmətlərin icrasını əks etdirən təhviltəslim aktının sifarişçiyə təqdim edilməsi, xx.xx.2024-cü il tarixli müqaviləyə 2 saylı əlavə əsasında isə xidmətlərin göstərilməsi üzrə ödənişin 3 hissəyə bölünməsi və iddiaçı tərəfindən 20 400 manat avans ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddiaçıya göndərilən EBDX seriyalı 869286 saylı xx.xx.2024-cü il tarixli elektron qaimə əsasında cavabdehin hesabına ƏDV daxil 20 400 manat avans ödənişi köçürülmüş, avans cavabdeh tərəfindən qəbul edilmiş, bu fakt məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi tərəfindən də təsdiq edilmişdir. İddiaçı hazırda avans ödənişinin geri qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə çıxış edir. Cavabdeh isə proqram təminatı üzrə xidmətlərin iddiaçıya təhvil verildiyinə və müqavilə şərtlərinin iddiaçı tərəfindən pozulduğuna istinad edərək iddia tələbinin əsassız olduğunu bildirir. 29.3. Məhkəmə ilkin olaraq tələbin avans ödənişinin geri qaytarılması hissəsinə hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir: Avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir. 29.4. Tərəflər bağladıqları müqavilənin şərtlərinə əsasən (5.1-ci bənd) proqram təminatının quraşdırılmasının təhvil-təslim aktı əsasında rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişlər. Digər tərəfdən iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə müraciət edərək 20 400 manat avans ödənişinin geri qaytarılmasını tələb etmişdir. İddiaçının iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəldiyindən həmin tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. 29.5. İddiaçı cavabdeh tərəfindən xidmətlərin lazımı qaydada göstərilməməsinə, hər hansı bir təhvil sənədinin təqdim edilməməsinə istinad edərək avans ödənişini geri tələb etdiyindən, cavabdeh isə proqram təminatının təhvil verildiyinə istinad etdiyindən MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından müqavilə üzrə göstərilmiş xidmətlərin təhvil verilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh məhkəmə iclasında bu aktların mövcud olmasına istinad etməsinə baxmayaraq, həmin sənədləri və etirazında göstərdiyi digər dəlilləri (xidmətlərin lazımı qaydada göstərilməməsinin iddiaçının hərəkətləri ilə bağlı olmasını) təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyin lazımi qaydada icrasını məhkəmədə sübuta yetirə bilməmişdir. 29.6. İş materiallarına əlavə edilmiş e-mail yazışmalarına münasibətdə məhkəmə qeyd edir ki, həmin yazışmalar proqram təminatı quraşdırılan zaman tərəflər arasında danışıqları və əmələ gələn qüsurları əhatə etməklə, proqramın cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada təhvil verilməsini sübut etməyə əsas vermir. Cavabdeh tərəfindən müqavilə üzrə xidmətlərin lazımi qaydada icra edilməməsi iddiaçının proqram təminatının quraşdırılması üçün digər şirkətlərlə yeni müqavilə bağlaması ilə də təsdiq edilir. Belə ki, iddiaçı həmin müqaviləni və ödəniş tapşırıqlarını iş materiallarına əlavə etmişdir. 29.7. Qeyd edilənlərə əsasən məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, tərəflər arasında bağlanan müqaviləyə xitam verilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı avans ödənişinin geri qaytarılmasını tələb etməkdə haqqlıdır və iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 20 400 manat avans məbləği tutularaq İddiaçı MMC-yə ödənilməlidir. 29.8. İddiaçı həmçinin 31 570 manat məbləğində vurulmuş zərərin tutulması tələbi ilə çıxış edir. Məhkəmə iddia tələbini həmin hissədə əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir: İddiaçı tələbin əsası kimi ikinci proqram təminatından istifadə olunması nəticəsində eyni xidmətə görə iki dəfə ödəniş edilməsinə, nəticədə iddiaçıya maddi zərər dəyməsinə istinad etmişdir. Həmçinin iddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasında məhkəmənin sualına cavab olaraq 31 570 manat məbləğin real zərər növünə aid olduğunu qeyd etmişdir. 29.9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün 3 şərt tələb olunur: 1. zərərin özünün varlığı, 2. zərər vuranın təqsirli və hüquqa zidd əməli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) 3. əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu. Beləliklə, mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Real zərər varsa, əmlak hüququ pozulur və zərər vuran tərəfindən öhdəlik yaranır. Göründüyü kimi, hazırki iş üzrə delikt üzrə məsuliyyətin yaranmasının şərti - zərərin mövcudluğu öz təsdiqini tapmır. Maddi zərər, zərərə məruz qalmış şəxsin əmlakında zərər vurulduqdan sonra meydana gələn vəziyyətlə bu zərər vurmadan əvvəl mövcud olan vəziyyət arasındakı fərqi ifadə edir. Maddi zərərin mövcudluğu üçün zərər vurmadan əvvəlki vəziyyətə nəzərən zərər vurmadan sonra şəxsin əmlakında bir azalmanın meydana gəlməsi tələb olunur (MM-in 21 və 1096-cı maddələr). Bir sözlə, maddi zərər şəxsin əmlak vəziyyətində hüquqa zidd əməl nəticəsində yaranmış itkini nəzərdə tutur və maddi zərərin əvəzinin ödənilməsi məhz bu itkinin aradan qaldırılmasına istiqamətlənməklə şəxsin əmlak vəziyyətində zərər vurulan anadək mövcud olmuş vəziyyətin bərpasına xidmət edir. Hazırkı işin hallarından delikt üzrə məsuliyyətin əmələ gəlmə əsasları baxımından qiymətləndirilməsi cavabdehin iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıması nəticəsinə gəlməyə əsas vermir.

30. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci, 386.1-ci, 398.1-ci, 399.1-ci, 425.1-ci, 442-ci, 445.2.1-ci, 448.1-ci, 491.3-cü, 1096-cı, 1097-ci maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarına istinad etmişdir.

31. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə - ləğv edilməsini və iddianın həmin hissədə də təmin olunmasını xahiş etmiş, məhkəmənin mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını və maddi hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürməklə şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “İddiaçı zərərlə bağlı hissədə iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh problemi aradan qaldırmadığı və program təminatının düzgün çalışmaması səbəbindən İddiaçı öz müəssisəsində oxşar xidmətlərlə bağlı fəaliyyət göstərən 1C proqram təminatı xidmətlərindən də istifadə etmişdir. Belə ki, həm HRB, həm də 1C proqram təminatlarının əsas funksiyası əmək haqqının avtomatlaşdırılmış şəkildə hesablanmasını təmin etməkdir. HRB proqram təminatı bu məqsədlə sifariş edilmişdi və müqaviləyə əsasən iddiaçının 13 müəssisələrində quraşdırılmalı idi. Lakin cavabdeh tərəfindən proqram tam funksional təqdim olunmadığı üçün iddiaçı əmək haqqı hesablanması funksiyasını alternativ olaraq 1C proqram təminatı vasitəsilə həyata keçirməyə məcbur qalmışdır. Bu isə eyni funksiyanı yerinə yetirən ikinci bir proqram təminatı üçün əlavə ödəniş edilməsinə və nəticədə iddiaçı üçün maddi zərərin yaranmasına səbəb olmuşdur. Nəticədə eyni xidmətə görə iki dəfə ödəniş etməli olmuşdur. İddiaçı proqram təminatını alternativ təminatçıdan əldə etmək məcburiyyətində qaldığı üçün cavabdeh tərəfindən xidmətlərin təhvili üçün nəzərdə tutulmuş 6 aylıq müddət nəzərə alınmaqla xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək digər şirkətə eyni xidmət üzrə 31 570.00 (otuz bir min beş yüz yetmiş) manat əlavə maliyyə xərci çəkmişdir. Hansı ki, HRB program təminatı təhvil verilsə idi, eyni xidmətə görə ikinci şirkətə ödəniş edilməyəcəkdi. Qeyd edilənlərə baxmayaraq məhkəmə vurulan zərər hissəsində iddianı rədd etmiş və bu nəticəyə zərərin mövcudluğunun təsdiqlənmədiyi, təqdim edilmiş sənədlərin əmlak azalmasını sübut etmədiyi əsasları ilə gəlmişdir. Lakin məhkəmə təqdim edilmiş və iş materiallarına əlavə edilən HRB proqramının işləməməsi səbəbindən eyni əməliyyatların 1C proqram təminatında aparılmasına dair müqavilə və ödəniş sənədlərinə baxmayaraq sübutları dəyərləndirməmişdir. Bu sənədlər ikiqat ödəniş faktını və əmlak vəziyyətində real azalmanı təsdiqləyir. Məhkəmə həmin sübutları tam və hərtərəfli qiymətləndirməmiş, nəticədə iddianın zərər hissəsini əsassız olaraq təmin etməmişdir. Məhkəmə zərəri delikt məsuliyyəti prizmasında şərh etmişdir (MM 1096-1097). Lakin iş müqavilə münasibətindən irəli gəlir və məsuliyyət müqavilə öhdəliyinin lazımınca icra edilməməsi (MM 442, 445, 448) kontekstində qiymətləndirilməlidir. İddiaçı və cavabdeh arasında bağlanmış xidmət müqaviləsinin 6.2.2-ci bəndində qeyd olunur ki, “İcraçı özünün yol verdiyi müqavilə pozuntusu, özünün səhlənkarlığı və ya xətası ilə əlaqədar bütün itkilər, ziyan və xərclərdən, o cümlədən tələb araşdırma və iddialardan, Sifarişçini qoruyacaq, sığortalayacaq və zərərsizləşdirəcək”. Bu bənd göstərir ki, məsuliyyətin əsası müqavilə pozuntusudur və müqavilədə zərərin əhatəsi əvvəlcədən müəyyənləşdirilib. Cavabdeh öhdəliyini müqavilə şərtlərinə uyğun yerinə yetirmədiyindən sifarişçiyə əlavə xərc (eyni xidmətə görə ikinci ödəniş) yüklənmişdir. Bu, mülki hüquq üzrə məsuliyyət üçün tam yetərlidir. Bu işdə məhkəmə təqdim edilmiş 1C müqaviləsi, faktura və ödəniş tapşırıqlarını hərtərəfli qiymətləndirməyib, HRB-nin yararsızlığı ilə paralel ödənişlər arasında səbəbli əlaqəni kifayət qədər araşdırmayıb. Beləliklə, hərtərəfli və obyektiv tədqiq tələbi pozulmuşdur. İddiaçı ikiqat ödəniş faktını (HRB işləmədiyi üçün 1C-yə ödənişlər) müqavilə, faktura və ödəniş sənədləri ilə sübut etmişdir. Lakin məhkəmə bu sənədlərə hüquqi qiymət verməmiş, real zərərin mövcudluğu barədə əsaslandırılmış nəticə çıxarmamışdır. Nəticədə təqdim edilmiş sübutlar əsassız sayılmışdır. Məhkəmə 1C program təminatına ödənişlərinin dövrlər üzrə HRB-nin yararsızlığına və vaxtında təhvil verilməməsinə uyğunluğunu təhlil etməyib və səbəbli əlaqəni (HRB yararsızlığı - 1C-yə məcburi xərclər - əmlak azalması) hüquqi nəticəyə bağlamayıb. Beləliklə, sübutların obyektiv və tam qiymətləndirilməsi tələbi pozulmuşdur. Qətnamədə qeyd olunmuşdur ki, “maddi zərərin mövcudluğu təsdiqini tapmır”. Halbuki işin faktları (HRB işləmədiyi üçün 1C proqramına əlavə ödənişlərin edilməsi) və təqdim edilmiş sənədlrə əksini sübut edir”.

32. Qətnamədən cavabdehin nümayəndəsi də apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...Məhkəmə qətnaməsində ziddiyətli mövqe tutaraq yazmışdır ki, “hazırda iddiaçı cavabdeh tərəfindən xidmətlərin lazımı qaydada göstərilməməsinə, hər hansı bir təhvil sənədinin təqdim edilməməsinə istinad edərək avans ödənişini geri tələb etdiyindən, cavabdeh isə proqram təminatının təhvil verildiyinə istinad etdiyindən AR MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından müqavilə üzrə göstərilmiş xidmətlərin təhvil verilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh məhkəmə iclasında bu aktların mövcud olmasına istinad etməsinə baxmayaraq, həmin sənədləri və etirazında göstərdiyi digər dəlilləri (xidmətlərin lazımı qaydada göstərilməməsinin iddiaçının hərəkətləri ilə bağlı olmasını) təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyin lazımi qaydada icrasını məhkəmədə sübuta yetirə bilməmişdir. İş materiallarına əlavə edilmiş e-mail yazışmalarına münasibətdə məhkəmə qeyd edir ki, həmin yazışmalar proqram təminatı quraşdırılan zaman tərəflər arasında danışıqları və əmələ gələn qüsurları əhatə etməklə, proqramın cavabdeh tərəfində müqavilədə nəzərdə tutulmuş qaydada təhvil verilməsini sübut etməyə əsas vermir. Məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə xidmətlərin lazımi qaydada icra edilməməsi iddiaçının proqram təminatının quraşdırılması üçün digər şirkətlərlə yeni müqavilə bağlaması ilə də təsdiq edilir. Belə ki, iddiaçı həmin müqaviləni və ödəniş tapşırıqlarını iş materiallarına əlavə etmişdir”. Məhkəmənin bu dəlilləri ilə tamamilə razılaşmırıq, cünki bütün bu göstərilənlər bir daha təsdiq edir ki, avans ödənişinin qaytarılmasına heç bir əsas yoxdur, cavabdeh proqram təminatı üzrə xidmətlərin iddiaçıya təhvil verildiyinə və müqavilə şərtlərinin iddiaçı tərəfindən pozulduğuna istinad edərək iddia tələbinin əsassız olduğunu bildirsədə nədənsə məhkəmə əsassız iddianı qismən təmin etmişdir, lakin qətnaməsini əsaslandıra bilməmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, İddiaçı MMC Cavabdeh MMC-yə məktubla müraciət edərək müqaviləyə xitam verilməsini istəmişdir. İddiaçı MMC müqavilənin xitam verilməsinə dair tutarlı səbəb gətirməmişdir. Tutarlı səbəb olmadan müqaviləyə xitam verilə bilməz. Cavabdeh MMC İddiaçı MMC-yə məktubla müraciət etmişdir. Həmin məktubda sistem 90% tamamlanması, sərf olunan vaxt və resurslara görə borclu olduqlarını xəbərdar etmişdir. Əgər ödənişdən imtina edilərsə sistemin vəziyyəti ilə bağlı müstəqil audit araşdırmasının başladılmasının mümkünlüyü bildirilmişdir. Layihənin gecikməsinə İddiaçı MMC şirkəti səbəb olmuşdur. Gecikmə ilə bağlı bütün müvafiq sənədlər, yazışmalar var. Tərəflərindən bütün ağlabatan tələblər yerinə yetirilmişdir. İddiaçı MMC-yə göndərilən məktubda qrupun baş direktoru və mümkünsə menecerləri ilə görüşüb gələcək addımları müzakirə etməyə hazır olduqlarını bildirmişlər. Həmçinin məktubda əks iddia qaldırılıb müəssisədə proqramın vəziyyətinin müstəqil auditini aparmağa hazır olduğu bildirilmişdir. Göründüyü kimi Cavabdeh MMC- nin günahı ucbatından deyil də, İddiaçı MMC-nin müqavilyə xitam vermək istəməsi səbəbindən işin tamamlanmaması Cavabdeh MMC-nin məsuliyyəti deyildir. İddiaçı MMC müqavilənin şərtlərini çətinləşdirmişdir ki, iş icraolunmasın və beləliklə də müqavilənin ləğvi ilə bağlı tələb irəli sürə bilsinlər. Müqavilənin pozulması şəraitini yaratmağa çalışmışlar. Halbuki özləri müqavilənin şərtlərini pozublar. İddiaçı müqaviləni pozmaqla cavabdeh MMC-ni günahkar hesab etmək istəyir. Əgər iddiaçı müqaviləni pozmaq istəsə cavabdehə kompensasiya ödəməli olardı. İddia tələbinin hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən cavabdehə qarşı qaldırılmış iddia tələbinin əsassız olduğu üçün iddianı təmin edilməməsi məhkəmədən xahiş edilmişdir, lakin məhkəmə bütün bu göstərilənləri nəzərə almadan əsassız iddianı qismən təmin etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi X1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, müqaviləni özü bağlamışdır. Müqavilə ilkin olaraq 2022-ci ildə iddiaçının əvvəlki adı - PMD Hospitality MMC ilə bağlanmışdır, daha sonra şirkətin adı və rəhbərin dəyişmişdir. Cavabdeh tərəfindən iddiaçıya HRB və əmək haqqı proqramları yazılmış, proqramlar 2022-ci ildə başlanılmış 2024-cü ilin dekabr ayında bitmişdir. Müqavilədə müddət göstərilməmişdir, iddiaçının istinad etdiyi 4-6 aylıq müddətə dair məlumatı yoxdur. 2024-cü ilin dekabr ayında 5 oteldə, cəmi 6 müəssisədə iş tamamlanmışdır. Onlar tərəfindən iddiaçıya oktyabr ayında təhvil- təslim aktları göndərilmişdir, aktlar poçt vasitəsi ilə göndərilməmiş, cavabdehin işçisi tərəfindən iddiaçı şirkətə aparılmışdır. Lakin aktlara iddiaçı tərəfindən cavab verilməmişdir. Proqram işlək vəziyyətdə olmuşdur. Onun tərəfindən hotellərə göndərilən məktublar sübut edir ki, sistem quraşdırılıb və istifadə edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək tələbin rədd edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında dəfələrə yazışmalar olmuş, proqramda problem olduğu təqdirdə düzəldiləcəyi bildirilmişdir. Təhvil-təslim aktları verilmiş, lakin iddiaçı tərəfindən qəbul edilməmişdir. İddiaçı pretenziya məktubu ilə müraciət etmiş, heç bir işin görülmədiyini bildirmişdir. Həmin məktuba cavab olaraq, işlərlə bağlı xidmətlərin görüldüyü qeyd olunmuş, hər hansı problem yaşandığı halda işlərin tamamlanacağı bildirilmişdir. İlkin iddia ərizəsində işlərin görüldüyü lakin, sona qədər görülmədiyi bildirilmişdir. Pretenziya məktubunda isə işlərin görülmədiyi və avansın qaytarılması tələbi vardır. Avans müəyyən iş başlanıldığı və ya başlanılmalı olduğu halda verilir. İşlərə başlanılmışdır. Məhkəmə iddianı tamamilə rədd etmək əvəzinə iddianı qismən təmin etmişdir. İddiaçı əsassız olaraq cavabdehdən pul tələb etmişdir. Belə ki, məhkəmə isə bunları nəzərə almadan qətnamə qəbul etmişdir. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyim faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını ondan ibarətdir ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçı özünə sərf etdiyi sənədləri təqdim etmişdir, digər sənədləri tam təqdim etməmişdir, caavdbehin dəlillərinə lazımi hüquqi qiymət verməmişdir, məhkəmə isə iş üzrə sübutları tam araşdırmamışdır. Lakin buna baxmayaraq məhkəmə iddianı tamamilə rədd etmək əvəzinə iddianı qismən təmin etmişdir, formal mülahizələrlə qətnaməsini əsaslandırmağa calışmışdır. Belə olan halda məhkəmə tərəfindən əsassız avans pul tələbi ilə bağlı dəlilləri tamamilə əsassızdır. ... Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 398.1, 399.1, 425.1, 442, 445.2.1, 448.1, 491.3-cü maddələrinə istinad edərkən nəzərə almamışdır ki, cavabdeh proqram təminatı üzrə xidmətlərin iddiaçıya təhvil verildiyinə və müqavilə şərtlərinin iddiaçı tərəfindən pozulduğuna istinad edərək iddia tələbinin əsassız olduğunu bildirsədə nədənsə məhkəmə əsassız iddianı qismən təmin etmişdir, lakin qətnaməsini əsaslandıra bilməmişdir. Belə ki, məhkəmə avans pulun tutulmasında səhvə yol vermişdir. Məhkəmə isə bu hallara lazımi hüquqi qiymət verməmişdir, bu məsələni ümümiyyətlə araşdırmamışdır. Məhkəmə nəzərə almamışdır ki. cavabdeh tərəfindən iddiacıya oktyabr ayında təhvil-təslim aktları göndərilmişdir, aktlar poçt vasitəsi ilə göndərilməmiş, cavabdehin işçisi tərəfindən iddiaçı şirkətə aparılmışdır. Lakin aktlara iddiaçı tərəfindən cavab verilməmişdir. Proqram işlək vəziyyətdə olmuşdur. Cavabdeh tərəfindən hotellərə göndərilən məktublar sübut edir ki, sistem quraşdırılıb və istifadə edilir. Məhkəmə iddiaçı tərəfindən düzgün olmayan məlumatın verilməsi və əsassız olaraq cavabdehdən avans pulun tələb etməsi hallarını araşdırılmamışdır”.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

33. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir.

Apellyasiya baxışı, izahat

34. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi təmsil etdiyi hüquqi şəxsin apellyasiya şikayətini müdafiə edərək izahatında həmçinin bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli PMDH-TCH 01 saylı Xidmət Müqaviləsi və həmin müqaviləyə edilmiş Əlavələrlə tənzimlənən HRB proqram təminatının quraşdırılması və istifadəyə verilməsi üzrə öhdəliklər müqavilədə nəzərdə tutulmuş 6 aylıq müddət ərzində tam və funksional şəkildə icra olunmamış, müqavilə və əlavələr üzrə təmin edilməli program təminatı tam və işlək vəziyyətdə olmadığından, iddiaçı bu dövr ərzində eyni funksiyanı icra edə bilmək üçün 1C proqram təminatından məcburi şəkildə istifadəni davam etdirmiş və aylıq ödənişlər etmişdir. Bu isə Mülki Məcəllənin 21.2-ci maddəsi mənasında “real zərər” kimi qiymətləndirilən “eyni xidmətə görə ikiqat ödəniş yükü”nün yaranmasına səbəb olmuşdur. Çünki iddiaçı avans ödəmiş və qeyd olunan müddətdə işlərin yekunlaşaraq ona təhvil veriləcəyinə güman etmişdir. Müqavilə üzrə təsdiqlənmiş xidmət haqqını müəyyən edən xx.xx.2022-ci il tarixli Əlavə №1 nəzərə alınmaqla HRB proqram təminatının aylıq xidmət haqqı hər bir müəssisə üçün 184,61 AZN, 1C proqram təminatının aylıq xidmət haqqı isə xx.xx.2024-cü il tarixli Əlavə əsasında 400 AZN təşkil edir. Bu xidmətlər arasında yaranan aylıq fərq 215,39 AZN olmaqla, iddiaçı tərəfindən HRB proqram təminatının müqavilə üzrə tam funksional istifadəyə verilməməsi səbəbindən xx.xx.2024 xx.xx.2025 dövründə cəmi 16 585 AZN (on altı min beş yüz səksən beş) məbləğində artıq ödəniş fərqi formalaşmışdır.

35. Suallara cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında proqram təminatı ilə bağlı texniki xidmətlərin göstərilməsi barədə xx.xx.2024-cü il tarixdə bağlanmış TG-URC-001 saylı müqavilə ilə yanaşı, İddiaçı MMC-nin müəssisələri ("xxxx" MMC, “X7 Company” MMC, "xxxx" MMC, "xxxx" MMC, “X4 Company” MMC, “X5 Company” MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, “X6” MMC) özləri də "xxxx" MMC ilə ayrıca müqavilələr bağlamış və ödənişlər həyata keçirmişlər, lakin həmin müəssisələrin həyata keçirdikləri ödəmələr İddiaçı MMC-nə dəymiş ziyan kimi qiymətləndirilməlidir.

36. İşə baxılmasının vaxtı (yeri) barədə dəfələrlə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə prosesində nümayəndələrinin iştirakını təmin və apellyasiya şikayətində istinad etdikləri hallarla bağlı sübutları (müvafiq proqram təminatı, təhvil-təslim aktı və s.) təqdim etməyəcəkləri halda MPM-nin 106.2-ci maddəsinin tətbiq olunacağı barədə xəbərdarlıq məktubundan sonra isə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

38. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

39. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

40. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

41. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.https://eqanun.az/framework/59545

42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

43. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

44. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

45. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

46. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

47. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

48. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

49. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

50. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

51. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

52. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

53. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

54. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

55. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

56. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

57. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

58. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

59. Maddə 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun.

60. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

61. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

62. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

63. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

64. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.

65. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

66. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

67. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı

68. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

69. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

70. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

71. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

72. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

74. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

75. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

76. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

77. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

78. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

79. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

80. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

81. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

82. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

83. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

84. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

85. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

86. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

87. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

88. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

89. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

90. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhlil olunmalıdır (§ 49, 50).

91. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

92. İddiaçının iddia tələb(lər)ini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat (xidmət) müqaviləsi ilə bağlı müddəaları (§ 56-65) nəzərdən keçirilə bilər – çünkü tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli PMDH-TCH 01 saylı müqavilə həm podrat (proqram təminatının quraşdırması öhdəliyi üzrə), həm də xidmət (həmin proqram təminatına aid texniki dəstəyin göstərilməsi öhdəliyi üzrə) münasibətlərini ehtiva edir.

93. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin ayrı-ayrı fəsillərində xidmət xarakterli öhdəlik münasibətlərinə dair müddəalar (tapşırıq, brokerlik, daşıma və s.) təsbit olunsa da, “Xidmət müqaviləsi” adlı ayrıca müqavilə növü nəzərdə tutulmamışdır – lakin bu hal, podratla birgə digər müqavilələrin əlamətlərini ehtiva edən qarışıq tipli müqavilələr (podrat-xidmət-alqı-satqı, podratxidmət-icarə və s.) bağlanılması imkanını istisna etmir (§ 46).

94. Qarışıq müqavilədən yaranan mübahisə üzrə isə, ilk olaraq mübahisənin ünsürləri olan müqavilələrin hansı birinə aid hissədə əmələ gəldiyi müəyyən edilməli və mübahisə həmin müqaviləyə dair qaydalar tətbiq edilməklə həll edilməlidir.

95. İddiaçının iddia tələb(lər)ini əsaslandırdığı hallardan görünür ki, tərəflər arasında mübahisə iddiaçının, cavabdeh tərəfindən proqram təminatının quraşdırması öhdəliyinin (podrat öhdəliyi) icra edilmədiyinin irəli sürülməsi kontekstində yaranmışdır.

96. Bu baxımdan nəzərə alınmalıdır ki, işin görülməsi üçün podratçıya verdiyi pul vəsaitinin məbləğini və işin qüsurlarla yerinə yetirildiyini sübutetmə yükü iddiaçının, işin icrasının qüsursuz həyata keçirilməsi ilə bağlı sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Xüsusilə qeyd olunmalıdır ki, əgər iddiaçı (sifarişçi) müqaviləni ləğv etməsinə səbəb kimi bilavasitə podratçının hərəkətlərini (hərəkətsizliyini) göstərirsə, podratçının belə hərəkətlərə (hərəkətsizliyə) yol veribverməməsinə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən qiymət verilməli, eyni zamanda sifarişçi həmin halların mövcudluğunu sübuta yetirməlidir.

97. İddiaçı tərəfindən cavabdeh şirkətə avans ödənişi qismində 20 400 manat ödənildiyi işin mübahisələndirilməyən halıdır – buna görə də iddiaçı həmin hissədə sübutetmə yükündən ümumiyyətlə azad hesab olunur.

98. Başqa sözlə, hazırkı mübahisə üzrə sübutetmənin predmetini podratın nəticəsinin qüsurlu olub-olmadığı təşkil edir.

99. Podratın qüsurlu olması dedikdə, işin nəticələrini pisləşdirən müqaviləyə uyğunsuzluqların və ya digər çatışmazlıqların olması, işin nəticəsinin müqavilədə nəzərdə tutulmuş istifadə və ya adi istifadə üçün tam və yaxud qismən yararsız olması, podratın nəticəsindən təyinatı üzrə istifadəyə maneə törədən digər hallar başa düşülür (§ 61).

100. Bundan başqa, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə, yaxud vaxtında yerinə yetirməməsi qüsurlara bərabər tutulur. Lakin bu hallar yalnız o vaxt qüsurlara bərabər tutula bilər ki, bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün olmasın (§ 62).

101. Bu zaman həm də nəzərə alınmalıdır ki, tərəflər kommersiya fəaliyyəti ilə məşğul olan subyektlər olaraq müqavilənin məhdud tənzimləməsinə görə risk daşıyırlar və əgər müqavilə üzrə görüləcək işin keyfiyyəti, yaxud spesifik xüsusiyyətləri ilə bağlı hər hansı meyar müəyyən etməmişlərsə, ümumi qaydalar tətbiq olunmalıdır.

102. Həmin ümumi qaydalara görə tərəflər keyfiyyəti şərtləşdirmədikdə (§ 61), görülən işin qüsursuz sayılması üçün podratın nəticəsi müqaviləyə uyğun istifadə oluna bilməli və ya adi istifadə üçün yararlı olmalıdır. Eyni zamanda, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

103. Podratın nəticəsi qüsurlu hesab edildiyi halda Mülki Məcəllənin 763-766-cı maddələrində sifarişçinin hüquqları və etməli olduğu hərəkətlər, habelə podratçının hüquq və öhdəlikləri müəyyən edilmişdir (§ 63-65). Həmin maddələrin tələbləri baxımından, podrat müqaviləsi üzrə görülmüş işlərdə qüsurlar müəyyən edildikdə sifarişçi podratçıdan əlavə icranı tələb edə bilər. Podratçı əlavə icranı yerinə yetirmədiyi təqdirdə isə sifarişçi öz seçimi ilə qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə və ya müqavilədən imtina edə bilər və yaxud muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Lakin sifarişçi həmin hüquqlarından yalnız o vaxt istifadə edə bilər ki, podratçı əlavə icranı lazımi qaydada, yəni müəyyən olunmuş müddətdə və keyfiyyətdə yerinə yetirməmiş olsun.

104. Bu baxımdan qeyd olunmalıdır ki, sifarişçi qüsurların aradan qaldırılması ilə bağlı podratçıya əlavə vaxt verməyərək qüsuru özü aradan qaldırdığı hallarda çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək və ya müqavilədən imtina etmək və yaxud muzdun miqdarının azaldılmasını tələb etmək hüquqlarını itirmiş olur.

105. Yuxarıda qeyd olunduğu kimi, tərəflər müqavilə üzrə proqram təminatının quraşdırılmasının təhvilinin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan yekun təhvil-təslim aktı əsasında rəsmiləşdiriləcəyi, çatışmazlıq aşkar edilməzsə sifarişçinin təhvil-təslim aktını 15 təqvim günü ərzində imzalayıb bir nüsxəsini icraçıya qaytaracağı, aktın imzalandığı tarixin faktiki olaraq xidmətlərin təhvil verilməsi tarixi hesab olunacağı, təhvil-təslim aktını imzalamaqdan imtina etdikdə sifarişçinin, 15 gün müddətində həmin çatışmazlıqların (qüsurların) siyahısını icraçıya təqdim edəcəyi barədə razılaşmışlar (§ 7).

106. İşin hallarından görünür ki, proqram təminatının sifarişçiyə (iddiaçıya) təhvil verilməsi ilə bağlı təhvil-təslim aktı tərtib olunmamış, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda podratın qüsurları barədə məlumatlar verilmiş, xx.xx.2025-ci il tarixli məktubda isə Cavabdeh MMC-nin hesabına 20 400 manat avans köçürüldüyü, lakin həmin pul müqabilində hər hansı xidmətin təhvil verilmədiyi, bu çatışmazlıqların aradan qaldırılması üçün dəfələrlə həm yazılı, həm şifahi müraciət edilməsinə baxmayaraq, hər hansı bir tədbir görülmədiyi və çatışmazlıqların aradan qaldırılmadığı bildirilmiş, müqavilə üzrə müəyyən edilmiş öhdəliklərə xitam verildiyi diqqətə çatdırılmaqla ödənilmiş 20 400 manatın geri qaytarılması xahiş olunmuşdur.

107. İşin hallarından həmçinin aydın olur ki, iddiaçının mövcudluğunu irəli sürdüyü qüsurlar Cavabdeh MMC tərəfindən aradan qaldırılmamışdır.

108. Qeyd olunanları, həmçinin məhkəmə prosesində nümayəndələrinin iştirakını təmin və apellyasiya şikayətində istinad etdikləri hallarla bağlı sübutları (müvafiq proqram təminatı, təhviltəslim aktı, qüsurların aradan qaldırılması barədə təklif və s.) təqdim etməyəcəkləri halda MPMnin 106.2-ci maddəsinin tətbiq olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh MMC-nin məhkəməyə nümayəndəsini göndərmədiyini də nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçının podratın qüsurları ilə bağlı irəli sürdüyü hallar müəyyən olunmuş hallar olaraq qəbul edilməlidir.

109. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının nümayəndəsi müvafiq proqram təminatına girişlərinin mümkün olmadığını və onu məhkəməyə təqdim edə bilməyəcəklərini bildirmişdir; belə olan halda isə, həmin məhsulda qüsurların olub-olmadığının yoxlanılması üçün (ekspertiza təyinatı ilə, mütəxəssis məsləhəti ilə və s.) məhsul, onu hazırlayan və qüsurlarının olmadığını iddia edən cavabdeh tərəfindən təqdim olunmalı idi.

110. Buna görə də kollegiya, birinci instansiya məhkəməsinin, Cavabdeh MMC-dən müqavilə üzrə ödənilmiş 20 400 (iyirmi min dörd yüz) manat avans məbləğinin tutulub İddiaçı MMC-yə ödənilməsi” qənaəti ilə razılaşır və cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Bir daha vurğulanmalıdır ki, cavabdeh, məhkəmənin gəldiyi həmin nəticənin doğru olmadığı qənaətinə gəlinməsinə əsas verə biləcək hər hansı mötəbər sübut təqdim etməmiş, ümumiyyətlə buna təşəbbüs belə göstərməmişdir.

111. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 73, 74, 75, 76, 77).

112. Bununla belə kollegiya, iddiaçının “31 570 manat məbləğində vurulmuş zərərin xeyrinə tutulması” tələbi üzrə məhkəmənin gəldiyi nəticə ilə razılaşmır.

113. İlk növbədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi həmin tələb üzrə qiymətləndirmə apararkən tətbiq edilməməli olan maddi hüquq normalarını tətbiq etmiş, müqavilə öhdəliyinin pozulmasına istinadla irəli sürülən həmin tələbi “delikt üzrə məsuliyyətin yaranmasının şərti - zərərin mövcudluğu öz təsdiqini tapmır” qənaəti ilə təmin etməməklə tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, bu səbəblə də gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.

114. Müvafiq iddia tələbi üzrə iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdeh tərəfindən öhdəliklər müqavilədə nəzərdə tutulmuş 6 aylıq müddət ərzində tam və funksional şəkildə icra edilmədiyindən və təmin edilməli program təminatı tam və işlək vəziyyətdə olmadığından, eyni funksiyanı icra edə bilmək üçün 1C proqram təminatından məcburi şəkildə istifadəni davam etdirmiş və aylıq ödənişlər həyata keçirmiş, bu isə Mülki Məcəllənin 21.2-ci maddəsi mənasında “real zərər” kimi qiymətləndirilən “eyni xidmətə görə ikiqat ödəniş yükü”nün yaranmasına səbəb olmuşdur.

115. Kollegiya qeyd edir ki, podratçı üzərinə düşən öhdəliyi yerinə yetirmədikdə və nəticədə sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilmək imkanından məhrum olduqda, o, podratçıdan dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 759.2-ci maddəsində sifarişçinin belə hüququ birbaşa göstərilməsə də, qanunverici müəyyən edir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (§ 55).

116. Müqavilə üzrə təsdiqlənmiş xidmət haqqını müəyyən edən xx.xx.2022-ci il tarixli Əlavə №1-in şərtlərindən aydın olur ki, HRB proqram təminatının aylıq xidmət haqqı hər bir müəssisə üçün 184,61 manat, 1C proqram təminatının aylıq xidmət haqqı isə xx.xx.2024-cü il tarixli Əlavə əsasında 400 manat təşkil edir.

117. Başqa sözlə, bu xidmətlər arasında yaranan aylıq fərq 215,39 manat olmaqla, HRB proqram təminatının müqavilə üzrə tam funksional istifadəyə verilməməsi səbəbindən, həmin proqram təminatının təhvil verilməli olduğu 2024-cü ilin avqust ayından müqaviləyə iddiaçı tərəfdən xitam verilən xx.xx.2025-ci il tarixinədək olan dövrdə digər proqram təminatçısı olan "xxxx" MMC-nə həyata keçirilən ödənişlərin fərqi zərər kimi qiymətləndirilməlidir.

118. Yuxarıda qeyd olunduğu kimi (§ 19), İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına xx.xx.2024-cü il tarixdə 125 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat köçürülmüşdür (cəmi 1325 manat) – hansı ki, HRB proqram təminatı təhvil verilmiş olsa idi, 400 manat olan ödəmələr 215,39 manat təşkil edəcəkdi (cəmi 646,17 manat - 3 x 215,39).

119. İddiaçının cavabdehə avans ödəmiş olmasını və nəzərdə tutulan müddətdə (2024-cü ilin avqust ayında) işlərin yekunlaşaraq ona təhvil veriləcəyinə güman etməyə haqqı olduğunu nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçının "xxxx" MMC-nə ödədiyi 1200 manatla (3 x 400 manat), HRB proqram təminatı təhvil verilmiş olsa idi ödəyəcəyi 646,17 manat (3 x 215,39) arasında olan fərq, yəni 553,83 manat cavabdehin öz öhdəliyini pozması nəticəsində iddiaçının məruz qaldığı zərərin əvəzi kimi cavabdehdən onun xeyrinə tutulmalıdır.

120. İddiaçı müvafiq zərər məbləğini "xxxx" MMC ilə "xxxx" MMC, “X7 Company” MMC, "xxxx" MMC, "xxxx" MMC, “X4 Company” MMC, “X5 Company” MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və “X6” MMC arasında bağlanmış proqram təminatı ilə bağlı texniki xidmətlərin göstərilməsi barədə müqavilələr üzrə adı çəkilən hüquqi şəxslər tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüş pul vəsaitlərini nəzərə almaqla hesablasa da, kollegiyanın qənaətinə görə, digər hüquqi şəxslərin öz adlarından və özlərinin bağladıqları müqavilələr əsasında apardıqları ödənişlər iddiaçıya dəymiş ziyanın hesablanması zamanı nəzərə alına bilməz.

121. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına MT**********50 saylı xx.xx.2024-cü il tarixli, EBEH957078 saylı xx.xx.2025-ci il tarixli və MT**********92 saylı xx.xx.2024-cü il tarixli elektron qaimələr üzrə xx.xx.2025-ci il tarixdə cəmi 1200 manat köçürülmüş olmasına dair apellyasiya icraatı zamanı təqdim olunan sənəd sübut kimi qəbul olunmamalıdır; çünkü iddiaçının nümayəndəsi həmin sənədi birinci instansiya məhkəməsinə təqdim etməmişdir – hansı ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər (§ 83).

122. Nəzərə alınmalıdır ki, müvafiq prosessual norma (§ 83) həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.

123. Apellyasiya icraatı zamanı yaranmış məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti üçün ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalı, iddiaçının apellyasiya şikayəti üçün ödədiyi dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.

124. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4411/2025 saylı iş üzrə 12 avqust 2025-ci il tarixli qətnaməsi İddiaçı “31 570 manat məbləğində vurulmuş zərərin xeyrinə tutulması” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “31 570 manat məbləğində vurulmuş zərərin xeyrinə tutulması” tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 553,83 (beş yüz əlli üç manat 83 qəpik) manat tutulsun. Həmin iddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin olunmasın və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti üçün ödədiyi dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat Cavabdeh MMC-dən alınıb İddiaçı MMC-nə ödənilsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti üçün ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar