Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1098/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: yükdaşıma xidmətlərinin göstərilməsi müqaviləsi, dəbbə pulu, üzləşmə aktı, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun və dəbbə pulunun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh MMC ("Sifarişçi”) və İddiaçı MMC (“İcraçı”) arasında 01 avqust 2023-cü il tarixdə “Ölkədaxili yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” QAYA 060- 2023D nömrəli müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, Sifarişçi ölkədaxili yükdaşıma xidmətlərinin göstərilməsini sifariş verib İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada ölkədaxili yükdaşıma xidmətləri göstərməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 1.2-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Xidmət Aktı ilə müəyyənləşdirilir, bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair elektronqaimə fakturada qeyd edilir.
3. Müqavilənin 2.3-cü bəndində razılaşdırılmışdır ki, müqavilə üzrə ödəniş İcraçı tərəfindən iş icra olunduqdan sonra ən geci 15 iş günü müddətində ödənilməli və ödəmə nağdsız qaydada həyata keçiriləcəkdir; 2.4-cü bəndində razılaşdırılmışdır ki, Sifarişçi göstərilmiş xidmətə görə xidmət haqqını İcraçıya vaxtında ödəmədiyi halda gecikdirilən hər gün üçün borcun ümumi məbləğinin 0.1 faizi qədər dəbbə pulu ödəyir.
4. Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanan 01 avqust 2024-cü il tarixli QAYA 060-2023D nömrəli müqaviləyə 01 saylı əlavədə tərəflər, müqavilə üzrə göstəriləcək xidmətlər üçün qiymət tarifinin 1150 manat olması barədə razılığa gəlmişlər.
5. “Yükdaşıma xidmətlərinin göstərilməsinə dair” 31 avqust 2023-cü il tarixli akta görə, daşıyıcı 01-31 avqust 2023-cü il üçün 5850 manat məbləğində yükdaşıma xidməti göstərərək işləri təhvil vermiş, Sifarişçi isə təhvil almışdır.
6. “Yükdaşıma xidmətlərinin göstərilməsinə dair” 30 sentyabr 2023-cü il tarixli akta görə, daşıyıcı 01-30 sentyabr 2023-cü il üçün 2300 manat məbləğində yükdaşıma xidməti göstərərək işləri təhvil vermiş, Sifarişçi isə təhvil almışdır.
7. İddiaçı MMC tərəfindən "Caspian Road” MMC-yə göndərilən EBDQ seriyalı 405426 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaiməfakturaya görə, yekun məbləğ 2300 manat təşkil edir.
8. İddiaçı MMC tərəfindən "Caspian Road” MMC-yə göndərilən EBDP seriyalı 285848 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaiməfakturaya görə, yekun məbləğ 5850 manat təşkil edir.
9. “Caspian Road" MMC və “Qaya Neqliyyat" MMC arasında imzalanan və hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilən 27 mart 2024-cü il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi aktı”nda göstərilmişdir ki, 27 mart 2024-cü il tarixə olan borc 8150 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. İddiaçı MMC (iddiaçı) "Caspian Road” MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, göstərilmiş xidmətə görə ödənilməli olan 10 450 manatın, dövlət rüsumu qismində ödənilmiş 121 manatın, yəni cəmi 10 571 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasında istehsal edilən müxtəlif təyinatlı malların irihəcmli yük avtomobilləri ilə quru yollarla daşınması fəaliyyətini həyata keçirir. Cavabdehlə arasında xx.xx.2023-cü il tarixdə QAYA 060/2023/D nömrəli “Ölkə daxili yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmış, müqavilənin şərtlərinə əsasən tərəfindən 2023-cü ildə cavabdehin sifarişi əsasında 8150 manat dəyərində ölkə daxili yük daşıma xidməti göstərilimişdir. Lakin cavabdeh göstərilmiş xidmətin dəyərini ödəməmiş və 8150 manat müqavilə üzrə borcu, 2300 manat dəbbə pulu borcu qalmışdır. Cavabdehə öhdəliyini yerinə yetirməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.
12. Sonradan iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən 1000 manat ödəniş olduğunu qeyd etmiş, cavabdehdən göstərilmiş xidmətə görə ödənilməli olan 7150 manat əsas borcun, gecikdirilmiş ödənişə görə 2445 manat dəbbə pulunun və məhkəmə rüsumuna ödənilmiş 121 manatın, cəmi 9716 manat məbləğində pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə nümayəndəsini məhkəməyə göndərməmişdir.
14. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən 7150 manat əsas borcun, 357,5 manat dəbbə pulunun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 121 manatın, yəni cəmi 7628,5 (yeddi min altı yüz iyirmi səkkiz manat əlli qəpik) manatın tutulub İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
15.1. Tərəflər arasında 31 avqust 2023-ci il tarixdə QAYA 060-2023D nömrəli ölkədaxili yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək cavabdehə yükdaşıma xidmətlərinin göstərilməsi vəzifəsini həyata keçirmiş, lakin cavabdeh öz vəzifəsini icra etməyərək, göstərilmiş xidmətlərin böyük bir hissəsinin dəyərini ödəməmişdir. Belə ki, tərəflər arasında 27 mart 2024-cü il tarixdə bağlanmış üzləşmə aktına əsasən cavabdeh 8150 manat məbləğində borcunun olmasını təsdiq etmiş, sonradan cavabdeh tərəfindən 1000 manat məbləğində ödəniş olunmuşdur. 15.2. İddiaçı həmçinin 2445 manat dəbbə pulunun tutulmasını tələb edir. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 357,5 manat məbləğində dəbbə pulu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. 15.3. Məhkəmə hesab edir ki, 121 manat məbləğində ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 398.1-ci, 399.1-ci, 425.1-ci, 442-ci, 445.2.1-ci, 460.1-ci, 462.3-cü, 467ci, 850.1-ci maddələrinə istinad etmişdir.
17. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini məhkəmənin, iddiaçının pretenziya qaydasına əməl etmədiyini və iddiaçının mübahisənin məhkəməyə qədər nizama salmaq üçün heç bir tədbir görmədiyini nəzərə almadığı, beləliklə də prosessual pozuntuya yol verdiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
19. İşə baxılmasının vaxtı (yeri) barədə məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
23. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
27. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
37. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
38. İddiaçı tərəfindən pretenziya qaydasına əməl olunmaması səbəbindən qətnamənin ləğv edilməli olduğu barədə apellyatorun dəlilini də kollegiya əsassız hesab edir; belə ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair qayda (Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsində nəzərdə tutulmuş qayda) prosessual qənaət prinsipinə əməl olunması məqsədini daşıyır və əgər bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, həmin əsasla iddia ərizəsi baxılmamış saxlanıla bilər.
39. Tərəflər arasında yaranan mübahisə üzrə artıq uzun müddətdir məhkəmə prosesinin davam etdiyini nəzərə alan kollegiyanın qənaətinə görə, sözügedən qaydaya əməl olunmamasına görə, qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğv edilməsi, həddindən artıq formal yanaşma olardı.
40. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. İddianın qiyməti (mübahisələndirilən hissədə) on min manatdan az olduğu üçün, hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6044/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 13 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva