Məhkəmə qərarları › İş №2-2(103)-110/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-110/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-110/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Firmasının cavabdeh X3 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi Açar söz: daşıma xidməti müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Firmasının cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3871/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. "xxxx" Firması ilə cavabdeh X4 arasında “Daşınma xidmətlərinin göstərilməsi haqqında” BYD0106/23 nömrəli, 02 yanvar 2023-cü il tarixli müqavilə tərtib edilmişdir. Qeyd olunan müqaviləyə əsasən, iddiaçı qum və çınqıl daşınması xidmətlərinin göstərilməsini sifariş verib və cavabdehə razılaşdırılmış xidmət haqqı ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada daşıma xidmətləri göstərməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 7-ci bəndinə əsasən, materiallar (qum-çınqıl) Salyan rayonu, Bəhramtəpə kəndində yüklənilirək Neftçala rayonu, Bankə qəsəbəsinə daşınır və bir reysin qiyməti 350 manat təşkil edir.

3. Müqaviləyə 1 saylı əlavə olan razılaşmaya əsasən göstərilmiş xidmətin dəyəri xx.xx.2023-cü il tarixə 13650 manat müəyyən edilmişdir.

4. Müqavilə və əlavə nə iddiaçı, nə də cavabdeh tərəfindən imzalanmamışdır.

5. xx.xx.2023-cü il tarixli, EBDK308453 saylı e-qaimə əsasən X4 tərəfindən "xxxx" Firmasına 13650 manat dəyərində qum-çınqıl daşınması xidmətinə görə e-qaimə göndərilmişdir.

6. xx.xx.2023-cü il tarixli 619740 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" Firması tərəfindən X2 hesabına 13650 manat məlbəğində müqavilə üzrə ödəniş edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı "xxxx" Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 13,650 manat və ödənilmiş 131 manat dövlət rüsumu pul vəsaiti alınaraq iddiaçı "xxxx" Firmasına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, D0106/23 nömrəli, 02 yanvar 2023-cü il tarixli müqavilə bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, iddiaçı qum və çınqıl daşınması xidmətlərinin göstərilməsini sifariş verib və cavabdehə razılaşdırılmış xidmət haqqı ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada daşıma xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7-ci bəndinə əsasən, materiallar (qumçınqıl) Salyan rayonu, Bəhramtəpə kəndində yüklənilirək Neftçala rayonu, Bankə qəsəbəsinə daşınır və bir reysin qiyməti 350 manat təşkil edir. İddiaçı "xxxx" Firması ilə cavabdeh X4 arasında bağlanmış “Daşınma xidmətlərinin göstərilməsi haqqında” BYD0106/23 nömrəli, 02 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən, 308453 nömrəli, 20 iyul 2023-cü il tarixli qaimə ilə iddiaçı tərəfindən 13,650 manat pul vəsaiti qabaqcadan cavabdehin bank hesabına ödənilmişdir. Lakin pul vəsaiti cavabdehin bank hesabına köçürülsə də, cavabdeh bu günədək heç bir daşıma xidmətini iddiaçıya göstərməmişdir. Bununla da, cavabdeh X2 iddiaçı "xxxx" Firması qarşısında 13,650 manat pul vəsaiti miqdarında borcu yaranmışdır. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli Pretenziya məktubu göndərilərək, 13,650 manat məbləğində borc pul vəsaitinin 7 gün ərzində qaytarılması xahiş olunmuşdur. Lakin cavabdeh qeyd olunan borc pul vəsaitini geri qaytarmamışdır.

9. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3871/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavadeh X1 13650 manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 131 manat tutularaq iddiaçı "xxxx" Firmasına ödənilməsi qət edilmişdir.

10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında yazılı müqavilə imzalanmasa da, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya göndərilən e-qaimə (qum-çınqıl daşınması, Bəharamtəpə-Neftçala) və iddiaçının da qaimə üzrə ödəniş tapşırığından (xidmət müqaviləsi üzrə) görünür ki, tərəflər arasında daşıma xidmətlərinin göstərilməsinə dair münasibətlər yaranmışdır. Cavabdeh iddiaçı şirkətə e-qaimə göndərərək, həmin xidmətin dəyərini 13650 manat göstərmişdir. İddiaçı isə öz növbəsində, e-qaimənin göndərildiyi tarixdə cavabdehin hesabına 13650 manat ödəniş etmişdir. İş materiallarından, iddiaçı və cavabdehin nümayəndələrinin izahatlarından müəyyən edildi ki, qeyd edilən məbləğin cavabdehin hesabına köçürülməsi və cavabdeh tərəfindən iddiaçıya həmin pul müqabilində hər-hansı xidmətin göstərilməməsi iş üzrə mübahisə edilməyən haldır. Cavabdehin nümayəndəsinin iddiaya dair bildirdiyi - həmin pul məbləğinin bankdan çıxarılaraq iddiaçı şirkətə geri qaytarılması barədə etirazı hər-hansı sübutla öz təsdiqini tapmadığı üçün məhkəmə tərəfindən əsassız hesab edilir.

11. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM 385, 390.1, 427.3 442, 443, 448, 850.1, 850.2, 851, 852-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3871/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin qohumu olan Əlləzov Radil iddiaçı tərəfin işlərini görən şəxs idi. Necə və hansı qaydada işlədiklərindən cavabdehin məlumatı olmamışdır. Bu şəxs (Əlləzov) cavabdehdən VÖEN açmasını və Asan imza verməsini xahiş etmişdir. Cavabdeh onun qohumu olduğu üçün Əlləzovun xahişini yerinə yetirmişdir. Ondan sonra iddiaçı ilə bütün işləri Əlləzov görmüşdür. İddiaçı tərəf cavabdehin hesabına pul göndərir və sonra Əlləzov həmin pulları hesabdan çıxarıb iddiaçı tərəfə geri təhvil verirdi. Pulun bankdan çıxarılması ilə bağlı cavabdehə deyiblər ki, EXPRESS bankın Xətai filialında hesab açsın. Bəzi hallarda pullar Səbaildən, bəzən isə Xətaidən çıxarılırdı. Daha sonra isə həmin pulları Əlləzova təhvil verirdilər. Cavabdeh, ümumiyyətlə, iddiaçı tərəfi aralarında məhkəmə mübahisəsi olanadək tanımamışdır. Onlar arasında heç bir müqavilə bağlanmamışdır. Birinci instansiya məhkəməsinə təqdim olunan müqavilədə isə heç imza yoxdur. Əlləzov dünyasını dəyişdiyinə görə iddiaçı cavabdehıə qarşı iddia qladıraraq pulu ondan tələb edir. Halbuki məhkəməyə təqdim olunan müqavilə formaldır, indi tələb olunan pul cavabdehin hesabına köçürülüb, bu mübahisə olunmayan haldır. Həmin pul müqabilində cavabdeh tərəfindən iddiaçıya hər-hansı xidmət göstərilməyib. Lakin həmin pul iddiaçıya təhvil verilib. X6 iddiaçı tərəf arasında olan işgüzar münasibətlərdən cavabdehin ümumiyyətlə xəbəri olmamışdır. Tərəflər arasında daşınma xidmətlərinin həyata keçirilməsi üçün əslində hər hansı bir müqavilə olmamışdır. Belə ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi daşınma xidmətlərinin göstərilməsi haqqında müqavilədə nəinki cavabdehin, hətta iddiaçının belə imzası yoxdur. Bu hal həmin müqavilənin formal tərtib edildiyi, heç bir hüquqi qüvvəsinin olmadığını, iddiaçı tərəfin cavabdehlə aralarında heç bir işgüzar münasibətlərin olmadığı və tərəflər arasında müqavilədən yaranan hər hansı bir hüquq və ya öhdəliklərin qeyri-mövcudluğunu təsdiq edir. Bütün qeyd olunanları iddiaçı tərəf çox yaxşı bilir. Lakin aralarında olan müqavilə üzrə daşıma xidmətlərinin həyata keçirilməsindən məsul olan şəxs vəfat etdiyinə görə hazırda əsassız olaraq cavabdehə qarşı iddia qaldırmış və məhkəmə də öz növbəsində əsassız olan iddianı təmin edərək mülki qanunvericiliklə təsbit olunan maddi hüquq normalarını düzgün tətbiq etməyərək pozuntuya yol vermişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş edir.

15. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradəifadəsidir. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə cavabdeh X4 tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3871/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında yazılı müqavilə imzalanmasa da, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya göndərilən e-qaimə (qum-çınqıl daşınması, Bəhramtəpə-Neftçala) və iddiaçının da qaimə üzrə ödəniş tapşırığından (xidmət müqaviləsi üzrə) görünür ki, tərəflər arasında daşıma xidmətlərinin göstərilməsinə dair münasibətlər yaranmışdır. Cavabdeh iddiaçı şirkətə eqaimə göndərərək, həmin xidmətin dəyərini 13650 manat göstərmişdir. İddiaçı isə öz növbəsində, e-qaimənin göndərildiyi tarixdə cavabdehin hesabına 13650 manat ödəniş etmişdir. İş materiallarından, iddiaçı və cavabdehin nümayəndələrinin izahatlarından müəyyən edilmişdir ki, qeyd edilən məbləğin cavabdehin hesabına köçürülməsi və cavabdeh tərəfindən iddiaçıya həmin pul müqabilində hər-hansı xidmətin göstərilməməsi iş üzrə mübahisə edilməyən haldır. Təqdim edilmiş sübutlardan və tərəflərin izahatlarından cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi müəyyən edilir.

21. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil etdiyinə görə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq bildirir ki, tərəflər arasındakı daşıma xidməti münasibətlərinə dair yazılı müqavilə imzalanmasa da iş materiallarından cavabdehin iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyinin olduğu açıq-aşkardır. Qanunvericilikdə daşıma müqaviləsinin yalnız yazılı formada bağlanılması ilə bağlı məhdudiyyət yoxdur. İkitərəfli əqd olan müqavilənin etibarlı olması şərtlərindən biri tərəflərin iradə ifadəsidir ki, hazırkı iş üzrə elektron qaimənin tərtib edilməsindən və tərəflərin izahatlarından hər iki tərəfin müqavilə bağlamağa niyyətinin olduğu müəyyən edilir. Asan imza və digər sənədlərin cavabdeh tərəfindən başqasına təhvil verilməsi, həmin əməliyyatların onun tərəfindən aparılmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, AR MM 387.3-cü maddəsinə əsasən öhdəlik onda iştirak etməyən tərəflər üçün hüquq və vəzifələr yarada bilməz. Hazırkı müqavilə üzrə münasibətlər iddiaçı və cavabdeh arasında yaranmış, həmin müqavilə üzrə məhz cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur. Üçüncü şəxslərin hazırkı mübahisəyə hər hansı aidiyyatı müəyyən edilmir. Digər tərəfdən asan imzanın və digər sənədlərin cavabdeh tərəfindən üçüncü şəxslərə könüllü təhvil verilməsi onu törədilən və ya törədilməsi ehtimal edilən pozuntulara dair məsuliyyətdən azad etmir, əksinə maliyyə və vergi əməliyyatlarının aparılmasını təmin edən sənədlərin və vasitələrin üçüncü şəxsə təhvil verilməsinin gözlənilən və gözlənilməyən risklərini cavabdeh özü daşıyır. Ona görə də apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğu üçün qətnamənin ləğv olunmasına əsas ola bilməz.

22. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3871/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar