Məhkəmə qərarları › İş №2-2(103)-1104/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1104/2022

13.12.2022 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1104/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi İddiaçı MMC-nin “müflis elan olunma və əmlak inzibatçısının təyin edilməsi” barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, ərizəçinin nümayəndəsi və vəkili Vəkil və maraqlı şəxsin nümayəndəsi X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3611/2022 saylı qətnaməsindən ərizəçi İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, borclu müəssisə olan İddiaçı müflis elan edilməsi və İddiaçı iflas prosesinin həyata keçirilməsi üçün hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) onun əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi bildirir ki, İddiaçı MMC xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin hal-hazırda təsisçisi X2r. Cəmiyyətin nizamnamə kapitalı 10 manat təşkil edir. Cəmiyyətin Azərbaycan Respublikasının başqa şəhər, qəsəbə və kəndlərində, habelə xarici dövlətlərdə filial və nümayəndəlikləri yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********27 saylı arayışından göründüyü kimi cəmiyyətin mülkiyyətində Azərbaycan Respublikasında hər-hansı daşınmaz əmlakı mövcud deyil, yalnız icarə hüququ əsasında Abşeron rayonu “Quldar qış otlaq” ərazisində 7,5 ha torpaq sahəsi icarə hüququ əsasında adına qeydiyyatdan keçmişdir. Cəmiyyətin maliyyə vəsaiti və fəaliyyəti olmadığından, həmin torpaq sahəsindən istifadə edilmir. X6 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci tarixli, 37564-1222 saylı arayışından göründüyü kimi cəmiyyətin mülkiyyətində Azərbaycan Respublikasında hər hansı nəqliyyat vasitəsi mövcud deyil. Ərizəyə əlavə olunan 2021-ci il üçün mühasibat balansından görünür ki, cəmiyyət üzrə hesabat dövrünün sonuna əsas vəsaitlərin qalıq dəyəri mövcud olmamışdır. Cəmiyyətin hazırki təsisçisi X1 xx.xx.2022-ci il tarixli qərarından göründüyü kimi, cəmiyyət öz sahibkarlıq fəaliyyətini dayandırdığından, balansında yetərli əmlakı, təsərrüfat fəaliyyəti və əmlakı olmadığından, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq cəmiyyətin ödəmə qabiliyyəti olmadığından, cəmiyyətin müflis elan edilməsi, iflas prosesinin həyata keçirilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin debitor və kreditor borclarının siyahısı: İddiaçı MMC-nin debitor borcları (müəssisəyə ödənilməli olan) mövcud deyil. İddiaçı MMC-nin kreditor borcları: hazırda ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 093/13 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMC-yə 84 ay müddətinə qaytarılmaq şərtilə 2.000.000 manat kredit verilmiş və həmin kredit müqaviləsi üzrə 1.655.003,84 manat əsas, 301.530,51 manat faiz borcu olmaqla, ümumilikdə 1.956.534,35 manat icra edilməmiş öhdəliyi qalmışdır. Hazırda ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 093/13/1 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMC-yə 84 ay müddətinə qaytarılmaq şərtilə 2.000.000 manat kreditlər verilmiş və həmin kredit müqaviləsi üzrə 1.658.806,60 manat əsas, 317.976,92 manat faiz borcu olmaqla, ümumilikdə 1.976.783,52 manat icra edilməmiş öhdəliyi qalmışdır. Hazırda İddiaçı MMC-nin hər iki kredit müqaviləsi üzrə borc öhdəlikləri ümumilikdə 3.933.317,87 manat təşkil edir və həmin xüsusat ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********266 nömrəli arayışla təsdiq edilir. Bütün bunlar İddiaçı MMC-nin “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq ödəmə qabiliyyətinin olmadığını təsdiq edir.

3. Maraqlı şəxs ləğv prosesində olan Cavabdeh ASC ərizəyə etiraz edir və bildirir ki, LPO Cavabdeh ASC ərizəçinin borcları ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmin borcun təminatı ilə bağlı ipoteka müqavilələri mövcuddur. Kredit müqaviləsi ilə bağlı əmlaklar həmin borc qarşılığında təminat üsulu kimi qeyd olunub. Digər kreditorların olub-olmaması haqqında heç bir məlumat yoxdur. Kredit borcu dəqiq bilinməlidir, borc nə qədər təşkil edir. Əsas və faizdən başqa cərimələr də var və bu zaman fərq yaranır. Bu fərqlə bağlı bankın yekun məhkəmə aktı dəqiqləşdikdən sonra geridə qalan məbləğ müflisləşmə ilə bağlı məsələdə öz əksini tapa bilər. Hal-hazırda kredit borcunun tutulması barədə qarşı tərəfə iddia ərizəsi var və proses davam edir. İş üzrə 2 predmet var və onlar üzərində yekun məhkəmə aktı çıxdıqdan sonra qiymətləndirmə həyata keçirilib borclar ödəniləcək.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3611/2022 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir.

5. Ərizəçi İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, maraqlı şəxsin nümayəndəsi X5 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Mülki Məcəllənin 59.5-ci maddəsinə əsasən əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər.

10. Həmin Məcəllənin 63-cü maddəsinə əsasən əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.

11. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki, borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.

12. Həmin Qanunun 2-ci maddəsinə əsasən kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 (on) faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər.

13. Həmin Qanunun 5-ci maddəsinə əsasən borclunun iflas haqqında ərizəsinə həmin maddədə nəzərdə tutulmuş sənədlərlə yanaşı ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları əlavə edilməlidir.

14. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə müvafiq qərar çıxarır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassızdır.

17. Belə ki, Mülki Məcəllənin 59.5-ci, 63-cü maddələrinin, o cümlədən “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci, 3-cü, 5-ci və 11.1-ci maddələrinin tələblərindən göründüyü kimi, borclunun ödəmə qabiliyyətinin olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş sübutların (kreditorlarının və debitorlarının siyahısı, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları və s.) təqdim edilməsi və araşdırılması tələb olunur.

18. Hazırkı işdə isə ərizəçi öz kreditorları barədə məhkəməyə məlumat versə də, debitor borcları barədə siyahını, aktivləri, o cümlədən illik maliyyə hesabatlarını məhkəməyə təqdim etməmişdir.

19. Ərizəyə əlavə olunmuş 16 may 2022-ci il tarixə verilmiş audit rəyində isə hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı ümumi məlumatlar sadalanmış, məhkəmə işləri barədə məlumatlar qeyd olunmuş, lakin hüquqi şəxsin debitor borcları, aktivləri, digər gəlirləri haqqında məlumatlar ətraflı şəkildə qeyd olunmamış, habelə auditor rəyinin tərtib olunması üçün əsas olan sənədlər əlavə edilməmişdir.

20. Bu baxımdan kollegiya hesab edir ki, işdə olan sənədlər (16 may 2022-ci il tarixə verilmiş audit rəyi, kreditorların siyahısı və kredit borcu ilə bağlı LPO Cavabdeh ASC tərəfindən verilmiş arayış) İddiaçı MMC-nin məhkəmə tərəfindən ödəmə qabiliyyəti olmayan sayılması üçün kifayət deyil.

21. Eyni zamanda, nəzərə alınır ki, ərizəçi ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 093/13 saylı və xx.xx.2015-ci il tarixli 093/13/1 saylı kredit müqavilələri ipoteka predmetləri ilə təmin edilmişdir.

22. Belə ki, xx.xx.2014-cü il tarixli 093/13 saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2015-ci il tarixli 093/13/02 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Abşeron rayon İcra Hakimiyyətinə məxsus olan “Quldar qış otlaq” ərazisində yerləşən 7,5 ha torpaq sahəsi ipoteka saxlayan Cavabdeh ASCnin xeyrinə ipoteka ilə icarə hüququ yüklü edilmişdir.

23. Həmçinin xx.xx.2014-cü il tarixli 093/13 saylı və xx.xx.2015-ci il tarixli 093/13/1 saylı kredit müqavilələrinin təminatı olaraq xx.xx.2015-ci il tarixli 093/13/03 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Xaçmaz rayonu, Nabran kəndində mülkiyyətdə olan 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 87,2 kv.m yaşayış, 116,4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka saxlayan Cavabdeh ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

24. Bundan başqa, həmin kredit müqavilələri üzrə məhkəmə mübahisəsi başa çatmamış, ipoteka predmetləri qiymətləndirilməmiş, məhkəmə qətnaməsi qəbul edilməmiş və icra hərəkətləri aparılmamışdır.

25. Bundan əlavə, Mülki Məcəllənin 59.5-ci maddəsinin tələbləri baxımından hüquqi şəxsin əmlakı dedikdə yalnız mülkiyyətində olan əmlak deyil, bütün aktivləri (əsas vəsaitlər, digər uzunmüddətli vəsait qoyuluşundan, dövriyyə vəsaitindən və maliyyə aktivlərindən (qeyri-maddi aktivlər də daxil olmaqla) ibarət əmlak), debitor borclar da nəzərdə tutulur.

26. Ona görə də kollegiya hesab edir ki, borclunun mülkiyyətində nəqliyyat vasitəsi və ya daşınmaz əmlakın olmaması onun ödəmə qabiliyyəti olmayan hüquqi şəxs hesab edilməsi üçün əsas ola bilməz.

27. Bu baxımdan kollegiya hesab edir ki, ərizəçi İddiaçı MMC-nin müflis elan olunması üçün əsaslar yoxdur və birinci instansiya məhkəməsi də düzgün olaraq ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir.

28. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Ərizəçi İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3611/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar