Məhkəmə qərarları › İş №2-2(103)-1105/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1105/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1105/2024 26.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkilli Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2860/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ATL-HRM-001 saylı Xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə 40.200 AZN, kredit müqaviləsi yaranmış və tərəflərindən ödənmiş faiz borcuna görə 45.780 AZN, İcarə müqavilələri üzrə ödənilməmiş 30.000 AZN, alqı-satqı müqaviləsi üzrə 59.600 AZN, müqavilənin icra edilməsi üçün iddiaçı tərəfindən əlavə olaraq alınmış mallara görə 142.000 AZN olmaqla yaranmış 308488 AZN əsas borc və 9091 AZN ƏDV borcu və gecikdirilmiş bir illik müddətə görə 15424.4 AZN faiz borcunun, ümumilikdə 333.003,4 AZN borc məbləğinin Cavabdeh MMC -dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsinin iddia tələbində yol verilmiş texniki səhvin düzəldilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ATL-HRM-001 saylı Xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə yaranmış 40.200 AZN borcun , kredit müqaviləsi yaranmış və tərəfimizdən ödənmiş faiz borcuna görə 45.780 AZN, İcarə müqavilələri üzrə ödənilməmiş 30.000 AZN, alqı-satqı müqaviləsi üzrə 59.600 AZN və 9091 (doqquz min doxsan bir) AZN ƏDV borcunun və müqavilənin icra edilməsi üçün iddiaçı tərəfindən əlavə olaraq alınmış mallara görə 142.000 AZN olmaqla və qeyd edilən borclara (ƏDV xaric) görə gecikdirilmiş bir illik müddətə görə 15424.4 ( on beş min dörd yüz iyirmi dörd manat qırx qəpik) AZN faiz borcunun ümumilikdə 333003.4 (üç yüz otuzüç min üç manat qırx qəpik) AZN borc məbləğinin Cavabdeh MMC - dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2860/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən xx.xx.2022-ci il tarixli, ATL-HRM-001 saylı xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən 40200 manat borc məbləği, həmin məbləğə illik 5% ilə hesablanan faiz borcu olaraq 2010 manat və dövlət rüsumunun əvəzi olaraq 217 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

4. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2860/2024 nömrəli qətnaməsinin tələbin təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) ilə arasında xx.xx.2022-ci il tarixli, ATL-HRM-001 saylı Xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, İcraçı (İddiaçı MMC)Sifarişçinin (Cavabdeh MMC ) təsdiq etdiyi sifarişlər əsasında xidmət göstərməyi, Sifarişçi isə bu xidmət haqqını Müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz üzərinə götürmüşdür. Həmçinin adıçəkilən müqavilənin 5.1-ci maddəsinə əsasən, həmin müqavilə, görülən işlər bu müqavilənin şərtlərinə uyğun olaraq tam şəkildə başa çatdırıldıqdan və tərəflər arasında təhvil-təslim aktının və ən sonuncu forma-2 nin imzalanmasından sonra İcraçının gördüyü bütün işlər üçün verəcəyi zaman bitənə qədər qüvvədədir. Müqavilənin 5.2-ci maddəsinə əsasənisə göstərilən işlərin müddəti xx.xx.2022-ci il tarixindən başlamalı və xx.xx.2022-ci il tarixindək tamamlanmalıdır. Qeyd edilən müqavilə üzrə İddiaçı MMC tərəfindən xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəliklərin lazımi səviyyədə yerinə yetirilməsinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və irad bildirilməməsinə baxmayaraq, Cavabdeh MMC öz vəzifələrini icra etməmiş, bunun nəticəsində iddiaçıya xeyli miqdarda borclu qalmışdır. İddiaçı tərəfindən cavabdehə qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq ödənilməsi tələb edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh sözügedən pretenziya məktubuna heç bir cavab reaksiyası göstərməmişdir. Həmçinin bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir, cavabdeh isə açıq və aşkar şəkildə borcun ödənilməsindən boyun qaçırmağa davam etmişdir. İddiaçı pozulmuş hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etsə də, məhkəmə tərəfindən düzgün araşdırma aparılmamış, iddiaçının tələbi bir hissədə təmin edilsə də, digər hissədə əsassız olaraq rədd edilmişdir. Xidmət müqaviləsinin icra edilməsi üçün cavabdeh tərəfindən ödənişlər gecikdiyindən onların öz razılıqları ilə "xxxx" ASC-dən kredit götürülmüş və həmin kreditə görə yaranmış 45.780 (qırx beş min yeddi yüz səksən) AZN məbləğində faiz borcu iddiaçı tərəfindən ödənilmişdir. Buna əsasən xidmət müqaviləsinin icra edilməsi üçün qeyd edilən kredit müqaviləsi üzrə faiz borcu iddiaçı tərəfindən ödənildiyinə görə hazırda həmin məbləğ, yəni 45.780 AZN cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bundan başqa cavabdehlə bağlanmış xidmət müqaviləsininin icra edilməsi üçün iddiaçı ilə "xxxx"MMC arasında xx.xx.2022-ci il tarixli, RR/GZK1/010/22 nömrəli, xx.xx.2022-ci il tarixli, RR/GZ/017/22 nömrəli, xx.xx.2022-ci il tarixli, RR/GZ/016/22 nömrəli və xx.xx.2023-cü il tarixli, RR/GZK/003/23 nömrəli anbar sahələrinin icarəyə verilməsinə dair icarə müqavilələri bağlanmışdır. Lakin Cavabdeh MMC tərəfindən vaxtında material təmin edilmədiyi üçün layihənin müddəti nəzərdə tutulduğu vaxtı keçdiyinə görə 2023-cü ilin aprel və may ayları üçün icarə müqaviləsi üzrə "xxxx" MMC-yə ödənilməli olan icarə haqlarını ödəmək qeyri-mümkün olmuşdur. Bu səbəblə ödənilməmiş icarə haqlarına görə cavabdehin iddiaçıya 30.000 (otuz min) AZN borcu mövcuddur. Habelə xx.xx.2022-ci il tarixli, ATL-HRM-001 saylı Xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən, cavabdeh göstərilən həcmi təmin etmədiyi üçün iddiaçı tərəfindən sifariş olunan sərf materiallarının (Qaynaq telləri və qaynaq tozu) artıq qalanının cavabdehə satılması üçün onunla iddiaçı arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya 59.600 (əlli doqquz min altı yüz) AZN (ƏDV daxil) ödəniş edilməlidir. Lakin həmin müqavilə üzrə yaranmış borc da indiyədək cavabdeh tərəfindən ödənilməmişdir. Ən son olaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ATL-HRM-001 saylı Xidmətlərin göstərilməsi haqqında müqavilənin icra edilməsi üçün cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli olan, lakin təhvil verilməyən mallar layihənin bitirilməsi üçün cavabdehin razılığı ilə iddiaçı tərəfindən alınmışdır. Həmin mallar üçün də iddiaçı tərəfindən 142.000 (yüz qırx iki min) AZN məbləğində ödəniş edilmişdir ki, həmin məbləğ də cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilən sübutların tərəfindən məhkəməyə təqdim edilməsinə baxmayaraq Məhkəmə bu sübutları obyektiv qiymətləndirməmiş və nəticə olaraq iddia tələbi həmin hissədə rədd edilmişdir. Qeyd edilən maddəyə MPM 88 münasibətdə də deyə bilər ki, hazırki işdə Bakı Kommersiya Məhkəməsi tərəfindən sübutlar lazımınca araşdırılmamış, təqdim olunan sübutlara lazımi hüquqi qiymət verilməmişdir. Belə ki, yaranmış borcun əsası kimi iddiaçı tərəfindən Məhkəməyə təqdim edilən “Unibank” KB-nin məktubuna, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış icarə müqavilələrinə, xx.xx.2022-ci il tarixli, ATL-HRM-001 saylı Xidmətlərin göstərilməsi haqqında müqaviləyə düzgün hüquqi qiymət verilməməklə iddiaçının hüquqları pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin və təqdim etdiyi yazılı izahatın məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Həmin Məcəllənin 752.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 755-ci maddəsinə uyğun olaraq, müəyyən hallar istisna olmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri (subpodratçıları) cəlb edə bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır. Hər iki müqavilə (podrat və subpodrat müqaviləsi) əlaqəli olsa da, onlar bir-birindən ayrı və müstəqil müqavilə hesab olunurlar.

13. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

14. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilməyən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

20. Hazırki işin müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin ədv daxil cəmi dəyəri 2.256.166,49 manat təşkil etmişdir, həmin məbləğdən cavabdehin bütün ödənişləri (1.871.800 manat bank hesabına edilən ödənişlər və 344.160,7 manat ədv ödənişləri) çıxıldıqda 40205,79 manat (iddiaçının bu hissədə tələb məbləği 40200 manat göstərilmişdir) məbləğində borcun qaldığı müəyyən edilir.

21. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbinin əsaslı olması təqdim olunmuş sübutlarla – müqavilə, işlərin təhvil-təslimi aktları, e-qaimə, ödəniş sənədləri və hesabdan çıxarış ilə təsdiqini tapdığı üçün və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu üçün 40200 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən qalıq 40200 manat məbləğində borcun ödənilməsi gecikdirdiyi üçün, həmin məbləğə illik 5% hesablanmaqla 2010 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

22. Mübahisəli məqamlar aşağıdakılardır.

23. İddiaçının ikinci tələbi isə cavabdehin əvəzinə banka ödənilmiş 45780 manat faiz borcunun tutularaq ona ödənilməsi olmuşdur. Sübut qismində isə “Unibank” KB-nin ödənişlərin edilməsinə dair məktubu iş materiallarına əlavə edilmişdir.

24. Məhkəmə hesab etmişdir ki, bu hissədə tələb sübuta yetirilə bilmədiyi üçün rədd edilməlidir. Belə ki, məhkəmə gedişatı zamanı məhkəmə iddiaçının nümayəndəsinə dəfələrlə həmin tələbin əsasını təşkil edən sübutların (kredit müqavilələrini, kredit müqaviləsi üzrə faizlərin ödənişinə dair iddiaçı ilə cavadeh arasında olan razılaşması və sair sənədləri) təqdim edilməsini təklif etsə də, “Unibank” KB-nin xx.xx.2024-ü il tarixli məktubundan başqa hər-hansı sübutu təqdim etməmiş, nə də ki, sübutların təmin edilməsi üçün məhkəməyə vəsatət ilə müraciət etməmişdir. “Unibank” KB-nin xx.xx.2024-ü il tarixli məktubunda isə sadəcə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli, 44KD/21-10 saylı müqavilə üzrə 4535,88 manat, xx.xx.2023-cü il tarixli, 44KD/21-12 saylı müqavilə üzrə 5667 manat, xx.xx.2022-ci il tarixli, 57KD/22-1 saylı müqavilə üzrə 17789,24 manat və xx.xx.2022-ci il tarixli, 57KD/22-2 saylı müqavilə üzrə 17789,24 manat ödənişlər edilmişdir. Lakin, həmin faiz borcu üzrə ödənişlərin kim tərəfindən edildiyi, kredit müqavilələrinin Bank ilə hansı Borclu (iddiaçının özünün götürdüyü kredit, yoxsa cavabdeh ilə bağlanan kredit müqavilələrinin olması) arasında bağlandığı müəyyən edilmir.

25. İddiaçı apellyasiya icraatı zamanı “Unibank” KB-yə ünvanlandığı məktubu təqdim etmiş və kredit müqaviləsinin onun tərəfindən bağlandığını bildirmişdir. İddiaçı kredit müqaviləsinin tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış xidmət müqaviləsinin əsasında bağlanmasını qeyd etsə də, həmin xidmət müqaviləsində cavabdehin belə bir şərtə razı olması müəyyən edilmir. Ona görə iddiaçının bu dəlili əsassızdır.

26. İddianın digər tələbi - icarə müqavilələri üzrə ödənilməmiş 30.000 manatlıq məbləğlə bağlı olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddia tələbi də bu hissə də əsassızdır. Belə ki, iddiaçının istinad etdiyi icarə müqavilələri iddiaçı ilə cavabdeh arasında deyil, iddiaçı şirkət ilə "xxxx" MMC arasında bağlanmışdır və iddiaçının icarəyə götürülmüş obyektə görə ödəniləcək icarə haqqının tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehdən tutulması və həmin icarə obyektinin məhz cavabdehə xidmət müqaviləsi üzrə görüləcək işlərlə bağlı icarəyə götürülməsi də işin hallarında müəyyən edilməmiş və iddiaçı tərəfindən də sübuta yetirilməmişdir. Digər tərəfdən, göründüyü kimi İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RR/GZK1/010/22 saylı icarə müqaviləsinə əsasən icarəyə verən "xxxx" MMC-dir, belə olan halda həmin müqavilə üzrə icarə haqqının tələb edilməsi üçün hazırki iş üzrə iddiaçının sübyektiv hüququ belə mövcüd deyil.

27. İddiaçı apellyasiya şikayəti və yazılı izahatda hesab etmişdir ki, onun bu tələbi irəli sürməsində subyektiv hüququ olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əlavələrdə (2,3,4,6,7 saylı) cavabdeh iddiaçının bağladığı icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsinə razılıq vermişdir. Cavabdehin malları iddiaçıdan alması gecikdirdiyinə görə iddiaçı mallara görə icarə haqqı (8 ay müddətində) ödəmişdir.

28. İddiaçı izahatda qeyd edir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RR/GZK1/010/22 nömrəli, xx.xx.2022-ci il tarixli, RR/GZ/017/22 nömrəli, xx.xx.2022-ci il tarixli, RR/GZ/016/22 nömrəli və xx.xx.2023-cü il tarixli, RR/GZK/003/23 nömrəli anbar sahələrinin icarəyə verilməsinə dair icarə müqavilələri bağlanmasındakı məqsəd Cavabdeh MMC ilə bağlanmış müqavilələrin icrasını təmin etməkdir.

29. Məhkəmə kollegiyası iddiaçının bu mövqeyi ilə razılaşmır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə cavabdeh müqavilənin icrasının təmini məqsədilə üçüncü şəxslə müqavilə bağlanması və icarə haqqının verilməsi barədə razılıq ifadə etməmiş, müqavilədə belə şərt razılaşdırılmamışdır. İddiaçının qeyd etdiyi müqaviləyə əlavələr (2022-ci ilin noyabr və dekabr aylarında imzalanmışdır) isə icarə müqavilələrindən sonra tərtib edilərək imzalanmışdır. Əgər həqiqətən əlavələrdə olan icarə məsələsi iddiaçının bağladığı icarə müqavilələrinə aidiyyəti olsaydı və ya icrasının təmini barədə razılıq olsaydı, onda əvvəl əlavələr imzalanmalı, sonra isə icarə müqavilələri imzalanmalı idi. Lakin işdən görünür ki, əksinə olmuşdur.

30. Əlavə olaraq qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əlavələrdə yalnız qiymətlər razılaşdırılmış, cavabdeh əlavələrdə üzərinə iddiaçının digər tərəflə müqavilə bağlanması və həmin müqavilə üzrə iddiaçının əvəzinə icarə haqqı ödəməsi barədə öhdəlik götürməmişdir. Bu əlavələr müqavilədə qiymət razılaşma protokolu kimi müəyyən edilmişdir. Tərəflər müqavilədə qiymət, xidmət haqqı kimi məsələləri bu protokollar vasitəsilə həll edəcəkləri barədə razılığa gəlmişdirlər. Əlavələr müqaviləyə əlavə və ya dəyişiklik kimi qəbul edilə bilməz. İddiaçının nümayəndəsi yazılı izahatda əlavələrdə yeni və ya əlavə razılaşma kimi cavabdehin öhdəlik götürməsinə istinad etmişdir. Halbuki bu yanaşma qəbul edilə bilməz. Göründüyü kimi iddiaçı həqiqətən də icarə haqqını tələb edərkən subyektiv hüququ olmamışdır.

31. İddiaçı tələbin digər iki hissəsi ilə bağlı qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli, ATL-HRM-001 saylı Xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən, cavabdeh göstərilən həcmi təmin etmədiyi üçün iddiaçı tərəfindən sifariş olunan sərf materiallarının (Qaynaq telləri və qaynaq tozu) artıq qalanının cavabdehə satılması üçün onunla iddiaçı arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya 59.600 (əlli doqquz min altı yüz) AZN (ƏDV daxil) ödəniş edilməlidir. Lakin həmin müqavilə üzrə yaranmış borc da indiyədək cavabdeh tərəfindən ödənilməmişdir. Ən son olaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ATL-HRM-001 saylı Xidmətlərin göstərilməsi haqqında müqavilənin icra edilməsi üçün cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli olan, lakin təhvil verilməyən mallar layihənin bitirilməsi üçün cavabdehin razılığı ilə iddiaçı tərəfindən alınmışdır. Həmin mallar üçün də iddiaçı tərəfindən 142.000 (yüz qırx iki min) AZN məbləğində ödəniş edilmişdir ki, həmin məbləğ də cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

32. İddiaçının sonuncu tələbi alqı-satqı müqavilə üzrə yaranmış borcun və həmin müqavilənin icra edilməsi ilə bağlı alınmış mallara dair ödənilmiş və onlara hesablanmış ƏDV məbləği ilə bağlı olmuşdur. İş məhkəmədə araşdırılan zaman iddiaçı tərəfin alqı-satqı müqaviləsi üzrə hər-hansı malların cavabdehə təhvil verilməsi, e-qaimələrin göndərilməsi və həmin mallara çəkilmiş xərcin mövcudluğuna dair hər hansı hüquq müəyyənedici sənədi məhkəmə gedişatı zamanı təqdim etməmiş və araşdırılma zamanı da işin hallarından müəyyən edilməmişdir.

33. Göründüyü kimi iddiaçı tələbin qeyd edilən hissələrinə dair sübut təqdim etmədiyinə görə məhkəmə iddia tələblərini bu hissədə də təmin etməmişdir. Apellyasiya şikayətinin bu hissəsində məhkəmənin gətirdiyi arqumentlərə qarşı heç bir əsaslandırma qeyd edilməmişdir.

34. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2860/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar