Məhkəmə qərarları › İş №2-2(103)-1117/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1117/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1117/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “Ernts&Yanq Holdinq (Siayes) Bİ.Vİ." Şirkətinin Azərbaycan Respublikasindakı Filialının cavabdeh “X2 And Construction" MMC-yə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2828/2024 saylı qətnaməsindən cavabdeh “X2 And Construction" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. “Ernts&Yanq Holdinq (Siayes) Bİ.Vİ." Şirkətinin Azərbaycan Respublikasındakı Filialı “Şirkət” ilə "xxxx" MMC “Müştəri" arasında bağlanmış xx.xx.2022-ci il tarixli Tax-2022 nömrəli məsləhət xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, şirkət müştəriyə peşəkar xidmətlər göstərəcək, müştəri isə şirkətə bu xidmətlərin müqabilində haqq ödəyəcəkdir, Xidmətlərin həcmi, şərfləri və haqqı tərəflər arasında qarşılıqlı razılaşma əsasında yazılı şəkildə hazırkı müqavilənin qoşmaları və tərkib hissəsi olan xüsusi texniki tapşırıqda, hər bir hal üçün ayrıca olaraq müəyyən ediləcəkdir. Müqavilənin 2-ci bəndinə əsasən Xidmətlər şifahi və ya yazılı şəkildə (o cümlədən faks və ya şifrlənməmiş elektron poçt vasitəsilə) göstərilə bilər. Müqavilənin 4-cü bəndinə əsasən xidmətlərin göstərilməsinə görə şirkətə ödəniləcək məbləğə xidmət haqları, şirkət tərəfindən xidmətlərlə əlaqədar çəkilmiş xərclər, hazırkı müqavilədə göstərilən digər əlavə ödəmələr və tətbiq edilən vergilər daxildir. Hazırkı müqaviləyə qoşmalarda digər şərt nəzərdə tutulmamışdırsa, xidmət haqları şirkətin layihəyə cəlb edilmiş əməkdaşlarının təcrübə səviyyəsindən asılı olan və B Qoşmasında göstərilən saat hesabı haqlarına və müqavilə əsasında xidmətlərin göstərilməsi üçün lazım olan saatların sayına (o cümlədən, yola sərf olunan vaxta) əsaslanır. Ödəmə şərtləri müvafiq TT-da (Qoşma C-də) göstərilir. Müqavilənin 11-ci bəndinə əsasən xidmətlərin tamamilə və ya hissələrlə tamamlanmasından sonra şirkət müştəriyə iki nüsxədə təhvil-təslim aktı göndərəcəkdir. Müştəri bu təhvil-təslim aktının bir nüsxəsini imzalamalı, tarixi qeyd etməli və şirkətə qaytarmalıdır, əks təqdirdə, bu aktı aldıqdan 5 iş günü ərzində şirkətə aktı imzalamaqdan əsaslandırılmış imtina göndərməlidir. Tərəflər etiraf edirlər ki, şirkət imzalanmış təhviltəslim aktını və ya bu aktı imzalamaqdan əsaslandırılmış imtinanı almadığı təqdirdə, təhvil-təslim aktı imzalanmış, xidmətlər isə həmin təhvil-təslim aktında göstərilmiş həcmdə və şərtlərlə şirkət tərəfindən göstərilmiş və müştəri tərəfindən qəbul edilmiş hesab ediləcəkdir. Tərəflər razılaşır və qəbul edirlər ki, şirkət tərəfindən birtərəfli qaydada imzalanmış bu cür təhvil-təslim aktı xidmətlərin qəbul edilməsinin yetərli sübutudur və xidmətlərə görə ödəniş təhvil-təslim aktının imzalanması əsasında həyata keçiriməlı olduğu halda həmin ödəniş üçün əsas təşkil edir.

2. 08 dekabr 2022-ci il tarixli xidmətlərin göstərilməsinə dair müqaviləyə Qoşma Anın A.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsinin əsas şərtləri. Giriş hissə ilə birlikdə və müvafiq texniki tapşırıq və hər hansı qoşmalar şirkət tərəfindən müştəriyə xidmətlərin göstərilməsi üçün müqavilə strukturunu təşkil edir. A.5-ci bəndinə əsasən şirkət xidmətləri münasib bacarıq və səylərdən istifadə etməklə göstərəcəkdir. Xidmətlər şifahi və ya yazılı şəkildə (o cümlədən, şifrsiz elektron poçt vasitəsilə) təqdim edilə bilər. A.6-cı bəndinə əsasən şirkət, xidmətlərin bir hissəsi ilə bağlı müştəri ilə birbaşa əlaqə qura biləcək bir və ya bir neçə EY Firması, eləcə də digər üçüncü tərəflərlə subpodrat müqaviləsi imzalaya bilər. Xidmətlərin icrasına görə müştəri qarşısında müstəsna məsuliyyəti şirkət daşıyacaq. A.7-ci bəndinə əsasən şirkət müştərinin işçisi, agenti, tərəfdaşı kimi deyil, müstəqil podratçı qismində hərəkət edəcək. Müştəri Xidmətlərlə bağlı rəhbərliyin bütün qərarlarına görə, habelə Xidmətlərin Müştərinin məqsədlərinə uyğun olub-olmamasının müəyyən edilməsinə görə müstəsna məsuliyyət daşıyacaq. Müştəri Xidmətlərə nəzarət və Xidmətlərin və Layihə nəticələrinin istifadəsi və həyata keçirilməsi məqsədilə müvafiq ixtisası olan heyət təyin etməlidir

3. 08 dekabr 2022-ci il tarixli Məsləhət xidmətləri haqqında Müqaviləyə Qoşma B-yə əsasən vergi departamentinin mütəxəssislərinin cari saathesabı haqları (ƏDV xaric) Partnyor üçün 945 ABŞ dolları, Direktor üçün 785 ABŞ dolları, Baş Menecer üçün 600- 705 ABŞ dolları, Menecer üçün 475-550 ABŞ dolları, Baş Məsləhətçi üçün 265-370 ABŞ dolları, Məsləhətçi üçün 105-160 ABŞ dolları müəyyən edilmişdir

4. 08 dekabr 2022-ci il tarixli Qoşma C - Texniki Tapşığa əsasən Şirkət Müştərini aşağıda göstərilən xidmətlərlə təmin edəcək: X8 Bölgüsü haqqında Saziş çərçivəsində qeyri-rezident subpodratçılara ödənişlərin köçürülməsi üzrə QR ƏDV və ÖMV təhlili, X8 Bölgüsü haqqında Saziş çərçivəsində Sifarişçi, onun qeyri-rezident subpodratçı arasında digər mümkün vergi təsirlərinin təhlili, qeyd olunan məsələlərlə bağlı Azərbaycan dilində yazılı Vergi Memorandumunun təqdim edilməsi. 4-cü bəndə əsasən hazırkı Layihə üzrə Xidmətlərin göstərilməsi üçün Şirkətə ödəniləcək məbləğ təsbit edilmişdir və 4000 ABŞ Dolları (ƏDV xaric) bərabərdir.

5. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Ernts&Yanq Holdinq (Siayes) Bİ.Vİ." Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (Xidmət göstərən) 4000 ABŞ dolları dəyərində xidmətin göstərdiyini təsdiq etmişdir.

6. EBDG seriyalı, 119081 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 8024 manat dəyərində göstərilmiş xidmətlər “Ernts&Yanq Holdinq (Siayes) Bİ.Vİ." Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.

7. 10 noyabr 2022-ci il tarixli mail yazışmasından görünür ki, Shafayaddin Gadirov ünvanından Nikbin A Məmmədova müraciət edərək, AMEC və onun qeyri-rezident subicraçısı arasında öhdəlikləri (ƏDV, tutulan vergi və digər vergilər) barədə müqavilə ilə əlaqədar MEMO-nun Azərbaycan dilində yazılması; MEMO ilə bağlı vergi orqanında görüşün təşkil edilməsi (əgər mümkündürsə); bu məsələ ilə bağlı səyyar vergi yoxlaması zamanı dəstəyin göstərilməsi (lazım olarsa) ilə bağlı sorğularla əlaqədar vergi xidmətlərinin göstərilməsində kömək göstərilməsi xahiş olunmuşdur.

8. 18 noyabr 2022-ci il tarixli mail yazışmasından görünür ki, Aygün İ Malikova ünvanından mailto:r.shakarov@amec.azElektron ünvan 1 və Elektron ünvan 2 ünvanlarına müraciət edərək, tələbə əsasən müvafiq PSA çərçivəsində qeyri-rezident subicraçıya ödənişlərin köçürülməsi üçün RC ƏDV və verginin tutulması (RC VAT və WHT) tətbiqinin təhlili; Müvafiq PSA çərçivəsində sifarişçi və onun qeyri-rezident subicraçısı arasında vergitutmanın digər mümkün təsirlərinin təhlili; Göstərilən məsələlərlə bağlı Azərbaycan dilində yazılı Vergi Memorandumunun təqdim edilməsi üçün ödəniş təklifi 4000 ABŞ dolları (ƏDV istisna olmaqla) təşkil etdiyi qeyd olunmuşdur. Xidmətlərin göstərilməsi barədə əsas müqavilə və əlavələr də daxil olmaqla, müqavilənin layihə paketini təqdim edərək, xahiş etmişdir ki, "xxxx" MMC ilə EY Azerbaijan arasında müqavilə layihəsi paketinə daxil edilmiş məlumatların doğruluğu təsdiq edilsin. Hər hansı şərhin bildirillməsi və müqavilənin imzalanması işin qəbulu üçün daxili prosedurun tamamlanmasından asılıdır.

9. 19 yanvar 2023-ci il tarixli mail yazışmasından görünür ki, Aygün İ Malikova ünvanından mailto:r.shakarov@amec.azElektron ünvan 1 və Elektron ünvan 2 ünvanlarına müraciət edərək, faylda tələb olunan təhlilin təqdim edildiyi qeyd olunmuşdur.

10. “Ernts&Yanq Holdinq (Siayes) Bİ.Vİ.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən tərtib edilmiş 19 yanvar 2023-cü il tarixli Xarici Subpodratçılardan barj vasitəsilə dəniz yükdaşıma xidməti aldığı zaman yaranan vergi öhdəliklərinin təhlili "xxxx" MMC-yə təqdim edilmişdir.

11. Birinci instansiya məhkəməsindəki icraat:

12. İddiaçı “Ernts&Yanq Holdinq (Siayes) Bİ.Vİ.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış ƏDV xaric olmaqla 4000 ABŞ dolları məbləğində əsas borc və dövlət rüsumu kimi ödənilmiş 88 manat məbləğinin cavabdeh "xxxx" MMC-dən tutularaq onun bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən Ernst & Yanq Holdinqs (Siayes) Bİ.Vİ. Şirkətinin Azərbaycan Respublikasındakı Filialına online şəkildə email yazışma formasında müraciət olunaraq sonuncudan vergi qanunvericiliyinin təhlili üzrə xidmətlərin göstərilməsi istənilmişdir. Aparılan danışıqlardan sonra əldə olunan razılıq əsasında Şirkət ilə Müştəri arasında 08 dekabr 2022–ci il tarixli məsləhət xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, şirkət tərəfindən müştəriyə “X8 Bölgüsü haqqında Saziş çərçivəsində qeyri– rezident subpodratçılara ödənişlərin köçürülməsi üzrə QR ƏDV və ÖMV təhlili; X8 Bölgüsü haqqında Saziş çərçivəsində Sifarişçi, onun qeyri–rezident subpodratçı arasında digər mümkün vergi təsirlərinin təhlili; qeyd olunan məsələlərlə bağlı Azərbaycan dilində Vergi Memorandumunun təqdim edilməsi” xidmətlərinin göstərilməsi, müştəri tərəfindən isə göstərilən xidmətlərə görə ƏDV xaric olmaqla 4000 ABŞ dolları məbləğində xidmət haqqının Şirkətə ödənilməsi razılaşdırılmışdır. Tərəflər həmçinin Müqavilədə xidmətlərin şifahi və ya yazılı (o cümlədən faks və ya elektron poçt vasitəsilə) təqdim edilə bilməsini müəyyən etmişlər. Şirkət müqavilə şərtlərinə uyğun olaraq təhlili aparmaqla vergi memorandumunu hazırlamış və 19 yanvar 2023–cü il tarixində müvafiq qaydada müştəriyə elektron poçt vasitəsilə təqdim etmişdir. 26 yanvar 2023–cü il tarixində müştərinin nümayəndəsi tərəfindən elektron poçt vasitəsilə şirkət tərəfindən cavablandırılması üçün dəqiqləşdirici suallar göndərilmiş və bu suallar şirkətin nümayəndəsi tərəfindən 30 yanvar 2023 –cü il tarixində cavablandırılmışdır. Şirkətin nümayəndəsi tərəfindən həmçinin təhvil–təslim aktı, ödəniş üçün tələb olunan maliyyə sənədləri (hesab–faktura, elektron qaimə və s.) elektron poçt vasitəsilə müştəriyə göndərilmiş və hər hansı qeydləri olmadığı təqdirdə göstərilən xidmətlərə görə ödənişin edilməsi xahiş edilmişdir. Qeyd olunan tarixdən uzun müddət keçməsinə baxmayaraq müştəri tərəfindən hər hansı ödəniş edilməmiş, ödənişlə bağlı edilən şifahi və yazılı müraciətlər isə müxtəlif bəhanələrlə (baş mühasibin işdə olmaması, xəstələnməsi,elektron qaimələrin müddətinin keçməsi və s.) gecikdirilmiş, daha sonra isə ümumiyyətlə cavablandırılmamışdır. Halbuki tərəflər arasında olan müqaviləyə əsasən, müştəri xidmətlərin təqdim edilməsindən sonrakı 5 iş günü ərzində şirkətə aktı imzalamaqdan əsaslandırılmış imtina göndərməlidir. Şirkət imzalanmış təhvil–təslim aktını və ya bu aktı imzalamaqdan əsaslandırılmış imtinanı almadığı təqdirdə, təhvil–təslim aktı imzalanmış, xidmətlər isə həmin təhvil-təslim aktında göstərilmiş həcmdə və şərtlərlə şirkət tərəfindən göstərilmiş və müştəri tərəfindən qəbuledilmiş hesab edilir. Xidmətlərin təqdim edilməsindən bir ildən artıq müddət keçməsinə baxmayaraq müştəri tərəfindən xidmətlərlə bağlı ödəniş edilmədiyindən şirkət tərəfindən hüquqi prosedurların başladılması qərarına gəlinmiş və bununla bağlı müştəriyə 18 yanvar 2024 –cü il tarixində ilk pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunu aldıqdan, eləcə də şirkətin nümayəndəsinin telefon zənglərindən sonra müştəri şirkət nümayəndəsinə bildirmişdir ki, suallarına cavab veriləcəyi təqdirdə ödənişi edəcəkdir və 25 yanvar 2024–cü il tarixində Şirkətə yenidən suallar ünvanlamışdır. Şirkət tərəfindən hazırlanan 16 fevral 2024 –cü il tarixli cavab məktubunda şirkətin sualları təkrarən cavablandırılmışdır. Lakin müştəri bundan sonra da ödəniş etməklə bağlı ödəliyindən yayınmağa davam edərək bu günə qədər ödənişi etməmiş və bununla bağlı şirkətin müraciətlərinə cavab verməmişdir

14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 386.1, 425.1, 442.1, 445.1, 445.2, 448.1, 465.2-ci maddələrinə istinad olunmuşdur.

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2828/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən müqavilə üzrə ödənilməmiş 4000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti, habelə ödənilmiş 88 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “Ernst&Yanq Holdings (Siayes) Bİ.Vİ.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xeyrinə ödənilməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidməti göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən tərtib edilmiş rəyi qəbul etsə də, rəydə olan qüsurlara görə xidmət haqqının ödənişindən imtina etdiyini bildirmişdir. Halbuki iddiaçı, göstərilmiş xidmətin qəbul edildiyini təsdiq etmək üçün xx.xx.2023-cü il tarixində təhvil-təslim aktını imzalayaraq cavabdehə göndərmiş, cavabdeh təhvil-təslim aktını aldıqdan sonra 5 iş günü ərzində həmin aktı imzalamaqdan imtina etməsi ilə bağlı Şirkətə əsaslandırılmış müraciət təqdim etməmiş, həmçinin cavabdehin nümayəndəsi də mübahisəyə məhkəmədə baxılana qədər iddiaçıya görülmüş işdə yaranmış qüsurlarla bağlı rəsmi qaydada pretenziya ilə müraciət etmədiyini bildirmişdir. Bununla da tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli Tax-2022 nömrəli müqavilənin 11-ci bəndinə əsasən iddiaçı cavabdeh tərəfindən əsaslandırılmış imtinanı almadığına və akt imzalanaraq iddiaçıya geri qaytarılmadığına görə təhvil-təslim aktı imzalanmış, həmin təhvil-təslim aktında göstərilmiş həcmdə və şərtlərlə iddiaçı tərəfindən göstərilmiş xidmət cavabdeh tərəfindən qüsursuz olaraq qəbul edilmişdir. Buna görə də iddiaçının qüsursuz icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, iddiaçı tərəfindən rəyin cavabdehə qüsursuz təhvil verildiyini, cavabdehin təhvil alınan rəyə görə müqavilədə nəzərdə tutulmuş müddətdə pretenziya etmədiyini və 4000 ABŞ dolları pulu ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 4000 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında xidmət haqqının dəyəri ABŞ dolları ilə razılaşdırılsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir.

17. Cavabdeh “X2 And Construction" MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 18 noyabr 2022-ci il tarixində Ernst&Young şirkətinə təqdim etdikləri sorğuda üç əsas xidmətin göstərilməsini xahiş etmişdirlər: AMEC ilə qeyri-rezident subpodratçısı arasında bağlanmış müqavilə üzrə vergi öhdəliklərinin (ƏDV,ÖMV və digər vergilər) Azərbaycan dilində MEMO şəklində izah edilməsi; Vergi öhdəlikləri ilə bağlı hazırlanmış MEMO-nun vergi orqanlarında müzakirə edilməsi və bununla əlaqəli görüşlərin təşkil edilməsi (mümkün olduğu təqdirdə); Bu məsələ ilə bağlı mobil vergi yoxlaması baş verərsə, dəstək göstərilməsi (tələb olunduqda). Onlar EY-nin doğru, hüquqi baxımdan uyğun və praktik məsləhətlər verəcəyini gözləyirdilər. Buna görə də müvafiq saziş layihələri paketi və AMEC ilə digər tərəflər arasında bağlanmış müqavilələri EY-yə təqdim etmişlər. Xidmət müqaviləsinə əsasən, EY şirkətinin vergi öhdəlikləri ilə bağlı dəqiq təhlil aparması və onları yaranan məsələlərdə dəstəkləməsi vacib idi. Lakin EY tərəfindən təqdim edilən təhlillər qeyri-dəqiq olmuş, onlara yanlış maliyyə məsləhətləri verilmişdir. Birincisi, EY onları subpodratçı kimi qeyd etmiş və təhlillərində bu mövqedən çıxış etmişdir. Halbuki onlar sub-subpodratçı mövqeyində idilər və buna görə də vergi öhdəliklərimiz tamamilə fərqli hesablanmalı idi. EY-nin təqdim etdiyi rəyə əsasən, onlar 0% ƏDV və 5.5% ödəmə mənbəyində vergiyə tabe olmalı idilər. Lakin sub-subpodratçı olduqları üçün onların ƏDV öhdəliyi 18% və ödəmə mənbəyində vergi öhdəlikləri is 10% təşkil edirdi. Bu səhv rəy nəticəsində onlara yanlış vergi öhdəlikləri təqdim edilmiş və bunun nəticəsində əlavə maliyyə itkiləri ilə üzləşmişlər. İkincisi, EY tərəfindən hazırlanan rəy, HPBS qaydalarına uyğun gəlmirdi. EY onlara təqdim etdiyi təhlillərdə yerli və xarici subpodratçılar arasında fərqləndirmə apararaq, xarici subpodratçıların ƏDV-dən azadolma sertifikatı olmadan 0% ƏDV dərəcəsinə tabe ola biləcəklərini, lakin yerli subpodratçılar üçün mütləq bu sertifikatın tələb edildiyini bildirmişdir. Halbuki HPBS qaydalarına əsasən, xarici və yerli subpodratçılar üçün mütləq bu sertifikatın tələb edildiyini bildirmişdir. Halbuki HPBS qaydalarına əsasən, xarici və yerli subpodratçılar üçün fərqləndirmə aparılmır və hər iki halda sertifikat olmadan 0% ƏDV tətbiq edilə bilməz. Sertifikatın alınmasının hər iki halda məcburi olması açıq şəkildə göstərilmişdir və EY-nin bu məsələni səhv təhlil etməsi, hüquqi baxımdan yanlış istiqamət verməsi onları zərərlə qarşılaşdırmışdır.

19. Onlar EY-dən aldıqları ilkin rəy əsasında praktiki olaraq müvafiq addımlar atmağa çalışmışlar. Lakin bu rəylər praktik olaraq tətbiq oluna bilmədi və onlar bir neçə dəfə onların düzəldilməsi üçün müraciət etmişlər. Onlara göndərilən e-qaiməni aldıqdan sonra, onun düzgün olmadığını aşkar etmişlər və ilk 5 gün ərzində bu e-qaiməni düzəlişə göndərmişlər. Sonrakı mərhələdə isə üç dəfə də e-qaiməni düzəlişə göndərməyə məcbur qalmışlar. Bu fakt EY şirkətinin təqdim etdiyi təhlilin və məsləhətlərin keyfiyyətsiz olduğunu və bunun praktikada tətbiqinin qeyri-mümkünlüyünü açıq şəkildə göstərir. Daha sonra EYnin verdiyi rəyə əsaslanaraq, onlar VAT (ƏDV) sertifikatı üçün müraciət etmək istəmişlər. Lakin bu, mümkün olmadı. HPBS qaydalarına əsasən, ƏDV sertifikatı yalnız podratçı ilə bağlanmış rəsmi müqavilə əsasında əldə oluna bilər. Onların belə bir müqaviləsi olmadığı üçün EY tərəfindən verilən məsləhət əsasında sertifikat üçün müraciət etmək mümkün deyildi. Bu vəziyyət, EY-nin praktiki cəhətdən tətbiq olunmayan məsləhətləri səbəbindən yaranmış və nəticədə iş prosesimizdə ciddi gecikmələrə və zərərlərə səbəb olmuşdur. Bundan əlavə, EY tərəfindən verilən rəy nəticəsində onlar yanlış olaraq əlavə ƏDV ödənişləri etmişlər. ƏDV-nin 0% olmalı olduğu iddia edilsə də, onlar əslində 18% ƏDV-yə tabe idilər və bu səbəbdən həddindən artıq məbləğdə ƏDV ödəmişlər. Bu əlavə ödənişlər onların nağd axınlarında mənfi təsir göstərmiş, maliyyə planlamalarına ciddi ziyan vurmuş və eyni zamanda, xərclərimizin artmasına səbəb olmuşdur. Nəticədə, bu maliyyə itkiləri uzunmüddətli zərərlərə yol açmış və iş proseslərinin ləngiməsinə səbəb olmuşdur. 25 yanvar tarixində onlar № AMEC-L-005/24 nömrəli məktubla EY şirkətinə müraciət edərək, onların təqdim etdiyi təhlillərdəki səhvləri və onların yaratdığı nəticələri açıqlamışlar. Bu məktubda onlar EY-yə yenidən konkret suallarla müraciət etmişlər, hansılarkı birinci məktubda düzgün rəy verilməmişdir, lakin, EY bu müraciətə cavab olaraq, 16 fevral 2024cü il tarixində göndərdikləri № 09/2024 nömrəli məktubda eyni ilkin təhlilləri və rəyini təkrar təqdim etdi. Cavabında onların sorğularına və iradlarına hər hansı konkret həll təklif edilmədi. Bu vəziyyət onlar üçün daha da mürəkkəbləşdi və nəticədə yaranmış hüquqi və maliyyə problemlərinin həllini çətinləşdirdi. EY-in səhv təhlilləri və təkrar cavabları, iş proseslərinə mənfi təsir etməklə yanaşı, onların vaxt və maliyyə baxımından itkilərlə qarşılaşmaqlarına səbəb oldu.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri :

20. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini xahiş etdi.

22. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi işin nəticəsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

23. Cavabdeh məhkəmə məhkəmə iclasına gəlməmiş və ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

24. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər.

25. Mülki Prosessual Məcəllənin:

-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. - 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.

26. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun:

- 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. - 24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.

Apellyasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, biкinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin tərəflərindən biri xarici hüquqi şəxsin AR-dəki filialı olduğundan hazırkı mübahisə xarici elementli mübahisədir. Digər tərəfdən ddia tələbi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Tax-2022 nömrəli məsləhət xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gəlir. Həmin müqavilənin 33 və 34-cü bəndlərinə əsasən isə tərəflər həmin müqavilədən irəli gələn mübahisələrinə AR Qanunvericiliyinin tətbiq edilməsi və mübahisələrin AR Məhkəmələrində baxılmalı olması barədə razılaşmışlar.

32. Odur ki, AR Məhkəmələri hazırkı mübahisəyə baxmaqla səlahiyyətlidirlər və mübahisəyə AR qanunvericiliyi tətbiq edilməlidir.

33. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Ernts&Yanq Holdinq (Siayes) Bİ.Vİ." Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Tax-2022 nömrəli məsləhət xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı Ernts&Yanq Holdinq (Siayes) Bİ.Vİ." Şirkətinin Azərbaycan Respublikasındakı Filialı müqavilə üzrə cavabdehə xidmətlər göstərməsini, lakin cavabdehin həmin xidmətlərə görə müqavilədə nəzərdə tutulmuş ƏDV xaric 4000 ABŞ dolları məbləğində xidmət haqqını ödəmədiyini iddia edir və xidmət haqqının cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin qüsurlu olduğunu əsas göstərərək iddiaya etiraz edir.

34. Kollegiya əvvəla qeyd edir ki, sözügedən müqavilə xidmət müqaviləsi adlandırılsa da, podrat (yazılı təhlil və vergi memorandumunun hazırlanması hissəsində) və xidmət müqavilələrinin elementlərini birləşdirilən qarışıq müqavilədir. Mülki Məcəllədə xidmət müqaviləsini tənzimləyən xüsusi normalar mövcud olmadığından xidmət müqaviləsinə aid hissədə də müqaviləyə analogiya üzrə mülki qanunvericiliyin podrat müqaviləsini tənzimləyən normaları tətbiq edilməlidir.

35. İddiaçı ilə cavabdeh arasında müqavilə üzrə xidmətlərin (işlərin) göstərilməsinə (görülməsinə) dair elektron poçt üzərindən yazışmalardan müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya sifariş edilmiş işin - vergi məsələləri ilə bağlı təhlilin və yazılı memorandumunun hazırlanmasının dəyəri 4000 ABŞ dolları məbləğində razılaşdırılmış və iddiaçı tərəfindən sözügedən yazılı təhlil cavabdehə təqdim edilmişdir. Təhlil təqdim edildikdən sonra cavabdehə təhvil-təslim aktı göndərilmiş, cavabdeh tərəf isə həmin aktı imzalamaqdan imtina etməmişdir.

36. Tərəflər arasında bağlanmış mübahisəli müqavilənin 11-ci bəndinə əsasən müştəri xidmətlərin təqdim edilməsindən sonrakı 5 iş günü ərzində şirkətə aktı imzalamaqdan əsaslandırılmış imtina göndərməlidir. Şirkət imzalanmış təhvil–təslim aktını və ya bu aktı imzalamaqdan əsaslandırılmış imtinanı almadığı təqdirdə, təhvil–təslim aktı imzalanmış, xidmətlər isə həmin təhvil-təslim aktında göstərilmiş həcmdə və şərtlərlə şirkət tərəfindən göstərilmiş və müştəri tərəfindən qəbuledilmiş hesab edilir.

37. Göründüyü kimi hazırkı halda cavabdeh müqavilə şərtlərinə uyğun olaraq təhviltəslim aktını imzalamaqdan imtina etməməsi görülmüş işləri qüsursuz qəbul edilməsi kimi dəyərləndirilməlidir. Bununla yanaşı iddiaçı tərəfindən cavabdehə görülmüş işlərə (göstərilmiş xidmətlərə) görə elektron qaimə-faktura göndərilsə də, cavabdeh qanunvericilikdə müəyyən edilmiş müddət ərzində həmin qaiməni düzəliş üçün qaytarmamış, eyni zamanda onun üçün vergi öhdəlikləri yaradan həmin qaimə ilə bağlı etirazlarını iddiaçıya və ya vergi orqanlarına hər hansı bir formada ifadə etməmişdir.

38. Göstərilən hallar da cavabdeh tərəfindən mübahisəli iş (xidmətlərin) keyfiyyəti ilə bağlı hər hansı bir irad bildirilmədən təhvil alınmasına dəlalət edir.

39. Yuxarıda göstərilənlərə əsasən kollegiya iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulan işlərin (xidmətin) görülməsini (göstərildiyini), eləcə də həmin işlərin (xidmətlərin) dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçının Mülki Məcəllənin 752.1 və 385-ci maddələrinə əsasən görülmüş işə (göstərilmiş xidmətlərə) görə muzdun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək 4000 ABŞ dolları məbləğində xidmət haqqının tutulmasını qət etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

40. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh “X2 And Construction" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2828/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar