Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-112/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılıb, iddiaçıya təhvil verilərək sökülməsi və sair tələbi barədə” iddiasına dair kommersiya işi üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 16 noyabr 2022-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndələri (övladı) X1 və (vəkili) Vəkil3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı MTK-nın buna səlahiyyəti olan nümayəndəsi MTK-nın adından iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılıb, iddiaçı MTK-ya təhvil verilərək sökülməsi, bunun əvəzində MTK tərəfindən həmin ərazidə inşa ediləcək yeni tikilidə adıçəkilən qeyri-yaşayış sahəsindən 20 faiz böyük qeyri-yaşayış sahəsinin cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi istifadəyə verilmiş, daha sonra Bakı ŞİH başçısının xx.xx.2018-ci il tarixli, 104 saylı sərəncamına əsasən adıçəkilən ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu iddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli Qərarına uyğun olaraq, yerli icra hakimiyyətinin sərəncamı əsasında qəzalı vəziyyətdə olan binanın sökülərək yerində yeni bina tikintisi ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 46-nın sökülməsi və əvəzində kompensasiya ödənilməsi ilə bağlı qeyd olunan bina sakinləri ilə razılıq əldə edilmişdir. Sözügedən binanın sakinlərindən biri də cavabdeh olmuşdur. Cavabdehə qeyd olunan binada 1 saylı mənzil məxsus olmuşdur. Həmçinin cavabdeh binanın qarşısında yerləşən və mağaza kimi istifadə etdiyi bir mərtəbəli qeyri-yaşayış sahəsinin onun məxsus olduğunu bildirmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətində olmaqla onun adına çıxarış olsa da, həmin çıxarış iddiaçıya təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 78 kv.metr qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətindədir. Qeyd olunan qeyri-yaşayış sahəsi ilə əlaqədar cavabdehlə dəfələrlə danışıqlar aparılsa da, razılıq əldə edilməsi mümkün olmamışdır. Cavabdeh ilə razılıq alına bilməməsi bina tikintisini uzatmaqla, digər mənzil sakinlərinin yeni tikiləcək binada mənzillərinin təhvil verilməsi prosesinin uzadır, nəticədə həmin şəxslərin hüquqları pozulur. Beləliklə, cavabdeh öz hüquqlarından sui-istifadə etmiş, qanunvericiliyin tələblərini pozmuş və nəticədə iddiaçı MTK-ya ziyan vurulmuş və MTK, əmlak hüquqlarını tam həyata keçirə bilməmişdir. Belə ki, hazırda iddiaçı MTK cavabdehin mülkiyyət hüququnu pozmur, əksinə cavabdehi istismarı başa çatmış köhnə tikilidə olan qeyri-yaşayış sahəsinin əvəzində cavabdehin mülkiyyətində olan sahədən daha böyük və yeni tikili olan qeyri-yaşayış sahəsi ilə təmin edir. Yəni, iddiaçı MTK tərəfindən cavabdehin mülkiyyəti yaxşılaşdırılır. Həmçinin cavabdeh yeni inşa ediləcək qeyri-yaşayış sahəsi ilə təmin edildikdən sonra mülkiyyətindən olan qeyri-yaşayış sahəsinin boşaldılması və yeni ünvana köçürülməsinə belə yardım edir. b) birinci instansiya məhkəməsində icraat zamanı tərəflərin verdiyi izahatlar barədə məlumat
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı MTK-nın nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahatlar vermiş və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 №-li Qərarına əsasən, Bakı şəhərinin bir neçə rayonunda abadlaşdırma işlərinin aparılması, istismar müddəti başa çatmış binaların sökülməsi, yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulmuşdur. Həmin qərara uyğun olaraq Bakı ŞİH müvafiq sərəncam vermişdir. Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 482 №-li Qərarı ilə binaların tikintisi ilə bağlı pilot layihələrin ləğv edilməsinə baxmayaraq, həmin Qərarda 2018-ci ilin avqust ayına qədər başlanılmış layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçı MTK-nın layihəsi də həmin tarixdən əvvəl başlanmış, zəruri sənədləşmə işləri aparılmış və tikinti ilə bağlı Bakı ŞİH tərəfindən sərəncam verilmişdir. Bakı ŞİH tərəfindən tikinti ilə bağlı ayrıc aktı verilmiş, tikintiyə icazə sənədləri alınmış, tikiləcək binaların layihəsi müvafiq qaydada təsdiqlənmişdir. Həmçinin ayrıc aktında sxemdə göstərilmiş bütün binaların söküntüsü planlaşdırılır. Lakin mübahisə predmeti olan ikimərtəbəli binada bütün sakinlərin razılığı alına bilmədiyindən, hələ ki həmin binanın yerində aparılacaq tikinti ilə bağlı icazə sənədləri yoxdur. Binanın qəzalı vəziyyətdə olmasına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi mövcud deyildir, yalnız X7 Xidmətinin xx.xx.2014-cü il tarixli rəyi var. Amma binanın inşaatının başa çatdığı 1954-cü il onun istismar müddətinin başa çatmasını deməyə əsas verir.
4. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi (övladı) X2 Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi bina ikimərtəbəli olmaqla, yeddi yaşayış sahəsi, bir qeyri-yaşayış sahəsindən ibarətdir. Bina dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşir. Əvvəlcə həmin binanın sökülməsi və yerində yeni yaşayış binasının tikilməsi nəzərdə tutulmuş, sonradan sözügedən bina sürüşdürülmüş və hal-hazırda digər yerdə tikilir. Sonuncu layihədə cavabdehin obyektinin yerində də obyekt tikilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdehə məhz həmin yerdə yeni obyekt verilməlidir.
5. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 Rayon Məhkəməsinə verdiyi izahatda qeyd etmişdir ki, Bakı ŞİH-nin sərəncamında məhz əvvəlcə sakinlərin razılıqlarının alınması nəzərdə tutulmuş, lakin ikimərtəbəli binanın bəzi sakinləri, o cümlədən cavabdeh ilə razılıq alınmamışdır. Eləcə də iddiaçı MTK-nın mübahisəli binanın istismar müddətinin başa çatması, qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyəti qurumlar tərəfindən verilmiş hər hansı rəyi mövcud deyildir. O cümlədən, cavabdeh tərəf iddiaçının qeyri-yaşayış sahəsində tikiləcək hər hansı obyekt ilə bağlı tikintiyə icazə, inşaat sənədləri ilə tanış ola bilmir, bu isə qarşılıqlı etimad yaranmasını əngəlləyir.
6. Cavabdeh isə Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, iddiaçı MTK ilə razılıq əldə olunsa, qeyri-yaşayış sahəsindən çıxmağa hazırdır. Ona məxsus qeyriyaşayış sahəsi sahibkarlıq fəaliyyəti üçün əlverişli yerdə yerləşir. İddiaçı MTK-nın tikintiyə icazəsini aldığı binalar isə əlverişsiz yerdə yerləşir. Mübahisəli qeyri-yaşayış sahəsinin nə vaxt söküləcəyi, yerində nə tikiləcəyi qeyri-müəyyəndir. Mübahisəli qeyri-yaşayış sahəsi söküləcəyi halda cavabdeh uzun müddət gəlirindən məhrum qalacaqdır. Tikinti başa çatadanadək həmin gəlirlər də kompensasiya edilməlidir. c) iş üzrə qəbul edilmiş məhkəmə aktları barədə məlumatlar
7. İşə baxmış Bakı Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (İş № 2-2(113)-4106/2022) ilə iddianın rədd edilməsini qət etmişdir.
8. İddiaçı MTK-nın həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (İş № 2-2(103)-226/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Kommersiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir
9. İddiaçı MTK-nın həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla (İş № 2-2(102)-427/2023) kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını qərara almışdır. d) yeni apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
10. İddiaçı MTK-nın nümayəndəsi (vəkili) Vəkil1 yeni apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi. O, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, iddia ərizəsində qeyd edilənlərdən və birinci instansiya məhkəməsində verdiyi izahatdan əlavə olaraq bildirdi ki, sahənin sökülməsi və əvəzində yeni sahənin təhvil verilməsi eyni vaxtda icra olunacaqdır. Cavabdehə ona məxsus qeyri-yaşayış sahəsinin tam yanında həmin məhəllədə 2 saylı binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmçinin iddiaçı MTK tərəfindən cavabdehə tikiləcək binada istədiyi yerdən qeyri-yaşayış sahəsini seçməsi təklif olunmuşdur. Cavabdehin ona təmirli və daha artıq sahəsi olan qeyri-yaşayış sahəsinin verilməsi təklifindən imtina etməsi, heç bir məntiqə sığmayan tələblər irəli sürməsi hüquqdan sui-istifadədir. Lakin qeyd edilən halı nəzərə almamış birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
11. Yeni apellyasiya baxışı iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi (övladı) X2 və əvvəlki apellyasiya baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdilər. Onlar öz izahatlarında əlavə olaraq bildirdilər ki, iddia ərizəsində yeni qeyri-yaşayış sahəsinin harada veriləcəyi müəyyən deyil. Mübahisəli qeyri-yaşayış sahəsinin yerində yaşayış binası deyil, qeyri-yaşayış sahəsi tikilməsi nəzərdə tutulmuşdur. Mübahisəli qeyriyaşayış sahəsi cavabdehlə razılıq əldə edə bilməyən iddiaçı MTK tərəfindən bilərəkdən qəzalı vəziyyətə salınmışdır. Belə ki, MTK-nın sahiblərinin göstərişi ilə ustalar tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın damı, qapı-pəncərəsi dağıdılmış, 80 %-i qanunazidd şəkildə sökdürülmüşdür. Bununla bağlı cavabdeh şikayət etmiş, hazırda prokurorluq orqanında araşdırma aparılır. Cavabdeh sahibkarlıq hüququndan məhrum olmuş, mülkiyyət hüququ məhdudlaşdırılmışdır. Sahəyə giriş-çıxışa maneçilik yaradılır. Cavabdehin “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” barədə ərizəsi əsasında Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(113)-432/2023 saylı qərardadı ilə mübahisəli qeyri-yaşayış sahəsinə ziyan vuran tikinti-söküntü işlərinin aparılması, eləcə də həmin qeyri-yaşayış sahəsinə giriş-çıxışa maneə yaradılması MTK-ya və üçüncü şəxslərə qadağan edilmişdir. Eyni zamanda bu qanunsuz hərəkətlərə görə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)-6054/2023 saylı qərara əsasən, MTKnın direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1.200 manat məbləğində cərimə edilmişdir. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
13. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2017-ci il tarixdə verilmiş ******* nömrəli “Çıxarışdan” görünür ki, ünvan 3 ünvanında yerləşən 78 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətindədir.
14. Cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanı da əhatə edən, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi Bakı ŞİH başçısının xx.xx.2014-cü il tarixli, 154 №-li sərəncamı ilə "xxxx" MTK-nın istifadəsinə verilmiş, orada yaşayan sakinlərin köçürülməsi və onlara vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi "xxxx" MTK-ya tapşırılmışdır. Sərəncamın 2.6-cı bəndinə əsasən həmin sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır.
15. Bakı ŞİH başçısının xx.xx.2014-cü il tarixli, 154 nömrəli sərəncamı ilə istifadəyə verilmiş torpaq sahəsinə 14/102 nömrəli, 2014-cü il tarixli “Ayrıc aktı” tərtib olunmuş və "xxxx" MTK-nın sifarişi əsasında Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 1,9276 ha torpaq sahəsində tikiləcək tikililərin 12899 nömrəli xx.xx.2014-cü il tarixli inşaat pasportu hazırlanmışdır.
16. “Bakı Şəhər İcra Hakimiyyəti başçının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamının addan-ada keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, 104 saylı sərəncama əsasən (iddiaçı) İddiaçı MTK-nın xx.xx.2018-ci il tarixli, 01 saylı müraciəti və "xxxx" MTK-nın xx.xx.2018-ci il tarixli, 173 saylı razılıq məktubu nəzərə alınaraq Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı ŞİH başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12889 saylı inşaat pasportu İddiaçı MTKnın adına rəsmiləşdirilmişdir.
17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 27 nömrəli, xx.xx.2021-ci il tarixli Tİ-53/21 nömrəli və xx.xx.2022-ci il tarixli Tİ-85/22 nömrəli obyektin tikintisinə icazələrdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə müvafiq olaraq 1 saylı, 1 “A” saylı, 3 saylı və 2 saylı binaların tikintisinə icazə verilmişdir.
18. İş materiallarında olan 14/102 saylı “Ayrıc aktından” müəyyən olunur ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsi K.Balakişiyev və Ş.Mirzəyev küçələrinin qovuşduğu yerdə yerləşir.
19. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1708 №-li “Torpaq icarəsi müqaviləsindən” görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə yerləşən, sahəsi 1,9276 kv.m olan torpaq sahəsi Bakı ŞİH tərəfindən İddiaçı MTK-ya icarəyə verilmişdir.
20. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, Bakı ŞİH-nin xx.xx.2014-cü il tarixli, 154 №-li sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki torpaq sahəsi tikintinin layihələndirilməsi üçün "xxxx" MTK-nın istifadəsinə verilmiş, ayrıc aktı tərtib olunmuş, "xxxx" MTK-nın sifarişi əsasında Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 1,9276 ha torpaq sahəsində tikiləcək tikililərin inşaat pasportu hazırlanmış, daha sonra qeyd olunan sərəncam və inşaat pasportu İddiaçı MTKnın adına rəsmiləşdirilmiş, həmin sahədə yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi sonuncuya tapşırılmışdır. Müvafiq razılıqlar alınaraq 1, 1 “A”, 2 və 3 saylı binaların tikintisi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada icazələr alınmış, cavabdehin qeyri-yaşayış sahəsinin yerində tikiləcək bina ilə bağlı sənədləşmə işləri aparılmamışdır.
21. İddiaçı MTK cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin boşaldılıb, iddiaçıya təhvil verilərək sökülməsi, əvəzində iddiaçı MTK tərəfindən həmin ərazidə inşa ediləcək yeni tikilidə həmin qeyri-yaşayış sahəsindən 20 faiz böyük qeyri-yaşayış sahəsinin cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı rədd etmişdir.
22. İddianı əsassız hesab etmiş birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli Qərarının 1 və 1.1-ci hissələrində göstərilmişdir ki, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Həmin Qərarın 5-ci hissəsinə görə, bu qərar imzalandığı gündən qüvvəyə minir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 482 nömrəli Qərarının 3 və 4-cü hissələrindən aydın olur ki, Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli Qərarı ləğv edilmiş və Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə 86 nömrəli Qərara uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi, ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsini və s. tapşırılmışdır.
24. Göründüyü kimi, Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli Qərarı xx.xx.2016-cı il tarixdə qüvvəyə minmiş, həmin qərarla Bakı şəhərinin aidiyyəti yerli icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilmişdir. Bakı ŞİH başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamı isə xx.xx.2014-cü il tarixində, yəni 86 nömrəli Qərardan əvvəl verilmiş və sonuncu imzalandığı andan qüvvəyə minməklə özündən əvvəlki münasibətlərə şamil edilməmişdir. Həmçinin Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 482 nömrəli Qərarı ilə məhz xx.xx.2016-cı il tarixli, 86 nömrəli Qərara uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə müvafiq tapşırıqlar irəli sürülmüşdür.
25. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının öz tələbini Nazirlər Kabinetinin qeyd edilən qərarları ilə əsaslandırması, həmin qərarların icrasına cavabdehin maneçilik törətməsi ilə bağlı arqumentləri əsassızdır.
26. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin bu qənaəti düzgündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarları iddia tələbinin əsasını təşkil edə bilməz.
27. Birinci instansiya məhkəməsi həmçinin iddiaçı MTK tərəfindən cavabdehin mülkiyyət hüququnun pozulması qənaətinə gələrək bu mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, 29-cu maddənin İ, İİ, İİİ və İV hissələri).
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir (maddə 6.1.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.).
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyinə görə, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir.
30. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12- ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.
31. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı MTK-nın sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsində fərdi sahibkar olan cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur (VÖEN: **********). Şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət hüququna müdaxilə zamanı onun sahibkarlıq mənafelərinin də nəzərə alınması mütənasibliyin tələblərindəndir.
32. Cavabdeh ona məxsus qeyri-yaşayış sahəsinin sahibkarlıq fəaliyyəti üçün əlverişli yerdə yerləşdiyini, iddiaçının tikintiyə icazəsini aldığı binaların əlverişsiz yerdə yerləşdiyini, ikimərtəbəli mübahisəli binanın nə vaxt sökülməsi, yerində nə tikiləcəyinin isə qeyri-müəyyən olduğunu, bina söküləcəyi halda uzun müddət gəlirindən məhrum qalacağını bildirir.
33. Birinci instansiya məhkəməsi nəzərə almışdır ki, təsərrüfat obyektinin yerinin dəyişdirilməsi zamanı qeyrimüəyyənliklər cavabdehin sahibkarlıq fəaliyyətinə mənfi təsir edəcəkdir. Belə ki, iddia tələbində qeyri-yaşayış sahəsinin hansı binadan, neçənci mərtəbədən verilməli olması, qeyri-yaşayış sahəsinin ünvanı kimi əhəmiyyətli hallar göstərilməmiş, bu məsələnin həllində qeyri-müəyyənliyə yol verilmişdir. Məhkəmə prosesi zamanı iddiaçı tərəf 3 saylı binadan qeyri-yaşayış sahəsinin veriləcəyini bildirsə də, cavabdeh bununla razılaşmır, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın yerində tikiləcək binada qeyri-yaşayış sahəsi istəyir. İddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdehin qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə tikinti planlaşdırılır, lakin onun təyinatı dəqiqləşdirilməyib.
34. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə mübahisə predmeti qeyriyaşayış sahəsi olub sahibkarlıq məqsədləri üçün istifadə edildiyindən hazırkı tələb cavabdehin yalnız mülkiyyət hüququna deyil, konstitusiya ilə təminat verilən azad sahibkarlıq hüququna da müdaxiləni nəzərdə tutur və qeyd olunan qeyri-müəyyənliklər cavabdehin ziyanına şərh oluna bilməz.
35. Beləliklə birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, cavabdehin mülkiyyət hüququna müdaxilə onun qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu nəzərə alındığında və bu hal iddiaçı tərəfindən ədalətli kompensasiya edilə bilmədiyindən mütənasib deyildir.
36. Birinci instansiya məhkəməsi cavabdehin hüquqdan sui-istifadə etməsi ilə bağlı iddiaçının arqumentini əsassız hesab edərək qeyd etmişdir ki, Mülki Məcəllənin tələblərinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir (maddə 152.6.).
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, hüquqdan sui-istifadə hüquq sahibi tərəfindən bu hüquqdan onun verildiyi və ya yaradıldığı məqsədə zidd və ya açıq-aşkar uyğun olmayan tərzdə zərərli istifadədir (məsələn: “Mirolubovs və digərləri Latviyaya qarşı”, 2009, §62, “S.A.S Fransaya qarşı” iş, 2014, §66 Qərarlar).
38. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki qanunvericilikdə nəzərdə tutulmuş azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (“quivis praesumitur bonus dones probetur contrarium”).
39. Göstərilənləri nəzərə almış birinci instansiya məhkəməsi vurğulamışdır ki, iddiaçının cavabdehin mülkiyyət hüququndan sui-istifadə etməsi ilə bağlı izahatları subyektiv mülahizələrdən ibarətdir. Belə ki, iddiaçı cavabdehin yalnız və yalnız başqalarına ziyan vurmaq məqsədi ilə iddiaçının təklifi ilə razı olmaması, yəni ikimərtəbəli binanın cavabdeh razı olduğu andan söküləcəyi, söküntüdən dərhal sonra hər hansı bir tikintiyə başlanacağı, lakin cavabdehin məqsədli şəkildə, məhz iddiaçı və (və ya) digər şəxslərə ziyan vurmaq məqsədi ilə inşaat işlərinə mane olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdehin nümayəndəsi ikimərtəbəli binanın yerində inşası nəzərdə tutulan binanın sürüşdürüldüyünü qeyd etmiş, iddiaçı bunu təsdiq etmiş və məhkəməyə bildirmişdir ki, ikimərtəbəli binanın sökülməsi, onun yerində nəyin inşa olunması ilə bağlı qeyri-müəyyənlik mövcuddur. Həmçinin iddiaçı həmin binada yaşayan digər şəxslərlə bağlı da məhkəmə mübahisələrinin olduğunu qeyd etmişdir.
40. Belə olan halda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mülkiyyət hüququndan sui-istifadə etməsi işin halları, təqdim edilən sübutlarla təsdiqlənmir, sui-istifadə əsası ilə mülkiyyət hüququna müdaxilə legitim məqsəd güdmür.
41. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh ona məxsus qeyri-yaşayış sahəsinin sahibkarlıq fəaliyyəti üçün əlverişli yerdə yerləşdiyini, iddiaçının tikintiyə icazəsini aldığı binaların əlverişsiz yerdə yerləşdiyini, mübahisəli qeyriyaşayış sahəsinin nə vaxt sökülməsi, yerində nə tikiləcəyinin isə qeyri-müəyyən olduğunu, bina söküləcəyi halda uzun müddət gəlirindən məhrum qalacağını bildirmişdir.
42. Bununla əlaqədar birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisə predmeti qeyri-yaşayış sahəsi olub sahibkarlıq məqsədləri üçün istifadə edildiyindən hazırkı tələb cavabdehin yalnız mülkiyyət hüququna deyil, konstitusiya ilə təminat verilən azad sahibkarlıq hüququna da müdaxiləni nəzərdə tutur və qeyd olunan qeyri-müəyyənliklər cavabdehin ziyanına şərh oluna bilməz.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hazırki iş üzrə qəbul etdiyi qərarında ifadə etdiyi göstərişləri nəzərə alan Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam araşdırma aparmamış; iddiaçının aidiyyəti dövlət qurumları tərəfindən təsdiq olunmuş tikinti layihəsinə istinad etməmiş; müvafiq sahədə ixtisaslaşmış mütəxəssislərin rəylərini almaq imkanlarını dəyərləndirməmiş, bir sözlə, mötəbər sübutlar əsasında mübahisəli yerdə yaşayış və ya qeyri-yaşayış binasının tikilməsinin planlaşdırıldığını, ərazidə konkret olaraq həmin binalardan hansının faktiki tikilib-tikilmədiyini dəqiqləşdirməmiş, əgər yaşayış binası tikilmişdirsə, orada cavabdeh üçün əlverişli sayıla biləcək qeyri-yaşayış sahələrinin olub-olmadığını aydınlaşdırmamış, əlverişli qeyri-yaşayış sahələri olduğu halda, oradan cavabdehə müvafiq sahənin ayrılmasının mümkün olub-olmadığını, mümkün olduğu halda isə həmin sahənin iddiaçı tərəfindən ayrılmamasının səbəblərini dəqiqləşdirməmişdir.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hazırki iş üzrə qəbul etdiyi qərarında həmçinin qeyd etmişdir ki, əgər həqiqətən də layihələndirilən və ya tikilən binalardan cavabdehə onun üçün tam əlverişli qeyri-yaşayış sahəsinin ayrılması mümkün deyildirsə (səbəbləri dəqiq bilinməklə), o zaman iddiaçının faktiki təklif etdiyi sahənin cavabdehin əvvəlki sahəsinə mümkün qədər ən yaxın və ən əlverişli olan yerdə olub-olmamasının, habelə cavabdehə əvəz kimi verilən əmlakın sahəsi, mərtəbəsi, həcmi və digər fərdiləşdirici əlamətlərinin konkretləşdirilməsi də hazırkı mübahisənin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir.
45. Məhkəmə hesab edir ki, qeyd edilən hallar əsasında tam araşdırma aparıldıqdan sonra iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün iddiaçı MTKnın sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin əvəzində cavabdehə təklif etdiyi sahənin “ədalətli kompensasiya” hesab edilib-edilməməsi dəqiq müəyyən edilməlidir.
46. Göstərilənləri nəzərə almış Məhkəmə tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazi yerində müayinə edilmiş və ərazidə iddiaçı MTK tərəfindən layihəyə və tikintiyə icazə sənədlərinə uyğun 1, 1 “A”, 2 və 3 saylı yaşayış binalarının inşa edildiyi və mübahisəli qeyri-yaşayış sahəsinə ən yaxın binanın mübahisəli qeyri-yaşayış sahəsinin arxasında olan bina olduğu müəyyən edilmişdir.
47. Apellyasiya baxışında iştirak etmiş iddiaçı MTK-nın nümayəndəsi mübahisəli qeyri-yaşayış sahəsinə ən yaxın binanın 2 saylı bina olduğunu və həmin binadan cavabdehə istədiyi yerdən mübahisəli qeyri-yaşayış sahəsinə uyğun 20 % sahə əlavə edilməklə qeyri-yaşayış sahəsinin verilməsinin mümkün olduğunu bildirmişdir. Bu hal iddiaçı MTK tərəfindən etiraf edildiyindən və yerində müayinə zamanı, habelə 2 saylı binanın layihəsindən (mülki iş, İ cild, iş v 117-146) həmin binada qeyri-yaşayış sahəsinin mövcud olduğu müəyyən edildiyindən əlavə mütəxəssis rəyinin alınmasına zərurət görülməmişdir.
48. Lakin cavabdeh məhz mübahisəli qeyri-yaşayış sahəsinin yerində sahənin verilməsini istədiyi üçün qeyd edilən binada qeyri-yaşayış sahəsinin verilməsi ilə bağlı razılıq əldə edilməsi mümkün olmamışdır.
49. Digər tərəfdən, iddiaçı MTK-nın nümayəndəsi mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ikimərtəbəli binada bütün sakinlərin razılığı alına bilmədiyindən, hələ ki həmin binanın yerində aparılacaq tikinti ilə bağlı icazə sənədlərinin olmadığını bildirmişdir. Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin yerində qeyri-yaşayış sahəsinin tikilməsinin nəzərdə tutulduğunu bildirsə də, lakin bununla bağlı hər hansı sübut mövcud deyil. İcazə və layihə sənədləri olmadığından mübahisəli qeyri-yaşayış sahəsinin yerində hər hansı tikintinin nəzərdə tutulmadığı, gələcəkdə isə bunun baş verəcəyinin qeyrimüəyyən olduğu müəyyən edilmişdir.
50. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə cavabdeh üçün ən əlverişli qeyriyaşayış sahəsi mübahisəli qeyri-yaşayış sahəsinin yerində müayinə zamanı müəyyən edilmiş mübahisəli tikiliyə olan giriş qapısının yerləşdiyi divara əks olan divarın arxasında verilə biləcək qeyri-yaşayış sahəsidir ki, iddiaçı MTK tərəfindən orada cavabdehə müvafiq sahənin ayrılmasının mümkün olduğu müəyyən edilmişdir.
51. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı MTK-nın sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin əvəzində ona ən yaxın inşa edilmiş binada mübahisəli qeyriyaşayış sahəsinin arxasında 20% sahə əlavə edilməklə uyğun qeyri-yaşayış sahəsinin verilməsinin cavabdehə təklif edilməsi “ədalətli kompensasiya” hesab edilir. Bu isə cavabdehin qeyri-yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz.
52. Məhkəmə qeyd edir ki, Bakı ŞİH-nin məlum sərəncamı hal-hazırda qüvvədə olduğundan həmin sərəncamın icra olunmasına yaranan maneələr aradan qaldırılmalıdır. Sərəncamın icrası həm də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən zəruridir. Çünki həmin maddənin tələbinə görə, mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir.
53. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsindən çıxarılması yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Azərbaycan Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur.
54. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12., hissə İ.). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13., hissə İ.). Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz (maddə 13., hissə İİİ.). Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür (maddə 43., hissə İİ.).
55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar (bənd 64.). Bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, bununla ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır (bənd 65.).
56. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Bakı ŞİH başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikiliblərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi iddiaçı MTK-yə həvalə edilmişdir. Ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli sahə ilə əlaqədar, faktiki olaraq özünə məxsus olan ümumi qeyri-yaşayış sahəsindən 20% artıq sahəsi olan təmirli qeyri-yaşayış sahəsi təklif edən MTK ilə razılaşmaması onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə cavabdehin öz əmlakına görə MTK-dan əsassız olaraq real olmayan sahənin verilməsini tələb etməsində və sair hərəkətlərdə ifadə olunur.
57. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı MTK-nın ədalətli, mülkiyyət hüquqlarının qorunması baxımından etdiyi təkliflərə münasibətdə qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir. Belə ki, cavabdeh konstitusiya ilə tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı ŞİH-nin sərəncamını icra edən iddiaçı MTK-ya ziyan vuran şəkildə sui-istifadə etmiş, haqsız tələblər irəli sürmüşdür.
58. Mülki Məcəllənin tələblərinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar (maddə 5.3.). Əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (maddə 16.1.). Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir (maddə 152.6.). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1.). Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.2.).
59. Bunlardan başqa Məhkəmə qeyd edir ki, fərdi sahibkar olan cavabdehin mübahisəli qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması iddianın rədd edilməsi üçün yuxarıda qeyd edilənlərə görə əsas ola bilməz. Cavabdeh, ona dəymiş zərərin (əldən çıxmış fayda və sair) əvəzinin ödənilməsi ilə bağlı ona zərər vurmuş şəxsə (şəxslərə) qarşı müvafiq iddialar ilə müvafiq məhkəmələrə müraciət edə bilər. f) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
60. Belə olan halda qəbul edilməlidir ki, iddia tələbi əsaslı, bu tələbin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə səhv, apellyasiya şikayətinin bu nəticəyə aid dəlilləri əsaslıdır.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
62. Məhkəmə həmçinin bildirir ki, iddiaçı MTK-nın iddiası təmin edildiyindən, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
63. Cavabdeh isə iddia tələbi ona qarşı təmin edildiyindən MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
64. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 16 noyabr 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılıb, iddiaçıya təhvil verilərək sökülməsi və sair tələbi barədə” iddiası təmin edilsin. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılsın və İddiaçınə təhvil verilsin. Həmin qeyri-yaşayış sahəsi sökülməklə əvəzində onun arxasında, yəni giriş qapısının yerləşdiyi divara əks olan divarın arxasında İddiaçı tərəfindən inşa edilmiş yeni tikilidə Cavabdeh mülkiyyətində 78 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindən 20 faiz böyük, yəni 93,6 (doxsan üç tam onda altı) kv.metr ölçüdə qeyri-yaşayış sahəsi İddiaçı Cavabdeh verilsin. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz.