Məhkəmə qərarları › İş №2-2(103)-1126/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1126/2024

07.11.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1126/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X7 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3045/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Firması və Qanuni nümayəndə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Firmasının 2022-2023-cü il üçün illik hesabatı, 2022-2023-cü il üçün maliyyə hesabatı, 2022-2023-cü il üçün kənar audit hesabatı, 2022-2023-cü il üçün ştat cədvəli, işçilər barədə məlumat, 2022-2023-cü il ərzində gəlirləri, o cümlədən daşınmaz əmlakın "xxxx" QSC-yə (“McDonald’s” restoranı) icarə verilməsindən əldə edilən gəlirləri və kommunal xidmət gəlirləri, "xxxx" MMC-yə (“Panda” mağazası) icarə verilməsindən əldə edilən gəlirləri və kommunal xidmət gəlirləri, “X11” şirkətinə icarə verilməsindən əldə edilən gəlirləri, "xxxx" MMC-yə icarə verilməsindən əldə edilən gəlirləri və kommunal xidmət gəlirləri, "xxxx" MMC-yə icarə verilməsindən əldə edilən gəlirləri və kommunal xidmət gəlirləri, 72 kv.m sahənin X2 kimi icarə verilməsindən əldə edilən gəlirləri və kommunal gəlirləri, 4.8 kv.m sahənin X3 kimi icarə verilməsindən əldə edilən gəlirləri və kommunal gəlirləri, Cavabdeh1 Firmasının 2022- 2023-cü il ərzində xərcləri, o cümlədən, hüquqi xidmətlə bağlı, təmirlə bağlı xərclər üzrə hesabat və müvafiq müqavilələrin, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü ilədək bütün bank hesablarından çıxarış təqdim edilməsi vəzifəsinin Cavabdeh1 Firmasının üzərinə qoyulması və 2023-cü il üçün Cavabdeh1 Firmasının maliyyə, vergi hesabatlarının, gəlirləri və xərcləri barədə məlumatların müzakirəsi, 2023-cü il üçün Cavabdeh1 Firmasının fəaliyyətindən dividendlər ödənilməsinin müzakirəsi və təsisçilərə ödənilməsi barədə qərar qəbul edilməsi məsələlərinin gündəliyə salınaraq müzakirə olunması üçün Cavabdeh1 Firmasının iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağırılaraq keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılaraq keçirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3045/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Firmasına və Qanuni nümayəndə qarşı “sənədlərin təqdim edilməsi və iştirakçıların növbədənkənar yığıncağının çağrılması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraatın iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 Firmasına qarşı “nizamnamə kapitalındakı payına uyğun əmlak dəyərinin cavabdehdən tutulması və firmadan çıxarılma” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır.

3. Həmin qərardaddan iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3045/2024 nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 Firmasına qarşı “nizamnamə kapitalındakı payına uyğun əmlak dəyərinin cavabdehdən tutulması və firmadan çıxarılma” tələbi barədə iddia ərizəsi üzrə məhkəmə qərarı qanuni qüvvəyə minməmişdir. Bu isə o deməkdir ki, hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 Firmasının təsisçiləri – iştirakçılarıdır. Əgər onlar Cavabdeh1 Firmasının təsisçiləri – iştirakçılarıdırsa, onların hazırkı iddiasına baxılmalıdır. Həmçinin, hətta iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 Firmasına qarşı “nizamnamə kapitalındakı payına uyğun əmlak dəyərinin cavabdehdən tutulması və firmadan çıxarılma” tələbi barədə iddia ərizəsi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra da onların 2022-2023-cü illər üzrə Cavabdeh1 Firmasına qarşı hazırkı tələbləri irəli sürmək hüququ olacaqdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1 və 254.1.4-сü maddələrini düzgün tətbiq etməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3045/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 254.1 və 254.1.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır.

Məhkəmənin mövqeyi

7. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

8. Şikayətin dəlilləri mahiyyəti etibarilə ondan ibarətdir ki, iddiaçılar hazırda Cavabdeh1 Firmasının təsisçiləridir və onlar 2022-2023-cü illər üzrə müvafiq sənədlərlə tanış olmaq hüququna malikdirlər.

9. Məhkəmə həmin dəlillərə münasibətdə göstərir ki, iddiaçılar hüquqi şəxsin iştirakçılarına məxsus ola bilən hüquqlardan istifadə etməklə Cavabdeh1 Firmasının fəaliyyətinə dair məlumatlarla həmin firmanın iştirakçısı kimi tanış olmaq, həmin firmanın iştirakçıları kimi növbədənkənar ümumi yığıncağın çağırılması, gündəliyi məsələlərin daxil edilməsi hüquqlarının realizəsi üçün iddia ilə müraciət etmişlər. Göründüyü kimi, iddia tələbi sənədlərin təqdim edilməsi ilə yanaşı növbədənkənar ümumi yığıncağın çağırılmasını da ehtiva edir. Qeyd edilən hüquqlar isə mülki qanunvericiliyə görə məhz firmanın iştirakçılarına mənsubdur. Digər icraatda isə iddiaçıların hüquqi statusu ilə bağlı mübahisə mövcuddur. Başqa sözlə, iddiaçıların firmanın təsisçiləri olub-olmaması digər icraatın nəticəsindən asılıdır.

10. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Firmasına və Qanuni nümayəndə qarşı “sənədlərin təqdim edilməsi və iştirakçıların növbədənkənar yığıncağının çağrılması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraat iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 Firmasına qarşı “nizamnamə kapitalındakı payına uyğun əmlak dəyərinin cavabdehdən tutulması və firmadan çıxarılma” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmalıdır.

11. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

12. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3045/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar