Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1132/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-139/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-139/2022 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin boşaldılması və pulun tutulması tələbinə dair iddia qismən təmin edilərək, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14926 saylı registrdən çıxarışa əsasən İddiaçı ASCnin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl ərazisində yerləşən 4,94 ha torpaq sahəsi Cavabdeh MMC tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, qalan 15 manat hissəsinin isə iddiaçıya aid edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-139/2022 saylı qərardadı ilə apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 360-cı, 363.1.3cü, 363.2-ci, 363.3-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)139/2022 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixdə elektron imza ilə təsdiq edilməklə həmin tarixdə Cavabdeh MMC-nin nümayəndəsi və Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlərində avtomatik yerləşdirilmişdir (rəsmi qaydada verilmiş hesab edilir), lakin Cavabdeh MMC tərəfindən verilən apelyasiya şikayəti xx.xx.2022-ci il tarixdə 25 gün gecikmə ilə məhkəməyə daxil olmuşdur (e-məhkəmə sistemində yerləşdirilmişdir). Odur ki, apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-139/2022 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilən apelyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı işdə apelyasiya şikayətinin geri qaytarılması üçün əsaslar mövcud deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)139/2022 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixdə elektron imza ilə təsdiq edilməklə cavabdehin vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində avtomatik yerləşdirilmişdir. Qətnamə qəbul edilən zaman Vəkil cavabdehin nümayəndəsi deyil, sadəcə vəkil olmuş, ona verilmiş etibarnamənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir (cild 1, i/v 19). Nümayəndə olmayan vəkilin isə məhkəmə qərarından şikayət vermək səlahiyyəti yoxdur. Eyni zamanda qətnamənin surəti Cavabdeh MMC-yə məxsus elektron kabinetinə yerləşdirilməmişdir. Göründüyü kimi məhkəmə qətnaməsi cavabdehin özünə və ya səlahiyyətli nümayəndəsinin elektron kabinetində yerləşdirilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə görə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.http://e-qanun.az/framework/46945 Həmin Məcəllənin 135.5-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə rəsmi qaydada verilmiş hesab edilə bilməz. Belə olan halda isə qəbul edilir ki, cavabdeh tərəfindən Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilmiş 1 aylıq müddətin ötürülməsi nəticəsinə gəlmək üçün əsaslar mövcüd deyil. Ona görə də, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-139/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1132/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1132/2022
15.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver