Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1150/2023 26.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4495/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X1” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 003/18 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış 243.491,87 manat borc məbləğinin və həmin məbləğə illik beş faiz olmaqla hesablanmış 32890,60 manat cərimə məbləğinin, ümumilikdə isə 276382,47 manatın Cavabdeh MMCdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın və məhkəmə üçün ödənilmiş 158,20 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Həmçinin, Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün “X1” MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4495/2023 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh MMC şikayət verərək, həmin qərardadın ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Lakin, hazırkı iş üzrə verilmiş qarşılıqlı iddia ərizəsi qanunvericilikdə müəyyən edilmiş 20 günlük müddət ərzində verilməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “X1” MMC-nin iddiası xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul edilmiş, iş üzrə xx.xx.2023-cü il tarixdə məhkəmə hazırlıq iclasının keçirilməsi ilə bağlı bildiriş cavabdehə xx.xx.2023-cü il tarixində göndərilmiş (cavabdehin elektron kabineti də mövcuddur), bundan başqa Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2023-ci il və xx.xx.2023-cü il tarixli müraciətləri ilə məhkəmə hazırlıq iclaslarının təxirə salınmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh xx.xx.2023-cü il tarixində iddia ərizəsinə dair etiraz təqdim etmişdir. Bundan sonra iş üzrə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində məhkəmə hazırlıq iclasları keçirilmiş. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi iştirak etmişdir. Göründüyü kimi cavabdeh məhkəmə iclasları barədə məlumatı olmuş, hətta iddiaya dair etiraz belə təqdim edilmiş, lakin prosessual qanunvericilikdə nəzərdə tutulmuş 20 günlük müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə (iddia ərizəsinin icraata götürülməsindən 3 aya yaxın müddət keçməsindən sonra) qarşılıqlı iddia ərizəsinin skan edilmiş forması EMİS-ə yüklənmişdir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsində isə təsbit olunmuşdur ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bundan əlavə, qarşılıqlı iddia ərizəsi elektron qaydada deyil, skan edilmiş formada “Elektron məhkəmə” informasiya sisteminə yüklənmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Cavabdehin nümayəndəsinə məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yüklənmiş qarşılıqlı iddia ərizəsindən görünür ki, ərizə kağız daşıyıcıda tərtib edilmiş və cavabdehin nümayəndəsi tərəfindən fiziki imzalanmış və möhürlə təsdiqlənmişdir. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.10-ci maddələrində isə təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, cavabdeh tərəf iddiaçı tərəfə yönəldilən tələbin nədən ibarət olmasını ərizənin nəticə hissəsində qeyd etməmiş və bununla da Mülki Prosessual Məcəllənin 149cu maddəsinin tələblərini pozmuşdur. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddəslərində isə göstərilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu baxımdan kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddianın geri qaytarılması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4495/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-1150/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1150/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver