Məhkəmə qərarları › İş №2-2(103)-1152/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1152/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1152/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı QSC BOKT-un (bundan sonra - iddiaçı) nümayəndəsi X1 iştirakı ilə cavabdehlər Cavabdeh1 MMC-yə (bundan sonra - 1-ci cavabdeh) və Cavabdeh2 (bundan sonra - 2-ci cavabdeh) qarşı kredit borcunun ödənilməsi və sair tələblərə dair ilk, 2-ci cavabdehin iddiaçıya, 1-ci cavabdehə və Bakı şəhəri 29 saylı Notariat Kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və sair tələblər barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-183/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qərardadından 2-ci cavabdehin apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı 1-ci və 2-ci cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, 1-ci cavabdehdən cəmi 768.019.30 avro (əsas borc 563.589,2 avro, faiz borcu 204.430,10 avro) kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan 2-ci cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda 0,7143 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 118,7 kv.m. olan qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, borcun qalan məbləğinin 1-ci cavabdehə məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən texnika, nəqliyyat vasitələri və avadanlıqlara) yönəldilməsi, həmin əmlaklar üzərində 1-ci cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, onun həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və digər səlahiyyətli orqanların üzərinə onun yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2-ci cavabdeh də iddiaçıya, 1-ci cavabdehə və Bakı şəhəri 29 saylı Notariat Kontoruna qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilk iddianın rədd edilməsi, 23.10.2018-ci il tarixli iddiaçı, etibarnamə ilə onun əvəzinə və 1-ci cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinin və Bakı şəhər 29 saylı Notariat Kontorunda verilmiş 17.01.2018-ci il tarixli etibarnamənin ipoteka qoyulması hissəsində etibarsız hesab edilməsi, ünvan 2 ünvanda 0,7143 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 118,7 kv.m. olan qeyri-yaşayış sahəsindən əlavə olaraq həmin torpaq sahəsində digər tikililərə onun istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.07.2021-ci il tarixli qərardadı ilə 2-ci cavabdehin vəsatətinə əsasən əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, ekspertin rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Qərardadla razılaşmayan 2-ci cavabdeh ondan şikayət verərək, qərardadın iş üzrə icraatın dayandırılması, ekspertizanın qarşısında sual qoyulması hissəsində ləğv edilməsini, ünvan 2-da 0,7143 ha torpaq sahəsində yerləşən 118,7 kv.m. olan qeyriyaşayış sahəsindən əlavə həmin torpaq sahəsində inşa edilmiş başqa tikililərin və qurğuların tədqiq edilib qiymətləndirilməsi barədə ekspertiza qarşısında sual qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.09.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlillərinə görə, məhkəmə ipoteka predmeti olan qeyri-yaşayış binasının hazırkı vaxtda likvid qiymətinin nə qədər təşkil edilməsi barədə ekspertiza təyin edərkən nəzərə almamışdır ki, qeyri-yaşayış sahəsindən əlavə həmin torpaq sahəsində başqa inşa edilmiş tikililərin və qurğuların tədqiq edilib qiymətləndirilməsinin aparılması zərurəti vardır. Bakı Apellyasiya Məhkəməsi KK-nın 21.09.2021-ci il tarixli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti qəbul etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in: 258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər; 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər; 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Göründüyü kimi, mülki prosessual qanunvericiliklə yalnız MPM-lə müəyyən edilən hallarda və qərardad işin sonrakı hərəkətinə mane olduqda şikayət hüququ nəzərdə tutulmuşdur. 2-ci cavabdehin şikayətindən məlum olur ki, onun əsl narazılığı işin dayandırılması yox, qərardadla qoyulan sualların tərkibidir. Bundan əlavə, ekspertizanın təyin olunması barədə vəsatətlə çıxış edən 2-ci cavabdeh iş üzrə icraatın dayandırılacağını bilirdi yaxud bilməli idi. Bu baxımdan, 2-ci cavabdeh əslində ekspertizanın təyin olunması barədə qərardaddan şikayət vermişdir ki, bu şikayət də MPM-lə nəzərdə tutulmamışdır. MPM-in 384.0.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi KK-nın iş üzrə apellyasiyanın mümkün sayılması haqqında əvvəlki qərardadı ləğv edilməli, 2-ci cavabdehin şikayəti, belə bir şikayətin verilməsi MPM-lə nəzərdə tutulmadığı üçün, qeyri-mümkün sayılmalı və iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 366, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının hazırkı iş üzrə apellyasiyanın mümkün sayılması haqqında 21 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-183/2021 nömrəli iş üzrə 30 iyul 2021ci il tarixli qərardadından Cavabdeh2 apellyasiyası qeyri-mümkün hesab edilsin. İş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar