Məhkəmə qərarları › İş №2-2(103)-117/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-117/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-117/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiqi, apellyasiya icraatına xitam) hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4020/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İcraçı qismində İddiaçı ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, **********724 nömrəli xidmət müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə icraçı bu müqavilə ilə müəyyən olunmuş qaydada sifarişçinin sifarişi əsasında, bu müqaviləyə əlavə olunmuş və bu müqavilənin tərkib hissəsi hesab edilən 1 saylı əlavədəki qiymətlərin razılaşdırılması protokolunda müəyyən olunmuş xidmətlərin aparılmasını, sifarişçi isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş məbləğini (bundan sonra xidmət haqqı) ödəməyi öz öhdəsinə götürmüşdür.

3. Xidmət müqaviləsinə 1 nömrəli əlavədən (qiymətlərin razılaşdırılması protokolu) görünür ki, kabel tavalarının yanğından mühafizəsi və izolyasiyasının 1 m2 dəyəri 36 manat təşkil edir. Həmçinin Əlavənin 1-ci bəndinə əsasən xidmətlər bu Müqavilə imzalandqıdan sonra 28 təqvim günü ərzində yerinə yetirilməlidir; 3-cü bəndinə əsasən içracı 1 iş növbəsi ərzində ən azı 143 m2 izolyasiya xidmətlərini təmin etməlidir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. Xidmət müqaviləsinə 2 nömrəli əlavə ilə tərəflərin məsuliyyəti müəyyən edilmiş, məsuliyyətin təsviri Əlavədə öz əksini tapmışdır. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. 04.08.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixi daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışdan görünür ki, görülən işlərin ümumi dəyəri (elektrik və instrument kabel tavalarının oda davamlı izolyasiyası) 90988,92 manat təşkil edir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. 04.08.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixi daxil olmaqla yerinə yetirilən podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan görünür ki, görülən işlərin ümumi dəyəri 90988,92 manat təşkil edir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. 30.10.2023-cü il tarixli, EBDR seriyalı, 596141 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 90988,92 manat (ƏDV daxil) təşkil edir.

8. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11 iyul 2023-cü il tarixli, **********724 nömrəli Xidmət Müqaviləsi üzrə 90988,92 manat məbləğində əsas borc, 2365 manat məbləğində cərimə və 2350,56 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz məbləği olmaqla, ümumilikdə 95704,48 manat məbləğində borc, həmçinin hüquqi yardıma görə ödənilmiş 1000 manat və ödənilmiş 380,12 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı (bundan sonra icraçı adlanacaq) ilə Cavabdeh MMC (bundan sonra sifarişçi adlanacaq) arasında 11 iyul 2023-cü il tarixli, **********724 nömrəli xidmət müqaviləsi imzalanmışdır. Qeyd olunan müqavilənin 1.1-ci bəndinə görə icraçı bu Müqavilə ilə müəyyən olunmuş qaydada sifarişçinin sifarişi əsasında, bu müqaviləyə əlavə olunmuş və bu müqavilənin tərkib hissəsi hesab edilən 1 saylı əlavədəki qiymətlərin razılaşdırılması protokolunda müəyyən olunmuş xidmətlərin aparılması (bundan sonra xidmətlər adlanacaq), sifarişçi isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (bundan sonra xidmət haqqı) ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə görə qiymətlərin razılaşdırılması protokolunda xidmətlərin təsviri və qiyməti qeyd olunmalıdır. Sözügedən müqavilənin 2.1-ci bəndinə görə müqavilə üzrə xidmət haqqı qiymətlərin razılaşdırılması protokoluna uyğun olaraq hesablanır. İcraçı (qiymətlərin razılaşdırılması protokolunda başqa şərtlər nəzərdə tutulmayıbsa) yerinə yetirilmiş xidmətlərə görə tərəflər arasında imzalanmış təhvil-təslim aktını təmin etdikdən sonra sifarişçiyə hesab-faktura və elektron-qaimə faktura təqdim edir. Sifarişçi (qiymətlərin razılaşdırılması protokolunda başqa müddət göstərilməyibsə), ödənişi hesab-fakturanı aldığı tarixdən 30 (otuz) təqvim günü ərzində həyata keçirir. Həmin müqavilənin 6.6-cı bəndinə əsasən sifarişçi bu müqavilənin 2.1-ci maddəsi ilə müəyyən olunmuş öhdəliyini bu müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icraçı icranın gecikdirildiyi hər təqvim həftəsi üçün bu gecikdirilən ödənişin 0,1%-i həddində cərimə ödənilməsini tələb edə bilər. Tərəflər arasında imzalanmış müqavilənin tərkib hissəsi hesab edilən 1 saylı əlavədəki qiymətlərin razılaşdırılması protokolunda müəyyən olunmuş kabel tavaların yanğından mühafizəsi və izolyasiyası üzrə xidmətlərin aparılması 1 m2 üçün məbləğ vergilər daxil 36 manat qeyd edilmişdir. 2023-cü ilin 04 avqust tarixindən 14 sentyabr tarixi daxil olmaqla yerinə yetirilən podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışa əsasən icraçı tərəfindən görülmüş xidmətin haqqı 90988,92 manat təşkil etmişdir. Qeyd edilən arayış tərəflər arazında imzalanmaqla öz təsdiqini tapmışdır. Eyni zamanda 2023-cü ilin 04 avqust tarixindən 14 sentyabr tarixi daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışa əsasən həmin arayışda qeyd edilmiş xidmətlər icraçı tərəfindən 2023-cü ilin 04 avqust tarixindən 14 sentyabr tarixi daxil olmaqla yerinə yetirilmiş və həmin xidmətin ümumi dəyəri ƏDV (18%) daxil olmaqla 90988,92 manat təşkil etmişdir. Qeyd edilən arayış tərəflər arasında imzalanmaqla öz təsdiqini tapmış və həmin arayış sifarişçi Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixində imzalanmaqla təhvil alınmışdır. Göründüyü kimi, icraçı İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirsə də, Cavabdeh MMC buna əməl etməyərək, göstərilən xidmətə görə məbləğin ödənilməsinə dair üzərinə düşən öhdəliklərini icra etməmişdir. Yekun olaraq müqavilə üzrə tərtib edilmiş arayışlara əsasən görülmüş xidmətlərin haqqı Cavabdeh MMC tərəfindən ödənilməmiş və ümumilikdə 90988,92 (ƏDV 18% daxil) manat məbləğində borcu bu günə qədər ödənilməmiş olaraq qalmışdır. Müqavilə və həmin müqaviləyə əlavə üzrə Cavabdeh MMC-yə göstərilən xidmət tam vaxtında və qüsursuz yerinə yetirilmiş, lakin göstərilən xidmətin müqabilində heç bir ödəniş edilməmişdir. Sifarişçi Cavabdeh MMC tərəfindən qeyd edilən arayış, həmçinin ödəniş tapşırığı xx.xx.2023-cü il tarixindən təhvil alınmaqla, öz imzası ilə təsdiq edilmişdir. Lakin yuxarıda qeyd edilən 30 (otuz) təqvim günü ərzində, yəni xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan müddət ərzində Cavabdeh MMC tərəfindən borc ödənilməmiş olaraq qalmışdır. Belə olan halda görünür ki, gecikdirilmiş vaxt üçün illik hesablanan faiz məbləği xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarını rəhbər tutaraq qeyd edir ki, Cavabdeh MMC-nin 11 iyul 2023-cü il tarixli, **********724 nömrəli xidmət müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 % hesablanan faiz məbləği xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər 2350,56 manat təşkil edir.

11. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4020/2024 nömrəli qətnaməsi iddia qismən təmin edilmiş, Cavabdehndən 90988,92 manat (doxsan min doqquz yüz səksən səkkiz manat doxsan iki qəpik) əsas borc, 2365 (iki min üç yüz altmış beş) manat cərimə, gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 2343,27 manat (iki min üç yüz qırx üç manat iyirmi yeddi qəpik), 700 (yeddi yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 377,12 manat (üç yüz yetmiş yeddi manat on iki qəpik) olmaqla, cəmi 96774,31 manat (doxsan altı min yeddi yüz yetmiş dörd manat otuz bir qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olması işin faktiki halları ilə öz təsdiqini tapmışdır. İddiaçı öz öhdəliklərini lazımi qaydada icra etsə də (həmin hal işin mübahisəsiz halıdır), cavabdeh podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, iddiaçının cavabdehin qəbul etdiyi xidmətin əvəzində müəyyənləşdirilmiş pul məbləğinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında göstərilən məbləğdə xidmətin göstərilməsi, iddia tələbində qeyd olunan borcun yaranması təqdim olunmuş sübutlarla (müqavilə, elektron qaimə, tərəflər arasında tərtib edilmiş arayışlar və s.) öz təsdiqini tapmışdır. Cavabdehin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun müqavilələr üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən müqavilə üzrə ödənilməmiş qalan 90988,92 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu tərəflər arasında tərtib olunmuş, tərəflərin imza və möhürü ilə təsdiq edilmiş arayışlar və digər sübutlarla öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi də borcun olduğunu qəbul etmiş, lakin borcun göstərilən məbləğdə olması ilə razılaşmamışdır. Cavabdehin nümayəndəsi bildirmişdir ki, müqavilə üzrə iddiaçıya ödənilməli 90988,92 manat (ƏDV daxil olmaqla) borc məbləği şişirdilmişdir. Cavabdehin nümayəndəsi əsas kimi cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə istinad etmiş və məhkəməyə həmin rəyi təqdim etmişdir. Rəydə qeyd edilmişdir ki, kabel tavalarının yanğından mühafizəsi və izolyasiyasının 1 m2 material xərci (ƏDV daxil və işçilik haqqı ilə birlikdə) 19,18 manat təşkil edir. Məhkəmənin qənaətinə əsasən qiymət razılaşma protokolu və "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi arasındakı fərqlər 90988,92 manat məbləğində əsas borcun tutulmasına dair iddianın tam təmin olunmaması üçün əsas ola bilməz və cavabdehin həmin hissədə iddiaya qismən etirazı əsaslı sayıla bilməz. Belə ki, qeyd olunan müqavilələr üzrə münasibətlər hüquqi şəxslər arasında yaranmış, müqavilə iki hüquqi şəxs arasında bağlanmış və müqavilələr tərəflərin razılaşdırılmış iradə ifadəsinin nəticəsi olaraq bağlanmış, müqavilə şərtləri müəyyən olunmuşdur. Ona görə də cavabdeh tərəfin göstərdiyi hallar fərqli nəticəyə gəlmək üçün əsas ola bilməz. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cərimə məbləği tam şəkildə təmin edilməli, 2365 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirilməsi öz təsdiqini tapdığından məhkəmə qeyd etmişdir ki, iddiaçı gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır və iddia həmin hissədə qismən təmin olunmalı, gecikdirilmiş 188 günə uyğun olaraq 2343,27 manat (90988,92x5:100:365x188=2343,27) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır.

13. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 324.1-ci, 324.4-cü, 390.1-ci, 390.5-ci, 385.1-ci, 386.1-ci, 752.1-ci, 753.1-ci, 442-ci, 445.1-ci, 445.7-ci, 448.1ci və 462.1-ci maddələrinə istinad etmişdir.

14. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin bütün sübütlarını araşdırmadığından məhkəmə işə yenidən baxmalıdır. Məhkəmə cavabdehin təqdim etdiyi audit rəyi əsasında məhkəmə-mühasibatlıq ekspertizasını təyin etməmişdir. Halbuki, məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi işin tam və obyektiv araşdırılmasına qətirib çıxara bilərdi. Nəticə olaraq, məhkəmə bütün sübutları tam və obyektiv araşdırmamışdır. Cavabdeh tərəfindən göstərilən xidmətlərin qiymətlərinə dair uyğunsuzluqların real qiymətlərinin müəyyən edilməməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların tam aydınlaşdırılmasına mane olmuşdur.

Apellyasiya şikayətinə qarşı etiraz

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

17. Məhkəmə kollegiyası apellyasiya şikayətini mümkün hesab edilmiş, şifahi icraat qaydasında işə baxılması xx.xx.2025-ci il tarixə, saat 11: 30-a təyin edilmişdir.

18. 25.12.2024-cu il tarixdə AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə iddiaçının nümayəndəsi və vəkili tərəfindən aralarında bağlanmış barışıq sazişini və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsi barədə ərizə daxil olmuşdur.

19. Məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişinin şərtlərinə görə 1) barışıq sazişinin A hissəsində göstərilmiş ümumi borc azaldılaraq 85.000 AZN müəyyən edilir; 2) cavabdeh əsas borcu 29 noyabr 2024-cü il tarixi daxil olmaqla ödəyəcəkdir; 3) Sazişin 2-ci maddəsində göstərilən öhdəliyi cavabdeh tam yerinə yetirdikdən sonra iddiaçı dərhal öz tələblərindən imtina və işə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edəcək; 4) 85.000 AZN borc iddiaçıya ödənildiyi təqdirdə, iddiaçı cavabdehdən heç bir əlavə ödəniş tələb etməyəcəkdir; 5) Barışıq sazişinin 2-ci maddəsində nəzərdə tutulan öhdəliklərin cavabdeh tərəfindən tam yerinə yetirilməsi iddiaçının bütün tələblərinin xitamı olacaqdır və iddiaçı cavabdehə qarşı müqavilə və yaxud qanun ilə heç bir tələb irəli sürməyəcəkdir; 6) hər bir tərəf bu barışıq sazişi vicdanla və qeyd-şərtsiz icra etməyi öhdəsinə götürür; 7) hazırkı barışıq sazişi 27 noyabr 2024-cü il tarixdən qüvvəyə minir və tərəflər onun şərtlərini tam yerinə yetirənədək qüvvədə qalır; 8) bu barışıq sazişi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir, şərh edilir və icra olunur; 9) hazırkı barışıq sazişinin icrasından və yaxud ondan irəli gələn digər mübahisələr Azərbaycan Respublikası məhkəmələri tərəfindən həll olunur; 10) hazırkı barışıq sazişi 3 nüsxədə Azərbaycan dilində imzalanmışdır. Tərəflər təsdiq edir ki, onların hər biri barışıq sazişinin 1 nüsxəsini əldə etmişlər. Nüsxələrdən biri məhkəməyə təqdim ediləcəkdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 52.5 iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

21. Maddə 191.2-hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

22. Maddə 261.0.5 tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir.

23. Maddə 262.4 işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

24. Maddə 384.0.5 birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-4020/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

26. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

Tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4020/2024 nömrəli qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin: -barışıq sazişinin A hissəsində göstərilmiş ümumi borc azaldılaraq 85.000 AZN müəyyən edilir; -cavabdeh əsas borcu 29 noyabr 2024-cü il tarixi daxil olmaqla ödəyəcəkdir; -sazişin 2-ci maddəsində göstərilən öhdəliyi cavabdeh tam yerinə yetirdikdən sonra iddiaçı dərhal öz tələblərindən imtina və işə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edəcək; -85.000 AZN borc iddiaçıya ödənildiyi təqdirdə, iddiaçı cavabdehdən heç bir əlavə ödəniş tələb etməyəcəkdir; -barışıq sazişinin 2-ci maddəsində nəzərdə tutulan öhdəliklərin cavabdeh tərəfindən tam yerinə yetirilməsi iddiaçının bütün tələblərinin xitamı olacaqdır və iddiaçı cavabdehə qarşı müqavilə və yaxud qanun ilə heç bir tələb irəli sürməyəcəkdir; -hər bir tərəf bu barışıq sazişi vicdanla və qeyd-şərtsiz icra etməyi öhdəsinə götürür; -hazırkı barışıq sazişi 27 noyabr 2024-cü il tarixdən qüvvəyə minir və tərəflər onun şərtlərini tam yerinə yetirənədək qüvvədə qalır; -bu barışıq sazişi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir, şərh edilir və icra olunur; -hazırkı barışıq sazişinin icrasından və yaxud ondan irəli gələn digər mübahisələr Azərbaycan Respublikası məhkəmələri tərəfindən həll olunur; -hazırkı barışıq sazişi 3 nüsxədə Azərbaycan dilində imzalanmışdır. Tərəflər təsdiq edir ki, onların hər biri barışıq sazişinin 1 nüsxəsini əldə etmişlər. Nüsxələrdən biri məhkəməyə təqdim ediləcəkdir. İş üzrə icraata xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar