Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1184/2025 06.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı (LPO "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla)“borcun girova yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: girov, ilkin satış qiyməti, tutmanın yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qocayevin sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə4, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-52/2025 saylı qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı (bundan sonra - iddiaçı) ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC (bundan sonra - üçüncü şəxs) arasında 16 aprel 2013-cü il tarixli, KBQ 13-1510 nömrəli krеdit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" ASC-yə xx.xx.2014-cü il tarixədək, illik 4,75% dərəcəsi ilə 20.000.000 manat məbləğində krеdit vеrilmişdir. KBQ 13-1510 nömrəli krеdit müqaviləsinin xx.xx.2014-cü il tarixli əlavəsinə əsasən tərəflər sözügedən kredit müaviləsinin müddətinin xx.xx.2015-ci il tarixədək uzadılması və illik 4,75% faiz məbləğinin 3,8% olaraq azaldılması barədə razılaşmışlar.
2. İddiaçı ilə üçüncü şəxs arasında 3 iyun 2013-cü il tarixli, KBQ 13-1518 nömrəli krеdit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən üçüncü şəxsə xx.xx.2014-cü il tarixədək, illik 4,75% dərəcəsi ilə 10 000 000 manat məbləğində krеdit vеrilmişdir. KBQ 13-1518 nömrəli krеdit müqaviləsinin xx.xx.2014-cü il tarixli əlavəsinə əsasən tərəflər sözügedən kredit müaviləsinin müddətinin xx.xx.2015-ci il tarəxədək uzadılması və illik 4,75% olan faiz məbləğinin azaldılaraq 3,8% müəyyən edilməsi barədə razılaşmışlar.
3. İddiaçı ilə üçüncü şəxs arasında 2 iyul 2013-cü il tarixli, KBQ 13-1527 nömrəli krеdit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" ASC-yə xx.xx.2013-cü il tarixədək, illik 4,75% dərəcəsi ilə 20.000.000 manat məbləğində krеdit vеrilmişdir. KBQ 13-1527 nömrəli krеdit müqaviləsinin xx.xx.2013-cü il tarixli əlavəsinə əsasən tərəflər sözügedən kredit müaviləsinin müddətinin xx.xx.2014-cü il tarixədək uzadılması və illik 4,75 % olan faiz məbləğinin artırılaraq 5% müəyyən edilməsi barədə razılaşmışlar. KBQ 13-1527 nömrəli krеdit müqaviləsinin xx.xx.2014-cü il tarixli əlavəsinə əsasən tərəflər sözügedən kredit müaviləsinin müddətinin xx.xx.2015-ci il tarixədək uzadılması və illik 5% olan faiz məbləğinin azaldılaraq 3,8% müəyyən edilməsi barədə razılaşmışlar.
4. KBQ 13-1510, KBQ 13-1518 və KBQ 13-1527 nömrəli krеdit müqavilələrin təminatı olaraq iddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra - cavabdeh) arasında GBQ13-1527 nömrəli, xx.xx.2015-ci il tarixli girov müqaviləsi bağlanmışdır. Girovun predmeti cavabdehə məxsus olan “DREKO Skidding” markalı qazma qurğusu olmuşdur. Girov predmeti tərəflər arasında 39 000 000 ABŞ dolları dəyərində qiymətləndirilmişdir (bənd 1.2).
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 1 aprel 2024-cü il tarixli, 9/10018 №-li rəyinə əsasən: - 16 aprel 2013-cü il tarixli, KBQ13-1510 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixə (müqavilə müddətinin sonuna) “Azərbaycan Respublikası Mərkəzi Bankı”na olan borcu 21 368 259,75 AZN məbləğində müəyyən edilir. O cümlədən, əsas borcu 19 989 382,45 AZN, faiz borcu 1 378 877,30 AZN təşkil edir. Maliyyə arayışı məlumatlarından göründüyü kimi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 11 271 000 AZN məbləğində ipoteka əmlakının balansa götürülməsi ilə əlaqədar azaldılma edilmişdir ki, həmin məbləğ nəzərə alındığı təqdirdə 10 097 259,75 AZN (21 368 259,75 - 11 271 000,00) məbləğində əsas borc qalacaqdır, o cümlədən əsas borc 10097259,75 AZN təşkil edir, faiz borcu yoxdur; - 3 iyun 2013-cü il tarixli, KBQ 13-1518 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixə (müqavilə müddətinin sonuna) “Azərbaycan Respublikası Mərkəzi Bankı”na olan borcu 10 685 465,88 AZN məbləğində müəyyən edilir, o cümlədən əsas borc 9 994 706,72 AZN, faiz borcu 690 759,17 AZN təşkil edir. Maliyyə arayışı məlumatlarından göründüyü kimi xx.xx.2019-cu il tarixdə 8 202 500 AZN məbləğində ipoteka əmlakının balansa götürülməsi ilə əlaqədar azaldılma edilmişdir ki, həmin məbləğ nəzərə alındığı təqdirdə 2 482 965,88 AZN (10 685 465,88 – 8 202 500) məbləğində əsas borc qalacaqdır, o cümlədən əsas borc 2 482 965,88 AZN təşkil edir, faiz borcu yoxdur; - 2 iyul 2013-cü il tarixli, KBQ 13-1527 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixə (müqavilə müddətinin sonuna) “Azərbaycan Respublikası Mərkəzi Bankı”na olan borcu 21 415 473,50 AZN məbləğində müəyyən edilir, o cümlədən əsas borc 19 986 805,54 AZN, faiz borcu 1 428 667,96 AZN təşkil edir. Maliyyə arayışı məlumatlarından göründüyü kimi xx.xx.2023-cü il tarixdə 2 677 500 AZN məbləğində ipoteka əmlakının balansa götürülməsi ilə əlaqədar azaldılma edilmişdir ki, həmin məbləğ nəzərə alındığı təqdirdə 18 737 973,51 AZN (21 415 473,50 – 2 677 500) məbləğində əsas borc qalacaqdır, o cümlədən əsas borc 18 737 973,51 AZN təşkil edir, faiz borcu yoxdur.
6. Qiymətləndirici təşkilat "xxxx" MMC-dən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyinə əsasən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus olan “DREKO Skidding” markalı qazma qurğusunun hazırkı bazar dəyəri 664 765 manat qiymətləndirilmişdir.
7. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ünvanlanmış 22 avqust 2024-cü il tarixli, 12-5/2-499/2024 nömrəli məktubda KBQ13-1510 saylı müqavilə üzrə üçüncü şəxsin əsas borcunun 10 769 916,64 AZN; KBQ13-1518 saylı müqavilə üzrə əsas borcunun 2 817 958,30 AZN; KBQ13- 1527 saylı müqavilə üzrə əsas borcunun 19 406 048,20 AZN olmaqla cəmi borcun 32 993 923,14 AZN olması etiraf edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxsin xx.xx.2013-cü il tarixli, KBQ13-1510 nömrəli kredit müqaviləsi üzrə 20 000 000 manat əsas, 2 040 916,64 manat faiz borcu olmaqla, ümumilikdə 22 040 916,64 manat; xx.xx.2013-cü il tarixli, KBQ13-1518 nömrəli kredit müqaviləsi üzrə 2 817 958,3 manat əsas; xx.xx.2013-cü il tarixli, KBQ13-1527 nömrəli kredit müqaviləsi üzrə 20 000 000 manat əsas, 2083548,20 manat faiz borcu olmaqla, ümumilikdə 22 083 548,20 manat kredit borclarının ödənilməsi üçün tutmanın cavabdehə məxsus “Dreko Skidding” markalı qazma qurğusuna yönəldilməsi, girov predmetinin ilkin satış qiyməti göstərilməklə üçüncü şəxsin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına üçüncü şəxsin qeyd olunan kredit müqavilələri üzrə iddiaçı qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi yuxarıda sadalanan (§ 1-8) sənədlərə istinad olunaraq, əlavə olaraq onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1404/2016 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Hazırda bank barəsində iflas prosedurunun həyata keçirilməsi davam etdirilir. Göstərilən kredit müqavilələri üzrə qalıq borc məbləği həcmində iddiaçının kreditor tələbləri üçüncü şəxsin ləğvedicisinə xx.xx.2016-cı il tarixli, 05-00125-2016 nömrəli məktubla təqdim edilməsinə və bu tələblərin ləğvedici tərəfindən qeydə alınmasına baxmayaraq, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. Üçüncü şəxsin hazırkı günə iddiaçı qarşısında kredit müqavilələri üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx.xx.2016-cı il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır.
10. İddiaçı, iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxsin xx.xx.2013-cü il tarixli, KBQ13-1510 nömrəli kredit müqaviləsi üzrə 10 769 916,64 manat əsas, xx.xx.2013-cü il tarixli, KBQ13-1518 nömrəli kredit müqaviləsi üzrə 2 817 958,30 manat əsas və xx.xx.2013- cü il tarixli, KBQ13-1527 nömrəli kredit müqaviləsi üzrə 19 406 048,20 manat əsas borc olmaqla, ümumilikdə 32 993 923,14 manat kredit borcunun ödənilməsi üçün tutmanın cavabdehə məxsus “Dreko Skidding” markalı qazma qurğusuna yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-52/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, kredit müqavilələri üzrə tələb edilən borcların ödənilməsi üçün tutmanın cavabdehə məxsus “Dreko Skidding” markalı qazma qurğusuna ilkin satış qiyməti 664 765 manat müəyyən edilməklə yönəldilməsi, cavabdehdən 100 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üçüncü şəxsin üç kredit müqaviləsi üzrə ümumilikdə 32 993 923,14 manat kredit borcunun olması müəyyən edilmişdir. Göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə tutma cavabdehə məxsus “Dreko Skidding” markalı qazma qurğusuna yönəldilməlidir. Məhkəmə hesab etmişdir ki, girov predmetinin ilkin satış qiyməti “Koneko Group" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyinə uyğun müəyyən edilməlidir. Belə ki, girov müqaviləsi 30 iyun 2015-ci il tarixdə bağlanmış, həmin tarixdən sonra onun qiymətləndirilməsi aparılmamış, hazırkı vəziyyətdə olan bazar qiyməti qiymətləndirmə rəyi ilə 664 765 manat müəyyən edilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-52/2025 saylı əlavə qətnaməsi ilə girov predmeti olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus “Dreko Skidding” markalı qazma qurğusunun ilkin satış qiyməti 664 765 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına üçüncü şəxsin ümumilikdə 32 993 923,14 manat kredit borcunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
14. Üçüncü şəxs xx.xx.2025-ci il tarixli qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-52/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. Üçüncü şəxs Mülki Məcəllənin 283.1, Mülki Prosessual Məcəllənin 103.1, 102.2-ci maddələrinə istinad edərək apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı verdiyi kredit müqabilində 39 000 000 ABŞ dolları dəyərində neft qurğusunu girov olaraq qəbul etmiş, lakin tərəflərin məsuliyyətsizliyi səbəbindən ipoteka predmeti tamamilə yararsız hala salınmışdır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən yalnız "xxxx" MMC tərəfindən verilmiş rəyə istinad edilmiş, əmlakın qiymətinin müəyyən edilməsi üçün əsas sübut olan xx.xx.2015-ci il tarixli, GBQ13-1527 nömrəli girov müqaviləsinə isə heç bir qiymət verilməmişdir. Girov müqaviləsinə əsasən girov predmeti 39 000 000 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən isə qiymətləndirmə rəyində “Dreko Skidding” markalı qazma qurğusunun istifadəyə tam yararsız olması, ağır korroziyaya məruz qalması, həmçinin dizel generatorlarının komplektsizləşdirilmiş (dağıdılmış) vəziyyətdə olması səbəbindən qiymətləndirilən obyektin tərkib hissəsi olan bütün metal konstruksiyaları metal qırıntısının mövcud bazar qiyməti əsasında müəyyən edilmişdir. Lakin həmin qazma qurğusu uzun illər istifadə üçün nəzərdə tutulduğundan onun tamamilə yararsız hesab edilərək tərkib hissələri olan metal konstruksiyaların metal qırıntısı kimi qiymətləndirilməsi düzgün deyildir. Belə ki, həmin qazma qurğusu sökülməmiş vəziyyətdədir, rəydə göstərilən problemlərin aradan qaldırılması ilə həmin qurğunu işlək vəziyyətə gətirmək mümkündür. Belə olan halda həmin qurğunun qiymətinin ipoteka müqaviləsində nəzərdə tutulmuş 39 000 000 ABŞ dollarından (66 300 000 manat) təqribi 100 qat ucuz, yəni 664 765 manat məbləğində qiymətləndirilməsi ağlasığmaz və qəbuledilməzdir. Rəydən də göründüyü kimi qurğunun əsas mexanizmləri sökülmüş və yararsız vəziyyətdədir. Məsul şəxslər tərəfindən girov predmetinin salamatlığı təmin edilməmiş, bununla bağlı hər hansı bir tədbir görülməmiş və bunun nəticəsində girov predmeti yararsız hala düşmüşdür. Qurğunun əsas mexanizmlərinin yerində olmaması səbəbindən qurğunun təhlükəsizliyinə nəzarət edən, eləcə də salamatlılığını təmin edən məsul şəxslər barədə xüsusi qərardad çıxarılması barədə məhkəməyə yazılı vəsatət təqdim edilmiş, lakin məhkəmə tərəfindən qət edilmiş qətnamədə bu barədə heç bir qeyd yoxdur, məhkəmə təqdim edilən faktlar əsasında araşdırma aparmamış, hətta məhkəməyə iş üzrə xüsusi qərardad qəbul edilməsinə dair yazılı vəsatət verilməsinə baxmayaraq həmin vəsatətə heç bir münasibət bildirməmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edilir ki, Bakı Kommersiya Məhkəməsininxx.xx.2025-ci il tarixli, e-2-2(113)-52/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayətinə yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. ... 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. ... Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. ...
21. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 4. Qiymətləndirmə fəaliyyətinin istiqamətləri
4.1. Qiymətləndirmə fəaliyyəti aşağıdakı istiqamətlərdə həyata keçirilir: 4.1.1. daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi; ...
Maddə 8. Məcburi qiymətləndirmə halları
8.1. Dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə, icbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə, dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə, habelə qanunda və ya məhkəmə qərarı ilə nəzərdə tutulmuş digər hallarda qiymətləndirmə obyektinin məcburi qiymətləndirilməsi həyata keçirilir. ...
22. "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.1 və 81.3-cü maddələrinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyul 2023-cü il tarixli Qərarı
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsi ilə kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan aktivlərin realizə qaydası tənzimlənir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci, habelə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraat qaydasında baxılmalıdır.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...
Apellyasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, üçüncü şəxs apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, qətnaməni yalnız əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirir. Cavabdeh tərəfindən qətnamə mübahisələndirilməmişdir. Belə olan halda, qətnamənin əsaslılığı yalnız əmlakın ilkin satış qiymətinə dair hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. İşin müəyyən edilən hallarına əsasən üçüncü şəxsin iddiaçıya üç müqavilə üzrə ümumilikdə 32 993 923,14 manat kredit borcunun olması müəyyən edilmiş, üçüncü şəxs borcun olmasını və miqdarını mübahisələndirməmişdir.
29. İddiaçı, həmin borcun ödənilməsi üçün cavabdehlə aralarında bağlanmış GBQ13- 1527 nömrəli, xx.xx.2015-ci il tarixli girov müqaviləsinə uyğun olaraq tutmanın cavabdehə məxsus “Dreko Skidding” markalı qazma qurğusuna yönəldilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanan xx.xx.2015-ci il tarixli girov müqaviləsinin 1.2-ci bəndinə əsasən girov predmeti 39 000 000 ABŞ dolları dəyərində qiymətləndirilmişdir.
30. İşə birinci instansiya məhkəməsində baxılarkən mübahisə üzrə girov predmeti olan əmlakın bazar dəyərinin müəyyən edilməsi məqsədilə keçirilmiş qiymətləndirmədə qiymətləndirici təşkilat "xxxx" MMC xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatında mübahisə predmeti olan qazma qurğusunun istifadəyə tam yararsız vəziyyətdə olduğunu, ağır korroziya prosesinə məruz qaldığını və dizel generatorlarının komplektsiz, yəni dağıdılmış halda olduğunu müəyyən etmişdir. Bu səbəbdən, həmin qurğunun bütün metal konstruksiyaları metal qırıntısı kimi qiymətləndirilmiş və onun bazar dəyəri 664 765 manat məbləğində müəyyən edilmişdir.
31. Daha sonra, üçüncü şəxsin müvafiq vəsatəti əsasında iş üzrə təkrar əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Lakin həmin qurum xx.xx.2024-cü il tarixli məktubla ekspertizanın aparılmasından imtina etmişdir. Bundan sonra, yenə də üçüncü şəxsin vəsatəti əsasında növbəti dəfə təkrar qiymətləndirmə təyin olunmuş, bu dəfə qiymətləndirmə “Abak-Az Crowe” LTD-yə (üçüncü şəxsin istəyi ilə) həvalə edilmişdir. Lakin bu təşkilat da xx.xx.2025-ci il tarixli məktubla qərardadın icrasının qeyri-mümkün olduğunu bildirmişdir.
32. Birinci instansiya məhkəməsi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyini əsas götürərək, mübahisələndirilən qətnamə üzrə girov predmeti olan əmlakın ilkin satış qiymətinin 664 765 manat olmasını qət etmişdir.
33. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi girov predmeti olan qazma qurğusunun dəyərinin müəyyən edilməsində yalnız qiymətləndiricinin rəyinə əsaslanmış, lakin tərəflər arasında bağlanmış girov müqaviləsinə və onun şərtlərinə hüquqi qiymət verməmişdir. Rəydə müəyyən edilmiş dəyər (664 765 manat) qazma qurğusunun müqavilədə nəzərdə tutulmuş dəyərindən təqribən 100 qat azdır, bu isə rəyin əsaslılığına ciddi şübhələr yaradır.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır. Həqiqətən də girov müqaviləsində qazma qurğusunun dəyəri 39 000 000 ABŞ dolları olaraq göstərilmişdir, lakin bu dəyər müqavilə bağlandığı tarixə aiddir və görünən odur ki, həmin vaxt qazma qurğusu tam işlək vəziyyətdə olmuşdur. İddiaçı tərəfindən girov predmetinə yönəlmiş tutma tələbi müqavilənin bağlanmasından təxminən 8 il sonra irəli sürülmüş, bu müddət ərzində girov predmetinin texniki və fiziki vəziyyəti əhəmiyyətli dərəcədə dəyişmişdir. Qiymətləndirmə rəyində qurğunun ağır korroziyaya məruz qalması, istifadəyə yararsız vəziyyətdə olması və bəzi hissələrinin komplektsizləşdirilməsi səbəbilə onun yalnız metal qırıntısı kimi dəyərləndirilməsi kifayət qədər geniş, ətraflı şəkildə əsaslandırılmış və real bazar şəraitinə uyğun qiymət müəyyən edilmişdir. Bu baxımdan girov müqaviləsində göstərilən nominal dəyər, mövcud bazar və texniki reallıqlarla uyğun gəlmədiyi üçün hüquqi əhəmiyyət kəsb etmir.
35. Üçüncü şəxs sözügedən qiymətləndirmə rəyi ilə razılaşmasa da, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında həmin rəyin obyektivliyinə və ya düzgünlüyünə əsaslı şübhə yarada biləcək sübut və ya arqument (məsələn, qazma qurğusunun işlək vəziyyətdə olmasına dair başqa bir rəy və s.) təqdim etməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi tərəflərin sonrakı vəsatətləri əsasında iş üzrə təkrar qiymətləndirmə təyin etsə də, bunun üçün zəruri şərait təmin edilmədiyindən nəticəsiz qalmışdır. Bu baxımdan mövcud vəziyyətdə ilkin rəy işin halları baxımından əsas sübut kimi qəbul edilmiş və onun əsasında hüquqi nəticələr çıxarılmışdır.
36. Üçüncü şəxs tərəfindən qazma qurğusunun dəyərinin qiymətləndirmə rəyində müəyyən edilən məbləğdən artıq olmasına dair heç bir əsaslı sübut təqdim edilmədiyi nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud rəyə əsasən qurğunun ilkin satış qiymətini müəyyən etməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayətində göstərilən arqumentlər qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas vermir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin xüsusi qərardad çıxarılmamasına dair dəlillərinə münasibətdə isə qeyd edir ki, xüsusi qərardadın çıxarılması prosessual qanunvericiliklə məhkəmələrə verilmiş hüquqdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-ci maddəsinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. İşin müəyyən edilmiş hallarından girov predmeti olan qazma qurğusunun hansı səbəblərdən sıradan çıxması, cavabdehin və ya digər şəxslərin ehtimal edilən təqsirinin olub-olmamasının müəyyən edilməsi mümkün olmadığından cinayətin əlamətlərinin olması barədə də qəti fikrə gəlmək mümkün deyildir. Kollegiya izah edir ki, üçüncü şəxsin özü də bununla bağlı hüquqmühafizə orqanlarına müraciət edə bilər.
38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğundur, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
39. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
40. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.
41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-52/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.