Məhkəmə qərarları › İş №2-2(103)-1185/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1185/2024

27.12.2024 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1185/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “DSM X2 və Satış Ticaret Anonim Şirkəti”nin cavabdehlər Babaşov Zeynal İsmayıl oğluna, Cavabdeh1nə, Cavabdeh3nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi olmaqla) qarşı əmtəə nişanının sahibin razılığı olmadan ona məxsus əmtəə nişanından cavabdeh tərəfdən ticarətdə istifadə etməsinin qarşısının alınması və kompensasiyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə qızı Mahmudova və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3552/2024 saylı qətnaməsindən cavabdeh Babaşov Zeynal İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin “Ekvita” şirkətinə ünvanladığı məktubuna əsasən 1241532, 1392848, 1408341,157945 nömrəli beynəlxalq əmtəə nişanları Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosu tərəfindən Beynəlxalq Əmtəə nişanlarının reyestrində “DSM X3 ve Satıs Tıcaret A.S.” (ünvan: Maslak Mahallesi, Büyükdere Caddesi (Spine Plaza) №243, İç kapı № 19 Sarıyer, İstanbul (TR) şirkətinin adına qeydiyyata alınmışdır.

2. Əmtəə nişanının mühafizə statusu barədə xx.xx.2024-cü il çap tarixli reyestr məlumatlarından göründüyü kimi “DSM Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.S.” adına “trendyol” əmtəə nişanı xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçirilmiş və əmtəə nişanı Azərbaycan Respublikası ərazisində qorunur.Qeydiyyatın yenilənmə/bitmə tarixi xx.xx.2027-ci il müəyyən edilmişdir.

3. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubuna əsasən Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixinə kimi dayandırılmışdır.

4. Cavabdeh3 MMC-nin nizamnaməsinə əsasən cəmiyyətin təsisçisi kimi Babaşov Şükür İsmayıl oğlunun adı qeyd olunmuş və hüquqi ünvanı AZ0121, ünvan 1ikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər.

5. Cavabdeh1 MMC-nin nizamnaməsinə əsasən cəmiyyətin təsisçisi kimi Babaşov Zeynal İsmayıl oğlunun adı qeyd olunmuş və hüquqi ünvanı ünvan 29A, 51-dir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər.

6. 14.06.2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarəçi Babaşov Zeynal İsmayıl oğlu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 957,3 kv.m. olan qeyri-yaşayış sahəsinin 300 kv.m., xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən 120 kv.m. qeyri-yaşayış sahəsi, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən AZ5008, Sumqayıt şəhəri, Koroğlu pr., 0.075 ha torpaq sahəsində 347 ünvanında yerləşən qeyri-yaşayış binası və xx.xx.2023- cü il tarixli icarə müqaviləsinə əsasən Quba şəhəri, Heydər Əliyev prospekti, 196 ünvanında yerləşən ümumi sahəsi 1450,9 kv.m. olan əmlak kompleksi kimi müəssisəsinin 1100 kv.m. icarəyə götürülmüşdür.

7. Google-maps çıxarışlardan görünür ki, cavabdeh Babaşov Zeynal İsmayıl oğlunun istifadə etdiyi mağazaların adlarında/ünvanlarında “trendyol” əmtəə nişanından istifadə edilir.

8. 2 saylı Ərazi Vergilər İdarəsinin reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışına əsasən Cavabdeh3 MMC-nin xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alındığı, təsisçisi kimi Babaşov Zeynal İsmayıl oğlunun adı qeyd olunmuş və hüquqi ünvanı AZ0121, Abşeron rayonu, Ceyranbatan ŞTQ, Zərdabi, ev 33- dür.

9. 2 saylı Ərazi Vergilər İdarəsinin bildirişinə əsasən Cavabdeh3 MMC-nin fəaliyyəti müvəqqəti olaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi dayandırılmışdır.

10. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Patent və X1 Mərkəzinin xx.xx.2024-cü il tarixli əmtəə nişanının qeydiyyata alınması üçün iddia sənədinin baxılmağa qəbul edilməsi haqqında arayışına əsasən Trendyol Baku əmtəə nişanının sahibi kimi Babaşov Zeynal İsmayıl oğlunun adı qeyd olunmuşdur.

11. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Patent və X1 Mərkəzinin xx.xx.2024-cü il tarixli əmtəə nişanının qeydiyyata alınması üçün iddia sənədinin baxılmağa qəbul edilməsi haqqında arayışına əsasən Tinderyol Baku əmtəə nişanının sahibi kimi Babaşov Zeynal İsmayıl oğlunun adı qeyd olunmuşdur.

12. Alış-veriş zamanı təqdim edilən kassa-əməliyyat qəbzlərindən görünür ki, vergi ödəyicisinin adı kimi Babaşov Zeynal İsmayıl oğlunun adı və ticarət mərkəzinin ünvanında “trendyol” əmtəə nişanından istifadə edilmişdir.

13. DVX-nin vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında xx.xx.2024-cü il tarixli **********6 saylı arayışına əsasən Babaşov Zeynal İsmayıl oğluna məxsus Tinderyol Baku (Xırdalan) olduğu yer üzrə qeydiyyata alınmışdır.

14. DVX-nin vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında xx.xx.2024-cü il tarixli **********9 saylı arayışına əsasən Babaşov Zeynal İsmayıl oğluna məxsus Tinderyol Baku (Sumqayıt) olduğu yer üzrə qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı “DSM X2 və Satış Ticaret Anonim Şirkəti” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının adına qeydiyyata alınmış və Azərbaycan Respublikasının ərazisində qorunan “trendyol” əmtəə nişanından və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlardan istifadənin cavabdehlər Babaşov Zeynal İsmayıl oğluna, Cavabdeh1 MMC-yə və Cavabdeh3 MMC-yə qadağa olunması, o cümlədən cavabdehlərə məxsus mağazaların girişlərindən, yerləşdiyi binaların üzərindən, reklam lövhələrindən, çap olunmuş materiallardan və fiziki olaraq məhsullardan iddiaçıya məxsus “trendyol” əmtəə nişanının və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanların sökülməsi, TikTok sosial şəbəkədə, YouTube video xostinqdə və Google Maps-da (Google Xəritələr) cavabdehlərin mağazalarına aid səhifələrdə “trendyol” əmtəə nişanının və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarının yığışdırılması, "xxxx" MMC-nin və "xxxx" MMC-nin şirkət adlarından "Trendyol" sözünün aradan götürülməsi və bunun üçün kommersiya hüquqi şəxslərin reyestrində qeydiyyata alınması üçün qeydiyyat orqanına müraciət edilməsi vəzifəsinin "xxxx" MMC-nin və "xxxx" MMC-nin üzərinə qoyulması, iddiaçıya vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə Babaşov Zeynal İsmayıl oğlundan, Cavabdeh1 MMC-dən, Cavabdeh3 MMC-dən ayrı-ayrılıqda 50,000 manat pulun, ümumilikdə 150,000 manat pulun tutularaq iddiaçı DSM GRUP DANİSMANLİK İLETİSİM VE SATİS TİCARET A.S. şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, DSM GRUP DANİSMANLİK İLETİSİM VE SATİS TİCARET A.S. şirkəti 2009-cu ildə yaradılıb və kommersiya fəaliyyətini eticarətə yönəlmiş bazar yeri kimi həyata keçirən www.trendyol.com hər növ məhsul çeşidinin genişliyi ilə həm istehlakçılar, həm də müvafiq sektor arasında yüksək səviyyədə tanınır. Hazırda iddiaçının TURKPATENT və UƏMT (Ümumdünya Əqli Mülkiyyət Təşkilatı) qarşısında bir çox ticarət nişanı qeydiyyatı və müraciətləri var. Eticarət saytı olaraq fəaliyyətini “marketplace” modeli ilə həyata keçirən Trendyol, sürətlə böyüyərək Türkiyənin ən böyük onlayn alış-veriş platformalarından birinə çevrilib və Azərbaycanda, Fars körfəzi ölkələrində və Avropa Birliyində fəal şəkildə fəaliyyət göstərir. Trendyol geyim, elektronika, ev əşyaları, kosmetika, idman məhsulları və daha bir çox kateqoriyada geniş bir məhsul çeşidini təqdim edir və bütün dünyada tanınan müxtəlif geyim markalarının məhsullarını satır. İddiaçı Türkiyənin ən böyük onlayn alış-veriş platformasıdır və Avropa Birliyində, Fars körfəzi ölkələrində və Azərbaycanda da fəal şəkildə fəaliyyət göstərir – onun Azərbaycandakı müəyyən fəaliyyəti Azərbaycanın aparıcı biznes qrupu olan Pasha Holding ilə birgə fəaliyyət haqqında müqaviləyə əsaslanır. İddiaçı geyim, məişət malları, elektronika, kosmetika və s. kimi demək olar ki, hər bir kateqoriyada geniş çeşiddə məhsullar təklif edir. İddiaçı həm də, Azərbaycanda da qeydiyyata alınmış və mühafizə olunan “trendyol” Nr. İR-1408341 (cls.14,18,24,25), “trendyol.com” Nr. İR- 1392848; “trendyol kolleksiyası” Nr. ******* kimi birçox əmtəə nişanlarının sahibidir. İddiaçı Madrid sistemi vasitəsi ilə qeydiyyata alınmış, Azərbaycan Respublikası ərazisində və dünyanın bir çox başqa ölkələrində qorunan “trendyol” söz işarəsinin və “Trendyol Collection”, “Trendyol.com” və digər əmtəə nişanlarının sahibidir. “Trendyol” dominant elementi olan iddiaçının X7 Təsnifatının 14, 18, 24, 25 və 35-ci sinifləri üzrə qorunur. İddiaçının “trendyol” əmtəə nişanı dünya miqyasında (xüsusilə fəaliyyət göstərdiyi ölkələrdə) əhəmiyyətli dərəcədə tanınma səviyyəsinə çatmış və Türkiyə Patent və Əmtəə Nişanları Bürosunda geniş tanınmış əmtəə nişanı kimi qorunmuşdur. Apardığı araşdırma nəticəsində aşkar edilmişdir ki, cavabdeh Babaşov Zeynal İsmayıl oğlu (VÖEN: **********), onunla əlaqəli olan Cavabdeh1 MMC (VÖEN: **********) və Cavabdeh3 MMC (VÖEN: **********) Azərbaycanda “trendyol” əmtəə nişanından qanunsuz istifadə edərək iri paltar mağazaları şəbəkəsini işlədirlər. Belə ki, Cavabdeh1 qanuni nümayəndəsi - Babaşov Zeynal İsmayıl oğlu özüdür, Cavabdeh3 qanuni nümayəndəsi Babaşov Şükür İsmayıl oğlu isə onun qohumudur. Görünən odur ki, adı çəkilən üç VÖEN vasitəsi ilə Bakı, Xırdalan, Sumqayıt və yeni açılmış Quba filialı, ümumilikdə 4 filial işlədilir. Bundan əlavə, əmtəə nişanının istifadəsini nümayiş etdirən müxtəlif Youtube videolarının bir müddətdir onlayn olaraq ictimaiyyətə açıq olduğu müəyyən edilmişdir ( https://www.youtube.com/watch?v=iTSZwOyrQnk ). Bu videoların məzmunu və onların adları açıq şəkildə Trendyol-un Azərbaycanda fiziki mağaza açdığı təəssüratını yaratmağa çalışır. Belə ki, https://www.youtube.com/watch?v=iTSZwOyrQnk Cavabdeh1 mağazasının açılışı olub” adlı videoda dükanın rəhbərlərdən biri Babaşov Şükür İsmayıl oğlu açıq-aşkar yalan məlumat yayaraq, “Biz Azərbaycanda rəsmi olaraq Trendyolun distribyutoruyuq...” qeyd edir. Bundan əlavə, cavabdehlər müştərilərin cəlb edilməsi üçün TikTok sosial şəbəkədə səhifə açmışdırlar - https://www.tiktok.com/discover/trendyol-baku. Əlavə olaraq, cavabdehlər mağazaların yerləşdiyi ünvanlarını Google Maps-da (Google Xəritələr) qeydiyyata almaqla, öz biznesinin görünməsini daha da artırır. Bundan əlavə, Trendyol Baku mağazalar şəbəkəsi barədə Youtube.com video xostinqə çoxsaylı videoçarxlar yüklənilmişdir: https://www.youtube.com/watch?v=7Zİ_KG3KSno https://www.youtube.com/watch?v=8GRX5hİt4Fo https://www.youtube.com/watch?v=iTSZwOyrQnk https://www.youtube.com/watch?v=f_NSHgTW16k&t=12s https://www.youtube.com/watch?v=4qvfc9qgİVM https://www.youtube.com/watch?v=eCSaaWpANdk https://www.youtube.com/shorts/km94VXQCj4k Bu açıq şəkildə Trendyol-un Azərbaycanda fiziki mağazalar açdığı təəssüratını yaratmağa çalışır. Aydındır ki, bu cür istifadə orta istehlakçı tərəfindən iddiaçının fiziki mağazalar və filialları açmaq və idarə etmək meyli kimi qəbul edilir. Üstəlik, bu fakt müştərinin bununla bağlı aldığı şikayət və suallarla da təsdiqlənir. Cavabdehlərin dominant elementi olan “trendyol” Əmtəə Nişanından istifadə etməsi əmtəə nişanının qeydiyyatından və iddiaçının digər əqli mülkiyyət hüquqlarından asılı olan hüquqların pozulmasına səbəb olur. Yuxarıda qeyd edilənlər ilə əlaqədar iddiaçı tərəfindən cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məsələnin sülh yolu ilə həll edilməsini ləngitməyə çalışırlar. Cavabdehlər hər dəfə özü üçün vaxt udmaqla, iddiaçının əmtəə nişanından mümkün maksimum müddət ərzində faydalanaraq maksimum mənfəət əldə etməyə çalışırlar.

17. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 25 və 34-cü maddələri göstərilmişdir.

18. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçının adına qeydiyyata alınmış və Azərbaycan Respublikasının ərazisində qorunan “trendyol” əmtəə nişanından və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlardan istifadənin cavabdehlər Babaşov Zeynal İsmayıl oğluna, Cavabdeh1 MMC-yə və Cavabdeh3 MMC-yə qadağa olunması, o cümlədən Babaşov Zeynal İsmayıl oğlundan ona məxsus VÖEN: ********** vasitəsilə (i) Bakı şəhəri, 8 mkr, Əcəmi Naxçıvani küçəsi 13C; (ii) Xırdalan şəhəri, Olimp MTK, Mehdi Hüseynzadə küçəsi 500A, Rahat marketin yanı; (iii) Sumqayıt şəhəri, Koroğlu prospekti 347, SDU 2-ci korpusun önü; (iv) Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanlarda yerləşən mağazaların girişlərindən, yerləşdiyi binaların üzərindən, reklam lövfələrindən, asılqanların üzərindən, mağazaların işçilərinin iş köynəklərindən, dəyişmə otaqlarından, çap olunmuş materiallardan, fiziki olaraq məhsullardan (məlumat stikerlərindən) İddiaçıya məxsus “trendyol” əmtəə nişanının və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanların sökülməsi, İnstagramda (https://www.instagram.com/ty_baku_official_/) TikTok sosial şəbəkədə (https://www.tiktok.com/@ty_baku_official), YouTube video xostinqdə (https://www.youtube.com/watch?v=iTSZwOyrQnk) və Google Maps-da ((i) https://g.co/kgs/mMSMmRj; (ii) https://g.co/kgs/yLuX52o; (iii) https://g.co/kgs/NDs4a6Q cavabdehlərin mağazalarına aid səhifələrdə “trendyol” əmtəə nişanının və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarının yığışdırılması, "xxxx" MMC-nin və "xxxx" MMC-nin şirkət adlarından "Trendyol" sözünün aradan götürülməsi və bunun üçün kommersiya hüquqi şəxslərin reyestrində qeydiyyata alınması üçün qeydiyyat orqanına müraciət edilməsi vəzifəsinin "xxxx" MMC-nin və "xxxx" MMC-nin üzərinə qoyulması, iddiaçıya vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə Babaşov Zeynal İsmayıl oğlundan, Cavabdeh1 MMC-dən, Cavabdeh3 MMC-dən ayrı-ayrılıqda 50,000 manat kompensasiyanın, ümumilikdə 150,000 manat pulun tutularaq iddiaçı DSM GRUP DANİSMANLİK İLETİSİM VE SATİS TİCARET A.S. şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Cavabdeh3 MMC-nin iddia tələbinə verdiyi etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Cavabdeh3 MMC xx.xx.2023-ci ildə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydiyyata alınmışdır. Müəssisə qeydiyyata alındığı tarixdən etibarən olmaqla bu günədək hər hansısa fəaliyyət növü ilə məşğul olunmamış, ümumiyyətlə qeyd edilən mağazaların Cavabdeh3 MMC-yə heç bir aidiyyatı yoxdur, vergi orqanlarına verilən hesabatlardan da görünür ki, MMC-nin fəaliyyəti olmayıb.

20. Cavabdeh1 MMC-nin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Cavabdeh1 MMC xx.xx.2022-ci ildə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydiyyata alınmışdır. Müəssisə qeydiyyata alındığı tarixdən etibarən olmaqla bu günədək qanunla qadağan edilən hər hansısa fəaliyyət növü ilə məşğul olmamış, ümumiyyətlə qeyd edilən mağazaların Cavabdeh1 MMC-yə heç bir aydiyyatı yoxdur, vergi orqanlarına verilən hesabatlardanda görünür ki, MMC-nin fəaliyyəti olmayıb.

21. Cavabdeh Babaşov Zeynal İsmayıl oğlunun iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC xx.xx.2022-ci ildə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydiyyata alınmışdır. Müəssisə qeydiyyata alındığı tarixdən etibarən olmaqla bu günədək qanunla qadağan edilən hər hansısa fəaliyyət növü ilə məşğul olmamış, ümumiyyətlə qeyd edilən mağazaların Cavabdeh1 MMC-yə heç bir aydiyyatı yoxdur, vergi orqanlarına verilən hesabatlardanda görünür ki, MMC-nin fəaliyyəti olmayıb. Cavabdeh3 MMC (VÖEN **********) ümumiyyətlə ona məxsus deyildir. İddia ərizəsi əsassızdır və rədd edilməlidir. Hazırki iş üzrə iddiaçının iddia tələbini cavabdehlərə müəyyən hərəkətlərin edilməsinin qadağan edilməsi və vurulmuş ziyanın və çəkilmiş xərclərin əvəzinin ödənilməsi təşkil etmişdir. İddiaçının öz iddia ərizəsilə cavabdehlərə qadağan edilməsini xahiş etdiyi hərəkət və ya hərəkətsizliklər hal-hazırda davam etməməkdədir. Belə ki, iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə 19 fevral 2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, tərəflərindən 12 mart 2024-cü il tarixində həmin pretenziya məktubuna cavab məktubu ünvanlanmışdır (surəti əlavə edilir). Məktubla bildirilmişdir ki, hazırda narıncı, ağ, qara, sarı, qırmızı, mavi, yaşıl rənglərdən ibarət olan əmtəə nişanına dair hüququnun qeydiyyata alınmasına dair tərəflərindən müvafiq ərizə ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin “Patent və X1 Mərkəzi”nə müraciət edilmişdir və müraciət icradadır. Eyni zamanda bildirilmişdir ki, müxtəlif ünvanlarda yerləşən mağazalardan 30 aprel 2024-cü il tarixədək qeyd edilən əmtəə nişanı söküləcəkdir. Bununla yanaşı isə, Ekspertiza Mərkəzinin müvafiq qərarı gözlənilmədən çap olunmuş mübahisəli əmtəə nişanı materiallarının yığışdırılmasına başlanılmış və cavabdehə məxsus olan bütün mağazalarda həmin lövhələr sökülmüşdür. İddiaçının öz iddia tələbi ilə müəyyən hərəkətlərin qadağan edilməsi və ya müəyyən hərəkətləri cavabdehlərin məcburi icra etməsi üzrə digər tələbləri (əmtəə nişanı materiallarının “TikTok” sosial şəbəkəsində, Youtube video hostinqində və “Google Maps”də (Google Xəritələr) yığışdırılması ilə bağlı bildirlər ki, videolar və sosial səhifələr ona aid deyildir. Belə ki, hazırda onlara məxsus bütün mağazalarda “Tinderyol Baku” yazısı və qrafik təsvirdən ibarət nişanından istifadə edilir (Digər təsdiqedici sənədlər əlavə edilir). Əlavə olaraq sözügedən əmtəə nişanı üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Ekspertiza Mərkəzinə müraciət edilmiş və müraciət icradadır. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsasını təşkil edən və hüquqazidd hesab etdiyi hallar hal-hazırda mövcud deyildir və iddia tələbi əsassızdır. Pretenziya qaydası qanunvericiliklə nəzərdə tutulmuş mübahisələrin məhkəməyə qədər nizamlanma vasitəsidir. Hazırki iş üzrə iddiaçı tərəfindən göndərilmiş pretenziya məktubu üzrə tələblər tam icra edilmiş və mübahisə həll edilmişdir. Bu səbəbdən də iddiaçının hazırda eyni mübahisə üzrə məhkəməyə müraciət etməsi məhkəməyə qədər nizamlanma vasitələrinin hüquqi məqsədlərinə zidd olmuşdur. İddiaçı öz iddia ərizəsi ilə həmçinin ona vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə cavabdehlərdən ayrı-ayrılıqda 50000 manat, ümumilikdə 150000 pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Mülki hüquqi məsuliyyətin yaranması üçün üç şərtin məcmu halında mövcudluğu zəruridir: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; • törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; • ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarı). Qeyd edilən hər üç meyara əsasən bildirirlər ki, hazırki iş üzrə: -İddiaçının tələbləri cavabdeh tərəfindən məhkəmədən kənar qaydada aradan qaldırılmışdır və ümumiyyətlə hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) mövcud olmamışdır; -Cavabdeh tərəfindən iddiaçıya hər hansı bir zərər vurulmamış və sonuncu barəsində iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, normada konkret olaraq vurulmuş ziyanın əvəzinin ödənilməsindən bəhs edilir. Lakin iddiaçı hər hansı formada əmlakından məhrum olması və ya zədələnməsi, bir sözlə real zərərə məruz qalması barədə sübut təqdim etməmiş və zərəri yuxarıda qeyd edilən normaya əsasən formal olaraq qiymətləndirmişdir. Qeyd edilən 2 meyarın (törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması və törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması) mövcud olmaması isə 3-cü meyarın (ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu) mövcudluğunu istisna edir. 3) Əlavə olaraq iddiaçı hüquqlarının Cavabdeh1 MMC tərəfindən pozulmuş olmasını hesab etməsinə baxmayaraq cavabdeh qismində həm Cavabdeh3 MMC-yə, fiziki şəxs Babaşov Zeynal İsmayıl oğluna qarşı iddia qaldırmış və hər birindən ayrı-ayrılıqda kompensasiya tələb etmişdir.

22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3552/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Babaşov Zeynal İsmayıl oğluna iddiaçı “DSM X2 və Satış Ticaret Anonim Şirkəti”nin adına qeydiyyata alınmış və Azərbaycan Respublikasının ərazisində qorunan “trendyol” əmtəə nişanından və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlardan istifadəsi qadağan edilməsi, cavabdeh Babaşov Zeynal İsmayıl oğlunun üzərinə ona məxsus VÖEN ********** üzrə fəaliyyət göstərdiyi Bakı şəhəri, 8 mkr, Əcəmi Naxçıvani küçəsi 13C; Xırdalan şəhəri, Olimp MTK, Mehdi Hüseynzadə küçəsi 500A, Rahat marketin yanı; Sumqayıt şəhəri, Koroğlu prospekti 347, SDU 2ci korpusun önü; Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanlarda yerləşən mağazaların girişlərindən, yerləşdiyi binaların üzərindən, reklam lövhələrindən, asılqanların üzərindən, mağazaların işçilərinin iş köynəklərindən, dəyişmə otaqlarından, çap olunmuş materiallardan, fiziki olaraq məhsulların üzərində olan məlumat stikerlərindən “trendyol” əmtəə nişanının sökülməsi (yığışdırılması) və Google Maps-da ( https://g.co/kgs/mMSMmRj; https://g.co/kgs/yLuX52o; https://g.co/kgs/NDs4a6Q) cavabdeh Babaşov Zeynal İsmayıl oğlunun fəaliyyət göstərdiyi ünvanlar üzrə istinad olunan mağazaların ünvanlarından/adlarından “trendyol” əmtəə nişanının silinməsi/yığışdırılması vəzifəsinin qoyulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

23. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları əsasında və tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, cavabdeh MMC-lər yarandıqdan sonra fəaliyyətləri dayandırılmış və trendyol əmtəə nişanından hər hansı ticarət obyektlərində və ya başqa yerlərdə istifadələri olmamışdır (iddiaçı tərəfindən əksini sübut edəcək hər-hansı dəlil/sübut təqdim edilməmişdir). Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respubliakasının Qanunun 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Hazırkı halda isə iddiaçı “DSM X4 və Satış Ticaret Anonim Şirkəti” cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin üzərinə iddiaçıya məxsus əmtəə nişanından qanunsuz istifadə edilməsinin dayandırılması öhdəliyinin qoyulması tələbini irəli sürsə də, nəinki cavabdeh hüquqi şəxslərin “trendyol” sözünün əks olunduğu əmtəə nişanından istifadə etməsini, ümumiyyətlə cavabdehlərin əmtəələri və ya xidmətlərini fərdiləşdirmək üçün qrafik təsvir edilən hər hansı nişandan istifadə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İkincisi, iddiaçı cavabdeh hüquqi şəxslərin ona məxsus əmtəə nişanından qanunsuz istifadə etməsi barədə mövqeyini cavabdehlərin firma adında iddiaçıya məxsus əmtəə nişanında mühafizə olunan element olan “trendyol” sözünün mövcud olması ilə əsaslandırır. Bununla bağlı məhkəmə ilk növbədə “əmtəə nişanı” və “firma adı” anlayışlarını fərqləndirməyi zəruri saymışdır. Belə ki, həmin anlayışların hər ikisi əqli mülkiyyət hüququ ilə qorunan fərdiləşdirmə vasitəsi olsa da, əqli mülkiyyət hüququnun iki fərqli obyektini təşkil edir. Belə ki, firma adı hüquqi şəxsi iqtisadi dövriyyənin digər iştirakçılarından fərqləndirdiyi halda əmtəə nişanı hüquqi şəxsin əmtəə və xidmətlərini fərqləndirmək üçün istifadə edilir. Digər tərəfdən firma adı söz, hərf, rəqəmlərin və ya onların birləşməsindən ibarət olduğu halda əmtəə nişanı söz və söz birləşməsi deyil, qrafik şəkildə təsvir edilən işarədir. Buna görə də əmtəə nişanın müdafiəsi hüququ ilə əmtəə nişanında yazılmış sözlər deyil, sözlərin də əks olunduğu nişan (şrift kompozisiyası, qrafik təsvir və hər ikisinin birləşməsi) qorunur. Odur ki, iddiaçıya verilmiş əmtəə nişanı şəhadətnaməsində mühafizə olunan element “trendyol” sözü deyil, “trendyol” sözünün əks olunduğu işarə - qrafik təsvir edilən nişandır. Bu baxımdan iddiaçıya verilmiş əmtəə nişanında “trendyol” sözünün əks olunduğu işarəsinin mühafizə olunan element kimi göstərilməsi “trendyol” sözündən digər hüquqi şəxslərin adında istifadə edilməsini istisna etmir. Bu baxımdan cavabdehin firma adında “trendyol” sözünün olması faktı cavabdehlər tərəfindən iddiaçıya məxsus əmtəə nişanından istifadə edilməsinə dəlalət etmir və əmtəə nişanından qanunsuz istifadənin dayandırılması öhdəliyinin qoyulması hissəsində iddianın təmin edilməsi üçün əsas vermir. İddiaçı şirkətinin firma adı “DSM X4 və Satış Ticaret Anonim Şirkəti”dir, cavabdehlərin firma adları Cavabdeh1 və Cavabdeh3dir. Cavabdehlərin istifadə etdiyi firma adının iddiaçının firma adına olan müstəsna hüququnu, yəni firma adının qorunması barədə qanunvericiliyin tələblərininin pozulması müəyyən edilmir. Beləliklə, cavabdeh hüquqi şəxslər tərəfindən iddiaçının əmtəə nişanından müstəsna hüququnun pozulması halı iş materiallarına əsasən öz təsdiqini tapmır. Yuxarıda göstərilən hallara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının müstəsna hüququnun hüquqi şəxslər tərəfindən pozulması iş materialları ilə öz təsdiqini tapmadığından iddiası cavabdehlər hüquqi şəxslərə aid hissələrdə rədd edilməlidir. İddianın təmin edilən cavabdeh Babaşov Zeynal İsmayıl oğluna münasibətdə məhkəmə aşağıdakıları qeyd etmişdir. İşin mübahisəsiz halıdır ki, iddiaçı-Türkiyə Respublikasında qeydiyyatda olan “DSM X4 və Satış Ticaret Anonim Şirkəti Azərbaycanda qeydiyyata (xx.xx.2017-ci il tarixindən xx.xx.2027-ci ilə qədər) alınmış və mühafizə olunan “trendyol” əmtəə nişanın sahibidir. İşin digər mübahisə edilməyən halı ondan ibarətdir ki, cavabdeh Babaşov Zeynal İsmayıl oğlu fərdi sahibkar olaraq dörd (Bakı, Xırdalan, Sumqayıt və Quba) ünvanlarda yerləşən qeyri-yaşayış sahələrini icarayə götürərək (ünvanları qeyd edilən dövr icarə müqavilələri iş materiallarına əlavə edilmişdir) mağazalar açıb fəaliyyət göstərir. Google Maps-da həmin mağazaların adları və ünvanlarında, mağazaların girişlərində, yerləşdiyi binaların üzərində, reklam lövhələrində, asılqanların üzərində, mağazaların işçilərinin iş köynəklərində, dəyişmə otaqlarında, çap olunmuş materiallarda, fiziki olaraq məhsulların üzərində olan məlumat stikerlərində “trendyol” əmtəə nişanından istifadə olunur. Bu hər iki tərəfin nümayəndələrinin izahatları ilə, iş materiallarına əlavə edilmiş foto və video görüntülər ilə müəyyən və təsdiq edilmişdir. Məhkəmə iddia tələbinin cavabdeh fiziki şəxs Babaşov Zeynal İsmayıl oğlu tərəfindən “DSM X2 ve Satış Ticaret Anonim Şirkəti”nə məxsus “Trendyol” əmtəə nişanından qeyriqanuni istifadəsinin qadağan edilməsi hissəsində əsaslı hesab etmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, məhkəmə gedişatı zamanı cavabdehin nümayəndəsi həmin pozuntuların (trendyol əmtəə nişanının yığışdırılması/istifadəsinin dayandırılması) aradan qaldırılması prosesinə başlanmasını bildirib və müəyyən sübutları məhkəməyə təqdim etsə də, məhkəmə tərəfindən həmin sübutlar yetərli hesab edilməmişdir. Belə ki, iddiaçı Z.Babaşov ölkənin dörd fərqli ərazisində mağazalar işlədərək, bütün məhsul, reklam, satış kassa qəbzləri, etiketlər və s. üzərində həmin əmtəədən istifadə edir və nümayəndəsi isə bu pozuntuların aradan qaldırılması prosesinə başlandığını və pozuntuların tam aradan qaldırılması üçün onlara uzun vaxt və məsrəf lazım olduğunu bildirir və sadəcə hansısa mağazanın birinin daxilində satıcılarının üzərində olan köynəklərin üzərində “tredyol” əvəzinə “tinderyol” yazısını göstərən fotoşəkli, “tindetyol” yazısı əks olunmuş bağlamanın/paketin məhkəməyə təqdim edilməsi həqiqətən də bütün (Bakı, Xırdalan, Sumqayıt və Quba) mağazalarda iddiaçıya məxsus əmtəədən istifadəyə son qoyulmasının mötəbər və yetərli sübut kimi qiymətləndirilə bilməz. Tələbin - instagramda (https://www.instagram.com/ty_baku_official_/) TikTok sosial şəbəkədə (https://www.tiktok.com/@ty_baku_official), YouTube video xostinqdə (https://www.youtube.com/watch?v=iTSZwOyrQnk) və Google Maps-da ((i) https://g.co/kgs/mMSMmRj; (ii) https://g.co/kgs/yLuX52o; (iii) https://g.co/kgs/NDs4a6Q cavabdehlərin mağazalarına aid səhifələrdə “trendyol” əmtəə nişanının və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarının yığışdırılması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Google Maps-da olan “tredyol” əmtəə nişanının cavabdeh Babaşov Zeynal İsmayıl oğlu tərəfindən göstərilməsi/istifadə edilməsi aşkardır. Belə ki, iş materiallarında olan sənədlər (ünvanları göstərən icarə müqavilələri, kassaqəbzləri, bağlama/paketlər) əsasında müəyyən edildi ki, Google Maps-da göstərilən ünvanlarda yerləşən mağazaları Z.Babaşov istifadə edir və məntiqli davam olaraq da həmin əmtəədən Google Maps-da onun tərəfindən istifadə edilməsi/qeyd edilməsi aşkardır. Lakin, İnstaqram, YouTube, Tik Tok adlı sosial şəbəkələrlə bağlı məhkəmə qeyd etmişdir ki, göstərilən linklər ilə keçid edildiyi zaman instaqram səhifəsində “trendyol” əmtəəsinin istifadəsi aşkar edilmir, YouTube-da paylaşılan video iş üzrə cavabdehlər deyil, “Dünya TV” tərəfindən yayımlandığı, TikTok.com səhifəsinin istifadəçisinin isə email olaraq Elektron ünvan göstərilmişdir. Beləliklə, iddiaçı qeyd edilən sosial şəbəkələrin iş üzrə göstərilən cavabdehlər tərəfindən yaradılıb, istifadə edilməsinə, həmin paylaşımların onlar tərəfindən edilməsinə dair hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir.

24. Cavabdeh Babaşov Zeynal İsmayıl oğlu apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

25. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş materialları üzrə təqdim olunmuş iddia ərizəsində göstərilən halları təsdiq edən sənədlər və digər sübutlar məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən həmin sübutlar düzgün şəkildə qiymətləndirilməmişdir. Qeyd edilən sosial şəbəkə loqinlərinin heç birinin onlara aid olması sübut edilməmişdir, çünki hal-hazırda Bakı şəhərində 10-dan çox Trendyol adında mağaza fəaliyyət göstərir, həmin mağazaların şəkillərini iclas zamanı təqdim etmişlər. Məhkəmə iclası zamanı təqdim olunan Trendyol yazısı olan koftalar isə köhnə tarixdə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə 19 fevral 2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, onlar tərəfindən 12 mart 2024-cü il tarixində həmin pretenziya məktubuna cavab məktubu ünvanlanmışdır (surəti əlavə edilir). Məktubla bildirilmişdir ki, hazırda narıncı, ağ, qara, sarı, qırmızı, mavi, yaşılrənglərdən ibarət olan əmtəə nişanına dair hüququnun qeydiyyata alınmasına dair tərəflərindən müvafiq ərizə ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin “Patent və X1 Mərkəzi”nə (bundan sonra-Ekspertizası Mərkəzi) müraciət edilmişdir və müraciət icradadır. Eyni zamanda bildirilmişdir ki, müxtəlif ünvanlarda yerləşən mağazalardan 30 aprel 2024-cü il tarixədək qeyd edilən əmtəə nişanı söküləcəkdir. Bununla yanaşı isə, Ekspertiza Mərkəzinin müvafiq qərarı gözlənilmədən çap olunmuş mübahisəli əmtəə nişanı materiallarının yığışdırılmasına başlanılmış və cavabdehə məxsus olan bütün mağazalarda həmin lövhələr sökülmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə formal qətnamə çıxarılmış, iddiaçının konstitusion və konvension hüququ olan gözlənilən mülkiyyət hüququnun kobud şəkildə pozulmasına məhkəmə tərəfindən əhəmiyyət verilməmiş, bundan əlavə iş materialları ilə təsdiq edilən kifayət qədər saxtalaşdırılma hallarına qiymət verilməmiş və yekun olaraq iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamışdır.

26. Apellyasiya şikayətinin maddi hüquqi əsası kimi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsi, Mülki Prossessual Məcəllənin 76.1, 77.1, 150.1.6-cı maddələri göstərilmişdir. İddiaçının apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

27. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

28. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq nümayəndə bildirdi ki, hazırda “Trendyol” əmtəə nişanından istifadənin qadağan edilməsini tələb edirlər, digər əmtəə nişanları bağlı təlıəbləri yoxdur.

29. Cavabdeh Babaşov Zeynal İsmayıl oğlunun nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq: “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunun: -1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). -3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. -25-ci maddəsinə əsasən, qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir. -32-ci maddəsinə əsasən bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. -34-cü maddəsinə görə, əmtəə nişanından və coğrafi göstəricidən olaraq qismən və ya tamamilə istifadə edən şəxs hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir.

30. Mülki Prosessual Məcəllənin:

-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. - 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. - 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: - 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda.

31. Azərbaycan Respublikasının iştirakçısı olduğu “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin 27 iyun 1989-cu il tarixli Protokolunun 1-ci maddəsinə əsasən (1) əgər nişanın qeydiyyatı üçün onun barəsində iddia sənədi Razılığa gələn Tərəfin İdarəsinə verilibsə və ya əgər nişan Razılığa gələn Tərəfin İdarəsinin reyestrində qeydiyyata alınıbsa, bu iddia sənədinin iddiaçısı olan şəxs (bundan sonra “baza qeydiyyatı” adlandırılacaq), bu Protokolun müddəalarını nəzərə almaqla, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosunun reyestrində həmin nişanın qeydiyyatını aparmaq yolu ilə nişanın mühafizəsini Razılığa gələn Tərəflərin ərazisində təmin edə bilər , bu şərtlə ki: (i) baza iddia sənədi Razılığa gələn Tərəfin İdarəsinə verilib və ya bu cür İdarə tərəfindən baza qeydiyyatı həyata keçirilib, həmin iddia sənədinin iddiaçısı olan şəxs və ya bu qeydiyyatın sahibi Razılığa gələn həmin dövlətin vətəndaşıdır, yaxud onun ərazisində yaşayır, yaxud da göstərilən Razılığa gələn dövlətdə həqiqətən və saxta olmayan sənaye və ya ticarət müəssisəsinə malikdir; (ii) baza iddia sənədi Razılığa gələn Təşkilatın İdarəsinə verilib və ya bu cür İdarə tərəfindən baza qeydiyyatı həyata keçirilib, həmin iddia sənədinin iddiaçısı olan şəxs və ya bu qeydiyyatın sahibi, Razılığa gələn bu təşkilata üzv dövlətin vətəndaşıdır, yaxud onun ərazisində yaşayır, yaxud da göstərilən Razılığa gələn təşkilatın ərazisində həqiqətən və saxta olmayan sənaye və ya ticarət müəssisəsinə malikdir; (2) beynəlxalq qeydiyyat üçün iddia sənədi (bundan sonra “beynəlxalq iddia sənədi”), baza iddia sənədi verilən və ya baza qeydiyyatı aparılan (bundan sonra “mənşə İdarəsi”) İdarə vasitəsilə Beynəlxalq büroya verilməlidir.

32. 4-cü maddəsinə əsasən (1)(a) Qeydiyyat tarixindən və ya 3 və 3ter maddələrinin müddəalarına müvafiq qeydlərin daxil edildiyi tarixdən, Razılığa gələn hər maraqlı Tərəfdə nişanın mühafizəsi, həmin nişanın Razılığa gələn bu Tərəfin bilavasitə İdarəsində saxlanıldığı kimi olacaqdır. Əgər Beynəlxalq büroya 5 (1) və (2) maddələrinə müvafiq hər hansı imtina ilə bağlı bildiriş verilməyibsə və ya əgər bu maddəyə uyğun imtina barədə bildiriş verilib və sonradan geri götürülübsə, onda göstərilən tarixdən Razılığa gələn maraqlı Tərəfdə nişanın mühafizəsi Razılığa gələn bu Tərəfin İdarəsində həmin nişanın qeydiyyatı ilə yaranan mühafizə ilə eyni olacaqdır.

Apellyasiya baxışının hədləri:

33. Mülki Prosessual Məcəllənin: 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlilləri qətnamənin iddianın təmin edilmiş hissəsində ləğvinə yönəldilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən- “Trendyol əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarından istifadə edilməsinin cavabdeh Babaşov Zeynal İsmayıl oğluna qadağan edilməsi hissəsində -ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

1. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı Türkiyə Respublikasında qeydiyyatdan keçmiş və fəaliyyət göstərən xarici hüquqi şəxs olduğundan hazırkı mübahisə xarici elementli mübahisədir.

2. Odur ki, mübahisəyə baxılarkən birinci həll edilməli olan məsələ AR Məhkəmələrinin hazırkı mübahisələrə baxmaqda səlahiyyətli olub-olmaması məsələsidir. Bununla bağlı kollegiya qeyd edir ki, iş üzrə cavabdehlər Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşı olan fiziki şəxs və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və fəaliyyət göstərən hüquqi şəxslərdir. Belə olan halda isə AR məhkəmələri MPM-in 440.1 və 443.0.1-ci maddələrinin tələblərinə əsasən hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidirlər.

1. İkinci həll edilməli məsələ mübahisəyə tətbiq edilən hüquqla bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisə iddiaçı tərəfindən beynəlxalq qeydiyyata alınmış əmtəə nişanına olan müstəsna hüququnun Azərbaycan Respublikasının ərazisində qorunması ilə bağlıdır. Azərbaycan Respublikası və Türkiyə Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə, eləcə də AR-in beynəlxalq xüsusi hüquq qanunvericiliyində müvafiq münasibətə tətbiq edilməli olan hüququ müəyyən edən kollizion norma əks edilməsə də, “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin 27 iyun 1989-cu il tarixli Protokolunun 4-cü, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 3-cü maddələrində beynəlxalq qeydiyyata alınmış əmtəə nişanları üçün AR-də milli rejim, yəni həmin nişanların AR-də qeydiyyata alınmış nişanlarla eyni qaydada, AR qanunvericiliyinə uyğun mühafizə edilməsi müəyyən edilmişdir. Bundan əlavə o da qeyd edilməlidir ki, beynəlxalq praktikada əmtəə nişanlarının transmilli (xarici elementli) müdafiəsi ilə bağlı mübahisələrə “müdafiə istənilən ölkənin hüququ” tətbiq edilir.

2. Odur ki, kollegiya hesab edir ki, hazırkı halda iddiaçı ona məxsus əmtəə nişanının AR ərazisində qorunmasını tələb etdiyindən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 3-cü və Madrid Sazişinin 27 iyun 1989-cu il tarixli Protokolunun 4-cü maddələrinin tələblərinə əsasən mübahisəyə AR Qanunvericiliyi tətbiq edilməlidir.

36. Mübahisənin mahiyyətinə gəldikdə qeyd edilməlidir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Türkiyə Respublikasında qeydiyyatda olan “DSM X4 və Satış Ticaret Anonim Şirkəti beynəlxalq qeydiyyata alınmış (xx.xx.2017-ci il tarixindən xx.xx.2027-ci ilə qədər) və AR-də mühafizə olunan “trendyol” əmtəə nişanın sahibidir.

37. İşin digər mübahisə edilməyən halı ondan ibarətdir ki, cavabdeh Babaşov Zeynal İsmayıl oğlu fərdi sahibkar olaraq dörd (Bakı, Xırdalan, Sumqayıt və Quba) ünvanlarda yerləşən qeyri-yaşayış sahələrini icarəyə götürərək (icarə müqavilələri iş materiallarına əlavə edilmişdir) mağazalar açıb fəaliyyət göstərir. Google Maps-da həmin mağazaların adları və ünvanlarında, mağazaların girişlərində, yerləşdiyi binaların üzərində, reklam lövhələrində, asılqanların üzərində, mağazaların işçilərinin iş köynəklərində, dəyişmə otaqlarında, çap olunmuş materiallarda, fiziki olaraq məhsulların üzərində olan məlumat stikerlərində “trendyol” əmtəə nişanından istifadə olunur. Bu hər iki tərəfin nümayəndələrinin izahatları ilə, iş materiallarına əlavə edilmiş foto və video görüntülər ilə müəyyən və təsdiq edilmişdir.

38. Odur ki, iddiaçı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 25 və 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində qorunan “trendyol” əmtəə nişanından istifadəsinin qadağan edilməsi, o cümlədən cavabdeh Babaşov Zeynal İsmayıl oğlunun üzərinə ona məxsus VÖEN ********** üzrə fəaliyyət göstərdiyi Bakı şəhəri, 8 mkr, Əcəmi Naxçıvani küçəsi 13C; Xırdalan şəhəri, Olimp MTK, Mehdi Hüseynzadə küçəsi 500A, Rahat marketin yanı; Sumqayıt şəhəri, Koroğlu prospekti 347, SDU 2ci korpusun önü; Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanlarda yerləşən mağazaların girişlərindən, yerləşdiyi binaların üzərindən, reklam lövhələrindən, asılqanların üzərindən, mağazaların işçilərinin iş köynəklərindən, dəyişmə otaqlarından, çap olunmuş materiallardan, fiziki olaraq məhsulların üzərində olan məlumat stikerlərindən “trendyol” əmtəə nişanının sökülməsini (yığışdırılması) tələb etməkdə haqlıdır.

39. Google Maps-da mağazaların ünvanlarından/adlarından “trendyol” əmtəə nişanının silinməsi/yığışdırılması ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh həmin hissədə iddiaya etirazını göstərilən sosial platformanın ona aidiyyəti olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Google xəritələrdə biznesə dair əlavə məlumatlar (şəkillər, videolar, əmtəə nişanları, telefon nömrələri və s.) biznes sahiblərinin müraciəti əsasında yerləşdirilir, eyni zamanda biznes sahibləri onlara məxsus mağazalara dair məlumatlarda (həmin məlumatlar onun tərəfindən yerləşdirilməsə belə) dəyişiklik etmək imkanına malikdir. Odur ki, hazırkı halda Google xəritələrdə cavabdehin fəaliyyət göstərdiyi mağazalara dair məlumatlarında əks olunmuş əmtəə nişanın silinməsi vəzifəsinin biznes sahibi olan Babaşov Zeynal İsmayıl oğlunun üzərinə qoyulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

40. Mübahisəli əmtəə nişanı materiallarının yığışdırılmasına başlanılması və cavabdehə məxsus olan bütün mağazalarda lövhələrin sökülməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən əmtəə nişanına müstəsna hüququn pozuntusunu tam şəkildə aradan qaldırmasını, yəni iddiaçının əmtəə nişanından mağazalarından ümumiyyətlə istifadə etməməsini təsdiq edən yetərli sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, həmin dəlillər əsassızdır.

41. İddianın “trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar hər hansı əmtəə nişanlarından istifadənin qadağan edilməsi hissəsinə gəldikdə kollegiya qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbinin faktiki əsası kimi cavabdeh tərəfindən “trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar əmtəə nişanından istifadə edilməsinə, yəni cavabdeh tərəfindən yol verilmiş konkret pozuntu halına istinad etməmiş, eləcə də iddia ərizəsində “trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar olduğunu hesab etdiyi hansı konkret əmtəə nişanından istifadənin qadağan edilməsini xahiş etdiyini göstərməmişdir. Göstərilən hallar isə ona dəlalət edir ki, həmin hissədə iddia tələbi konkret bir pozuntu halına deyil, gələcəkdə pozuntunun baş verməsi ehtimalına əsaslanaraq irəli sürülmüş, qeyri-müəyyən bir tələbdir.

42. Bununla bağlı qeyd edilməlidir ki, hər hansı əmtəə nişanının “Trendyol” əmtəə nişanına “qarışdırılacaq dərəcədə oxşarlığ”ının mövcud olub-olmaması hər bir konkret halda müxtəlif meyarlara əsasən yoxlanılmalı və qiymət verilməli olan məsələ olduğundan belə bir yoxlama və qiymətləndirmə aparılmadan ümumi şəkildə qarışdırılacaq dərəcədə oxşar hər hansı əmtəə nişanlarından istifadənin qadağan edilməsi cavabdehin hüquqlarını həddindən artıq məhdudlaşdırmaqla əmtəə nişanına müstəsna hüququn sahibi ilə mülki dövriyyənin digər iştirakçılarının hüquqları arasında ədalətli balansı pozur.

43. Bundan əlavə “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar hər hansı əmtəə nişanlarından istifadənin qadağan edilməsi” barədə birinci instansiya məhkəməsinin qətnamədə əks edilmiş nəticə mücərrəd olduğundan qətnamənin həmin hissədə icrası faktiki olaraq mümkün görünmür.

44. Odur ki, qətnamə həmin hissədə ləğv edilməli və iddia rədd edilməlidir.

45. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Babaşov Zeynal İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3552/2024 saylı qətnaməsi qismən - “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarından istifadə edilməsinin cavabdeh Babaşov Zeynal İsmayıl oğluna qadağan edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia rədd edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar