Məhkəmə qərarları › İş №2-2(103)-119/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-119/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-119/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürova Ləman Ceyhun qızının, iddiaçının nümayəndəsi (vəkili) Əmiraslanov Rauf Nazim oğlunun iştirakı ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh Kərimli Fərhad Vüqar oğluna qarşı «borcun tutulması tələbinə dair» iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2-2(82)- 466/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İ. İddiaçı “xxxx” MMC cavabdeh Kərimli Fərhad Vüqar oğluna qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2018-ci il tarixdə bağlanmış soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləyə əsasənəvəzsiz istifadəyə verilmiş soyuducuun dəyərinin iki misli həcmində, yəni 1600 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən tələb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış “soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən istehsal və satış üçün təşkil edilmiş məhsulların “İstifadəçi” tərəfindən sərinləşdirilib satılmasını təmin etmək məqsədi ilə əmlak dəyəri 800 ABŞ dolları olan 1 (bir) ədəd «SDVC» tipli soyuducunu cavabdehə əvəzsiz istifadəyə vermişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən əmlak müqavilə imzalandığı andan təhvil verilmiş hesab edilir. Həmin müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, müqavilə “istifadəyəverən” tərəfindən əmlakın geri verilməsi haqqında tələbi irəli sürülənədək qüvvədədir. Belə ki, borclu üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və “xxxx” MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və uzun müddətdir ki, qanunusuz olaraq özündə saxlamışdır. Borcun ödənilməsi təmin edilməmiş iddiaçı hazırki iddianı irəli sürmüşdür. Qanunvericiliyə uyğun alaraq aşağıdakı hüququi əsaslara görə ərizə təmin olunmalıdır ( Mülki Məcəllənin 386.1, 430.1, 442, 445.1, 448.1, 732, 736.1, 736.3-ci maddələrinə və müqavilənin 2.2.7, 2.1.7,.2.2.8-ci bəndlərinə istinad olunur). 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininxx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Mülki Məcəllənin 732-ci maddəsinə uyğun olaraq xx.xx.2018-ci il tarixdə iddiaçı ilə fərdi sahibkar F.Kərimli arasında soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin Məcəllənin 736.3-cü maddəsində isə göstərilmişdir ki, əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Müqavilənin 2.1.7-ci bəndinə əsasən istifadəyə verilən əmlakın istifadəçi tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi halları aşkar edildikdə əmlakın ümumi dəyərinin 2 mislini istifadəyəverənin nəfinə ödəyir. Faktiki olaraq soyuducunun cavabdehə verilməsinə dair müqavilə var, geri qaytarılmasına dair heç bir sənəd yoxdur. Müqavilənin 2.1.1-ci bəndinə əsasən 800 ABŞ dolları məbləğində 1 ədəd SDVC markalı soyuducu cavabdehin istifadəsinə verilmişdir. Lakin Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(006)-340/2018 saylı hökmündə oğurlanmış soyuducuların müqavilədəki soyuducu ilə eyniliyi qərarına gəlinməsi əsaslı deyil. Qətnamə qanunvericiliyin və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) R.Əmiraslanov apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 146, 376.2-ci maddəsinin tələblərini nəzərə məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, cavabdehin apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı apellyasiya şikayəti qismən təmin olunmalıdır. İşin faktiki hallarından, habelə, cavabdehin birinci instansiya məhkəməsinin 23.avqust 2019-cu il tarixli iclasında iştirak edən nümayəndəsinin və vəkilinin (Əsədov Anar Mehman oğlunun) məhkəməyə verdiyi izahatından görünür ki, xx xxxxxx 2018-ci il tarixdə tərəflər arasında bağlanmaş müqaviələyə əsasən 800 ABŞ dolları dəyərində olan mübahisələndirilən soyuducunun cavabdehin əvəzsiz istifadəsinə verildiyi işin mübahisələndirilməyən halıdır. Cavabdehin nümayəndəsinin həmin məhkəmə iclasında verdiyi izahatına əsasən mübahisələndirdiyi hal ondan ibarətdir ki, soyuducu cavabdehin fəaliyyət göstərdiyi obyektdən oğurlanmış, faktla bağlı Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(006)-340/240 №-li hökmü vardır. Həmin hökmə əsasən sözügedən soyuducu Abdurrəhmanov Rasim Lətif oğlu və Ağayev Murad Qiyas oğlu tərəfindən oğurlanmış və onlar barəsində AR Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanmış və cavabdeh F.Kərimli zərərçəkmiş şəxs qismində tanınmış, hər iki oğurluq edən şəxs təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar. Oğurlanmış soyuducunun dəyəri cavabdehə qaytarılmamışdır. Beəliklə də, cavabdeh tərəfi iddiaçı tərfindən onun əvəzsiz istifadəsinə verilmiş bir ədəd soyuducunun məhkəmə hökmü ilə oğurlanmasıını, həmin işdə cavabdehin zərərçəkmiş şəxs qismində tapnınması faktını irəli sürərək mübahisələndirir ki, sonuncu tərəflər arasında bağlanmış müqavilə öhdəliləri üzrə mülki məsuliyyət daşıya bilməz. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan əsasla iddianı qəbul etməməsini əsassız sayır. Birincisi, Mülki Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. İkinci bir tərəfdən, tərəflər arasında bağlanmış müqavilənin 2.2.3-cü bəndi ilə tərəflər belə razılığa gəlmişlər ki, «istifadəçi» (cavabdeh) əmlakın qorunub saxlanmasınıın və toxunulmazlığını təmin edir. Lakin cavabdeh müqavilənin qeyd olunan şərti ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, fəaliyyət göstərdiyi obyektdə istifadə etdiyi soyuducunun qorunub saxlanmasını (o cümlədən, oğurluqdan) və toxunulmazlığının təmin edilməsi üçün üzərinə düşən müqavilə öhdəliyini yerinə yetirməmişdir. Mülki Məcəllənin 732-ci maddəsinin tələbi də məhz, nəzərdə tutur ki, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu əvəzsiz olaraq kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçı ona məxsus soyuducunu cavabdehin əvəzsiz istifadəsinə versə də, sonuncu həmin soyuducunun qorunması ilə bağlı müqavilənin qeyd olunan 2.2.3-cü bəndinin şərtini pozaraq qoruyub saxlamamış, bununla da, iddiaçıya maddi ziyan vurmuşdur. Belə olan halda, Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən hdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin qeyd olunan hallarından göründüyü kimi, cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçı mübahisələndirilən soyuducunun dəyəri həddində real zərərə məruz qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.1-ci bəndinə əsasən isə cavabdehin əvəzsiz istifadəsinə verilmiş həmin soyuducunun dəyəri 800 ABŞ dolları təşkil edir. İş materiallarınə əlavə olunmuş (iş vərəqi 64-65) «463437» saylı yük gömrük bəyannaməsindən və «0000000E474985» saylı «invoys»dan görünür ki, adıçəkilən soyuducu 2012-ci ilin yay aylarında (təxminən 8 il əvvəl) idxal olunmuşdur. Belə olan halda, 800 ABŞ dolları məbəlğində müqavilə dəyərinə malik həmin soyuducunun həmin vaxt Azərbaycan manatı məzənnəsinin dollara münasibətində daha dəyərli olduğunu, həm də 8 illik istismar nəticəsində köhnəldiyini də nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının məruz qaldığı real zərərin əvəzinin 800 manat məbəlğində dəyərləndirilməsi ağlabatan hesab edilməlidir. Beləliklə də Mülki Məcəllənin 21.1-ci maddəsinin qeyd olunan tələbi baxımından, iddiaçı, apellyasiya şikaytində mübahisələndirdiyi kimi, cavabdehdən soyuducunun özgəninkiləşdirilməsinə görə, müqavilənin 2.1.7-ci bəndində nəzərdə tutulan həmin hal baş vermədiyi halda, soyuducunun dəyərinin 2 misli miqdarında deyil, onun real dəyəri həddində iddiaçıya vurulmuş zərərə görə mülki məsuliyyəti müəyyən edilməlidir. Başqa sözlə, konkret halda,iddiaçı qoruyub saxlamadığına görə soyuducuya görə cavabdehdən 800 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlı olmasından söhbət gedə bilər. Lakin, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlarla müəyyən edilən hallara düzgün hüquqi qiymət verilməmiş, gəldiyi nəticə işin hallarına və maddi hüquq normalarına uyğun olmamışdır. Bütün bu hallar isə MPM-in 385.1.1 və 385.1.4-cü maddəsinitn tələbləri baxımından qətnamənin ləğv edilməsi üçün əsasdır. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin qətnamənin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-466/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması, cavabdehdən iddiaçının xeyrinə soyducuya görə ona vurulmuş 800 manat məbləğində maddi ziyanının və MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin edilmiş hisəsinə münasib olaraq, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumuna görə 15 manat, ümumilikdə, 815 manat məbləğində pulun tutulması qət edilməlidir. MPM-in 404-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392-393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət e t d i: İddiaçı “xxxx” MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-466/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Kərimli Fərhad Vüqar oğlundan iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə 800 (səkkiz yüz) manat maddi ziyana (soyuducuya) görə və 15 manat dövlət rüsumuna görə, cəmi, 815 (səkkiz yüz on beş) manat tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar